Suallar və tapşırıqlar
-
“Sinif saatı” dedikdə, nəyi nəzərdə tutursunuz? Fikrinizi əsaslandırın.
-
Sinif saatının müddəti nə qədər olmalıdır?
-
Sinif saatının hansı funksiyaları vardır?
-
Sinif saatını keçirərkən sinif rəhbəri hansı mərhələləri həll etməlidir?
-
Sinif saatının məzmunu necə olmalıdır?
-
Sinif saatının təşkili xüsusiyyətlərinə görə hansı növləri var? Onları şərh edin.
-
Sinif rəhbərinin iş planında olan bölmələri sadalayın.
-
Sinfin tərbiyə işlərinin planlaşdırılması haqqında danışın.
Ədəbiyyat
-
Əlizadə H.Ə., Qasımova L.N., Əliyev B.H. Məktəbdə tərbiyə işinin metodikası. Bakı, 1990.
-
Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin metodikası. Bakı, 2010.
-
Hüseynzadə R.L. Sinif saatı və onun təşkili metodikası. AMİ-nin “Elmi əsərləri”, 1999, № 7.
-
Musayev İ.V. Müəllimin və sinif rəhbərinin peşə fəaliyyətinin xüsusiyyətləri. Bakı,1996.
-
Qaralov Z.İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). Bakı: Pedaqogika, 2003.
-
Hüseynzadə R.L., İsmayılova M.C. Tərbiyə işi və onun metodkası.(Dərs vəsaiti) Bakı: ADPU, 2012.
-
İlyasov M. İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2010.
XI fəsil
SİNİFDƏNXARİC VƏ MƏKTƏBDƏNKƏNAR
TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ TƏŞKİLATÇININ VƏZİFƏLƏRİ, İŞİNİN MƏZMUNU, FORMA
VƏ METODLARI
Əhatə olunan məsələlər:
11.1. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, onun vəzifələri, işinin məzmunu və peşəsinə verilən pedaqoji tələblər.
11.2. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə
təşkilatçının iş planı və tərtibinə verilən pedaqoji tələblər.
11.1. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, onun vəzifələri, işinin məzmunu və peşəsinə verilən pedaqoji tələblər
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı (tərbiyə işləri üzrə təşkilatçı) o ümumtəhsil məktəbində direktorun müavini hesab edilərək məktəbdə və məktəbdənkənar tərbiyə işlərinin əsas təşkilatçısı və rəhbəridir.
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçının əsas vəzifəsi sinif rəhbərləri və müəllimlərin apardığı tərbiyəvi işlərə rəhbərlik etmək, onlara lazımi metodiki kömək və istiqamətlər vermək, şagird kollektivinin, uşaq və gənclər təşkilatının apardığı tərbiyəvi işləri nizamlamaq və məqsədyönlü təşkil etməkdir.
Məktəbdə tərbiyə işləri üzrə təşkilatçının üç mühüm vəzifəsi vardır.
Məktəbdə tərbiyə işləri üzrə təşkilatçının vəzifələri aşağıdakı sxemdə göstərilmişdir:
1. Təşkilati vəzifə aşağıdakı işləri özündə birləşdirir:
Həyata keçirilmiş işləri təhlil etmək, onların müvəffəqiyyətli və nöqsanlı tərəflərini ayırd etmək, tədbirin müvəffəqiyyətlə həyata keçirilməsinə maneə olan amilləri müəyyən etmək;
Tədbirin həyata keçirilməsinin məqsədinin müəyyən edilməsi. Bu həm tədbirin nə üçün keçirilməsinin, həm də son nəticəsinin əvvəlcədən müəyyən edilməsinə şərait yaradar;
Qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi yollarını ayırd etmək;
Tədbirin keçirilmə yerini, vaxtını, ardıcıllığını, kimin hansı işi icra etməsini və s. müəyyənləşdirmək;
Tədbirdə iştirak edən hər bir adamın fəaliyyətinin məzmunu, forma və metodlarını ayırd etmək;
İş icraçılarına tədbirin keçirilməsi prosesində kömək və onların fəaliyyətinə nəzarət etmək;
Hər bir tədbirin sonunda icraçının fəaliyyətini qiymətləndirmək.
Təşkilati işin son məqsədi tədbirin səmərəliliyinin təmin edilməsindən ibarətdir. Təşkilatçı işi elə təşkil etməlidir ki, son nəticə səmərəli və faydalı olsun.
2. Metodiki vəzifənin mahiyyəti təşkilatçının sinif rəhbərlərinə, müəllimlərə, məktəblə bağlı təşkilatlara, ümumiyyətlə, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi ilə məşğul olan hər bir adama metodik məsləhət və tövsiyələr verməsindən ibarətdir. Bu göstəriş və məsləhətlər iki istiqamətdə həyata keçirilir:
1) Ümumməktəb tədbirləri zamanı. Yuxarıda göstərildiyi kimi, müxtəlif pedaqoji kadrlar tədbirin təşkilatçısına çevrilirlər. Bu vaxt təşkilatçı həmin şəxslərə metodiki xarakter daşıyan müəyyən məsələləri izah edir.
2) Təşkilatçı hər bir sinif rəhbərinə, müəllim və tərbiyəçilərə müxtəlif tədbirlər keçirməkdə əməli metodiki kömək göstərir.
Təşkilatçının metodiki işi üç əsas cəhəti özündə birləşdirir:
a) Təşkilatçı, hər şeydən əvvəl, təmasda olduğu adamları dərindən öyrənməli, onların bilik səviyyəsinə bələd olmalıdır. Bun-suz təşkilatçı metodiki göstərişlərin həcmini və məzmununu düzgün müəyyənləşdirə bilməz;
b) Nəyi öyrənməyi müəyyən etmək vacib məsələlərdən biridir. Burada iki cəhəti bilmək lazımdır: birincisi, tərbiyə edən nəyi bilməlidir; ikincisi, konkret olaraq tərbiyəçi nəyi bilir, nəyi isə bilmir.
c) Nəhayət, hər bir sinif kollektivi üçün zəruri olan tərbiyəedici təsir tərzlərini düzgün müəyyən etmək.
3. İnzibati və ya idarəçilik vəzifəsi əsas etibari ilə məktəbdə aparılan tərbiyə işlərinin keyfiyyətinə nəzarət və yoxlama mərhələsini özündə əks etdirir. Nəzarət və yoxlama iki istiqamətdə həyata keçirilə bilər:
a) Planda nəzərdə tutulmuş tədbir həyata keçirilib, ya keçirilməyib?
b) Pedaqoji səmərə nöqteyi-nəzərindən pedaqoji təsir tərzlərinin optimal variantı müəyyən edilibmi?
Tərbiyə işləri üzrə təşkilatçı bu vəzifələri yerinə yetirmək üçün özü bir sıra keyfiyyətlərə malik olmalıdır. Tərbiyə işləri üzrə təşkilatçının şəxsiyyətinə və fəaliyyətinə hansı pedaqoji tələblər verilir?
Təşkilatçının metodiki vəzifələri müvəffəqiyyətlə və pedaqoji cəhətdən səmərəli həll edilməsi üçün o, ilk növbədə, özü yüksək metodiki hazırlığa malik olmalıdır. Buna görə də, o, tərbiyəvi işlərin məzmunu, forma və üsulları haqqında dərin biliyə, izah etmək və inandırmaq məharətinə yiyələnməlidir. Eyni zamanda məktəb təşkilatçısı pedaqogika, psixologiya, məktəb gigiyenası, fiziologiya, sosiologiya və s. elmlər haqqında müəyyən biliyə malik olmalıdır və öz biliyini daim genişləndirməlidir.
Təşkilati vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi də tərbiyə işləri üzrə təşkilatçıda bir sıra keyfiyyətlərin olmasını tələb edir. Belə ki, tərbiyə işləri üzrə təşkilatçı sadə, mehriban, ünsiyyətli, həssas, xeyirxah, qayğıkeş, ədalətli, haqqı tələb edən olmalıdır.
O, yüksək pedaqoji taktikaya malik olmalı, məktəb şagirdləri ilə, tərbiyə prosesində iştirak edənlərlə münasibətlərini elə səviyyədə qurmalıdır ki, məktəbin pedaqoji fəaliyyətinin səmərəsini təmin edə bilsin.
Tərbiyə işləri üzrə təşkilatçı pedaqoji takta, pedaqoji mərifətə, yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Bəzi məktəblərdə tədbirlərin keçirilməsində yeksənəkliyə yol verilir. Odur ki, tərbiyə işləri üzrə təşkilatçı yaradıcı şəxs olmalıdır.
İnzibati və ya idarəçilik vəzifəsinin icrası məktəb təşkilat- çısının qarşısına bir sıra tələblər qoyur. Belə ki, təşkilatçı, hər şeydən əvvəl, müəllimlərin, sinif rəhbərlərinin və şagird kollektivinin fəaliyyətini təhlil etməyi bacarmalıdır.
-
Sinifdənxaric və məktəbdənkənar tərbiyə
işləri üzrə təşkilatçının iş planı və tərtibinə verilən pedaqoji tələblər
Məktəbin tərbiyə işlərini düzgün, planlı və səmərəli şəkildə həyata keçirmək üçün tərbiyə işləri üzrə təşkilatçının tərbiyəvi iş planı olmalıdır.
Qabaqcıl məktəblərin təcrübəsi göstərir ki,tərbiyə işləri üzrə təşkilatçının iş planı aşağıdakı şəkildə tərtib edilə bilər:
1) perspektiv iş planı; 2) cari təqvim iş planı.
1) Perspektiv planda tərbiyə işləri üzrə təşkilatçının il ərzində görəcəkləri işlərin planlaşdırılmasıdır. Məlumdur ki, tərbiyə prosesi çoxcəhətli, mürəkkəb, dialektik və ziddiyyətli bir prosesdir. Onun bütün çalarlarını, incəliklərini əvvəlcədən tam və bütöv şəkildə müəyyən etmək çətindir. Perspektiv plan ümumi xarakter daşıyır.
2) Cari təqvim plan rüblük, aylıq və həftəlik ola bilər. Belə plan daha dəqiq və konkret xarakter daşıyır. Belə planın Tor- qrafik formasında tərtib edilməsi daha əlverişli ola bilər.
Planın tərtibində nəzərə alınacaq pedaqoji tələblər aşağı-dakılardır:
-
Planın məqsədəuyğunluğu və reallığı;
-
Planın həyatla, yerli şəraitlə, ictimai həyat hadisələri ilə əlaqələndirilməsi;
-
Planın konkretliliyi;
-
Tədbirlərin şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə uyğunluğu.
Tərbiyə işləri üzrə təşkilatçının iş planının quruluşu aşağıdakı kimi ola bilər.
1) Giriş hissə; 2) şagird kollektivi ilə aparılan tərbiyə işləri; 3) sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparılan metodiki işlər; 4) ailə, ictimaiyyət və əmək kollektivləri ilə aparılan birgə işlər; 5) tədbirlərin təhlili və hesaba alınması.
Planın I bölməsində tərbiyə işləri üzrə təşkilatçı əvvəlcə keçən ilki tədbirlərin qısa xülasəsini verməli, bu tədbirlərin keçirilməsində yol verilən çatışmazlıqları qeyd etməli, bununla da əvvəlki fəaliyyətlərinə yekun vurmalıdır.
Bu bölmədə həmçinin keçən il keçirilmiş tədbirlərin müsbət cəhətləri də qeyd edilməlidir.
Giriş hissədə məktəbin tərbiyə işlərinin qarşısında duran tərbiyəvi vəzifələr, tərbiyə problemləri qeyd edilir.
Planın II bölməsində şagird kollektivi ilə aparılacaq tərbiyə işləri planlaşdırılır. Bu bölmədə tərbiyə işləri üzrə təşkilatçının ümumməktəb miqyasında keçirəcəyi mühüm tərbiyəvi tədbirlər planlaşdırılır.
Tərbiyə işləri üzrə təşkilatçı ümumməktəb tərbiyə işlərinin sistemini hazırlayarkən tərbiyənin ümumi tərkib hissələrini - əqli tərbiyə, əxlaq tərbiyəsi, mənəvi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə üzrə istiqamətlər nəzərə alınmalıdır.
Planın III bölməsində tərbiyə işləri üzrə təşkilatçının sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparacağı işlər planlaşdırılır.
Burada pedaqoji mətbuatın, pedaqoji kitab və metodik vəsait-lərin, kurikuluma dair jurnalların, pedaqoji materialların müzakirəsi, təbliğatı planlaşdırılır. Pedaqoq və psixoloq alimlərlə görüşlər keçirilə bilər, pedaqoji elmin son nailliyyətləri, problemləri haqqında söhbət və müzakirələr keçirilə bilər.
Təşkilatçı məktəb uşaq və gənclər təşkilatının işinə xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Bu təşkilatların işinin planlaşdırılmasına, tədbirlərin keçirilməsinə ardıcıl diqqət yetirməli və metodiki kömək göstərməlidir.
Məktəbdə keçirilən tərbiyəvi tədbirlər, aparılan pedaqoji, metodiki söhbətlər sinif rəhbərlərinin, uşaq və gənclər təşkilatının və müəllimlərin həm tədris, həm də tərbiyə sahəsində apardıqları işin səmərəsini xeyli artırır.
Tərbiyə işləri üzrə təşkilatçının iş planının IV bölməsi bir neçə hissədən ibarət ola bilər:
1) Valideynlərin pedaqoji cəhətdən maarifləndirilməsi;
2) Məktəbin əmək kollektivləri ilə qarşılıqlı əlaqəsi;
3) Məktəbin yaşayış yerlərindəki ictimai təşkilatlarla əlaqəsi;
4) Məktəbin inzibati orqanlarla əlaqəsi.
5) Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi.
Məlumdur ki, hər bir məktəbdə qabaqcıl sinif rəhbərləri vardır. Onların təcrübəsinin öyrənilməsi və yayılması pedaqoji işin səmərəsini artıra bilər. Buna görə də məktəb təşkilatçıları qabaqcıl sinif rəhbərlərinin, məktəb müəllimlərinin görüşlərini, təcrübə mübadilələrini təşkil etməlidirlər.
Tərbiyə işləri üzrə təşkilatçının iş planının V bölməsinə görə, hər bir fəaliyyətin səmərəliliyini təmin etmək üçün onun uçotunu aparmaq və təhlil etmək, qiymətləndirmək vacibdir. Bunsuz tərbiyə işinin keyfiyyətini yüksəltmək mümkün deyildir.
Bununla əlaqədar olaraq, aşağıdakı istiqamələrdə iş aparıla bilər:
1) Sinif rəhbərlərinin və uşaq və gənclər təşkilatı rəhbərlərinin hesabatlarını dinləmək;
2) Direktoryanı müşavirələrdə və metodbirləşmənin iclaslarında sinif rəhbərlərinin gördükləri işləri müzakirə etmək;
3) Müxtəlif siniflərin keçirdikləri tədbirlərdə iştirak etmək.
İş planının V bölməsinin əhatə etdiyi məsələlər təşkilatçının inzibati vəzifəsinin həyata keçirilməsi ilə bağlı işlərdir.
Suallar və tapşırıqlar
-
Tərbiyə işləri üzrə təşkilatçı kim ola bilər?
-
Tərbiyə işləri üzrə təşkilatçının hansı vəzifələri vardır?
-
Tərbiyə işləri üzrə təşkilatçının iş planının bölmələrinin şərhini verin.
-
Metodiki vəzifə ilə əlaqədar təşkilatçının vəzifələrinə nələr daxildir?
-
Tərbiyə işləri üzrə təşkilatçının sinif rəhbərləri ilə apardığı işin məzmunu və formaları
-
Tərbiyə işləri üzrə təşkilatçının uşaq və gənclər təşkilatı apardığı birgə işin məzmunu və formaları
Ədəbiyyat
-
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, 2001.
-
Əlizadə H.Ə., Qasımova L.N., Əliyev B.H. Məktəbdə tərbiyə işinin metodilası. Bakı, 1990.
-
Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin metodikası. Bakı, 2010.
-
Musayev İ.V. Müəllimin və sinif rəhbərinin peşə fəaliyyətinin xüsusiyyətləri. Bakı, 1996.
-
Qaralov Z.İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). Bakı: Pedaqogika, 2003.
-
Hüseynazadə R.L., İsmayılova M.C. Tərbiyə işi və onun metodkası (Dərs vəsaiti). Bakı: ADPU, 2012.
-
Hüseynzadə R.L. Sinif saatı və onun təşkili metodikası. AMİ-nin “Elmi əsərləri”, 1999, № 7.
-
İlyasov M.İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2010.
XII fəsil
Tərbİyə İşlərİndə
məktəb və aİlənİn bİrgə İşİ
Əhatə olunan məsələlər:
12.1. Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları.
12.2. Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları.
12.3. Ailə tərbiyəsində əsas vəzifələr.
12.4. Ailə tərbiyəsinin pedaqoji prinsipləri.
12.5. Ailə tərbiyəsinin düzgün qurulmamasının səbəbləri.
12.6. Ailədə düzgün olmayan tərbiyənin əsas tipləri.
12.7. Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu.
12.8. Məktəblə ailənin birgə işinin təşkili formaları.
12.9. Valideynlərlə yeniyetmələr arasında meydana çıxan ziddiyyətlərin aradan qaldırılması yolları.
12.1. Ailənin pedaqoji-psixoloji
əsasları və funksiyaları
Ailə özünəməxsus spesifik xüsusiyyətləri ilə xarakterizə olunan, psixoloji çalarlara malik və bir sıra funksiyaları icra edən kiçik sosial qurumdur. Qədim tarixə və kökə bağlı olan ailə məsələləri, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərlərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə Azərbaycan xalqının psixologiyasının aparıcı qüvvəsidir. Zamanın təfəkkür süzgəcindən bu günə kimi gələn və aktual səslənən ailə və onun formalaşması məsələləri Azərbaycan xalqının deyimlərində həmişə ülvi və müqəddəs ölçülərlə dəyərləndirilmişdir. Xalqımız ailəni müqəddəs ocaq saymışdır. Şəxsiyyətin təşəkkülündə ailənin rolunu başlıca qeyd etmək lazımdır. İki nəslin, soyun qovşağında yeni ailə əmələ gəlir. “Ailə bir-birinə məişət birliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan insanların nigah və qan qohumluğuna əsaslanan birliyidir”. Bu birlikdə ailədaxili münasibətlərin hansı səviyyədə inkişafı ailənin hazırkı və gələcək durumunu səciyyələndirən əsas faktordur.
Sorğu kitabçasında ailə belə səciyyələndirilir: “Ailə–ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bağlanan insanlardır”.
“Ailə” dedikdə dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini ictimai qrupu nəzərdə tutulur. Ailənin əsas məqsədi qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatını ödəyə bilmək və nəslin davamını təmin etməkdir.
Ailənin psixoloji mövqeyi, uşaqların tərbiyəsi ərin və arvadın münasibətləri ilə şərtlənir. Azərbaycan ailəsinə həsr edilmiş tədqiqatlarda qeyd edilir ki, ailə-qadın və kişinin qarşılıqlı meyli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri, insanın insana təbii münasibəti kimi qiymətləndirmək olar. Bu münasibətlər bir-birilə məişət birliyi və qarşılıqlı mənəviyyatla bağlı olan adamların nigah və qan qohumluğuna əsaslanır. Burada ailəni səciyyələndirən iki mühüm xüsusiyyət diqqəti cəlb edir:
1) Məişət birliyi; 2) Özünəməxsus xüsusiyyətlər.
-
Məişət birliyi üçün səciyyəvi olan xüsusiyyətlərə ailənin əmək mühiti, büdcəsi və təsərrüfatı, məişət estetikası daxildir. Ailəni bunlarsız təsəvvür etmək olmaz.
2) Özünəməxsus münasibətlər. Ailədə cinslər, cinsi tələbatdakı fərqdən gələn münasibətlər əxlaqi psixoloji münasibətlər formasında özünü göstərir. Qarşılıqlı cavabdehlik, məsuliyyət, kömək bu münasibətlərə aiddir. Özünəməxsus münasibətlər kontekstində şəxsiyyətlərarası münasibətlər fonunda ailədaxili münasibətlər əsas götürülür.
Alimlər ailənin cəmiyyətə, şəxsiyyətin formalaşmasına, dəyərlər istiqamətinə, ideallarına, mədəni irsə münasibətini və təsirini qeyd edirlər. Bununla bağlı onlar ailəni bütün ailə özəkləri tərəfindən yerinə yetirilən və əsas, vacib mövqe kimi qəbul edilən ailə funksiyalarını qeyd edirlər.
Bəzi pedaqoq və psixoloq alimlər ailənin əsasən, cinsi, reproduktiv, tərbiyəvi (yaxud sosiallaşma), iqtisadi və bərpaedici funksiyalarını qeyd edirlər:
A
Ailənin cinsi funksiyası cinsi meylin və onun təmin edilməsinə sosial nəzarətin həyata keçirilməsini şərtləndirir. Belə nəzarət cinsi əlaqələrin sərbəstləşməsi üzərində qoyulur ki, ailədə münaqişəyə səbəb olmasın.
Reproduktiv funksiya böyüklərin üzərinə uşağın düzgün böyüməsi ilə bağlı nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət olunması vəzifəsini qoyur. Bu funksiya uşaqların və cəmiyyətin inkişafını zəruri edir. Bu mənada valideynlərin həyat planları (neçə uşaq istəmələri, ailə şəraiti, iş və s.) diqqəti cəlb edir.
Təsərrüfat-iqtisadi funksiya ailədə aparılan məişət işlərini nəzərdə tutur. Bu funksiya ailə münasibətlərinin müxtəlif tərəflərinin – ailənin təsərrüfatı, büdcəsi, idarə olunması, əmək mühiti, ailədə kişi və qadın əməyinin xüsusiyyətləri, uşaqların əmək vəzifələri və s. məsələləri əhatə edir.
Ailənin tərbiyəvi funksiyası xüsusi əhəmiyyət kəsb edir. Burada cəmiyyətin mədəniyyəti bir nəsildən digərinə keçiril- məsində müvafiq cəmiyyətin üzvü olan uşaqların rəftar davranışını təmin edən proses nəzərdə tutulur. Ailənin məhz bu funksiyası da bu baxımdan prioritet istiqamətlidir. Məlum məsələdir ki, tərbiyə tarixən çətin və lazımlı proses olmuşdur. Bu mənada o təkcə ailənin deyil, eyni zamanda cəmiyyətin funksiyasına çevrilmişdir. Bu mürəkkəb prosesdə tədqiqatçılar əsas tərbiyə ocağı ailəni hesab etdikləri üçün ağırlıq onun üzərinə düşür. Əsasən də, ailədə qadının (arvadın)rolu xüsusi vurğulanır.
Görkəmli pedaqoq A.S. Makarenko göstərirdi ki, “Uşaqlar bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimizdir, gələcək göz yaşlarımızdır, ölkə qarşısında təqsirimizdir”.
Ailənin bərpaedici funksiyası insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Bu mühitdə ailədaxili ünsiyyət önəmli əhəmiyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə-həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir.
Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlər əhəmiyyət kəsb edir. Səmimi və qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan ünsiyyət ailədəki bütün yorğunluqları aradan qaldırır, problemlərin asan həlli yollarını tapır. Bu əsasən qadın və kişinin bir-birinə münasibətində və uşaqların valideynlərə olan münasibətində təzahür edir. Ana-ata və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s. məsələlər ailənin bərpaedici funksiyasına daxildir. Qeyd etdiyimiz funksiyaların spesifik mahiyyətinə nəzər salsaq, görərik ki, bunların hamısında əsas aparıcı qüvvə ər və arvad birliyidir. Ailə münasibətləri, məhz bu birlikdə zühur edir. Ailədaxili münasibətlər ailəyə məxsus tipoloji xüsusiyyətləri əks etdirir.
Ailə məsələlərində pedaqoji-psixoloji münasibətlər mühüm rol oynayır. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə də bilavasitə bağlıdır. Cəmiyyət dəyişdikcə ailə də dəyişir və inkişaf edir. Elə bu mənada qeyd etmək lazımdır ki, bir vaxtlar mürəkkəb ailələrin hökm sürdüyü cəmiyyətdə artıq nuklearlaşmış ailələr üstünlük təşkil edir. Cəmiyyətin əsas özəyi olmaqla ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Ailə qarşılıqlı münasibətlərin mənəvi aspektinə yönəlmişdir, belə ki, o eyni zamanda həm sosioloji, həm də bioloji quruluşdur.
Müasir dünyada ailənin əsasən üç müxtəlif növü geniş yayılmışdır:
-
Ər və arvad cütlüyü – övlad və övladsız ailələr (nuklear ailə)
-
Valideynlərdən birinin övladları ilə yaşadığı ailələr (natamam ailə)
-
Ər və arvad cütlüyü ilə övlad və ya övladsız ailələr; ər və arvad valideynləri ilə və ya başqa qohumları ilə birlikdə olan ailələr (mürəkkəb ailə)
Mürəkkəb ailə üç və ya daha çox nəsildən – baba, nənə, ata-ana, bibi, əmi və uşaqlardan ibarət ola bilir. Belə ailələr tərkibcə mürəkkəb xarakter daşıyır. Burada yalnız bir neçə nəslin yaşaması ilə yanaşı, uşaqların sayı da mühüm yer tutur.
Nuklear ailə nədir? Bu sadə ailəyə məxsus olmaqla ailə tipi hesab olunur, latınca nuşleus – nüvə deməkdir. Nuklear ailənin tipləri uşaqların sayına görə fərqləndirilir. Bir və iki uşaqlı ailələr az uşaqlı, üç və dörd uşaqdan ibarət olanlar orta uşaqlı ailə tiplərinə bölünür.
Azərbaycan pedaqoq və psixoloq alimlərindən qeyd edirlər ki, Azərbaycan ailəsi uşağa bağlıdır. Uşaq hər bir ata-ana qəlbinin kövrək hisslərini ifadə edir. Təkuşaqlı ailələrdə isə uşağın ünsiyyət tələbatı az təmin olunur, çox vaxt isə təmin olunmur. Belə ki, ailədə bacı və qardaşın olmaması uşaq üçün psixoloji amilə çevrilir. Demoqrafiyada müasir ailəni xarakterizə etmək üçün sadə və mürək-kəb ailə ilə yanaşı, tam və natamam ailə terminlərindən də istifadə olunur. Ailənin tam və natamam olması şəxsiyyətlərarası münasibətlər sferasında ər və arvadın varlığına əsasən müəyyən edilir. Əgər ailədə ər və arvad bir yerdə yaşayırsa bu tam ailə hesab olunur. Əgər ər və ya arvad vəfat etmişsə, yaxud boşanmışdırsa bu zaman ailə natamam ailəyə çevrilir. Qeyd etmək lazımdır ki, natamam ailələrdə bir sıra çətinliklər meydana çıxır. Bu çətinliklər natamam ailənin formasından asılı olaraq müxtəlif olur. Belə ki, əgər ata, yaxud ana vəfat etmişsə ailəyə maddi tərəfdən ziyan dəyir, ailənin mənəvi dayaqları dağılmır, çətinliklər aradan qaldırılır, uşaqlar da böyüyürlər.
Boşanmış natamam ailələrdə isə məsələ bir qədər dərinləşir. Boşanma ailənin özəyini təşkil edən münasibətləri pozur. Qeyd etmək lazımdır ki, ailədə baş verən hər cür dava-dalaş boşanma ilə nəticələnməyə də bilər. Bu ailədə tərəflərin şəxsi keyfiyyətlərindən asılıdır. Əlbəttə ki, ailələrdə baş verən böhranların səbəbləri müxtəlif cür olur. Hər hansı səbəbdən asılı olmayaraq ailədə yaranan ziddiyyət və böhranın ziyanı uşaqlara dəyir. Sosioloqlar ər və arvadın mübahisəsini, dava-dalaşını döyüşə bənzədərək qeyd edirlər ki, bu döyüşdə qalib yoxdur, məğlub olan var. Onlar dava-dalaşla hörmətdən düşürlər. Eyni zamanda sosioloqlar bu kontekstdə uğurlu və uğursuz ailə terminlərindən istifadə etmişlər. Müəyyən edilmişdir ki, uğurlu ailələrin hamısı bir-birinə oxşayır. Uğursuz ailələrə gəldikdə isə onların hər birinin öz təcümeyi-halı var.
“Ailə mədəniyyəti” anlayışı vardır. Ailə mədəniyyəti bir-birinə səmimi hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hissləri qarşılıqlı şəkildə bölüşdürməkdən, yeri gəldikdə güzəştə getməkdən asılıdır. Ailədaxili və onun ətrafındakı psixoloji iqlim uşaqların bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ailədaxili və onun ətrafındakı psixoloji iqlim uşaqların bir şəxsiyyət kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.
Do'stlaringiz bilan baham: |