Maliyyə lizinqi zamanı lizinqverən lizinq alan tərəfindən nəzərdə tutulmuş avadanlığı əldə edərək onu lizinqalana müəyyən muzdla, şərtlə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi öhdəliyini qəbul edir. Bu zaman lizinqin müddəti lizinq predmetinin tam köhnəlməsi müddətinə müvafiq və ya ondan yüksək olmalıdır. Müqavilə müddəti başa çatdıqdan sonra icarəyə götürülən əmlak lizinqalanın mülkiyyətinə keçir.
Əməli lizinq zamanı lizinqverən öz hesabına əmlakı satın alaraq müəyyən haqla müəyyən müddətə və şərtlə lizinqalana verir. Lizinqin müddəti müqaviləyə əsasən müəyyən edilir. Əməli lizinq obyekti kimi, bir qayda olaraq, yüksək mənəvi köhnəlməyə malik avadanlıq çıxış edir. Əməli lizinq zamanı hissəvi ödəniş aparılır. Belə ki, uzun müddətə istifadə olunası avadanlıq icarəyə verildikdə icarəyə götürən yalnız onun dəyərinin bir hissəsini ödəyir. Ona görə də lizinqverən həmin avadanlığı bir neçə dəfə istifadəyə verə bilir və son nəticədə bütün xərclərini ödəyir. Bu zaman əmlakın xarab olma və itmə riski tamamilə lizinqverənin üzərinə düşür. Bu baxımdan lizinqverən əmlakı daha uzun müddətə əmlakın amortizasiyası müddətinə yaxın bir müddətə verməyə çalışır.
Lizinqverən əməli lizinqə üstünlük verir. Çünki müqavilə müddətində ondan istifadə etdikdən sonra onu sahibinə qaytara bilər.
Qaytarılan lizinq – maliyyə lizinqinin bir formasıdır. Lizinqin bu növü əsasən potensial istehlakçıların diqqətini cəlb edir. Qaytarılan lizinqin xüsusiyyəti ondadır ki, əmlaka ehtiyacı olan həmin anda bu və ya digər səbəbdən maliyyə çətinliyinə məruz qalarsa, ona öz əmlakını lizinq kompaniyasına «satıb» eyni zamanda ondan istifadəni davam etdirmək imkanı əldə edir. Bu əmlak sahibinə imkan verir ki, lizinq müqaviləsi başa çatdıqdan sonra əmlakını yenidən satın alsın.
Kommersiya banklarının vasitəçilik əməliyyatlarından biri də faktorinq əməliyyatlarıdır. Faktorinq vasitəçi agent deməkdir. Faktorinq əməliyyatı hesablaşan tərəflər arasında hesablaşmalarda yaranan problemlərin həlli ilə əlaqədar əməliyyatlardır.
Faktorinq əməliyyatlarının mahiyyəti ondadır ki, bu əməliyyatla məşğul olan firma və ya bank öz müştərilərinin bir-birinə olan borc tələblərini satın alaraq 2-3 gün ərzində onun dəyərinin 70-90 %-ni ödəyir. Yerdə qalan 30-10 % isə satıcı ona ödəyicinin onun tələbnaməsini tam ödədikdən sonra ödəyir.
Faktorinq əməliyyatında üç tərəf:
1. Faktor vasitəçi.
2. Satıcı.
3. Alıcı iştirak edir.
Faktor qismində kommersiya bankları və ya xüsusi faktorinq kompaniyaları çıxış edə bilirlər. Faktorinq riskli əməliyyat növü olsa da faktorlar bu əməliyyatlardan gəlir götürürlər. Faktorinq əməliyyatının iqtisadi mahiyyəti ondadır ki, müəssisələrin aktivlərinin likvidliyinin təmin olunmasına, kapitalın dövriyyəsinin sürətlənməsinə, rentabelliyinin yüksəldilməsinə kömək edir.
Faktorinq üzrə əməliyyatlar müqavilə əsasında həyata keçirilir. Faktor qismində bank çıxış etdikdə bank sifarişçi müəssisənin maliyyə vəziyyətini öyrənir və sərfəli halda onunla müqavilə bağlanması haqqında qərar qəbul edir. Müqavilədə ödəmə tələbnaməsi məbləğindən faktorinq payı, əməliyyatın aparılma qaydası, komisyon məbləği və tərəfləri maraqlandıran digər məsələlər öz əksini tapmalıdır.
Bu əməliyyatın yerinə yetirilməsi üçün müştəri alıcıya göndərdiyi malların hesab qaiməsini banka göndərir. Bank hər bir sənəd üzrə ödəyicinin ödənişə razılığını müəyyən edir, onun ödəmə qabiliyyətini müəyyənləşdirir və yalnız tədbirin həyata keçirilməsini münasib hesab etdikdə sənədi ödəyir.
Faktorinq həm alıcıya, həm də satıcıya sərfəli əməliyyat növüdür. Belə ki, satıcı göndərdiyi malın dəyərini tez bir zamanda alır, ödəyici isə satıcı qarşısında öz öhdəliyini vaxtında yerinə yetirmiş olur. Vasitəçi isə bu əməliyyata görə haqqını alır.
Bank müəssisələrə faktorinq xidməti göstərərkən onlara fərqli yanaşır. Bank çoxsaylı debitorları olan qeyri-standart məhsul istehsal edən müəssisələrə - subpodratçılarla işləyən tikinti təşkilatlarına faktor xidməti göstərmir.
Kommersiya banklarının fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir. Bu məqsədlə onlar müəyyən xərclər etməklə gəlirlər əldə edirlər. Bank fəaliyyətindən gələn gəlirlərə daxildir:
-
verilmiş kreditlərə görə hesablanmış və alınmış faizlər;
-
depozitlərin yerləşdirilməsi ilə əlaqədar alınan faizlər;
-
qiymətli kağızlarla aparılan əməliyyatlardan gələn gəlir;
-
qiymətli metallarla aparılan əməliyyatlardan əldə edilən gəlir;
-
müştərilərə açılmış hesablar üzrə bankın göstərdiyi xidmətlərə görə komisyon ödənişlər;
-
bankın həyata keçirdiyi faktorinq, forfeytinq, lizinq, trast əməliyyatları üzrə əldə edilən gəlir;
-
zəmanət və aksept əməliyyatları üzrə gəlirlər;
-
məsləhət, təminat, ekspert xidmətinə görə əldə edilən gəlirlər;
-
əmlak kirayəsi və lazımsız əmlakın satışından gələn gəlir;
-
cərimələr, əlavələr.
Yaranma mənbələrinə görə gəlirlər iki qrupa: faiz qaydasında əldə edilən gəlir və qeyri-faiz qaydasında əldə edilən gəlirə bölünür.
Banklar gəlir əldə etmək üçün müəyyən xərclər də edirlər. Bu xərclərə daxildir:
-
bank fəaliyyəti ilə əlaqədar xərclər (hesablar üzrə hesablanıb köçürülmüş faizlər, xarici valyuta, qiymətli kağızlarla əməliyyatlar üzrə xərclər, əməliyyat xərcləri və s.);
-
bankların təsərrüfat fəaliyyətinin təmin edilib maddi-texniki bazasının genişləndirilməsi xərcləri;
-
idarəetmə aparatının saxlanılma xərcləri;
-
bankın xərclərinə daxil edilən vergilər;
-
bankın imici ilə əlaqədar xərclər (reklam, marketinq, audit xidmətinin ödənilməsi, xüsusi ehtiyat fonduna köçürmələr və s.).
Bankın gəlirləri kimi xərcləri də faiz və qeyri-faiz xərcləri üzrə qruplaşdırılır. Bankın gəlirləri ilə xərcləri arasındakı fərq bankın mənfəətini və ya zərərini müəyyənləşdirir.
Kommersiya banklarında mənfəət rüblük fəaliyyətin nəticələrinə görə bölüşdürülür. Son nəticədə yekun olaraq illik bölgü aparılır.
Bankın mənfəəti aşağıdakı kimi bölüşdürülür:
1. Balans mənfəətində büdcəyə vergi və pul əmanətlərinin məcburi sığortası məbləği köçürülür.
2. Vergilər ödənildikdən sonra qalan xalis mənfəətdən – kapital qoyuluşu, işçilərin əmək şəraiti və məişətinin yaxşılaşdırılması üçün yığım fondu yaradılır:
- bank işçilərinin əməyinin stimullaşdırılması üçün istehlak fondu yaradılır;
- bank səhmdarlarına dividentlər verilir və s.
Mənfəət göstərilən məqsədlərə istifadə edildikdən sonra bankın sərəncamında qalan mənfəətdən bank aşağıdakı məqsədlərə istifadə edə bilər:
-
bank işçilərinin mükafatlandırılması, maddi yardım, əməkhaqqına əlavələr;
-
dövlət qeyri-büdcə fondlarına köçürmələr;
-
dövlət pensiya fonduna köçürmələr;
-
bank işçilərinin istirahəti, müalicəsi və digər tədbirlərin keçirilməsi.
Bank mənfəətinin bir hissəsi bankın ehtiyat fonduna yönəldilir ki, bu məbləğ mənfəətin 5 %-dən az olmamalıdır.
16.3. Kommersiya banklarının riskləri və onların idarə edilməsi
Risk – dedikdə gəlirlərin azalması, bankın öz mənfəətinin bir hissəsini itirməsi, itkilərin meydana çıxması və ya maliyyə əməliyyatlarının həyata keçirilməsi nəticəsində əlavə xərclərin meydana çıxması ehtimalıdır.
Bank fəaliyyətində risklər qaçılmazdır. Bununla belə bank adətən riskdən qaçmağı üstün tutur. Bu mümkün olmadıqda onu minimuma endirməyə çalışır. Banklar maksimum mənfəət əldə etməyə çalışır. Lakin risqklərlə əlaqədar öz fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırır. Bank fəaliyyətinin riski dedikdə bankın mənfəətinin nəzərdə tutulduğundan az olması ehtimalı başa düşülür. Onu da nəzərə almaq lazımdır ki, risk səviyyəsi aşağı olduğu hallarda əldə olunası mənfəətin də səviyyəsi aşağı olur. Gözlənilən mənfəət səviyyəsi yüksək olduqca risk səviyyəsi də yüksək olur. Müasir cəmiyyətdə rəqabətin gücləndiyi bir şəraitdə bank risklərinin təhlilinə diqqət artır. Banklar getdikcə bir-birinə qarşı daha təcavüzkar mövqe tutaraq rəqabətə tab gətirmək üçün daha riskli sövdələşmələr və əməliyyatlar aparır.
Risklərin qarşısının alınması və azaldılması həm bankçılıq ilə məşğul olan alimlərin, həm də bank təcrübəsinin qarşısında duran əsas problemə çevrilməkdədir. Bank fəaliyyəti iqtisadi fəaliyyət sferasının elə sahəsidir ki, burada subyektlər arasındakı qarşılıqlı münasibətdə risklər mövcud olmaqla qaçılmazdır.
Bank riskləri aşağıdakı səbəblərdən meydana çıxa bilər:
-
ölkənin iqtisadi vəziyyəti (istehsalın azalması, inflyasiya səviyyəsi, müəssisələrin qeyri-qənaətbəxş maliyyə vəziyyəti);
-
bank sisteminin vəziyyəti (kapitallaşmanın aşağı səviyyədə olması, bank əməliyyatları üzrə gəlirlərin azalması, menecment səviyyəsi);
-
bank qanunçuluğunun qeyri-təkmil olması;
-
bankın maliyyə bazarındakı vəziyyəti və banklararası rəqabətin səviyyəsi;
-
bankın müştəri bazasının səviyyəsi;
-
bank menecmentinin qeyri-qənaətbəxşliyi.
Səviyyə baxımından bank riskləri makrosəviyyəli, mikrosəviyyəli və fərdi risqlərə bölünür.
Makrosəviyəli risklər bankın özündən asılı olmayan amillərlə əlaqədardır. Ümumi iqtisadiyyatda vəziyyətin dəyişilməsi müəyyən risklərə gətirib çıxarır. Buraya ölkənin iqtisadiyyatının ümumi vəziyyəti, əsas maliyyə bazarları və bankların fəaliyyət vəziyyəti və s. daxildir.
Mikroiqtisadi risklər bankın kapitalının azalmasına və likvidliynin aşağı düşməsinə gətirə bilən risklərdir. Bu risklər əsasən bankların yerinə yetirdikləri əməliyyatlarla əlaqədardır. Mikroiqtisadi risqlərə bankın özündən asılı olmayan amillər – yəni onun fəaliyyətinə xarici bazardakı vəziyyətin dəyişilməsi də təsir göstərə bilər.
Fərdi risklər bank işçilərinin peşəkarlıq səviyyəsi ilə əlaqədar olan risqlərdir.
Təbiidir ki, banklar risklərin qarşısını almağa, onu idarə etməyə borcludurlar.
Bank risqlərinin idarə edilməsi dedikdə – qeyri-müəyyənlik fəaliyyət dövründə bank işçilərinin müsbət maliyyə nəticələrinin əldə edilməsinə imkan verən iş və tədbirlərin məcmusu başa düşülür. Bu tədbirlərə eyni zamanda risk hadisəsinin gəlişini proqnozlaşdırıb onun qarşısını almaq və ya onun mənfi nəticələrini azaltmaq tədbirləri də daxildir.
Risklərin idarə olunması prosesinin təşkili baxımından aşağıdakı idarəetmə elementlərindən istifadə olunur:
-
idarəetmə subyektləri;
-
riskin identifikasiyası (risk zonasının müəyyən edilməsi);
-
riskin səviyyəsinin qiymətləndirilməsi;
-
riskin monitorinqi.
Bank sisteminin idarə edilməsi sisteminin bütün elementləri bankın işçi heyətinin iş üsulları, metodları və xüsusiyyətlərinin məcmusunu təşkil edir.
Bank risklərinin idarə edilməsi subyektləri bankın həcmi və quruluşundan asılıdır.
Riskin identifikasiyası risk sahələrini, zonalarını müəyyən edir. Bu zonalar risk zonalarından asılı olaraq müxtəlif olur. Bu zaman güclü məlumat bazasının olması xüsusi əhəmiyyət kəsb edir.
Risk dərəcəsini müəyyənləşdirmək üçün keyfiyyət və kəmiyyət təhlilindən istifadə olunur.
Keyfiyyət təhlili dedikdə potensial risk zonasının və mənbələrinin təhlili başa düşülür. Keyfiyyət təhlili hər növ bank riski üçün spesifik olan amillərin olmasına əsaslanır.
Riskin miqdar təhlilində şərti olaraq bir neçə bloku göstərmək olar:
-
risk səviyyəsini müəyyən edən meyarın seçilməsi;
-
bank üçün yetərli olan risk səviyyəsinin müəyyən edilməsi;
-
ayrı-ayrı metodlar əsasında faktiki risk səviyyəsinin müəyyənləşdirilməsi;
-
gələcəkdə riskin artması və ya azalması imkanlarının qiymətləndirilməsi.
Riskin monitorinqi – zəruri mənfəətlilik səviyyəsini saxlamaqla risklərin minimallaşdırılmasına yönəldilən tədbirlərin görülməsi məqsədi ilə risk göstəricilərinin müntəzəm təhlili prosesidir.
Riskin monitorinqi prosesi: risk monitorinqi üzrə vəzifələrin bölüşdürülməsini, nəzarət göstəriciləri sisteminin müəyyən edilməsini, riskin nizamlaşdırılması metodunu özündə birləşdirir.
Riskin idarə olunması sistemi strateji idarəetmə, təşkilatçı bölmələr səviyyəsində bu və ya digər əməliyyat zamani riskin nəzarəti üçün bir sıra bölmələrin qarşılıqlı əlaqələri çərçivəsində həyata keçirilən konkret tədbirlər planı ilə realizə edilir.
Şəkil 1.1. Bank risklərinin idarə olunması sisteminin elementləri
Risklərin idarə edilməsi qaydaları. Bankda risklərin idarə edilməsinin düzgün tətbiqini təmin etmək məqsədilə riayət olunmalı prosedurları tam və aydın müəyyən edən daxili qaydalardır.
Bank təcrübəsində bankın mikrosəviyyəli risklərinə daha çox diqqət yetirilir. Bura daxildir: kredit riski, kənar riski, əməliyyat riski, faiz riski, likvidliyin itirilməsi riski və s.
Kredit riski kredil sövdələşməsi ilə əlaqədar müştərinin kredit müqaviləsi şərtlərini yerinə yetirmək istəməməsi və ya yerinə yetirə bilməməsi ilə əlaqədar meydana çıxır. Bu borcalanın əsas borcunu və borca görə faizlərin ödənilməməsi riskdir. Kreditə görə faizlər ödənilmədikdə bank öz gəlirlərini itirir. Əsas borc qaylarılmadıqda bank həmin kredit sövdələşməsi üzrə itkilərə məruz qalır. Bank belə riskə qiymətli kağızlar, maliyyə aktivləri ilə sövdələşmələrdə bank tərəfindən zəmanətin verilməsi zamanı məruz qala bilər.
Kredit risklərinin minimuma endirilməsi üçün banklar aşağıdakı üsullardan istifadə edir.
1. Ssuda portfelinin diversifıkasiyası. (bank ssudaları və depozitlərinin geniş müştəri dairəsi arasında səpələnməsi).
2. Borcalanın kredit qabiliyyətinin ilkin təhlili.
-
Kreditin qaytarılmasını təmin edən üsullardan istifadə (girov, hamilik, zəmanət, sığorta).
-
Ssuda üzrə mümkün olan itkilərin ödənilməsi üçün ehtiyatın yaradılması.
Bank öz aktivlərini kənar dövlətin bankında yerləşdirə bilər. Həmin konkret dövlətdə və bankda olan vəziyyət itkilərə gətirə bilər ki, bu da kənar risk adlanır. Belə risklər kənar dövlətin iqtisadi, siyasi, sosial vəziyyəti ilə əlaqədar meydana çıxa bilər.
Bank daxili nəzarətin və bank idarəçiliyinin pozulması və eləcə də bankdaxili əməliyyatlardakı pozuntuluqlarla əlaqədar bank itkilərə məruz qala bilər ki, bu da əməliyyat riski hesab edilir.
Kredit və maliyyə bazarlarında bank əməliyyatları üzrə faizlərin bankın zərərinə dəyişilməsi banka zərər gətirə bilər ki, bu da faiz riski adlanır. Kredit əməliyyatları üzrə faizlərin azalması bankın gəlirlərinin aşağı düşməsi, ödənilməməsi isə bu əməliyyat üzrə mənfəət əldə edilməməsi kimi qiymətləndirilir. Bank öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar likvidliyin itirlməsi riski ilə üzləşə bilər. Bu risk bankın tələbi ilə öhdəliklərin həm vaxt, həm də məbləğ baxımından bir-birinə uyğun gəlmədikdə meydana çıxır. Bank əsasən cəlb olunmuş vəsaitlərlə işlədiyindən onları öz adından və öz hesabına yerləşdirməklə vasitəçi rolunu oynadığından bu risk bankın baza riski hesab olunur.
Bankların etibarlılığı bir növ risklərin idarə oluna bilməsi ilə müəyyən edilir. Risklərin idarə olunması risqlərin minimuma endirilməsi üçün tədbirlərin məcmusudur. Bank risklərinin idarə olunması üçün: diversifikasiya, keyfiyyətin idarə edilməsi, xüsusi kapitaldan istifadə, xarici risklərin nəzərə alınması, müştərinin maliyyə vəziyyətinin müntəzəm təhlili, risklərin bölüşdürülməsi, sürüşkən faizlərin tətbiqi, depozitlərin, kreditlərin sığortalanması və s. üsullardan istifadə olunur.
İqtisadi şəraitin qeyri-sabit olduğu inflyasiyanın tərəddüd etdiyi zaman banklar sürüşkən faizlərdən istifadə edirlər. Banklar inflyasiya səviyyəsi yüksəldikcə faiz dərəcələrini də artırırlar.
Risklərin idarə edilməsində banklar müştərilərin maliyyə vəziyyətlərini təhlil edir. Kredit verilməzdən əvvəl müştərinin kredit qabiliyyətinin müəyyən edilməsi və kredit verilən zaman bu göstəricinin nəzərə alınması kredit risklərinin xeyli azaldılmasına təsir göstərir.
16.4. İxtisaslaşdırılmış maliyyə-kredit institutları
Bank işinin inkişafı çoxlu miqdarda müxtəlif bankların yaranmasına gətirib çıxarır. Banklar mahiyyətcə eyni olsalar da, faktiki həyatda onların müxtəlif növləri vardır.
Dünya bank təcrübəsində banklar əsasən iki qrupa: universal və ixtisaslaşmış banklara bölünür.
Universal banklar: təsərrüfat sahələrindən, müştərilərin tərkibi, bankın passiv və aktivlərinin formalaşma xüsusiyyətlərindən, bankın xidmət regionundan asılı olmayaraq geniş miqyasda müxtəlif bank əməliyyatları və xidmətlərini yerinə yetirir.
İxtisaslaşmış banklar isə özünün əksər müştərilərinə bir neçə bank xidməti göstərməklə kifayətlənir. Banklar müəyyən kateqoriyalı müştərilərə və ya sahəyə xidmət üzrə də ixtisaslaşa bilər.
Dünya təsrübəsində əsasən banklar aşağıdakı əlamətlərə görə ixtisaslaşır:
1. Funksional ixtisaslaşma (investisiya, əmanət, ipoteka, klirinq).
2. Sahə üzrə ixtisaslaşma.
3. Müştəri üzrə ixtisaslaşma.
4. Ərazi üzrə ixtisaslaşma.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə bankların əksəriyyəti səhmdar cəmiyyəti formasında fərdi mülkiyyət əsasında yaradılır.
Bankların funksional göstəricilərinə görə ixtisaslaşması daha geniş yayılmışdır. Belə ki, ixtisaslaşma bankın fəaliyyət xarakterinə prinsipial təsir göstərməklə aktiv və passivlərin formalaşması xüsusiyyətlərini, balansın qurulmasını, eləcə də bankın müştəri ilə münasibətlərini müəyyənləşdirir.
Təşkilati formasına görə Əmanət bankları adətən açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Bankın səhmdarı kimi fiziki və hüquqi şəxslər çıxış edirlər. Səhmlərin 90 %-ə qədəri adi səhmlər, 10 %-ə qədərini isə güzəştli səhmlər təşkil edə bilər.
Əmanət bankının spesifik fəaliyyəti əsasən fərdi şəxslərlə əlaqədardır ki, onlar da onun aktiv və passiv əməliyyatlarını formalaşdırırlar.
Bankın nizamnamə kapitalı onun buraxdığı adi səhmlərin nominal dəyərinə bərabərdir.
Bankın passivlərinin 80%-dən çoxunu əhalinin qoyuluşları da daxil olmaqla müştərilərin vəsaitləri təşkil edir.
Əmanət bankının xüsusiyyəti ondadır ki, onun resurslarının böyük əksəriyyəti tələb edilənədək, müddətli yığım, məqsədli əmanət və s. formalarda əhalinin qoyuluşları hesabına formalaşır.
Tələb edilənədək əmanət üzrə pul vəsaitləri nağd qaydada istənilən məbləğdə, istənilən vaxt geri götürülə bilər, çek təqdim edilməklə bank köçürmələri aparıla bilər. Adətən bu əmanətlərdən bank əhalinin cari xərclərinin maliyyələşdirilməsində istifadə edir.
Yığım əmanəti – bahalı əşyaların alınması üçün pul yığımı formasıdır. Bu əmanətin xüsusiyyəti ondadır ki, bu əmanət dövri olaraq xırda məbləğlərlə tamamlana bilər. Tələb olunan əmanət kimi əmanətin bu növü də müddətsiz olur, lakin məbləğin götürüləcəyi haqqında bank qabaqcadan məlumatlandırılmalıdır.
Müddətli əmanət – saxlanılma müddəti müəyyən olunan əmanətdir. Bu əmanət növü üzrə məbləğin vaxtından əvvəl geri götürülməsi halında cərimələr nəzərdə tutulur. Belə əmanətin bəzi növləri nə tamamlana bilər, nə də hissə-hissə geri götürülə bilər. Müddətli əmanətlər banklara bu vəsaitlərdən daha dəqiq müddətə istifadə etmək imkanı verir. Ona görə də bu əmanət növü üzrə faiz dərəcəsi digər əmanət növlərində olduğundan yüksəkdir.
Müddətli əmanətlərin bir xüsusiyyəti də bank tərəfindən onların cəlb olunma müddətinin müəyyən edilməsidir. Vətəndaşlardan əmanət bir neçə aydan bir neçə ilədək qəbul edilir. Bank belə müddətli əmanətlər qəbul etməklə öz kredit portfelini formalaşdırır və bu müddətə uyğun öhdəliklərini planlaşdırır.
Əmanətlərin vacib xüsusiyyətlərindən biri də onlar üzrə faiz dərəcələrinin səviyyəsidir. Vətəndaşlar əmanət yerləşdirərkən təbii ki, hər əmanət növü üzrə faiz dərəcələri ilə maraqlanırlar. Əmanət bankları əmanət məbləğindən asılı olaraq mütərəqqi faiz dərəcələrini müəyyənləşdirir.
Faiz dərəcələrinin müəyyənləşdirilməsində əmanətin müddəti də əhəmiyyətli rol oynayır. Belə ki, müddətli əmanətlər üzrə daha yüksək faiz dərəcələri müəyyən edilir, banklar da bu vəsaitlərdən daha uzun müddətə istifadə edərək daha çox gəlir əldə etmək imkanı əldə edir. Faiz səviyyəsinə eyni zamanda gözlənilən inflyasiya dinamikası də təsir göstərir. İnflyasiyanın tempinin artması bankları da müddətli əmanətlər üzrə yüksək faiz dərəcəsini müəyyən etməyə imkan verir.
İnflyasiya tempinin aşağı düşməsi banklara bank kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasına lüzum yaradır.
Müddətli əmanətlərin bir xarakterik xüsusiyyəti də vəsaitlərin vaxtından əvvəl alınması imkanının olmasıdır. Bu zaman bank həmin əmanət üzrə aşağı faiz dərəcələri (tələb edilənədək əmanət səviyyəsində) formasında cəza tətbiq edir. Banklar bəzən belə halda faiz səviyyəsi tələb edilənədək əmanət üzrə faiz dərəcəsindən nisbətən yüksək olan mütləq rəqəmlə müəyən edilir.
Əmanət bankları təcrübəsində məqsədli əmanətlərdən geniş istifadə edilir. Əmanət bankları mənzil əldə edilməsi, bahalı əşyaların alınması, sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və s. üzrə məqsədlərə əmanət qəbul edir.
Belə əmanətlərin müddəti digər əmanətlərə nisbətən daha uzun olur. Bank əmanətçiyə əmanət məbləği nəzərdə tutulan səviyyəyə çatanda müəyyən güzəştlər edə bilər.
Ümumiyyətlə əmanət bankları əhaliyə müxtəlif xidmətlər göstərir :
-
Əmanətlərin qəbulu və verilməsi;
-
Kredit-hesablaşma xidməti;
-
Üçüncü şəxs əvəzinə zəmanət və digər öhdəliklərin verilməsi;
-
Fiziki və hüquqi şəxslərdən xarici valyutaların alınıb-satılması.
Əmanət bankları eyni zamanda passiv və aktiv əməliyyatları yerinə yetirir:
-
xüsusi kapitalın yaradılması;
-
əhalidən əmanətlərin qəbul edilib saxlanılması;
-
hüquqi şəxslərdən depozitlərin qəbulu;
-
dövlət qiymətli kağızlarının, depozit və əmanət sertifikatlarının satılması əmanət banklarının passiv əməliyyatlarıdır.
Resursların yerləşdirilməsi ilə əlaqədar əməliyyatlar aktiv əməliyyatlardır. Əmanət bankları bu baxımdan aşağıdakı əməliyyatları yerinə yetirir:
-
vəsaitlərin qiymətli kağızlara. İlk növbədə dövlət qiymətli kağızlarına yerləşdirilməsi;
-
banklararası kredit;
-
hüquqi şəxslərə kredit;
-
əhalinin kreditləşdirilməsi.
Əmanət banklarının aktiv əməliyyatları içərisində əhalinin kreditləşdirilməsi əsas yer tutur. Əmanət bankları əhaliyə fərdi mənzil inşaatına, fərdi mənzilin alınmasına, təxirəsalınmaz ehtiyaclara kredit verilir.
Funksional ixtisaslaşma baxımından ölkənin iqtisadiyyatında investisiya bankları əhəmiyyətli yer tutur.
İnvestisiya bankları – investisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsini həyata keçirən kredit institutudurlar. Bu banklar spesifik bank idarələridir. Bu həm ssuda kapitalları bazarının xüsusiyyətləri, həm də sənayecə inkişaf etmiş ölkələrin bank qanunçuluğu ilə əlaqədardır. Belə ki, bəzi ölkələrdə kommersiya banklarına investisiya əməliyyatları ilə məşğul olmağa qanunla qadağalar qoyulur.
İnvestisiya bankları səhmlərin emissiyası, səhmlərin, ticarət və sənaye kompaniyalarının istiqrazlarının bazarda yerləşdirilməsi funksiyalarını yerinə yetirir.
Digər banklar kimi investisiya bankları aktiv və passiv əməliyyatları yerinə yetirir.
İnvestisiya banklarının resursları əsasən bankların özlərinin qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb olunmuş vəsait hesabına formalaşır.
İnvestisiya bankları kommersiya banklarından fərqli olaraq öz resurslarını qısa və ortamüddətli depozitlər hesabına formalaşdıra bilmir. İnvestisiya bankları resurslarını yerləşdirilmiş qiymətli kağızların girovu əsasında kommersiya banklarından aldıqları kredit hesabına da formalaşdıra bilir. Əksər hallarda investisiya bankları bank holdinqlərinin tərkibində fəaliyyət göstərir və ya iri maliyyə kompaniyalarının qız (törəmə) cəmiyyətləri sifəti ilə çıxış edir. İnvestisiya bankları qiymətli kağızlarını satışa çıxararkən prinsipal və agent kimi fəaliyyət göstərə bilər. İnvestisiya bankı prinsipial qismində çıxış edərkən yeni buraxılmış qiymətli kağızların hamısını satın alıb sonradan bazarda satılması öhdəliyini qəbul edir. Bu əməliyyata görə mükafat formasında qazanc əldə edir. Buraxılmış bütün qiymətli kağızlar bazarda satılmadıqda prinsipallar itkilərə məruz qala bilər.
İnvestisiya bankı agent qismində çıxış edərkən o emitentlə müqavilə imzalayır. Həmin müqaviləyə o mümkün qədər çox qiymətli kağız satmaq üçün maksimum cəhd göstərmək öhdəliyini qəbul edir. Agent, qiymətli kağızların satışı üzrə məsuliyyət daşımadığına görə onun mənfəəti hər satılmış qiymətli kağızın dəyərindən faiz kimi verilən komisyon mükafatı hesabına formalaşır.
İnvestisiya bankları bir bank kimi aşağıdakı aktiv əməliyyatları yerinə yetirir:
-
qiymətli kağızların girovuna əsasən uzunmüddətli ssudalar verir;
-
bank investisiyasını həyata keçirir.
Qiymətli kağızların girovu üzrə ssudalar qiymətli kağızların kurs dəyəri həcmində verilir və qiymətli kağızların özləri müvəqqəti olaraq borcalandan bankın sərəncamına keçir.
Uzun müddət iqtisadiyyatda «investisiya» və «kapital qoyuluşları» anlayışları eyniləşdirilirdi. İnvestisiya dedikdə, bütün əmlak və intellektual qiymətlilərin mənfəət gətirən sahibkarlıq fəaliyyəti obyektlərinə yönəldilməsi başa düşülür. Kapital qoyuluşu isə yeni əsas fondların yaradılması, mövcud əsas fondların genişləndirilməsi, yenidən qurulması, modernləşdirilməsi ilə əlaqədar xərclərin məcmusudur.
Kapital qoyuluşları əsasən müəssisənin xüsusi vəsaitləri və büdcə vəsaiti hesabına maliyyələşir. Xüsusi vəsaitlərin tərkibində əsas yeri amortizasiya ayırmaları və mənfəət tutur. İnvestisiya bankları kommersiya banklarından fərqli olaraq depozit qəbul etmir və kredit hesablaşma əməliyyatlarını yerinə yetirmir.
İpoteka bankı daşınmaz əmlakın girovu üzrə kreditləşməyə ixtisaslaşan bankdır. İlkin qaydada ipoteka bankları dövlət bankı kimi fəaliyyət göstərmişdir. Bu bankların yaradılmasında məqsəd iri mülkədar təsərrüfatlarına maliyyə yardımı göstərmək idi.
İpoteka kreditləri sərfəli kredit formasıdır. Kredit və kreditə görə faizlər az məbləğlərlə cari gəlirlər hesabına ödənilir ki, bu da borc alan üçün sərfəli vəsait əldə etmə mənbəyidir. Məsələn, icarəyə veriləsi mənzil fondu tikintisinin maliyyələşdirilməsi zamanı ipoteka borcu yalnız kirayə haqqı müqabilində ödənilir.
Kreditlərin verilmə mənbəyi onların buraxdıqları borc öhdəlikləridir. Bankın borc öhdəlikləri onları alana faiz formasında möhkəm, etibarlı gəlir gətirir. Buraxılan borc öhdəlikləri bank tərəfindən təqdim olunan zəmanətli ipoteka ilə təmin olunurlar.
Kreditin təhlükəsizliyi girov qoyulan obyektin qiyməti ilə müəyyən edildiyindən hər hansı bir torpaq sahəsi ipoteka bankının obyekti hesab edilməyə bilər.
İpoteka bankları iqtisadiyyatda ikili rol oynayır. Bir tərəfdən uzunmüddətli torpaq kreditinin təminatçısı olmaqla sosial institut kimi, digər tərəfdən kapital qoyuluşunun müdafiəçisi və gəlir gətirən vəsait kimi borc öhdəliklərinin emitenti kimi çıxış edir.
İpoteka bankları kapital qoyuluşu ilə real kreditor arasında vasitəçi kimi çıxış edir. Girov kağızlarını (borc öhdəlikləri) alanların kapitalı bir obyektlə deyil, bankın bütün obyektlərinin məcmusu ilə təmin olunur. Bu təminat borca zəmanət verir. Beləliklə, riskin səpələnməsi prosesi baş verir. Bir obyektə görə borc verən fərdi şəxslərdən fərqli olaraq bankla çoxsaylı kredit alanlardan daxil olan vəsaitləri aşağı faiz dərəcələri ilə yeni kreditlərin verilməsinə yönəldə bilir.
İpoteka banklarının xüsusi vəsaitlərinin payı digər kommersiya banklarında olduğundan yüksəkdir. İpoteka bankları bu və ya digər formalarda dövlət dəstəyi və dövlət zəmanətinə malik olur. Belə hal bankların özünün kreditlərinin və onların buraxdıqları girov kağızları sahiblərinin riskini xeyli aşağı salır.
İpoteka bankları müxtəlif kommunal ictimai quruluşlara borc verə bilir. Bu zaman borc ipoteka ilə deyil, vergilər hesabına əldə edilən vəsaitlərlə təmin olunur. İpoteka bankların risk ilə əlaqədar olan yardımçı fəaliyyətlər qadağan edilir. Məsələn, bank öz borclularından yalnız zərərlərin aradan qaldırılmasına, öz ehtiyaclarını ödəmək məqsədi ilə inzibati binanın tikintisinə və öz işçilərinin mənzilə olan ehtiyacını ödəmək üçün torpaq sahəsi ala bilər. Aldığı torpaq sahəsindən möhtəkirlik məqsədi ilə istifadəyə icazə verilmir.
Bütün ölkələrdə ipoteka banklarının fəaliyyəti xüsusi qanunçuluqla və xüsusi normativ aktları ilə nizamlşadırılır.
İpoteka bankları öz fəaliyyətlərini girov hüququ əsasında həyata keçirir.
Girov hüququnun mahiyyəti ondan ibarətdir ki, girov obyekti auksionda məcburi satışa qoyularkən ipoteka və ipoteka borcu kreditorları obyektin satışından gəlirin borcların ödənilməsinə yönəldilməsi prosesində digər kreditorlara nisbətən imtiyazlı hüquqa malikdir. Yalnız imtiyazlı kreditorların iddiaları ödənildikdən sonra növbəlilik əsasında digər kreditorların iddiaları ödənilə bilər.
Əmlak sahibinin müflisləşməsi zamanı girov hüququnun kreditorları xüsusi hüquqa malikdirlər. Onlar müəyyən kvota ilə razılaşmayaraq girov obyektinin auksionda məcburi satışına nail ola bilərlər.
Girov obyekti satılsa və ya sahiblik hüququ hər hansı bir yolla digər sahibkara keçərsə, girov hüququnun mahiyyəti dəyişmir.
Bir bank kimi ipoteka bankları passiv və aktiv əməliyyatları yerinə yetirirlər. İpoteka banklarının bu əməliyyatları kommersiya, əmanət və investisiya banklarının əməliyyatlarından fərqlidir.
İpoteka banklarının passiv əməliyyatlarının yarıdan çoxu uzunmüddətli istiqrazların emissiyasının payına düşür. Passiv əməliyyatların digər hissəsini uzunmüddətli borc və keçici kreditlər qaydasında cəlb olunmuş vəsaitlər, səhmdar kapitalı, ehtiyat fondu və bölüşdürülməmiş mənfəət formasında olan xüsusi vəsaitlər təşkil edir.
İpoteka banklarının aktiv əməliyyatlarının 85 %-ə qədərini sənaye və mənzil inşaatına ayrılan uzunmüddətli kreditlər təşkil edir. Aktiv əməliyyatlara eyni zamanda keçici kreditlər də daxildir. Buraya dövlət vəsaitinə, qiymətli kağızara və s. qoyuluşlar daxildir.
Pul yığımlarının səfərbər edilməsi uğrunda ipoteka bankları ilə kommersiya bankları və digər kredit institutları arasında gedən ciddi rəqabət ipoteka banklarını ənənəvi əməliyyatlar çərçivəsindən kənara çıxarmağa vadar etmişdir. Ona görə də bütün dünyada ixtisaslaşdırılmış institut kimi ipoteka banklarının sayı azalmaqdadır. İpoteka bankları fiziki şəxslərdən əmanət cəlb etmək, öz vəsaitlərini fərdi qiymətli kağızlara yerləşdirmək, lizinq, faktorinq və digər əməliyyatlar aparmaq imkanı əldə etmişlər. Lakin ipoteka kreditləşməsi ilə ixtisaslaşmış ipoteka institutları ilə yanaşı kommersiya, əmanət, investisiya bankları, kredit ittifaqları, tikinti cəmiyyətləri də məşğul olurlar.
Son illərdə ipoteka kreditləşməsi texnikasında müəyyən zəruri dəyişikliklər baş vermişdir. Belə ki, əgər əvvəllər bank ipotekaya görə krediti girov vərəqələri reallaşanadək öz xüsusi vəsaitləri hesabına verirdisə, hal-hazırda banklar qabaqcadan kreditləşməni həyata keçirmirlər. Kreditləşmə yalnız girov vərəqələrinin reallaşmasından sonra həyata keçirilir. Bununla yanaşı ipoteka banklarının passiv əməliyyatlarında dövlət vəsaitləri geniş rol oynamağa başlamışdır.
Dünya ipoteka təcrübəsində ipoteka kreditinin əsas mənbəyi kimi əhalinin pul yığımları, hüquqi şəxslərin sərbəst pul vəsaitləri, eləcə də qiymətli kağızların təkrar bazarı çıxış edir.
Do'stlaringiz bilan baham: |