Mahmudova Rübabə Rafiq qızı, BDU II kurs magistrantı
Bu məqalədə C.Brunonun İntibah dövrü və ümumiyyətlə, fəlsəfə tarixində yeri və rolundan, zəmanəsini öncələyən kosmoloji baxışlarından, dövrünün sxolastik görüşlərindən kəskin fərqlənən varlıq haqqında fəlsəfi fikirlərindən və idrak nəzəriyyəsindən bəhs edilir.
ФИЛОСОФСКИЕ ВЗГЛЯДЫ ДЖОРДАНО БРУНО КАК ПРЕДСТАВИТЕЛЯ НАТУРФИЛОСОФИИ ПЕРИОДА ВОЗРОЖДЕНИЯ
Махмудова Рубаба Рафик кызы, магистрант, БГУ, II курс
РЕЗЮМЕ
В этой статье говориться о положении и роли Дж.Бруно в философии эпохи Возрождения и целиком в истории философии, о его космологических взглядах опережавшего свое время, о воззрениях о сущности и гносеологии радикально отличающийся от схоластических взглядов его времени.
GIORDANO BRUNO'S PHILOSOPHICAL VIEWS AS A REPRESENTATIVE OF THE NATURAL PHILOSOPHY OF THE RENAISSANCE
Makhmudova Rubaba Rafik kyzy, undergraduate, BSU, II Course
RESUME
This article is about G.Bruno's position and role in philosophy of Renaissance, entirely in history of philosophy, his cosmology that anticipated his time, thoughts about essence and epistemology that are radically alien from scholastic view of that period.
ESTETİK ŞÜURDA MİLLİLİYİN TƏCƏSSÜMÜ
prof. Hacıyev Zeynəddin Camal oğlu,
Fəlsəfə kafedrası, Bakı Dövlət universiteti
Açar sözlər: estetik şüur, millilik, qloballaşma, multikulturalizm.
Ключевые слова: эстетическое сознание, национальное сознание, глобализация, мультикультурализм
Keywords: aesthetic consciousness, national consciousness, globalization, multiculturalism
İctimai şüurun qədim və spesifik formalarından olan estetik şüur, çox mühüm sosial funksiyalar yerinə yetirməklə, cəmiyyət həyatında böyük rol oynayır. O, hər bir konkret tarixi dövrün mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir, insanlar qarşısında öz fəaliyyətinin bütün sahələrini gözəllik və harmoniya prinsipləri üzrə qurmaq tələbi irəli sürür. Estetik şüurun mərkəzi kateqoriyası olan gözəllik, fəlsəfənin və ümumilikdə sağlam mənəvi mədəniyyətin iki böyük əsasını – Həqiqəti və Xeyirxahlığı (fəziləti) sintez edərək, onları yeni məzmunla zənginləşdirir. Böyük alman filosofu Hegel yazırdı: «Mən əminəm ki, estetik şüur zəkanın bütün ideyaları əhatə edən ən yüksək aktı deməkdir və həqiqət ilə xeyirxahlıq ancaq gözəllikdə qohumluq telləri ilə bir-birilə birləşir» [8, s.212].
Estetik şüur, xüsusilə də onun yüksək səviyyəsi olan peşəkar fəaliyyət növü-incəsənət, sosial subyektin bütün daxili mənəvi qüvvələrini səfərbər edir, təbiətin və sosial reallığın hərtərəfli, dolğun və sərbəst qavranılmasnı asanlaşdırır. Bununla yanaşı, incəsənət, sənətkar tərəfindən öz fantaziyası vasitəsilə, sözün müəyyən mənasında dünyanı yenidən yaratmaq məqsədi güdür. Həmin məqsədin həyata keçirilməsi isə insan ruhunun və mədəniyyətinin idrakı, etik, estetik və sair məqamlarının daxili vəhdəti sayəsində mümkün olur.
İctimai şüurun bir sıra digər formalarından (elm, fəlsəfə, siyasi və hüquqi şüur və s) fərqli olaraq estetik şüurun məzmununda nəzəri (ideoloji) tərəf deyil, adi (psixoloji) səviyyə daha geniş yer tutur. Bu keyfiyyəti üzündən estetik şüur və incəsənət insanların hisslərinə, iradəsinə və psixologiyasına güclü və dərin təsir göstərmək məharətinə malikdir. O, ayrıca götürülmüş bir fərdin xarakterinin formalaşmasında və mənəvi dünyasının inkişafında, habelə şəxsiyyətlərarası münasibətlərin müəyyən səviyyəsinin qərarlaşmasında misilsiz rol oynayır. Hər bir dövrün estetik şüuru sosial münasibətlər sisteminin xarakteri və inkişaf səviyyəsi ilə şərtlənən bir sıra ümumi cəhətlərə malik olur. Bununla yanaşı, onun məzmununda milli özünəməxsusluqlar və rəngarənglik geniş yer tutur. Başqa sözlə deyilsə, ümümcəmiyyət miqyasını əhatə edən və bütöv xarakter daşıyan estetik şüur, hər bir sosial subyekt növünə nəzərən mühüm spesifikliyə malikdir. Bu müddəa xüsusilə də böyük sosial-etnik birlik forması olan millətə aiddir. Hər bir millətin və xalqın estetik şüuru, həm hissi, həm də nəzəri səviyyədə müvafiq milli göstəricilər ilə sıx əlaqədə və vəhdətdə çıxış edir. Qeyd olunan kontekstdə yanaşdıqda, çoxəsrlik tarixə, zəngin mədəniyyətə, böyük sosial təcrübəyə və özünəməxsus geopolitik məkana malik azərbaycan xalqının estetik şüuru və incəsənəti daha səciyyəvidir və dərin spesifik çalarlara malik olması ilə seçilir.
Millilik və milli özünəməxsusluğun estetik şüurun hissi pilləsində daha güclü və qabarıq özünü göstərə bilməsi təsadüfi olmayıb, onunla şərtlənir ki, estetik hisslər insanların real həatına və milli varlığına çox yaxındır. Hər bir xalqın ətraf dünyanın gözəlliyindən həzz almaq barədə estetik təsəvvürləri, millətin xarakterik cəhətləri və psixologiyası ilə sıx əlaqədə və təmas vəziyyətində çıxış edir. Bu iki tərəf çox vaxt bir-birinə o qədər dərindən nüfuz edir ki, onları ayırmaq çətin olur.
Estetik şüurun başlıca xassəsi, həyatı ümumiləşdirilmiş bədii obrazlar vasitəsilə inikas etdirməsidir. Bu keyfiyyəti üzündən o özündə milli spesifik cəhətlərin ifadə olunmasına geniş imkanlar açır. Bu mənada azərbaycan xalqının yaratdığı və əsrlər boyu qoruyub inkişaf etdirdiyi şifahi xalq ədəbiyyatı, klassik yazılı ədəbiyyat və müasir bədii ədəbiyyatı son dərəcə unikallığı ilə səciyyələnir. Hələ qədim folklor nümunələrində, dastanlarda, nağıllarda azərbaycan xalqının öz milli «Mən»i aydın surətdə özünü göstərmişdir. Burada təsvir olunan hadisələr və qəhrəmanların həyatı, göstərdikləri igidliklər, xeyirxah əməllər uğrunda mübarizədə canından keçməyə hazır olması, dostluğa sədaqət, düşmənə qarşı nifrət, məgrurluq və əyilməzlik kimi milli xüsusiyyətlər geniş yer tutur. Müxtəlif dövrlərdə yaşamış azərbaycan bədii söz ustalarının (Nizami, Fizuli, M.Axundzadə, C.Məmmədquluzadə, M.Sabir və başqaları) yaratdıqları poeziya və nəsr əsərləri estetik şüurun parlaq nümunələri olmaqla yanaşı, azərbaycan millətinin xarakterini, milli ruhunu və koloritini bütün incəlikləri ilə əks etdirir.
Estetik təsəvvürlərdə milli ruhun ifadə olunması mürəkkəb və çoxtərəfli məzmuna malikdir. Bu bir tərəfdən, estetik hisslərin və baxışların əhatə dairəsinin genişliyi, digər tərəfdən isə milli ruhun özünün daxili rəngarəngliyi ilə şərtlənir. Xüsusilə də sonuncu anlayışdan (milli ruhdan) söhbət getdikdə, onun son dərəcə müxtəlif tərəflərin (millətin mənəvi birliyini təmin edən və əsrlər boyu işlənilib hazırlanan və irsən keçən çoxçalarlı daxili yaşantıların və cəhətlərin sintezi olduğu nəzərdə tutulmalıdır. [7, s. 190]
Millət sadəcə insanların tarixən təşəkkül tapmış obyektiv əlamətlərinin məcmusu demək deyildir. Burada subyektiv tərəflər, şüur amilləri başlıca yerlərdən birini tutur. Sonuncular «milli mədəniyyət» və «milli ruh» anlayışlarında özünün təmərküzləşmiş ifadəsini tapır. Doğrudur, müxtəlif tarixi, siyasi, sosial-iqtisadi, ideoloji, dini və sair səbəblərin təsiri altında azərbaycan millətinin estetik təsəvvürləri, dəyərlər sistemi mədəniyyəti ciddi dəyişikliklərə və aşınmalara məruz qalmışdır. Buna baxmayaraq, xalqımız öz milli mənəviyyatını, onu səciyyələndirən əsas keyfiyyətləri qoruyub saxlaya, inkişaf etdirə və nəsldən nəslə ötürə bilmişdir. Hətta sovet imperiyasının həyata keçirmiş olduğu 1990-cı il qanlı yanvar qırğını və digər bu qəbildən olan fəlakətlər (Ermənistanın uydurduğu Dağlıq Qarabağ problemi və onun törətdiyi ağır nəticələr, ərazimizin beşdə birindən çoxunun işğalı, bir milyondan çox soydaşlarımızın ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə salınması) xalqımızın milli ruhunu və iradəsini sarsıda, onun gələcəyə inamını məhv edə bilmədi. Azərbaycanlıların milli şüuruna, psixologiyasına və xarakterinə dərindən hopmuş olan yüksək optimizm əhval ruhiyyəsi, bu xalqın öz milli mənəviyyatını yeni ifadə formaları yaratmağa ruhlandırır. XX əsrin sonlarında xalqımızın yenidən öz milli müstəqilliyinə qovuşması, demokratik cəmiyyət quruculuğu yolunda qazanılan uğurlar, onun həyatını və məişətini əsaslı surətdə yeniləşdirməklə yanaşı, həm də milli mənəviyyatının və mədəniyyətinin əsl intibahını və fasiləsiz inkişafını təmin etməkdədir.
Azərbaycan mədəniyyəti və incəsənətinin əsas sütunlarından biri olan muğam, xalqımızın estetik hisslərinin ifadə olunması və zənginləşməsində müstəsna dərəcədə böyük rol oynayır. Bu təsadüfi olmayıb onunla şərtlənir ki, əsrlərdən bəri qorunub saxlanan və saflaşmaqda olan müğam sənəti, xalqımızın milli xarakterinin spesifikliyini və incəliklərini əyani surətdə ifadə edir. Muğam insan varlığının mənəvi təcəssümünün xüsusi sferası olmaqla, onunla bütünlükdə kainat və təbiət arasında, görünən və görünməyən aləm arasında harmoniya yaradır» [6. s.25].
Dastanlarda və nağıllarda, haqqında söhbət açılan çoxsaylı qəhrəmanlar insanları səbrə, təmkinliyə, xeyirxahlığa və müdrikliyə səsləməklə yanaşı, təbiətin gözəlliklərini (dağları, bulaqları, bağları və s.) geniş təsvir edir, insanları öz həyatında daim gözəllik yaratmağa, həyatı sevməyə və dünya ahənginin anlamağın yeni-yeni zirvələrinə yüksəlməyə ruhlandırır. Onlarda xalqımızın həyatı, məişəti, adət və ənənələri son dərəcə sadə və başa düşülən dillə şərh olunur. Bu isə xalqın milli ruhunun, psixologiyasının və xarakterinin incəliklərini açıb göstərməklə yanaşı, onun estetik təsəvvürlərinin mərkəzində ümumi xeyirxahlıq və gözəlliyin vəhdətinin durduğunu aşkara çıxarır.
Azərbaycan milli mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan xalq və bəstəkar mahnıları, digər musiqi növləri də estetik şüurda geniş təmsil olunur. Onlarda vətənə və torpağa bağlılıq, eşq, məhəbbət və gözəllik kimi keyfiyyətlər tərənnüm edilir. Bu, xalqımızın estetik tələbatlarının ödənilməsində, estetik hissləri və zövqlərinin düzgün istiqamətə səmtləşdirilməsində böyük təsir gücünə malikdir. Estetik şüurda milliliyin ifadəsi formaları son dərəcə müxtəlif və rəngarəngdir. Onların sırasında milli rəqslərimizin xüsusi yer tutduğu qeyd edilməlidir. Azərbaycanda xalq incəsənətinin rəqs növü çox qədim və zəngin tarixə malikdir. İlk dövrlərdə (qayaüstü rəsmlərdə) müxtəlif ayinlər və oğçuluq ilə bağlı rəqslər əsas yer tursa da, sonralar onların məzmunu daha da genişlənmiş, həyatın və məişətin müxtəlif tərəflərini əhatə etməyə başlamışdır. İncəsənətin mühüm növü olan rəqslərimiz bədən üzvlərinin, əllərin və ayaqların çevik və incə hərəkətləri vasitəsilə xalqımızın əməksevərliyi, dostluğa sədaqəti, vətənpərvərliyi, məişət və toy adətləri təsvir olunur. Onlarda həm də rəqqasların bədən əzalarının mütənasibliyi, harmoniyası və gözəlliyi özünü göstərir.
Estetik şüurda milliliyin təcəssümü təsviri incəsənət sahələrində daha qabarıq surətdə özünü göstərir. Bu baxımdan xalçaçılğın rəssamlığın, heykəltəraşlıq və digər növlər xüsusi əhəmiyyət kəsb edir. Milli ornamentlərə söykənən, nəfis toxunmuş xalçalarımız dünyanın bir çox ölkələrinin tanınmış muzeylərini bəzəyir. Onlar millətimizin uzun illər ərzində yaratdığı və inkişaf etdirdiyi misilsiz sənət nümunələri olmaqla, bir tərəfdən xalqımızın estetik təsəvvürlərində milli xarakterin və özünəməxsusluğun ifadə formaları kimi çıxış edir, digər tərəfdən isə onların dünya xalqlarına tanıtdırılması və təbliği baxımından önəmlidir. Eyni fikri dünya şöhrətli azərbaycan rəssamlarının yaratdıqları sənət inciləri və heykəltəraşlıq əsərləri, nəqqaşlıq, şəbəkə üsulu, bəzəkli tikmə sahələrində ərsəyə gətirilmiş möhtəşəm yaradıcılıq məhsulları haqqında söyləmək olar.
Milliliyin müxtəlif formalarda və geniş miqyasda təcəssümü estetik hisslərin inkişafı üçün də mühüm önəmə malikdir. Belə ki, qeyd olunan prosesdə insanların estetik hissləri, bu və ya digər konkret sənət əsərini düzgün qiymətləndirməkdə ifadə olunan adi estetik şüuru aşağı mərhələdən ümumbəşəri estetik dəyərlərlə bağlı olan daha yüksək səviyyəyə doğru yüksəlir.
Milli mədəniyyətin və incəsənətin təcəssümü sayəsində insanların estetik emosiyaları da inkişaf edir. Sonuncuların məzmunu milli özünəməxsusluqların təsiri altında yaranan yeni çalarlarla zənginləşir. Qeyd olunan məqam həm də milli inkişaf baxımından əhəmiyyətlidir, çünki, millətin öz unikallığını və sosial sistemdə əhəmiyyətini aydın təsəvvür etməyə imkan verir.
Estetik şüurda milli apesifikliyin təcəssümü təkcə adi, hissi səviyyədə baş vermir. Bu proses müəyyən özünəməxsusluqda həm də nəzəri (ideoloji) pillədə cərəyan edir.
Bu baxımdan müasir cəmiyyətimizin ideoloji özülünü təşkil edən azərbaycançılıq xüsusi önəm kəsb edir. Onun mahiyyətini azərbaycan xalqının milli maraqlarının ifadə olunması, milli mənəvi dəfərlərə hörmətlə yanaşılması, tarixi adət və ənənələrin qorunması, milli dilin inkişafına şərait yaradılması təşkil edir. Hazırda azərbaycançılıq ideologiyası cəmiyyətimizin mənəvi həyatına dərindən nüfuz edərək, onun həlledici tərəfinə çevrilməkdədir. O eynilə də estetik şüura, xüsusilə də onun yüksək nəzəri səviyyəsinə güclü təsir göstərir. Bu öz ifadəsinin başlıca olaraq onda tapır ki, indii estetik baxışlar və konsepsiyalar, nəzəri müddəalar ən yüksək estetik kateqoriya – ülviliklə sıx bağlı olan estetik idealın formalaşması, ümumilikdə həmin ideologiya tərəfindən tənzimlənir və idarə olunur.
Azərbaycançılıq ideologiyası və nəzəriyyəsi ölkəmizin milli inkişafı praktikasının ümumiləşdirilməsi nəticəsi kimi yaranmışdır. Onun nəzəri və təcrübi əsaslarının işlənib hazırlanmasında xalqımızın ümummilli lideri H.Əliyevin misilsiz rolu vardır. Akademik R.Mehdiyev haqlı olaraq vurğulayır ki, H.Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu diqqətə çatdırmışdır. Milli ideologiyamızın mükəmməl konsepsiyasının işlənib hazırlanması da məhz ulu öndərin adı ilə bağlıdır.
Neokonservatizmin milli forması kimi azərbaycançılıq, milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu əsası olaraq qalacaq. [4, s.34].
Azərbaycançılığa belə dərin elmi münasibət ölkəmizin indiki siyasi rəhbərliyi tərəfindən dönmədən və ardıcıllıqla həyata keçirilməkdədir. Bu mənada Respublikamızın Prezidenti İ.Əliyevin aşağıdakı fikri diqqəti cəlb edir: «Böyük fərəh hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyevin yolu ilə gedir. Azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərə əsaslanan müasir dövlət quruculuğu prosesləri çox uğurla getməkdədir» [2].
Nəzərdə tutmaq lazımdır ki, durmadan genişlənməkdə olan müasir informasiya məkanında ideologiyaların çoxluğu mövcuddur. Belə şəraitdə Azərbaycan xalqının maraqlarını, mənəviyyatı və mədəniyyətini dəqiq ifadə edən azərbaycançılığı yad və zərərli ideoloji təsirlərdən qorumaq zəruridir. [1. s.195].
Estetik şüurda və incəsənətdə milli ideologiyanın mühüm rol oynadığını vurğulamaqla yanaşı, qeyd edilməlidir ki, bu yalnız müəyyən ölçülər və həddlər daxilində özünü doğruldur. Onları aşıb keçdikdə, incəsənətin lüzumsuz siyasiləşdirilməsi və ideolojiləşdirilməsi adlı səhv özünü göstərir. Bu halda incəsənətin özünəməxsusluğu, eləcə də onun milli rəngarəngliyi ideoloji təzyiqə qurban verilir. Nəticədə incəsənətin ideoloji vulqarlaşdırılması güclənir, bəsitləşdirilmiş və orta hesabla götürülmüş insana hesablanan mədəniyyət nümunələri baş alıb gedir, milli və fərdi özünəməxsusluq əriyib itir:
Qloballaşma meyllərinin sürətlə getdiyi müasir dünyada milli özünəməxsusluğun və unikallığın qorunub saxlanılması zərurət halını alır. Söhbət hər bir millətə məxsus olan sırf milli mənəvi dəyərlər ilə ümumilikdə müasir sivilizasiya üçün səciyyəvi olan ümumbəşəri dəyərlər arasında normal qarşılıqlı münasibətlərin qorunub saxlanılmasından gedir. Həmin vəzifənin həyata keçirilməsində milli rəngarəngliyin, spesifikliyin həddən artıq şişirdilməsi və ümumbəşəri tərəfə məhəl qoyulmaması, doğru deyildir. Eynilə də digər ifrat, hədd-milli mədəniyyətlərin özünəməxsusluqlarına məhəl qoymamaq, onları süni surətdə ümumi qlobal mədəniyyət içərisində əridilməsi yol verilməzdir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Millət vəkili M.Əliyevanın aşağıdakı sözləri səciyyəvidir: Yalnız hər bir xalqın mədəniyyətinin özünəməxsusluğunu qorumaq yolu ilə mədəniyyətlərin rəngarəngliyinə nail olmaq mümkündür. Ancaq bu yol ilə ənənələrin saxlanıldığı və inkişaf etdirildiyi bir dünyaya gəlib çata bilərik». [3, s.25] Buradan aydındır ki, cəmiyyət həyatının başqa sahələrdə olduğu kimi milli mədəniyyət ilə estetik şüur arasındakı münasibətlərdə də, milli özünəməxsusluqla ümumbəşəri tərəflərin mütənasibliyinin və vəhdətinin gözlənilməsi vacibdir.
Spesifik milli mədəni dəyərlərin estetik şüurda təcəssümü anı baş verən akt olmayıb, uzunmuddətli dinamik prosesdir. Milli mədəniyyət inkişaf etdikcə onun intensivlik səviyyəsi də artır. Bu mənada ölkəmizdə müstəqillik dövründə milli mədəniyyətin inkişafına dövlət qayğısının göstərilməsi diqqəti cəlb edir. Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan mədəniyyəti qısa müddət ərzində yüksək zirvələr fəth etmişdir. Xalqımızın milli-mənəvi dəyərlər sisteminin özəyini təşkil edən mənəvi-əxlaqi keyfiyyətlər məzmun etibarilə çox genişdir. Burada mərdlik və humanizm, sözünə və əhdinə sadiqlik, səxavətlilik, böyüyə hörmət, ailəyə bağlılıq, dostluqda möhkəmlik, doğruçuluq, vətənə və torpağa bağlılıq abırlılıq və həyalılıq əsas yer tutur. [5, s.146].
Onların estetik şüurda təcəssümü artdıqca, bir tərfdən estetik təsəvvürlər daha da dolğunlaşır və zənginləşir. Digər tərəfdən isə əks istiqamətli proses baş verir, yəni estetik şüurun inkişafı öz növbəsində milli mənəviyyatın, mədəniyyətin və incəsənətin stimulu yüksəlişini stimullaşdırır.
Estetik şüura milliliyin nüfuz etmə dərəcəsi dərinləşdikcə, onun məzmunu və məqsədi də dəyişilir, milli varlığın və maraqların daha dolğun mənalandırılmasına doğru yönəlir.
ƏDƏBİYYAT
1. Aslanova R. Müasir dövlət və dövlətşünaslıq elmi. Bakı Azərnəşr 2011, 440 s.
2. Əliyev İ. Ümummilli lider H.Əliyevin anadan olmasının 87-ci ildönümü və H.Əliyev Fondunun 6-cı ilinə həsr olunmuş təntənəli mərasimdə nitq.//http/://ru.prezident.az./articles/43
3. Əliyeva M. Qarabağ muğam mərkəzi//İRS. Nasledie. Bakı.2007, 276 s.
4. Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı –XXI YNE, 2003, 476 s.
5. Yusifov M. H.Əliyev və azərbaycançılıq ideologiyası. Bakı: Nurlan 2003, 221 s.
6. Абдуллазаде Г. Философская сущность азербайджанского мугама //ИРС-Наследие. Баку: 2007, 276 с.
7. Аскер Э. Азербайджанцы: особенности национального характера. Баку: Мутарджим, 2010, 352 с.
8. Гегель Г. Работы разных лет: в 2 т. Т.1. М.: Мысль 1970, 576 с.
Rezüme
Milli mədəniyyət insanların daxili varlığının və mənəvi aləminin ifadəetmə vasitəsi rolunu oynayır. O, xalqın mənəvi bütövlüyünün və inkişafının əsas göstəricilərindən biri olmaqla, estetik şüurun və təsəvvürlərin daim yeni-yeni qatlarına müfuz edir. Nəticədə ictimai şüurda estetik və milli tərəflərin vəhdəti daha da möhkəmlənir. Onların təmas nöqtələrinin qovuşuğunda yeni spesifik şüur növü, milli-estetik şüur formalaşır və inkişaf edir.
ПРОЯВЛЕНИЕ НАЦИОНАЛЬНОГО В ЭСТЕТИЧЕСКОМ СОЗНАНИИ
Резюме
Национальная культура играет роль посредника в управлении духовным миром человека и его внутренней сущностью. Она, являясь показателем духовной целостности и развития народа, одновременно проявляется в самых различных пластах эстетического сознания и эстетических представлений. В итоге в общественном сознании еще больше крепнет единство эстетической и национальных сторон. В точке их соприкосновения формируется новый, специфический вид общественного сознания в форме национально-эстетического мышления, которое непрерывно развивается дальше.
MANIFESTATION OF NATIONAL CONSCIOUSNESS IN THE AESTHETIC
Summary.
National culture plays a mediating role in the management of the spiritual world of man and his inner self. She, being a measure of spiritual integrity and development of the people, at the same time manifested in various layers of aesthetic consciousness and aesthetic ideas. As a result, in the public mind even further strengthens the unity of aesthetic and national parties. At the point of contact, a new, specific form of social consciousness in the form of national and aesthetic thinking, which continuously develops further.
Do'stlaringiz bilan baham: |