NADİR ŞAH VƏ SULDUZLU AŞIQ BƏHMƏN
Nadir Şah Şərur mahalında müharibə eliyirdi. Aran zəmidə də Nadir Şahın dööləti, malı, dəvələri qalır. Aran zəmidə Qarabeygir adında bir atı qalır. Nadir şah da elan eliyif ki, kim Qarabeygir atın ölüm xəbərini mana versə, onu asdırajam. Sulduzdu Aşıx Bəhmən gedir çıxır bunun Aran zəmisinə. Malı-dööləti, dəvələri, qoyunu, atı. Gedir çıxır, baxır ki, camahat çox pis vəzyətdədi, elə bil ölüsü düşüf camahatın. Deyir, ayə, niyə belə oluf? Deyillər, Nadir şahın malı-dööləti, qoyunu, dəvələri hamısı qırıldı, Qarabeygir də öldü. Hamımızı dar ağacınnan asdırajax. Deyir, indi ki belədi, mən gedim oraya, Nadir şaha deyim, Qarabeygir öldü. Qoy məni öldürsün, bu camahata dəyməsin. Camahat da razılaşır.
Gedir çıxır Şərura. Şərura o vaxdı çatır ki, Nadir şah qalib gəlif torpağı alıf. Nadir şah görür ki, bir aşıx çiynində saz gəlir. Deyir, çağırın bura, aşıxlar gəzəyən olur, görüm mənim aran zəmimdən nə xəbər var. Aşığı çağırıllar Nadir şahın hüzuruna. Nadir Şah deyir:
– Aşıx, siz gəzəyən olursuz. Bir mənə deynən görüm aran zəmidə vəzyət necədi?
Bu da aran zəmiyə gedif toxunuf, vəzyəti bilir nətərdi. Deyir:
– Şahım, nolar, nətər lazımdı sənə deyərəm.
Aşıx deyir:
Başına döndüyüm ədalət şahım,
Aran zəmi bu il çox qar olufdu.
Qar suyu işməhdən qırılır uşax
Çay çeşmələr donuf mismar olufdu.
– Ayə, nə pis xəbər verdin, ə. Ə, – deyir, – mən ora yonca əkdirmişdim. Nə danışırsan? Bəs o yonca nətər oldu?
Aşıq deyir:
– Düz deyirsən, əkdirmişdin.
Yoncanı əkdirdin dəvə boyunca,
Dəvələr yemədi qarnı doyunca,
Əlim qabar oldu gönün soyunca,
Nər mayalar çöldə beman olufdu.
Deyir:
– Sən öl, bu çox pis başdadı, ə. Bu belə başdıyıf, gələgör deyə ki, Qarabeygir də ölüf.
Deyir:
– Şah, başına dönüm, sən elan eləmisən ki, Qarabeygirin ölüm xəbərin kim gətirsə, başın kəsdirəjəm. Onun ölüm xəbərin özün dedin. Aşıx deyir ki,
Odu ki, deyirsən atnan qatır,
Birisi şilədi45, birisi qotur.
Gördüyün köhlənnər yan-yana yatır,
Qarabeygir damda mundar olufdu.
Nadir şah qoşun sərkərdəsinə deyir ki, bunun boynun vur. Sərkərdə deyir:
– Şah, aşıx gördüyünü çağırar. Bu gedif aran zəmini gəzif, nəyi görüfsə, onu deyir. Niyə boynun vurdurursan? Şəruru ki almışıx, hər şey düzələr. At da əmələ gəlejeh, qoyun da, mal da.
Aşıx deyir:
Yarəb, varmı bu işdərin əncamı,
Bu ağır müşgülün tapıldı çəmi.
Sulduzdu Bəmənəm, çəkmərəm qəmi,
Gözəl şahım bizə pasiban46 olufdu.
Şah deyir:
– Səni buraxajam gedəjəhsən, arxayın ol. Deyir, məni istəyən buna xələt.
Aşığın kisəsini doldurullar. Aşığ ordan yola düşür, gəlir çıxır aran zəmiyə. Aran zəmi Qarabağ mahalındadı. Deyillər, əyə, Sulduzdu Bəhmən, de görək noldu? Deyir, sən öl, tam arxayın olun. Qarabeygirin ölüm xəbərin də dedim, heç birinizə ölüm yoxdu. Bax, bu da onun mana verdiyi xələt. Camahat da deyir, əhsən ki sən bizi bu zülümdən xilas elədin.
Do'stlaringiz bilan baham: |