NÖVRƏS İMAN
Atam söhbət eliyirdi. Atamın əsas sənəti dərziydi, hər şeyi bilən adamıydı. Özünün yaxşı saz çalmağı vardı. O söhbət eliyirdi ki, Növrəs İman Bərdə rayonunun Mustafaağalı kəndinə gəlib çıxır. Orda özü söhbət eliyəndə atamın yadında qalıb. Növrəs İman özü danışırmış ki, bir gün Göyçə mahalının qonşu Ağkilsə kəndinnən Dədə Ələsgərin oğlu Talıbı qonşu kəndə toya çağırıllar. Talıb gedir toya. Görür ki, toyu çalan Dədə Ələsgərin şəyirdi Aşığ Əsətdi. Bir az oturur qulağ asır. Baxır ki, Əsəd Ələsgərin sözlərini oxuyur öz adına bağlıyır. Doğurdan, kim olsa, qəlbinə dəyər. On iki il, on dörd il bir sənətkarın çörəyini ye, çörək qazanmağ üçün onnan sənət örgən, axırda da belə naxələflik eylə. Talıb qalxır deyir ki, Əsəd əmi, nə tez unutdun duz-çörəyi? Aşığ Əsəd də deyir ki, sən hələ cavansan, otur aşağı. O vaxdı Ələsgər deyirdilər, indi Əsəd deyillər. Talıb çox pəjmürdə halda qayıdır öz kəntdərinə. Bunun əmisi uşağı, qardaşı, qohum-əqraba baxır ki, Talıb çox pəjmürdədi. Soruşullar ki, Talıb, toydan gələn bu vəzyətdə olmaz. Nolub, niyə beləsən? Düşüllər üsdünə. Deyir, mənim dərdimə əncam eyləsə Kəlbəcərri Qurban eyliyər, bir də Aşıx Hüseyin Cavan. Növrəs İman bunnan soruşur ki, dərdini de, əmoğluyuğ, öldürmə məni. Deyir, hal-qəzyə belə-belə. Əsəd atamın sözdərini oxuyur öz adına bağlıyır, mən də belə dedim, mana da nalayiq cavab verdi. İman cürə sazı götürür, atı minir həmin kəndə gedir Əsədin dalınca. Əsədə də xəbər verillər ki, evin yıxılsın, İman gəlir. Əsəd toyu yarımçıx qoyub aradan çıxır. İman gəlir ki, Əsəd qaçıb. Bunu tutullar ki, sən aşığımızı qaçırmısan, gəl toyumuzu yola ver, sora hara gedirsən get. İman məjburdu, toyu yola verir, səhərisi gəlir Gəncə şəhərinə dəmiryol vağzalına. Əsəd o vaxdı tanınan aşıxlardan olub. Aşığ Əsədi kassirdən soruşur. Kassir deyir, dünən gejə Tiflis poyuzuynan getdi. İman da bilet alır, gəlir Tiflisə. Səhər-səhər Tiflisdə düşür, ora-bura fırranır, baxır bir çayxana var. Gedir çayxanaya. Baxır ki, bir saz asılıb çayxanadan. Sazını burdan asanda çayxananı işdədən oğlan gəlir ki, qardaş, onu ordan asma. İman deyir ki, niyə? O da çəkil ağacınnandı, bu da. Birinin böyük, birinin balaja olmağının nə mənası var? Bir-birini yemiyəjək a. Deyir, mən sözümü dedim, mənnən incimə.
Nəysə, oturuf çay içəndə Aşıx Sadıx gəlir. – “Saz kimindi?” Heş kim dillənmir. Çayxananı işdədən oğlan deyir ki, Sadıx əmi, o cavan oğlanındı o saz. – “Ə, sənindi saz?” Deyir: – “Bəli, mənimdi”. Deyir: – “Bunu burdan niyə asmısan?” Deyir: – “Ay əmi, ikisi də çəkil ağajınnan düzəlib, bir-birinin ətini yemir a, durub orda”. Deyir: – “Yox, onu ordan asmısansa, məni meydana çağırırsan. Sazını götür çıxax meydana”.
Nəysə, İman sazını götürür çıxır ortaya. Sadıx da sazını götürür. Yaşda böyük olduğuna görə Sadıx düşür qabağa. Xəsdə Qasımın açılmayan qıfılbəntdərini Növrəs İmana deyir. Növrəs İman çönür ki, qırmızı ayəynən divara cavabı yazılıf. Nörəst İman özü də savadsız adam olub, heç bir mədrəsə bitirmiyib. Amma o devrdə sovet sədri işdiyirmiş. Aşıx Sadıx dedikcə İman açır. Oturannar deyir ki, icazə ver bu kişi də bir söz desin. Sadıx arada soruşur ki, qardaş oğlu, birdən Göyçə mahalınnan olarsan, dosdum Ələsgərin törəməsinnən olarsan? İman boynuna almır. Nəhayət, İman boynuna alır ki, mən Ələsgərin qardaşı Musanın oğluyam. Sadıx qolunu salır bunun boynuna ki, gedəjeyik bizə. Bu gejə mənim qonağımsan.
Aşıx Sadıx İmanı götürür gətirir öz evlərinə. Oturuflar, bir az ordan-burdan söhbət eliyillər. Sadığın ayləsi də yemək hazırrıyırmış. Sadıx arada qalxır gedir ayləsinə nəsə tapşırır. Yemək ortaya gələndə İmana agah olur ki, yeməkdə nəsə var. Çönür deyir ki, ay xala, o cürə sazı ver mana. Sinəmə üç xana söz gəlib, onnarı deyim. Sadıx deyir, qardaşoğlu, çörəyimizi yeyək, gejəni əlimizdən almıyıflar a, səhərə qədər birin sən de, birin mən. Deyir, yox ey, sinəm çatdıyır, qoy deyim sora. Özü qalxır sazı götürür, belə bir qoşma deyir:
Hamı xəlq olundu bir qətrə sudan,
Hər ötən gədəyə xan demək olmaz.
Yatıb yuxudadı, qalxmaz yuxudan,
Nəlayiq insana can demək olmaz.
Ömür xoş keçirsə, başın tacıdı,
Taleh bəd gətirsə, bəxt qıyqacıdı,
Bir tənə söz zəhrimardan acıdı,
Namərd süfrəsində nan yemək olmaz.
Növrəs İman Əsədi tapmır. Özünün dediyinə görə, gəlir Gəncədə Şeyx Sənan kümbəzinə girir. Deyir, ora girdim ki, Quranın yazılışında səyf var, mən Quranı təzədən yazajam. Orda ağalar ağası mana bir şillə vurdu, hələ də onun əzabın, əzyətin çəkirəm. Onnan sora İman havalanır.
Do'stlaringiz bilan baham: |