3.3. istehsal infrastrukturunun təkmilləşdirilməsi istiqamətləri
Apardığımız tədqiqatlar göstərir ki, ölkəmizin kənd təsərrüfatı sahələrinin ahəngdar fəaliyyət üçün onun əsas istehsal infrastrukturu sahələrinin innovasiyalı inkişafı prioritet olmalıdır. Bu məqsədlə hökumət tərəfindən həyata keçirilən tədbirlər sırasında kənd təsərrüfatının elektrik enerjisi və digər enerji daşıyıcıları ilə təminatında resursqoruyucu texnologiyaların tətbiqi, respublikanın yanacaq-enerji kompleksində alternativ mənbələrin payının artırılması xüsusi qeyd olunmalıdır.
Neft-qaz sənayesinin dinamik inkişafı respublikada qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının da da bir çox sahələrinin inkişafına əsaslı təkan verməkdədir. Bununla belə, ölkədə kənd təsərrüfatının yüksəlişi mərhələsində yanacaq sənayesinin yaratdığı imkanlardan daha səmərəli istifadə mexanizminin formalaşdırılması diqqət mərkəzində olmalıdır. Yanacaq-enerji kompleksinin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatının enerji resursları ilə təminatının yaxşılaşdırılması və enerji daşıyıcılarından istifadənin səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 fevral 2005-ci il tarixdə təsdiq edilmiş «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi gələcəkdə bu sahədə iqtisadi inkişafın sürətlənməsinə şərait yaradacaqdır (9).
Bu istiqamətdə görülən sistemli tədbirlər, iqtisadi inkişafın tarazlı və ahəngdarlığı üçün enerji təminatının artan rolunu reallaşdırır. Eyni zamanda, problemlər də yox deyildir. Belə ki, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında qeyd olunduğu kimi, ev təsərrüfatlarının hamısının elektrik şəbəkəsinə çıxışı olmasına baxmayaraq, kənddə elektrik təchizatında baş verən fasilələr məhsul istehsalına mənfi təsir göstərir (19, s 17-18).
Odur ki, iri şəhərlərdən və regionların iqtisadi mərkəzlərindən hansı məsafədə yerləşməsindən asılı olmayaraq bütün yaşayış məntəqələri, aqrar istehsal, emal və xidmət obyektlərinin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün həyata keçirilən tədbirlər kompleks və davamlı xarakter daşımalıdır.
Elektrik enerjisi hasilatının artması və ondan istifadə prosesinin təkmilləşdirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
hidroenerji ehtiyatlarının qiymətləndirilməsinin başa çatdırılması və regionlarda çaylar və müxtəlif su mənbələri üzərində kiçik su elektrik stansiyalarının qurulması;
blokadada olan Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan ehtiyacı nəzərə alaraq, dağ çayları və su mənbələri üzərində kiçik su elektrik stansiyalarının qurulmasının prioritetliyi;
elektrik enerjisi hələ də əhəmiyyətli dərəcədə olan itkisinin qarşısını almaq məqsədilə onun hasilatının istehlakçılara yaxınlaşdırma meyarı əsasında yeni stansiyaların respublika ərazisində daha səmərəli yerləşdirilməsi sxeminin yenidən nəzərdən keçirilməsi;
əldə ediləcək elektrik enerjisinin xeyli hissəsinin emal sənayesinə və kənd təsərrüfatı sahələrinə istiqamətləndirilməsi;
alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi.
Bu tədbirlərin həyata keçirilməsi ölkəmizin kənd təsərrüfatı sahələrinin yaxın gələcəkdə elektrik enerjisinə artmaqda olan tələbatının ödənilməsində mühüm rol oynaya bilər.
Ölkənin aqrar sənaye kompleksinin inkişafı üçün böyük istehsal bazasının, mühəndis-fəhlə kadr potensialının olması bu sahənin iqtisadi və ərzaq təhlükəsizliyi meyarlarına uyğun istiqamətdə inkişafını müəyyən edir. Bu baxımdan əhalinin məhz yerli istehsalın məhsulu olan müxtəlif çeşidli ərzaqla təminatı xüsusi əhəmiyyət kəsb edir. Bir çox ərzaq məhsullarının istehsalı üzrə respublikamızın təbii-iqlim və maddi-texniki potensialı, onun Qafqaz, Mərkəzi Asiya ölkələri ilə regional iqtisadi əməkdaşlıqda aparıcı amil ola bilər.
Aqrar sahənin əlverişli inkişaf imkanlarının reallaşdırılması yerli əmək ehtiyatlarından daha geniş istifadə edilməsi baxımından əlavə imkanlar aça bilər. Kənd təsərrüfatının emal edilmiş məhsul ixracı yönümlü inkişafına istiqamətlənmiş istehsal infrastrukturu və sahələrinin yaradılması, habelə bərpası sahəsində mühüm tədbirlər həyata keçirilir. Yaxın perspektivdə kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının bu meyara uyğun yenidən nəzərdən keçirilməsi məqsədəuyğundur.
Kənd təsərrüfatında əmək və elm tutumlu yeni istehsal infrastrukturu sahələrinin yaradılması və genişləndirilməsi dəstəklənməlidir. Bu məqsədlə kənd təsərrüfatında əsas infrastruktur sahələri ilə yanaşı, alternativ istehsal infrastrukturun formalaşması və inkişafına üstünlük verilməlidir.
Milli aqrar münasibətlər istehsalın inkişafına xidmət edən alternativ infrastruktur sahələrinin də inkişaf etdirilməsi üçün əlverişli iqtisadi mühüti formalaşdırmalıdır.
Ölkəmizdə kənd təsərrüfatının yanacaq-enerji təminatının iqtisadi cəhətdən olduqca sərfəli olan alnternativ mənbələrindən istifadə imkanları vardır. Həmin imkanlar müxtəlif alternativ enerji (günəş, külək), habelə qeyri-ənənəvi karbohidrogen xammal (yanar şistlər, bitum) ehtiyatlarından yeni texnoloji əsasda istifadə sayəsində reallaşdırılmalıdır. Bu enerji mənbələri kifayət qədər ehtiyatlara malik olmaqla, həm də bu və ya digər dərəcədə respublika ərazisinin əksər bölgələrində aşkar edilmişdir. Müasir dövrdə elm və texnikanın qarşısında duran ən vacib, əməli əhəmiyyəti olan məsələlərdən biri də təbiətin ucuz başa gələn qüvvələrindən-günəş enerjisi və küləklərin gücündən, kiçik və su elektrik stansiyaları, biokütlə enerjisi və geotermal enerji mənbələrindən istifadə gündəlikdə duran aktual məsələdir.
Dünyanın bir çox ölkələrində yerin dərin qatlarında yaranan istilik enerjisindən kənd təsərrüfatı, məişət və kommunal sahələrdə geniş surətdə istifadə olunur. Enerji istehsalında geotermal enerji mənbələrindən istifadə ucuz başa gəlir. Azərbaycanda belə mənbələr çoxdur. Buraya Abşeron yarımadası, Xəzəryanı-Quba ərazisi, Böyük və Kiçik Qafqaz dağları, Talış dağ-yamac zonası, Kür çökəkliyi, Samur-Dəvəçi, Gəncə-Qazax və Naxçıvan MR Culfa rayon ərazisi daxildir. Qeyd etdiyimiz ərazilərdə mövcud olan termal su mənbələrindən istifadə etməklə həmin ərazilərdə istilik enerjisinə olan tələbatın bir hissəsini ödəmək olar.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz, alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaltmağa şərait yaradacaqdır.
Alternativ (bərpa oluna bilən) enerji mənbələrindən istifadə imkanlarının qiymətləndirilməsinə yönəlmiş araşdırmalar aşağıdakıları ümumiləşdirmələrə imkan verir:
Azərbaycanın ərazisi alternativ (bərpa oluna bilən) enerji mənbələrindən istifadə edilməsi üçün əlverişli coğrafi mövqeyə malikdir;
kənd təsərrüfatında enerjiyə olan tələbatı ödəmək üçün müəyyən edilən ərazilərdə ucuz başa gələ bilən külək və günəş enerjisindən geniş istifadə edilməsi mümkündür;
Avropa ölkələrinin qabaqcıl təcrübəsini öyrənməklə biokütlə enerjisindən istifadə etmək məqsədi ilə iri yaşayış məntəqələri yaxınlığında zibilyandıran zavodların qurulması məqsədəmüvafiqdir. Bakı şəhəri yaxınlığında inşa edilən və böyük gücə malik zavodun tikintisi və istismarı təcrübəsi, ətraflı araşdırılmaqla kiçik ölçülü analoji müəssisələrin regionlarda yaradılması tədbirləri əsaslandırılmalıdır;
ucuz başa gələn geotermal enerji mənbələrindən istifadə etməklə Abşeron yarımadası, Quba, Samur-Dəvəçi, Gəncə-Qazax və Naxçıvan MR Culfa rayonu ərazisində istilik enerjisinə olan tələbatın əhəmiyyətli hissəsini ödəmək mümkündür.
Fikrimizcə, ölkənin təbii potesialından səmərəli istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf prioritetlərindən biri hesab edilməlidir.
Nəqliyyat infrastrukturunun inkişafının təkmilləşdirilməsinə dair araşdırmaları ümumiləşdirərək aşağıdakı təkliflərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
nəqliyyat infrastrukturun inkişaf etdirmək üçün bu sahədə sahibkarlığın inkişafının dövlət tərəfindən stimullaşdırılması;
müvafiq beynəlxalq və regional proqramlardan istifadə edərək səmərəli investisiya siyasəti yeritməklə, nəqliyyat infrastrukturu sahələrinə beynəlxalq maliyyə təşkilatlarının və xarici investisiyaların cəlb edilməsini təmin etmək;
kənd təsərrüfatında mövcud nəqliyyat infrastrukturlarını modernləşdirilməsi və yeniləşdirilməsi üçün çevik maliyyə mexanizmi yaratmaq;
kənd təsərrüfatında nəqliyyat növləri üzrə beynəlxalq lizinq əməliyyatlarını genişləndirmək;
nəqliyyat xidməti bazarının inkişafını dəstəkləmək və orada rəqabət mühitinin qorunması, haqsız rəqabətin aradan qaldırılması üçün əməli tədbirlər görmək;
nəqliyyat sistemi sahəsində mütərəqqi institusional dəyişiklikləri dəstəkləmək;
sahədə hüquqi mühiti möhkəmləndirməklə, tranzit potensialdan istifadə edərək dünya nəqliyyat sisteminə inteqrasiyanı gücləndirmək;
yükdaşımalarda təhlükəsizlik və ətraf mühitin qorunması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsini təmin etmək.
Kənd təsərrüfatında istehsal infrastrukturunun təkmilləşdirilməsinin mühüm istiqamətlərindən biri kəndarası və kənddaxili yolların müasir tələblər səviyyəsində bərpası və genişləndirilməsidir. Bu istiqamətdə görüləcək ümumi və regional tədbirlərin icrası mexanizmi barədə əvvəlki bölmələrdə ətraflı bəhs edildiyinə, burada müasir kəndarası və kənddaxili yollar şəbəkəsinin yaradılmasında müxtəlif maliyyə mənbələrinin zəruriliyini qeyd etməklə kifayətlənirik.
Ölkədə dövlət mülkiyyətində qalan və büdcədən maliyyələşən avtomobil, dəmir yolu, su yolu və hava limanları ilə yenicə fəaliyyətə başlayan özəl bölmələrin səmərəli əlaqələndirilməsi mühüm məsələdir. Nəqliyyat sahəsində optimal nəqliyyat infrastrukturu funksiyalarının yerinə yetirilməsində institutsional təkmilləşdirmələrin sürətləndirilməsi məqsədəuyğundur.
Bir sıra infrastruktur sahələrinə nisbətən rabitə infrastrukturuna artan vəsait qoyuluşu daha yüksək nəticə vermiş və aqrar iqtisadiyyatın inkişafına əsaslı təsir göstərmişdir. Sahənin inkişafının təkmilləşdirilməsi məqsədilə aşağıdakıların həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
ölkənin iqtisadi potensialının gücləndirilməsi məqsədilə yeni informasiya və kommunikasiya texnologiyalarının fəal və genişmiqyaslı tətbiqi;
rabitə və telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi;
elektron rabitə sisteminin daha yüksək sürətlə inkişafı;
informasiya və kommunikasiya texnologiyaları sahəsində elmi-texniki və istehsalat potensialının fəallaşdırılması;
respublikanın ümumdünya elektron informasiya məkanına inteqrasiyası;
şəbəkə və məsləhət, arayış və digər informasiya xidmətləri göstərən infrastrukturun kompleks inkişaf etdirilməsi;
regional və yerli informasiya mərkəzlərinin vahid proqram bazasının yaradılması.
Ölkənin kənd təsərrüfatı sahələrinin, eləcə də sənayenin su təchizatı problemlərinin aradan qaldırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə olunur:
iqtisadi cəhətdən səmərəli olan kiçik çay şəbəkələrinin və sel sularının istiqamətləndirilməsi, yeni su hövzələri və anbarların tikilməsi;
suvarma sistemində itkilərin qarşısının alınması məqsədi ilə rekonstruksiya işlərinin görülməsi;
məhsuldarlığın artırılması və iqtisadi səmərəliliyin əldə olunması məqsədi ilə ənənəvi suvarma üsullarının ekoloji cəhətdən təhlükəsiz, mütərəqqi suvarma texnologiyaları ilə əvəzlənməsi;
kənd təsərrüfatının suya olan tələbatının tam və keyfiyyətlə ödənilməsi üçün müasir tipli qurğuların su mənbələrinə yaxın yerləşdirilməsinin təmin edilməsi.
Fikrimizcə, bu tədbirlərin görülməsi gələcəkdə su təchizatı sahəsində yaranmış çətinlikləri aradan qaldıraraq, kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayacaqdır.
Qloballaşan dünyada dövlətin ərzaq ehtiyatlarının yaradılması və səmərəli idarə olunması həyati əhəmiyyətli məsələdir. Fövqəladə hallara qarşı yüksək hazırlığın görülməsi, ərzaqla təminatda fasiləsizliyin təminatı və s. kimi məsələlərin həllində istehsal infrastrukturunun qarşısında duran nisbətən yeni vəzifələrdir.
Azərbaycanda dövlət ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi Dövlət Taxıl Fondunun yaradılması və idarə olunması ilə bağlı işlər həyata keçirilir.
Odur ki, müvaifq mənbələrdə göstərildiyi kimi (19, s 20-21) Dövlət Taxıl Fondunun təşkili məqsədilə zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması başlıca vəzifələrdəndir.
Kənd təsərrüfatında istehsal infrastrukturlarının inkişafının tənzimlənməsində ümumdövlət maraqları ilə regional xüsusiyyətlərin üzvi vəhdətini təmin edən müxtəlif səviyyəli göstəricilər sisteminin kompleks istifadəsi təmin olunmalıdır. Kənd təsərrüfatının ərazi təşkilinin xüsusiyyətləri, regional üstünlüklərin reallaşdırılması və strateji məqsədlər istehsal infrastrukturunun çoxvektorlu inkişafında nəzərə alınmalıdır.
NƏTİCƏ
İnfrastruktur bütövlükdə iqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti, inkişafı və elcə də insanların həyat fəaliyyəti üçün əlverişli şərait yaradan kompleksdir. İstehsal infrastrukturu maddi nemətlərin yaradılması prosesində dolayı yolla iştirak etməklə, onun səmərəliliyini yüksəldir. İstehsal infrastrukturu sahə və ərazi xüsusiyyətlərinə malikdir.
Müasir bazar iqtisadiyyatı sistemində yerinə yetirdiyi funksiyalar nəzərə alınmaqla, istehsal infrastrukturuna yeni paradiqmadan yanaşılmalı və bu zaman iki mühüm cəhətə: istehsal infrastrukturunun təkrar istehsal prosesinə təsiri və istehsal infrastrukturunun inkişafında dövlətin tənzimləyici rolunun qiymətləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Kənd təsərrüfatında regional istehsal infrastrukturunın qeyri-bərabər inkişaf səviyyəsi, ümumilikdə respublikanın istehsal infrastrukturunun ahəngdar fəaliyyətinə əhəmiyyətli və bir çox hallarda neqativ təsir göstərir.
Kənd təsərrüfatında istehsal infrastrukturunun zəif inkişafının başlıca səbəblərinə: - ölkə ərazisinin 20 faizə qədərinin işğal altında olması, 1 milyondan artıq əhalinin köçkün həyatı yaşaması, istehsal infrastrukturunun formalaşması və inkişafını şərtləndirən resursların məhdudluğu və onlardan istifadənin səmərəliliyinin aşağı olması aiddir.
İnfrastrukturun inkişafı strateji məqsədləri, sosial-iqtisadi, ekoloji müdafiə və digər strateji vəzifələrin icrasını və regional üstünlüklərin reallaşmasını nəzərdə tutur. Kənd təsərrüfatında istehsal infrastrukturunın formalaşması və inkişafının tənzimlənməsi ümumdövlət və regional meyarlara uyğun həyata keçirilməlidir. Regionlar üzrə istehsal infrastrukturlarının inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin ən mühüm tərkib hissəsi olmaqla, kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı, bərpası və genişləndirilməsi makro və mikroiqtisadi göstəricilər sistemi ilə tənzimlənməlidir.
Kənd təsərrüfatında istehsal infrastrukturunun təkmilləşdirilməsinə yönələn tədbirlər kompleksi və aqrar sahədə institutsional islahatların bütün səviyyələrdə əlaqələndirilməsi daha fəal və əsaslandırılmış surətdə davam etdirilməlidir. Bu prosesin lazımi səmərəliliyi sözügedən əlaqələndirmənin daim korreksiya olunan çevik mexanizm səviyyəsinə qaldırılması səyəsində əldə oluna bilər.
İstehsal infrastrukturu islahatlar mühitində formalaşdığına görə, onun dayanıqlığı kənd təsərrüftının sahə strukturu və optimal ərazi təşkili mühitində müvazinət tələb edir. Həmin müvazinət davamlı makroiqtisadi sabitlik, regional inkişafın tarazlığı və bazar «qüvvələrinin kompleksi» sayəsində əldə oluna bilər.
Kənd təsərrüfatında istehsal infrastrukturunun aqrar resurslar, maddi, maliyyə və əmək ehtiyatlarının səmərəli yerləşdirilməsi meyarları baxımından təkmilləşdirilməsi özəl bölmənin mütləq üstünlük təşkil etdiyi aqrar sahədə istehsal infrastrukturunun inkişafı sahibkarlıq amilini nəzərə almalı, təşəbbüskarlıq və innovasiyalı fəaliyyət tələblərinə cavab verməlidir. Bu baxımdan texnologiyaların, biznes inkubatorlarının, sosial işgüzarlıq və biznes mərkəzlərinin yaradılmasının prioritetliyi qəbul edilməlidir.
Müasir aqrar-sənaye istehsalında resursqoruyucu texnologiyaların geniş tətbiqi üçün adekvat istehsal infrastrukturu tələb olunur. Odur ki, çoxtəyinatlı infrastruktur elementlərinin resursqoruyucu fəaliyyət rejimlərinə uyğunlaşdırılmasınının elmi-metodoloji və təcrübi əsaslarının işlənib hazırlanması zəruridir.
Kənd təsərrüfatında istehsal infrastrukturu aqroiqlim potensialından və rəqabətin müqayisəli üstünlüklərindən istifadə üçün əlverişli şərait yaratmalıdır. Bu baxımdan ixrac infrastrukturunun formalaşmasının daha yüksək tempinin dəstəklənməsi iqtisadi cəhətdən özünü doğrulda bilər.
Kənd təsərrüfatında istehsal infrastrukturunun innovasiyalı inkişafında risk-menecmentinin ən müasir üsullarını tətbiq etməklə infrastruktur strategiyasının yenidən nəzərdən keçirilməsinin gündəliyə çıxarılması məqsədəuyğundur.
Kənd təsərrüfatında istehsal infrastrukturu sahələrində tarazlı institutsional islahatların davam etdirilməsi və funksional əlamətlərin prioritetliyinin təmin edilməsi məqsədəuyğundur. Əlbəttə, regional üstünlüklərin reallaşması imkanları diqqət mərkəzində olmalı, onların reallaşması imkanları hərtərəfli qiymətləndirilməlidir. Regional üstünlüklərin reallaşması prosesinin maliyyələşməsi üçün müxtəlif mənbələrin bir-birini üzvü surətdə tamamlayan fəaliyyət rejimi qurulmalıdır.
Ölkədə kənd təsərrüfatının inkişafı və bu sahədə istehsal infrastrukturunun təkmilləşdirilməsi layihələrinin birgə maliyyələşdirilməsi imkanlarının qiymətləndirilməsinin daha səmərəli metodologiyasının hazırlanması tədqiqatın mühüm istiqaməti sayılmalıdır.
Həmin işlərə xarici investorların cəlb edilməsi, müvafiq profilli müştərək müəssisələrinin yaradılmasının stimullaşdırılması baxımından qabaqcıl təcrübə öyrənilməsi və yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmalıdır.
Kənd təsərrüfatının inkişafı nəqliyyat infrastrukturu ilə bilavasitə bağlı olduğu üçün nəqliyyat vasitələrinin saz saxlanması, istehsal olunmuş məhsulların itkisiz daşınması məqsədilə kənd yerlərində yol infrastrukturlarının bərpası və yenidən qurulması, asfalt örtüklü kənd avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, əsaslı təmiri və yaxın perspektivdə prioritet istiqamət hesab olunmalıdır.
Bu istiqamətdə ayrılan vəsatlərin səmərəli istifadəsinə yerli idarəetmə və yerli özünüidarə strukturlarının iştirakı üçün şərait yaradılmalı, onların imkanlarından fəal istifadə motivasiyası mexanizmi təkmilləşdirilməlidir.
Kənd təsərrüfatı mənşəli xammalını çəkisi və hazır məhsula çevrildikdə kəskin surətdə azalırsa, aqroemal infrastrukturunun xammal mənbəyinə, əks halda isə istehlak məkanına yaxınlaşdırılması məqsədəuyğundur.
Tikinti materialları ilə zəngin regionların potensialından səmərəli istifadəyə imkan verən infrastruktur qovşaqlarının inkişafının investisiyalaşmasının tətbiq edilməsi, yerli xammalla işləyən sahibkarlıq subyektləri üçün əlverişli fəaliyyət mühitinin yaradılması və ixrac infrastrukturunun stimullaşdırılması aqrar regionların tarazlı sosial-iqtisadi tərəqqisinin mühüm şərtləridir. Müvafiq imkanlardan çevik istifadə regional rəqabət üstünlüklərini genişləndirməklə ümumi iqtisadi fəallığın yüksəlməsinə xidmət edəcəkdir.
Aqrar regionlarda əmək ehtiyatlarından istifadə səmərəliliyinin yüksəlməsi üçün əməktutumlu istehsal infrastrukturu sahələrinin inkişafına üstünlük verilməsi məqsədəuyğundur. Bununla belə, məhz həmin sahələrin innovasiyalı inkişafı kənd yerlərində müasir tələblərə cavab verən ixtisaslı karların yetişməsini nəzərdə tutmalıdır.
Meliorasiya və irriqasiya işlərinin uzunmüddətli proqramlar çərçivəsində həyata keçirilməsi, müvafiq elmi təminatın güclənməsi və texnoloji innovasiyalar bazarında fəallıq kənd təsərrüfatında istehsal infrastrukturunun aqrar sahənin rəqabət qabiliyyətinə müsbət təsirini gücləndirəcəkdir.
Resurslardan təkrar istifadəni təmin edən istehsal infrastrukturunda qapalı texnoloji rejimlərin tətbiqi məqsədəuyğundur. Bu rejimlər xammal, enerji və digər elementlərlə təchizatın yalnız yerli imkanlar hesabına həyata keçirilməsini nəzərdə tutur.
Kənd təsərrüfatında istehsal infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması məqsədi ilə, iqtisadi mərkəzlərdən hansı məsafədə yerləşməsindən asılı olmayaraq kənd yerlərinin elektrik enerjisi ilə fasiləsiz və keyfiyyətli təminatı, kəndlərin təbii qazla təminatının yaxşılaşdırılması, əkinə yararlı daha geniş ərazilərin suvarma suyu ilə təminatı, mükəmməl və qənaətcil suvarma şəbəkələrinin yaradılması, təsərrüfatların telefon və telekommunikasiya rabitəsi ilə tamamilə əhatə edilməsi tədbirlərinin kompleksliyi təmin edilməlidir.
Məsrəflərin azaldılması istehsal infrastrukturunun inkişafının əsas meyarlarından biridir. İnfrastruktur enerji, su, qaz və digər komponentlərin təkrar istehsalının bütün mərhələlərini əhatə edir. Odur ki, aqrar – sənaye təyinatlı istehsal infrastrukturunun təkmilləşdirilməsinin bu istiqamətində məsrəflər ümumi, yəni birbaşa və dolayı səmərəlilik baxımından qiymətləndirilməlidir.
İstehsal infrastrukturunun kənd təsərrüfatının çoxfunksiyalılığının dəstəklənməsi, məhsulunun hərəkəti müxtəlif mərhələlərində itkilərin minimumlaşdırılmasını, məhsul və proses innovasiyalarının maliyyləşdirilməsinin fasiləsizliyini təmin etməlidir. Kənd təsərrüfatında istehsal infrastrukturunun modernləşdirilməsi, aqrar istehsalın intensiv inkişafı tələblərini hərtərəfli nəzərə almalı və bu zaman ətraf mühitin qorunmasına, torpaq və su resurslarının keyfiyyətinin yüksəldilməsinə yönəlmiş texnologiyaların tətbiqi, istənilən infrastruktur layihəsinin ayrılmaz tərkib hissəsi olmalıdır.
Dövlət ehtiyatlarının yaradılması və səmərəli idarə olunması baxımından istehsal infrastrukturu təkmilləşdirilməli, fövqəladə hallarda əhalinin ərzaqla etibarlı təminatı məsələləri yüksək texnoloji əsasda həll edilməlidir.
Do'stlaringiz bilan baham: |