FƏLSƏFƏ
İntibah dövrü naturfəlsəfəsinin nümayəndəsi
Cordano Brunonun fəlsəfi baxışları
Mahmudova Rübabə Rafiq qızı, BDU II kurs magistrantı rubabasultan@rambler.ru
Açar sözlər: İntibah dövrü, naturfəlsəfə, Bruno, panteizm, sonsuz kainat və sonsuz dünyalar, hilozoizm, monada
Ключевые слова: Эпоха Возрождения, натурфилософия, Бруно, пантеизм, бесконечная вселенная и бесконечные миры, гилозоизм, монада
Key words: Renaissance, natural philosophy, Bruno, pantheism, infinite universe and infinite worlds, hylozoism, monad
Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olan İntibah dövrü XIV əsrin əvvəli – XVI əsrin sonu çərçivəsində Qərbi və Mərkəzi Avropanı əhatə etmişdir.
15-ci əsrin ortalarında islamla xristianlığın kəskin qarşıdurması sona yetir, İngiltərə və Fransa arasında Yüzillik müharibənin (1337-1453) bitməsindən sonra Avropa dövlətləri arasında nisbətən sülh şəraiti yaranır və onlar keçdikləri tarixi yola nəzər salmaq imkanı qazanır. Beləliklə, Orta əsrlər dövrü bitir və tarixi inkişafda yeni mərhələyə qədəm qoymaq zamanı gəlib çatır. Ən əsası isə Qərbi Avropanın ictimai-siyasi həyatına kilsənin təsiri zəifləyir, o dövrdə mühafizəkar xristian ideologiyası sonrakı tarixi inkişaf üçün yararsız hala düşür. İntibah ərəblər vasitəsilə qorunub saxlanılmış antik mirasa söykənərək, xristianlığa qarşı gələrək, həm mədəni, həm də fəlsəfi zəmində inkişaf edir.
İntibah dövrü fəlsəfi fikri öz inkişafında üç mərhələdən keçmişdir. Birinci mərhələ XIV əsrdən XV əsrin ortalarına qədər olan dövrü əhatə edən humanistlik dövrüdür. Bu dövrdə fəlsəfədə əsas fikir insana, onun fəaliyyətinə, dünyadakı yerinə, təyinatına, daxili və xarici aləminə, ehtiyacına və istəyinə yönəlir. İkinci mərhələ neoplatonizm dövrüdür. Bu dövr fikrinin xarakterik xüsusiyyəti ontoloji problemlərin qoyuluşudur. Nəhayət, İntibah fəlsəfi fikrinin son mərhələsi naturfəlsəfə və yeni təbiətşünaslıq dövrüdür. Bu dövrün filosofları fəlsəfə tarixində ilk dəfə o vaxtın elmi biliklərinə əsaslanaraq, təbiəti tamamilə dərk etməyə, onun ümumi fəlsəfi təsvirini verməyə cəhd edirlər. Təbiətin belə dərk edilmə üsulu Naturfəlsəfə adını alır.
Təbiət fəlsəfəsinin məhsuldar başlanğıcını filosof və təbiətşünas, katolik kilsənin kardinalı Nikolay Kuzanski qoyur. Daha sonra naturfəlsəfə Parasels, B.Telezio tərəfindən inkişaf etdirilir.
Naturfəlsəfə və yeni təbiətşünaslığın görkəmli nümayəndəsi isə istedadlı professor, elm fədaisi Cordano Brunodur (1548-1600). O, dominikan rahibi və keşişi idi. Sonralar C.Bruno xristian Allahına və kilsəyə inamı rədd edir, Avropanın müxtəlif universitetlərində mühazirələr oxuyaraq, azad fəlsəfə ilə məşğul olur. C.Bruno öz fəlsəfi görüşlərini çoxlu mühazirələr və əsərlər yazaraq ifadə etmişdir. Altı il ərzində inkvizisiya C.Brunoya həbsxanalarda əziyyət verir və nəhayət, 17 fevral 1600-cü ildə papa sarayı qarşısında onu tonqalda yandırır.
C.Brunonun panteist fəlsəfəsi İntibah dövrü fəlsəfi fikrinin inkişafının yüksək nəticəsi idi. Belə ki, İntibahın əsas istiqamətləri və xüsusiyyətləri – humanizm, təbii dialektika, təbiətin böyüklüyünün etiraf edilməsi onun yaradıcılığında daha dərindən müəyyən edilmişdi. Brunonun panteizmi italyan İntibahının naturfəlsəfə sistemlərindən ən radikalı və ən ardıcılı idi. Belə ki, vacib problemlərin qoyuluşunda və həllində o öz sələflərindən daha irəli getmişdi.
Təbiətin hərəkətverici qüvvəsinin mənbəyini müəyyənləşdirərkən və materiyanın özünühərəkət prinsipinə yaxınlaşarkən Bruno hilozoizmə gəlib çıxır: dünyalar onların “öz ruhu” olan “daxili prinsip” əsasında hərəkət edir. Bütün təbiət fəal “Dünya ruhu”ndan yaranmışdır. Lakin Brunonun hilozoizmində əsas məqam materiyanın özünühərəkət prinsipidir. Bunu nəzərə almaq lazımdır ki, bu fikirlər səma cisimlərinin hərəkətinin hələ kəşf olunmadığı dövrdə söylənilmişdi. Bruno dialektikanın inkişafında əhəmiyyətli rol oynamışdır.
Fəlsəfənin inkişafında Brunonun idrak nəzəriyyəsinin böyük əhəmiyyəti olmuşdur. O, köhnə nəzəriyyələrə və hamı tərəfindən qəbul olunmuş mövqelərə qarşı qəti münasibətini bildirərək, kilsə nüfuzunun sxolastik qanunlarına qarşı şübhə prinsipini, fikir azadlığını irəli sürür. Qanunları şübhə altına almaq mütəfəkkirin birinci hüququ və vəzifəsi idi. “İman həqiqəti”ni kənara ataraq, yalnız elmi biliyi həqiqət qəbul edərək, Bruno materialist idrak nəzəriyyəsini inkişaf etdirir. Brunonun fikrincə, idrak predmeti təbiətdir, idrakın məsələsi isə şeylərin xarici dəyişkənliyi arxasında təbiət qanunlarının daimiliyini müəyyən etməkdir. İdrak prosesi sonsuzdur.
Fəlsəfə elmindəki rolu və elmi uzaqgörənliyi baxımından C.Brunonun fəlsəfi görüşlərinin araşdırılması əhəmiyyətlidir.
C.Bruno antik materialistlərin fikirlərini canlandıran ilk yazarlardan biri olmuşdur. Böyük Roma şairi Lukretsi Kardan Bruno özünün iki əsas – sonsuz kainat və sonsuz dünyalar; materiyanın gördüyümüz müxtəlifliyi təşkil edən ayrı-ayrı atomlardan yaranması fikrini götürmüşdür. Brunonun fikirlərinə Kopernikin də böyük təsiri olmuşdur. Bruno ondan Yerin dünyanın mərkəzi olmadığını sübüt edən dəlilləri götürmüşdür.
Kopernik hələ də Günəşi Kainatın mərkəzi kimi göstərirdi və Ptolomey sxeminin çox hissəsinin tərəfdarı idi. Kopernikə görə ulduzlar kainatda hərəkətsiz dayanmışdır. Lakin sələflərini üstələyən Bruno iddia edirdi ki, sonsuz sayda, bizimkindən, ola bilsin ki, fərqli dünyalar mövcuddur və sonsuz kainatın mərkəzi yoxdur. O nisbilik haqqında da düşünürdü, belə ki, bəyan edirdi ki, sonsuz kainatda biri digərindən üstün yerlər yoxdur və istiqamət, hərəkət, hətta çəki belə müşahidəçinin onu müəyyənləşdirməsindən asılıdır.
L.Kar atomların boşluqda daim hərəkət etdiyini bildirirdi. Bruno daimi hərəkəti və dəyişkənliyi qəbul edirdi, lakin bunun daha dərinliklərində o, ikiyə bölünmüş substansiyanın əsasını təşkil edən əbədi materiya və əbədi ruhun qarşılıqlı əlaqədə olduğu Vəhdəti görürdü.
Brunoya görə, kainat Allahdır və Allah da kainatdır. İlahilik özünü fərdi şeylərdə ifadə edir, fərdi şeylərsə ilahidə meydana çıxır. “Hər şey hər şeydədir”. Ona görə də hər bir fərdi şey öz daxilində tamın bir hissəsinə malikdir və hər bir şey başqa şeylərlə qarşılıqlı nüfuz etmişdir.
“Hər bir şey hər bir başqa şeyin içindədir”. Bu anlamda Bruno Leybnitsdən və Yeni dövrün kvant mexanikası şərhçilərindən irəli getmişdi.
Bruno materialist panteistdən daha çox telepat idi. O, materiya və ruha (və yaxud maddi və qeyri-maddi substansiyaya) ayrı-ayrı substansiyalar kimi baxırdı, baxmayaraq ki, onların hər biri vahid əsas şeyin aspektləri idi. Ruh hər bir şeyə nüfuz edib. Allahın ruhu hər şeyi canlandırıb və məlumatlandırıb. Hər şeyi Vahid ümumi tamlığa uyğunlaşdırıb, həmahəng edib. Brunonun bu fikirlərini daha konkret nəzərdən keçirək.
“Səbəb, başlanğıc və vahid” (1584), “Sonsuz kainat və dünyalar” (1584), “Qalib heyvanın qovulması” (1582), “Sonsuz, nəhəng və formasız”(1591) və bir çox başqa əsərlərin müəllifi olan C.Bruno varlıq haqqında belə düşünürdü: bütün dəyişkən fərdi formaların əsasını bir maddi substansiya təşkil edir. Heç nədən yaradılmamış, heç nəyə gətirib çıxarmayan, lakin qatılaşa bilən, formalaşa bilən, nizamlana bilən əbədi cismani maddənin tərkibi parçalanıb, xüsusiyyəti, quruluşu dəyişib, mövcudluğu başqa cür olub, vəziyyəti müxtəlifləşmişdir. Bu prosesdə şeylərin həqiqi mənşəyi olan əbədi, doğulmamış və dəyişməz substansiya prinsipini özündə daim saxlayan və yalnız başlanğıcda olan elementlər olduğu kimi qalır.
Monadanı Bruno varlığın vahidi hesab edirdi. Bu monadanın fəaliyyətində cismani ilə ruhi birləşir. Ali substansiya isə “monadalar monadası” və yaxud Allahdır. Varlıq Brunoya görə maksimal vəhdətdir, yəni o təkdir, əbədidir və dəyişməzdir. Vahid sonsuzluq idealdır. Öz sadəliyi ilə yanaşı, mükəmməldir. Heç bir şey ondan yaxşı və ya pis ola bilməz. Bu vahid Tamdır, Allahdır, bütün kainatı tutmuş ümumi Təbiətdir.
Kainat təkdir, sonsuzdur, hərəkətsizdir (sükunətdədir). Mütləq imkan (potensial) təkdir, hərəkət təkdir, forma və ruh təkdir, materiya təkdir, şey təkdir, olmaq təkdir, tək (vahid) maksimumdur və alidir (best). O yaranmamışdır, çünki onu arzulayacaq özündən başqa bir şey yoxdur. O dəyişə bilməz, çünki elə bir şey mövcud deyil ki, o ona çevrilsin. O arta və azala bilməz, çünki o sonsuzdur.
Bruno Allahı nə yuxarıda görürdü, nə də kənarda. O, Allahın hər şeydə olduğunu iddia edirdi. Bütün şeylərdə bir sadə İlahilik meydana çıxır – bir zaman məhsuldar təbiət öz işığını müxtəlif obyektlərin daxilinə yayır və müxtəlif adlar alır. Bu prosesdə o, daxilindəki elementləri bir-birilə əlaqələndirərək, öz başlanğıcını qoruyub saxlayır.
İlahilik özünü hər bir şeydə göstərir. Hər bir şeyin daxilində öz gizli İlahiliyi var. Belə ki, o açılır, hətta ən kiçik varlıqlara ötürülür və onların öz imkanına və gücünə uyğun olaraq bu kiçik varlıqlardan da digərlərinə verilir. O (İlahilik) olmadan heç bir şey ola bilməz, çünki o, ilkin və son varlığın mövcudluğunun cövhəridir.
Təbiət sadəcə mövcud deyil, o şeylərdən uzaq olmayaraq, onların daxilindədir. Şeylərin xarici görünüşü böyük dəyişikliklərə məruz qaldığı zaman onların özünün daxilində şeylərin mənbəyi (başlanğıcı) – Ağıl, Allah, Mövcudluq, Vahid, Həqiqət, Tale, Səbəb daha dərindən (daxildən) inkişaf edir.
Beləliklə, Bruno hesab edirdi ki, təbiət Allahın şeylərdə olmasıdır. Heyvanlar və bitkilər Təbiətin onlara etdiyi təsirin nəticəsində yaşayır; bu TəbiətAllahın şeylərdə olmasından başqa bir şey deyildir. Allah bütünlüklə şeylərdədir. Belə ki, günəş zəfərandadır, nərgizdədir, xoruzdadır, şirdədir. Bunların hər biri təbiətlə əlaqədə olaraq ilahiliyə yüksəlir.
İlahilik müxtəlif obyektlərdə müxtəlif şəkildə fəaliyyət göstərərək, nur saçaraq, rəngarəng fiziki formaların vasitəsilə müəyyən hadisələrdə, öz daxilində, öz mövcudiyyətində, öz həyatında və öz intellektində onları iştirakçıya çevirərək, gizlin şəkildə Təbiətdədir.
Brunoya görə, müxtəliflik kökdəki vəhdətin görünən üzüdür. Şeylərdə müxtəlif yollarla üzə çıxan bu bütövlük öz quruluşu, görünüşü, rəngi və başqa xüsusiyyətləri və adi keyfiyyətləri ilə birlikdə eyni substansiyanın müxtəlif üzündən başqa bir şey deyildir.
Növlərin, fərqlərin, xüsusiyyətlərin, genə məxsus hər bir şeyin, dəyişikliklərin müxtəlifliyini yaradan varlıq deyil, varlığın və mövcudluğun vəziyyətidir və şəraitidir ki, bu da təkdir, sonsuzdur, hərəkətsizdir, səbəbdir, materiyadır, həyatdır, ruhdur, inam və yaxşılıqdır.
Bruno cisimlərdəki qarşılıqlı nüfuzetməni bütün şeylərin bütün başqa şeylərdə olması kimi izah edərək bildirirdi ki, əksliklər əksliklərin daxilindədir, ona görə də hər bir şeyin başqa bir digər şeyin daxilində olmasını başa düşmək çətin deyildir.
Bütün şeylər kainatdadır və kainat bütün şeylərdədir: biz onun daxilindəyik və o da bizim daxilimizdədir. Beləliklə də, hər şey mükəmməl vəhdət daxilində birgə fəaliyyət göstərir.
Qəlb və ruhun kainat ruhu ilə müəyyən müntəzəm əlaqəsi var. Bu əlaqə zamanı o yalnız olduğu və duyduğu yerdə mövcud olub ora daxil deyil,o həm də öz başlanğıcı və mənbəyi vasitəsilə sonsuzluq boyu yayılmaqdadır.
Uzaq kainatda hər hansı bir şəkildə mövcud olan hər bir ruhun gücüonun özüdür. Hələ də heç bir şeyin qarışmadığı nə isə ilahi bir şeydir.
Kainatdan aldığımız istənilən şey özünəməxsus şəkildə bütöv dünya ruhunu özündə cəmləşdirir.Bu dünya ruhu tamamilə aldığımız şeyin hər bir hissəsi daxilindədir. Çünki onun öz daxilində də Hər şey hər şeydədir.
Allahı dünyanın hər şeyi həmahəng edən ruhu və ya zəkası hesab edən Bruno hilozoizmə meyl edərək,vahid ruhun eyni bir vaxtda hər bir şeyi bir-birilə həmahəng etdiyini, onun bütün şeylərin vahid ruhu olduğunu və onların hamısını bütünlüklə sardığını bildirir. Əgər o özü Təbiət deyilsə, onda mütləq Təbiətin təbiətidir və əgər ruh deyilsə, onda dünya Ruhunun ruhudur.
Kainat Zəkası dünya ruhunun gizlin, daha real, özünəməxsus və güclü hissəsidir. Bu, bütövlüyü saran, kainatı maarifləndirən, təbiəti təbii şeylər istehsal etməyə yönəldən vahid bütövlükdür.
Brunonun idrak nəzəriyyəsi onun mövcudluq təlimi ilə sıx bağlıdır. Burada insan dərrakəsi nə mənşəyinə, nə də mahiyyətinə görə materiyanın və daxili qüvvələrin bütövlüyünü ifadə edən təbiətə qarşı qoyulmur, onun özündən meydana çıxır.
İdrakın məqsədi fiziki hadisələri müşahidə etməklə məhdudlaşmır. İdrakınvəzifəsi dünyanın görünən üzünün içinə varmaq, təbiət hadisələrinin daxilinənüfuz edərək, sonsuz hərəkət edən və dəyişən təbiətin qanunlarını dərk etməkdir. “İdrak nizamı”, daha doğrusu, Kainat haqqında insan təsəvvürlərinin məcmuyu, Brunonun təliminə görə, öz növbəsində “ilahi” dünyanın – təbiətin daxili qanunlarının dünyasının “obrazı və şəkli” olan təbiət nizamının “kölgəsi və misli”dir. Başqa cür desək, məntiqi fizikinin əksidir, surətidir, fiziki isə metafizik dünyanın, Kainatın qurulmasının daxili qanunauyğunluqları dünyasının obrazıdır.
“Obrazların təşkili” traktatında Bruno yazırdı ki, insan zəkası “ilahi şeylərin kölgəsini və təbii şeylərin obrazını” əks etdirən “canlı güzgü”dür. Bu “güzgü” – insan zəkası ideyanı şeylərin səbəbi kimi qəbul edir (ideya isə Brunonun qeyd etdiyi kimi, “şeylərdən ayrılmazdır, onlarla sıx surətdə birləşib”), formanı şeyin özü kimi qəbul edir, çünki ona şeyin bütün substansiyası daxildir, dəqiqləşdirdikdə - forma “fiziki cəhətdən materiyasız mövcud deyil”. Başqa cür desək, dünyaya “formanı öz daxilindən meydana çıxaran materiyanı bütün şeylərin başlanğıcı hesab edən” “fiziklərlə birgə” baxmaq lazımdır (Bruno isə özünü həmişə filosof-fiziklərə aid edirdi).
Beləliklə, “müdrik bütün şeylərin dəyişkənliyini görsə” də, idrakın vəzifəsi şeylərin xarici dəyişkənliyinin arxasında təbiət qanunlarının daimiliyini sezmək və müəyyənləşdirməkdən ibarətdir. Bu məqsədə uyğun olaraq, Bruno idrakın pillələrini də müəyyənləşdirir. Bilik hisslərdən doğur. Hissi obrazlarsız idrak yoxdur. Zəka “güzgüdən kənarda” dolaşa bilməz; idrakımız “hissli obyektlərdən doğan xarici hisslərdən alınmış obrazlarsız və formasız” keçinə bilməz.
Lakin idrak yalnız hisslər dünyası ilə məhdudlaşmır. Bu ona görə deyil ki, hisslər bəzən bizi aldada bilər, səhvlər ola bilər və xarici aləm bizim hisslərimizdə təhrif olunar. Məsələ ondadır ki, hissi qavrayış kifayət deyil, bu yolda əldə olunmuş məlumatları ümumiləşdirmədən insan zəkası hadisələrin mahiyyətini dərk edə bilməz, Kainatın, onun quruluşunun və qanunlarının qavranılması həddinə yüksələ bilməz.
Kosmoloji baxışlarını “Sonsuz kainat və dünyalar” (1584) əsərində ifadə edən Bruno səmadan kənarda Kainat, Boşluq yaxud Zamanın olduğunu araşdırmağın mənasız olduğunu bildirir. Çünki bizim Boşluq adlandırdığımız tək bir kainat var, tək geniş sonsuzluq var; burada bizim böyüyüb boya-başa çatdığımız dünya kimi sonsuz sayda dünyalar var. Sonsuz adlandırdığımız bu kainat nə bir səbəbdir, nə üstünlükdür, nə imkandır, nə qavrayışdır, nə də ki, bu kainata ölçü təyin edən təbiətdir.Onda özünün eyni olan sonsuz sayda dünyalar var.
Bu sonsuz ölçünün nə mərkəzi var, nə də ki, sərhədi.Beləliklə, Yer mərkəzdə olan bir dünya deyil.
Brunonun ölüm haqqında da fikirləri maraqlıdır; biz daim yerləşdiyimiz kainatın mövcudluğu və mənşəyi haqqında düşünərkən görürük ki, nə özümüz, nə də başqa substansiyalar məhv olur. Bütün şeylər sonsuz kainatda dolaşaraq görkəmini dəyişir.
Əbədi cismani maddəyə gəlincə, o dəyişmir, formalaşmır və ya formasını itirmir. Orada isə yalnız bir şey qalır ki, o da dağılmaq obyekti ola bilməz, çünki onun qurulma obyekti də olması qeyri-mümkündür. Ona görə də demək olmaz ki, o öz-özünə, təsadüfən məhv oldu.
Brunonun sonrakı panteistlərə böyük təsiri olmuşdur. Spinozanın onun əsərləri ilə tanışlığı barədə məlumat yoxdur, bundan əlavə, Spinozanın panteizmi başqa cür, bir qədər abstraktdır. Lakin “panteist” sözünü yaratmış Con Toland C.Brunonun işləri ilə tanış idi. Onları qruplaşdıraraq, səyahət etdiyi hər yerdə təbliğ edirdi. XVIII əsr ingilis şair romantiklərinin məktəbi olan Göl şairlərinin görkəmli nümayəndəsi şair, tənqidçi və filosof Samuel Teylor Kolric, alman mütəfəkkiri və şairi Höte və böyük alman idealist panteisti Şeling də C.Brunonun yaradıcılığına yaxşı bələd idilər.
C.Bruno haqqında çox vaxt deyirlər ki, o vaxtından əvvəl dünyaya gəlmişdi, belə ki, ölümündən yalnız 400 il sonra XX əsrin elmi, fəlsəfəsi və incəsənəti onun bir çox fərziyələrini və təlimlərini aktual məsələ və həqiqət kimi qəbul etməyə başladı.
ƏDƏBİYYAT
-
www.pantheism.net . Bruno's philosophy
-
www.e-reading.me. С. В. Перевезенцев. Антология философии Средних веков и эпохи Возрождения. Джордано Бруно (1548-1600)
-
www.intencia.ru. История философии. Теория познания Бруно
-
www.e-reading.me. «Философские диалоги» Джордано Бруно. О жизни и судьбе Джордано Бруно
İntibah dövrü naturfəlsəfəsinin nümayəndəsi
Cordano Brunonun fəlsəfi baxışları
Do'stlaringiz bilan baham: |