X əsr. Abşeronda artıq 10-12 m dərinliyində neft quyuları qazılır.
942 -ci il. Bakıda olmuş ərəb səyyahı Əbu Dulaf yazır: “ Mən Böyük dəniz Tabaristanın (Xəzər dənizinin) ağacları altında Şirvan vilayətinə məxsus olan Bakuya deyilən yerə çatanacan səksən fərsah ( 1 f- 6,5 km) yol getdim. Orada neft mənbəyi tapdım.
XI əsr. Əl-Biruni Bakı haqqında çox qısa söyləyir: “Bakı – ağ neftin mədənidir”.
1131 -ci il. Xəzər dənizinin cənub qərb sahilini səyahət etmiş ərəb səyyahı Əbu Həmid əl-Əndalusi əl-Harnati Abşeronun və Bakı yaxınlığında Xəzər dənizində yerləşən adanın neft verən torpaqlarını bu cür təsvir edir: “Orada kömür kimi qara ada var, ondan acı, pis qoxulu su axır; və bu su ilə birlikdə əla, sarı misə oxşayan dördbucaqlı daşlar çıxır. Insanlar onları tərəzi daşı kimi istifadə etmək üçün götürür. Bu adanın əks tərəfində isə dənizin yaxınlığında kömür kimi qara torpaq var, orada ot bitir, müxtəlif heyvanlar yaşayır. Həmin qara torpaqdan bitum və həm qara, həm də ağ neft çıxır. Bu torpaq Şirvan əyalətində Bakının yaxınlığında yerləşir”.
XIII əsr. Apşeronu ziyarət edən ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl- Həmdani öz kitabında Balaxanıda neftin kankan üsulu ilə quyudan istehsalını qeyd etmişdi. O, həmçinin Abşeronda neft emalının hələ XII əsrin əvvəllərində mövcud olduğunu təsdiq etmiş, Bakı neftinin təqtir (destillə) edilməsini qələmə almışdır.
XIII əsr. Abşeron yarımadasında neft çıxarılması haqqında iran və ərəb müəlliflərinin əsərlərində məlumatlar var. Onlardan birində qeyd olunur: “Bakı – Şirvan əyalətində dəniz sahilində şəhərdir. Onun torpağı bütün gecəni alovlanır: onun üstünə qazan qoyurlar və su o torpağın üstündə qaynayır. Onun (Bakının) malları qara,ağ, yaşıl rəngdə neft və bir də duzdur.
1272 -ci il. Çinə səfər edən (Böyük İpək Yolu adlanan marşrutla) italiyalı Marko Polo Xəzərdə Bakı ş. ətrafında qızğın yağlı maye ticarətini, yerli sakinlərin torpaqdan sızan nefti yığdiqlarını qeyd etmişdi. Təxminən bu vaxt neft ticarətinin əsası qoyulmuşdu. Onun öz sərgüzəştləri barədə o dövr üçün dəqiq və həqiqətə uyğun hekayələri («Le livre de Marko Polo») 1865-ci ildə Parisdə dərc olunmuşdur.
1320 -ci il. Azərbaycan və İran ərazisindən keçən Fransalı missioner rahib Jurden Katalani de Severak Bakıda quyulardan neft çıxarıldığı barədə məlumat vermişdir.. O yazır: “ Bakı adlanan bir yerdə quyular qazmışlar, bu quyulardan “nаftа” adlı yağ çıxarırlar”.
1339 -cu il. Həmdullah Qəzvini “Nüzhəti-kulub” kitabında qeyd edir ki: “Neftin nəhəng yataqları Bakıdadır. Orada yer var ki, quyu qazırlar ki, neft üzə çıxsın... və onu həmin mənbələrdən çixarırlar”.
1466 -cı il. Rusiyalı səyyah-tacir Afanasiy Nikitin Hindistana səyahət edərkən, yolüstü Suraxanıda olmuş, monastir həyətində (çox ehtimal ki, o Atəşgahı belə adlandırmışdır) əsrlərlə yanan, sönməyən “ilahi” mavi odların yandığını görmüşdür.
Do'stlaringiz bilan baham: |