Uğurlu sözlər
Hazırda dünyanın bəlkə də bütün bucaqlarında özünə inamını itirmiş, ümidsizlik bataqlığında çapalayan və ya bu bataqlığa ayaq basmaq üzrə olan milyonlarla adam var. Məhz bunu nəzərə alaraq, sizə uğur qazanmaq haqqında deyilmiş uğurlu ifadələrdən bir neçəsini təqdim etmək istəyirəm. Unutmayın, heç kimsənin özündən, taleyindən küsmək ixtiyarı yoxdur: “Özümüz haqqında şər hesab etdiklərimiz xeyir, xeyir hesab etdiklərimiz isə şər ola bilər”.
***
Dərdlərimizə əlac olmaqda bütün dərmanlardan daha faydalı olan bir müalicə üsulu var ki, o da çalışmaqdır. (D. Karnegi)
Hər dərdin dərmanı vaxt keçdikcə tapılır. (Molyer)
Uğursuzluqdan nəticə çıxarmışıqsa, deməli uğur qazanmışıq. (M. Forbes)
Uğursuzluq adama uğur qazanmaqdan daha çox şey öyrədir. (Çin atalar sözü)
***
Bəzi məqsədlər o qədər dəyərlidir ki, onun uğrunda məğlub olmaq da qələbə sayılmalıdır. (Atalar sözü)
Bəşəriyyətin ən böyük şücaəti yalnız bir məqsədlə yaşamağı bacarmaqdır. (Monten)
Sadəcə istəmək kifayət deyil, qarşıya qoyduğumuz məqsədi var-gücümüzlə arzulamalıyıq. (Ovidivs)
Heç kim uğur pilləkənlərini əli cibində çıxmamışdır. (C. Murhed)
***
Həyatda insana kömək edən təsadüf yox, əzmkarlıq və dəyanətdir. (S. Smaylz)
Məğlub edilməyən yeganə cəhət əzmkarlıqdır. (Y. K. Beyatlı)
Balıq tutmaq istəyən paltarlarının islanacağını nəzərə almalıdır. (M. Servantes)
Dahi adam ardı-arası kəsilməyən çətinliklərə dözməyi bacaran adamdır. (Karlil)
***
Əgər indiyə kimi nəsə əldə etmişəmsə, ona yalnız səbr və çalışqanlıqla nail olmuşam. (İ. Nyuton)
Biliyin ağası olmaq üçün çalışqanlığın qulu olmalısan. (Atalar sözü)
Tənbəllik ölüm, təqlid qul olmaqdır; çalışıb uğur qazanmaq isə həyat və azadlıqdır. (L. Rauk)
Dahiliyin on faizi istedad, doxsan faizi isə tərdir. (T. Edison)
***
Kiçik işlərə həddindən çox baş qoşanlar böyük işlərdən başı çıxmayanlardır. (Platon)
Tez bir zamanda qazanılmış uğur insanı dəyanətsiz və macərapərəst edər. (Bekon)
Əgər həyatında heç bir uğursuzluq yoxdursa, deməli lazımi qədər risk etməmisən. (Atalar sözü)
Oxu hədəfdən yan keçmiş döyüşçü heç də oxunu hədəfədək çatdıra bilməmiş birisindən uğurlu deyil. (Monten)
***
Ən adi işlər belə insana böyük uğurlar qazandıra bilər. (H. Braun)
Cəhd edib uğursuz olanları yox, cəhd etməyə çalışmayanları ittiham et. (Atalar sözü)
Ən böyük uğur qazanılmış uğurları gizlətməkdir. (Roşefukold)
Uğur istədiyini əldə etmək, xoşbəxtlik isə əldə etdiyini istəməkdir. (H. Braun)
***
Qazandığım bütün uğurları işlərimi vaxtından əvvəl görməyimə borcluyam. (Nelson)
Həyatda uğur qazananlar həmişə özlərinə lazım olan məlumatı axtaranlar və hadisələrin səbəblərini araşdıranlardırlar. (R. Kiplinq)
Nəyə nail olmanızdan asılı olmayaraq, sizə mütləq kimsə kömək etmişdir. (A. Gibson)
***
Uğurlu olmaq hələ hər şey demək deyil. Həyatda uğur qazanmaqdan daha əhəmiyyətli şeylər var.
XOŞBƏXTLİK HARADADIR?Xoşbəxtlik haradadır?
Əvvəllər ata-babalarımız azla qane olardılar və bu azlıq (həm də aclıq) onların xoşbəxt olmalarına mane olmazdı. Elmi-texniki tərəqqinin nailiyyətləri altında əzilmiş müasir insan isə artıq sələflərinin bu məziyyətindən məhrum olub. Arzu və ehtiyaclarının həddi-hüdudu olmayan XXI əsr adamı müasir marketinq və reklam küləkləri nəticəsində pəri daim fırlanan mal, mülk, pul dəyirmanına çevrilib. İndi lazım olan şey də alınır, lazım olmayan da. Daha maraqlısı isə odur ki, insan mal, mülk, pul imkanlarını nə qədər artırsa da, öz vəziyyətindən ya heç məmnun olmur, ya da bu “məmnuniyyət”in əvvəlinə bir “müvəqqəti” sözünü artıraraq bir neçə gün rahat yuxuya gedə bilir. Deməli, nə qədər ki, insanlar yalnız maddi müstəvidə hərəkət edəcəklər və mənəviyyatları onların çiyinlərindəki boş xurcundan ibarət olacaq, o vaxta qədər də onlar xoşbəxt həyatı xəyallarındakı Qaf dağında axtaracaqlar.
Axı xoşbəxtlik haradadır? Doğrudanmı o, axtarmaqdan yorulmadığımız Qaf dağındadır? Qaf dağı əl çatmayan, ün yetməyən və yalnız xəyallarımızda dolaşan bir zirvə olduğuna görə xoşbəxtdirmi? Nəyə görə bədbəxtlik və ümidsizlik xoşbəxtlik zirvələrindən daha yaxındadır bizim üçün?
İnternetin açdıqca gizlədilən səhifələrindədirmi xoşbəxtlik? Bəlkə xoşbəxtliyi insaflı bir rejissorun əlindən çıxmış həzin, ağlamalı bir hind kinosunun son dəqiqələrində axtarmalıyıq? Bəlkə Cənubi Amerika seriallarının yüz neçənci seriyasında gizlənib? Yoxsa lüks həyatdan məst olmuş saxta təbəssümlərdədir xoşbəxtlik? Yoxsa israf fəlsəfəmizlə labirintə çevrilmiş evimizin sonuncu otağındadır? Bəlkə pulun çirkli üzündədir? Bəlkə maşının marka adında dəyişən hərflərdədir? Bəlkə Azərbaycanın bütün estrada ulduzlarının iştirakı ilə konsertə çevirdiyimiz oğul toyundadır xoşbəxtlik?
Doğrudan da, xoşbəxtlik nədədir, kimdədir, haradadır? Çində, Filippində, yoxsa o biri tində? Dünyanın o başında axtardığımız xoşbəxtlik birdən lap yaxında olar ha? Məsələn, evimizdə, iş yerimizdə, məsələn, qonşu küçədə, o biri şəhərdə və ya ölkəmizin rayonlarında... Bəlkə xoşbəxtlik elə bizim yanımızdadır? Məsələn, hər səhər tezdən gözlərimizi aça bilməyimizdə!.. Məsələn, nəfəs almağımızda!.. Məsələn, ayaqlarımızın bir-birinə dolaşmamasında!.. Məsələn, stolun başında oturub diqqətinizi yenicə işinizə yönəltdiyiniz bir vaxtda səs-küylə içəri daxil olmuş övladlarınızın ardı-arası kəsilməyən suallarında!..
***
“Suyumuz kəsilir”, – deyə gileylənirsən, amma aza qənaət etmədiyin üçün çoxun da əldən çıxdığı haqqında fikirləşmirsən. “İşığımız yanmır”, – deyib şikayət edirsən, amma gözü görməyənləri yaddan çıxarırsan. İş yerindəki sistemsizlikdən dəm vurursan, amma nədənsə öz həyatını bir sistemə sala bilmirsən. Ailəni idarə etməyi bacarmadığın halda ölkəni idarə edənlərə dil uzadırsan. Allahın sənə qız uşağı bəxş etməsindən məyus olursan, amma uşağı olmayanları yaddan çıxarırsan. “Axı niyə uşağım olmur”, – deyib dad edirsən, amma imtahan dünyasında övladın çətin bilet olduğunu və başıbəlalı uşağın həyatı alt-üst etdiyini düşünmürsən.
İndi isə gözlərini bağla. Özünə cəmi otuz saniyə ayırmağını xahiş edirəm. Sadəcə fikirləş! Əlində olan nemətləri fikirləş! Səndə olmayanlara fikir vermə, yalnız özündə olan nemətləri göz önünə gətir! Gözlərin haqqında fikirləş! Bu yazını oxumaq üçün istifadə etdiyin ağlını və oxuma qabiliyyətini fikirləş! Cansız olmadığını fikirləş! Canlı olmaqla yanaşı, bitki və ya heyvan olmadığını fikirləş! İnsan olaraq yaradıldığını fikirləş! Hansı dinə və millətə mənsub olduğunu fikirləş! Fikirləş, fikirləş, yenə də fikirləş. Fikirləşmək qabiliyyətini fikirləş. Bütün bu nemətləri sənə verən haqqında fikirləş. Fikrin-zikrin nemətlər olsun... Gördün ki, hələ otuz saniyə də artıq oldu. İstəyirsən, bir də bunlar haqqında otuz dəqiqə fikirləşməyə çalış. İnan ki, bəs etməyəcək. Hələ bir inanmağa çalış. Nəyə inandığını fikirləş! İnanmaq bir ömrə bərabərdir. Həqiqətən inanırsansa, deməli həyatının üzərində həqiqi üstünlüyə maliksən.
İndi isə bugünkü vəziyyətinə şükr et! Nemətlərə şükr et! Şükr et ki, nemətlərin artsın. Nemətləri artıran şükr deyilmi?! Artıq hiss etdiklərini söz formasına çevirmək vaxtıdır. Hisslərini, duyğularını, aldığın ləzzəti, xoşbəxtliyini hamıya elan et! Var gücünlə mənfiliklərə etiraz et. “Mən müsbətin övladıyam”, – de! Yadda saxla: dünyaya yaxşı baxsan, onun haqqında yaxşı da fikirləşəcəksən. Yaxşı fikirləşdikcə həyatdan ləzzət alacaqsan. Həyatdan ləzzət aldıqca, ətrafdakıları müsbət görəcəksən, müsbətləri görəcəksən. Müsbət gördükcə, yenidən ləzzətlər dünyasında qərq olacaqsan. Bax, ən düz, ən sağlam dairə budur və xoşbəxtliyin açarını məhz bu dairədə axtarmaq lazımdır. Dalanlara girmədən, yanlış döngələrdən sıyrılıb həyatı sağlam dairə içində sürdürmək necə də gözəldir.
Sağlam həyatda heç bir “amma” və “əmma” yoxdur. Xoşbəxt olmaq istəyirsənsə, bəhanə yox, məharət göstərməlisən! Qarşına çıxan əngəllərə – düşmənin amansızlığına, dostun vəfasızlığına baxmayaraq, məharət, cəsarət göstərməlisən! Sözünü yox, özünü göstərməlisən! Əməlinlə, əməyinlə ətrafdakılara nümunə olmalısan. Qoy, səni özlərinə nümunə seçsinlər və camaat arasında oxşarların artsın. Əgər missiyan başa çatıbsa; bir idinsə, on olmusansa, ətrafındakı onlar yüz olmağa başlayıbsa, deməli artıq vaxtdır... Getmək vaxtıdır. Çamadanlarını vur qoltuğuna və yoluna davam elə. Seçim öz əlindədir. İstəyirsənsə, yenidən Qaf dağını axtarmağa başla! Amma bir şeyi yadda saxla: hara gedirsən, get, harada olursansa, ol, xoşbəxtlik Qaf dağının o tayında yox, bəlkə də Qafqazın ətəklərində düzgün, mənalı səyahət etməkdədir. Yolun və bəxtin açıq, ağlın və başın uca, həyatın və düşüncələrin təmiz olsun...
Kimi gözləyirik?
Bir gün həmişəkindən gec gələsi oldum evə. Qapını döyəndə gözüm bir küncə qısılıb yatmış balaca pişiyə sataşdı. Həyat yoldaşımın qapını açması ilə oyanan bu çarəsiz heyvan miyoldamağa başladı. Yazıq bununla ac olduğunu bildirmək istəyirdi. Pişiyin səsini eşidən iki qızım o dəqiqə qapı ağzına qaçaraq, bu balaca məstanla oynamağa başladılar. Qızların isti münasibəti analarına da təsirsiz ötüşmədi və artıq bir neçə an sonra biz ailəliklə qapı ağzında “pişiyimizin” necə həvəslə süd içdiyinə tamaşa edirdik.
Bu hadisə məndə çox dərin iz buraxdı və uzun müddətdir ki, o mənzərə gözümün önündən getmir. Sanki dördümüz də bir anlığa həmin pişik balasına qulluq etmək üçün məsuliyyət altına girmişdik. Yazıq, aciz bir heyvan bir anın içində “lüks” imkanlarla təchiz olunmuşdu. Allahın yaratdığı bu kiçik canlının ruzisi ayağına kimi gətirilmişdi. Bəs insanlar necə? Sanki hamının içində acından ölmək qorxusu var. Ətrafımız çeşid-çeşid nemətlərlə doludur, amma gün boyu əziyyət çəkib işləyən insan nədənsə bir pişiyin bir qab süddən aldığı ləzzəti ala bilmir. Belə ləzzətdən məhrum olanın onlarla süd fabriki olsa belə, nə dəyişər ki?!
Suallar
Müasir dövrdə elə dəyərlər var ki, insan onlara yiyələndikcə bir tərəfdən irəli gedir, digər tərəfdən isə həyatı daha da gərginləşir, həyatından ləzzət ala bilmir. Artıq qarşımızdakıları başa düşmürük və ya düşmək istəmirik. Qapımızın kandarında acından miyoldayan pişiklər bir yana, bəzən ən yaxın adamlarımızdan belə ya xəbərimiz olmur, ya da xəbərimiz olanda artıq iş-işdən keçmiş olur.
Hər gün süfrəyə düzdüyün dadlı-duzlu yeməklərin birinə belə həsrət olanları heç fikirləşmisənmi?! Soyuq, yağışlı bir havada isti maşınına minib isti idarənə gedəndə nəyi fikirləşdiyini heç fikirləşmisənmi?! İstəyirsən, sualı bir az da konkretləşdirim: yol boyu maşınını yeni marka ilə nə vaxt dəyişəcəyin, yoxsa çöldə ayaqyalın gəzən insanların vəziyyəti haqda fikirləşirsən?
Elə ev var ki, təmirindən tutmuş əşyalarına kimi hər şeyi lüksdür, amma di gəl ki, evin sakinləri mənəvi dəyərlərdən uzaqdırlar. O qapıdan fədakar insanlar girməz olub. Ehtiyac içində yaşayanlar, evi olmayıb gecələməyə bir daxma axtaranlar, heç kimi olmayıb dərdini bölüşməyə həmdərd axtaranlar var. Çox sadə bir sual: Heç çadırda yatmısanmı?! O saat ağlına yay tətilində dəniz sahilində, səfalı meşələrdə, dağların ətəklərində qurulan çadırlar gəlməsin. Baharın ilk ayı olan martda belə heç çadırda gecələmisənmi? Sümüyünün iliklərinə kimi heç üşümüsənmi? Günlərlə bir qab isti supa həsrət qalmısanmı? Ramazan ayında acqarına çöldə qalmısanmı? Hamının gülə-gülə, sevinə-sevinə iftar süfrəsinə oturduğu bir vaxtda kafelərdə bişirilən yeməklərin yalnız qoxusunu iyləmək üçün küçə-küçə gəzmisənmi?!
Ehtiyaclar
Hələ heç mənəvi-psixoloji ehtiyaclardan söz açmamışıq. Əslində bu ehtiyaclar fiziki tələblərdən daha öndə gəlirlər. Amma dəyərlərin alt-üst olduğu müasir şəraitdə, çox az adam belə ehtiyacları hiss edir. Sizcə sevgiyə, hörmətə, qayğıya, diqqətə olan ehtiyacımız bir qab süddən daha az əhəmiyyətlidir?
Başını süfrəndən azca yuxarı qaldır və ətrafına nəzər sal. Ağzına apardığın hər tikənin ona ehtiyacı olan zavallının məhvinə səbəb olduğunu fikirləş. Fikirləş və iliklərinə kimi titrə! İndiyə qədər neçə insanın çörəyinə bais olduğunu, neçə insanı yedizdirməyə imkanın olduğu halda, Allahın verdiyi nemətləri israf dəyirmanında havaya sovurduğunu heç olmasa indi fikirləş. Səndən çox şey istəmirəm, sadəcə bu sətirləri oxuduğun anda fövqəladə bir qərar qəbul et. Bu qərara imza atmaq üçün əlinin altında olan imkanları da nəzərə al. Gözlərini bağla və bir anlığa özünü möhtac insanların yerinə qoy. Sənə verilənlərə həsrət qalmış, ehtiyac içində olan milyonlarla insan var. Yemək üçün ölmək, yoxsa ölməmək üçün yemək?! Düzgün qərarı verdiyin zaman qəlbində və duyğularında ilk qənaət cücərtiləri baş qaldıracaq. Elə o anda cismaniyyətini aşaraq küçəyə çıxacaqsan. Qarşına çıxan hər canlıya “görəsən, nəyəsə ehtiyacı varmı?” düşüncəsi ilə yaxınlaşacaqsan; qarnı acdırsa, qarnını, qəlbi acdırsa, qəlbini, ruhu acdırsa, ruhunu qidalandıracaqsan. Qidalandırdıqca, özün də qidalanacaqsan!
Bu sözlər sənə cüzi də olsa təsir etdisə, “yaxşı yazıdır” demək əvəzinə buradan götürdüklərini həyatında tətbiq elə. Yalnız o zaman bu yazı yaxşı olacaq. Məsələn, indidən etibarən qarşına çıxan ilk insanı səmimi təbəssümlə salamla. Ona qiymət ver. Qarşındakının qədrini bilsən, sənin də qədir-qiymətin bilinəcək. Ətrafına saçdığın müsbət enerjinin, nurun mənim gözlərimi də qamaşdıracağına inan. Aramızda belə münasibətə, müsbət dəyərlərə ehtiyacı olan o qədər insan var ki. Onlar özlərini başa düşmək üçün sənin özünü başa düşməyini, sənin sən olmağını gözləyirlər. Bundan sonra bəs sən kimi gözləyirsən?! Doğrudan da, bəs mən kimi gözləyirəm?!
Axtarıram!
Adam axtarıram, dünyanın yaman üzünə baxıb, yaxşı cəhətlərini görsün. Adam axtarıram, peşəsi ancaq yaxşı şeyləri fikirləşmək olsun. Adam axtarıram, həyatdan necə ləzzət almağı bilsin. Adam axtarıram, ətrafına ancaq müsbət enerji saçsın.
Adam axtarıram, havayı təbəssüm paylasın. Adam axtarıram, fədakar olmaqdan çəkinməsin. Adam axtarıram, çəkinmədən, cəsarətlə “mən hazıram” desin. Adam axtarıram, şam kimi özü yanıb-əridikcə ətrafındakıları nura qərq etsin.
Adam axtarıram, ağlına, zəkasına arxayın olmasın. Adam axtarıram, hisslərinin əsiri olmasın. Adam axtarıram, ruhundan gələn enerji ilə hər zaman ətrafındakıları işıqlandırsın. Adam axtarıram, özünü, qürurunu, eqosunu kütlənin isti nəfəsi ilə əritsin.
Adam axtarıram, keçmişdəki səhvlərinə baxaraq ümidsizliyə düşməsin. Adam axtarıram, sabahın problemlərini, gələcəyin qayğılarını indidən yaşamasın. Adam axtarıram, bu gününü ən yaxşı, səmərəli şəkildə yaşasın. Adam axtarıram, zamanın dilimi içərisində zamanını yaşasın və yaşatsın.
Adam axtarıram, əlləri ilə səhvləri düzəltsin. Adam axtarıram, dili ilə xoşagəlməz düşüncələrə son qoysun. Adam axtarıram, ürəyinin düzlüyü ilə nöqsanları məhv etsin. Adam axtarıram, inandığına səmimi inansın.
***
Mənə bir avtobus dolusu yox, yalnız bir adam lazımdır! Hər ailədə, hər qrupda, hər qurumda, hər kənddə, hər şəhərdə, hər ölkədə, hər millətdə cəmi bir nəfər... Bir nəfər – bütün varlığını bəşəriyyətə həsr etmiş birisi. Bir nəfər – tək başına bir millət ola bilən birisi.
Vaxtından tez – qışda gəlsə belə, camaata baharın müjdəsini verən, meşənin çaqqallarına fikir vermədən gülən, ətrafına bahar çiçəkləri paylayan insanların olduğu bir dünyada yaşayırıq. Birin min ola biləcəyi bir dünyada. Min olmaq üçün isə “keyfiyyətli bir” olmağa çalışmaq lazımdır.
Birlik-səmimiyyət qumbaraları çaqqalların yuvalarını dağıdanda, dinc meşələrdə basdırılmış minalar artıq təsirsiz olacaq və sanki zərərsizləşdirilmiş bir qurğu kimi heç vaxt partlamayacaq. Gecənin zil qaranlığa bürünməsi tezliklə dan yerinin söküləcəyindən xəbər verir. Hər gecənin bir gündüzü var. Həqiqi bayramların günbəgün yaxınlaşdığını hiss edən insanların sevinc sədalarını təbii qəbul etmək lazımdır.
Biri dostluqdursa, digəri ədavətdir. Biri işıq, digəri qaranlıqdır. Biri kollektiv şüur, digəri eqoizm. Biri ümid, o biri dərd. Biri xeyir, digəri şər. Biri könüldən bağlanmış, digəri satılmış... Biri bahar, o biri qış... Yəni müsbət və mənfilərin əhatəsində qalmış dünyamız mühüm seçim ərəfəsindədir. Ərəfə günlərindəki bayram hazırlıqları adama əlavə zövq verir. Bəşəriyyətin gələcəkdəki bütün həqiqi bayramlarını indidən təbrik edirəm!
Əsl bayrama doğru
Ateist birisi meşədə gəzərkən ətrafdakı gözəl mənzərəni seyr edərək belə deyir: “Təbiət necə də gözəlliklər yaradıb”. Birdən yan tərəfdən bir ayı çıxınca adam var-gücü ilə qaçmağa başlayır. Hər dəfə arxaya baxanda ayının bir qədər də yaxınlaşdığını görür. Növbəti dəfə geriyə boylananda ayağı yerdəki kötüyə ilişərək, üzüstə yıxılır. Ayı da o saniyə kəsdirir onun başının üstünü. Ayı pəncəsini yuxarı qaldıraraq ona zərbə endirmək istəyəndə ateist adam “Aman Tanrım!!!” deyə qışqırır. Bu an sanki zaman dayanır, ayı da donaraq hərəkətsiz qalır, hətta meşədən keçən çay belə axmaz olur. Bütün meşəni qaranlıq zülmət bürüyür və səmadan süzülən bir işıq şüası ateistin üzünü işıqlandırır. Qeybdən gələn ilahi səs ona: “Ömrün boyu mənə inanmadın, dünyanın varlığını kosmik partlayışla əsaslandırdın... İndi isə bu vəziyyətdə sənə kömək etməyimi istəyirsən? Səni istəkli qullarımdan hesab edəcəyimi fikirləşirsən?” – deyir. Həmin adam utanaraq: “Başa düşürəm, bu qədər elədiklərimdən sonra belə bir şey istəməyə haqqım çatmır, amma heç olmasa, ayını istəkli qullarınız arasına ala bilərsiniz”, – deyə yalvarır. Bayaqkı səs: “Yaxşı, olar”, – deyərək işıq şüası ilə birlikdə qeybə çəkilir. Çayın suyu yenidən axmağa başlayır. Hər tərəf əvvəlki kimi canlanır. Ayı pəncəsini adamın üzünə endirməməyi qərara alır və hər iki pəncəsini göyə qaldıraraq belə deyir: “Allahım, sənin ruzin ilə orucumu açıram, verdiyin nemətlərə min şükür”.
***
Bir damcı sudan yaradılmış, imtahan üçün görmə və eşitmə qabiliyyətləri verilmiş, doğru yol göstərilmiş bir insan – istər şükr edən olsun, istər nankor – o biri tərəfdə cənnətlə müjdələnmək üçün bu dünyada ancaq xeyrixah əməllər qoyub getməlidir.
Hər tərəfi dəhşət və hərfi mənada qiyamətin bürüyəcəyi bir gündən qorxaraq verdikləri sözə əməl edənlər, özlərinin, nəfslərinin istəməsinə baxmayaraq, yeməyi yoxsul və yetimlərə verərək “biz sizi Allah xətrinə yedizdiririk, sizdən heç bir qarşılıq, adi təşəkkür belə gözləmirik. Biz çətin və dəhşətli bir gündə Onun qəzəbinə tuş gəlməkdən qorxuruq” deyən, məhz buna görə də həmin günün bəlasından zərər görməyən, üzlərinə parlaqlıq, könüllərinə sevinc verilən, səbr etmələrinin nəticəsi olaraq, qızmar istinin və şaxtalı soyuğun olmadığı cənnətə gedəcək insanlar üçün burada itirdiklərinin əhəmiyyəti varmı?!
Bizi əhatə edən aləm çeşid-çeşid nemətlərlə dolu olan böyük bir səltənətə bənzəyir. Belə olan halda səbr etmək, nankor nəfsimizlə mübarizə apararaq bizə verilmiş nemətlərə şükr etmək lazım deyilmi? Allahın ən gözəl şəkildə yaratdığı biz insanlar bir göz qırpımında keçən bu dünyaya vurularaq önümüzdəki əbədi səadəti yaddan çıxartmırıqmı?
***
Alvarlı Əfə əsl bayramın canın Canana, qulun Sultana qovuşduğu və bütün günahların bağışlandığı gün olduğunu söyləyir.
Mövla bizi əfv etsə,
Nə gözəl bayram olar.
Bütün xətalar getsə,
Bayram o bayram olar.
Dildəki Rəhman olsa,
Dərdlərə dərman olsa,
Azadlıq fərman olsa,
Bayram o bayram olar.
Bayramlarınız mübarək, könlünüz sevincli, gələcəyiniz xoşbəxt olsun!
Ölmək dirilməkdir
Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.
Sonsuz yaşamaq üçün proqramlaşdırılmış insan ruhu fani dünyanın müvəqqəti sevincindən, ləzzətindən razı qala bilmir. Bəlkə elə buna görədir ki, maddədən, materiyadan aldığımız əsrarəngiz ləzzətin belə əzabını nə vaxtsa çəkməli oluruq. Bəli, həqiqi və sonsuz ləzzət ruhumuzun qidalanmasına xidmət edən nemətlərdədir. Daim stres içində yaşayan və narahatçılıqdan heç cür qurtula bilməyən XXI əsr insanının bu halını yalnız ruhunun aclığı ilə izah etmək mümkündür.
***
Gəmiyə minməkdən qorxan birisinə dostu axşam vaxtı dənizdə qısa səyahətə çıxmağı təklif edir. Həmişəki kimi onun cavabı belə olur: “Qorxuram, bata bilərik!” Daha sonra aralarında belə bir ibrətamiz dialoq keçir. Dostu: “Bu limanda neçə gəmi var?” O: “Min dənə olar”. Dostu: “Hər il buradakı gəmilərdən neçəsi batır, bilirsənmi?” O: “Bir, ya da iki dənə. Elə olur ki, heç biri də batmır”. Dostu: “İldə neçə gün var?” O: “Üç yüz altmış”. Dostu: “Sənin qorxuna səbəb olan hadisənin baş vermə ehtimalı üç yüz altmış mində birdir. Bəs sən bundan sonra nə qədər yaşayacağını təxmin edirsən?” O: “Mən çox qocayam, uzağı daha on il ya qalaram, ya gedərəm”. Dostu: “Əcəlin vaxtı məlum olmadığından hər gün ölmək ehtimalın var. Deməli, geri qaldığını düşündüyün üç min altı yüz günün hər birində vəfat etmək ehtimalın var. Yəni bu gəminin batmağından yüz dəfə artıq. Onda gəmiyə minmədən də hər gün ölüm qorxusu ilə titrə və ağla”... Allah qorxu hissini həyatımızı qorumaq üçün verib, onu məhv etmək üçün yox. Bədbəxt hadisənin baş vermə ehtimalı beş-altıda bir olsa, yenə də ehtiyat üçün qorxmağa dəyər. Yoxsa qırxda bir ehtimala görə qorxmaq ağılsızlıqdır, bu hiss həyatımızı əzab-əziyyətə çevirər.
***
Gözlərimizi bağlamaqla günəşi yox etmirik, sadəcə özümüz üçün qaranlıq çökdürmüş oluruq. Günəş kimi aydın bir həqiqət varsa, o da ölümdür. Ölümü guya görməmək ölüm gerçəkliyini aradan qaldıra bilməz. Ölümdən mənasız şəkildə qorxmaq yox, onu başa düşmək lazımdır! Qorxu ağıl və məntiqə yer qoymur, nəticədə mənasız hərəkətlər edirik. Doğrudur, ölümə çarə yoxdur, amma ölümü anlaya, ağlımızla müəyyən tədbir görə bilərik.
Ölüm dünyada yaşamaqdan azad olmaqdır, həyata fasilə verməkdir, bir yerdəyişmədir, sonsuz həyata dəvətdir və sonsuzluğadək uzanacaq bir həyatı məcburi salamlamaqdır. “Ol” əmri ilə bir qaranlıq məkandan dünyaya gəlmiş insan “öl” əmri ilə başqa bir qaranlıq məkana gedir. Ruh vücudun məhdud çərçivəsindən qurtularaq sərbəstliyə qovuşunca, orqanizm öz funksiyasını mənalı şəkildə tədricən itirir. Ona görə mənalı deyirəm ki, ən sadə canlı olan bitkilərin ölümündə belə sirli mənalar yatır. Meyvə və toxumların ölümü zahirən çürümək və dağılmaq kimi görünsə də, əslində bu, element və zərrələrin planlı şəkildə bir yerə toplanmasından ibarət olan sistemli bir kimyəvi prosesdir. Gözümüzlə görə bilmədiyimiz bu proseslərdə hər toxumun ölümü yeni bir sünbülün həyatının başlanğıcına səbəb olmaqdadır.
Ölüm əslində zahirən göründüyü kimi, dəhşətli bir hadisə deyil. İnanan insana görə ölüm həyat yükünün təhvil alınması, dünya meydanındakı imtahanın başa çatmasıdır; o biri aləmə getmiş əksəriyyət qohum və dostlarına qovuşmaq, həqiqi vətəninə və sonsuz səadət diyarına getmək üçün bir vasitədir. Ölüm dünya zindanından cənnət bağçalarına dəvətdir. Ona görə də ölümə dəhşətli bir hadisə kimi yox, mərhəmət və səadətin bir müqəddiməsi kimi baxmaq lazımdır.
Əgər insan yalnız bədəndən ibarət olsaydı və həmişə bu dünyada yaşasaydı, o biri dünyaya ehtiyac qalmazdı. Amma ölüm var və bir gün fiziki vücudumuz mütləq torpağa qarışacaq. Yuxular və sonsuz səadət arzusu kimi duyğular da insanın yalnız bədəndən ibarət olmadığını göstərir. Deməli ağlı və ürəyi olan, daxilində əbədi xoşbəxtlik hissi daşıyan bir insanın yoxluğa məhkum edilməsi mümkün deyil.
Qəbir qapısı həmişə açıqdır, ona görə də sonsuzluq səyahətinə çıxmış bir insan bu çətin marşrutun biletini düz seçməlidir. Bundan da əhəmiyyətli olan digər bir məsələ isə bunu digər səyahətçilərə də bildirməkdir.
“İnsan necə yaşayarsa, elə də ölər; necə ölərsə, elə də dirilər”. Mənalı həyat keçirən, bu dünyada iz buraxan, yaşadığı cəmiyyətə, o cümlədən bütün bəşəriyyətə faydalı olan insanların bir dəfə ölməyi əslində min dəfə dirilməyindən xəbər verir.
Do'stlaringiz bilan baham: |