Dits Siklopla bağlı iki ifadə işlədir: 1) Siklop həyatı; 2)Siklop oyunu. Bunlar mətnin arxaik ritual əsaslarını araşdırmaq üçün ipucları verməkdədir. Dits onu da qeyd edir ki, “burada bəzədilərək yaddaşlarda qalan, uydurulan və ailə xatirələri mövcuddur” (4). Bu da eposun öyrənilməsi üçün önəmli məsələlərdən biridir. 2. Bartoldla başlanan mərhələ. Bu mərhələdə abidə rus dilinə tərcümə edilir və rusdilli türkologiyanın tədqiqat obyektinə çevrilir. Bu sıraya rus alimləri V.V.Bartoldun, K.A.İnostantsevin, P.S.Spridonovun, İ.A.Aniçkovun, V.V.Velyaminov-Zernovun, A.Y.Yakubovskinin, V.M.Jirmunskinin, A.M.Kononovun və b. tədqiqatları da daxildir. 3. Kilisli Rifətlə başlanan mərhələ (1916). Bir çox əski türk yazılı abidələrinin nəşrə hazırlanmasında müstəsna xidmətləri olan şəxslərdən biri Kilisli Rifət müəllimdir. KDQ-nin də Türkiyədə nəşrə hazırlanmasında onun bir mətnşünas kimi böyük xidmətləri olmuşdur. Bu mərhələdə abidə Türkiyədə nəşr üçün hazırlanır. Məhərrəm Erkin və Orxan Şaiq Gökyay nəşrləri işıq üzü görür. Abidə qardaş Türkiyədə daim elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Türk alimlərindən O.Ş.Gökyayın, M.Erginin, F.Köprülünün, C.Öztellinin, Ə.İnanın, Ə.R.Yalmanın, P.N.Boratavın, F.Kırzıoğlunun, İ.Z.Burdurlunun, M.Urazın, B.Ögəlin, Ə.Ərcilasunun, O.F.Sərtkayanın və b. araşdırmaları abidənin tədqiqinə öz töhfələrini vermişdir. Türkiyədə abidə üzərində tədqiqatlar bu gün də eyni uğurla davam etdirilir. 4. Həmid Araslı ilə başlanan mərhələ (1939). Abidə Azərbaycanda nəşr edilir və tədqiqatlara cəlb edilir. S.Əlizadə, F.Zeynalov nəşri ilə mətnşünaslıq istiqamətində önəmli işlər görülür. Azərbaycanda abidənin 1980-ci illərə qədərki nəşr və tədqiq tarixini ümumiləşdirərək K.V.Nərimanoğlu yazır: “Azərbaycanda dastanların çapı H.Araslının adı ilə bağlıdır. O, abidəni 1939-cu ildə latın əlifbası ilə 1962-ci və 1978-ci illərdə yenidən nəşr etdirmiş və kitaba yazdığı müqəddimədə, eləcə də bir sıra əsərlərində dastanla bağlı bir sıra məsələlərə toxunmuşdur. “Dədə Qorqud” dastanlarının dili, bədiiliyi, sənətkarlıq xüsusiyyətləri B.Çobanzadənin, Ə.Abidin, Ə.Dəmirçizadənin, Ə.Sultanlının, M.Təhmasibin, M.Seyidovun, H.Mirzəzadənin, T.Hacıyevin, V.Aslanovun əsərlərində geniş şərh olunmuşdur. Ş.Cəmşidov “Kitabi-Dədə Qorqud”u vərəqlərkən” adlı kitabında dastanların yaranma tarixindən, onlarda əks olunan ictimai-tarixi hadisələrdən bəhs etmişdir” (5, 17). “Kitabi-Dədə Qorqud”un dili milli filologiyamızın diqqət mərkəzində qalmaqdadır. “1976-cı ildə ADU-nun “Elmi əsərləri”nin ayrıca nömrəsi (11) “Kitabi-Dədə Qorqud”a həsr olunmuşdur. Son illərdə “Kitabi-Dədə Qorqud”un yaranma tarixinin, dilinin leksik-qrammatik xüsusiyyətlərinin və linqvopoetik cəhətdən araşdırılmasının (12;13;14) böyük əhəmiyyəti vardır” (10, 7). Abidə üzərində araşdırmalar müstəqillik dövründə daha geniş vüsət almış, poetika məsələlərinə də diqqət yetirilmişdir.
Do'stlaringiz bilan baham: |