1914-1918-ci illər. I Dünya Müharibəsi. İlk dəfə müharibə neft yataqlarına da nəzarət etmək imkanı əldə etmək üçün aparılır. I Dünya Müharibəsi dövründə dünyanın çox ölkəsində avtomobil yanacağı qismində benzinlə yanaşı etanolda işlədilirdi.
1915 -ci il. Viktor Gerr Bakı neftindən toluol əldə edilməsi haqqında məruzə edir.
1915 -ci il. Dünyada ilk dəfə professor Nikolay Zelinski müəyyən edir ki, krekinq zamanı katalizator kimi metal oksidlərdən (titan, alüminium, sink) başqa, floridindən və Baxçasaray gilindən istifadə etmək olar. Bu katalitik krekinqin inkişafınin əsasını təşkil etdi və amerikalı Qudrini 20 il qabaqladı.
1915 -ci il. Ramanı neft mədənlərində quyulara ilk dərinlik nasosları endirilir.
1916 -cı il. Ramanı neft mədənlərində ilk dəfə qazlift sınaqdan keçirilir.
1917 -ci il. Rusiyada inqilab. Monarxiyanın çökməsi. Bolşeviklərin hakimiyyəti ələ keçirməsi.
1918 -ci il. Sovet Rusiyası dünyada ilk dəfə neft yataqlarını milliləşdirir. Mayın 10-da V.İ.Leninin təşəbbüsü ilə RSFSR Xalq Komissarları Soveti Bakı neft sənayesinin milliləşdirilməsi barədə qərar qəbul edir. Bakıda isə bolşeviklər hakimiyyəti ələ keçirirlər və neft sənayesini milliləşdirirlər.
1918 -ci il. May ayinin 28-də müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının yaradıldığı elan olunur.
1918 -ci il. Azərbaycan hökumətinin 6 oktyabr fərmanı ilə bolşeviklərin neft sənayesinin milliləşdirilməsi barədə qərarı ləğv olunur və alınmış bütün əmlak əvvəlki sahiblərinə qaytarılır.
1920 -ci il. Aprelin 28-də Azərbaycan Demokratik Respublikasının süqutu və sovet hakimiyyətinin qurulması.
1920 -ci il. Azərbaycan İnqilab Komitəsinin 24 may tarixli dekretinə əsasən Azərbaycan neft sənayesi milliləşdirildi. Sovet hökumətinin fərmanı ilə dövlətə məxsus Azərbaycan Neft Komitəsi “Azneftkom” yaradılır və Aleksandr Pavloviç Serebrovski Moskvanın 17 aprel tarixində verdiyi mandatla bu sahəyə rəhbər təyin olunur.
1920 -ci il. Aprel ayında San-Remoda (İtaliya) İngiltərə və Fransa arasında, planetin şərq yarımkürəsində yerləşən əsas neft yataqları uğrunda rəqabətdə ABŞ-ın dünya ağalığına qarşı yönəlmiş konvensiya (beynəlxalq saziş) bağlandı.
1920 -ci il. Bolşevik hökuməti tərəfindən Sovet Rusiyasında, o cümlədən sovet Azərbaycanında neft sənayesinin mılliləşdirilməsinə etiraz olaraq qərb dövlətləri sovet neftinin alınmasına boykot elan etdilər.
1920 -ci il. Bakıda Politexnik məktəbi-institutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) yaradılır. Bu Avropa və Asiyada neft sənayesinin bütün sahələri üzrə mühəndislər hazırlayan ilk institut olur.