İnteraktiv təlim metodlarının
təsnifatı və məzmunu
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verə bilər ki, şagirdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.
Sosial-psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı münasibətidir. Əməkdaşlıq, açıqlıq, bir-birini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mətbuat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məhrum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.
Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır:
məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər və s.;
təbii mühit: canlı və cansız təbiət;
yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.
Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim prosesində çox az istifadə olunur. Açıq havada dərslər və ekskursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişafını (və ya inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar:
Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək materialın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifadə edə bilməsi daxildir.
Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadisələrin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.
Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu konkret şərait və vəziyyətdə tətbiq edə bilməsi.
Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla strukturunu müəyyən etməsi.
Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı alması.
Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə bilməsi.
Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tətbiq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, tədrisdə tətbiq edilmə imkanlarını nəzərə aldıqdan sonra mövzunun hansı interaktiv təlim metodundan istifadə edilərək tədris ediləcəyini müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə səmərə yüksək olur.
İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnteraktiv təlim metod və texnikaları mahiyyətinə görə bir neçə yerə qruplaşdırıla bilər. Bu qrupları aşağıdakı kimi təsnif etmək olar:
1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, suallar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.
2. Müzakirə metodları: müzakirə, diskussiya, debatlar, müzakirə xəritələri, Sokrat üsulu, akvarium.
3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnələşdirmə.
4. Prezentasiya metodları: təqdimatlar, esse.
5. Tədqiqatın aparılması metodları: problemin həlli, kublaşdırma, konkret hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin hazırlanması, sorğu vərəqləri və müsahibələr, qərarlar ağacı, ideyalar xalısı, refleksiya.
6. Təşkilati metodlar: ziqzaq, karusel.
Do'stlaringiz bilan baham: |