125. QAÇAQ NƏBİ
I mətn
Qaçax Nəbi qanan uşağmış, quzuların otarırmış. Görür ki, bir dəsdə atdı gəlir. Saray kəndində bir bəy vardı, onun dəsdəsi olur. Deyir, ə, balaca çoban, quzu kimindi? Deyir ki, mənim dədəmindi. Ə, kimin oğlusan? Filankəsin. Toğluluq quzu varmış, deyir, onu tut ver atın qujağına. Deyir ki, sən kimsən ki mənə əmr eliyəsən? Onu toxumlux saxlıyır mənim atam. Bunun üsdündə Nəbini döyür. Nəbi də yadında saxlıyır, gəlib evdə deyir. Mollu da üş-dörd tirə olubdu. Qaçax Nəbinin tayfası Köçərili olub. Gəlib evdə deyir. Atası deyir, dinmə, sora hesabın çəkərəm. Yatdığı yerdə bir gün gedib evin də odduyajam, özün də öldürəjəm. Qaçax Nəbi də özünə dəsdə topluyur qaçaxlığ eliyir.
Onun dəsdəsində Şah Hüsöyün addı bir nəfər olur. Bir gün bular Akara stansiyasından çıxıf Zəngilana gedən yolda Ağoyuğun düzünnən keçəndə hökumət adamları Qaçax Nəbinin qardaşı Mehdini vurur. Olar üç qardaş olublar. Nəbi, Mehdi (üçüncünü yadına sala bilmədi – top.). Qaçax Nəbi görür qardaşı öldü, bunun dəsdəsi bir az seyrəldi. Çıxır gedir İrana. Nəbinin öz atı altında, qardaşının atı da dalınca kişniyə-kişniyə gəlirmiş. Həcərə də deyir ki, mən gəlməsəm narahat olma. İranda bir müddət yaşıyır. Arada gəlib burda qırdığını qırırmış, öldürdüyünü öldürürmüş, çıxıf gedirmiş.
Molluda Əziz varıdı. Bir günnəri Həcər Əzizi çağırır, deyir ki, əmi, getginən İrana, Nəbini tap, deynən Həcər yolunu gözdüyür. Məni əvvəl-axır kimsə aparajax. Gəl məni apar. Əziz dəvriş libasında düşür yola, gedib çıxır İrana. Dəvriş libasında qəsidə deyirmiş. Nəbi də öz atın satıb ayrı at almışdı ki, onu tanıyan olmasın. Bircə bu sirri Şah Hüsöyünə verirmiş. Şah Hüsöyün də Dəstəkli kəndinnən imiş. Arvadının adı Növrəsdə olub, iyid arvad olub. Nəbi atdı dəsdəsiynən gəlib böyrünnən keçəndə Əziz durur atın ayaxların qujaxlıyır: “Əmoğlu, saa qurban olum, başına dönüm, səni gördüm salamatsan”. Bu özün bilməməzdiyə vurur. Deyir, ə, vurun bu qoca köpəyi. Əzizi o ki var Nəbinin adamları döyür. Əziz deyir, ə, bu niyə belə elədi? Axı sirri bilmir.
Nəbi gedir öz yaşadığı yerdə oturur ağlıyır. Deyir, ə, mən öz canımın qorxusunnan öz ağsakqalımı döydürdüm. Mən nətər eliyim onu tapım, üzr isdiyim. Adamlarının birini göndərir ki, gedin filan yerdə dəvriş var, onu tutun gətirin mənim yanıma. Gedif gətirillər dəvrişi bunun yanına. Durur əlin-ayağın qujaxlıyır. Deyir, əmoğlu, elədiyim hərəkətə görə məni bağışda. Mənim Nəbi olduğumu burda heş kim bilmir. Paşa bəy məni həmişə izdiyir. De görüm niyə gəlmisən? Deyir, məni Həcər göndərif. Deyif ki, get Nəbini tap, denən ki məni incidirlər. Gəl məni apar ayrı yerdə saxla, mənim Həcər olduğumu orda kim biləjəh. Nəbi buna qəşəhcə pul verir, paltar alır, bir at da verir altına. Adamlarının birinə deyir ki, apar bunu Arazdan keçirt gəl. Götürür gəlir, keçirdir. Gəlib Həcərə deyir. Həcər deyir, yox, Nəbi mənnən əl çəkən deyil. Piyada da olsa gedif onu tapbalıyam. Əziz bir də gəlir. Gələndə deyir ki, əmi, sən məni tanıdın, bildin. Məni burda Nəbi kimi tanıyan yoxdu. Buranın bəyi Paşa bəydi. Bilsə ki, mən Nəbiyəm, məni ələ verər. Get Həcərə denən ki, mən daha ora gəlmiyəjəm. Qardaşım Mehdidən sora mən and içmişəm ki, arvadnan yaşamıyajam.
II mətn
Şah Hüsöyün bunu satır. Deyir, Paşa bəy, Nəbi qoltuğumuzun divində hərrənir, mən Nəbinin qorxusunnan dinmirəm. Nəbi də əvvəl-axır səni öldürəjeh. – “Ə hardadı?” Deyir, filan yerdə. Deyir, məni onu öldürərəm. Deyir, yox, öldürəmmiyəssən, o çox sayıxdı. Gəl belə bir iş elə. O vaxdı qara damlar olub. Deyir, qapının girəcəyində quyu qaz, quyunu bir az gen götür, üsdünə gəvə atginən. Nəbi gəlif ayağını atanda düşəjək quyuya, o quyuda öldürərsən. Belə də eliyillər, Nəbi düşür quyuya. Axı bu əhvalatı Şah Hüsöyün qurur. Paşa bəy buna çoxlu qızıl verir, nə qədər mal-mülk verir. Bir ərazini də deyir ki, sənin oldu, get orda yüzbaşı olginən, arxayın yaşa. Mənim yeganə düşmanım Nəbi idi, bu sirri ki mənə verdin, məni Nəbidən qutardın, sağ ol. Gətirif qızılı evə verəndə arvadı Növrəsdə deyir ki, bu nədi? Deyir, Nəbini satdım Paşa bəyə, o verif buları. Deyir, niyə satdın? Deyir, kasıb idik da, o qızıla görə satdım. Deyir, yaxşı elədin, otur. Oturur çörək-zad yeyir. Arvad durur yemək hazırrıyır. Deyir, tüfəngi as ordan, gəl ot. Qəfil durur bu arvad tüfəngi götürür, deyir, ə beqeyrət, neçə il Nəbinin dəsdəsində qaçaxçılığ elədin, orda iki arvad idik, biri Həcər idi, biri mən. Nəbi məni öz bacısınnan çox isdiyirdi, namusumu, qeyrətimi çəkirdi. Saa neynəmişdi, onu satdın? Səni müdafiyə elədi, düşmanlarınnan canı qutardı. Üzuu çevir ayna, can verəndə üzu görmüyüm. Şah Hüsöynü vurur. Aşıxlar ona bir qoşma qoşmuşdular. Deyir ki,
Paşa bəy İranda bir hiylə qurdu
Nəbinin dəsdəsi üzünə durdu.
Gəlif gedənnərdən yolunu sordu
Qoy sana desinnər, ay qaçax Nəbi
Həcəri özünnən ay qoçax Nəbi.
Do'stlaringiz bilan baham: |