ONUNCU DƏRS
BRAHMAN AYİNİ (2)
VEDA DİNİNDƏ DƏYİŞİKLİKLƏR
2. İCTİMAİ QURULUŞ
Brahman ayinində sanskrit dilində ona “kasta” deyilən veda ayininə nisbətən baş verən ən mühüm dəyişikliklər dörd təbəqəli quruluşun formalaşması idi. Miladdan əvvəl yeddinci əsrin sonlarından başlayaraq, tədricən Hindistanda bir-birindən tamamilə ayrı və fərqli dörd ictimai təbəqə formalaşdı. Bu təbəqələr bir müddətdən sonra brahman ayininin birbaşa tə`siri altında dini və əqidəvi səciyyə daşımağa başladı. Burada hər bir təbəqəni şərh etməzdən və brahmanın onlar barədə nəzərini araşdırmazdan əvvəl, bu dörd təbəqənin yaranma tarixinə qısa ekskursiya edək:
Miladdan əvvəl yeddinci əsrin sonlarında ariyalılar Qanqa dərəsini tamamilə əllərinə keçirdilər və orada tədricən çoxsaylı ictimai təşkilat və qurumlar yaratmağa başladılar. Bə`zi bölgələrdə müəyyən dövlətlər də yarandı ki, onlara monarxiyalı hakimiyyət quran “racelər” sülaləsi rəhbərlik edirdi. Bə`zi yerlərdə qəbilə başçılarından ibarət şuraların nəzarəti altında ictimai təşkilatlar yaranırdı və bunlar əslində bir növ “köçərilər respublikası” sayılırdı. Bu hindus təşkilatlarında fateh qövm (ariyalılar) ən yüksək məqama malik idi və məğlub olan qövm isə ən alçaq təbəqələrdə yer tutmuşdu. Bu təşkilatlar yarandığı ilk vaxtlarda bir-biri ilə çox da fərqli xüsusiyyətlərə malik olmasalar da tədricən bir-birindən tamamilə ayrı olan dörd təbəqəyə bölündülər. Onlar aşağıdakılardan ibarətdir:
1. Kşatryalar təbəqəsi - əmirlər və şahzadələrə şamil edilirdi;
2. Brahmanlar təbəqəsi – ruhanilər və kahinlərdən ibarət idi;
3. Vişiyalar təbəqəsi - əkinçilər və sənətkarlara aid idi;
4. Şudralar təbəqəsi – qeyri-ariyalı xalqlardan olan qara dərililər, qullar və başqalarından təşkil olunmuşdu.
Bu sinfi quruluş sırf irqçilik prinsipləri əsasında formalaşmışdı. Buna görə də ilk üç təbəqə ariyalı irqindən olduğuna görə qeyri-ariyalı xalqlardan ibarət olan dördüncü təbəqədən uzaq gəzirdi. Onların arasında ayrılıq o həddə idi ki, aşağı təbəqə ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal sayılırdı. Hətta onlarla oturub-durmaq, bir süfrə başında çörək yemək belə yasaqlanmışdı.
Əlbəttə, dördlük təşkil edən kastalardan əlavə, Hindistan cəmiyyətində başqa bir təbəqə də var idi ki, ümumiyyətlə bütün insani, ictimai hüquqlardan və hətta bə`zi heyvanlara məxsus imtiyazlardan da məhrum idi. Bu təbəqəyə “paryalar”, yaxud “çəndəlalar” deyirdilər. Paryalar insan hesab olunmadığından, mövcud ictimai və sinfi quruluşda onlara azacıq da olsa, yer verilmirdi. Digər təbəqələr tərəfindən paryalara qarşı nifrət hissi və onların cəmiyyətdən uzaqlaşdırılması yavaş-yavaş özünə dini rəng aldı. İctimai və ailəvi əlaqələrin bərqərar edilməsini qadağan etmək azmış kimi, hətta ariyalıların müqəddəs kitablarını (vedaları) öyrətmək və qiraət etmək haqqı da onlardan alındı. Bundan əlavə onlara hətta ariyalıların allahlarına sitayiş etmək icazəsi belə verilmirdi. Bu zülm və ayrı-seçkiliklər paryaları tədricən animizm və s. kimi ibtidai dinlərə yönəltdi.
Müqəddəs veda kitablarında da qeyd olunan kasta sinfi quruluşu dini və e`tiqadi baxımdan elə təfsir olunurdu ki, sonralar o, azacıq dəyişikliklə brahman ayininin yayıldığı dövrlərdə hind cəmiyyətinin ictimai quruluşunun əsasını təşkil etdi. Bu cüzi dəyişiklik brahmanlar təbəqəsinin kşatrya təbəqəsi ilə yerdəyişməsindən ibarət idi. Çünki ölkəni idarə etmək, düşmənlərlə mübarizə aparmaq və müxalifləri məhv etməklə məşğul olan əmir və cəngavərlər naçar qalıb daim ruhani (brahmanlara) gücünə arxalanırdılar. Onlar da xalqın dini hisslərindən istifadə edərək özlərinin hərbi-siyasi məqsədlərini həyata keçirə bilərdilər. Bu da tədricən əvvəllər dua, qurbanlıq mərasimlərinin keçirilməsini, mə`budların dərgahında ehtiyacların istənilməsi mərasimlərini həyata keçirən brahmanlar təbəqəsinin tədricən xüsusi mövqeyə yüksəlmələrinə səbəb oldu. Camaat brahmanların dua və zikrlərinin qeyri-adi tə`sirə malik olduğuna inandıqlarından get-gedə onların şan-şöhrəti və əzəməti artdı. Belə ki, brahmanlar hətta mə`budlarla eyni səviyyədə hesab olundular. Bu təbəqənin müsbət qarşılanması və onlara olan meyl son nəticədə brahmanların qalan üç təbəqə ilə yanaşı mövqeyinin yüksəlməsinə səbəb oldu və onlar üçün xalq arasında münasib sosial baza yarandı. Əlbəttə, kşatryalar siyasi və hərbi qüdrətdən bəhrələndiklərinə görə daha böyük ictimai imtiyazlara malik olub bütün təbəqələrə hakim kəsilsələr də brahmanların camaat arasındakı nüfuzu və ümumxalq rəğbəti elə bir vəziyyət yaratdı ki, əmirlər və hərbiçilər tədricən bu yeni ictimai təbəqəni rəsmi olaraq tanıdılar.
Bütün bunlara baxmayaraq indinin özündə də, Hindistanın ictimai quruluşunu təşkil edən bu sinifləşmə hələ də ayrı-ayrı təbəqələrin bir-birinə qarışıb ünsiyyətdə olmasını qadağan edir.
Hər bir şəxs öz təbəqəsindən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır. Hamı öz ata-babalarının həmin təbəqədəki işini davam etdirməli, öz təbəqəsindən çıxmamalıdır və başqa iş seçmək haqqına sahib deyil. Əlbəttə, Qandinin istiqlal mübarizəsinin ümumxalq hərəkatının qələbəsi ilə bu sinfi imtiyazların çoxu öz-özünə ləğv edildi. Xüsusilə də, paryalar müdafiə olundular və itirilmiş hüquqlarını bərpa etdilər. Hal-hazırda da onların arasında sinfi ayrı-seçkiliklər müəyyən qədər müşahidə olunur, xüsusilə də brahmanlar özlərinin əvvəlki sinfi və ictimai mövqelərini qoruyub saxlamışlar.
Hindistanın sinfi quruluşunda əhəmiyyətli məqam bu quruluşun dini və ideoloji əsaslandırılmasıdır və buna əsasən həmin təbəqələr brahmanizmin pozulmaz prinsipi sayılır. Bu barədə Riqveda kainatın yaradılışını bəyan edərkən deyir: “ - Sonra onun ağzı (brahman – kainatın xaliqi) brahmana çevrildi. Onun biləkləri kşatrya, budları isə vişya oldu və şudra onun ayaqlarından yarandı.”
Brahmanlar Riqvedanın bu ifadəsini belə izah edirlər ki, hər fərdin sinfi mövqeyi karma qanunu və samsara, yə`ni tənasüx əsasında tə`yin olunur. İnsan ruhu əvvəlki həyatda özünün yaxşı və ya pis əməllərinə əsasən öldükdən sonra aşağı, yaxud yuxarı təbəqədən olan bir insana və yaxud da cismə keçib yeni həyatını başlayır. Buna görə də, cəmiyyətin aşağı təbəqələrinin öz mövcud vəziyyətləri və mövqelərindən şikayət və e`tiraz etmək haqları yoxdur. Çünki, belə bir şəraiti o seçməyib və bu işə görə müqəssir deyil. Daha üstün məqam və mövqe istəyən şəxslərin çarəsi yalnız bundadır ki, kastın sinfi quruluşu və onun qanunlarına qeydsiz-şərtsiz təslim olub ona tapşırılan vəzifə və məs`uliyyəti yerinə yetirməklə özündən müsbət bir karma qoyub getməkdən başqa çarəsi yoxdur. Bəlkə yalnız bununla gələcək həyatlarında yüksək təbəqədən olan bir şəxs formasına düşüb daha yüksək təbəqədə yeni həyatlarını başlaya bildilər. Bu ölüm və həyat ardıcıllığı tənasüx vasitəsilə bütün təbəqələrdə fərdi ruhun ötüb-keçməsinə və ən yüksək təbəqəyə çatmasına qədər davam edəcəkdir. Son mərhələ həmin fərdin göylərdə, ataların və mə`budların ruhlarının qonşuluğunda əbədi məqama, bundan daha yüksəkdə olan brahma ilə tam qovuşma məqamına çatmasıdır. Ruh hətta karyaların səviyyəsinə qədər enə bilər. Brahmanların inancına görə çirkin əməllər və brahma qanunlarına itaətsizlik insanı öz təbəqəsindən aşağı endirə və yeni həyatda daha alçaq təbəqədən olan bir fərdin qəlibində yerləşdirə bilər. Bu baxımdan paryaların aşağı məqamda olmalarının səbəbi budur ki, onların çirkin əməllər, brahman qanunlarından çıxmağa sə`y göstərmələri öz məqam və mövqelərindən aşağı enmələrinə səbəb olmuşdur. Bu mərtəbədə paryaların heç bir insani haqqı, ictimai nüfuz və heysiyyəti olmur. Onlar karma qanununa əsasən heç kəsin yerinə yetirməyə razı olmadığı ən alçaq ictimai işləri görməyə məhkum olunmuşlar.
3. MÜQƏDDƏS KİTABLAR
Brahmanların ən müqəddəs və ən mühüm kitabları dörd vedadan ibarətdir. Amma onların arasında da yalnız Upanişad brahman ayininin əsas istiqaməti və vedanın ən mühüm təfsirlərindən biri sayılır.
“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” - yaxın, “ni” - aşağı, “şad” isə oturmaq mə`nasını daşıyır. Bu söz terminologiyada mürşidlərin öz xüsusi müridlərinə öyrətdiyi bir sıra şifahi elmlərə aid olunur. Xüsusi diqqət və vasvaslıqla təqdim olunan bu tə`limlər xüsusi xarakterinə və yalnız bu elmləri öyrənmək ləyaqəti təsbit edilmiş şəxslərə tə`lim edildiyindən tədricən batini həqiqətlərə və sirli elmlərə çevrildi. Buna görə də bə`zi alimlər “upanişad” sözünü “sirlər və rəmzlər” mə`nasına işlətmişlər.
Brahma ayininə inananların nəzərinə görə Upanişadlar toplusu bəşər tərəfindən yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki-dünya həyat tərzi keçirərək öz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hökmlərinin dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cümlə və ifadələr şəklini almışdır. Upanişadların tarixi miladdan 500-800 il əvvələ gedib çıxır. Hal-hazırda 200 nüsxəyə qədər Upanişad mövcuddur ki, onların bə`ziləri şe`r, bə`ziləri isə nəsr şəklində yazılmışdır. Bu nüsxələrdən bə`ziləri əslində sonralar brahman ayinində yaranan bir çox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu kimi, brahman ayininin ideoloji dünyagörüşü və ictimai quruluşunun əsasları Upanişadların tə`limləri üzərində qurulub. Buna görə də, həmin kitablar brahman ayininin ən mühüm və ən əsas kitablarından sayılır.
Brahman ayinində ehtirama layiq görülüb müqəddəsləşdirilən və bu ayinin əməli əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keçmişi miladdan 250 il əvvələ gedib çıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və əməli tövsiyələr, ardıcılların vəzifələri, o cümlədən cəza qanunları, hər bir kasta üzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan olunmuşdur. Bu kitabda brahmanlarla əlaqədar oxuyuruq: “ - Brahmanların vəzifəsi budur ki, vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. Brahmanlara bütün mə`budlar hörmət edir və buna görə də yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz, hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan ölüm ayağında olsalar belə, brahmana vergi qoymaq qadağandır.”
Mano qanunlarında kşatrya təbəqəsi barədə deyilir:
“ - Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul olmaları caiz deyildir.”
Yaxud vişiya təbəqəsi barədə deyilir: “ - Yalnız öz təbəqələrindən özlərinə həyat yoldaşı seçmək onlara vacibdir. Ticarət qanunlarını, əkinçilik və bağbanlıq qaydalarını öyrənmək də vişiyalılara vacibdir. Onlar müxtəlif xalqların dillərindən, bazarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar.”
Bu kitabda şudralər haqda belə deyilir: “ - Onlara brahmanların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Çünki belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basılmalıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə çatarsa, brahmanın rə`yi ilə onun ağzına və qulağına qaynar yağ tökmək padşaha vacibdir.”
Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaçılmaz bir iş hesab edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, brahman və digər mə`budlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq məqamlara enməsinin səbəbi sayılır.
Bu kitabda Mano qanunlarının düzgün olmayan tə`limlər, mənfi cəhətlər və ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır. Əxlaqi tövsiyələrdən bə`zilərini qeyd edirik:
Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı e`tiraf etmək, sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s.
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk dəfə olaraq digər müqəddəs kitablardan, onların mə`bəd və ruhaniləri barədə söhbət açılmasıdır. Ümumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı özü də veda ayininin əsasları üzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh olunmuşdur.
Hinduizmin əsası və bünövrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan yarımadasında çoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə həsr olunacaq.
SUAL VƏ TAPŞIRIQLAR
1. Kasta nədir?
2. Paryalar hansı təbəqədir?
3. Brahmanlar öz sinfi quruluşlarını dini baxımdan necə əsaslandırırlar?
4. Upanişad hansı mə’nanı ifadə edir?
5. Mano qanunları kitabında dörd təbəqə haqda nə deyilir?
Brahman ayininin dörd ictimai təbəqəsinin adını sayın.
İslam dininin insan və insan cəmiyyəti barəsində olan baxışları, bu ideologiya baxımından üstünlük me’yarından çıxış etməklə brahmanizmin sinifləşmə nəzəriyyəsini təhlil və analiz edin.
Do'stlaringiz bilan baham: |