YEDDİNCİ DƏRS
VEDA DİNİ (1)
Veda ayini Hindistanın ən qədim tarixə malik əsas və mütəşəkkil dinlərindən biri hesab olunur. Belə ki, Hindistanın ən məşhur dinləri, o cümlədən brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm də bu ayin əsasında formalaşmışlar. Əslində onlar veda dininin dəyişdirilmiş və islah olunmuş forması hesab olunurlar. Qeyd olunan dinlər üzrə tədqiqatlar veda ayini ilə tanışlığa əsaslanır. Buna görə də hal-hazırda saysız-hesabsız Hindistan əhalisinin əksəriyyətinin itaət etdiyi hinduizm və buddizm kimi mühüm və böyük dinləri araşdırmazdan əvvəl, onların veda ayinindən qaynaqlanan dəyişikliklər prosesini tədqiq etməyi lazım bildik.
VEDA AYİNİNİN TARİXİ
Hindistan şimal tərəfdən fələyə ucalan Himalay dağları ilə əhatə olunduğuna görə monqol fatehlərinin hücumlarına, ağrı-acılarına mə`ruz qalmasa da, şimal-qərb istiqamətdən Bəlx və ya İran tərəfdən mühacir və fatehlər üçün yol açıq idi. Bu amil də miladdan 1500 il əvvəl mühacir ariya tayfasının İrandan Hindistana köçməsinə və hal-hazırda “dəravidi” adlanan qara dərili yerli əhali arasında davamlı müharibələrin baş verməsinə səbəb olmuşdur. Nəticədə köçərilər Hindistan yarımadasının şimal hissələrini ələ keçirdilər. Onlar öz hakimiyyət dairələrini Vendiya sıra dağlarına, daha sonra isə Dekan məntəqəsinə qədər cənuba doğru genişləndirdilər. Ariyalılar Hindistanın bu ərazilərində hökmranlığı ələ aldıqdan sonra tədricən öz mədəniyyət, e`tiqad və təfəkkür üslublarını da yerli əhali arasında yaymağa başladılar. Veda ayinini həmin e`tiqadların Hindistan yarımadasına nüfuz edib yayılmasının nəticəsi hesab etmək lazımdır.
Veda ayini ilk dövrlərdə xüsusi və ailə dini sayılırdı. Onun ən mühüm və ən geniş yayılmış dini ritualı günəş çıxanda və batarkən hər gün iki dəfə evlərdə qeyd olunan Aqnihutradır.
Bu rituala uyğun olaraq ailənin başçısı gün çıxmazdan qabaq yuxudan oyanır və su ilə yuyunub özünü paklaşdırırdı. Daha sonra müqəddəs ifadələri təkrarlaya-təkrarlaya xüsusi kömürlə atəş allahı adlanan “Aqni”nin adına od qalayır, üzünü şərq tərəfə tutaraq əllərini yenicə doğmaqda olan günəşə doğru qaldırır və məhsul və bərəkət tanrısı olan Savityara müraciətlə yalvarmağa başlayırdı. Onlar ailə üzvləri ilə birlikdə bu müqəddəs ayəni oxuyurdular:
“ - Bizim də Savityarın əzəmət və cəlalını qazanacağımıza ümidlə. Dualarımıza rövnəq verməsi ümidi ilə. Hədsiz şövqlə, tam ağıl və düşüncə ilə, məişət və rifahdan bizə düşən payı Savityardan istəyirik.”
Bu ayin eyni şəkildə axşamlar günəş qürub edən zaman yoxsuldan tutmuş varlıya qədər - kahinlər, cəngavərlər və şahzadələr - bütün ariya ailələrinin evində keçirilmişdir. Hətta bə`zi hind tayfaları bu mərasimi sübh və axşamdan əlavə günorta vaxtı keçirmişlər.
Veda ardıcıllarının əqidəsinə görə, onların müqəddəs kitabdan günəş barəsində oxuduqları yuxarıda qeyd olunan ayə onun xüsusi ayinini nəzərə almaqla günəş üçün daha artıq həyat, parlaqlıq və nur mənşəyi olmaqla yanaşı, onların özlərinə də qüvvət və firanvanlıq gətirir. Vedaya e`tiqad bəsləyənlərin digər mə`budları barəsində də buna bənzər ayələr vardır. Veda adlanan məcmuələrdə dini nəğmələr şəklində yazılmış bu dualar veda ayininin müqəddəs və dini kitablarının tərkib hissəsidir. Gördüyünüz kimi bu ayinin adı da həmin ayə və kitabların adından götürülmüşdür. Bu müqəddimədən sonra bu ayinin araşdırılmasında mühüm rolu olan iki prinsipi şərh edirik:
1. Bu ayinin Allah və varlıq aləminin mənşəyi barəsindəki baxışları;
2. Veda ayininin müqəddəs kitablarının xüsusiyyətləri və mühtəvası.
VEDA MƏ`BUDLARI
Veda dininin əsası çoxallahlıq üzərində qurulub. Demək olar ki, dinin ardıcılları təbiətdə olan bütün varlıqların hər biri üçün ayrıca rəbb və allahın olduğuna inanmışlar. Bu hesabla belə allahların sayı-hesabı yoxdur.
Veda ayinindəki çoxallahlığın xüsusiyyətlərindən biri də bə`zi allahların digərlərinə nisbətən müəyyən imtiyaz və üstünlüklərə malik olmasıdır. Hətta, müxtəlif dövrlərdə allahlardan bə`ziləri öz e`tibar və dəyərini itirmişlər. Çoxallahlığın digər xüsusiyyəti də budur ki, allahlardan bə`ziləri kollektiv şəkildə müəyyən bir təbii varlığın xüsusi rəbbi rolunu ifa edirlər. Bu ayinin daha bir xüsusiyyəti də təkallahlıq və tovhid e`tiqadı ilə yanaşı çoxallahlığa inamdır.
İndi isə vedalıların Allah və varlıq aləminin mənşəyi barədə təfəkkürlərini daha dəqiq öyrənmək məqsədilə yuxarıda qeyd olunan üç xüsusiyyətdən hər birini ətraflı şəkildə izah edirik.
1. Çoxallahlıq:
Veda ayinində tanrıların sayı və növü o dərəcədə çoxdur ki, din tarixi ilə məşğul olan mütəxəssis və sosioloqların əksəriyyəti mövzunu daha yaxşı öyrənmək üçün onların bölgüsünü aparmışlar. Bu bölgülərin birində veda allahları əvvəlcə iki dəstəyə - fərdi və kollektiv hissəyə, fərdi allahlar da öz növbəsində aşağıdakı üç dəstəyə bölünürlər:
1. Səmavi allahlar: Diyavs, Varuna, Mitra, Suriya və s.
2. Səma ilə yer arasındakı bərzəxdə olan allahlar: İndra, Rudra və s.
3. Yer allahları: Pritvi, Aqni, Soma və s.
Kollektiv allahlar da aşağıdakı üç dəstəyə bölünürlər:
1. Adityalar;
2. Marutlar;
3. Vasular.
Bu allahlardan bə`ziləri daha artıq əhəmiyyətə malikdir və aşağıda onların hər birinin şərhi verilir:
1-1. Əmr verən allahlar - Mitra və Varuna.
Veda ayinində ən qədim və ən uzaq keçmişə malik allahlardan biri də səmavi mə`bud “Diyavs”dır. O, öz həyat yoldaşı olan yer allahı “Pritvi” ilə birləşərək səma-yer cütünü təşkil edir. Zaman keçdikcə bu mə`bud öz əhəmiyyətini itirmiş, yer və səma hökmdarı məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. kimi səmavi varlıqlara hakim olmaq dərəcəsinə düşmüşdür. Diyavs öz məqamını itirdikdən sonra “Varuna”, yaxud “Vişva-darışna” adlı (mə`nası - “hər yerdə zahir olan” deməkdir) digər bir mə`bud onun yerini tutmuşdur. Bu allah işləri nizam-intizama salan, tənzimləyən və nizamlayan ilahədir. Onların əqidəsinə görə dünyadakı bütün qüvvələr hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, təbiət qanunları onun iradəsindən asılıdır. Veda ardıcılları inanırlar ki, Varuna dünyanı və fiziki şeyləri puç edib dağıdan mə`budlardan qoruyur, digər tərəfdən də insanları əxlaqi qayda-qanunlara riayətə məcbur edir. O, günahkarları faş edir və haqqla batil arasında mühakimə yürüdür. Onun gizli xəfiyyələri hər bir yerdə insanların əməl və rəftarlarına, davranışlarına nəzarət edirlər. Kimsə günah edərsə Varunanın qarşısında ahu-zar etməli və ondan əfv diləməlidir.
Onların inancına görə vəfadarlıq, himayədarlıq və əhd-peyman allahı olan Mitra təbiət aləminin idarəçiliyində Varunanın şəriki və həmkarıdır. Varunanın malik olduğu fövqəladə qüvvə “maya” (sehr və cadu) adlandırılır. Varuna mayanın köməyi ilə öz səmavi taxtına söykənərək yeri ölçür, gündüzü işıqlandırır, günəşə nur verir. Axşam yaxınlaşdıqda günəşin üzünə niqab salır. O, hər bir şeydən agah, qüdrətli və hakimdir; heç nə ondan gizlin qalmayacaqdır.
1-2. Müharibə, tufan və yağış allahı – İndra.
Veda ardıcıllarının e`tiqadına görə İndra müharibə və döyüş allahıdır. Çünki o, Hindistanın fəthində və bu ölkənin şimal bölgələrində məskunlaşmaqda ariyalılara yaxından kömək göstərmişdir. Bu mə`budun ixtiyarında ildırım kimi bir silah vardır. O, eyni zamanda tufan və yağış allahı da hesab olunur. Bundan əlavə sərvət, xüsusi ilə müharibə qənimətləri bəxş etmək, güc-qüvvət, eləcə də uzunömürlülük, səadət və xoşbəxtlik müjdəsini gətirən kimi də məşhurlaşmışdır.
1-3. Od-alov allahı – Aqni.
Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. Səmada günəşin yanında məhsuldarlıq, xeyir-bərəkət, insanlar, heyvanlar və torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.
Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman oğul övladları və s. ne`mətlər bəxş etməsini də diləyirlər.
2. Kollektiv mə`budlar;
Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:
1. Vasular; (ne`mət, sağlamlıq və firavanlıq bəxş edən mə`budlar). Onların sayı səkkiz olmaqla aşağıdakılardan ibarətdir:
Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e`tiqadına görə üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne`mət və firavanlıq allahları sayılırlar.
2. Marutlar; Marutların sayı mə`lum olmasada kollektiv, mütəşəkkil bir-biri ilə qardaş, yaşıd və həmrəy, birlikdə böyümüş tə`siri bağışlayırlar. Marutların ildırımla bağlılıqları var və günəş kimi parlaqdırlar. Onlar ildırıma bağlılıqlarına və müharibələrdə İndraya kömək etdiklərinə görə onun səmimi dostları sayılırlar. “Marut” sözünün leksik mə`nası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə ola bilər ki, əbədilik və ölməzlik mə`nasını ifadə edir.
3. Aditiyalar; Bu allahların sayının 6, 8 və bə`zən də 12 olması məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. “Aditya” ilahəsinin övladları, yə`ni mə`budlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.
Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu sifətlərin ortaqlığı Adityaların Varuna ilə əlaqəli olmasının bir sübutudur.
3. Monoteizm.
Son Veda nəğmələrində digər allahları öz kölgəsi altına alan, vahid və müstəqil bir şəkildə təzahür edən vahid allah təqdim olunur. Yaradıcılıq və dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid olunur. Bu yeganə mə`bud “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva” hər bir şey, “Karma” isə yaradan mə`nasını verir. Bu iki söz birlikdə bütün məxluqatı yaradan mə`nasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri-göyü və ayı yaradan, dünyanı nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.
Bu mətləblər Veda ayininin iki əsas – çoxallahlıq və təkallahlıq üzərində qurulduğunu göstərir. Diqqətəlayiq məqam budur ki, prinsipcə Veda ayini tovhid, monoteizm, varlığın yeganə yaradıcısına inama əsaslanır. E`tiraf etmək lazımdır ki, bu ayinin ardıcılları tərəfindən tək tanrı üçün müxtəlif sahə və aspektlərdə sadalanan çoxsaylı simvol və atributlarda hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. Bu isə ilk baxışda hər bir tədqiqatçıda belə bir fikir yaradır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədricən veda ardıcıllarında bu atributların hər birinin müstəqil tə`sir qüvvəsinə inanaraq və nəticədə bu allahlara sitayiş edərək ehtiyaclarını onlardan diləmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Veda ayini Hindistana ilk dəfə kim tərəfindən yayılmışdır?
2. Ən mühüm Veda allahlarının adlarını sadalayın.
3. Hansı Veda allahları başqa allahlardan daha üstün sayılır?
Aqni-hutra mərasimini izah edin.
“Maya”nı izah edin.
Müəllimin istiqamətləndirməsi ilə, əqaid dərsinin tovhid və şirk məsələləri ilə və bu dərsdə öyrəndiyiniz bəhslərə diqqət yetirməklə vedalıların müşrik olub-olmamasını araşdırın.
Do'stlaringiz bilan baham: |