MÜNDƏRİCAT
REDAKSİYA ŞURASINDAN
Ramiz MEHDİYEV – Ön söz əvəzi: Müasir mərhələdə xalqların düşüncə
tərzlərində inteqrativ meyllər 5
İbn XƏldun – 675
İbn Xəldun – materialist, K.Marks isə idealist simasında (S. Xəlilov) 10
İbn XƏLDUN – İnsanların cəmiyyətlər şəklində yaşamaları haqqında 23
– Bəşəri nəfslərin növləri 27
Mixail Nüaymə – 120
M.Nüaymə Şərq və Qərb arasında (S. Xəlilov) 32
Mixail NÜAYMƏ – Son gün (I və II bölüm) 37
– Mirdadın kitabı 48
Müasir fəlsəfənin aktual problemləri
Ramiz MEHDIYEV – Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən
nəzərdən keçirilməsinə dair 61
Sİyasİ elmlər
Əbülhəsən ABBASOV – Milli ideologiya və demokratik dövlətçiliyin
formalaşması 70
fəlsəfə tarİxİ
Sədaqət ƏLİYEVA – Psixoanaliz və bədii yaradıcılıq 89
MƏDƏNİ-mənəvİ İrs
Samirə HƏSƏNOVA – Modernləşmə prosesində islam hüquq düşüncəsinin
yeniləşməsi və müasir problemlərin həllində məsləhət
prinsipinin rolu və yeri 109
Könül BÜNYADZADƏ – Axtarış və yaradıcılıq 122
ELMİ-FƏLSƏFİ HƏYAT
Müasir dünyada yeni düşüncəyə ümumi baxış (Beynəlxalq elmi konfrans) 137
Avrasiya Bir Vəqfində Prof.Dr. S.Xəlilovun konfransı (davamı) 139
AFSEA-da görüş (davamı) 150
FƏLSƏFİ ESSELƏR 166
FƏLSƏFİ ETÜDLƏR 171
TƏRСÜMƏLƏR
Məhəmməd İQBAL – Allah məfhumu və ibadətin mənası 183
Содержание 210
Table of Contents 212
Redaksiya Şurasından
Ön söz əvəzi:
Müasir mərhələdə
xalqların düşüncə tərzlərində
inteqrativ meyllər
Qloballaşmanın əsas təsir vasitələri iqtisadi və siyasi amillər olsa da, mədəniyyət sahəsində inteqrasiya meylləri də getdikcə artmaqdadır. Ənənəçilikdən müasirliyə gedən yol müxtəlif xalqları ortaq bir ictimai modelə yaxınlaşdırır və milli identifikasiyanın kəskin konturları getdikcə solğunlaşır. Ən yeni mərhələdə düşüncə tərzləri, fikrin metodologiyası və fəlsəfi dünyagörüşləri arasındakı fərqlər də getdikcə azalır. Fəlsəfi idrak ümumbəşəri dəyərlər kontekstində inkişaf etdirilməsi beynəlxalq inteqrasiya sisteminə də təsir göstərir.
XVI əsrdən başlayaraq yeni dövr fəlsəfəsi təbii elmi biliklərdən ayrılmaqla öz nisbi müstəqil predmeti daxilində inkişaf etmişdir. XIX əsrin ikinci yarısı və XX əsrdə isə sosiologiya, politologiya, hüquq və s. sahələrin fəlsəfədən ayrılaraq müstəqil elm sahələri kimi formalaşması fəlsəfənin predmetini bir az da məhdudlaşdırmışdır. Lakin bununla belə tarixin də, cəmiyyətşünaslığın da, siyasətin və hüququn da öz fəlsəfəsi ortaya çıxmış və beləliklə fəlsəfənin predmeti yenidən genişlənmişdir.
Ölkəmizdə siyasətşünaslığın fəlsəfi problemləri sahəsində geniş tədqiqat işləri aparılır. Amma digər sahələrdə də araşdırılmalı məsələlər çoxdur. Vətəndaş cəmiyyətinin formalaşması ictimai gerçəkliyin empirik sosioloji metodlarla tədqiqini daha da aktuallaşdırmışdır. Bu sahədəki axtarışlar ancaq Azərbaycana aid olmayıb müvafiq inkişaf yolu seçmiş digər ölkələrin də əsas məsələləri sırasındadır. Ona görə də istər ictimai həyatın öyrənilməsi, istərsə də qloballaşma şəraitində qabaqcıl ölkələrin siyasi praktikasının nəzərə alınması sahəsində qonşu ölkələrlə sıx əməkdaşlıq edilməsinə böyük ehtiyac vardır.
Digər tərəfdən, ortaq milli fəlsəfi fikir ənənələrinə malik olan xalqların həm fəlsəfə tarixi sahəsində, həm də müasir fəlsəfi tədqiqatlar sahəsində əməkdaşlıq etməsi çox vacibdir. Bu baxımdan, AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən «Müasir dünyada yeni düşüncəyə ümumi baxış» mövzusunda beynəlxalq elmi konfransın böyük əhəmiyyəti vardır. Konfransda Azərbaycanın fəlsəfə, sosiologiya və politologiya sahəsində tədqiqat aparan alimləri ilə yanaşı, Türkiyə və Əlcəzairdən gəlmiş görkəmli elm adamlarının iştirakı gələcək elmi əməkdaşlıq planlarının işlənib hazırlanması üçün müəyyən imkanlar yaratdı. Eyni zamanda, biz qonşu Türkiyədə fəlsəfi tədqiqatların vəziyyəti və problematikası haqqında ətraflı bilik ala bildik.
Müasirlik nə deməkdir?
Elmin, texnikanın, yeni texnologiyaların tətbiqi, insan düşüncəsinin daha çox dərəcədə texnogen elementlərlə zənginləşməsi, hər gün həyatımıza, məişətimizə, iş şəraitinə daxil olan informasiya-kommunikasiya sistemlərinin nisbi payının artması – bütün bunlar müasirliyəmi dəlalət edir? Rasionallaşmış düşüncəmi daha çox müasirdir, yoxsa hissi-emosional komponentlər, mistik elementlər, postmodernizm vasitəsilə ənənəvi Şərq irrasionalizminin qayıdışımı? Son dövrlərin publisistikasında və ictimai-siyasi fikrində tez-tez xatırladılan “innovasiya” anlayışı gərək sadəcə söz olaraq qalmasın və ictimai-siyasi fikirlə yanaşı, fəlsəfi tədqiqatların mahiyyəti və mündəricəsində də öz əksini tapmış olsun. Əks təqdirdə müasirləşmə və yeniləşmə zərurətini tez-tez yada salmaq hələ müasirliyə dəlalət etmir.
XIX əsrdə sənayeləşmənin həyatın bütün sahələrinə sirayət edən nəticələri təbii ki, insanların düşüncəsinə də təsir göstərmişdir. Rasionalizmin təntənəsi, texnisizmin və ssientizmin geniş yayılması ənənəvi insan düşüncəsinin müqavimətinə rast gəldi və XX əsrdə modernizm və onu müşaiyət edən qeyri-ənənəvi yaradıcılıq istiqamətləri inkişaf etdi. Lakin elmi-texniki inqilabın yeni dalğası, insan düşüncəsinin özünün modelləşdirilməsi və informasion cəmiyyətə keçid prosesi xeyli dərəcədə fərqli dünyagörüşünün formalaşmasına gətirib çıxartdı ki, bunun da əsas istiqamətlərindən biri postmodernist düşüncədir. Postmodernizm həm bədii yaradıcılığın üsul və formalarına, həm də fəlsəfi tədqiqatların metodologiyasına ciddi surətdə təsir göstərmiş, mədəni-intellektual həyatın sanki alternativ yoluna çevrilmişdir.
Bir tərəfdən, elmin ən müasir nailiyyətləri sayəsində dünyagörüşündə əmələ gələn yeni oriyentasiyalar, digər tərəfdən yeni texnologiyaların həyat tərzi ilə yanaşı, düşüncə tərzinə də təsiri, ictimai həyatda baş verən sürətli dəyişikliklərə adaptasiya olunmaq zərurəti insan daxili aləmində müəyyən ziddiyyətlər və təzadlar yaradır. Bu təzadların araşdırılması, ənənə ilə müasirlik arasındakı gizli intellektual mübarizənin dəyərləndirilməsi və müasir dövrün ruhuna daha uyğun olan optimal epistemoloji modellərin müəyyənləşdirilməsi çağdaş fəlsəfənin tematikasına daxil olan yeni mövzulardır.
Ənənəvi fəlsəfi problemlərlə yanaşı yeni dövrün ortaya qoyduğu aktual problemlər fəlsəfəyə diqqətin artırılmasını tələb edir. Lakin bu günlərdə keçirdiyimiz beynəlxalq fəlsəfə konfransında qaldırılan məsələlər ölkəmizdə fəlsəfəyə münasibətin hələ də qənaətləndirici olmadığını göstərir. Ali məktəblərdə ictimai elmlərə, o cümlədən fəlsəfəyə ayrılan saatların azaldılması, bəzi universitetlərdə fəlsəfi fənlərin ümumiyyətlə ixtisara salınması, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda plan işlərinin əksər hallarda vaxtı keçmiş mövzulara həsr edilməsi, aktual temaların isə tədqiqatdan kənar qalması bizi vadar edir ki, bu sahəyə diqqəti daha da artıraq. Kütləvi informasiya vasitələrində, aparıcı televiziya kanallarında fəlsəfi mövzulara daha geniş yer verilməsi, polemikalar aparılması da günün tələbidir. Belə ki, nəzəri tədqiqat səviyyəsində məlum olan müasir biliklərin kütləviləşdirilməsi və əhaliyə çatdırılması KİV-in ən əsas maarifçilik funksiyalarından biridir.
Digər ölkələrin fəlsəfə ictimaiyyəti ilə əlaqələri yenidən qurmaq, birgə elmi tədqiqatlar aparmaq və beynəlxalq elmi-fəlsəfi konfranslar keçirmək lazımdır. Dünyada gedən prosesləri ancaq hadisə səviyyəsində deyil, həm də nəzəri səviyyədə dəyərləndirmək və bu işdə fəlsəfi elmlərin xidmətindən istifadə etmək üçün yaxın gələcək üçün nəzərdə tutulmuş tədbirlər planı işlənib-hazırlanmalıdır. Bu vəzifələrin həyata keçirilməsində AMEA-nın müvafiq institutları və ali məktəblərin fəlsəfə kafedraları ilə yanaşı, AFSEA-nın da üzərinə böyük məsuliyyət düşür. «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı da beynəlxalq əlaqələrin artırılması və müasir fəlsəfi tədqiqatların dilimizə çevrilib çap olunması istiqamətində səylərini artırmalıdır.
İslam dünyasının böyük mütəfəkkirlərindən biri İbn Xəldunun (1334-1409) 675 illik yubileyinin ölkəmizdə qeyd olunması və bu münasibətlə jurnalımızda məqalələr dərc edilməsi xüsusi əhəmiyyətə malikdir. Belə ki, İbn Xəldun tarix fəlsəfəsi və siyasi fəlsəfə sahəsində təkcə ərəblərin deyil, bütün dünyanın ən böyük simalarından biridir. O, həm də sosiologiya elminin banisi hesab olunur. Belə ki, müasir sosiologiyanın bir sıra terminləri, habelə sivilizasiya haqqında təlimin prinsipləri İbn Xəldun yaradıcılığında sistemli şəkildə tədqiq edilmişdir. Onun təlimi İslam düşüncəsi ilə sonrakı əsrlərdə yaranmış Qərb düşüncəsi arasında bir körpü rolunu oynamışdır.
XIX-XX əsrlərin tanınmış simalarından biri Mixail Nüaymənin əsərlərinin ilk dəfə olaraq Azərbaycan dilində çap olunması da diqqətə layiqdir. Keçmiş sovet məkanında ərəb məhcər ədəbiyyatının görkəmli tədqiqatçısı professor Aida İmanquliyeva tərəfindən tədqiq olunmuş və sadəcə şair kimi deyil, həm də görkəmli bir mütəfəkkir kimi təqdim olunmuş M.Nüaymənin yaradıcılığı həm fəlsəfə tarixinin öyrənilməsi baxımından, həm də müasir fikrin formalaşmasında klassiklərin rolunun nəzərə alınması baxımından çox əlamətdardır.
Dialoqların və müzakirələrin stenoqramlaşdırılması və çap olunması da fəlsəfi fikrin daha canlı formalarda təqdimatına imkan yaradır. Jurnalın növbəti nömrələrində bu ənənənin davam etdirilməsini məqsədəuyğun hesab edirəm.
Ramiz MEHDİYEV
AFSEA-nın prezidenti,
Redaksiya Şurasının sədri, akademik
İbn Xəldun – 675
Orta əsrlərin ən görkəmli tarixçilərindən, alim və filosoflarından biri İbn Xəldun hələ indi də öz tədqiqatlarının orijinallığı və yeniliyi ilə diqqəti cəlb edir. Onu həm Şərq, həm də Qərb təfəkkürünün inkişafındakı misilsiz xidmətlərinə görə İslam dünyasında ancaq İbn Sina ilə müqayisə etmək mümkündür.
Tədqiqatçılar onun həyatını üç mərhələyə bölürlər:
Birinci mərhələ şagirdlik dövrüdür. 27 may 1332-ci ildə Tunisdə doğulmuş və əsli Yəmənin Həzrəmövt bölgəsindən olan İbn Xəldun təxminən iyirmi il burada yaşamış, on beş il ərzində Quranı əzbərləmiş və dini biliklərə, eyni zamanda, ədəbiyat ve şeir sənətini də mənimsəmişdir.
Həyatının ikinci mərhələsi siyasət və dövlət idarəçiliyi ilə məşğul olduğu dövrdür. Bu dövrdə o, Əlcəzairə, Fəsə, Əndəlüsə səyahət etmiş, İspaniyada və Afrikanın bəzi ölkələrində saray katibliyi vəzifəsini icra etmişdir.
Həyatının üçüncu mərhələsi elmi fəaliyyətə həsr olunmuşdur. Yeddi cildlik “əl-Ibər” kitabı bu dövrün məhsuludur. Əsər həm ərəb və türk tarixinin ən etibarlı və təfərrüatlı mənbələrindən biri kimi, həm də yeni tipli tarixi araşdırma kimi diqqəti cəlb edir. Amma ən önəmli olan müəllifin bu tarix kitabına yazdığı 3 cildlik “Müqəddimə”dir.
1406-ci ildə Misirdə vəfat etmişdir.
İbn Xəldun – materialist,
K.Marks isə idealist simasında
Səlahəddin Xəlilov
İbn Xəldun həm Şərq, həm də Qərb alimləri arasında ilk dəfə cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarını araşdırmış, sosiologiyanın və iqtisadiyyatın əsas elmi prinsiplərini irəli sürmüşdür. İbn Xəldun sadəcə dünyanın məhdud bir ərazisində təkcə ərəblərin həyat tərzini və ictimai prosesləri işıqlandırmır; o, dünya sivilizasiyasını vahid bütöv bir proses kimi götürür. Söhbət bütövlükdə yer kürəsindən gedir və bütün planet miqyasında təbii-coğrafi şəraitin ictimai həyata təsirindən bəhs edilir.1
İbn Xəldunun yazdığı tarix və ayrıca olaraq bu tarixin metodoloji təməli olan “Müqəddimə” əsəri həm də dövlət ilə cəmiyyət arasında, dövlət ilə sivilizasiya arasında münasibətləri araşdırmaq baxımından çox qiymətlidir və bu baxımdan da İbn Xəldun həm K.Marksı, həm də A.Toynbini qabaqlamış və bu sahədəki elmi tədqiqatların ilk gözəl nümunəsini vermişdi.
Təəssüf ki, İbn Xəldunun xidmətləri nə fəlsəfə, nə iqtisadi fikir, nə də sosiologiya tarixində öz layiqli qiymətini almamışdır. Onun XIV əsrdə 20 illik tədqiqatının nəticəsi olaraq ortaya qoyduğu yeni təlim Avropada bir çox görkəmli Qərb filosoflarının və sosioloqların birgə səyləri ilə 200 il ərzində təzədən, İbn Xəldun irsindən xəbərsiz halda yaradılmışdır. Əsasən Monteskyö, Viko, Russo, Hegel, Kont və nəhayət, Marksın sayəsində yaranıb-formalaşmış tarixin elmi-fəlsəfi konsepsiyası İbn Xəldun təlimi ilə müqayisədə bu gün də solğun görünür. Səbəbi isə bu təlimin əsasında dayanan bir neçə prinsipial ideyadadır ki, onlar Qərb üçün sözün tam mənasında hələ də aydın deyil.
Öz tədqiqatlarının universallığına görə İbn Xəldunu ən çox Karl Marksla müqayisə etmək olar. Müqayisə sadəcə bir sıra ideyaların İbn Xəldun tərəfindən zamanca daha əvvəl irəli sürüldüyünü göstərmək üçün deyil. Əsas məsələ budur ki, İbn Xəldunun müəyyən ideyaları hələ də aktuallığın saxlayır və elmi-fəlsəfi fikrin ön cəbhəsində söz sahibi olmaq iqtidarındadır. Yəni Qərb fəlsəfəsi və sosiologiyasının indinin özündə də tam izah edə bilmədiyi bəzi problemlərin həllini və ya heç olmazsa, metodoloji yönünü İbn Xəldunda tapmaq mümkündür. Belə ki, K.Marksın qaldırdığı bir çox məsələlərin təməl prinsipləri hələ o vaxt İbn Xəldun təlimindən irəli sürülmüşdür. Lakin fəlsəfi və sosioloji fikir tarixinə etinasızlıq nəticəsində Qərbdə yenidən velosiped icad edilir. İbn Xəldunun məşhur «Müqədimmə»si yazıldıqdan düz 600 il sonra tanınmış macar filosofu G.Lukaç özünün «İctimai varlığın ontologiyası»na «Müqəddimə» (Proleqomena) əsərini yazmış və bunu, demək olar ki, bütövlükdə Karl Marksın təliminə həsr etmişdir.
K.Marks təliminin əsas xüsusiyyətləri bundan ibarətdir ki, o, cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları olduğunu, başqa sözlə desək, onun subyektiv amillərdən asılı olmadan daxili inkişaf potensialına malik olmasını qəbul edir. Digər tərəfdən, Marks tarixi materialist nöqteyi-nəzərdən öyrənir, yəni o burada nəinki ayrı-ayrı şəxslərin və ya ideyaların, hətta Allahın iradəsinin də iştirakını istisna edir. Cəmiyyət – hərəkətverici qüvvəsi öz içərisində olan, özünü inkişaf etdirən bir sistem kimi götürülür.
İctimai-tarixi proses, cəmiyyətin dinamik inkişafı, onun ümumi qanunauyğunluqları və s. istər-istəməz bu inkişafın mənbəyi, cəmiyyətin hərəkətverici qüvvəsi haqqında sual yaradır. Biz yenə də hələ o vaxt Aristoteli və daha neçə-neçə dahiləri narahat edən hərəkətin və inkişafın mənbəyi haqqında əzəli-əbədi fəlsəfi sualla rastlaşırıq. Sadəcə bu dəfə cəmiyyətlə bağlı olaraq…
Cəmiyyəti hərəkətə gətirən, istiqamətləndirən, yönəldən nədir? İdeyadırsa, necə bir ideyadır? Maddi bir təməldirsə, nə kimi bir maddiyyatdır?
Lakin marksizm bu hərəkətverici qüvvəni ictimai sərvətin qeyri-bərabər paylanmasında, sinfi fərqlərdə və sinfi mübarizədə görür. Belə çıxır ki, sinifləşmə, sinfi antaqonizm olmasa, zənginlərlə kasıblar arasında mübarizə olmasa, inkişaf da olmazmış. Belə yanaşmanın qüsurlu olduğunu tarix artıq sübut etmişdir. İbn Xəldun isə ictimai tərəqqinin hərəkətverici qüvvəsini başqa, daha fundamental bir ziddiyyətdə axtarır. Əvvəla, bu ziddiyyət insan ilə təbiət arasında, insanın normal həyati fəaliyyəti üçün tələb olunan maddi mühitlə gerçək təbii-coğrafi mühit arasındakı fərqdən doğan bir ziddiyyətdir. Başqa sözlə, maddi tələbatla maddi gerçəklik arasındakı ziddiyyət. Deməli, qeyri-bərabər inkişafın təməli təbii-coğrafi mühitin öz qeyri-yekcinsliyindən doğur. Həm də bu qeyri-bərabərlik əmək bölgüsü və ictimai təşkilatlanmadakı fərqlər sayəsində daha da artır. Təbəqələşmə zənginlik dərəcəsinə görə deyil, əmək bölgüsü və ixtisaslaşma dərəcəsinə görə baş verir. Sərvət, pay bölgüsü yox, ixtisas, əmək bölgüsü önə çəkilir. Və ictimai inkişafın təməlində dayanan proseslərdən biri kiçik ictimai sistemlərin bölünüb daha böyük sistem halında birləşməsi tendensiyası olur. Bu isə artıq müasir sosial sinergetikanın predmetinə aiddir. Bununla biz heç də sinergetikanın təməlinin İbn Xəldun tərəfindən qoyulduğunu iddia etmirik, lakin hər halda İbn Xəldun məhz həmin prinsipdən çıxış etmişdir.
Tarixin öyrənilməsində Marks və onun davamçıları dialektik materialist metodologiyanı rəhbər tuturlar. Müasir tədqiqatlar göstərir ki, marksizmin istinad etdiyi dialektik materializmin əsas müddəaları ondan 200 il əvvəl Molla Sədra tərəfindən irəli sürülmüşdür. Yəni Molla Sədra həmin dövrdə (XVII əsr) ya empirik materializm mövqeyində dayanaraq inkişafın mənbəyini və hərəkətverici qüvvələrini göstərə bilməyən, onu donuq, sxematik, zaman xaricində bir mövcudluq kimi səciyyələndirən, ya da inkişafı qəbul etsələr də, onu ancaq ideya ilə əlaqələndirən Qərb filosoflarından fərqli olaraq hərəkətin mənbəyini məhz cismin özündə, cövhərdə görməklə materialist baxışı inkişaf konsepsiyası ilə birləşdirmişdir.
İctimai tərəqqiyə münasibətdə də, Qərb fəlsəfəsi dialektik mövqedən çıxış edə bilməmişdir. Monteskyö də, Viko da, Herder də daha çox təsvirçi mövqedən, yəni empirik materializm mövqeyindən çıxış etmişlər.
Beləliklə, İbn Xəlduna qədər və ondan da bir neçə əsr sonra tarix bir salnamə kimi, hadisələrin zaman ardıcıllığı ilə sadalanması kimi yazılırdı. Tarixin hərəkətverici qüvvəsi isə ya ilahi qüdrət (tale, qismət), ya da hökmdarların iradəsi götürülürdü. Xalqlar arasında çəkişmələr, müharibələr önə çəkilir, hökmdarın öz iradəsini daha böyük ərazidə həyata keçirməsi əsas məqsədə çevrilirdi. Hadisələr daha cox bir fakt kimi qələmə alınır, subyektiv amillərlə izah edilir, onların arxasında cəmiyyətin böyük miqyaslı bir sistem kimi daxili inkişaf qanunauyğunluqlarının dayanması nəzərə alınmırdı.
Bu mənada, XVII-XVIII yüzillikdə Avropanın tarixi düşüncəsi hələ də İbn Xəldun səviyyəsinə gəlib çatmamışdı. Çünki o, Fərabi tərəfindən əsası qoyulan baxışları davam etdirmiş, və cəmiyyəti hadisələrin məcmuu kimi deyil, bütöv bir orqanizm kimi götürmüşdür.
Lakin o, bir addım da irəli gedir. İlahi iradə və subyektiv faktorlarla yanaşı, təbiətin təsirini və cəmiyyətin öz daxili potensialını da nəzərə almağa çalışır. O, təbii mühit və iqlimin cəmiyyətin inkişafında rolunu geniş tədqiq edir.
Təbii ehtiyaclardan doğan sosial ehtiyaclar insanların müxtəlif fiziki və intellektual keyfiyyətlərinin inkişafına səbəb olur. Təbii tələbatdan ictimai tələbat doğur. İctimai tələbat isə ictimai inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir.
Beləliklə, İbn Xəldun Karl Marksdan beş əsr əvvəl tarixi determinizm ideyasına gəlib çıxır. Cəmiyyətin inkişafının daxili və xarici hərəkətverici qüvvələrini aşkara çıxarmağa çalışır. Bunlar İbn Xaldun təliminin marksizmə uyğun gələn tərəfləridir.
Lakin onların dünyagörüşündə prinsipial fərqlər də vardır. Bu fərqlər ilk növbədə fəlsəfi dünyagörüşündəki fərqdən yaranır. Belə ki, K.Marks ateist olduğu halda, İbn Xəldun Qurani Kərimdən çıxış edir. Bununla belə, burada idealist-materialist bölgüsü xeyli dərəcədə şərti xarakter daşıyır.
İbn Xəldun dindar olsa da, cəmiyyətə münasibətdə deizm mövqeyindən çıxış edir, yəni Allah təbiəti və insan toplumlarını, qövmlərini yaratdıqdan sonra onların işinə qarışmır və hadisələr müəyyən qanunauyğunluq əsasında inkişaf edir. O, insanların öz həyatlarını təmin etmək üçün göstərdikləri səyləri, onların əməli fəaliyyətini önə çəkir və bu prosesin obyektiv xarakterini, coğrafi mühitlə, iqlimlə əlaqəsini izah edir. Əslində İbn Xəldunun ən böyük xidmətlərindən biri, ola bilsin ki, cəmiyyətə dindar-materialist baxışın formalaşdırılmasıdır. Və əksinə, Marks, müəyyən bucaq altında yanaşdıqda, cəmiyyətə ateist-idealist bir münasibət formalaşdırır.
İbn Xəldunun “materializmini” və onun Yeni dövr düşüncəsinin, Qərb təfəkkürünün bir növ təməlini qoyması faktını daha yaxşı anlamaq üçün M.İqbalın mülahizələri xüsusi əhəmiyyətə malikdir. O, Quranın ruhu ilə Yunan fəlsəfəsinin ruhu arasındakı ziddiyyəti təhlil edərək göstərir ki, bir çox müsəlman filosofları yunan idealizminə uyaraq gerçək həyatın daxili inkişaf potensialını araşdırmaqdan uzaqlaşmışdılar. Ancaq İbn Xəldun İslamın zahiri əlamətlərindən deyil, ruhundan çıxış edərək tarixi hərəkətin səbəblərini düzgün izah edə bilmişdir. M.İqbal yazır: “İslam mədəniyyətinin inkişaf etdiyi cəhətə baxsaq görərik ki, yalnızca bir müsəlman tarixə fasiləsiz və toplu bir hərəkət və zaman içərisində həqiqətən imtina edilməyən bir inkişaf kimi baxa bilərdi. Bu tarix anlayışında diqqətəlayiq olan ən önəmli məqam, İbn Xəldunun dəyişmə prosesini necə izah etməsidir. İbn Xəldunun nəzəriyyəsi olduqca böyük əhəmiyyətə malikdir. Çünki, zaman içində fasiləsiz bir hərəkət kimi həqiqətən yaradıcı bir hərəkət olan tarix, yolu əvvəlcədən müəyyən edilən bir hərəkət deyildir”.1 Əslində, M.İqbaldan əvvəl də Fərabi və İbn Sina tərəfindən irəli sürülən dünyagörüşünə görə, həyat həqiqətləri sadəcə fəlsəfi abstraksiyalarla yox, obyektiv qanunauyğunluqların öyrənilməsi ilə üzə çıxarılmalıdır. K.Marks da guya obyektiv proseslərdən çıxış edir. Lakin tarixin gedişini öncədən irəli sürülmüş bir ideyaya uyğunlaşdırmaq cəhdləri açıq-aşkar idealizmdir, hətta utopist bir idealizm.
Bəli, çox paradoksaldır: İbn Xəldun – materialist, K.Marks isə idealist simasında. Belə ki, Marks ictimai hadisələri təbiət amilindən kənarda, ancaq insanların münasibəti kontekstində izah etməyə çalışmaqla, əslində ardıcıl materializmdən uzaqlaşmış olur. Təsadüfi deyil ki, K.Popper Marksın tarixi materializminin ideya köklərini hansı isə bir materialist təlimdə deyil, Platon təlimində axtarır. O, Platonun sosioloji və iqtisadi tarixilik prinsipini, onun siyasi həyatın və tarixi inkişafın iqtisadi təməlinə xüsusi diqqət yetirməsini nəzərə alaraq yazır: «Bu nəzəriyyəni Marks «tarixi materializm» adı altında bərpa etdi».2 K.Popper Marksın məhşur «indiyədək mövcud olan bütün cəmiyyətlərin tarixi siniflərin mübarizəsi tarixidir» fikrinin də Platonun tarixilik prinsipindən qaynaqlandığını iddia edir.1 Hətta «kommunizm» ideyasının da Platona məxsus olduğunu yada salsaq hər şey başqa rəngdə görünür. Bütün bu həqiqi oxşarlıqlara baxmayaraq, materialistlərin flaqmanı kimi tanıdığımız K.Marksın ən böyük kəşfinin Platon təlimi ilə əlaqələndirilməsi, onun haqqında praqmatizmin, praktik idealizmin nümayəndəsi (hətta banisi) kimi danışılması2, marksizmin ekzistensionalizmlə3, neopozitivizmlə, freydizmlə və s. müqayisəsi bizə təəccüblü gəlir.
Axı, bu nə kimi bir idealizmdir? Bəlkə Qərb filosofları K.Marksın yaradıcılığının ilk dövrünü, hələ Hegelin təsiri altında olduğu vaxtları nəzərdə tuturlar?
Xeyr, söhbət K.Marksın ən böyük xidmətindən; cəmiyyətin tarixi bir proses kimi götürülməsindən, ictimai fəaliyyət təlimindən gedir. K.Marks bu sahədə də Hegelin işlərini davam etdirir. Fəlsəfə tarixçiləri cəmiyyətin hazır, statik bir sistem kimi öyrənilməsindən, qruplaşdırılmasından, təsnifatından yeni mərhələyə – onun dinamik, inkişafda olan sistem kimi öyrənilməsinə keçilməsini Hegel və Marks təlimlərinin əsas xüsusiyyətlərindən biri kimi qəbul edirlər.
K.Marksın cəmiyyətin inkişafını öyrənmək üçün tətbiq etdiyi metodologiya iki fərqli müstəvidə nəzərdən keçirilə bilər. O heç də sadəcə olaraq Hegelin idealist mövqedən etdiklərini «materializm dilinə» çevirməklə kifayətlənmir. Bununla yanaşı Marks ümumiyyətlə gerçəkliyə münasibətin yeni metodologiyasını yaratmağa çalışır. O, materialist ictimai fəaliyyət təliminə, dialektik metoda əsaslanan tarixi materializmə ənənəvi materialist dünyagörüşünü inkişaf etdirməklə, insana olan təsvirçi və seyrçi materialist baxışın dialektik zəmində yenidən işlənib-hazırlanması yolu ilə gəlir. Marks əvvəlcə insanın özünə seyrçi münasibəti dəyişmək zərurətini qeyd edir. O, «Feyerbax haqqında tezislər»də gerçəkliyə seyirçi münasibətdən fərqli olaraq fəaliyyət prinsipini önə çəkir.4
Görünür bunu da “tarixin ironiyası” və ya siyasi-fəlsəfi bir paradoks adlandırmaq olar ki, uzun müddət sosializm düşərgəsi Şərq, kapitalizm düşərgəsi isə Qərb adlandırılmışdır.
Fəlsəfi baxımdan yanaşdıqda isə bu cür Şərq-Qərb bölgüsü nəinki məqbul deyil, tam tərsinədir. Belə ki, sosialist düşərgəsinin təməlində dayanan marksizm əslində ifrat Qərb fəlsəfəsidir. Ənənəvi Şərq ideyanı, dini, mənəviyyatı, insanın iç aləmini, fərdi-mənəvi kamilliyi önə çəkdiyi halda, Qərb – materializm, elmin dindən ayrılması, texnisizm və praqmatizm üzərində qərar tutur. Məlum olduğu kimi, məhz kommunist ideologiyası ardıcıl materializm, ateizm, iqtisadi həyatın mənəvi həyata nəzərən önə çəkilməsi prinsipləri üzərində qurulmuşdu. K.Marksın fəlsəfi ideyaları Hegel idealizminin başı üstə çevrilməsi (amma o vaxt deyilirdi ki, sən demə Hegel fəlsəfəni tərsinə qoyubmuş və Marksın xidməti onu ayaqları üstünə qoymaqdan ibarət olub) və istənilən fəlsəfi sistemdən ruha, mənəviyyata əsaslanan nə varsa çıxarıb arxa plana atmaq, ontologiyada maddiyyatın, ictimai həyatda iqtisadi amilin prioritetliyindən çıxış etməklə səciyyələnirdi. Bu isə hər cür şərqçiliyin inkarı və ifrat qərbçilik deməkdir. Belə ki, nə Bekonun empirik materializmi, nə fransız maarifçi materialistlərinin fəlsəfəsi, nə də Feyerbax materializmi ideyaya, dinə və mənəviyyata qarşı bu dərəcədə amansız olmamışdır.
Bütün dinlər Şərq hadisəsidir və rasional idrakdan daha çox inam üzərində qərar tuturlar. Bütün dinlərdə məqsəd insan ruhunun kamilləşməsi, fərdi ruhun ilahi ruha yaxınlaşması, insani cismani həyatdan, heyvani nəfsdən ayrılaraq ali hisslər mərtəbəsinə qalxmasıdır. Yalnız İslam dini insanın ictimai varlığına da böyük önəm verir. Fərdi-mənəvi aləmlərlə yanaşı, bütövlükdə cəmiyyətin təmizlənməsi və ictimai münasibətlərin haqq-ədalət prinsipləri üzərində qurulması istiqamətində konkret göstərişlər verir. Toplumun, cəmiyyətin rolu nəzərə alınır.
Ona görə də təbiidir ki, cəmiyyətşünaslıq, cəmiyyətin özünün bir obyektiv qanunauyğunluq üzrə fəaliyyəti haqqında ilkin sistemli biliklər də ilk dəfə məhz müsəlman dünyasında elm halına gətirilmişdir. Və bu missiyanı İbn Xəldun həyata keçirmişdir.
Qurani Kərimdə hər hansı bir hadisəyə görə ayrı-ayrı adamlarla yanaşı, bütövlükdə bir qövmün məsuliyyətindən, mükafatlandırılmasından söhbət gedir. Deməli, müəyyən bir cəmiyyətdə görülən işlər üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. (Yeri gəlmişkən, neçə əsr sonra J.-P. Sartr da həmin fikrə gəlib çıxır). Bu, həm də dindar adamın üzərinə öz yaxın ətrafına təsir göstərmək və onların da dinə cəlb edilməsi üçün çalışmaq vəzifəsi qoyur.
Şərqdə cəmiyyətin və dövlətin idarə olunması həmişə bir şəxsin – padşahın, sultanın iradəsi ilə əlaqələndirilmişdir. Ona görə də, ictimai mövzuda yazılan əsərlərin çoxu, şahlara verilən nəsihətlərdən, şahzadələrə yaxşı tərbiyə verilməsindən, onların bir fərd olaraq yüksək əxlaqi keyfiyyətlərindən bəhs olunur.
Quranda habelə sivilizasiyanın təməli olan əmək bölgüsünün zəruriliyindən bəhs olunur. Yəni söhbət müəyyən adamların konkret əməli fəaliyyət üzrə ixtisaslaşmasından gedir. Bunun üçün (yəni əmək bölgüsünün mümkün olması üçün) kimsə bu işləri idarə etməlidir, yəni kimsə mərtəbəcə daha yüksəkdə dayanmalıdır. Əz-Zuxruf surəsinin 32-ci ayəsində deyilir: «Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında biz bölüşdürdük. Bir-birinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq…».
Əl-İsra surəsinin 20-21 ayələrində deyilir: «Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti qadağan deyildir (20). Bir gör onların birini digərindən necə üstün tutduq. Axirətdə isə daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır (21)».
Marksizm isə bərabərçilik prinsipindən çıxış edir. Əsas ictimai ideal «hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə» prinsipidir. Lakin Qurani Kərimdə insanların həm axirət dünyasında, həm də bu dünyada bir-birindən üstün olmaq imkanları təsbit olunur. İbn Xəldun da məhz bu prinsipdən çıxış edir. Lakin bu qeyri-bərabərliyi bir təsadüf kimi deyil, insanların öz əməli fəaliyyətinin nəticəsi kimi izah edir. Bu isə insanların daha fəal, daha aktiv olmalarını stimullaşdırır. Başqa sözlə, İbn Xəldun insanların əməli fəaliyyəti ilə onların ictimai mövqeyi və maddi imkanları arasında bir obyektiv əlaqə, qanunauyğunluq görür. O, yazır: «Bütün hadisələr bu dünyada müəyyən qaydaya, qanuna tabedir və səbəblər əsasında baş verir, bir-birilə əlaqədardır və bir-birinə çevrilir».
İbn Xəlduna görə, müxtəlif şəraitlərdə yaşayan xalqların intellektual qabiliyyətləri fərqli ola bilər. Marksizm fəlsəfəsində coğrafi determinizm inkar edilir və ictimai həyatın əsas prinsipi kimi ancaq istehsal münasibətlərinin xarakteri götürülür. İbn Xəldun isə iqtisadi münasibətlərlə yanaşı, coğrafi mühiti və iqlim şəraitini də nəzərə alır.
İbn Xəldun və marksizm mövzusuna Türkiyə tədqiqatçıları da müraciət etmişlər. İ.Erol Kozak İbn Xəldunun iqtisadi görüşlərini və tarix fəlsəfəsini araşdırarkən, onun ideyalarını digər cərəyanlarla yanaşı marksizmlə də müqayisə etmişdir.1 Müəllif Roje Qorodiyə istinadla marksizmin əsas ideyalardan biri kimi insanın özü özünü yaratması fikrini önə çəkir: «İnsan kendisini kendi çalışması ilə yaratır. Bütün dünya tarixi, insanın çalışmasıyla insanın yaratılmasından ibarettir».2 İ.E.Kozakın qeyd etdiyi kimi, İbn Xəldun da öz tarixində və «Müqəddimə»də insan fəaliyyətinə böyük önəm verməklə bu mövqeyə yaxın bir mövqedən çıxış edir, lakin bir fərqlə: «İbn Haldun da sözkonusu olquyu tarihi materyalistlər gibi tesbit etmektedir, ama bunu Allah‘ın insana, sosyal hayata ilişkin olarak koyduğu kanunlardan biri olarak değerlendirmektedir».3
İ.Erol Kozak İbn Xəldun təliminin bir çox məqamlarını marksizmin məlum prinsipləri ilə müqaisə edərək xeyli uyğunluqlar olduğunu qeyd edir. Marksizm təlimini K.Marks, F.Engels və V.İ.Leninin öz əsərlərindən, ilk mənbələrdən öyrənmiş bir şəxs olaraq qeyd etmək istərdim ki, İ.Erol Kozak bu təlimə başqa müəlliflərin əsərləri vasitəsilə müraciət etsə də, marksizmin mahiyyətini çox düzgün ifadə edir və İbn Xəldun təlimi ilə ümumi cəhətlərlə yanaşı, bir sıra fərqli cəhətləri də nəzərə alır. Bunlar əsasən cəmiyyətin iqtisadi həyatının əhəmiyyəti, tarixə materialist baxışın mahiyyəti ilə bağlı məsələlərdir. Müəllif hətta K.Marks ideyalarının sonradan təhrif edilməsi və bəzi məqamların mütləqləşdirilməsi ilə əlaqədar marksizm fəlsəfəsində qərarlaşmış qüsurlu baxışları da nəzərə almağa və İbn Xəldunun hələ o vaxt bu məsələlərdə necə düzgün mövqe tutduğunu göstərməyə çalışır. Belə məsələlərdən biri iqtisadi amilin mütləqləşdirilməsi və ictimai həyatda rolunun nəzərə alınmamasıdır. Bu məsələyə münasibətdə İbn Xəldunun tutduğu mövqe bu gün də öz dəyərini qoruyub saxlamaqdadır: “İbn Xəldunun iqtisadi strukturla sosial, siyasi olaylar arasındakı əlaqələri birtərəfli deyil, çoxtərəfli və qarşılıqlı olaraq düşündüyünün bir sübutu da onun siyasi nüfuza, hökmdara verdiyi yerdir.”1 Göründüyü kimi, İbn Xəldun tarixdə şəxsiyyətin rolu məsələsində də marksizmin tutduğu qüsurlu mövqedən fərqli olaraq obyektiv və subyektiv amillərin dialektiakasından çıxış edir.
Marksizimlə müqayisə edilməli olan ən mühüm məsələlərdən biri “insanın sosial varlıq olması” məsələsidir. Qərb fəlsəfəsində K.Marksa qədər insana idealist və ya materialist mövqedən yanaşılması ilə əlaqədar mübahisələr əsasən onun bioloji və ya mənəvi təbiətinin önə çəkilməsi üzərində gedirdi. İnsanın bioloji varlığı onun təbiətin bir hissəsi kimi dəyərləndirilməsini tələb edir. Lakin insanı insan edən, onu digər canlılardan fərqliləndirən əsas cəhət kimi əql və ya şüur götürülür. Ontoloji aspektdən marksizm şüurun özünü də insan beyninin və deməli, təbiətin xassəsi və törəməsi kimi götürdüyündən ilkinlik insanın bioloji varlığına verilmiş olur.
Marksın xidməti şüurun ictimai amillə əlaqələndirilməsindədir. Yəni insanın bioloji və mənəvi rakurslarda deyil, həm də sosial rakursda nəzərdən keçirilməsi onun mahiyyətinə də yeni müstəvidə baxmaq imkanı verir. İnsan artıq sadəcə şüurlu varlıq kimi yox, sosial varlıq kimi önə çəkilir, ona cəmiyyətin bir hissəsi, elementi kimi baxılır. İnsana olan münasibət cəmiyyətlə vasitələnmiş olur. Şüur da daha artıq fərdi şüurdan daha çox ictimai şüur kimi önə çıxır. Əvvəllər ancaq fərdlərə aid edilən keyfiyyətlər indi bütünlükdə cəmiyyətə aid edilir; ictimai varlıqdan və ictimai şüurdan bəhs edilir. Marksizmdə bu kateqoriyaların formalaşması prosesi yeni dövr Qərb fəlsəfəsinin düşüncə sistemi üzərində gedir və Qərb sosial-fəlsəfi fikrinin nailiyyətlərindən biri hesab olunur. Amma bütün bunların İbn Xəldun təlimində də araşdırılmış olması və həm də məsələnin mahiyyəti üzrə daha dərindən qoyulması faktı çox önəmlidir. İbn Xəldun «Müqəddimə»nin birinci kitabının birinci bölümündə yazır: «Bəşər cinsi üçün ictimai həyat bir zərurətdir, yoxsa insanlar yaşaya bilməzlər və Tanrının insanlar vasitəsilə dünyanı qurması və onları yer üzündə özünün xəlifəsi etməsi haqqındakı iradəsi yerinə yetirilməmiş olardı».1 İbn Xəldun ictimai həyatın önəmini sadəcə qeyd etməklə kifayətlənmir və bu sahənin öyrənilməsi üçün xüsusi bir elmə ehtiyac olduğunu dərk edərək «umran» adı ilə belə bir yeni elm sahəsinin əsasını qoyur: «Bu elmin mövzusu olaraq ələ aldığımız umranın mənası elə budur. Bu tarixlə incələməkdə olduğumuz elmin predmetini bu elmin çərçivəsi içində bir növ isbat etmiş oluruq».2
Maraqlıdır ki, İbn Xəldunun ictimai həyatın zərurətini əsaslandırmaq üçün yürütdüyü mühakimələr də neçə əsr sonra K.Marks tərəfindən eynilə təkrar olunur. K.Marks yazır ki, insanlar həyata xarici aləmin predmetlərinə nəzəri münasibət bəsləməkdən başlamırlar. Onlar da heyvanlar tək yeməli, içməli və bu kimi tələbatlarını ödəməlidirlər.3 İbn Xəldun isə belə deyir: «Tale insanı yaradarkən qidadan başqa şeylə yaşamayacaq və mövcudluğunu təmin etməyəcək bir şəkildə yaratmışdır… Eyni zamanda Tanrı insanı öz qidasını qazana biləcək bir qüdrətdə yaratmışdır. Fəqət tək bir insan möhtac olduğu qidanı əldə etməkdə acizdir».4 Tək bir buğdanın əkilməsi, yetişdirilməsi, emal olunması və qida halına gətirilməsi üçün nə qədər müxtəlif növlü fəaliyyətlərə ehtiyac olduğunu geniş şəkildə izah edən İbn Xəldun belə qənaətə gəlir ki, insan öz maddi təminatı üçün başqa insanlarla birləşməli və bu zaman onların arasında müəyyən əmək bölgüsü getməlidir. O yazır: «Özünə və digər birinə yetəcək miqdarda ərzaq maddəsi istehsal etmək üçün öz cinsindən olan müəyyən qədər insanın bir araya toplanması gərəkdir. Bu toplanan insanlar bir-birinə yardım edərək öz saylarından qat-qat çox insanı təmin edəcək miqdarda qida istehsal edə bilirlər».5
Marksizm fəlsəfəsi ən çox materialist dialektika, sinfi mübarizə, proletariat diktaturası və tarixi materializm ideyalarıyla səciyyələnir. K.Marksın ən böyük xidmətlərindən biri cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarının araşdırılması və tarixi determinizmin bir nəzəri sistem kimi işlənib hazırlanması hesab olunur. Marksdan sonra bu ideyalar bir qədər də mütləqləşdirilmiş, sxematikləşdirilmiş, V.İ.Leninin əsərlərində, sonralar isə V.İ. Stalinin ideoloji rəhbərliyi ilə sovet filosofları tərəfindən “dialektik materializm” və “tarixi materializm” adı altında müstəqil elm sahələri kimi formalaşdırılmışdı. İctimai inkişafda determinizmin mütləqləşdirilməsi, təbii-coğrafi amillərin, mənəvi həyatın, subyektiv amillərin, ayrı-ayrı şəxsiyyətlərin rolunun nəzərə alınmaması bütün bəşəriyyətin labüd surətdə kommunizm deyilən bir formasiyaya doğru davamlı surətdə irəlilədiyini iddia etməyə əsas verirdi ki, bu da fəlsəfi təlimləri kommunist ideologiyasının tərkib hissəsi olaraq elmi-fəlsəfi mahiyyətdən uzaqlaşdırırdı. Lakin bütün bunlara rəğmən tarixə materialist baxış və ictimai inkişafıın obyektiv qanunauyğun proses kimi nəzərdən keçirilməsi Marks təliminin pozitiv məqamlarından biri hesab olunur. Cəmiyyətə bütöv bir orqanizm kimi baxılması, ictimai həyatın müxtəlif sahələri arasında əlaqələrin üzə çıxarılması, iqtisadi amillərin rolunun dəyərləndirilməsi çox mühim şərtlərdir. Lakin sual olunur ki, marksizmin istinad etdiyi belə pozitiv ideyaların təməli nə vaxt və kim tərəfindən qoyulmuşdur?
Qərb fəlsəfi və sosioloji fikrində bu suala birmənalı cavab tapmaq çətindir. Çünki əksər tədqiqatlarda İbn Xəldun təlimi və ondan da öncə bu məsələlərə düzgün yanaşma istiqamətini göstərən islami ideyalar ya bilməyərəkdən, ya da məqsədyönlü surətdə nəzərə alınmır. Müasir dövrün tanınmış din fəlsəfəsi mütəxəssisi Taha Cabir əl-Əlvani özünün “İdrakın islamlaşması və onun əhəmiyyəti” adlı əsərində yazır: “Rasionalizmi öz təfəkkürünün əsası kimi qəbul edən Qərb sivilizasiyası tez bir zamanda özünün elmi inkişafını təyin edəcək metodologiyaları müəyyənləşdirmək problemi ilə üz-üzə qaldığını anladı. Məsələn, marksizm qərb elmi metodologiyasının əsasını dialektik materializmdə axtarırdı. Əslində isə nə marksizm, nə də digər liberal, pozitivist, yaxud başqa sekulyar Qərb fəlsəfi məktəbi Qərb cəmiyyətini təqib edən sualları cavablandırmaq iqtidarında deyildir”.1 Əl-Əlvani haqlı olaraq qeyd edir ki, cəmiyyətin daha düzgün öyrənilməsi sahəsində metodoloji əsas ola biləcək islami prinsiplərdən uzaqlaşaraq müasir qərb modellərini təqlid etmək cəhdləri müsəlman dünyası üçün yolverilməzdir. Həqiqəti üzə çıxartmaq üçün həqiqi islami prinsiplərə qayıtmaq lazımdır. O yazır: “Qərbin intellektual, mədəni və institusional təsiri altında olmağımız səbəbindən biz də dünyadakı böhrandan kənarda deyilik. Bizim Qərblə münasibətlərimiz çoxunun düşündüyü dərəcədə minimal deyildir. Biz də dünyanın qalan hissəsi kimi onun metodologiyasını, dünyagörüşünü və tarixi, elmi, idraki, mədəni, tərəqqi və s. perspektivlərini qəbul etmişik”.1
Tarixi determinizm ideyasının məhz materialist baxış əsasında qurulması zəruri deyil. Bu idealizm mövqeyindən və hətta dini baxışlar mövqeyindən də mümkündür. Lakin cəmiyyətin inkişafının elmi proqnozlaşdırılması fatalizm ilə qarışıq salınmamalıdır.
İctimai və fəlsəfi fikir tarixinin fərqliliyi göstərir ki, tarixi determinizm və iqtisadi amilin ictimai həyatdakı digər sahələr üçün önəmli rolu Marksdan neçə yüz il əvvəl İbn Xəldun tərəfindən araşdırılmışdır (baxmayaraq ki, Qərbdə bu fakt hələ də çox vaxt nəzərə alınmır). Bəs İbn Xəldun bu ideyalara hansı mənbələr əsasında gəlib çıxmışdı. İlk baxışda belə görünə bilər ki, tarixi materializm və ümumiyyətlə hər cür materializm dinə zidd olduğuna görə İbn Xəldun bu qənaətə gəlmək üçün dini təsəvvürlərdən və o cümlədən islami dəyərlərdən kənara çıxmalı idi. Lakin nə qədər paradoksal görünsə də İbn Xəldun öz təlimini məhz islamın mahiyyətini düzgün anladığına görə və Quran-i Kərimin bir sıra ayələrinə istinad etməklə qurmuşdur. Bu cəhəti ilk dəfə olaraq müsəlman dünyasının böyük filosofu Məhəmməd İqbal önə çəkmişdir. M.İqbal yazır: “İbn Xəldunun “Müqəddimə” əsəri bütün ruhu ilə, müəllifinin Qurandan aldığı ilhamla yazılmışdır. Hətta müxtəlif insan qrupları və millətlərin adət və xüsusiyyətləri haqqında mühakimə yürüdəndə belə, Quran-i Kərimdən istifadə etməsi açıqca görünür.”2
İbn Xəldun irsi haqqında tədqiqat istər-istəməz bizi daha böyük bir problemin işıqlandırılmasına sövq edir. Bu isə islam məfkurəsinin yenidən dəyərləndirilməsi və sivilizasiyanın düzgün yönləndirilməsində onun müstəsna rolunun ortaya qoyulmasıdır.
Do'stlaringiz bilan baham: |