Linqvostatistik istiqamət. KDQ mətni lüğəvi baxımdan da zəngin və rəngarəngdir. “Son araşdırmalara görə 3000-ə qədər (təxminən 2721) sözü əhatə edən KDQ leksikası Oğuz tarixini, dünyagörüşünü, düşüncəsini, həyat tərzini əhatə edir. KDQ dilində işlənən frazeoloji birləşmələr leksikanın tərkib hissəsi kimi ayrıca əhəmiyyət daşıyır. KDQ lüğətinin təsviri baxımından O.Ş.Gökyanın sözlüyü xüsusən əhəmiyyətlidir. Görkəmli qorqudşünasın zəngin materialı əsasında çağdaş tarixi leksikoqrafiyanın tələblərinə cavab verən, müqayisəli-tarixi metodun müasir sistemi üzrə hazırlanacaq «Dədə Qorqud sözlüyü», təəssüf ki, hələ də hazırlanmamışdır. Bu baxımdan KDQ sözlərinin tekstoloji baxımdan dəqiqləşdirilməsi (M.Ergin, Ş.Cəmşidov, O.Sərtqaya, T.Təkin, S.Əlizadə, V.Adilov, U.Karasoy…) sahəsində, KDQ sözlərinin leksik-semasioloji təhlili baxımından (T.Hacıyev, V.Aslanov, N.Xudiyev, İ.Məmmədov, M.Pənciyev…), dialektlərlə müqayisə baxımından (E.Əzizov) oğuz-qıpçaq müvaziliyi baxımından (N.Cəfərov), statistik metodla öyrənilməsi baxımından (K.Vəliyeva, M.Mahmudov, C.Öztelli…), üslubi-poetik baxımından (K.Vəliyev, Ş.İbrayev, E.Əlibəyzadə…), sözlərin mənşəyi baxımından (E.Piriyev, C.Öztelli), öyrənilməsi, tədqiqi baxımından aparılan araşdırmaları qeyd etmək zəruridir (23,199). Qorqudşünaslıqda haqlı olaraq qeyd olunur ki, “Kitabi-Dədə Qorqud”un mükəmməl leksikoqrafik təsvirini vermək üçün qrammatik, tarixi, etimoloji, frazeoloji, ideoqrafik, terminoloji və dialektoloji lüğətləri işlənib hazırlanmalıdır. Bu zaman sözün mövqe və sintaktik müstəqilliyi nəzərə alınmalıdır. “Kitabi-Dədə Qorqud”un leksikası belə yanaşma ilə işlənsə, onda dilin leksik səviyyəsini daha dolğun əks etdirən mənalı vahidlərin gerçək mənzərəsini yaratmaq mümkündür. “1988-ci ildə “Yazıçı” nəşriyyatı “Kitabi-Dədə Qorqud”un olduqca mükəmməl, tam tənqidi mətnini çapdan buraxdı (tərtibçilər Fərhad Zeynalov və Samət Əlizadadir). Tərtibçilərin göstərdiyi kimi bu nəşr “Kitabi-Dədə Qorqud”un 1978-ci il nəşri ilə müqayisədə çox fərqlidir. Yeni nəşrdə ərəb-fars sözləri müasir tələffüz qaydalarına uyğunlaşdırılmadan verilmiş, tarixi fonetika cəhətdən maraq doğuran söz kökləri, eləcə də leksik-qrammatik şəkilçilər əlyazmada olduğu kimi saxlanılmışdır. Qədim oğuz dilində sözün əvvəli və sonu üçün səciyyəvi olan cingiltili samitlər təbii formada verilmişdir” (7, 5). Mətnin belə dəqiq oxunuşu onun linqvopoetik xüsusiyyətlərinin də dəqiq tədqiqinə yardım etmiş olur.
Do'stlaringiz bilan baham: |