Fənn-Politologiya
Qrup-771A3
Tələbə-Tərlan Əliyarbəyov
Müəllim-Vəfa Əhmədova
Mövzu-Azərbaycan parlamentinin tarixi ve muasir dovru
Parlamentarizm ənənələrinin çoxəsrlik tarixi vardır. Dəqiq müəyyən edilmiş qanunvericilik səlahiyyətlərinə malik ilk dövlət idarəetmə orqanı qədim Yunanıstanda Xalq Məclisi, qədim Romada Senat olmuşdur. Orta əsrlər Avropasında ilk parlament 930-cu ildə İslandiyada toplanmışdır. Bu nümayəndəli orqan "Altinq” adlanırdı. Lakin müasir parlamentarizmin vətəni İngiltərə sayılır. 1215-ci ildə məhz İngiltərədə Böyük Azadlıq Xartiyası qəbul edilmiş, bu akta uyğun olaraq kralın hakimiyyəti xüsusi nümayəndəli orqan tərəfindən məhdudlaşdırılmışdır.
Mötəbər tarixi mənbələr sübut edir ki, qədim dövrdə və orta əsrlərdə mövcud olan Azərbaycan dövlətlərində də idarəçiliyə və ictimai həyata dair qərarlar kollegial səciyyə daşıyan məşvərət-məsləhət yolu ilə qəbul edilmişdir. Bu isə Azərbaycanda parlamentarizm rüşeymlərinin məhz qədim dövrlərdən bəri formalaşdığı barədə mülahizələrin əsassız olmadığını ortaya qoyur.
XX əsrin əvvəllərində Rusiyada ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz layiqli töhfəsini vermişdir.
Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları da daxil olmaqla, Azərbaycandan Rusiyanın I Dövlət Dumasına 6 nəfər deputat seçilmişdi. Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan İrəvanski Dumanın işində fəal iştirak edirdilər. I Dumada Rusiyanın müxtəlif regionlarını təmsil edən 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı. Fraksiyanın ilk iclasında Əlimərdan bəy Topçubaşov onun rəhbəri seçilmişdi.
II Dövlət Dumasına da Azərbaycandan 6 nəfər deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov. Bu deputatların hamısı parlamentin müsəlman fraksiyasına daxil edilmiş, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov isə büronun üzvü olmuşdular. III və IV dövlət dumalarında da Azərbaycan təmsil olunmuşdu. Bütün bu faktlar Azərbaycan xalqının dünya parlamentarizm ənənələrinin təşəkkülünə və inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın qədim və zəngin dövlətçilik tarixinin ən önəmli hadisələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çox qısa müddət ərzində fəaliyyət göstərsə də, onun demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti məhrumiyyətlərlə dolu olan çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi. Birinci Dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca baş verən inqilablar didib-parçalayırdı. 1917-ci ilin fevral inqilabı monarxiya rejimini birdəfəlik devirdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi.
Hakimiyyətə gələn bolşeviklərin müharibədən çıxdıqlarını elan etməsi bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da ictimai-siyasi şəraiti dəyişdirdi.Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini - Zaqafqaziya parlamentini yaratdılar. Seymin müsəlman fraksiyası Azərbaycan əhalisini təmsil edən 44 deputatdan ibarət idi.
1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Demokratik Federativ Respublikasının uzun müddət fəaliyyət göstərməsinə imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Do'stlaringiz bilan baham: |