Açar sözlər: folklor, epos, “Kitabi-Dədə Qorqud”, Salur Qazan, kosmos, xaos
“Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda Qazanın öz evinin ardınca kafirlərin məkanına – xaosa gedən yolu çox mürəkkəb quruluşa malikdir. Biz indiki halda boyun süjetində sintaqmatik baxımdan ardıcıl sıra təşkil edən iki yol görürük:
Birincisi, Salur Qazan və onun bəylərinin Ala dağa ova gedən yolu;
İkincisi, Qazanın öz evinin ardınca onun yurdundan başlanan, əslində isə, gördüyü yuxu/mesajla Ala dağdan başlanmaqla Oğuz elinin Dərbənddəki sərhədinə qədərki yol.
Bu yollar fərqli istiqamətləri və fərqli xronotopu əhatə edir. Lakin onlar ritual-mifoloji kontekstdə eyni yolun – Xaosa gedən yolun tərkib hissələridir.
İlk baxışda bu iki yol zaman-məkan baxımından düzxətli sıra – ardıcıl sintaqmatik düzüm yaradır. Lakin bu, zahirən belədir. Bu, epik düzüm, eposun öz düzümüdür. Ritual-mifoloji səviyyədə bu yollar mürəkkəb paralel sıraları təşkil edir. Mətndə qorunub qalmış ritual obraz və formullarının paralelləşməsi (şərab/keçid, qurban/qurbanvermə/keçid, çevrilmə/cilddəyişmə/keçid, keçid mexanizmləri olan Ala dağ, Dünya Ağacı və s.), dünya modelinin üfüqi və şaquli səviyyələri, buna uyğun hərəkət sıraları və s. mürəkkəb semantikaya malik xronotop yaradır.
Düzdür, epos bütün bu elementləri öz məntiqinə uyğun düzür və zahirən heç bir ziddiyyət yaranmır. Mifik xronotop qapalı-təkrarlanan, epik-tarixi xronotop düzxətli struktura malikdir. Mifik şüurun tarixi şüura keçməsi ilə mifik xronotop dağılır və epik xronotopa transformasiya olunur. Epos bu zaman mifik xronotopun artıq dağılaraq “epik tikinti materialına” çevrilmiş elementlərini özünün düzxətli düzüm məntiqinə (gerçəkliyi düzxətli qavrama üslubuna) uyğun şəkildə yenidən düzür və zahirən heç bir ziddiyyət yaranmır. Lakin süjetaltının (mifin və ritualın) süjetüstündə qorunub qalmış iz/ işarələrini “dilləndirən kimi” mənzərə dəyişir.
Bu iki yolu ritual-mifoloji kontekstdə bir-birinin alt-üst sırası (paraleli), yaxud bir-birinin süjet metaforası adlandırmaq olar. Lakin burada bir başqa aspekt də var: Qazanın Yurddan başlanan Xaos yolu ümumən (və bütün hallarda) Oğuz bəylərinin Qazan başda olmaqla ov etmək üçün Qazanın evindən başlanan yolunun tərkib hissəsidir. Demək, hər iki yol: Evdən – Ova və Ev/Yurddan – Xaosa gedən yol Qazanın evindən başlanır. Lakin məsələnin əlamətdar cəhəti ondan ibarətdir ki, Evdən – Ova gedən yol da, əslində, elə Evdən – Xaosa gedən yolun bir hissəsidir.
Bu yol ümumilikdə Kosmos – Xaos marşrutudur. “Yağmalanma boyu”nda biz onun bir-birinin ardıcıl sırasını təşkil edən iki planını görürük. Lakin mifoloji-metaforik düşüncədə bu yollar bir-birinin ardı yox, iki paralel sırasıdır.
Qeyd edək ki, bu məsələdə konkret nəticəyə gəlmək, aydın mənzərə yaratmaq çətindir. Məsələnin metodologiyası iki cəhətlə müəyyənləşir:
Birincisi, epik-mifoloji materiyanın uzun illər ərzində mənimsənilmiş və təhlil təcrübəsinə çevrilmiş universal nəzəri modeli (beynəlxalq ümumnəzəri-metodoloji təcrübə). Bu, hər bir təhlil(çi) üçün zəruri olan nəzəri ehtiyatlardır.
İkincisi, təhlilə cəlb etdiyimiz oğuz epik materiyasının bizim şəxsi yanaşmamızın nümunəsində uzun illəri əhatə edən (və son dövrlərdə başqa araşdırmalarla da təsdiq olunan) tədqiqinin verdiyi mətn təhlili təcrübəsi.
Biz “Oğuz mifologiyası” adı altında apardığımız bütün tədqiqatlarda bu iki cəhəti birləşdirmiş və oğuz ritual-mifoloji dünya modelini “oğuz” adı ilə işarələnən mətnlər əsasında bərpaya çalışmışıq. İndiki halda da bizim qarşılaşdığımız fenomen, mahiyyətcə, oğuz etnokosmik düşüncəsinin mifoloji-metaforik təbiətidir. Mifik metaforanın strukturunu nəzəri şəkildə mənimsəmədən, onun bədii metaforadan fərqini bilmədən və bilibən nəzərə almadan (lakin bilib nəzərə almamaq mümkün deyil) Oğuz mətninin [və ümumiyyətlə təsvir kodunun tipindən (maddi, yaxud mənəvi) asılı olmayaraq, istənilən ənənəvi mətnin] poetikasını öyrənmək cəhdi tədqiqatçını onun bütün illüziyalarına rəğmən mətnin zahiri qabığından içəri keçməyə qoymayacaq. Bu baxımdan, biz də Qazanın Xaosa girişini izləməyə tələsməyib, onun keçdiyi yola təkrar nəzər salmalı:
– Yolu;
– onu təşkil edən xronotop elementlərini;
– keçid/adlama mexanizmlərini (Dağ, Ağac, qurbanvermə, çevrilmə/cilddəyişmə);
– keçid/adlama üsullarını (qamlama);
– keçid/kommunikasiya formullarını (xəbərləşmə);
– (və üzə çıxa biləcək daha nələri...)
yenidən gözdən keçirməli, müqayisəli ümumiləşdirmələr, tipoloji paralellər aparmalıyıq. Bu, bizə Oğuz ritual-mifoloji düşüncəsinin mətndə gerçəkləşmiş müəyyən qanunauyğunluqlarını görməyə imkan verə bilər. Bu işi görmədən irəli adlamaq mətni “alazlamaqdan” (üzdən getməkdən) başqa bir şey olmaz.
Do'stlaringiz bilan baham: |