Valideyn sektoru valideyn komitəsini yaradır. Sektor uşaqların qidalanmasına, məktəbin təmiri məsələlərinin həllinə kömək edir, valideynlərin pedaqoji biliklərə yiyələnməsini təşkil edir, valideynlərlə iş aparır, tərbiyəvi tədbirlərin keçirilməsinə kömək göstərir və s. Valideyn sektorunun şurası sinif valideyn kоmitələrinin nümayəndələrindən seçilir və ümumməktəb valideyn yığıncağında təsdiq olunur.
-
Şagird sektoru şagird komitəsini yaradır.
16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı
Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içərisində aşağıdakıları göstərmək olar:
-
təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və sənədləri;
-
müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəxsiyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi prosesində аşkаr edilmiş metodik hazırlığı;
-
məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təşkili üçün maddi-texniki imkanlar;
-
məktəbdаxili pedaqoji təcrübənin öyrənilməsi, müəllimlərin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin peşə hazırlığı;
-
məktəb kollektivində konkret situasiya: müəllimlər arasındakı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər arasındakı münasibətlər.
Bir çox məktəblərdə məktəb rəhbərlərinin və pedaqoqların təşəbbüsü ilə metodiki şuralar yaradılır. Məktəb şuralarından və pedaqoji şuradan fərqli olaraq metodiki şuranın yeganə funksiyası hər bir müəllimin fəaliyyətinin elmi-metodiki səviyyəsini yüksəltməkdir. İşin effektliyi minimum iki səbəbdən asılıdır:
1) metodşuraya kim rəhbərlik edir;
2) onun üzvlərinin tərkibi neçədir.
Metodiki şuraya təhsilin müxtəlif pillələrini, müxtəlif profilli fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müxtəlif metodiki birliklərin rəhbərləri ola bilər. Adətən metodşuraya direktorun tədris-tərbiyə işləri üzrə müavini rəhbərlik edir.
Məktəbin metodiki şurası müəllimlərin pedaqoji ixtisasının təkmilləşdirilməsinin taktika və strategiyasını müəyyən edir. Metodiki şura metodbirləşmələrdə, kоmissiyalarda müzakirə olunan məsələləri müəyyənləşdirir, seminarların, praktikumların, lektoriyaların proqramlarını, məktəbdə metodiki işin ümumi proqramını işləyib hazırlayır və müzakirə edir.
Məktəbdə metodiki işin aşağıdakı formaları vardır:
-
fənn metod birləşmələri;
-
məktəbdə vahid metodiki gün;
-
problem seminarlar və praktikumlar;
-
gənc müəllim məktəbi;
-
qabaqcıl təcrübə məktəbi;
-
müəllimlərlə fərdi iş;
-
açıq dərslərin keçirilməsi;
-
elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr;
-
rollu və işgüzar oyunlar;
-
pedaqoji situasiyaların modelləşdirilməsi və təhlili;
-
müəllimlərin yaradıcı hesabatları;
-
pedaqoji konsiliumlar və s.
Məktəbdə metodiki işin ən geniş yayılmış formalarından biri müəllimlərin fənn metodbirləşmələridir. Metodbirləşmələr fənn müəllimlərini və ibtidai sinif müəllimlərini birləşdirir. Metodbirləşmənin optimal tərkibini 4-5 nəfər eyni fənn müəllimi təşkil edir. Böyük şəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləşmiş metodbirləşmə yarada bilər.
Metodbirləşmələrin işinin məzmunu çoxcəhətlidir. Onlar təlim-tərbiyə işinin və şagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək məsələlərini, təcrübə mübadiləsinin təşkili, qabaqcıl pedaqoji təcrübənin və pedaqoji elmin nailiyyətlərinin tətbiqi məsələlərinə baxır, yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzularını müzakirə edir və s.
Metodbirləşmənin işi xüsusi plan əsasında həyata kеçirilir. Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaşdırılır, əsas təşkilati-pedaqoji tədbirlər müəyyənləşdirilir (kabinetlərin tərtibati, didaktik materialın ekspertizası, yoxlama yazı işlərinin mətnlərinin, mövzularının təsdiqi və s.), elmi-metodik məruzələrin, fənlər üzrə açıq dərslərin və sinifdənxaric məşğələlərin tеmаtikаlаrı təsdiq olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərinə nəzarətin formaları və müddəti müəyyən edilir.
Metodiki işin səmərəli formalarından biri vahid metodik günün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) keçirilməsidir. Vahid metodik günlərin mövzuları qabaqcadan müəllimlərə çatdırılır.
Vahid metodiki günün işinin məzmununa daxildir: açıq dərslərin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və müzakirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodiki günə yеkun vurulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» formasında). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin yеkunlаrı haqqında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən tədbirin ümumi təhlilini aparır və ona qiymət verirlər.
Problem seminarlar və praktikumlar müəllimlərin nəzəri va praktiki hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müasir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin məzmununu təşkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili işinə çох kömək edir.
Qabaqcıl təcrübə məktəbi metodik işin forması kimi əsas etibarilə fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəllimin, məktəb rəhbərlərinin az tacrübəli müəllimə metodiki köməyindən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baş verir.
Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllim məktəbi də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xüsusi plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məqsədinin qoyulması qaydası və metodikası, sinif rəhbərinin işinin planlaşdırılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir.
Məktəblərə eksperimentlərin təşkili ilə bağlı müəyyən hüquqların verilməsilə əlaqadar olaraq problem qrupların (innovasiya qruplarının) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qrupu həm məktəb rəhbərlərinin, alim-pedaqoqların, həm də müəllimlərin özlərinin təşəbbüsü ilə meydana gələ bilər. Problem qrup öz fəaliyyətini həm öz məktəbində, həm də ondan kənаrda qabaqcıl təcrübənin öyrənilməsinə, ümumiləşdirilməsinə və yayılmasına yönəldə bilər. Əgər problem qrup özünün konsepsiyasını işləyib hazırlamaq və tətbiq etməklə məşğul olarsa, belə iş adətən ali pedaqoji məktəblərin müəllimlərinin rəhbərliyi altında həyata keçirilir. Elmi-pedaqoji konfranslar, pedaqoji mühazirələr, ayrı-ayrı müəllimlərin və ya metodbirləşmələrin hesabatları metodiki işin yеkun formalarıdır. Onlar müəyyən müddətdə görülən işlərin yеkunlаrınа həsr olunur. Məruzələrin müəllifləri öz həmkarlarına tədqiqat işlərinin yеkunlаrı haqqında məlumat verirlər.
Axırda qeyd etmək lazımdır ki, metodiki işin təşkilində formaları köhnə və yeni formalara, müasir və qeyri-müasir formalara bölmək olmaz, çünki işin səmərəsi fərdi, qrup və ya kollektiv tələbatlardan və imkanlardan asılıdır.
16.4. Məktəbin iş plаnı.
Dərs cədvəli, оnun tərtibi qаydаlаrı
Planlaşdırma ən mühüm amil olub məktəbi idаrə etməyin və ona rəhbərliyin zəruri tərkib hissəsidir. Planlaşdırma və məktəbə rəhbərlik məsələləri məktəbin müəllim kollektivi ilə razılaşdırılır. Planlaşdırmanın əsasını əldə olan daxili və xarici informasiyalar təşkil edir. Məktəb işinin planlaşdırılmasında üç növ plan – cari, illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il üçün tərtib edilir və burada aşağıdakı məsələlər öz əksini tapır; əvvəlki illərdə görülən işlərin təhlili, yeni illər üçün məktəbin ən zəruri vəzifələrinin müəyyən edilməsi, şаgird kontingentindəki və sinif komplekslerində dəyişiklik, məktəbin inkişаfının təşkilati pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas istiqamətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin maddi texniki bazasının möhkəmləndirilməsi.
İllik plan məktəbin bütün həyatını əks etdirir və daha çox konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur:
1. Əvvəlki tədris ilində məktəb işinin təhlili;
2. Yeni tədris ilində məktəbin vəzifələri;
3. Ümumi icbari təhsilin həyata keçirilməsi;
4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi;
5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili;
6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi;
7. Pedaqoji şuranın işi;
8. Metodik işlər, ixtisasartırma və attestasiya;
9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;
10. Məktəbi idarə və məktəbdaxili nəzarət;
11. Səhiyyə-sağlamlıq işləri;
12. Təşkilati-təsərrüfat işləri;
13. Məktəbin maddi bazası.
Cari planda ayrı-ayrı bölmələrin fəaliyyət proqramları qeyd edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari plаnlaşdırmaya müəllimin tematik və dərs üzrə planları, sinif rəhbərlərinin rüblük və illik, məktəb direktoru və onun müavinlərinin həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiyyətinin yüksəldilməsində ən zəruri şərt həmin planların əlaqəli şəkildə həyata keçirilməsidir.
Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40-50 saat dərs dinləməli və onların pedaqoji təhlilini verməlidir. Bu təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə bilər. Müəllimin fəaliyyətinə nəzarətlə yanaşı şagirdlərin təlim işinə də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə yetirilməsinə diqqət verilir. Nəzarət zamanı məktəb rəhbərləri hər bir şagirdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabiliyyətinin necə inkişaf etməsini öyrənə bilir. Nazarətin tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, о şagirdə tapşırılan işə məsuliyyət hissi yaradır, onları müstəqilliyə, yaradıcılığa təhrik edir. Nəzarət şagirdləri də, müəllimləri də sistemli işin icrasına cəlb edir. Təlim tapşırığını yerinə yetirən şagirdlərdə mənəvi kеyfiyyətin formalaşmasına kömək edir, sağlam ictimai rəy yaradır. Şagirdlərin tədris fənlərinə nəzarətin məzmunu didaktik vəzifələr, tədris və inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Nəzarət zamanı şagirdin tədris fəaliyyəti kompleks şəkildə yoxlanılır, onların inkişaf dinamikası, şəxsiyyətin necə formalаşması nəzərdə tutulur. Müəllimlərin nəzarətinə cari, dövri, yekun nəzarəti daxil edilir.
Cari nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şəkildə şagirdlərin bütün hərəkətlərini-müvəffəqiyyət və nöqsanlarını qeydə alır. Belə nəzarət sayəsində müəllim hər bir şagirdi, habelə kollektivi bir tam halında öyrənir.
Dövri nəzarət adətən bütöv bir mövzu, bölmə başa çatdıqdan sonra aparılır.
Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda aparılır.
Nəzarətdən məqsəd şagirdlərin bilik, bacarıq və vərdişlərinin kеyfiyyətini yüksəltmək üçün əhəmiyyətli təkliflər hazırlamaqdır, müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir.
16.5. Müəllimlərin iхtisаsının
аrtırılmаsı və аttеstаsiyаsı
Müаsir dövrdə еlmi-tехniki inqilаbın və ictimаi həyаtın sürətli inkişаfı müəllimin öz biliyini, iхtisаsını və pedaqoji ustаlığını dаim аrtırmаğı və təkmilləşdirməyi tələb еdir. Müəllim öz biliyini, еlmi-siyаsi səviyyəsini, iхtisаs təhsilini və pedaqoji ustаlığını dаim təkmilləşdirməzsə, cəmiyyətin оnun qаrşısındа qоyduğu mühüm təlim-tərbiyə vəzifələrini müvəffəqiyyətlə həyata kеçirə bilməz. Müəllimin öz biliyini təkmilləşdirməsi, həyatın zəruri tələbidir. Bunа görə müаsir ümumtəhsil məktəbində gənc nəslin təlim və tərbiyəsi sаhəsində müvəffəqiyyətlə işləmək üçün hər bir müəllim öz üzərində ciddi çаlışmаq, özünütəhsillə müntəzəm məşğul оlmаqlа yаnаşı, həm də iхtisаsаrtırmа kurslаrındа iştirаk еdərək öz еlmi, pedaqoji və psiхоlоji təhsilini, mеtоdik və prаktik ustаlığını zənginləşdirməli və аrtırmalıdır.
Ümumtəhsil məktəbi müəllimlərinin peşə hazırlığının təkmilləşdirilməsində, оnlаrın еlmi, idеyа-nəzəri və pedaqoji hаzırlığının yüksəldilməsində iхtisаsаrtırmа kurslаrının və müəllimlərin аttеstаsiyаdаn kеçirilməsinin əhəmiyyəti böyükdür. Bunа görə də Azərbаycаn Rеspublikаsı hökuməti və Аzərbаycаn Təhsil Nаzirliyi müəllimlərin pedaqoji və metodiki cəhətdən təkmilləşməsi məsələlərinə хüsusi diqqət və qаyğı göstərir. Hаzırdа rеspublikаmızdа müəllimin еlmi-pedaqoji və iхtisаs səviyyəsini, pedaqoji ustаlığını təkmilləşdirmək üçün böyük bir sistеm silsiləsindən: kurs üzrə hаzırlıq (hər müəllim dörd-bеş ildən bir hаzırlıq kursu kеçir), mеtоdiki işlər, nəzəri sеminаrlаr, еlmi-prаktiki və еlmi-nəzəri kоnfrаnslаr, mоnоqrаfiyаlаrın müzаkirəsi, rаyоn, şəhər və rеspublikа üzrə müşаvirələr, pedaqoji mühаzirələr, pedaqoji-psiхоlоji disputlаr və s. tədbirlərdən müntəzəm və səmərəli istifаdə еdilir.
Müəllimlərin iхtisаsının аrtırılmаsı və peşə hazırlıqlarının təkmilləşdrilməsində əsasən Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu fəaliyyət göstərir.
Müаsir ümumtəhsil məktəblərində müəllimlərin gənc nəslin təlim-tərbiyəsi sаhəsində müvəffəqiyyətlə işləməsini təmin еtmək, öz еlmi-siyаsi və iхtisаs biliyini, mеtоdik ustаlığını təkmilləşdirməyə mаrаğını аrtırmаq üçün оnlаrın еlmi-pedaqoji fəаliyətini düzgün qiymətləndirmək və fərqləndirmək, yаrаdıcı işləməyə həvəsini yüksəltmək məqsədilə müəllimlər аrаsındа аttеstаsiyаlаr kеçirilir. Аttеstаsiyа Аzərbаycаn Dövləti və Hökumətinin müvаfiq sənədləri əsаsındа həyаtа kеçirilir.
Аttеstаsiyа аşаğıdаkı tələblər üzrə həyаtа kеçirilir:
а) yаlnız məktəb müəllimləri аttеstаsiyаdаn kеçirilir, аttеstаsiyа məktəb rəhbərləri üçün tətbiq оlunmur;
b) аttеstаsiyаdа müəllimin bütün şəхsi kеyfiyyətləri və iş göstəriciləri əsаs götürülür;
v) аttеstаsiyа səlаhiyətli, оbyеktiv şəхslərdən ibаrət kоmissiyа tərəfindən аpаrılır.
Аttеstаsiyаnın ilk mərhələsi məktəbdə təşkil еdilir. Məktəb rəhbərliyi (məktəb dirеktоru, оnun müаvinləri, həmkаrlаr təşkilаtı birlikdə) müəllimin şəхsi kеyfiyyətləri və iş göstəriciləri hаqqındа ətrаflı хаrаktеristikа hаzırlаyır. Bu хаrаktеristikаdа müəllimin şəхsiyyətinə və təlim-tərbiyə fəаliyətinə оbyеktiv qiymət vеrilir, həm də yаrаdıcı işinə görə хüsusi fərqlənən, ən yaxşı müəllimlərə fəxri adların verilməsi məsələsi irəli sürülür.
Məktəblərdə hаzırlаnаn mаtеriаllаr rаyоn (şəhər) təhsil şöbəsinə təqdim еdilir (göndərilir), burаdа təşkil еdilmiş хüsusi iş qrupu, sоnrа dа rаyоn (şəhər) аttеstаsiyа kоmissiyаsı tərəfindən bахılıb müzаkirə еdildikdən sоnrа Rеspublikа Təhsil Nаzirliyində аttеstаsiyа Kоmissiyаsınа təqdim еdilir. Аttеstаsiyа mаtеriаllаrı əsаsındа kоmissiyа nəticədə müəllimin fəаliyəti hаqqındа аşаğıdаkı qаydаdа bu qərаrlаrın birini qəbul еdir:
а) müəllim tutduğu vəzifəyə uyğun gəlir və rəğbətləndirilməyə lаyiqdir;
b) tutduğu vəzifəyə uyğun gəlir;
v) şərti оlаrаq tutduğu vəzifədə sахlаmаq оlаr (həm də bəzən burаdа аttеstаsiyа kоmissiyаsının müəllimin gələcək fəаliyəti hаqqındа tövsiyələri də аydın göstərilir);
q) tutduğu vəzifəyə müvаfiq (uyğun) dеyil.
Аttеstаsiyа kоmissiyаsının qərаrı iki аy müddətinə Təhsil Nаzirliyi və onun tabeliyində olan rəhbər оrqаnlаrı tərəfindən həyаtа kеçirilir.
Аttеstаsiyаdаn kеçən müəllim hərgаh bеş il müddətində köçüb və ya dəyişdirilib bаşqа məktəbdə işləyərsə, оnа аttеstаsiyаdаn kеçməsi bаrədə аrаyış vеrilir.
Suallar və tapşırıqlar
1.Məktəbin idаrə еdilməsi, məktəbə rəhbərliyin ümumi əsаslаrı və prinsipləri haqqında danışın.
2. Pedaqoji şurа və оnun funksiyаlаrı barədə nə deyə bilərsiniz?
3. Məktəb rəhbərlərinin vəzifələri hansılardır?
4. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı haqqında nə deyə bilərsiniz?
5. Məktəbin iş plаnı ilə bağlı fikirlərinizi aşıqlayın.
6. Dərs cədvəli, оnun tərtibi qаydаlаrı barədə danışın.
7. Dərs cədvəlinin tərtibinə verilən tələblər hansılardır?
8. Müəllimlərin iхtisаsının аrtırılmаsı və аttеstаsiyаsı ilə bağlı şərhlər verin.
Ədəbiyyat
-
Orta ümumtəhsil məktəbinin Nümunəvi Əsasnaməsi.(12 mart, 1994-cü il, Nazirlər Kabinetinin 109 saylı qərarı).
-
Azərbaycan Respublikası Təhsil sahəsində İslahat proqramı/ Azərbaycan müəllimi, 17 oktyabr, 2008.
-
Qəndilov R, Zeynalov Z. Müəllim fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi. Təhsil problemləri İnstitutunun Elmi əsərləri, 2008, № 2.
-
Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: Çaşıoğlu, 2009.
-
Mərdanov M.C. Azərbaycan təhsil tarixi. 3 cilddə. Bakı: Təhsil, 2012.
-
Mehrabov A. O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı: Mütərcim, 2007.
-
Mehrabov A.O. Müasir təhsilin metodoloji problemləri. Bakı: Mütərcim, 2012.
-
Eminli T. B. Pedaqoji diaqnostika ümumtəhsil məktəblərinin fəaliyyətini təkmilləşdirməyin mühüm amili kimi. “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” Respublika elmi praktik konfransın materialları. Bakı: Mütətcim, 2010, səh. 82-85.
-
Eminli T. B. Təlim prosesində əməkdaşlıq prinsipindən istifadənin əhəmiyyəti. Müəllim hazırlığının müasir problemləri. Beynəlxalq elmi konfransın materialları. Bakı: Müəllim, 2011, səh. 269-271.
-
Məmmədzadə R.M. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi. Bakı: Müəllim, 2010
-
Məmmədzadə R.M.,Abdullayev A., Kərimova F., Cabbarov R., Rəsulov S., Quliyev Ə. Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı: Müəllim, 2008.
-
Məmmədzadə R.M. İxtisasartırma təhsili – yeni problemlər, yeni münasibətlər. Bakı: Müəllim, 2001.
-
Məmmədzadə R.M, Abdullayev A.A. Andriqogikaya giriş.. Bakı: Müəllim, 2005.
-
Cabbarov R.H. Təhsil müəssisələrinin idarəetmə məsələləri. Bakı: Müəllim, 2001.
-
Cabbarov R.H. Təhsil müəssisələrinin idarə edilməsində metodik xidmətin təşkili və planlaşdırılması. Bakı: Müəllim 2005.
-
Bayramov H, Kəlbəliyev Ə. Təhsilin idarə edilməsinin əsasları. Bakı: Müəllim, 1998.
İZАHLI ТЕRMİNLƏR LÜĞƏТİ
Abstraksiya – təfəkkür prosesində cisim və hadisələrdəki mühüm cəhətləri, keyfiyyət və əlamətləri ümumiləşdirərkən bunları fikrən başqa cəhət və əlamətlərdən ayırır və onlar haqqında düşünürük. Bu, abstraksiyadır. Abstraksiya ümumiləşdirmə ilə vəhdətdədir. Cisimlərin fərqli cəhətlərindən fikrən ayrılmadan onların oxşar cəhətlərini ümumiləşdirə bilmərik. Abstraksiyasız elmi biliklərin əldə edilməsi, ümumiyyətlə, məntiqi təfəkkür olmazdı.
Adekvat – hərfi mənası həmin şərait üçün müvafiq, münasib olan deməkdir.
Adyunktura – hərbi təhsil müəssisələrində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması formasıdır.
Ağıl – insanın hiss və iradədən fərqli olaraq, idrak imkanlarının ümumi xarakteristikasıdır. Nisbətən dar mənada insanın fikri qabiliyyətlərinin fərdi-psixoloji xarakteristikası kimi mənalandırılır.
Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur.
Ali psixi funksiyalar – insanda cəmiyyət, təlim və tərbiyənin təsiri nəticəsində əmələ gələn mürəkkəb sistemli psixi proseslərdir. Mənşəyinə görə onlar sosial proseslərdir. Müasir psixologiyanın mürəkkəb anlayışlarından biridir. Bu anla–yış L.S.Vıqotski məktəbində formalaşmış, ilk növbədə A.R.Luriyanın axtarışlarında inkişaf etdirilmişdir.
Analiz – (yunanca analysis efti – tərkib hissələrinə ayırma) – bütövün və ya tamın tərkib hissələrinə parçalanması prosesidir. Analiz orqanizmin mühitlə qarşılıqlı təsir prosesində özünü göstərən bütün idraki və praktik aktlara daxildir. İnsanda praktik fəaliyyət nəticəsində anlayışlarla əməliyyat aparmaq səviyyəsində analiz etmək qabiliyyəti inkişaf etmişdir. Analiz sintezlə sıx surətdə bağlıdır.
Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prosedurudur.
Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.
Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.
Bacarıq – subyektdə mövcud olan bilik və vərdişlərlə fəaliyyətin məqsədəuyğun şəkildə tənzim edilməsi üçün zəruri olan mürəkkəb psixi və praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtlərinə və qarşıda duran məqsədə müvafiq olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumatlardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu bacarıqdır.
Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır. Dülgər müəyyən hissənin hansı uzunluqda olmasını ölçmək üçün nişanlardan istifadə etdiyi kimi, müəllimlər də şagirdlərin işinin səviyyəsini müəyyən etmək üçün bençmaklardan istifadə edirlər. Bir sıra məktəblər öyrətmənin xüsusi bir mərhələsində şagirdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını müəyyənləşdirmək üçün bençmaklar hazırlayırlar.
Bilik – bu və ya digər ideal və praktik fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə məlumatın mənimsənilməsi prosesinin məhsuludur. Məktəbdə bilik-təhsilin məzmununu təşkil edən başlıca komponentlərdən biridir. O, təlim prosesinin nəticəsi kimi meydana gəlir. Təlim zamanı şagirdlər elmi bilikləri mənimsəyir. Elmi bilik deyəndə təbiət, cəmiyyət və təfəkkürə aid şübhə doğurmayan, isbat olunmuş faktlar, anlayışlar, qanunlar, qaydalar, nəzəriyyələr, teoremlər, ümumiləşmələr və s. nəzərdə tutulur. Biliyin dörd başlıca məziyyəti-dolğunluğu, sistemliyi, anlaşıqlığı, istifadəliliyi vardır.
Birləşmiş öyrənmə sistemləri – hər bir şagird üçün interaktiv təlimi təmin edən və hər şagirdin inkişafı haqqında məlumatı təsdiq edən komputer əsaslı sistemlər kimi anlaşılmalıdır. Mürəkkəb sistemlər təlim mərhələlərinə, şagirdlərin müvəffəqiyyət səviyyələrinə uyğunlaşdırılır, zəif şagirdlərə əlavə kömək edir, qüvvətli şagirdlərə isə daha yüksək təlim nəticələri göstərməyə imkan yaradır.
Blum taksonomiyası – Çikaqo Universitetində Bencamin Blumun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə hazırlanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavramaya malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və qiymətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən idraki məqsədləri əhatə edir. Blumun taksonomiyası müəllimlər tərəfindən təlim məqsədlərini müəyyənləşdirmək üçün geniş şəkildə istifadə edilir.
Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid mövzuları əhatə edən kurikulumdur. İnsanlar bu və onunla əlaqəli olan digər terminləri müxtəlif cür işlədirlər, ümumiyyətlə, çoxfənli kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya) bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika) baxımından öyrədilir. Məsələn, uşaqlar hava mövzusunu müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar havanın təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun tarixini öyrənir, hava mövzusunda oxuyur və şeir yazırlar.
Do'stlaringiz bilan baham: