ƏLƏSGƏRLƏ ŞƏYİRDİ MİKAYIL
Mikayıl Dədə Ələsgərin şəyirtdərinnən biri olub. Götürmək qabiliyyəti bir az zəyif oluf. Mikayıla örgədillər ki, on iki ildi Ələsgərə şəyirtdik eliyirsən. Sən də Ələgər kimi bir aşıqsan, get özünə çörək qazan. Nə vaxda qədər sən bu kişiyə qulluğ eliyəssən. Bu da bunun ağlına batır. Bir gün deyir, Ələsgər əmi. Deyir, bəli. Deyir, Ələsgər əmi, mənə xeyir-dua ver, mən gedəsi oldum. Deyir, oğul, niyə? Deyir ki, baxıram ki, yetginnəşmişəm, mən də bir aşığam. Deyir, ay oğul, hələ yarımçıx da döyülsən. Gəl getmə. Deyir, yox ey, gedəjəm. Mikayıla bir saz da bağışdıyır. Deyir, oğul, get, amma sənnən bir xayişim var. Deyir, buyur. Deyir, getdiyin məclislərdə demə Ələsgərin şəyirdiyəm (çünki Ələsgər Mikayılın yükünü bilirdi). Deyir ki, baş üsdə.
Nəysə, Mikayıl sazı götürür çıxır gedir. Bir müddət aradan keçir. Bir kəntdən keçəndə baxır ki, toy səsi gəlir. Dönür toya. Görür bir saz aşığı meydan suluyur. Ataların bir sözü var. Deyir, qonax qonağ isdəməz, ev yiyəsi hər ikisin. Aşıx da heylə olub. Aşığ aşığı görəndə mütləq meydana çağırmalıydı. Mikayıl məclisə gəlir. Buna söz verillər. Çalıb oxuyur. Aşıx baxır ki, barmax, mizrab xam vurur, boğaz xam vurur. Özü də baxır Mikayıl bir az yekə gedir, ustaddarın yerişini yerimək isdiyir. Baxır ki, bunda alınan söhbət döylü. Bunu çəkir meydana. Deyir, kimin şəyirdisən? Deyir, özüm örgənmişəm. Çox çalışır, demir. Orda Xəsdə Qasımın dəyirman hakqında deyilmiş açılmıyan qıfılbəndin Mikayıla deyir. Mikayıl qalır çar-naçar. O vaxdı da qanun beləydi ki, bağlandınsa, sazını verməlisən. Mikayıl məjbur sazın verir, atın minir tərpənir Ağkilsəyə Dədə Ələsgərin hüzuruna. Uzaxdan Dədə Ələsgər baxır ki, Mikayıl gəlir, amma saz yoxdu belində. Qardaşı Musaya deyir ki, Mikayılın deyəsən yal quyruğunu qırxıb göndəriflər üsdümüzə. Mikayıl gəlif çıxır başaşağı. Ə, Mikayıl, oğul, sazın hanı? Dinmir. Ay oğul, danış. Deyir, hal-nağıl belə-belə. Ə, sözdər yadındadı? Deyir, yadımdadı. Sözdəri deyir. Ələsgər oğlu Bəşirə deyir ki, ay Bəşir bala, o sazı ordan gətir bura. Bəşir sazı gətirir, Ələsgər sazı köklüyür. Müxəmməs üsdündə deyilmiş qıfılbəntdi, Dədə Ələsgər də müxəmməs üsdündə onu açır. Deyir:
Gələndə usdad kəlamı köhnə yaram qan verir,
Mocə gəlir bəhri-çeşmim qətrey- baran verir.
Danəni torpağ içində göyərdir kani kərəm,
Bir cüt mələk müqərrardı, bizdərə ərzan verir.
Şirdanından dən gəlmiyəndə düşür qeyri hala,
Dəhanından atəş qalxır, ah çəkib eylər nala.
Qəzəbinnən ləngər verir gah qabağa, gah dala,
Dut qalxdıxca ləngər verir, asiman verir.
Gəl biçarə Ələsgər, dərsi kimnən almısan,
Nahax yerdən saz götürüf xalqa qovğa salmısan,
Üç kəlmə sözdən ötrü sən ki məhətdəl qalmısan,
Nahaxdı İran tatdarı Mikayıla dövran verir.
QARA KƏRİM
Kərim Şahüseyn oğlu XIX əsrin birinci yarısında Zəngəzur qəzasının Çıraqlı kəndində yaşamışdır. Anadan olduğu və öldüyü tarix dəqiq bəlli deyildir. Kərimin atası Şahüseyn cavankən vəfat etmiş, arvadı Fatma oğlu Kərimi başqalarına cəhrə əyirib yun daramaq və gəbə toxumaqla böyütmüşdür. Kərim böyüyəndən sonra bəyə nökər olmuşdur. Nökər haqqına aldığı qara cöngəni hampaların kotanına qoşub özü də hodaqlıq etmişdir. Kərim savadsız olduğu halda sinədən şeir deyərmiş. Hətta müasirləri Kərim ilə Başxanım arasında olmuş əhvalatlar əsasında “Qara Kərim” adlı rəvayət yaratmışlar.
Do'stlaringiz bilan baham: |