Yazıçı Nəriman Həsənzadə
1988-ci il fevralın təxminən 13-dən sonra Stepanakertdə qarmaqarışıqlıq başlandı. Aldığımız xəbərlərə görə, təkcə burada yox, Dağlıq Qarabağın ermənilər yaşayan bütün yerlərində Azərbaycanın bayraqları yerinə Ermənistan bayrağı asıblarmış (Hətta Əsgəran Rayon İcraiyyə Komitəsinin bu günlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanıilə təltif edilmiş (!) sədri Əsgəranın hakimiyyət binasının üstünə daşnak (!) bayrağı6 sancıbmış. Vilayətdə azərbaycanlıları incitməyə, döyməyə, öz evlərindən qovmağa başlayıblar. Ən müxtəlif təşkilat və instansiyaların, ayrı-ayrı vəzifəli şəxslərin yardımı və vədləri, dünya ermənilərinin baş keşişi Vazgen, Ağanbeqyan və Balayan kimi “millət qəhrəmanları”nın təhriki, Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Dəmirçiyanın təşkilatçılıq qabiliyyəti sayəsində ruhlanan Qarabağ erməniləri ayağa qalxıb, Ermənistan SSR tabeliyinə keçmək istədiklərini bildirmişlər, nümayişlər təşkil etmişlər (Ən böyüyü fevralın 13-ündə olub).
Fevralın 20-də DQMV İcraiyyə Komitəsinin XX çağırış növbədənkənar sessiyası muxtar vilayətin Ermənistan SSR-ə keçdiyini qərara almışdı. “Sovetakan Karabax” - “Sovetski Karabax” qəzetləri də sessiyanın qərarını dərc edib (21 fevral 1988). Bundan sonra Qarabağ erməniləri artıq hər şeyin həll olunduğunu güman edib, Azərbaycanla bağlı heç kəslə əlaqə saxlamaq istəməmişlər…» (9).
Ədalət Tahirzədənin «Meydan Hərəkatı: 4 il . 3 ay» kitabı, fikrimizcə, həm də ona görə önəmlidir ki, hərəkat tariximizi öyrənmək baxımından dəyərli qaynaq hesab etdiyimiz digər iki kitabdan - M. H. Tantəkinin «Acı həqiqətlər» (4) və N. Pənahlının «Əbədiyyət yolçusu» (8) kitablarından daha müfəssəl və əhatəlidir. O biri iki qaynaq isə daha çox memuar xarakterlidir və müəlliflərin şəxsi həyat və mübarizə yolunu əks etdirir. Bu kitablarda həm M. H. Tantəkin, həm də N. Pənahlı bilavasitə özlərinin iştirakçısı və şahidi olduqları hadisələri əks etdirmiş, bəzi hadisələrin üstündən isə, onlara qətiyyən toxunmadan keçmişlər.
Professor C. Həsənli haqlı olaraq yazır ki, “Meydan: 4 il 4 ay” salnaməsi ən son tariximizi öyrənəcək tarixçilər üçün dəyərli məxəzdir. «Fikrimizcə, XX yüzillikdə milli mücadilə tariximiz, istiqlal savaşımız haqqında ilk yazılı salnamə olan bu kitab Sovet imperiyasının çökməsində son dərəcə mühüm rolu olmuş Azərbaycanın qurtuluş mübarizəsinin ləkəsiz güzgüsüdür. Sıravi iştirakçısı olduğu bütün hadisələri günbəgün, saatbasaat, dəqiqəbədəqiqə yazıya köçürən müəllif çox dəqiq xronologiya yaradıb. 1988 - 1992-ci illər arasındakı təxminən 4il yarımlıq müddətdə xalqımızın siyasi yaşamında baş verən elə mühüm bir hadisə yoxdur ki, Ə.Tahirzadənin nəzərindən qaçsın. O illərin mətbuatını, radio və televiziya verilişlərini və b. dadiqqətlə izləyərək o, həmin çağın geniş ictimai-siyasi panoramını yaratmağı bacarmışdır. Onun əsərində Azadlıq mübarizəsi və bu mübarizəni aparan Xalq olduqca qabarıq təsvir olunub» (5).
Ə. Tahirzadə sözügedən kitabının I fəslində «Çənlibel»in təşkilatçısı olduğu 16 və 18 may (1988) mitinqlərini M. H. Tantəkindən daha geniş və bir qədər obyektiv təsvir etmişdir. Fəqət onun yazdıqlarında yanlışlıqlara da rast gəlinir. Məsələn, Hatəmiyə istinadən mitinqin təşkilatçıları barədə məlumat versə də, bu nümayişin guya Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti tərəfindən təşkil edildiyini söyləyir. Onun bu iddiası qətiyyən doğru deyildir. Bununla belə, onun yazdıqları ən yeni tariximizi öyrənmək baxımından çox böyük önəmə sahibdir.
Alim yazır: «…Beləliklə, özünü təhqir edilmiş sayan xalq yenə qəzəb səsini ucaltmağı qərara aldı və mayın16-da başlıca olaraq tələbələrdən ibarət kütlə (onlara ziyalılar və müəyyən qədər də şəhər əhalisi qoşulmuşdu) etiraz mitinqinə toplaşdı. Toplanışın əsas səbəbi son günlər Ermənistanın Ararat (Vedi) rayonunun Şirazlı kəndində və başqa yerlərində azərbaycanlıların terror edilməsi, Dağlıq Qarabağda isə yerli əhalinin (azərbaycanlıların) kütləvi surətdə işdən çıxarılması, Moskvanın bizə düşmən münasibəti idi.
Səhər təxminən saat 12-də institutumuzun qarşısından tələbə axını keçməyə başladı. “Pozisiya”da erməniləri son dərəcə mütəşəkkil, emosional, bizim nümayişi isə ölüvay göstərdikləri üçün bu dəfə iştirakçılar “tənqiddən nəticə çıxarıb” böyük ruh yüksəkliyi göstərirdilər. Mən də onlara qoşulub Hökumət evinə doğru yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə yox, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, MK-nın ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksovetin sədri Oqtay Zeynalov, müavini və başqaları gəlirlər. Tez onlardan aralandım. Neftçilər prospektində böyük izdiham yaranmışdı.
Bu nümayiş tələsik təşkil edildiyindən şüarlar çox az idi. “Rədd olsun “Pozisiya” tərəfkeşliyi!”, “Səbrimiz tükənib!”, “Prekratit “ekonomiçeskie” bredni sentralnoy peçati!” (Mərkəzi mətbuatın «iqtisadi» cəfəngiyyatlarına son qoyulsun! – B. T), “Xəbərdarlıq edirik!”, “Ermənistandakı azərbaycanlılara muxtariyyət!”, “Erməni faşizminə son qoyulsun!”.
Xorla “Müs-lüm-za-də!”, “Sum-qa-yıt!”, “Təb-riz!”, “A-zad-lıq!” kimi şüarlar da çox tez-tez təkrar edilirdi. Saat 12.54-də Hökumət evinə çatdıq. Ancaq danışmaq üçün mikrofon yox idi. Kürsüdə Ramiz Mehdiyev, MK-nın şöbə müdirləri, Universitetin, İnşaat Mühəndisləri İnstitutunun rektorları ilə yanaşı Xəlil Rza, Nüsrət Kəsəmənli, ADU-nun müəllimi Firidun Cəlilov, coğrafiyaçı Ənvər Əliyev, şərqşünaslar, daimi iştirakçılar Mənsur Əliyev, Hatəmi Tantəkin, bizim institutda işləyən Bəy (Əbülfəz Əliyev) və bir çox rəsmi adamlar, şairlər, alimlər yığışmışdı.
MK işçilərinin gəlməsi nümayişə ruh vermək yox, onu imkan daxilində pozmaq idi, çünki saat 3-ə yeddi dəqiqə işləmişə kimi mikrofon verilmədi... Bizim televiziyanın işçiləri ilə yanaşı, Moskvadan olan (ancaq Bakıda işləyən) operator da nümayişi çəkirdi. Bizimkilərə “Dalğa” verilişində Salman Mümtazla bağlı məni də çəkən rejissor Vasif Babayev başçılıq edirdi. Şəhla Mümtazzadənin oğlu Şahin Qalabəyov da burada idi.
Xalq iki şey qışqırırdı: “Bəx-ti-yar!” və “mik-ro-fon!”. Bu aramsız tələbin yalnız yarısı 13.37-də yerinə yetdi - Bəxtiyar Vahabzadə Anarla birgə gəldi. Onların kürsüdə görünməsi sürəkli alqışla qarşılandı. Bəxtiyar müəllim dedi ki, narahat olmayın, hər şey bizim istədiyimiz kimi qurtaracaq, bircə sakitliyi gözləyin.
Saat 13.46-da izdihama APİ-nin tələbələri də gəlib qoşuldular (Ümumiyyətlə, bütün nümayişdə 25-30 min adam iştirak etdi). Mikrofon gözləyə-gözləyə hələlik meqafonla (səsucaldan) danışmağa başladılar. Əldə tutulub danışılan səsucaldanın səsi meydandakıların heç onda birinə çatmırdı, ancaq natiqlər vaxtı boş yerə keçirmək istəməyib tələblərini irəli sürdülər. Bir qız çıxışa başlayıb dedi ki, Qarabağı iki yerə parçalamaq gərək deyil. Dağlıq Qarabağın muxtariyyətini götürüb bütün Qarabağı qabaqkılar kimi birləşdirmək gərəkdir.
Şərqşünas Mənsur Əliyev Sumqayıtdakı məhkəmə prosesinin düzgün aparılmamasından,erməni daşnaklarının son vaxtlar fəallaşmasından danışdı. Saat 14.07-də üstündə səsgücləndiricilər qoyulmuş maşın meydana girdi. Ondan məftil çəkib kürsüdə mikrofon quraşdırdılar. Bu vaxta kimi bir cavan oğlan (yəqin ki, tələbə idi) dostlarının çiyninə çıxıb “Səbrimiz tükənib!” şüarını tribunanın divarına yapışdırdı.
Mikrofonda ilk söz Bəxtiyar Vahabzadəyə verildi. O dedi ki, mən məsləhət bilirəm ki, Ali Sovetə gedək, orada öz tələblərimizi partiya və hökumət nümayəndələrinə deyək. Bunun üçün siz də öz nümayəndələrinizi seçin. Ancaq nümayişçilər bu təkliflə razılaşmadılar, çünki bütün tələblərini burada demək, imkan olsa elə burada da cavab almaq istəyirdilər.
Anar söz aldı (14.12): Hər xalqın özünün fəxr etdiyi qabaqcıl ziyalıları var. Bu gün Bəxtiyar müəllim kimi sevimli şairimiz burada iştirak edir. O millətin ki qabaqda gedəni yoxdur, o,anarxiyaya uğrayar. Gəlin biz Bəxtiyar müəllimə qulaq asaq. Mən də məsləhət bilirəm ki, Ali Sovetdə öz sözümüzü deyək (Yerdən səslər ucaldı: “Elə burda, burda!”).
Anar artıq uzun müddət mikrofon tələb edib əsəbiləşmiş, günün altında təngnəfəslikdən darıxmış, yavaş-yavaş çılğınlaşmağa başlamış nümayişçilərə dedi:
- Bu ağır sınaq günlərində təmkinliliyimizi itirməməliyik. Biz sakit olmalıyıq. Yoxsa hər bir artıq hərəkətimizdən istifadə edib bizi bütün dünyaya vəhşi kimi tanıtmağa çalışırlar. Doğrudur, Ermənistandakı azərbaycanlıların vəziyyəti ağırdır. Ancaq bura yığışmaqdan məqsədimiz də elə onları müdafiə etməkdir. Hamı görəcək ki, biz haqqımızı tələb edə bilirik. Vəziyyət haqqında Moskvaya geniş məlumat verilir. Yəqin ki, hər şey də yaxşı nəticələnəcək. Ancaq bir azsəbriniz olsun.
14.15-də ağsaçlı bir kişi söz aldı:
- Mən irəlisi gün Ermənistanın Vedi rayonundan gəlmişəm. Bizi incidiblər. Mən bu gün şikayətimizi bildirmək üçün Moskvaya uçacağam. Mən Leninqradın fəxri vətəndaşı, onun müdafiəçisiyəm. Yəqin ki, Moskva da bizi müdafiə edər. Ona görə də dağılın, gedin evinizə (Kişinin sözünü fitə basdılar).
Bir tələbə mikrofona yanaşdı:
- Bu hadisələr ona görə baş verdi ki, bizim qəzetlər, televiziyaxalqa heç bir məlumat vermir. Mə lumat olmayan yerdə də şayiələr yaranır. Biz tələb edirik ki, kütləvi mə lumat vasitələri Ermənistanda, Qarabağda azərbaycanlılara qarşı olan hadisələri işıqlandırsın. Siz də bunu tələb edin. Ancaq hər bir tələbi sakitliklə deməli, ağılla, kamalla iş görməliyik ki, düşmənlərimiz hərəkətimizdən istifadə edə bilməsinlər
Saat 14.19-da Xəlil Rzaya söz verildi:
- İki yüz ilə yaxındır ki, Azərbaycana xəyanət davam edir. Azərbaycan iki yerə yox, iki yüz yerə parçalanıb. Azərbaycan dili sözdə yox, işdə dövlət dili olmalıdır. Dərbəndi, Borçalını, Göyçəni, Zəngəzuru... Azərbaycandan qoparıblar. Biz RSFSR-də, Ermənistanda, Gürcüstanda yaşayan Azərbaycan türklərinə muxtariyyət tələb edirik! Dərbənddə vaxtilə Azərbaycan türkcəsində gənclər qəzeti buraxılırdı, indi isə bağlanıb. Həmin qəzet yenidən açılmalıdır. RSFSR-də, Ermənistanda, Gürcüstanda və başqa yerlərdə minlərlə anadilli toponimlərimiz darmadağın edilib. Onlar yenidən geri qaytarılmalıdır. Azərbaycan fəhləsi radiasiya içindədir. Torpağımıza radiasiya hopub. İki metr yarım dərinliyə belə radiasiya işləyib. Fəhlələrimizin, işçilərimizin əmək haqqı azdır. Mətbuat ölüdür, partiya ölü, televiziya ölü. Rədd olsun boşqab dibi yalayanlar! (Xəlil Rzanın danışığını kəsdilər. Camaat qışqırmağa başladı: “Xə-lil!,” “Xə-lil!”. Arada bir azqarışıqlıq yarandı).
Saat 3-ə 24 dəqiqə işləmişdi. Kimsə danışmaq istədi, ancaq qoymadılar. Nüsrət Kəsəmənli başladı:
- Düşmənlərimiz həmişə bizim olmayan birliyimizdən istifadə ediblər. Gəlin bu gün sıx birliyimizi göstərək. Mən təklif edirəm ki, Azərbaycan KP MK-da komissiya yaradılsın və o, təklifləri, vəziyyəti öyrənsin. Ermənistanda, Qarabağda yaşayan azərbaycanlıların vəziyyəti haqqında mətbuatda mə lumat verilsin. Jdanov, İmişli, Salyan,Qubadlı və başqa rayonlara Ermənistandan köçüb gəlməyə məcbur olmuş azərbaycanlıların sayı mətbuatda xəbər verilsin, onlar Dağlıq Qarabağda yerləşdirilsin (Alqışlar). Bütün bu məsələlər həll edilənə qədər, tam sakitlik yaranana qədər Sumqayıtda gedən məhkəmə dayandırılsın.
Sonradan adını öyrəndiyim Sevil Cahani adlı evdar qadın söz aldı (14.27):
- Mən evdar qadınam, uşaq anasıyam. Üç aydır ki, dincliyim yoxdur. Niyə ermənilər istədiklərini çap edirlər, bizim mətbuat isə susur? Onlara hər şey olar, bizə yox? Niyə Siyasi Büro bir xalqa üstünlük verir, o birinə yox? Bilmək istəyirəm ki, televiziya bizə niyə düzgün məlumat vermir? (Mərkəzi televiziyanı nəzərdə tuturdu). Hər dəfə Sumqayıtı göstərirlər, ancaq Qafan, Masis, Vedi, başqa yerlər, orada azərbaycanlıların başına açılan oyunlar yada düşmür.
Universitetin bir müəllimi dedi ki (14.29), Siyasi Bürodan tələb olunsun ki, bir ayadək erməni biabırçılığına son qoyulsun.
Saat 14.30-da bir kişi danışmağa başladı:
- Mən Ermənistanın Vedi rayonunun Şirazlı kəndindən gəlmişəm. Düzdür, bizi incidiblər, ancaq görəndə ki siz arxamızda durmusunuz, ürəklənirik. Sizə minnətdarıq.
Sonra dedi:
- İstəyirsinizmi ki, biz yaxşı yaşayaq? (Səslər: “Bəli!”). İstəyirsinizmi ki, Ermənistandakı azərbaycanlılar burada yerləşdirilsin? (Camaat: “Yox!”).
Onun sözünü hay-küylə yarımçıq kəsdilər.
14.31-də Mənsur Əliyev danışmağa başladı:
- Biz aşkarlıqdan istifadə edib mitinq və yığıncaqların keçirilməsi haqqında respublika Ali Sovetinin qəbul etdiyi qərarın ləğv olunmasınıtələb edirik. Doğma Qarabağın inkişafı üçün ayrılan 400 milyon manat Azərbaycan büdcəsinə keçirilsin. Sumqayıtdakı hadisələrin əsl səbəbkarları, hadisələrin törənməsinə gətirib çıxaran hərəkətləri edənlər, oradakı hadisələrin iştirakçılarına “quldur” adı verənlər cəzalandırılsın. Balalarımızı tankın altında qoyub onlara “uf” da deməyənlərə ölüm!
Bir kişi (14.34):
- Ermənilər 1894-üncü ildə Türkiyədə başlayan torpaq tələblərini bu gün Azərbaycana köçürüblər. Onlar Türkiyədən torpaq ala bimədilər, indi isə bizdən almağa umud edirlər. Ermənilər bizi Ermənistandan, hətta Qarabağdan təmizləmək istəyirlər. Ancaq biz yatmamışıq. Müqavimət göstərməliyik. Yaşasın Azərbaycan xalqının birliyi!
Artıq bu vaxt kütlə coşmuşdu. Görünür, sakitlik yaratmaq üçün Bəxtiyar müəllim dedi (14.36):
- Gəlin Ali Sovetin iclas salonunda toplaşaq, öz tələblərimizi deyək. Biz getdik, siz də gəlin. Axı, sabaha kimi burada durmaq olmaz ki! Günün altında danışa-danışa durmağın nə mənası?
14.38-də bir alim qadın ürəyini boşaltdı:
- Nə qədər vaxtdır ki, erməni ekstremistləri istədiklərini edirlər. İdeologiyaya baxan yoldaşlar bunun qarşısını bir neçə il qabaq ala bilərdilər. Ancaq, əksinə, alimlərimizə imkan vermədilər ki, öz əsərlərində həqiqəti xalqa çatdırsınlar, ürək sözlərini desinlər. Mənim bir neçə sualım var: Niyə bu üç ildə, demokratiya başlanan bu müddətdə bizim respublikada aşkarlıq, demokratiya yoxdur?
Sumqayıt hadisələrini də erməni ekstremistləri törədiblər, ancaq onların adı niyə heç yerdə çəkilmir? Ermənistanda “Emosiyalar və kamal” məqaləsi çıxan bütün “Pravda”nın tirajını yandırdılar, ancaq ermənilərə niyə güldən ağır söz deyilmədi? Xankəndində (Stepanakertdə) pozğunluqları törədən elə Poğosyanın özüdür. O niyə katib işləyir? Müslümzadəni təcili cəzalandırdılar. Ancaq Dağlıq Qarabağda hadisələri törədən Kevorkovu oradan çıxardıb başqa vəzifəyə qoymuşuq. O, partiyaçıdır, Ali Sovetin deputatıdır. Niyə?
Azərbaycan SSR Ali Soveti Rəyasət Hey ətinin sədri Süleyman Tatlıyev danışmaq istədi (14.44). Ancaq keçən dəfə televiziya ilə xalqa müraciəti zamanı gözdən düşmüş, fəaliyyətsiz və biganə adam kimi tanınmış sədri danışmağa qoymadılar. Elə bir təhərlə başa saldı ki, nümayişçilər öz nümayəndələrini Ali Sovetə göndərsinlər, danışaq.
ADU-nun kitabxanaçılıq fakültəsinin I kurs tələbəsi Rəfiqə Bəyalıyeva:
- Biz Sumqayıta nifrətlə baxmamalıyıq. Onlar Ermənistandakı, Qarabağdakı haqsızlıqlara cavab veriblər. Ana dilimizə hörmət bəsləməli, onu hər yerdə işlətməliyik. Ancaq iclasda bir nəfər rus olanda bütün iclas rusca aparılır. Niyə? Vətən müqəddəsdir. Onun yolunda lazım gəlsə ölümə də getməyə hazırıq (14.51-də izdihamın üzərində vertolyot uçmağa başladı. Bu, adamlarda qabaqca anlaşılmaz təşviş yaratdı. Sonra başa düşdülər ki, deyəsən, şəkil çəkir, ona görə sakitləşdilər).
Rəsmiyyə adlı bir jurnalist tələbə də idarə və müəssisələrdə, yığıncaqlarda ana dilimizin sıxışdırılmasını, Konstitusiyanın pozulmasını kəskin tənqid etdi.
14.53-də bir qadın mikrofona yanaşdı:
- Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti dözülməzdir. Onların evlərini yandırırlar, özlərini təhqir edirlər, incidirlər, köçməyə məcbur etmək istəyirlər. Ermənistandakı azərbaycanlılara azadlıq! Biz onlara muxtariyyət verilməsinitələb edirik (Xalq “mux-ta-riy-yət!” qışqırmağa başladı).
14.58-də Azərbaycan Dövlət Universitetinin rektoru Yəhya Məmmədov tələbələri sakitliyə çağırdı. Ona da sonadək danışmağa imkan vermədilər.
Əbülfəz Əliyev xalq içərisindəki nüfuzundan istifadə edib meydandan dağılmaq istəməyən cavanları yumşaltmağa çalışdı. O dedi ki, mətbuatda, televiziyada hadisələr düzgün işıqlandırılsaydı, belə vəziyyət yaranmazdı. İndi sözümüzü dedik, tədbir görməsələr yenə yığışarıq.
Saat 4-ə 1 dəqiqə işləmişdi. Şair Dəmir Gədəbəyliyə söz verildi. O, Şəhriyarın imzası ilə xalq içində geniş yayılmış “Ayağa qalx, Azərbaycan!” şerindən bir parçanı söylədi. Sonra səsinin əzəmətindən bacarıqla yararlanıb təsirini artırmağa çalışdı:
- Təmkinli, ağıllı olun. Hissləri cilovlayın. Sübut edin ki, Azərbaycan xalqının hissləri ilə oynamaq olmaz. “İzvestiya”, “Komsomolskaya pravda” və başqa qəzetlərdə ermənilər istədiklərini yazırlar, mərkəzi mətbuat onları açıq-aydın müdafiə edir. Biz özümüzə qarşı həqarətə dözə bilmərik.
Bir tələbə söz ala bildi (mikrofon uğrunda mübarizə gedirdi. Son dəqiqələrdə danışmaq üçün fiziki güc də lazım gəlirdi):
- Sumqayıtda üç nəfərə ölüm hökmü çıxarılıb. Bu qərar dəyişdirilməlidir.
15.05-də APİ-nin müəllimi Tağı Xalisbəyli ağıllı olmağa çağırdı. Dedi:
- Tələb edirik ki, Moskvadan səlahiyyətli bir şəxs gəlsin, birisi gün saat 11-də burada olsun, ona öz tələblərimizi deyək.
Tələbə Rəsmiyyə nümayiş iştirakçılarının kürsüyə göndərdiyi məktubları (tələbləri) oxumağa başladı (15.07):
- Şaumyanın Bakıdakı heykəli götürülsün. Onun adına respublikamızdakı üç yer adı ləğv edilsin. Azərbaycan Neft və Kimya İnstitutunun rektoru cavab versin görək niyə tələbələrin nümayişə çıxmaması üçün institutun qapılarını bağlayıb? Kevorkov niyə işdədir? Bizə “millətçi” deyirlər. Ancaq Ermənistandakı 2 nəfər azərbaycanlı Ali Sovetin deputatı ilə bizdəki 38 nəfər erməni Ali Sovetin deputatlarını tutuşduraq. Baxaq görək bizdə nə qədər erməni rəhbər işçi var, onlarda nə qədər azərbaycanlı. Biz ən beynəlmiləlçi xalqıq. Avakyan küçəsinin, başqa bir çox erməni şəxsiyyətlərin adları ilə bağlı küçələrin adlarıdəyişdirilsin. Arvadı erməni olan rəhbər işçilərimiz vəzifədən götürülsünlər.
15.14-də universitetin tələbəsi başladı:
- Babam Məhəmmədtağı Sidqinin Naxçıvanda heykəli var. O, xalqımızın maariflənməsi, dilimizin çiçəklənməsi üçün əlindən gələni edib. Ancaq biz onun da uğrunda çalışdığı dilimizin nüfuzunu qoruya bilmir, çox yerdə rusca danışırıq. Dilimizi sevməliyik. O, xalqın ən birinci sərvətidir.
15.15-də gur səsli artist Nurəddin Quluyev (o, deyəsən,bugünkü nümayişin təşkilatçılarından biridir) camaatı ələ aldı:
- Bizim işimiz haqq işidir, ona görə də qalib gələcəyik. Başlıca üstünlüyümüz ondadır ki, bu gün hamımız bir yerdəyik. Azərbaycan xalqını daha heç kim yıxabilməz!
Sonra o, bir şer söylədi və şerdən sonra sürəkli, gurultulu alqış qopdu.
15.18-də saqqallı bir oğlan başladı:
- Bizə çox söz dedilər, hamısı yalan çıxdı. Hətta söz verib möhür də vursalar daha inanmamalıyıq. Gəlin gedək Mərkəzi Komitənin qabağına, orada öz sözümüzü deyək.
Şair Tofiq Bayram söz aldı (15.22):
- Birisi gün saat 10-da bura gələk. Respublika rəhbərləri tələblərimizi burada dinləsinlər. Bugünkü nümayiş birliyimizin nümayişidir.
15.23-də Xaliq Hacıyev kütləni sakitləşməyə, daha doğrusu, toxdaqlıq tapmağa çağırdı və dedi:
- Biz Zori Balayan, Silva Kaputikyan, Abel Ağanbeqyan yolu ilə getsək, fitnəkarlıqlar törətsək işimiz yaxşı olmaz. Ona görə də təmkinimizi əldən verməməliyik. Bizim rəhbərlərimiz xalqın qeydinə qalmırlar.
Saat 15.28-də mikrofon ADU-nun bir ağsaç müəlliminə verildi. Onu tanımırdım. Sonradan öyrəndim ki, hamı ona “Abbas” deyir. O, söz alıb danışmaq istədi, hətta, deyəsən, bir-iki cümlə danışa da bildi.
Bu vaxt yerdən - nümayişçilərin içindən bir oğlanı tribunaya dırmaşdırdılar. O,düz mikrofonun yanına çıxdı və danışmağa başladı ki, mən Ermənistandan gəlmişəm, orada bizi incidirlər, vəziyyətimiz ağırdır. Elə bunu demişdi ki, həmin Abbas müəllim bu oğlanı hirslə boğazlayıb yerə saldı. Nadanlıq və mədəniyyətsizliyin ən kobudcasına nümunəsini görən tələbələr qəzəblə irəli cummaq istədilər. Mən də tribunanın dibində, yerdə, mikrofonun tuşunda dayanıb qeydlər edirdim. Gördüm ki, izdiham üstümə doğru yeriyir və divara yapışıb öləcəyimi gözümün qabağına gətirdim. Bu bir neçə saniyənin içərisində düşdüyüm vəziyyəti maşının altından sağ-salamat çıxan adam təsəvvür edə bilər. Bir az da keçsəydi məndən başqa da xeyli adam divara sıxılıb, yaxud ayaq altında qalıb məhv ola bilərdi. Ancaq vəziyyəti Xəlil Rza ilə Əbülfəz Əliyev xilas etdilər. Onlar hər cür hərəkətlə, sözlə tələbələri sakitliyə, tribunaya axının təhlükəli olduğuna inandırdılar.
Xəlil bəy tələb etdi ki, nümayişi bizim televiziya, “Vremya” göstərsin. Əbülfəz bəy isə dedi ki (15.33), Azərbaycan torpağı uğrunda son damla qanımızadək vuruşacağıq. Torpaqdan pay olmur. Vətən müqəddəsdir. Xalq gücü böyük şeydir. Ancaq biz bir-birimizi eşitməyi də bacarmalıyıq. Biz yalnız ədalətlə qalib gələ bilərik. İğtişaşlar bizə baha başagəlir. Unutmayın. Biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmışıq (əslində bu nümayiş də elə o cəmiyyətin fəaliyyəti idi). Biz haqqımızı tələb edəcəyik.
Professor Nurəddin Rzayev danışmaq istədi (15.37), ancaq hay-küy ona danışmağa imkanvermədi. Bir dəqiqə sonra yuxarı bir tələbə də dırmaşdı, onu danışmağa qoymadılar. Bundan sonra meydanda ağız deyəni qulaq eşitmədi.
Rektor Yəhya Məmmədov vəziyyəti sakitləşdirməyə çalışdı (15.51): Biz kiməsə inanmalıyıq.Mənə inanın, respublika rəhbərliyindən əl çəkməyəcəyik, sizin bütün tələblərinizin nəticələrini onlardan istəyəcəyik. Elə işlər var ki, onların həllində bizim rəhbərliyə sizin köməyiniz də gərəkdir. Bugünkü yığıncaq Mərkəzi Komitəyə də kömək idi. İndi isə dağılışaq. Mitinq bağlı elan edilir.
Saat 15.53-də Xəlil Rza bildirdi ki, mayın 18-i səhər saat 10-da hamı toplaşmalıdır. İndi isə AliSovetə doğru intizamla addımlayıb tələblərimizi orada da irəli sürək.
15.57-də Lenin meydanındakı 25-30 minlik izdiham dağılmağa başladı. Nümayişçilər Neftçilər prospekti ilə irəlilədikcə “Azərbaycan” mehmanxanasının balkonlarına çıxmış qonaqlar, KQB-nin pəncərələrindən baxan əməkdaşlar, binaların balkonlarından durub seyr edən qocalar və uşaqlar əl edir, camaata ruh verir, yol boyu dayanan bütün maşınlar gəlin aparanda olduğu kimi aramsız siqnal verir, nümayişçilərlə bir sırada olduqlarını bildirirdilər. Doğrudan da, əsl mübariz ruh, döyüşkənlik (yaxşı mə nada) əzmi qarışmış bayram təntənəsi də nümayişçilərin hamısına ləzzət verirdi.
Mən elə meydandan aralanmağa başlamışdım ki, institutumuzun qızlarından Gülnarə Qaiblini, Könül və İradəni gördüm. Onların hansısa rusca danışdığı üçün milisionerlərdən üçü bunlara söz atmağa, hətta, deyəsən, kobudlamağa başlayıb. Gülnarə dedi ki, Ədalət müəllim, xahiş edirik bizimlə gedəsiniz. Mən əhvalatı öyrənib milisionerlərlə danışmaq istəyəndə qoymadı. Nə isə, Ali Sovetədək onlarla getdik. Azərneft meydanına çatanda səhərdən günün altında beyni qaynayan, ac-susuz adamlar hərə bir yolla - bəzisi Filarmoniya bağından keçib, bə zisi Mərkəzi Komitənin yanından yuxarı qalmağa başladı. Biz də Filarmoniya ilə İncəsənət Muzeyinin arasındakı küçədən düz gedib Mərkəzi Komitənin üst tərəfindən keçdik. Burada qızlar İradəgilə gedib 4-5 dəqiqə fasilə etdilər, su içdilər. Axırı ki, saat 5-də Ali Sovetin qarşısına çatdıq. Meydan tamam dolmuşdu. Ancaq Ali Sovetin qarşısı hələ boş idi, orada 30-40 adam vardı. Mən də onların yanına getmək istədim, qızlarla xudahafizləşdim. Bu vaxt gördüm ki, Xəlil Rza da yuxarı qalxmağa yol axtarır. Ortadan, pilləkanlarla qalxmaq mümkün deyildi, ona görə adamları birtəhər yara-yara qırağa çıxdıq, yuxarı tərəfdən hərlənib keçdik. İki cərgə milis dəstəsi qabağımızı kəsmişdi. Nə isə, Xəlil bəyin şairliyi, mənim alimliyim dada çatdı, içəri girə bildik. Binanın içərisindən Bəxtiyar Vahabzadə çıxıb dedi ki, gəlin 500 nəfər nümayəndə seçək, öz tələblərimizi içəridə deyək. On-on beş dəqiqəlik müzakirədən sonra razılaşıldı. Bu vaxt Ali Sovetin qarşısın-dakı binaya aid meydançaya axın başladı, iki-üç dəqiqəyə bura tamam doldu, heç bir milis onların qarşısını kəsə bilmədi. Nümayəndələr yavaş-yavaş içəri girdilər. Mən də qapıya yaxınlaşdıqda milislərsaxlamaq istəyəndə artıq qapıdan keçməkdə olan Xəlil Rza görüb dedi ki, yoldaş alimdir, onu buraxın. Mən də keçdim.
İclas zalına girəndə 6-ya 23 dəqiqə işləmişdi. Gördüm ki, Firidun Cəlilov da buradadır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” yazılmış yerdə, ortada ikinci sırada onunla yanaşı oturdum. Bir kişi mikrofonu yoxlayırdı, işləyib-işləmədiyini bilmək üçün “raz”, “dva”, “raz”, “dva” edirdi. Bu vaxt universitetin filologiya fakültə-sinin qiyabi dekanlığında işləyən şəkili Aydın ona yaxınlaşıb bərkdən: “raz”, “dva” yox - “bir”, “iki!” dedi. Onun sözünə hamı əl çaldı. Kişi özünü itirdi. Sonra o da gülməyə başladı və o biri mikrofonları yoxlayanda “bir”, “iki” deyib Aydının üzünə baxdı. Ümumiyyətlə, bu günlər, bu anlar rusca deyilən hər bir yersiz söz adamların əsəblərini cırmaqlayırdı və cırmaqlamaqdadır.
Zalda rəyasət hey ətinin oturağının lap arxasında Lenin büstünün yanında üç nəfər: İnşaat Mühəndisləri İnstitutunun tələbəsi Eldar Zeynalov, ADU-nun I kurs tələbəsi Rəfiqə Bəyalıyeva və7 yaşlı Adilə əsədova Azərbaycanın bayrağını əllərində saxlayıb (üçü də yapışıb). Onların göydə qalan əllərindəki qüvvətə və üzlərində cüzi yorğunluq əlamətinin yoxluğuna adam heyran olur.
Bayraq (Azərb. SSR-in oraq-çəkicli, göy zolaqlı qırmızı bayrağı nəzərdə tutulur – B. T.) - Vətənin, xalqın birliyinin rəmzinə çevrilmiş bu adi qumaş parçası heç vaxt fikir vermədiyimiz dərəcədə müqəddəsləşib. Gənclərimizin bu qeyrət rəmzinə vurğunluğunu görəndə istər-istəməz ürəyin dağa dönür. Çox sevinirəm ki, xalq belə ayılıb, özünü duymağa, sevməyə, ən başlıcası isə bu sevgini göstərməyə başlayıb. Doğrudur, biz Dağlıq Qarabağda ayaqlar altında qalan, daşnak çəkmələri altında tapdanan bayraqlarımızı o vaxt murdar əllərin çirkindən təmizləyə bilmədik, ancaq bugünkü yığıncağın odu paklıq yaratdı - axı od murdarı təmizləyir!
Bir azdan sonra başa düşdük ki, respublika bayrağının Ali Sovetdə saxlanması o qədər də yaxşı iş deyilmiş. Belə ki, 7-yə 15 dəqiqə işləmiş (salon dolandan sonra) Süleyman Tatlıyev, Ramiz Mehdiyev, Telman Orucov (MK katibi), Fuad Musayev (BK-nın I katibi), İlyas İsmayılov (respublika prokuroru), Məhəmməd Əsədov (MK inzibati orqanlar şö bəsinin müdiri), BəxtiyarVahabzadə və Naim Fətəliyev (Ali Sovet Rəyasət Hey əti sədrinin birinci müavini) içəri girdilər. Naim Fətəliyev bayraqdar uşaqların yanına gedib onlara əyləşməyi tapşırdı... Bayrağı saxlayanlar oturdusa da, bayraq dik saxlandı.
Adı çəkilənlər içəri girəndə Bəxtiyar müəllimin görünməsi ilə alqış səsləri başlandı. Bu vaxt Tatlıyev mikrofon qarşısında ayaq üstə durmuşdu. Bəxtiyar müəllim də yerinə çatıb oturdu. Camaat isə çəpiyi kəsmədi və ayağa durub onu alqışlamağa başladı. Tatlıyev elə bildi ki, ona əl çalırlar, yaxşı ki, tezliklə səhvini anladı. Bəxtiyar müəllim ayağa qalxıb minnətdarlığını bildirəndən sonra hamı əyləşdi və yığıncaq başlandı.
16 may 1988.(Ardı)
18. 15.
S. Tatlıyev: Kimin nə sualı var, desin. Büro üzvləri də MK-da gözləyirlər. Qərar çıxarıb həll edəcəyik. Görün Ermənistanda necə planlı iş aparıblar (Salonda səs-küy). Belə olsa sizinlə danışığı kəsəcəyik. Ne ujeli (Yəni doğrudanı – B. T.) siz başa düşmürsünüz ki, sizin kimi biz də respublikanın qayğısına qalırıq?! Suallar verin, 1 dəqiqədən artıq olmasın.
Do'stlaringiz bilan baham: |