Müəllif yazır: «1987-1991- ci illərin mürəkkəb mənzərəsini, daha doğrusu öz iştirakçısı olduğum olaylarını yazmışam. Subyektiv yanaşmalar da ola bilər. Adamlara, hadisələrə o vaxtkı münasibətimə sonrakı dəyişikliklərin təsirini nəzərə almamışam. Kitab 2003- cü uldə nəşr olunub. Cəmi 500 nüsxəlik turajla.O illərdən uzaqlaşdıqca hərdən dönüb geriyə baxmaq ehtiyacı hiss edirsən. Gənclər üçün də faydalı ola bilər. Buna görə də kitabdan bəzi parçaları paylaşmaq qərarına gəldim. Köhnə dostlarım, dəqiqləşdirmək məqsədiylə, qeydlərini mənə göndərsələr minnətdar olar və gələcək nəşrlərdə nəzərə alaram.)» (13).
Kitabda yazılanlardan belə məlum olur ki, Sabir bəy 1991-ci ilin 18 oktyabrını özünün ən xoşbəxt günü, ömrümün zirvəsi hesab edir: «Beləliklə, 1991-ci il 18 oktyabr günü… İlk baharda SSRİ tərkibindən çıxmağı xəyanət sayan, bizi məhv eləməyə hazır olan bu “rejim övladları” son baharda öz tifaqlarının dağılmasına səs verəcəklərmi?
Yenə iclas öncəsi təlimat saatında tapşırıqlarını almışdılar: Mərkəzdənqaçma elə bir şəkil alıb ki, Moskvanın ətəyindən tutub durmağın xeyri yoxdur; daha tutulmalı ətək də qalmayıb, bir yandan da QKÇP-dən sonra gərginləşən münasibətlər geriyə yol qoymayıb, yəqin tezliklə Qorbaçov özü də gedəcək, Rusiya tək qalandan sonra SSRİ nazirləri və rəhbərliyi nəyə lazım? Bir yandan da xalq ayaq üstədir: bu qərar qəbul olunmasa heç kim binadan çıxıb evinə gedə bilməz… Həm də axı nə fərqi, vəzifələriniz ki, dəyişilmir, indi daha yaxşı…BU, kommunistləri sakitləşdirmək üçün deyilən sözdü…
Onda hələ belə düşünürdülər: əslində elə belə də oldu… Müstəqillikdən də biz yox, onlar yararlandı…
Milli Məclisi mühasirəyə almış cəbhəçilərin bir hissəsi parlamentin iclas salonuna buraxılıb. Arxada sədd çəkib dayanıblar.
Müstəqillik aktı oxunur!. Bu tarixi sənədin hər maddəsi bu salonda zamanın hökmü kimi səslənird Bəzilərinin başına daş düşür… Yadıma 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1946-cı ildə Təbrizdə Cənubi Azərbaycanın Demokratik Cümhuriyyətinin elan olunması düşürdü… İndi bilirdim ki, ordaki milliyətçilər nələr keçiriblər; elə beləcə oturduğun yerdə, sevincdən ürəyin partlaya bilər. Amma olmaz! Bu bütün ömrümüz boyu gözlədiyimiz bir gündür! İdeallarımızın, arzularımızınm günüdür! Neçə illik zəhmətimizin, əzablarımızın, tökülən qanlarımızın bəhrəsi və nəticəsidir. Süstləşmək, sentimentallığa qapılmaq olmaz! Şükür sənə, İlahi! Bu günü yaşamağı bizə qismət elədin. Bu günə bizi yetişdirdin, bu hadisələri biz idarə etdik, bu sənədi biz hazırladıq və biz qəbul edirik!
XX yüzilin sonunda Azərbaycanın quzeyində müstəqil dövlətin müəllifləri bizlərdik! Müstəqilliyin əsgər və sərkərdələri bizik! Nə bizdən əvvəlkilər, nə bizdən sonra gələnlər – məhz bizlər! Bəlkə yüz il, min il keçəcək amma bu gün və bu günün qəhrəmanları unudulmayacaq!
Çıxışım da elə bu ovqatdan doğmuşdu. Bu sənədin qəbulunun zəruriliyinə inandırmağa çalışırdım. Əslində isə buna ehtiyac yoxdu! Çünki ilk baharın kommunistləri bu gün artıq milli demokrat olmaqdan ötrü sino gedirdilər: onlar heç nəyi həll eləmirdilər, zaman onları qabağına qatıb aparırdı; gözlərində bir anlaşılmazlıq, bir yalvarış vardı: nə olar, tut əlimdən! Anlaşılmazlıq dedim. Amma ürəkdən sevinənlər də vardı, xəcalətdən pörtüb, gizlənməyə çalışanlar da. Allah! Allah! İnsan da öz dövlətinin, millətinin müstəqilliyindən belə pərt olar?!
Firudin Ağasıoğluyla yanaşı oturmuşduq! Arada bir çevrilib yaşlı gözlərimizlə bir-birimizə baxırdıq! Sən bir işə bax, bir vaxtlar müstəqillik sözünü lağa qoyanların bir neçəsi salonlardakı bu aktın qəbulunun vacibliyini başa salmağa çalışır! Tarixin unutqanlığına güvənirlər! Qoy danışsınlar, təki mane olmasınlar!
Bu da səsvermə! Ola bilməz! Lehinə 260 nəfərdən çox! Bir anlıq sükut! Sonra salon hələ eşitmədiyimiz bir alqış gurultusundan əsir! Qəbul edildi! Qəbul edildi! Yumruqlar düyünlənib, yerimizdə uşaq kimi atılıb-düşür, qucaqlaşırıq! İclas zalı dağılır! Kimi gülür, kimi ağlayır! Axır ki! Axır ki! Axır ki! Gözün aydın Vətən! Gözün aydın Azərbaycan! İndi rahatca ölə bilərik! İndi rahatca qayıdıb yenidən öz qəzetimi buraxa, şeirimi yaza bilərəm! Mənim davam buracandı! Bundan belə nə parlament, nə siyasət? İnşallah, müstəqil dövlət hər işi yoluna qoyar, biz də arxayınlaşarıq!
Qalx! Bayraq gəlir! Üçrəngli, ayulduzlu bayraq! Qalx, yoldaş kommunist! Dünən bunu tanımayan, ona həqarət edən qalx! O bayrağı cıran, ayaq altına atan, qalx! Qəzəbdən əssən də, ürəyin partlasa da boyun əyəcəksən, qalxacaqsan! Zaman və tarix ayağa qalxır! Siz də qalxın!
Amma gör kim gətirir bayrağı! Dünənə kimi onu tanımayanlardan birisi, DTK işçisi… Yenə də saxtakarlıq, yenə də işi görənlər bir yanda, bəhrəsini görənlər bir yanda! Fəqət bu gün belə xırda şeyləri dərd eləmək olmaz! Qoy elə onlar gətirsin! Diz çöksünlər önündə, öpsünlər, səcdə eləsinlər ona! Əs, dalğalan, yüksəl, düşmənlərinin gözünü kor et, işığın dünyanı bürüsün mənim qutsal, uca bayrağım!
Allah! Deməli, bir ömürdə bunu da görmək mümkünmüş! 1988-ci ildə meydanda ilk dəfə ehtiyatla qaldırılan bayraq, ilk olaraq seçib, “meydanda yalnız milli bayrağımız dalğalanacaq” – deyə, kütləyə nişan verdiyim bayraq, bu gün ali məqamına qayıdır, yenidən dövlətin rəmzinə çevrilir!
1991-ci ilin 18 oktyabrı ən xoşbəxt günümdür, ömrümün zirvəsidir!» (13).
Kitabda «Çənlibel» təşkilatı və Meydan hərəkatı dövrü barədə çox maraqlı fikirlər yer almaqdadır.
Müəllif M. Hatəmi və “Çənlibel”lə bağlı fikirlərini bir qədər fərqli rakursdan, Hatəminin və “Çənlibel”in Milli Azadlıq Hərəkatındakı müstəsna rolunu bir qədər kiçildərək belə dilə gətirmişdir: “Bakıda yenidənqurmanın ictimai bəhrələrindən biri «Çənlibel» birliyi oldu. «Çənlibel» 60-70-ci illərin ədəbi dərnəklərinin ənənələrindən hələ tam ayrılmamışdı, ictimai-siyasi,milli dərdləri demək üçün bizim qatıldığımız ədəbiyyat dərnəklərində ədəbi əsərlərə söykənirdiksə, «Çənlibel» bu işi tarixə yeni baxışla görürdü. Azərbaycanın qarşısında dayanan milli problemləri açıq siyasi müstəvidə dilə gətirmək hələ də çətindi, bu baxımdan hələ də öncüllük yazıçıların əlindəydi, lakin yeni birliyin yaranması da bizi sevindirdi. Folklor barədə kitabını nəşr elədiyim və bundan sonra tez-tez görüşdüyüm Məhəmməd Hatəmi bu işin əsas təşəbbüsçüsüydü və hələ dərnək yaranmazdan xeyli öncə Nizami muzeyinin həyət girişinin yanındakı çinarların altında uzun müddət dərnəyin görəcəyi işlərdən danışırdıq. Bu işə qarışmaq niyyətim yoxdu, onsuz da vaxt çatdıra bilmirdim, digər tərəfdən də Məhəmməd ifratçıydı, tələsirdi, elə bilirdi, məsələn Kuşan mədəniyyətini türklərə məxsus olduğunu deməklə məsələ bitir, Azərbaycanda ondan əvvəl başlanmış bir işi, yəni tarixin yeni gözlə, əsl, tərəfsiz mənbələr əsasında araşdırılmasını qabartmaqla nəyəsə nail olacağını düşünürdü; şübhəsiz, tarix bu günün güzgüsüdür, şübhəsiz milli kimlik şüuru tarixi dərkdən keçir, amma bizim illər uzunu dediklərimizin indi yeni bir şey kimi ortaya atılması adama qəribə gəlir; gör başqa xalqlar neçə illərdi bütün tərbiyyə sistemlərini bunun üstündə qurublar, gecikməyimizi etiraf etməkdənsə nimdaşlaşmış ideyaları kəşf kimi ortaya atmaqla yeni səhflərə yol açırıq; az qala xəstəliyə çevrilmiş bu işə naşı, diletant münasibət həm tarixi, həm də əsl elmi həqiqətləri gözdən salır. Bununla belə Məhəmməd kökdən cəngavər ruhlu adamdı,təəssüf ki , «Çənlibel»də qazandığı şöhrət ona baha başa gəldi, burda da birincilik yarışı başlandı, Məhəmmədin haqqı tapdalandı.O vaxt Məhəmmədlə məni yaxınlaşdıran həm də onun cənubdan olmasıydı, bu mənim üçün ciddi bir tutalqacdı və nə qədər qəribə olsa da güneylilərdə qüsur axtarmırdım, onları bütövlüklə sevirdim, xoşa gəlməyən bir cəhətlə rastlaşanda bunu şəraitlərinin, talelərinin ayağına yazırdım.
«Çənlibel» böyük maraq doğurmuşdu. Bura toplaşanların çoxu öncədən də düşüncə, danışıq azadlıqlarıyla seçilən adamlardı, aralarında yeni tanış olduğum, məsələn Vurğun Əyyub kimi cavan elmi işçilər də vardı, Nemət və fəhlə dostları da gəlirdi; onları Leytenant Şmidt zavodundakı görüşlərdən, müzakirələrdən tanıyırdım.
"Çənlibel" dərnəyinin ilk toplantısı ,dediyim kimi,Kuşan dövlətinin türk mənşəli olduğunu sübut cəhdlərindən başlamışdı. İnqilabi ruhlu adamların toplandığı birliyin belə uzaqdan başlaması da mühitin hələ çəkilməmiş qorxusundandı. Milliyətçi düşüncə tarixin təhlili təməlində ortaya qoyulurdu.
İkinci toplantı "Qan yaddaşı" kitabıma həsr olunmuş, şəhərin hər yerində afişalar vurulmuşdu. Ən tanınamış ziyalılarımız burdadı. Tarix və cənub silsiləsindən olan, milli yaddaşın və ruhun dirçəlməsinə yönəlmiş, ictimai pafoslu şerlərim müzakirə edilirdi. Bu, «Çənlibel»in və çənlibelçilərin mənə də, şerlərimə də böyük sayqılarını göstərirdi, təəssüf ki o müzakirədə iştirak edənlərin bəziləri sonralar hardan və necə başladıqlarını unutdular və unutdurmağa çalışdılar. Bir yandan da o zaman elm və təhsil müəssisələrin keçirdiyim hər bir görüşdə elə bu birlikdəki səviyyəyə uyğun müzakirələr gedirdi, buna görə də «Çənlibel»dəki görüş, düzünə qalsa, sıradan bir görüşümdü.
Danışıqdan, hay-küydən yorulurdum. Sakitcə görülən işin tərəfdarıydım. Amma bu salonda toplaşanların yarısı danışanlardı. Hər yerdə - yığıncaqda, yolda, çayxanada. Hər kəsin bildiyi və yüz dəfə çözələnmiş mövzuların müzakirəsi saatlarla uzanardı. Bu qədər oturmağa vaxtımız hardaydı? Ömrüm boyu qaçhaqaçdaydım...” (15).
Qaynaqça
-
Elçi Bəy. Bakı, 1999.
-
Еlçi Bəy. Bakı, "Nurlar"NPM, 2005, 64 s.
-
Elçi Bəy haqqında. Bakı, "Şirvannəşr", 2008.
-
Elçibəy ilə birlikdə otuz il. İstanbul, 1999.
-
Elçibəylə 13 saat üz-üzə. Bakı, 1999; İstanbul, 2001.
-
Elçibəy və Azərbaycan. İstanbul, 1994.
-
Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir". Bakı, 1992.
-
Əbülfəz Elçibəy: "Mən qurtuluşçuyam!", Bakı, 2002.
-
Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.
-
Demokratiya və azadlıq. İstanbul, 1992.
-
Deyirdim ki, bu quruluş dağılacaq. Bakı, 1992.
-
Qurtuluş və bütövlük yolu (Elçibəylə 6 söhbət). Bakı, 2003.
-
Müstəqilliyə gedən yol. Sabir Rüstəmxanlı. «Xətai yurdu» kitabından parçalar. IV parça (http://www.ps-nota.com/archives/6676).
-
Prezident Elçibəy. Bakı, 2001.
-
Rüstəmxanlı S. “Xətai yurdu”. Bakı, “Qanun Nəşriyyatı”, 2003.
-
Savalanda görüşənədək, Bəy! Bakı, 2000.
-
Zülfüqarlı M. İstiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər). Bakı, 2002.
«Çənlibel» təşkilatının əsaslı şəkildə parçalanması və Azərbaycanda «Xalq Hərəkatı Cəbhəsi» və «Xalq Cəbhəsi» ideyalarının yaranması
İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dünyanın məşhur telekanallarından olan «Əl-Cəzirə»yə müsahibəsi bir vaxtlar ölkədə siyasi gündəmin əsasına çevrilmişdi. O, müsahibəsində Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının rolunu heçə endirməyə çalışaraq bildirmişdi: «Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv proses idi və Sovetlər Birliyinin süqutu nəticəsində biz müstəqilliyə nail olduq» (2).
İlham Əliyev
Əlbəttə ki, bu, tam qərəzli bir mövqedir və müəllifinin siyasi ambisiyalarını əks etdirir. Həqiqət isə bunun tam əksidir.
S. Çeşko haqlı olaraq yazır ki, 1988 – 1989-cu illə sovet «yenidənqurması» üçün dönüş nöqtəsi olmuşdur. O, sürətlə özünün qürub fazası olan «milli-azadlıq» fazasına daxil olurdu (18, s. 92). Tədqiqatçının fikrincə, milliyyətçi və separatçı əhval ruhiyyənin özünü daha çox göstərdiyi mərkəz rolunda isə, bütün ehtimalların əksinə olaraq, potensial cəhətdən münaqişələrin yarana bilməsi baxımından daha çox potensiala sahib olan Şərq respublikaları və hətta Dağlıq Qarabağ münaqişəsinin yetişməkdə olduğu Güney Qafqaz deyil, Baltikyanı respublikaları çıxış edirdilər. «İlk baxışdan bu qəribə görünə bilər, çünki SSRİ-də Baltikyanını özünün «daxili Avropası», ölkənin sosial-iqtisadi və mədəni baxımdan ən inkişaf etmiş bölgəsi hesab etməyə alışmışdılar. Elə düşünülürdü ki, bu, müasir insana layiq olmayan «milliyyətçilik» kimi dünyagörüşlərin geniş yayılmasına əngəl olmalıdır. Amma burada təəccüblü bir şey yox idi. Dünya təcrübəsi göstərir ki, təkcə gerilik və səfillik deyil, həm də inkişafın nisbətən yüksək səviyyəsi də etnik milliyyətçiliyin yaranmasına səbəb ola bilər» (18, s. 93).
S. Çeşkonun yazdığına görə, Latviya, Litva və Estoniyanın SSRİ-yə birləşdirilməsindən sonra bu respublikalarda zamanla rusofobiya şəklini alan anti-sovet əhval-ruhiyyə həmişə güclü olmuşdur. Bu əhval-ruhiyyənin əsasında SSRİ-nin Baltikyanını işğal etdiyi, bölgəni ruslaşdırdığı və milli zülmə rəvac verdiyi barədə düşüncələr yatırdı. Baltikyanı ölkələrin SSRİ-dən ayrılaraq çiçəklənən mədəni Avropaya inteqrasiyasının bölgənin iqtisadi inkişafına səbəb ola biləcəyi haqqında düşüncələr də sözügedən əhval-ruhiyyənin genişlənməsinə təkan verirdi. Anti-sovet və anti-rus əhval-ruhiyyəsi xaricdən məqsədyönlü ideoloji təbliğatla da qızışdırılırdı. Bu məsələdə Qərb ölkələrində, xüsusən də ABŞ da yaşayan disporanın rolu az deyildi. Yenidənqurma istiqlal barədə olan ümidlərin güclənməsinə imkan yaratdı (18, s. 93-94).
Milli məsələnin Yenidənqurma illərində əsas faktorlardan biri kimi xüsusi qabardığı heç bir şübhə oyatmır. Millətlərin özünüdərkinin və öz müqəddəratını təyin etmək uğrunda mübarizənin həmin dövrdə nəzərəçarpacaq dərəcədə gücləndiyi danılması mümkün olmayan faktdır. Bunu hətta İlham Əliyev də inkar etmir (2).
SSRİ-nin çöküşündə milli məsələnin əsas rol oynadığını hesab etmək olarmı?
Özünün «SSRİ-nin dağılması: XX əsrin 90-cı illərinə retrospektiv nəzər» adlı məqaləsində bu suala cavab axtaran O. Pitsenko haqlı olaraq yazır ki, SSRİ-nin dağılmasının əsas səbəblərindən biri milli məsələnin həll edilə bilməməsi idi. Yenidənqurmanın ilk illərində həyata keçirilən yenilənmə xətti milli məsələlərdən də yan keçməmiş və nəticədə artan milli özünüdərk prosesi öz müqəddəratını təyin etmə mərhələsinə daxil olmuşdur (12, 85). Yeri gəlmişkən qeyd edək ki, SSRİ-nin dağılmasını böyük faciə kimi səciyyələndirən V. Putin də eyni fikirdədir (9).
Vladimir Putin
SSRİ-nin dezinteqrasiyasında, yəni parçalanmasında milli azadlıq hərəkatlarının rolunu xüsusi qeyd edən Henri Kissincer hərəkatların bu qədər geniş vüsət almasının səbinin isə Qorbaçov və onun yenidənqurma siyasəti olduğunu qeyd edir. O yazır ki, dünyada heç bir qüdrətli ölkə müharibədə məğlub olmadan bu qədər əsaslı və sürətli şəkildə dezinteqrasiya olmamışdır. Tarixdə heç vaxt Qorbaçov dövründə olduğu kimi bir adamın fəaliyyəti dünyanı bu qədər sürətlə və fundamental şəkildə dəyişməmişdir (10).
Henri Kissincer
Lakin, çox təəssüflər olsun ki, rus analitiklərinin, demək olar ki, hamısı milliyyətçiliyi SSRİ-nin çöküşünün əsas səbəblərindən biri kimi qeyd etsələr də (13, s. 79; 8; 7, s. 116; 11, s. 67-68; 15, s. 32-34; 16, s. 35; 17, s. 443–468), bu faktorun rus işğalına və rus imperializminə birbaşa cavab olduğunu həmişə gözardı edir və məsələnin kökündə yanlış milli siyasətin durduğunu iddia edir və bu «yanlış milli siyasət»i də çox vaxt Stalinlə əlaqələndirirlər (14).
Keçniş SSRİ-də baş qaldıran və hər gün güclənən milli azadlıq hərəkatları müəyyən bir dövrdən sonra kortəbiilikdən çıxmağa və daha sıx təşkilatlanmağa ehtiyac hiss etməyə başladılar və ortaya «xalq cəbhələri»ndə birləşmək ideyası çıxdı.
Məlumat üçün bildirək ki, ilk xalq cəbhələri XX əsrin 30-cu illərində Qərbi Avropada yaranmış və özündə müxtəlif siyasi təşkilatları, o cümlədən birlik və partiyaları, əsasən də solçu partiyaları birləşdirmişlər. SSRİ-də bu tip qurumların yaradılaraq Kommunist Partiyasına qarşı qoyulması ideyası ilk dəfə Baltikyanı ölkələrdə, daha sonra isi digər respublikalarda yarandı. İdeyanın ilk tərəfdarlarından və həyata keçirənlərindən biri də Məhəmməd Hatəmi olmuşdur. Onun bu fikrə gəlməsinin əsas səbəbi «Çənlibel» təşkilatının genişlənməkdə və güclənməkdə olan xalq hərakatına rəhbərlik etmək potensialının tədricən tükənməsi, təşkilatda parçalanmanın baş verməsi, parçalanmanın yeni mitinqlərin təşkilini qeyri-mümkün etməsi və «Çənlibel» daxilində Hatəmiyə qarşı əsasən, onun özünün ifadə etdiyi kimi, «naxçıvanlılardan ibarət müxalifət»in formalaşması idi.
O özünün «Acı həqiqətlər» kitabında bunula bağlı yazır: «Qafqazdakı, özəlliklə Bakı və Azərbaycandakı nümayiş, mitinq, tətil hərəkatı onunla sonuclandı ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 28 iyul 1988-ci il tarixində bu fərmanı çıxartdı: "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında". Ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 22 avqust 1988-də "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət haqqında" fərmanını qəbul etdi. Fərmanlar dövləti, imperiyanı səbatsızlıqdan, iqtisadi zərbədən qorumaq məqsədini güdürdü. Yaratdığım komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə, 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir…
Dövlət 1988-ci il 2 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əli ilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq, "Hatəmi, Hatəmi!" deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir.
F. Hüseynov məni Nərimanov rayon milis idarəsinin kamerasından götürüb öz maşınında Ə. Vəzirovun yanına gətirdi. Gətirərkən yolda mənə bir neçə kərə dedi: "'Sənə nə qədər deyilib ki, dinc otur, indi kişiyə nə deyəcəksən?" Susur, ona cavab vermirdim. Axırda hövsələdən çıxıb mənə sarı çevrildi və: "Səninlə deyiləm - dedi, - niyə cavab vermirsən?". Məcbur qalıb ona cavab verdim: "Adama çox şey deyərlər". F. Hüseynov: "hə də, sən də bildiyini edəcəksən". Söhbət bununla kəsildi.
Ə.Vəzirov kabinetində tək idi. İçəri girdiyimi görərək, ayağa qalxıb qarşıma gəldi. O, respublikanın ağır durumundan bəlkə bir saata qədər danışdı və axırda dedi: "Respublika bərbad haldadır, istəyirəm işləyəm, məni qoymursan, mənə kömək edərsənmi?" Onu "işləməyə qoymaq" imperiya iqtisadiyyatının dirçəlişinə imkan vermək, azadlığımızı buxovlamaq demək idi. Bu, mənim siyasi anlayışıma, məqsədimə daban-dabana zidd idi. Ona dedim: "Sizə söz verə bilmərəm". Elə deməyimi gördüm. Yumruqlarını əsəbiliklə masaya çırpıb üstümə çığırdı: "Von otsuda!" ("Rədd ol burdan!"). Təhqirdən rəng-rufum ağappaq ağardı. Bilmirdim nə edim, oturum, yoxsa kabineti tərk edim. Birdən elə bil mənə dedilər, görmürsən səni qovur, nə oturmusan? Ayağa qalxıb sürətlə qapıya tərəf yönəldim. Ə. Vəzirov arxadan qaça-qaça gələrək, düz qapının yanında qabağımı kəsdi və düyümlənmiş yumruqlarını əsəbi bir zərblə çiyinlərimə endirdi. Çiyinlərimi yumruğa vermək adi bir şey yox, mənə dövlət zorunu göstərmək idi. Acıqlı, nifrətli baxışlarımı onun gözlərinin içinə tikdim. Ürəyimdən vurub onu yerə sərmək keçirdi. Bunun xatalı olacağını ani olaraq düşünüb, lənət şeytana deyə, fikrimdən vaz keçdim. O, məni sakitləşdirmək, ürəyimi ələ almaq üçün qəbahətli hərəkətinə ərkiyanəlik məzmunu verərək: "Bəs kim bu respublikanı düzəldəcək, axı hər şey məhv olub gedir" deyib, qolumdan darta-darta yerimə qaytardı. Zəngi basıb köməkçisinə çay, ömründə görmədiyim müxtəlif rəngli limon konfet gətizdirdi. Əlimi də vurmadım. O, əlinə götürdüyü isti stəkanı qoymaq üçün gözünün qabağındakı nəlbəkini görmürdü. Nəlbəkini ona mən göstərdim. "Vidiş - dedi, - ya toje rasteryalsya" (“Görürsənmi,
mən də özümü itirmişəm").
Aradakı gərginliyi anbaan gedərib, söhbəti davam etdirdik. Ona təklif etdim ki, Moskva ilə razılaşdırın, Ermənistandakı türkləri Azərbaycana, buradakı erməniləri Ermənistana göçürtmək lazımdır. "Beş yüz min adamı burdan ora, ordan bura köçürtmək asan iş deyil" deyib, təklifimi rədd etdi. Çətinlik bunda deyildi. Çətinlik Rusiyanın Azərbaycandakı məkrli erməni siyasətinin əleyhinə onun çıxa bilməməsində idi. "Özünüz bilin - dedim, - yuxarıdan edilməsə, aşağıdan xalq özü bu işi görəcək, faciələr baş verəcəkdir".
Görməkdə olduğu və görəcəyi işlərdən Ə. Vəzirov yenə xeyli danışdı. Fəqət qulağıma batmayan bu sözlərlə məni aldadıb yolumdan döndərə bilməyəcəkdir. Təkrarən: "mənə kömək edərsənmi" deməməsi üçün, "sizə işinizdə uğurlar arzulayıram" deyərək, əksinə mən onu aldadıb başımdan edəcək, tutulmuş 147 nəfəri də ona buraxdıracaq, ayrıldıqdan sonra isə xalqı ayağa qaldırmaq, dövlət, imperiya əleyhinə qoymaq, iqtisadiyyata zərbə vurmaq yoluma davam edəcəyəm. Ə. Vəzirov və komandasını beləcə çox kərə aldadacağımdan, haqqım-da yüksək fikrə düşəcək və bunu Moskvaya qədər ətrafına ulaşdıracaqdır. Bunun sonucu idi ki, 05.12.1988-08.06.1989 tarixlərində Bakıda həbsdə olduğum zaman, SSRİ prokuroru Qalimulin mənə dedi: "Sən diplomatiyanı hardan belə yaxşı öyrənmisən?" Cavabında ona dedim: "Mən diplomat deyiləm, sadəcə aliməm". O: "Təvazökarlıq etmə, biz səni yaxşı tanıyırıq" dedi.
İmperialist məqsədləri naminə Güney Azərbaycanı öz təsir dairəsinə sala bilmək üçün Moskvanın əl atdığı tədbirlərdən biri, oranın öndə gələn şəxsiyyətlərini Quzey Azərbaycan ziyalılarının qarmağına keçirtməkdən ibarət olmuşdur. M. H. Şəhriyar güneydə belə şəxsiyyətlərdən biri olmuşdur. Moskvanın niyyətinə zərbə vurmaq xatirinə, onu S. Rüstəm, M. Rahim, B. Vahabzadə, Rüstəm Əliyev və b. kimi Azərbaycan sovet ziyalılarının qarmağından çıxartmaq lazım idi. İsfəndiyar Coşğunu təhrik edib, M.H.Şəhriyara yazdığı mənzum məktubu Təbrizə göndərtdim. Yuxarıda adlarını çəkdiyim ziyalıların təsiri altında "azad Sovet Azərbaycanı" haqda çox yüksək fikirdə olan Şəhriyar, buranın faciələrini dilə gə-tirən məktubu oxuyub sarsılır. Özünü saxlaya bilməyərək, əsəbi halda Bakıya S.Rüstəmə zəng vurub deyir: "Siz özünüz vətəni satmısınız, indi də qara şeytan olub bizi yoldan çıxarırsınız?" Bunu deyib telefon dəstəyini yerinə çırpır. S.Rüstəm telefonda: "Ağaye Şəhriyar, ağaye Şəhriyar" deyə-deyə qalır. Quzey Azərbaycanda Şəhriyarın ölümünə elə bir reaksiya verilməməsinin səbəbi bu olay idi. Onun ölümünü burada kədərlə anacaq yalnız bir yer vardı: Çənlibel Təşkilatı.
22 sentyabr 1988- də Şəhriyarın qırxını tutmaq üçün 100-ə qədər çənlibelçi Təzəpir məscidinə toplaşmışdıq. Təziyədən sonra "Şəhriyar, Şəhriyar!", "Azərbaycan, Azərbaycan!", "Qarabağ, Qarabağ!" şüarları verə-verə şəhərin küçələrindən keçərək, dənizkənarı bulvara gəldik. Bulvarda milislər məni, Mənsur Əlisoyu, Yaşar Türkazəri tutdular. Bizi maşınlara basıb Nərimanov rayon milisinə gətirdilər və "kepeze"yə (KPZ – B. T) soxdular. Beş-on saatdan sonra bizə oradaca məhkəmə quraraq, hərəmizi 300 manat cərimələdilər və azad etdilər. Daxili İşlər Nazirliyinin Azərinform tərəfindən qəzetlərdə çap olunmuş məlumatında haqqımızda deyilirdi: "Belə hərəkətlərin təkrarlanacağı halında onlar haqqında daha kəskin ölçülər götürüləcəkdir" (5).
Cərimə verməyə imkanım yox idi. Xəlil Rza, Mirəli Seyidov və b. tanışlar mənə maddi yardım etdilər. Mən biləni Mənsurla Yaşara da kömək olundu (1).
Həmin aksiyanın bilavasitə iştirakçısı və təşkilatçılarından biri kimi qeyd etməliyəm ki, M. Hatəmi və M. Əlisoy gəncləri bada verməmək üçün bu tip yürüşlərin həmişə önündə gedər, mənə özümün və digər gənclərin tutuqlanmamasını təşkil etmək üçün əvvəlcədən təlimatlar verər, tutuqlananda da onlar tutuqlanar və gənclərin tutuqlanmasına imkan verməzdilər. Həmin gün Yaşar Türkazərin də onlarla birlikdə milislərin əlinə keçməsinin səbəbkarı özü olmuşdu. Milislər Məhəmməd bəyi və Mənsur bəyi milis maşınına mindirmək istəyəndə Yaşar onlarla milislərin arasına girmiş və Hatəmini göz önündə tutaraq «Dayanın, ustadıma toxunmayın!» deyə bağırmış, nəticədə onu da maşına basmışdılar.
Do'stlaringiz bilan baham: |