ŞƏKİ RAYONUNUN MAKROMISETLƏRİNƏ DAİR İLK MƏLUMATLAR
Mustafabəyli E.H., Sadıqov A.S., Ağayeva D.N.
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu
Məqalə Şəki rayonunun ərazisində yayılan makromisetlərin müxtəlifliyinə dair ilk çap işidir. Tədqiqat işi 2013-2015-ci illərdə toplanılmış və Botanika İnstitutunun herbarisində saxlanılan göbələklərə həsr olunub. Ascomycota və Basidiomycota filumlarına aid taksonlar, onların ekoloji qrupları və rast gəlmə yerləri barədə ətraflı məlumat verilir.
Açar sözlər: göbələk, herbari, növ, nümunə, meşə
Şəki rayonu dəniz səviyyəsindən 700 m yüksəklikdə Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayonun ərazisi 2432.8 km2, şimaldan Dağıstan Respublikası, şərqdən Oğuz, cənubdan Yevlax, qərbdən isə Qax inzibati rayonları ilə qonşudur. Rayonun şimal-şərq və şimal hissəsi baş Qafqaz silsiləsi boyu uzanan meşələr, subalp-alp çəmənliyi ilə örtülmüşdür. Ərazinin 70% i subtropik zonaya düşür. Şəki rayonunun su balansı yağıntı (1.73 km3), axım suları (0.54 km3) hesabına formalaşır, buxarlanma 1.19 km3 təşkil edir.
Dağlıq zona meşə, subalp, alp və nival qurşaqlarına ayrılır. Aşağı dağ meşə qurşağında (1000 m d.s.h.) gürcü palıdı (Quercus iberica Steven ex M.Bieb.), orta dağ meşə qurşağında (1800-2000 m d.s.h.) şərq fıstığı (Fagus orientalis Lipsky), yuxarı dağ meşə qurşağında (2000 m d.s.h.) isə şərq palıdı (Quercus macranthera Fisch & C.A.Mey. ex Hohen.) və tozağacının üstünlük (Betula L.) təşkil etdiyi meşələr vardır. Bu ağaclarla yanaşı meşələrdə vələs (Carpinus L.), qara qızılağac (Alnus glutinosa (L.) Gaerth.), göyrüş (Fraxinus L.), ağcaqayın (Acer L.), qarağac (Ulmus minor Mill.), yunan qozu (Juqlans regia L.), eldar şamı (Pinus brutia Tenore subsp. eldarica Medw.), qaraçöhrə (Taxus baccata L.) və s. aid ağaclar da bitir.
Meşələr əsasən Baş Laysk, Baş Şabalıd, Baş Göynük, Aşağı Şabalıd, Zunud, İnçə, Qoxmuq, Kiş, Baş Zəyzid, Orta Zəyzid və Oravan kəndləri ərazisinə daxildir. Ərazi bütövlükdə 11 torpaq tipi (dağ çəmən, dağ, çəmən meşə, dağ meşə, dağ qəhvəyi, bozqır, çəmən bataqlıq, dağ qara, dağ boz-qəhvəyi, qara, açıq dağ boz-qəhvəyi) ilə səciyyələnir, əsasən məhsuldar və yüksək keyfiyyətli bonitet torpaqlardır.
XX əsrin əvvəllərinədək ekoloji problemlərlə üzləşməyən rayonun fauna və florası hazırda bir sıra ekoloji təhlükələrlə qarşı-qarşıyadır. Meşə landşaftının sürətlə antropogen məhvi, düşünülməmiş, texniki cəhətdən qüsurlu layihələrin həyata keçirilməsi, vaxtilə əkinə yararlı torpaqların sıradan çıxması və s. kimi problemlər bunlardan bəziləridir. Bu baxımdan ərazinin biomüxtəlifliyinin tədqiqi, o cümlədən göbələk müxtəlifliyinin üzə çıxarılması aktual və əhəmiyyətli məsələlərdəndir.
Do'stlaringiz bilan baham: |