Müqayisəli oxu. Şagirdlər oxuduqları mətnlə digər mətnlər arasında müqayisə aparmaqla düşüncə tərzlərini və bacarıqlarını inkişaf etdirirlər. Verilmiş mətn oxunduqdan sonra şagirdlərdən bu mətnin əvvəl oxuduqları digər mətnlərlə hansı oxşar və fərqli cəhətlərinin olduğu soruşulur. Şagirdlərə mətnlər arasında yer, zaman, obraz, personajlar, mövzu, fikir və hadisə baxımından əlaqə yaratmaları tapşırılır. “Bu əsərin mövzusu ilə əvvəllər oxuduğunuz...?”, “... adlı kitabın mövzusu arasında nə cür əlaqə görürsünüz?”, ”Bu iki mətn arasında obraz və personaj baxımından hansı oxşarlıq mövcuddur?” və s. suallarla şagirdlərə istiqamət verilir.
İSOAT-“İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”. 1960-cı ildə psixoloq Robinson tədris prosesində apardığı araşdırmalarda oxu sürətinin artırılması, məlumatı qavrama, yaddasaxlama, oxuyub anlamanın keyfiyyətini artırmaq üçün oxu prosesini 5 mərhələdə aparmağı təklif etmişdir. “İSOAT”ın açılışı belədir: “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”.
İzlə-mətnin əvvəldən sona qədərə gözdən keçirilməsi, ilkin baxış mərhələsidir. Bu zaman mövzunun adına, hər bir abzasın ilk və son cümləsinə, mətn daxilində xüsusi işarə və forma ilə fərqləndirilən sözlərə, ifadələrə diqqət yetirilir. Burada verilmiş mətnin bütövlükdə oxunması vacib deyil.
Soruş-bu addımda “izlə” mərhələsində oxunanlara dair suallar formalaşdırmaq vacib şərtdir. Əgər oxunanlardan suallar yaranmayıbsa, deməli, mövzu yetərincə anlaşılmayıb. Mövzu başlıqları, oxşarlıq və fərqliliklərdən yaranan suallar, sanki imtahan suallarıdır, onları bir vərəqdə qeyd etmək faydalıdır. Suallara 5-10 dəqiqə vaxtın ayrılması kifayətdir.
Oxu-burada “soruş” mərhələsində yazılan suallara cavab tapılmalı və lazım gələrsə, onlar qeyd edilməlidir. Oxunan mətndəki əsas fikirlərin, xüsusi işarəli söz və ifadələrin diqqəti daim cəlb etməsi üçün həmin hissənin altından xətt çəkilməli, yaxud xüsusi işarələrlə fərqləndirilməlidir.
Anlat (izah et)-mətnə baxmadan “Soruş” mərhələsindəki suallara “Oxu” mərhələsində mətndən tapıb qeyd edilən müvafiq cavablar sanki qarşıda sizi dinləyən biri varmış kimi uca səslə nəql edilməlidir.
Təkrarla-öyrənilən istənilən növ biliklərin çoxunun ilk bir saatda 70%-ə qədərinin unudulduğunu nəzərə alsaq, onda “Anlat” mərhələsində məlumatın yenidən təkrar olunmasının zəruriliyi üzə çıxır. Öyrənilməmiş məlumatları nəql etmək mümkün deyil, buna görə də təkrar oxu çatışmayan cəhətləri görmək və tamamlamaq baxımından çox faydalıdır.
Do'stlaringiz bilan baham: |