3.1. Istehsal infrastrukturunun inkişaf perspektivləri
Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı və təkmilləşdirilməsi ölkədə dayanıqlı iqtisadi artımın yaranması üçün müstəsna əhəmiyyətə malikdir. Dağılmış və geridə qalmış istehsal infrastrukturları iqtisadi artımı aşağı saldığı kimi, inkişaf etmiş istehsal infrastrukturu sahələri isə iqtisadi artımın yüksəlməsinə xidmət edir. Bunu Azərbaycan iqtisadiyyatının son dövrlərdəki inkişafından aydın görmək olar.
Artıq qeyd edildiyi kimi, müstəqilliyin ilk illərində istehsal infrastrukturunun, xüsusilə kənd təsərrüfatında istehsal infrastrukturunun fəaliyyət mühitinin kəskin pisləşməsi, arzuolunmaz nəticələr verdi. Qeyd etmək lazımdır ki, həmin destruktiv proseslərin uzunmüddətli neqativ nəticələri, hətta hazırkı dövrə qədər gəlib çıxmışdır.
Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından, müasir vəziyyətini şərtləndirən retrospektiv xarakterli amillərin səciyyələndirilməsi az əhəmiyyətli deyildir. Haqqında danışılan perspektivləri şərtləndirən aşağıdakı göstəricilər sistemini xüsusi qeyd etmək məqsədəuyğundur:
istehsal infrastrukturunun maddiləşdirilməsi zərurətini əks etdirən parametrlərin dəqiq xarakteristikası;
modernləşdirmə və yenişləşmənin maliyyə təminatı mexanizminin etibarlıq dərəcəsi;
kənd yerlərində istehsal infrastrukturunun inkişaf səviyyəsi və iqtisadi fəallıq arasında qarşılıqlı əlaqələri səciyyələndirən indikatorların əsaslandırılma səviyyəsi və s.
Qeyd olunduğu kimi, kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşmasının son dövrləri radikal islahatların dinamik təsiri ilə xarakterik olmuşdur. Odur ki, həmin taleyüklü islahat xarakterli tarixi tədbirlərin yaxın perspektivdə gözlənilən nəticələrinə münasibət bildirmədən Azərbaycanın kənd təsərrüfatında istehsal infrastrukturunun inkişaf perspektivlərini müəyyənləşdirmək mümkün deyildir.
Azərbaycan Respublikasında 1996-cı ildə qəbul edilən «Torpaq islahatı haqqında» qanunun qəbul edilməsi kənd təsərrüfatında və onun istehsal infrastrukturunda əsas keyfiyyət dəyişikliklərini şərtləndirdi. Həmin qanuna görə torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların mülkiyyətinə pulsuz verildi. 1999-cu il 22 mart tarixli fərmanda kənd təsərrüfatı məhsulları istehsalçıları 5 il müddətində torpaq vergisindən başqa, digər növ vergilərdən azad edildi və bu vergilər üzrə borclar silindi. 1999-cu ilin noyabrın 9-da prezident xüsusi fərmanla «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı»nı təsdiq etdi. Bu sahədə iş daha da intensivləşdi.
Kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının start şəraitinin formalaşdırılmasında, qeyd olunan sistemli tədbirlərin və təkmilləşən hüquqi bazanın həlledici rolu danılmazdır.
Belə ki, məhz kənd təsərrüfatında özəl sektorun ən böyük xüsusi çəkiyə malik olması və aqrar istehsalçılara verilən vergi tətili kənddə iqtisadi fəallığın yüksəldilməsinin mühüm amilləri olmaqla:
kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin azalması meylini aradan qaldırmaqla, sahələrarası münasibətlərdə aqrar subyektlərin bərabər tərəfdaşlığı üçün şərait formalaşdırdı. Bu nəticə etibarı ilə kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı mühitini yaxşılaşdırdı;
aqrar sahibkarlığın inkişafına göstərilən himayə mexanizminin formalaşdırılması və innovasiyalı təkmilləşdirilməsi üçün daxili motivasiyanı gücləndirən meyillər kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı imkanlarını genişləndirməkdədir.
Hazırda ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək və problemləri kompleks həll etmək məqsədi ondan çox məqsədli dövlət proqramı, o cümlədən, maşınqayırmanın, metallurgiyanın, kiçik və orta sahibkarlığın inkişafı, energetika və su sektorunda maliyyə intizamının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişaf, yoxsulluğun azaldılması və iqtisadi inkişaf, alternativ enerji mənbələrindən istifadə və s. proqramlar həyata keçirilir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının son illərdəki artımının yekunları bütün sahələrdə , o cümlədən kənd təsərrüfatında istehsal infrastrukturunda hiss olunan əsaslı dönüş yaratmağa imkan verir.
Azərbaycanda 1996-2008-ci illər ərzində aparılmış iqtisadi islahatlar hesabına kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafı kənd təsərrüfatında istehsalın həcminin artmasına, qarşıya yeni vəzifələr qoyulmasına səbəb olmuşdur.
Həmin vəzifələr sırasında inkişafın keyfiyyət parametrlərinin yaxşılaşdırılması mühüm yer tutur. Kənd təsərrüfatında istehsal infrastrukturunun funksiyalarından biri istehsal prosesi və məhsulun keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə nəzarətin daha səmərəli sisteminin qurulmasıdır.
Bu baxımdan, kənd təsərrüfatı məhsulları ticarətində, ictimai iaşədə qida məhsullarının normativ-texniki sənədlərə tam uyğunlaşdırılması, saxlanma müddətinə tam əməl edilməsi, məhsulun mənşəyi barədə məlumatların tamlığı, keyfiyyətin idarə edilməsində standartların tətbiqinin optimal rejiminin yaradılması, müasir nəzarət lobaratoriyalar şəbəkəsinin genişləndirilməsi istehsal infrastrukturunun səmərəliliyinin yüksəldilməsinin mühüm imkanları hesab edilməlidir.
1996-cı ilin ikinci yarısından etibarən yaradılmış hüquqi baza və cəlb olunmuş xarici investisiyalar əsasında yanacaq-enerji, nəqliyyat, rabitə və su təchizatı sahələrinin dinamik inkişafı hesabına Azərbaycanda ÜDM-in real həcmi stabil olaraq artmağa başlamış, onun strukturunda optimallıq elementləri güclənmişdir.
Milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının maliyyə təminatı imkanlarının qiymətləndirilməsinə UDM-in dinamik təhlili mühüm informasiya mənbəyidir. 2000-2008-ci illər üzrə UDM-in dinamikası, yaxın perspektivə müvaifq imkanların genişlənəcəyini söyləməyə əsas verir (cədvəl 3.1).
Do'stlaringiz bilan baham: |