2. İctimai məhsulun təkrar istehsalı: mahiyyəti, tipləri və meyarı.
İctimai məhsulun mahiyyəti haqqında danışdıqdan sonra ictimai təkrar isatehsal haqqında bir sıra mülahizələri özümüz üçün aydınlaşdırmalıyıq. Çünki, cəmiyyətin əldə etdiyi bütün məhsul və xidmətlər təkrar istehsalın nəticəsidir.
İctimai təkrar istehsal dedikdə daima, fasiləsiz, qarşılıqlı və ardıcıl axın şəkildə mövcud olan iqtisadi əlaqələrin yeniləşməsi başa düşülür. Hər bir ictimai istehsal, eyni zamanda ictimai təkrar istehsaldır. Təkrar istehsal bir qayda olaraq istehsal, bölgü, mübadilə və istehlak fazalarını əhatə edir. Hər bir istehsalın məqsədi istehlakla bağlı olduğundan, hər bir istehlakın da məqsədi istehsalın baş verməsi zəruriliyini törədir. Deməli, istehsalla istehlak arasında qarşılıqlı əlaqə mövcuddur. Təkrar istehsalın digər fazaları arasında da özünün fərdi xüsusiyyətlərinə malik qarşılıqlı əlaqələr mövcuddur. Təkrar istehsal əslində cəmiyyət miqyasında baş verən iqtisadi münasibətlərini təkrar istehsalıdır. Yəni iqtisadi münasibətlər çərçivəsinə daxil olan bütün iqtisadi elementlər, mütləq təkrar istehsal prosesi ilə rastlaşır. Heç kəs inkar edə bilməz ki, cəmiyyətdə istehsalın baş verməsi üçün, mütləq onun element və amilləri təkrar istehsal olunmalıdır. Deməli, iqtisadi sistemin gedişatı üçün mütləq xammal, materiallar, istehsal vasitələri, iş qüvvəsi və iqtisadi münasibətləri məcmu şəkildə təkrar istehsal olunmalıdır. Bu prosesin gedişatı ictimai əmək bölgüsünün dərinləşməsinə, iqtisadi əlahədəliyin güclənməsinə, hər cür ölkədaxili və xarici iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Əgər göstərilən bu əlamətlərin hər biri təkrar istehsal prosesi üçün nəzərə alınmazsa, istər istəməz orada istehsalın miqyası zəifləyəcək və onun iqtisadi potensialı aşağı düşəcəkdir. Bir cəhəti də xüsusi nəzər almaq lazımdır ki, təkrar istehsal üçün əsas xarakterik cəhət onun reallaşma prosesinin həyata keçirilməsidir. Yəni təkrar istehsal o vaxt baş verir ki, istehsal olunan bütün əmtəə və xidmətlər satılmış olsun. Bu şərait iqtisadiyyatda müvazinətli, tarazlı, proporsional və sabit inkişaf istiqamətini əsaslandırır.
Təkrar istehsal haqında danışarkən, bir qayda olaraq onun tipləri haqqında məlumat vermək lazımdır.
Təkrar istehsalın ilkin tipi sadə təkrar istehsaldır, istehsal prosesinin əvvəlki miqyasda təkrarıdır, əldə olunan bütün gəlirlərin son məqsədə - şəxsi istehlaka yönəldilməsidir. Geniş təkrar istehsal prosesinin daima artırılmasını nəzərdə tutur. Bu zaman əldə olunan gəlirlərin bir hissəsi əlavə istehsal amillərinin alınmasına, digər hissəsi isə şəxsi istehlaka istiqamətləndirilir.
Təkrar istehsalın tarixi tipləri olan sadə və geniş təkrar istehsalla yanaşı onun tənəzzülü tipinin möcudluğu əsaslandırılmalıdır. Bir qayda olaraq tarixi inkişaf statik vəziyyətdə deyil, dinamik vəziyyətdə öyrənildiyindən həmişə sadə formadan sonra geniş formanın mövcudluğu əsaslandırılıb. Lakin iqtisadi həyatda elə proseslər yaranır ki, texniki tərəqqinin mövcud vəziyyəti təkrar istehsalın sadə formasını inkar edir, onun geniş tipini əsaslandırır. Lakin resurs təminatı baxımından təkrar istehsalın tənəzzülü tipi baş verir. Deməli, təkrar istehsalın tənəzzülü tipi dedikdə, istehsal prosesinin miqyasının tədrici azalması ilə təkrarlanmasıdır. Bu proses əsasən iki amil nəticəsində baş verir: 1) cəmiyyət üzvlərinin gəlirlərinin azalması təkrar istehsalın nəticəsi olan əmtəə və xidmətlərlə müşayət olunmur; 2) resurs təminatının məhdudluğu nəticəsində mövcud istehsal prosesinin miqyası daralır. Hazırki şəraitdə Azərbaycan iqtisadiyyatı üçün tənəzzüllü təkrar istehsal tipi xarakterikdir. Belə ki, hazırki şəraitdə iqtisadiyyatın aparıcı sahələrində bütövlükdə istehsalın miqyası sərt şəkildə aşağı düşürsə, lakin onun bir sıra sahələrində istehsal prosesi keyfiyyətcə yeni formada geniş miqyas alır. Təkrar istehsalın bu tipi bütün iqtisadi sistemlər üçün xasdır. Əgər inzibati sistemdə o iqtisadiyyatda olduqca ağır nəticələr törədirsə, bütün xalq təsərrüfatı kompleksini əhatə edirsə, lakin bazar sistemində bir qrup istehsalçılar tam var yoxdan çıxırlarsa, digərləri bir o qədər varlanırlar. Bununla yanaşı bu sistemdə xüsusi mülkiyyətin çevik və səmərəli fəaliyyəti ilə bağlı, iqtisadiyyatda qısa bir müddətdən sonra müvazinat yaranır. Ümumiyyətlə, bir qayda olaraq tarixi inkişaf prosesi üçün geniş təkrar istehsal daima iqtisadi inkişafı əsaslandırır, onu həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşdirərək miqyasını artırır.
Yuxarıda qeyd olunan təkrar istehsalın tiplərindən əlavə onun özünəməxsus meyarları da fəliyyət göstərir. Bu meyarlara ekstensiv, intensiv və qarşılıqlı təkrar istehsal hədləri daxildir. Bir qayda olaraq bu meyarlar təkrar istehsalın geniş tipi üçün əhəmiyyət daşıyır.
Do'stlaringiz bilan baham: |