9.3. Fəaliyyəti təşkil edən və davranış təcrübəsini
formalaşdıran metodlar
İnsanın necə hərəkət etməsində, nə cür davranmasında, öz istək və arzularını necə idarə etməsində şüur və əqidə ilə yanaşı adətlər, vərdişlər, iradi kefiyyətlər mühüm rol oynayır. Şagirdlərin tərbiyəsində istənilən nəticəyə çatmaq üçün onlarda müsbət adətlərin yaranmasına və iradi keyfiyətlətin tərbiyə olunmasına xüsusi fikir verilməlidir. Həmin məqsədlə fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət göstərən metodlar vardır ki, onlar aşağıdakılardır:
-
Təmrinlər (çalışmalar) tərbiyə olunanlar tərəfindən onların şəxsiyyətinin formalaşması, inkişafı məqsədilə praktik işlərin təşkili və planlı surətdə müxtəlif hərəkətlərin təkrarən yerinə yetirilməsidir.
Təmrinlər şəxsiyyətdə tələb olunan keyfiyyətləri formalaşdırmaq üçün istifadə olunan təsirli bir metoddur. Müxtəlif çalışmalar, təmrinlər nəticəsində şəxsiyyət sabit vərdiş və adətlərə yiyələnir. Təmrin metodunun mahiyyəti tələb olunan müəyyən bir hərəkətin, davranışın avtomatlaşma səviyyəsinə qədər yerinə yetirilməsi, insanın xarakterinə çevrilməsidir.
Təmrinlərin səmərəsi bir çox şərtlərdən asılıdır:
Təmrinlər sistemindən;
Təmrinlərin məzmunundan;
Təmrinlərin gücə müvafiqliyindən;
Təmrinlərin həcmindən;
Təmrinlərin təkrarlanma tezliyindən;
Nəzarətdən və korreksiyadan;
Şagirdlərin fərdi xüsusiyyətlərindən;
Təmrinlərin fərdi, qrup, kollektiv formalarının əlaqələndirilməsindən və s.
Təmrinlər nə qədər tez-tez yerinə yetirilərsə , onların köməyi ilə formalaşan keyfiyyətlərin inkişaf səviyyəsi də bir o qədər yüksək və keyfiyyətli olar. Çalışmalar sistemini planlaşdırarkən müəllim hansı vərdiş və adətləri aşılayacağını nəzərdə tutmalıdır. Tərbiyəvi çalışmalar həyatdan götürülməlidir.
-
Öyrəşdirmək, öyrəşmək – bu uşağı və ya məktəblini intensiv şəkildə yerinə yetirməsi lazım olan öyrədici və ya müəyyən müsbət hərəkətə öyrəşdirilən, adət etdirilən çalışmalardır. Bu metod tərbiyə prosesinin bütün mərhələlərində tətbiq edilə bilər. Öyrəşdirmə alışdırma anlayışı ilə sıx bağlı olsa da tam eyni mənada deyildir. “Öyrəşmək” daha çox bir şeyi özünə adət etmək, vərdiş etmək, öyrənmək mənalarını verir. Misal üçün deyilir: “Tahir uşaqlıqdan dağ havasına alışdığı üçün Bakının istisinə öyrəşə bilmirdi” (“Azərbaycan dilinin izhalı lüğəti”, III cild, səh. 559.). Alışdırmanın ilkin mərhələsi öyrətmə və bunun ardınca həmin məsələyə öyrəşdirmə gəlir. Davranış və əmək bacarıqları ilə əlaqədardır, habelə o, axıradək nəzarət altında təşkil olunur.
Öyrəşdirmə, adət halına salma tərbiyə prosesinin bütün mərhələlərində tətbiq edilir, amma daha çox ilk mərhələlərdə səmərəli olur. Öyrəşdirməni düzgün tətbiq etmək üçün müəyyən şərtlərə və tövsiyələrə əməl olunmalıdır:
Müəllim və şagirdlərdə tərbiyənin məqsədi haqqında aydın təsəvvür olmalıdır;
Öyrəşdirmə zamanı qaydaları dəqiq və aydın formalaş- dırmaq lazımdır;
Vaxtın hər bir hissəsi üçün şagirdlərin gücü çatacaq op- timal həcmi müəyyənləşməlidir. Vərdişi aşılamaq üçün vaxt lazım- dır. Burada tələsiklik məqsədi aydınlaşdırmaq əvəzinə uzaqlaşdırır;
İşi yerinə yetirmək lazım gəldiyini şagirdlərə göstərin. Çirkli və təmiz ayaqqabıları müqayisə edin. Elə edin ki, müqayisə şagirdi utandırsın, onda natəmizlikdən əl çəkmək arzusu yaratsın;
Öyrəşdirmə daimi nəzarət tələb edir. Nəzarət səmimi olmalı, amma zəifləməməli, mütləq özünənəzarətlə uyğunlaşdırılmalıdır;
Oyun formasında həyata keçirilən öyrəşdirmə pedaqoji effekt verir. Şagird oyun zamanı davranış qaydalarını kənardan heç bir göstəriş olmadan könüllü yerinə yetirir.
Deməli, öyrəşdirmə davranış və əmək bacarıqlarının uşaqlarda vərdişə çevrilənədək tərbiyəçinin bilavasitə nəzarəti altında müntəzəm yerinə yetirilməsidir.
Tələb nəticəsində davranış normalarının yerinə yetirilməsi- nə nail olunur, şagirdlər müəyyən fəaliyyətə cəlb olunurlar, onlarda sosial keyfiyyətlər formalaşır.
-
Tələb müəllim və şagirdlər arasında yoldaşlıq mü- nasibətlərinin əmələ gəlməsinə əsaslanır. Müəllimin istədiyi davra- nışa nail olmaq üçün irəli sürdüyü tələb vasitəsiz tələbdir. Bu metodun köməyi ilə şagirdlər müəyyən fəaliyyətə cəlb olunur, onlarda əxlaqi keyfiyyətlər formalaşır.
Tələblər verilmə formasına görə iki cür olur: bilavasitə (bir- başa) verilən tələblər və bilvasitə (dolayısı yolla) verilən tələblər.
-
Bilavasitə tələblərə müəyyənlik, konkretlik, dəqiqlik xarakterikdir. Burada tələb qətiyyətli tonda verilir, özü də çoxlu çalarda (intonasiya, mimika, səsin gücü) ifadə oluna bilər.
-
Bilvasitə tələblərdə (məsləhət, xahiş, işarə,etibar və s.) fəaliyyətin stimulu artıq tələbin özü deyil, onun yaratdığı psixoloji amillərdir.
Tələb-məsləhət şagirdi müəllimin tövsiyə etdiyi hərə- kətlərin məqsəduyğunluğuna, faydalılığına, zəruriliyinə inandırmaqdır. Şagird öz müəllimini böyük, hada təcrübəli, yoldaş, nüfuzlu adam kimi qəbul edərsə, onun məsləhətini qəbul edəcəkdir.
Tələb-etibar müəllim-şagird münasibətlərində özünü göstərir. Burada etibar bir-birinə hörmət edən tərəflərin təbii müna- sibətləri kimi özünü göstərir.
Tələb-xahiş yaxşı təşkil olunmuş kollektivdə ən çox işlənən təsir vasitələrindən biridir. Bu müəllim və şagirdlər arasında yoldaşlıq münasibətlərinin əmələ gəlməsinə əsaslanır. Xahiş özü də elə əməkdaşlığın, qarşılıqlı etibar və hörmətin təzahür formasıdır.
Tələb-işarə öz effektivliyinə görə bilavasitə tələbi ötüb keçir. Təcrübəli müəllimlər yeniyetmə və gənclərlə iş zamanı bu formanı müvəffəqiyyətlə tətbiq edirlər.
Tələb-təqdir də bilvasitə tələb formalarından biridir. Müəllimin vaxtında ifadə etdiyi təqdir güclü stimul kimi təsir edir. Verilmə qaydasına görə vasitəsiz (bilavasitə) və vasitəli (bilvasitə) tələblər vardır. Müəllimin istədiyi davranışa nail olmaq üçün irəli sürdüyü tələb vasitəsiz (bilavasitə) tələbdir. Şagirdlər bir-birinə müəllimin “təşkil etdiyi” tələbi verirlər. Belə tələb vasitəli tələbdir.
İctimai rəy. Əslində bu da tələbin bir formasıdır, həm də kollektiv formasıdır. İctimai rəy – şagirdin hərəkət və davranışının, öz istək və arzusunu ifadə etmək tərzini başqaları (kollektiv) tərəfindən qiymətləndirlməsi ilə əlaqədardır. Belə ki, inkişaf etmiş kollektivdə (yaxud qrupda) kəskin şəkildə ifadə edilən ictimai rəy şagirdi ya müsbət hərəkətlərə sövq edir, ya da onu anormal hərəkətlərdən çəkindirir, nəticədə nəcib adətlərin əmələ gəlməsinə kömək göstərir. Tərbiyəvi baxımadn ictimai rəyin kəsəri onun səmərəliliyindən, obyektivliyindən, ədalətli olmasından və aydın ifadə edilməsindən asılıdır. Kollektiv tənqid və qərarlar ictimai rəy metodunun formalarındandır.
Rejim. Bunu alışdırma metodunun vasitələrindən biri kimi də qeyd edirlər. Sözün geniş mənasında rejim – insanın davranışını, həyat tərzini nizamlandıran qaydaların cəmidir. Şagirdlərin gündəlik fəaliyyətini nizama salan vaxt cədvəli rejimin bir növüdür. Tərbiyə işində rejim böyük rol oynadığından konkret şəraiti, uşağın sağlamlığını, həyat tərzini nəzərə almaqla ailədə, məktəbdə və ya məktəbdənkənar ictimai yerlərdə uşaq həyatının bütün sahələri rejimdə nizama salınmalıdır. Rejimi müəyyənləşdirmək işində şagirdlərin arzu və rəylərini nəzərə almaq, məsləhət bilinmiş qaydaların zəruriliyinə onlarda möhkəm inam yaratmaq, həmin qaydaların müəyyən dövr ərzində sabitliyinə və uşaqlar tərəfindən sözsüz yerinə yetirilməsinə nail olmaq tərbiyənin müvəffəqiyyəti üçün ən vacib şərtlədəndir.
Tapşırıq tərbiyə metodu olub müxtəlif xarakter daşıyır. Müəllimlər tapşırıqların köməyi ilə şagirdləri (tələbələri) müsbət hərəkətlərə alışdırırlar. Tapşırıq metodu yaxşı nəticələr verir. Müəl-limlər tapşırıqların köməyi ilə şagirdləri yaxşı hərəkətlərə alışdırırlar. Tapşırıqlar müxtəlif xarakter daşıyır. Nəzarət müxtəlif formalarda (tapşırığı yerinə yetirmə haqqında hesabat formasında) ola bilər. Yoxlama tapşırığın yerinə yetirilməsinin keyfiyyətini qüvvətləndirməklə başa çatır.
Yarış. Yarış kollektivdə şagirdlərin fəaliyyətini təşkil etməyin və onu stimullaşdırmağın başlıca metodlarından biridir. Tərbiyə metodu kimi o, uşağın özünü təsdiqləmə faktına istinad edir. Məlum olduğu kimi, hər bir şagird, sinif və ya kollektiv ya məktəb kollektivində öz yerini “tapmağa”, seçilməyə çalışır və bu məqsədə çatmaq üçün səy göstərir, məşqlər edir, öz üzərində çalışır və s. Bütün bunlar da fəaliyyətin düzgün təşkili üçün dəyərli metodlardan sayılır.
Şagirdlərin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi. Şəxsiyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyətin isə müxtəlif sahələri, növləri vardır. Şagirdlərin ən çox məşğul olduğu fəaliyyət sahələri, təlim, ictimai faydalı əmək, ictimai işlər, oyun və idman məşğələləridir. Bunların hər biri tərbiyə işində müstəsna rol oynayır. Təlim özünün təşkil formaları ilə də tərbiyələndirici səciyyə daşıyır.
Dərsin zənglə başlayıb zənglə qurtarması, zəng çalınanda uşaqların sinfə daxil olub öz partaları arxasına keçmələri, müəllim sinfə gələn kimi səssizcə ayağa qalxıb onunla salamlaşmaları, keçmiş mövzunu danışmaq üçün icazə almaları, danışan yoldaşlarını sakitcə dinləmələri və s bütün bunlar şagird şəxsiyyətinin düzgün formalaşmasında əhəmiyyətli rol oynayır.
Tərbiyəedici situasiya xüsusi yaradılmış şəraitdə şagirdlərin (tələbələrin) fəaliyyətinin və davranışının təşkili metodudur. Situasi-yalar uydurulmuş olmamalıdır. Məktəb həyatında situasiyalar hər addımbaşı olur. Belə situasiyalara praqmatik tendensiyalar nəzərə alınaraq müəllim və şagirdlərin kommersiya münasibəti kimi baxılır. Burada şəxsi mənfəət başlıca oyadıcı qüvvə olur. Bu metod hələ tamamilə formalaşmamışdır, amma müəllim və şagirdlərin konkret razılaşmaları müxtəlif növ müqavilə və qarşılıqlı öhdəliklər sistemi vasitəsi ilə hər yerdə fəaliyyət göstərir.
9.4. Davranışı və fəaliyyəti stimullaşdıran metodlar
Stimullaşdırma - hərəkətə gətirmək, təkan vermək, həvəsləndirmək, şirnikdirmək deməkdir. Fəaliyyət və davranışı stimullaşdırmaq-fəaliyyət və davranışa təkan verməkdir, insanı müsbət fəaliyyətə təhrik etmək, hərəkətə gətirmək, həvəsləndirmək deməkdir. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – rəğbətləndirmə və cəzalandırmadır.
Davranışı və fəaliyyəti stimullaşdıran metodlar
Rəğbətləndirmə şagirdlərin hərəkətlərinin müsbət qiymətləndirilməsinin, təqdir edilməsinin ifadəsidir. Rəğbətləndirmə müsbət vərdiş və adətləri möhkəmləndirir. Rəğbətləndirmənin təsiri müsbət emosiyaların oyanmasına əsaslanır. Rəğbətləndirmə-inam, xoş əhval-ruhiyyə yaradır, məsuliyyəti artırır.
Rəğbətləndirmənin növləri müxtəlifdir: bəyənmə, təqdiretmə, “Afərin”, “Əhsən” sözləri vasitəsilə şagirdi ruhlandırmaq, inam göstərmək, tərifləmək, təşəkkür elan etmək, tərifnamə vermək, hədiyyə ilə mükafatlandırmaq, vəzifəyə irəli çəkmək, fəxri heyətə nümayəndə seçmək, şəklini şərəf lövhəsinə vurmaq və s.
Rəğbətləndirmənin pedaqoji, psixoloji tərəfləri, onun nəticələri əvvəlcədən nəzərə alınmalıdır:
Müəllimlər çalışmalıdırlar ki, rəğbətləndirmə şagirdlərdə tərifləmək və mükafat almaq motivləri yox, daxili inam və əxlaqi motivləri formalaşdırsın;
Rəğbətləndirmə şagirdi kollektivin üzvlərinə qarşı qoymamalı, kollektiv tərəfindən razılıqla qarşılanmalııdr;
Yüksək əməksevərlik, məsuliyyət, səmimilik keyfiyyətləri göstərən, başqalarına kömək göstərməklə özü yüksək şəxsi nailiyyətlər qazanan şagirdləri xüsusilə rəğbətləndirmək lazımdır;
Rəğbətləndirmə şagirdin xidmətlərinə, fərdi xüsusiyyətlərinə, kollektivdə mövqeyinə uyğun olmalıdır.
Eyni şagirdlər hər dəfə rəğbətləndirilməməlidir, başqa şagirdlər də, hətta zəiflər də unudulmamalı, nə vaxtsa onlara da diqqət yetirilməlidir ki, həvəslənsinlər;
Yersiz təriflər lovğalığa gətirib çıxarar. Rəğbətləndirmə zamanı kollektivin rəyi nəzərə alınmalıdır;
Rəğbətləndirmə fərdi yanaşma tələb edir. Özünə inamı olmayan, geri qalan şagirdi də ruhlandırmaq çox vacibdir. Şagirdlər onlara göstərilən etimadı doğrultmaqla öz çətinliklərini də aradan qaldıra bilərlər.
Rəğbətləndirmə məsələsini həll edərkən ədalətlilik prinsipinə əməl edilməlidir.
Rəğbətləndirmə kollektiv qarşısında olmalıdır.
Rəğbətləndirnə metodunu iki qrupa ayırmaq olar:
1) Sadə rəğbətləndirmə metodları; 2)Yüksək rəğbətləndirmə metodları.
Sadə rəğbətləndirmə metodları şagirdin başına sığal çəkmək, “Afərin!”, “İşi belə görərlər” kimi ifadələr işlətmək, arzusunu yerinə yetirmək, kitab alıb hədiyyə vermək, səyini dilə gətirib tərifləməkdir.
Yüksək rəğbətləndirmə metodları şifahi və ya yazılı təşəkkür elan etmək, tərifnamə vermək, fərqlənmə diplomu vermək, şəklini şərəf lövhəsinə vurmaq, qızıl medalla təltif etmək, vəzifəyə irəli çəkmək və s.
Cəzalandırma metodu pedaqoji-psixoloji təsir metodudur. Bu tərbiyə metodu şagirdlərdə arzuolunmaz hərəkətlərin qarşısını almaq, onları aradan qaldırmaq məqsədini daşıyır.
Cəzalandırma metodu xarici stimulları yavaş-yavaş daxili stimullara çevirməyi nəzərdə tutur. Müasir məktəbdə cəzalandırmanın müxtəlif formaları tətbiq edilir:
Şagirdin fəaliyyətini bəyənməmək və işinə irad tutmaq, xəbərdarlıq etmək, yığıncaqda gördüyü işi müzakirə etmək, tənqid etmək, danlamaq, məzəmət etmək, vəzifədən kənar etmək, valideynini məktəbə dəvət etmək, valideynlə şagird haqqında korreksiyaedci fərdi söhbət aparmaq, töhmət vermək, dərsdən kənar etmək (müəllimlər otağına göndərməklə), şagirdin sinfini dəyişmək, şagirdin məktəbini dəyişmək, son hədd cəza məktəbdən xaric etməkdir ki, buna nadir hallarda yol verilə bilər.
Cəzalandırma metodunun səmərəliliyini müəyyən edən pedaqoji şərtlər bunlardır:
Əgər cəzalandırma ideyası kollektivdən gələrsə və cəzanı kollektiv müdafiə edərsə, o zaman onun təsir gücü artar.
Uşağa cəza verərkən ictimai rəyə söykənmək lazımdır;
Cəza şagirdə aydın olanda o təsirli olur. Cəzanı verdikdən sonra onu yada salmaq lazım deyil, şagird ilə normal münasibətlər saxlanılmalıdır;
Şagirdi pedaqoji zərurət üzündən cəzalandırırıq. Cəzadan istifadə edərkən şagirdi təhqir etmək olmaz;
Münaqişəli situasiya cəza metodunu tətbiq etmək üçün əsasdır. Cəza haqqında hər hansı bir resept vermək olmaz, hər bir hərəkət fərdidir;
Cəza güclü təsir edən metoddur. Müəllimin cəzada buraxdığı səhvləri düzəltmək xeyli çətindir. Ona görə də yaranmış situasiya haqqında tam aydınlıq olana qədər cəza verməyə tələsməməli;
Cəzanın əvəz çıxmaq alətinə çevrilməsinə yol verməyin. Şagirddə cəzanın onun xeyrinə olması ilə bağlı əqidə formalaşdırılmalıdır;
Cəza pedaqoji taktı, şagirdin yaş və fərdi xüsusiyyətlərini yaxşı bilməyi tələb edir.
Cəzalandırma kolektiv qarşısında verilməlidir.
Kollektivi və ya qrupu cəzalandırmaq olmaz. Cəza yalnız fərdi olmalıdır.
Cəza digər tərbiyə metodları ilə kompleks tətbiq olunmalıdır.
Suallar və tapşırıqlar
-
Tərbiyə metodunun xüsusiyyətlərini sadalayın.
-
Tərbiyə metodunun seçimini müəyyən edən səbəblər hansılardır?
-
Tərbiyə metodlarının təsnifatına hansı metodlar daxildir?
-
Şüuru formalaşdıran metodlar hansılardır? Onların izahını verin.
-
Fəaliyyəti təşkil edən və davranış təcrübəsini formalaşdıran metodlara nələr daxildir?
-
Davranış və fəaliyyəti stimullaşdıran hansı metodlardır?
-
Pedaqoji prosesdə müəllimin istifadə etdiyi tərbiyə metodlarını səciyyələndirin.
Ədəbiyyat
-
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003.
-
Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.
-
Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin təşkili. Bakı: ABU, Təhsil, 2006.
-
Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.
-
Qaralov Z.İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). Bakı: Pedaqogika, 2003.
-
Hüseynazadə R.L., İsmayılova M.C. Tərbiyə işi və onun metodikası.(Dərs vəsaiti) Bakı: ADPU, 2012.
-
İlyasov M.İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2009.
-
Məmmədov T.M. Azərbaycan psixoloji fikir tarixində şəxsiyyət problemi. Bakı: Mütərcim, 2011.
X fəsil
SİNİF RƏHBƏRİNİN İŞİNİN MƏZMUNU
VƏ FƏALİYYƏTİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Əhatə olunan məsələlər:
10.1. Sinif rəhbərinin vəzifəsi haqqında.
10.2. Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri.
10.3. Sinif müəllimi və sinif rəhbəri.
10.4. Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətləri.
10.5. Sinif rəhbərinin işində pedaqoji diaqnostikanın əhəmiyyəti.
10.6. Sinif rəhbərinin hüquq və vəzifələri.
10.7. Sinif rəhbərinin şagirdlərlə apardığı praktik işlər.
10.8. Sinif rəhbərinin valideynlərlə apardığı işin məzmunu.
10.9. Valideynlər arasında pedaqoji maarifləndirmə.
10.10. Sinif saatı.
10.11. Sinif rəhbərinin tərbiyəvi iş planı.
10.1. Sinif rəhbərinin vəzifəsi haqqında
Sinif rəhbəri anlayışı ilk yaranan vaxtlarda “Qrup rəhbəri” adı ilə meydana gəlmişdir. Onun fəaliyyətinə dair təlimat 1931-ci ildə təsdiq olunmuşdur. Sonralar, 1934-cü ildən “qrup” - sinif adı ilə, “qrup rəhbəri” isə sinif rəhbəri adı ilə əvəzlənmişdir.
Şagirdlərin təlim-tərbiyəsində müəllimlərin hər birinin ayrılıqda böyük rolu olsa da, sinfin tərbiyə işlərinin təşkilində, şagirdlərin möhkəm bir kollektiv ətrafında birləşdirilməsində, tərbiyə işlərinin vahid istiqamətə yönəldilməsində bacarıqlı, təcrübəli, tərbiyə işlə-rini yaxşı bilən təşkilatçı pedaqoq – müəllimə ehtiyac duyulur. Elə bir pedaqoq - müəllim ki, o eyni sinifdə dərs deyən müəllimlərin kollektiv pedaqoji əməyini vahid istiqamətə yönəltməli, sinif şagird kollektivini təlim-tərbiyə vəzifələri ətrafında sıx birləşdirməli, sinifdənxaric işləri məqsədyönlü şəkildə təşkil etməli və şagirdlərin fəaliyyətini stimullaşdırmalıdır. Bütün bunları sinfin təcrübəli, bacarıqlı, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik, sevimli müəllimi sinif rəhbəri yerinə yetirir.
Sinif rəhbəri vəzifəsinin zəruriliyi də məhz elə buradan irəli gəlir. Müəllimlər sinif rəhbəri vəzifəsinə məktəb direktorunun əmri əsasında təyin olunurlar.
Sinif rəhbərləri məktəbdə təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltməkdə, şagirdlərin hərtərəfli, ahəngdar inkişafını, meyl və bacarığını təmin etməkdə böyük rol oynayırlar. Sinif rəhbərinin pedaqoji işinin məzmunu çoxcəhətlidir.
Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını for-ma-laşdırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iqtisadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqamətləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqəsini yaratmaq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədəniyyətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşkilatlarına arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəhbərinin fəaliyyətində geniş yer tutur.
“Azərbaycan Respublikası Ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” və “Orta ümumtəhsil məktəbinin Nizamnaməsi”ndə sinif rəhbərinin vəzifələri konkret müddəalar şəklində aydın müəyyən edilmişdir. Bu mühüm sənədlərə, əsasən, sinif rəhbərinin vəzifələrinə daxildir:
Sinif rəhbəri sinif şagird kollektivini təşkil edir; şagirdlərin vəzifələrini, “şagirdlər üçün qaydalar”ı, əxlaqi hərəkətləri və mədəni davranış qaydalarını izah edib şagirdlərə başa salır və aydın dərk etdirir; başqa müəllimlərlə, sinfin şagird təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ona etibar edilmiş sinif şagirdləri ilə məqsədyönlü tərbiyə işi aparır. Məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı və formalaşdırılmasına kömək edən faydalı tədbirlər təşkil edir.
Şagirdləri ətraf mühitə, bütünlükdə Azərbaycan təbiətinə, dövlət bayrağına, gerbinə, himninə və s. atributlara, Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət ruhunda tərbiyə edir.
Şagirdləri müxtəlif xalqlar, etnik və milli qruplar arasında şüurlu qarşılıqlı anlaşma, sülh, humanizm və dostluq münasibətləri ruhunda tərbiyə edir və həyata hazırlayır.
Valideynlərlə möhkəm əlaqə yaradır, şagirdlərin təlim-tərbiyəsi işində onların köməyindən müntəzəm istifadə edir, onlara pedaqoji-psixoloji məsləhətlər verir. Məktəb və ailə tərəfindən şagirdlər qarşısında qoyulan pedaqoji tələblərin vahidliyinə nail olur, valideynlərlə, günüuzadılmış qrupların rəhbərləri ilə, müəssisə, idarə və təşkilatlarda yaradılmış ailəyə və məktəbə yardım komissiyaları ilə daim əlaqə saxlayır.
Şagirdlərə verilən ev tapşırıqlarının normal olmasını tən- zim edir, lazım gəldikdə, şagirdlərə vaxtında tədris köməyi göstərilməsini təşkil edir.
Sinif üzrə müəyyən olunmuş sənədləri tərtib edir, şagird- lərin təlim müvəffəqiyyəti, dərsə dəvamiyyəti və davranışı barəsində məktəbin rəhbərliyinə məlumat verir, onların gündəliyinin vəziyyətinə nəzarət edir.
O, şagirdlərin sağlamlığının möhkəmlənməsinə kömək edən tədbirlər həyata keçirir, onların ictimai-faydalı əməyini təşkil edir.
Təcrübəli sinif rəhbəri, ilk əvvəl, öhdəsində olan şagirdləri elmlərin əsaslarına dair biliklərlə dərindən və möhkəm silahlandırmalıdır, onların hafizəsini tədris proqramlarında müəyyənləşdirilmiş bilik sərvətləri ilə zənginləşirməlidir. Bu sinif rəhbərinin öyrədici, maarifləndirici vəzifəsidir.
Sinif rəhbəri şagirdlərin yiyələndikləri biliklər zəminində onların elmi dünyagörüşünü və ideya-əxlaq əqidəsini formalaşdırmalı, şagirdləri nəcib ümumbəşəri əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirməlidir. Bu onun tərbiyələndirici vəzifəsinə aiddir.
Hər bir sinif rəhbəri şagirdlərin sağlamlığını, fiziki inkişafının yüksək səviyyəsini təmin etməyə, dərsdənkənar tərbiyə işlərini pedaqoji baxımdan düzgün təşkil daxil etməklə onların marağını, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirməyə nail olmalıdır. Bu sinif rəhbərinin inkişafetdirici vəzifəsidir.
Bacarıqlı sinif rəhbəri uşaqların öz imkanları daxilində respublikamızın ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, təbliğat və təşviqat işlərində fəal iştirakını təmin etməlidir. Bu sinif rəhbərinin ictimai-siyasi vəzifəsinə daxildir.
Sinif rəhbəri ictimai-pedaqoji sahədə də fəal qüvvə olmalı, ictimaiyyətlə, valideynlərlə və ya onları əvəz edən şəxslərlə sıx əlaqə saxlamalı, onları uşaqların təlim-tərbiyəsi məsələləri üzrə lazımi biliklərlə silahlandırmaqda yorulmadan iştirak etməli, tərbiyənin forma, metod və vasitələrini təkmilləşdirməyə, sinifdənxaric işlərin yüksək səmərəliliyini təmin etməyə ciddi səy göstərməlidir. Bunlar da sinif rəhbərinin ictimai-pedaqoji vəzifəsinə daxildir.
Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləyir. Bu prosesdə o, həm rəhbər, həm tərbiyəçi, həm də müəllim kimi özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini, təcrübəsini öz yetirmələrinin mənəviyyatında davam etdirir, uşaqların sosial təşəkkül prosesinə qüvvətli təsir göstərir.
Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tutmalarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir; hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır. Bu çox nəcib, cəlbedici və şərəfli iş olub sinif rəhbərinin fəaliyyətini səciyyələndirir. Həmin fəaliyyətin özünəməxsusluğunun ikinci cəhəti onun son dərəcə çətin və mürəkkəb iş olmasıdır.
Uşağı tərbiyə etmək, onun qəlbinin dərinliyinə varmaq, varlığını dərk etmək çox çətin və mürəkkəb işdir. Çünki hər bir uşağın özünəməxsus daxili aləmi, mənəvi dünyası, meyli, marağı, bacarığı, psixi və fiziki xüsusiyyətləri olur. Bunları öyrənib tərbiyə işində nəzərə almaq sirli və tilsimli qalaya yol tapmaq kimi müşkül bir işdir.
Sinif rəhbəri fəaliyyətinin özünəməxsusluğunun bir cəhəti də bu fəaliyyətin son dərəcə məsuliyyətliliyidir. O, bütün sahələrdə uşaqlar üçün yalnız müsbət mənada etalon olmağa, yaxşı nümunələr göstərməyə çalışmalıdır.
Sinif rəhbərinin fəaliyyətinin özünəməxsusluğunu səciyyələndirən başqa cəhətlər də vardır. Onlar tərbiyə fəaliyyətinin fasiləsizliyi, zövqverici və fərəhli iş olması ilə, sonsuz dəyişən şəraitdə uşaqların davranış və münasibətlərinin qeyri-standartlığı ilə və s. belə faktlarla əlaqədardır.
Xalq gənc nəslin formalaşmasında tərbiyəçi şəxsiyyətinin böyük əhəmiyyət kəsb etdiyini hələ bu anlayışın, bir pedaqoji termin kimi, yazılı ədəbiyyata gəlməsindən çox-çox əvvəl başa düşmüş, ən gözəl sifətləri də, ilk növbədə, məhz milyonlarla adamlar üçün tərbiyəçi rolunu oynayan müdrik şəxsiyyətlərə aid etmişdir. Müasir sinif rəhbəri və müəllim (tərbiyəçi) öz adının və vəzifəsinin səviyyəsində durmaq üçün, birinci növbədə, vətəndaşlıq mövqeyinə, ideya inamına və möhkəm əqidəyə malik olmalıdır.
Tərbiyəçi sinif rəhbəri yüksək mədəniyyəti, yaxşı səliqəsi, zəngin mənəvi aləmi, nəcib əxlaqi sifətləri və geniş dünyagörüşü ilə fərqlənməlidir. Tərbiyəçi sinif rəhbəri yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır. O, uşaqları sevməyi, onlara qayğı ilə yanaşmağı və bu qayğını, sevgini ağılla tələbkarlıqla birləşdirməyi bacarmalı, optimist ovqatlı olmalıdır.
Tərbiyəçi sinif rəhbəri səbirli, təmkinli, qətiyyətli, obyektiv və ədalətli olması ilə fərqlənməlidir. O, fəal ictimaiyyətçi və öz xalqının yaxın köməkçisi olmalı, təbliğat və təşviqat işlərində iştirak etməlidir.
Tərbiyəçi sinif rəhbəri pedaqoji texnikaya, pedaqoji mərifətə malik olmalıdır. Deməli, yaxşı sinif rəhbəri və ya tərbiyəçi müəllim olmaq və uşaqların tərbiyəsində fərəhli nəticələr qazanmaq üçün hər bir adamın pedaqoji ustalığa dərindən yiyələnməsi son dərəcə vacibdir.
Müasir tərbiyəçi sinif rəhbərində yeniliyə həssaslıq, bu və ya digər pedaqoji məsələnin həllinin qeyri-standart üsullarını tapmaq qabiliyyəti olmalıdır. Bütün işlərdə tərbiyəçi aparıcı rol oynamalı və öz şəxsiyyətini bütün istiqamətlərdə yeni-yeni keyfiyyətlərlə zənginləşdirməlidir.
Sinif rəhbərləri şagirdlərin tərbiyəsi sistemində ən başlıca tərbiyə qüvvəsidir. Sinif rəhbərləri şagirdlərin tərbiyəçisi və rəh- bəridir. Onun öhdəsinə V sinifdən XI sinfə qədər şagirdlərlə tərbiyə işini təşkil etmək vəzifəsi düşür. Sinif rəhbərlərinin vəzifəsi öz sinfində sinifdənkənar tərbiyə işləri təşkil etməkdən, həmin sinifdə dərs deyən müəllimlərin işini tənzimləməkdən ibarətdir.
Do'stlaringiz bilan baham: |