Təhlil
Vətəndaşlıq qanununda yeniliklər qüvvəyə minib
01.07.2015
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev AZƏRTAC-a müsahibəsində vətəndaşlıq qanunundakı yeniliklərdən danışıb. Transparency.az-ın məlumatına görə, Firudin Nəbiyev deyib ki, Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanunu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilib: “Həmin dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Bu barədə məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sözügedən müddəa Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanunu qüvvəyə minəndən sonra, yəni 2014-cü il 1 iyul tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.
Həmin qanunun tətbiqindən irəli gələn məsələ kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin elektron formasının hər iki qurumun rəsmi internet saytlarında yerləşdirilməsinin təmin edilməsi tapşırılıb. Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə müvafiq ərizə-anket forması təsdiq edilib və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli qanunu ilə Cinayət Məcəlləsinə yeni 318-2-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumat vermədikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Bu zaman “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın müddəaları nəzərə alınır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaş qeyd olunanları nəzərə alaraq bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir”.
Bu yaxınlarda Nazirlər Kabineti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nı təsdiq edib. Firudin Nəbiyev qeyd edib ki, həmin qaydaya görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş və Azərbaycanın ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır: “Bu qaydada həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər nəzərə alınıb.
2008-2014-cü illər ərzində vətəndaşlığı olmayan 852 şəxs və ümumilikdə 1164 nəfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Təkcə 2014-cü il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmuş 254 vətəndaşlığı olmayan şəxsdən 186-ı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Vətəndaşlığı olmayan 157 şəxsin müraciəti isə hazırda Xidmət tərəfindən icra olunmaqdadır. İndiyədək 18254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb, onlar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.
Dövlət Miqrasiya Xidməti ölkədə vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində, həmçinin Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində işləri müvəffəqiyyətlə davam etdirir. Bu baxımdan uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan və hazırda hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədləri olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması və vətəndaşsızlıq hallarının azaldılması istiqamətində görülən tədbirləri qeyd etmək olar. 2015-ci ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub. Həmin şəxslərin bir qisminin xarici dövlətin vətəndaşı olması nəzərə alınaraq respublikamızın ərazisində yaşamalarının qanuniləşdirilməsi istiqamətində tədbirlər görülür. Digər qisminin isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədilə ehtimal olunan dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinə müvafiq sorğular göndərilib. Müraciət edənlərin məmnunluğunu təmin etmək məqsədilə bu günlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən şimal bölgəsində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Xaçmaz şəhərində qəbulu keçirilib.
Hazırda Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan və hüquqi statusu məlum olmayan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində də tədbirlər davam etdirilir”.
5-ci parlament seçkisi gəlir
01.07.2015
Noyabrın 1-də parlament seçkisi keçiriləcək. Transparency.az bildirir ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5-ci parlament seçkisidir. Əvvəlki seçkilər 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də olub.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, ölkədə qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Milli Məclisin bu səlahiyyətləri var:
1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;
6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;
8) Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;
10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;
11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;
18) referendum təyin edilməsi;
19) amnistiya.
20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
Məhkəməsiz mübahisə
01.07.2015
Bəkir Nərimanoğlu
Sahibkarlıq subyektləri arasında mübahisələrin məhkəmədə həlli heç də həmişə tərəflərin maraqlarına cavab vermir. Mübahisənin məhkəmə həlli tərəflər arasında konsensusun əldə olunmasına yönəlmir, hər zaman işi udan və uduzan tərəf var. Bu ona gətirib çıxarır ki, tərəflər bir qayda olaraq işgüzar münasibətləri kəsirlər. Bundan əlavə, mübahisənin məhkəmədə baxılması onun operativ həllinə heç də həmişə imkan yaratmır. Eyni zamanda müdafiə prosesinə ixtisaslı hüquqşünasların cəlbi tərəflərə böyük maliyyə məsrəflərinə başa gəlir. Bu, xüsusilə strukturunda ayrıca hüquq departamentləri olmayan kiçik və orta sahibkarlıq subyektləri üçün xarakterikdir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur: “Xarici ölkələrin təcrübəsində mübahisələrin həllinin alternativ üsullarının təsnifatı üçüncü şəxsin iştirakı və onun funksiyalarından (danışıqlar, vasitəçilik, arbitraj) asılı olaraq aparılır. Müxtəlif ölkələrdə mövcud olan fərqli təsnifatlardan çıxış edərək mübahisələrin alternativ həlli prosedurlarının bir çox növlərini sadalamaq olar: danışıqlar; vasitəçinin iştirakı ilə danışıqlar; arbitraj və ya münsiflər məhkəməsi, vasitəçilik; ekspertin müstəqil rəyi; mini-araşdırma; barışdırıcı icraat; özəl məhkəmə; “çoxqapılı məhkəmə”; məhkəmə konfransları; kompüter proqramları vasitəsilə danışıqlar və s”.
İTYİB-nin tədqiqatında deyilir ki, prosedur növlərinin çoxluğuna baxmayaraq xarici ölkələrin təcrübəsində mübahisələrin həllinin əsas alternativ formalarına bir qayda olaraq danışıqları, vasitəçiliyi və münsiflər məhkəməsini aid edirlər.
Danışıqlar
Mübahisələrin alternativ həlli üsulları sırasında danışıqlar mühüm yer tutur. Bu, mübahisənin kənar şəxslərin iştirakı olmadan bilavasitə tərəflərin özləri tərəfindən həlli formasıdır. Danışıqların köməyi ilə tərəflərin mövqeyini və arqumentlərini, ixtilafın predmetini müəyyənləşdirmək, ixtilaf dərəcəsini azaltma cəhdlərini aşkar etmək və problemin həllinə öz yanaşmanı müdafiə etməyə nail olmaq mümkündür. Danışıqların prosedurunu dövlət deyil, tərəflərin özləri müəyyən edir. Lakin qanunvericilik məhkəməyə müraciətin ilkin şərti kimi danışıqlar mexanizminin tükənməsinin məcburiliyini (pretenziya qaydası) nəzərdə tuta bilər. Vasitəçinin iştirakı olmadan və ya neytral vasitəçinin iştirakı ilə danışıqlar mürəkkəb konfliktin həllinin baha olmayan və kifayət qədər tez başa çatan üsuludur.
Bir sıra ölkələrin qanunvericiliyində mübahisənin məhkəməyə verilməsinədək tərəflərin mübahisənin həlli məqsədilə birbaşa danışıqlar aparması tələbi qanunvericilikdə öz əksini tapıb. Məsələn, Yaponiya qanunvericiliyində üçüncü, marağı olmayan şəxslərin iştirakı ilə birbaşa danışıqların aparılması məcburi qayda kimi təsbit olunub. Belə hallarda üçüncü şəxslər danışıqlarda müşahidəçi kimi iştirak edirlər.
Danışıqlar daha çox kommersiya mübahisələri zamanı tətbiq olunur və səmərəli nəticələr verir. Bu üsulun həyata keçirilməsi proseduru bir qayda olaraq qanunvericilik səviyyəsində reqlamentləşdirilmir, tərəflər özləri prosesin aparılması ilə bağlı qaydaları müəyyən edirlər.
Vasitəçilik
Mediasiya mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasıdır. Hakimlərin bir çox hallarda tərəflərdən birini qane etməyən iradi qərarlar qəbul etdiyi arbitraj və münsiflər məhkəməsindən fərqli olaraq mediasiyada vasitəçi heç bir qərar qəbul etmir, tərəflər özləri razılığa gəlirlər. Vasitəçi yalnız tərəflərə ümumi qərar tərtib etməyə kömək edir və hər iki tərəfi qane edən sazişin bağlanmasına yardım göstərir.
Postsovet məkanına daxil olan bir sıra ölkələrdə, məsələn, Rusiya Federasiyasında (27 iyul 2010-cu ildə), Qazaxıstanda (28 yanvar 2011-ci ildə), Latviyada (22 may 2014-cü ildə) mediasiya haqqında qanunlar qəbul edilib.
Münsiflər məhkəməsi
Mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsi fikir ayrılıqlarının tərəflər üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həllidir. İnkişaf etmiş iqtisadiyyata malik ölkələrin təcrübəsi göstərir ki, əksər hallarda sahibkarlar mübahisəni dövlət məhkəmələrində deyil, münsiflər məhkəmələrində həll etməyə çalışırlar. Ayrıca götürülmüş ölkədə münsiflər məhkəməsinin populyarlığı orada yaşayanların yüksək hüquq mədəniyyətinə dəlalət edir.
Bir sıra ölkələrdə münsiflər məhkəməsi ilə bağlı ayrıca qanunlar mövcuddur. Məsələn, 2002-ci ildə Rusiya Federasiyasında “Münsiflər məhkəməsi haqqında” qanun qəbul edilib. Münsiflər məhkəməsinin normativ-hüquqi tənzimləməsi sovet dövründə də mövcud idi.
Dövlət məhkəməsində və münsiflər məhkəməsində məhkəmə araşdırmasının oxşar cəhətləri olsa da, mühüm fərqlər də var. Həmin fərqlər təcrübədə münsiflər məhkəməsinə üstünlük verilməsini şərtləndirir.
Birincisi, dövlət məhkəməsində araşdırmanın əsas mənfi cəhəti mübahisənin həlli üçün uzun müddətin tələb olunmasıdır. Münsiflər məhkəməsində mübahisə daha operativ həll olunur. Dövlət məhkəmələrinin sistemi bir işə müxtəlif instansiyalarda bir neçə dəfə baxılmasına imkan yaradır. Münsiflər məhkəməsinin yuxarı instansiyaları yoxdur (münsiflər məhkəməsi qərarlarının apellyasiya, kassasiya, nəzarət qaydasında yenidən baxılması proseduru mövcud deyil). Bu məhkəmənin qərarından şikayət nəzərdə tutulmur, lakin əgər tərəflər sazişdə başqa qayda nəzərdə tutmayıblarsa, qərar mübahisələndirilə bilər.
İkincisi, mübahisənin dövlət məhkəməsində araşdırılması qanunvericiliklə müəyyən olunmuş kifayət qədər mürəkkəb prosedurların gözlənilməsini tələb edir. Münsiflər məhkəməsi proseduru isə çoxsaylı prosessual qaydalarla reqlamentləşdirilmir.
Üçüncüsü, bir sıra hallarda dövlət məhkəmələrinin hakimləri mübahisənin həlli üçün vacib olan və müəyyən sahə ilə bağlı xüsusi biliklərə malik olmurlar. Münsiflər məhkəməsinin tərkibini isə tərəflər özləri seçirlər və onların mübahisənin spesifikasına uyğun tələb olunan sahə ilə bağlı xüsusi biliklərə malik şəxsləri seçmək imkanı olur.
Dördüncüsü, mübahisəyə dövlət məhkəməsində müəyyən istisnalarla açıq məhkəmə iclasında baxılır. Münsiflər məhkəməsi isə mübahisə tərəfləri üçün konfidensiallıq şəraiti yaradır. Mübahisəyə qapalı iclaslarda baxılır ki, bu da tərəflərin kommersiya sirrinin qorunmasına daha etibarlı təminat verir. İstənilən kənar şəxsin məhkəmə iclasında iştirakı tərəflərin razılığı ilə mümkündür. Həmçinin tərəflərin razılığı olmadan münsiflər məhkəməsinin qərarının dərci qadağandır.
Beşincisi, münsiflər məhkəməsində araşdırma xərcləri dövlət məhkəmələri ilə müqayisədə azdır.
Münsiflər məhkəməsi daimi fəaliyyət göstərə və ya konkret mübahisənin həlli üçün tərəflərin öz təşəbbüsü də təşkil edilə bilər. Məhkəmənin qərarı imperativ xarakter daşıyır. Belə ki, bu, mübahisə tərəfləri arasında razılaşma deyil, məhz qərardır. Həmin qərarın icrası könüllü həyata keçirilməlidir. Əgər könüllü icra yoxdursa, o zaman maraqlı tərəf həmin qərarın məcburi icrasına icazə verilməsi xahişi ilə dövlət məhkəməsinə müraciət edə bilər. Bu halda dövlət məhkəməsindən mübahisəni mahiyyəti üzrə həll etmək tələb olunmur. Lakin o, məhkəmə icraatı aparmadan və öz qərarını çıxarmadan prosedur qaydalarına əməl olunub-olunmamasını, mübahisənin həll olunmasında hər iki tərəfin iştirak edib-etməməsini və sübutlar təqdim etmək imkanının olub-olmamasını yoxlaya bilər.
Hansı təcrübəni Azərbaycanda tətbiq etmək olar?
İTYİB-nin eksperti Abil Bayramov deyir ki, mübahisələrin həllinin yuxarıda qeyd olunan alternativ üsullarının hansının Azərbaycanda tətbiqi daha çox mübahisənin xarakterindən, prosesin hansı mərhələdə olmasından, qanunvericiliyin tələbindən və tərəflərin istəyindən asılıdır: “Danışıqlar mübahisənin kənar şəxslərsiz, bilavasitə tərəflərin özləri tərəfindən həlli forması olduğundan ilk növbədə bu üsuldan istifadəyə təşəbbüs göstərilir.
Hər hansı neytral vasitəçinin müdaxiləsinə ehtiyac olduqda isə mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasından – mediasiyadan istifadə olunur.
Tərəflər hesab etsələr ki, fikir ayrılıqlarının onlar üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həlli daha məqsədəuyğundur, o zaman mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsinə müraciətə üstünlük verirlər. Məcburi prosedur kimi məhkəməyəqədər vasitəçilik tərəflərin razılaşması ilə də nəzərdə tutula bilər. Bu halda müqavilədə mübahisənin mediatorun köməyi ilə nizama salınmasının məcburiliyi göstərilir. Eyni zamanda qanunvericilikdə də barışdırıcı prosedurların məcburi tətbiqi nəzərdə tutula bilər”.
Azərbaycanda hasilat hara düşür, dünyada qiymət hara?
03.07.2015
İyulun 3-nə olan məlumata görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46 sent ucuzlaşaraq 56,53 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 17 sent dollar azalaraq 61,84 dollar olub.
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 63,33 dollara satılıb.
“Yeni Müsavat” qəzetinə danışan iqtisadçı ekspert İlham Şaban deyib ki, Azərbaycanda neft bumu tarixə çevrilir: “Ötən ilin sonunda 2015-ci il üçün neftin orta qiyməti ilə bağlı müxtəlif ssenarilərdə verilən proqnozlara görə, 1 barrelin qiyməti 52-57 dollar arasında dəyişməliydi. İlin başlanğıcı ümumiyyətlə bu proqnozları daha da bədbinləşdirdi – “Brent” markalı neftin orta qiyməti 48 dollardan da aşağı düşdü. Buna görə də artıq ilin əvvəlindən dövlət başçısı İlham Əliyev Azərbaycan hökumətinə xərcləmə siyasətində ehtiyatlı davranmaq mesajları verdi.
Bu ilin büdcəsi tərtib olunanda enerji bazarında belə böhran yaranmamışdı və ona görə də xərclər ən yüksək həddə götürülüb – 21,1 milyard manat. Birinci rübün yekunu olaraq “Brent” markalı neftin orta qiyməti 53,69 dollar, ikinci rübün yekunlarına görə, 61,92 dollar olub. Bu ilin ilk yarım ilini “Brent” dünya bazarlarında 57,81 dollarla başa vurub. Azərbaycan neftinin orta qiyməti isə təqribən 59 dollar ətrafında olub. Yəni ötən il verilən proqnozların optimist ssenarilərini də üstələyib”.
İlin ikinci yarısı üçün proqnozlara toxunan ekspert deyib ki, həm OPEK-in, həm bir sıra beynəlxalq enerji agentliklərinin son günlər açıqladığı proqnozlara görə, yaxın müddətdə neftin qiyməti 55-70 dollar arasında dəyişəcək. Özü də bu dəyişmə ziqzaqlı ola bilər. Yunanıstandakı hadisələr və İrana qarşı sanksiyaların aradan qaldırılması birjaların durumuna təsir göstərəcək. Ehtimal var ki, bazarlarda bir stabillik hökm sürəcək və neftin 1 barrelinin orta qiyməti 62-65 dollar arasında dəyişəcək. Yəni neft qiymətlərində kiçik də olsa artım ola bilər”.
İlham Şaban 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiymətinin 101 dollar olduğunu qeyd edərək deyib: “Bu, yetərində yüksək rəqəm idi və ölkəyə ciddi gəlirlər daxil olurdu. Əgər biz optimist proqnozdan çıxış etsək belə, Azərbaycan neftinin illik orta ixrac qiyməti təqribən 63 dollar olacaq. Yəni itkilərin yerinin doldurulması real deyil. 2014-cü ilin neft ixracında 86 faizi xam neft tutub. Çox təəssüf, Azərbaycan neft qiymətlərinin yetərincə yüksək olduğu illərdə xammal ixracını azaltmaq, bazara hazır məhsul çıxarmaq yönündə ciddi addımlar atmadı. Çox güman ki, yaxın illərdə də Azərbaycanın belə bir imkanı olmayacaq. Çünki əvvəlki illərlə müqayisədə Azərbaycanın gəlirləri daha azdır. Proqnozlar isə göstərir ki, neftin qiymətinin dünya bazarlarında artım tempi qarşıdakı illərdə zəif sürətlə baş verəcək.
Azərbaycanda neft hasilatı da azalır və bu, obyektiv səbəblərdən baş verir. İstənilən yataq ya qocalıq dövrünü yaşayır, ya da ehtiyatları intensiv işlədildiyindən hasilatın pik dövrü çoxdan arxada qalıb. Məsələn, Azəri-Çıraq-Günəşli yataqlarından 1997-ci ilin noyabrından indiyə qədər 370 milyon ton neft çıxarılıb. 2010-cu ildən bu yana yataqlarda azalma tendensiyası yaşanır. Azərbaycan geoloqlarının proqnozlarına görə, 2015-ci il üzrə Azəri-Çıraq-Günəşlidə neft hasilatının 700-800 min ton aşağı düşməsi planlaşdırılıb. Hasilatın azalma prosesi bundan sonra hər il davam edəcək. Yəni neftin artan qiymətləri belə əslində azalan həcmləri kompensasiya etmək iqtidarında deyil. Neftin qiymətinin düşməsi və hasilatın azalması kimi amillərə görə Dövlət Neft Fonduna 2015-ci ilin 5 ayında Azəri-Çıraq-Günəşli yataqlarından daxilolmaların həcmi 3 milyard 71 milyon dollar olub. Bu o deməkdir ki, il ərzində qiymətlər müəyyən qədər artarsa belə, gəlirlər 7 milyarddan çox olmayacaq. Digər gəlirlərlə birlikdə 8 milyard dollar proqnoz etmək olar. Ancaq ötən il Neft Fondunun ümumi gəlirləri 16 milyard dollardan çox idi. Yəni bu il Azərbaycanın mənfəəti yarıbayarı azala bilər”.
Do'stlaringiz bilan baham: |