Bu yurd o yurd deyil ha,
Urud-Urud deyil ha,
Ah-naləmdi göydəki,
Topa bulud deyil ha!
Uruda “əlvida” deyərkən gəldiyim ilk qənaət bu oldu ki, ərazini-Vətən, torpağı-Yurd eləyən orada yaşayan insanlardı.
Urudsuz-urudlular nədirsə, urudlularsız-Urudda odur.
Torpaq insanlar üçün nə qədər Vətəndirsə, insanlarda torpağa o qədər həyandılar. Torpaq Vətənin cismi, orada yaşayan insanlar isə bu cismin diriliyidir. Dağıdğlmış, boşaldılmış yurdlar Vətənin məzarı, qaçqınlar və didərginlər isə sərgərdan ruhudur.
Bizim babalarımızın 200-300 il bundan öncə basdırdığı, nəsilbənəsil böyütdüyümüz, bəhrəsini gördüyümüz Xan Cəvizləri ermənilər kəsiblər, yerində bostan əkiblər.
Babalarımız bizim o torpaqlarda əbədi qalacağımızı nəzərə alaraq 100 illik ağaclar əkirdilər.
Ermənilər o torpaqlardan hər an gedə biləcəklərini dərk edərək ağac basdırmırlar, altı aya bitib sovulacaq bostan əkirlər.
...Ovuclarımla Vətən torpağını selofan torbaya doldururam. Vətənsizlər və torpaqsızlar üçün. Bostanda işləyən erməni uşağı öz köməyini təklif etir. Etiraz etmirəm. Onsuzda onlar ömürləri boyu bizim torpaqlarda, bizim evlərdə, bizim həyətlərdə işləyiblər. Yenə də belə olacaq. Bunun üçün bizim zəngin, qüdrətli bir dövlət yaratmağımız və bir az da ayıq olmamız lazımdır.
Dinməz-söyləməz yolumuza davam edirik. Zor-zor bulağa çatanda dayanırıq, əl-üzümü yuyub doyunca su içirəm, iki litr də Bakıya gətirmək üçün götürürəm.
Vağədi Vəngin dikinə çatanda Hovik maşını saxlayır, Bazar çayın sol sahili boyunca salınmış ucsuz-bucaqsız meyvə bağlarını göstərir:
-Buralar hamısı mənimkidir, təzə saldırmışam, heyif ki, becərməyə-baxmağa adam yoxdur. Gilasın siftəsidir, qoy bir az yığdıraq, Sisyanda yeyərik. Heç birimiz etiraz etmirik.
Hovik yaxınlıqda ağac suvaran yaşlı bir kişini çağırır:
- Ara, Kepcil, ari sdeğ! Mikis gilası havaki ber. Şudara vrazumenk! (Kepçil, gəl bura! Bir az gilas yığ gətir, tez ol tələsirik)!
Kepçil!!! Dayan, bu Şam qəsəbəsinə Vağədidən, Uruddan üstü çadırlı “Qaz-53” maşınında fəhlə daşıyan Kefcil Valod deyil ki? Valod Şam qəsəbəsindəki SES-in tikintisində sürücü işləyən Vağədi ermənisi idi, xeyirxah, zarafatcıl, yeyib-içməyi, qonaq getməyi, qonağa qulluq etməyi xoşladığından azərbaycanlılar ona kefcil ləqəbi vermişdilər. Ermənilər də azərbaycanlıların ağzı ilə, amma «f» hərfini tələffüz edə bilmədiklərinə görə «Kepçil Valod» deyirdilər.
75-80 yaşlarında, lakin çox gümrah və qıvraq görsənən bir kişi yaxınlaşıb dinməzcə Hovikin uzatdığı selofan torbanı götürür. Kişinin üzünə diqqətlə baxsam da, bu Kefcilin Valod olduğunu dəqiqləşdirə bilmirəm. Kişiyə diqqətlə baxdığımı görən Hovik dillənir:
- Kepcil Valodu tanımırsan? Vağədidə oxuyanda (Urudda o vaxt orta məktəb olmadığından mən 1976-78-ci illərdə IX-X sinifləri Vağədi kəndində oxumuşam.M.U.) o qədər bunun maşınının kuzovunda gedib-gəlmisən ki?
- “Yox”, - deyirəm, - bir də o vaxtdan 30 il keçir, Valod da çox dəyişib.
- Dəyişib eləməyib, həminki Kepcildir, intəhası bir az qocalıyib. Maşından düşüb Kefcil Valodla azərbaycanca salamlaşıram:
- Salam, Kefcil!
Salam deyir, təəccübsüz-filansız.
- Məni tanıdın?
Diqqətlə üzümə baxır:
- Qadan alım, Uruddansan?
- Hə. Hesabdar İsanın oğluyam, Kamran müəllimin bacısı oğlu! Boynumu qucaqlayıb hönkür-hönkür ağlayır:
- İsa dayıya Allax raxmət eləsin. Onun o qədər çörəyini yemişəm ki! Kamran muallim də mənim qardaşım olub, o qədər yaxın olmuşuq. Durur, Kamran muallim?
- Hə, Bakıda yaşayır.
- Məndən çox-çox salam deyərsən!
Sonra Kefcil Valod bir-bir bütün urudluları və vağədililəri soruşmağa başlayır.
Erməni deputatlar Vağədi Vəngin məbədinə tərəf düşürlər. Mən də Urudun və Vağədinin bağlarını, kövşənlərini dərə boyunca arxayın-arxayın axan Bazar çayı kameranın yaddaşına köçürdükdən sonra alban yaxud erməni məbədgahı olduğu bilinməyən XIII əsrə məxsus Vağədi Vəngin həyətinə enirəm.
Həyətin ortasında təzə bərpa olunan, yaxud düzəldilən 7-8 üstü xaçlı sənduqə formalı qəbirüstü abidə, bir az aralıda isə iki eyni ölçülü yanaşı büst diqqəti cəlb edir. Sənduqələrin Vəng sahibinə və onun ailəsinə məxsus olduğunu yəqin etdiyimdən bu barədə heç nə soruşmuram, amma köhnə məbəddə təzə büstlərin qoyulması səbəbi ilə maraqlanıram, o saat da səhv etdiyimi başa düşürəm:
Ara, bu büstün biri mənim qardaşımındı, 1968-ci ildə 31 yaşında Əfqanstanda diplomatik xidmətdə olarkən musurmannar öldürüb. O biri də onun oğludur. Onu da 1993-cü ildə 31 yaşında Qubadlıda sizinkilər öldürüb!
Doğrusu, çox pərt oluram, lakin pərtliyimi gizlətmək üçünmü, ya acığımdanmı, ağlıma gələn ilk sualı verirəm:
- Sənin qardaşın oğlu Qubadlıda yaşayırdı?
- Yox, ara, davada öldürüblər.
Bilmirəm rəhmət deyim, ya deməyim. Nə təhər rəhmət deyim ki, onu bizimkilər işğalçı ordunun əsgəri kimi öldürüblər, nə təhər deməyim ki, əmisi ilə birlikdə gəlib qəbrinin üstünə çıxmışam!
Türklərin bir deyimi məni çətin durumdan xilas edir:
-Keçmiş olsun, - deyirəm!
...Vagədi kəndinə, yollara baxıram. Kənd boş, yollar kimsəsiz, Bazar çayı qüssəli.
Bu yollar işləməsin,
Bəzirqan qışlamasın
Mən sevdim, sən apardın,
Tanrı bağışlamasın.
Bağışlamayacaq da! Tanrı heç zaman buynuzsuz qoçun qisasını buynuzluda qoymayıbdır. Bu daş-qayalarda o qədər qoçun, keçinin buynuzları qalıb ki!
Ancaq Tanrı da səndən hərəkət, məndən bərəkət deyibdir.
Qazı bağından götürdüyüm torpağı, “Zor-zor”-dan doldurduğum suyu Zəngəzur camaatının ağsaqqalı Seyid Miriş ağaya aparmağı düşünürəm. Bu torpaq yurd həsrəti ilə ölənlərimizin gözlərinə tökülmək üçün , bu su onların ruhlarına oxunacaq duaları sərinlətmək üçündür. Dirilərimiz isə o torpaqlara qayıtmaq naminə yaşamalıdırlar, döyüşməlidirlər. Unutmamalıyıq ki, müqəddəs savaşımız təkcə Qarabağla bitmir!
Do'stlaringiz bilan baham: |