Fakültativlər və seçmə kurslar tədris planı üzrə məktəblilərin, onların valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib hazırlanır. Fakültativlərin və seçmə kurslar siyahısı tərtib edilərkən təkcə şagirdlərin arzularına deyil, həm ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə hazırlanması zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakültativ və seçmə məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.
Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhətlər prosesində müəllim şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün başa düşsün, mürəkkəb tapşırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı öyrənsinlər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çıxarmağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan məsələlərə yönəltməyə imkan verir. Düzgün təşkil edilmiş məsləhət şagirdlərdə özünənəzarət, öz biliklərinə tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən etməyə kömək edir.
14.3.1. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması
Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki komponentdən biridir). Dərsə verilən tələb kimi müəllimin fəaliyyətin müvəffəqiyyəti üçün də müəyyən şərtlər mövcuddur. Mühüm şərtlərdən biri müəllimin dərsə hazırlığıdır. Bunu pedaqoqlar xüsusi vurğulayırlar.
Müəllim dərsə hazırlaşarkən təlimin başlıca funksiyalarının – təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirəcəyi diqqət mərkəzində durmalııdr. Bu məqsədlə o, əvvəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qaydanı, anlayışı dəqiqləşdirir, aşılayacağı tədris və idrak bacarıqlarını müəyyənləşdirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi estetik və s. keyfiyyətlərin formalaşmasına təkan verəcəyini aydınlaşdırır; üçüncüsü dərsin məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsi ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü, iradəni və s. inkişaf etdirəcəyini konkretləşdirir.
Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şagirdlərin nə ilə məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca didaktik məqsəd və vəzifələrdən asılı olaraq təlim metodlarının seçilməsi də müəllimin dərsə hazırlığına aiddir. Hansı əyani və texniki vasitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğətlərdən və s. dərsdə istifadə edəcəyini müəllim qabaqcadan düşünür.
Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik işləmə, təfsilatlı plan və ya cədvəl formasına düşə bilər.
Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöqteyi-nəzərindən B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bilər. O, yazır ki, müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas götürməlidir: 1) proqramın tələblərini; 2) şagirdlərin real səviyyəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) vasitə və metodları və s. Dərsin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkəzində saxlanmalıdır:
1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nəyi tələb etdiyinin diqqətlə öyrənilməsi;
2. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədəbiyyatın nəzərdən keçirilməsi, öyrənilməsi.
3. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gətirmək, materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdırmaq, müvafiq iş priyomları müəyyənləşdirmək zəruridir;
4. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda “Nəyə nail olmalıyam?” sualına cavab vermək lazımdır.
5. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzərində işlətmək lazım gəldiyini aydınlaşdırmaq;
6. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə müəllimin öz imkanları arasındakı əlaqə müəyyən edilməlidir;
7. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı yazılmalıdır;
8. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilməlidir.
Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-masının proqram materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əhmədov göstərir ki, məktəbdə proqram materialı iki şəkildə planlaşdırılır: perspektiv, cari. Perspektiv planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana əsaslanır və hər bir konkret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini, mərhələlərini, müstəqil işləri və s. əks etdirir .
Y. Talıbov, Ə.Ağayev, İ.İsayev, A. Eminov da müəllimin dərsə hazırlaşması məsələsinə xüsusi əhəmiyyət vermişlər. M.M.Mehdizadə yazırdi ki, ”...belə bir həqiqəti sübut etməyə ehtiyac yoxdur ki, dərsin elmi-nəzəri və metodik səviyyəsi, onun təlim və tərbiyə səmərəsinin yüksəldilməsi xeyli dərəcədə müəllimin bütövlükdə öz fənnini tədris etməyə ümumi hazırlığının necə olmasından və xüsusən növbəti dərsə hazırlaşmasından asılıdır”.
Şübhə yoxdur ki, dərsə hazırlıq, dərsin planının tərtibi ilə başa çatır. Bu dərsin mütləq komponentidir, bunsuz müəllim dərsdə qarışıqlıq yaranması, bununla da məşğələlərin səmərəliliyinin azalması təhlükəsi qarşısında qalır.
Dərsin planlaşdırılması ilə bağlı V.A.Onişşuk göstəriri ki, dərs planının keyfiyyəti onda dərsin bütün ünsürlərinin əks olunmasından asılıdır. Y.K.Babanski optimallaşdırma prinsiplərinə uyğun təlimin planlaşdırılması və təşkilinin ardıcıllığını təqdim etmişdir. Onun təqdimatı belədir:
1. Təhsil, tərbiyə, intellektual, iradi və emosional inkişaf vəzifələrinin planlaşdırılması;
2. Hər bir sinfin xüsusiyyətlərinin nəzərə alınması ilə təlim vəzifələrinin konkretləşdirilməsi;
3. Təlim materiallarının məzmununda başlıcanın dəqiq ayrılması;
4. Sorğu, yeninin öyrənilməsi, çalışmalar və s. ardıcıllığının şüurlu şəkildə seçilməsi;
5. Təlimin vasitə, metodlarının verilmiş şəraitdə daha yaxşı uzlaşmasının seçilməsi. Dərsin gedişində təlim metodlarına xüsusi təshihin verilməsi;
6. Təlimin təşkilinin əsaslandırılmış formasının seçilməsi. Daha hazırlıqlı və zəif mənimsəməyə malik şagirdlərə fərdi yanaşma.
7. Təlimin əsaslandırılmış tempinin seçilməsi. Fəaliyyətdə olan normalara uyğun ev tapşırığının həcminin müəyyənləşdirilməsi. Digər müəllimlərlə ev tapşırığı həcminin koordinasiya edilməsi;
8. Təlim üçün yüksək səviyyəli şərait və imkanlara çalışmaq;
9. Təhsilvermə, tərbiyə və inkişaf planı ilə təlimin nəticələrinin təhlili. Ev tapşırığına şagirdin vaxt itkisinin rasionallığının nəzərə alınması.
Praktikada bir çox müəllimlər ağırlıq mərkəzini ayrı-ayrı dərslərə hazırlıq üzərində yerləşdirir, tədris ili və tədris mövzusu üzrə hazırlığa isə kifayət qədər diqqət vermirlər. Bizim fikrimizcə, tematik planlaşma ilə dərslər üzrə planlaşma (cari planlaşma) qarşı-qarşıya qoyula bilməz.Tematik planlaşma zəruridir, bunsuz dərslər üzrə planlaşma lazımi nəticəni verə bilməz. Eyni zamanda tematik planlaşmaya nisbətən dərslər üzrə planlaşma zaman və məkana görə daha konkret məna daşıyır.
Do'stlaringiz bilan baham: |