Tətbiq etmə qaydası.
“Əqli hücum”un hansı problem üzrə aparılacağını qərarlaşdırın. Onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaşdırın.
Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin.
Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ayrı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər.
Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər.
Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bildirməyə məcbur etməyin.
İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin.
Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda bildirin.
Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah etməyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın.
Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, gözlənilməzi və ağılsızı ən faydalı və maraqlı olur.
İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün təklifləri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər.
Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iştirakı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud problemin həllinə kömək edən ideyaları seçmək mümkün olsun.
Rollu oyunlar
Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.
Rollu oyun kiçik improvizasiya-pyesdir. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur.
Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətmək, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.
Tətbiq etmək qaydası.
Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.
Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır.
Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir.
Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.
Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər.
Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir.
Yekunlaşdırarkən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ayrı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir.
Do'stlaringiz bilan baham: |