Türk oğlu sözündən dönməz,
Məhv olur da, sürüklənməz!
Hüseyn Cavid
İlk yaradıcılığa kiçik yaşlarından, mollaxanada təhsil aldığı illərdən başlayan, sonra "Gülçin", "Arif", "Salik" təxəllüsləri ilə şeir yazmağa başlayan Hüseyn, daha sonra "Cavid" təxəllüsünü işlətmiş və ədəbi ictimaiyyətdə "Hüseyn Cavid" kimi tanınmışdır.
Hüseyn Cavid hələ 1898-1903-cü illərdə Təbrizdə "Talibiyyə" mədrəsəsində təhsil alarkən, oradakı "Nasiri", "İzzət", "İttila" qəzetləri ilə, Urmiyada olduğu 1903-1904-cü illərdə Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu "Şərqi-Rus" qəzeti ilə əməkdaşlıq etmiş və bu qəzetdə iki məqalə dərc etdirmişdir.
Hüseyn Cavidin yaradıcılığı və dünyagörüşünün formalaşması və təkmilləşməsində İstanbul mühitinin, xüsusilə "şair bütün varlığın ahəng və mənasını sezən ruh olmalıdır" - deyən müəllimi Rza Tofiqin, Tofiq Fikrətin və Əbdülhəqq Hamidin güclü təsiri olmuşdur. Rza Tofiq Hüseyn Cavidin Qərb, xüsusən "bütün dinləri "İnsanlıq dini"nə keçid üçün bir hazırlıq mərhələsi" adlandıraraq, yeni bir din təklif edən Oqüst Konun və "üstinsan" nəzəriyyəsinin tərəfdarı Nitsşenin fəlsəfəsinə, təsəvvüf fəlsəfəsinin "Kamil İnsan" nəzəriyyəsinə yüksəlməsində xüsusi rol oynamışdır. İstanbulda olduğu dövrdə daha çox Türk ədəbiyyatı, tarixi və mədəniyyətini sistemli şəkildə öyrənən Hüseyn Cavid, "İstiqlal şairi" Mehmet Akifin redaktorluğu ilə çap olunan "Sirati-müstəqim" dərgisində "Yadi-mazi", "Son bahar", "Elmi-bəşər" kimi şeirlər çap etdirmişdi.
1910-cu ildə Naxçıvana, üç aydan sonra Bakıya, 1912-ci ildə Gəncəyə gələn Hüseyn Cavid "Həqiqət" qəzetində yazılar dərc etdirmiş, Gəncədə "Maral" faciəsini yazaraq, "İqbal" qəzetinin may-iyun tarixli saylarında çap etdirmişdi. 1912-ci ilin avqustundan Tiflisə gələn Cavid 1914-cü ilə qədər burada yaşamış, "İqbal" qəzetində müxtəlif mövzularda məqalələr çap etdirmiş, ilk kitabları - "Ana", "Keçmiş günlər", "Şeyx Sənan türbəsi önündə" və s. də burada yazmış və çap etdirmişdi.
1915-ci ildə yenidən Bakıya qayıdan şair, 1918-ci il mart qırğınına qədər burada yaşamış, "Şeyx Sənan", "Şeyda" və "İblis" əsərlərini bu illərdə yazıb nəşr etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavid "Qurtuluş" və "Yaşıl qələmlər" məcmuələrində müxtəlif mövzularda yazılar dərc etdirmiş, Abdulla Şaiqlə birgə "Qəvaidi-ədəbiyyat" adlı dərs kitabı yazıb nəşr etdirmişdi.
Hüseyn Cavid yaradıcılığının ən məhsuldar dövrü 1917-1937-ci illər olmuşdur. Ümumiyyətlə XX əsr Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə bağlıdır. O, Azərbaycan dramatik poeziyasında güclü bir faciə ustadı, mənzum və romantik dramın yaradıcısı kimi şərəfli bir yer tutur. Dram yaradıcılığına 1910-cu ildə yazdığı "Ana" əsəri ilə başlayan dramaturq 1912-1937-ci illərdə "Maral", "Şeyx Sənan", "Şeyda" və "İblis", "Uçurum", "Afət", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam" kimi əsərlər yazıb nəşr etdirmişdir. Nəşr etdirmədiyi və bu günə kimi əldə olmayan, 1937-ci ildə NKVD tərəfindən müsadirə olunan "İblisin ilhamı", "Çingiz", "Atilla", "Telli saz" və "Şəhla" əsərlərini, "Keçmiş günlər", "Bahar şəbnəmləri" və "Azər" poemasını da buraya əlavə etsək belə bir qənaətə gələrik ki, Hüseyn Cavid atasının ona verdiyi "Hüseyn" adı ilə böyüyüb "Cavid", yəni "Əbədi" yaşar oldu. Yaradıcılığa şeirlə başlayan Hüseyn Cavid, lirik-fəlsəfi yaradıcılığını həyatı boyu davam etdirmiş, şeirlərində romantika ilə realizmi heyrətamiz şəkildə vəhdətdə verə bilmişdir. Onun şeirlərində dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq vardır. O gələcəkdə dram əsərlərində həll edəcəyi bir çox problemlərin "eskizlərini" şeirlərində cızmışdır.
Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı "Hərb və fəlakət" şeiri bir manifesti xatırladır. Bu şeirində mütəfəkkir millətinə:
"...Bir zamanlar şərəfli Turanın
Qəhrəman, bərgüzidə övladı,
Türklərin adlı-sanlı əcdadı,
Saldırıb, titrədirdi yer yüzünü,
Hökm edər, dinlətirdi hər sözünü,
Nə zaman kişnəsəydi Türkün atı,
Qırılırdı bir ölkənin qanadı.
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün,
Diz çökərlərdi Türkə qarşı bütün.
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər... Dəyişdi zaman.
Şaşırıb, durma böylə... Bir aydın
İdeal arxasınca qoş, çırpın!
Səni qurtarsa, qurtarar Birlik,
Çünki birlikdədir, fəqət Dirilik" -
deyə, səslənirdi (Hüseyn Cavid, əsərləri, I cild, Bakı 2005, səh 52-53-54).
Hüseyn Cavidin "Türk Birliyi" ideyasının əsasını Türklərin dil və din birliyi təşkil edirdi. "Türk Birliyi" ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışan Cavid də digər Türkçülər kimi Türklərin dil birliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyn Cavidi "Turan ədəbi dili"nin banilərindən saymaq olar.
Mütəfəkkirin dil məsələsinə belə önəm verməsi heç də təsadüfi deyildi. Bunu nəzərə alan Cavid tədqiqatçıları xüsusi olaraq qeyd edirlər ki:"Cavid... ortaq ədəbi Türkcənin qurucularından və dahi xadimlərindən biridir...Cavidin fəlsəfəsi əslində onun dil siyasətinin fəlsəfəsidir. Çünki Cavid bilirdi ki, İttihad (Birlik - A.M), ən əvvəl dildən başlana bilər... Cavidin dili onun sistemli dünyagörüşünün, məfkurəsinin dilidir. Yəni, bu ədəbi dil Turançı bir dildir... Bu dilin romantik və ədəbi mahiyyətindən daha qabarıq siyasi-məfkurəvi bir mahiyyəti vardır" (Seçmələr bizimdir - A.M. Bax: Azər Turan, Hüseyn Cavid, Bakı 2007, səh 9, 226-227).
Hüseyn Cavid gözəl bilirdi ki, dil millətin fikirlərini, niyyətlərini və işlərini birləşdirən əsas amildir. Ona görə də əsərlərində Azərbaycan ədəbi Türkcəsi ilə Türkiyə ədəbi Türkcəsini yaxınlaşdırmağa çalışan Cavid demək olar ki, bu məqsədinə ulaşmış, bu iki Türkcə arasında körpü yaradaraq, bu şivələr arasındakı məsafəni daraltmışdı. ABŞ-da yaşayan Azərbaycanlı mühacir Müstafa Haqqı Türkəqul Bəyin yazdığı kimi: "Cavidin işlətdiyi Türkcə olduqca dadlı və işlənmiş gözəl bir Türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə və Türküstan və s. Türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın, onun Türkcəsindən zövq almasın" (Bax: Mustafa Haqqı Türkəqul, Azərbaycan Türk şairi Hüseyn Cavid, Bakı 2002, səh 51).
Hələ XX əsrin 20-ci illərində Şura hökumətinin Cavidə müsbət münasibət bəslədiyi dövrlərdə Cəfər Cabbarlı da Cavidin dili haqqında danışarkən göstərmişdir ki:"Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkamül özülü ola biləcəkdir zəminindəyik... Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi ərəbləşmiş Fikrət (Tofiq Fikrət - A.M) və Hamid (Əbdülhəqq Hamid - A.M) lisanlarını da meydandan sıxıb çıxaracaqdır" (Bax: Cəfər Cabbarlı, Ədirnə fəthi, Bakı 1996, səh 184).
Cavidə görə, Türk dili, Türk tarixi, Türk ədəbiyyatı və Türk mədəniyyəti yalnız konkret bir ərazidə yaşayan Türk xalqının malı deyil, bütün Türklər bir millət olduğu üçün bütün bunlar da vahid bir millətin ortaq dəyərləridir. Hüseyn Cavid milli idleologiyanın bu müəzzəm qüdrətinə inanaraq, Türkün tarixi şərəfini özünə qaytarmağa çalışmış və:
"Türk oğlu sözündən dönməz,
Məhv olur da sürüklənməz.
Həp yüksəlmək dilər, enməz!
Çarpışır, yaşar!" (Hüseyn Cavid, əsərləri, III cild, Bakı 2005, səh 57) - deyərək, həyatını bu yolda qurban vermiş, əqidə şəhidi olmuşdur.
Mütəfəkkir vahid Turan düşüncəsinin əsasını dünyadakı Türklərin dil, ədəbiyyat və mədəniyyət birliyində görürdü. Çünki artıq Turan parçalanaraq, ayrı-ayrı dövlətlərin nüfuz dairəsinə düşmüş, Vahid Türk milləti ayrı-ayrı adlandırılmağa başlamışdı. Artıq "qılınc dövrü" bitmiş, yeni bir çağ başlamışdır. Şair:
"Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət"
- deyəndə, məhz Türkün dilinin, ədəbiyyatının, mədəniyyətinin birləşdirici gücünü ön plana çəkməklə Turan məfkurəsinin bu yolla gerçəkləşməsini gələcək nəsillərə tövsiyyə edirdi.
Hüseyn Cavid sözün həqiqi anlamında bir Turançı idi. Mütəfəkkir Turançılıq məfkurəsini bütün tarixi yönləri ilə əsərlərində nəzərə çatdırmaqla, əslində bu ali məfkurənin gec-tez həyata keçəcəyinə bütün varlığı ilə inanırdı. Zatən inanmasaydı, heç bu yolda şəhid də olmazdı. Türkün şanlı tarixini bir qürur qaynağı sayan, müəzzəm imperatorluqlar quran böyük bir millətin şairi olduğunu bilən Cavid, Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklərinə anlatmağa çalışmışdır:
"Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
Altay dağı, Makan çölü, həm də Yasın ovası,
Birər aydın səhifədir, hər Türk gərək anlasın.
Südü təmiz, əsil oğlu bilməzmi ki, əcdadı,
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər?
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuk qurur, çiçək açmaz, bar verməz.
Bakın, görün, tariximiz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
...Əvət arslan yavrularım, Türk Eli həp şanlıdır,
Almas gibi ləkəsizdir, sakın, qafil olmayın"!
Mütəfəkkirin əsərlərinin əksəriyyətində hadisələr Türk -Turan dünyasında cərəyan edir. Onun qəhrəmanları da tarixdən seçilmiş Türk oğul və qızlarıdır. Əfrasiyab, Səyavuş, Atilla, Alp Arslan, Məlikşah, Çingizxan, Teymur, İldırım Bəyazid, Elxan, Orxan, Ərtoğrul, Yavuz, İlcan, Özdəmir, Xandəmir, Sabutay, Qaratay, Oqtay, Ağbuğa, Dəmirqaya, Qaraquş, Qaplan, Qorxmaz, Alagöz, Altunsaç, Almas və s. birər Türkdürlər.
"Səyavuş" əsəri ilə ən qədim Türk tarixinə istinad edən Cavid, Türk dünyasının ideal və dastanlaşmış bir şəxsiyyəti olan Turan hökmdarı Əfrasiyabdan (Alp Ər Tonqadan) təsadüfi olaraq bəhs etməmişdir. Mütəfəkkir Azərbaycanda Türkçülüyün süquta uğradığı, Turan dünyasının üç böyük imperatorluq tərəfindən siyasi və coğrafi baxımdan parça-parça olduğu, "Azərbaycanda iman, din və milliyyət duyğusunun qəzaya uğradıldığı, sosializmin "tam və qəti qələbə" çaldığı (Azər Turan) bir dövrdə digər Türk dünyası ilə bağlı mövzulara müraciət etməklə, milli yaddaşın yenidən oyanması naminə böyük bir imperatorluğa qarşı savaşa çıxmışdı. Dramaturqun "Səyavuşu" anası Turanlı olduğu üçün südü təmiz, alnı açıqdır. Onun ana yurdu yalçın qayalarda qartal yuvası olan Turan ovasıdır. Turanın hər yerində ona hörmət bəslənir, adı Altay dağlarında səslənir" (Hüseyn Cavid, əsərləri, IV cild, Bakı 2005, səh 164, 193 və s.).
İrfani və milli məqamları vəhdətdə görən Cavidin Şeyx Sənanı da digər qədim ərəb Şeyx Sənanlarından fərqli olaraq Türkdür. O, Turanda doğulub, sonra bir müddət İranda yaşadıqdan sonra Ərəbistana gəlib, orada irfan və fəzilət sahibi olmuş və yenidən Turana qayıdıb sonra İrana gedərək orada irşad yapacaqdı. Lakin Şeyx Sənan Qafqazda "Kür çayının Kür taleli Türklərin vətəni Tiflis civarında dayanmış və burada onun ilk təmasda olduğu Oğuz və Özdəmir də Türkdür" (Bax: Hüseyn Cavid, Şeyx Sənan).
Hər sözü, hər ifadəsi, hər şeiri, hər bir dram əsəri ilə Türkün yaddaşına istinad edən mütəfəkkir Türklərin yaddaşının bərpasına çalışmış, özü ilə millətinin ulu keçmişini bir bütün halında götürərək, təfəkkürünü Ulu xaqanların təfəkkürü ilə birləşdirmiş, tarixi bir missiyanı yerinə yetirməyə çalışmışdır. Mütəfəkkir özünü, öz qəhrəmanlarında, öz qəhrəmanlarını isə özündə təcəssüm etdirmişdir.
Digər Türk milliyyətçiləri kimi Hüseyn Cavidin də Türk milliyyətçiliyinin ana qaynağı olan "Türkçülük, İslamçılıq və Çağdaşlığı" istər ərəb və fars ümmətçiliyindən, istərsə də təəssübkeş xristian qərbçiliyindən daha səmimidir. Çünki Türk milliyyətçiliyi Türkə necə bağlıdırsa, digər millətlərə də elə sayğılıdır, doğma İslama necə bağlıdırsa, yad xristianlığa və musəviliyə qarşı o dərəcədə ehtiramlıdır.
Hüseyn Cavid qanlı müharibələrin əleyhinə olmaqla yanaşı Türklərin savaş ruhunun daim diri qalmasını yeganə xilas imkanı hesab etmişdi. Çünki mütəfəkkir çox gözəl bilirdi ki, savaş ruhu ölmüş bir millətin əxlaqı da iflasa məhkumdur. Ona görə də Cavid "çöhrəsində Turanın şanlı tarixi, keçmiş ənənəsi oxunan, qoca, səksən yaşlı bir Türkün duası"nı dilə gətirərək söyləyir ki:
"Ey böyük Tanrı! Ey böyük Yaradan!
Hər bəladan əsirgə yurdumuzu.
Kamran eylə şanlı ordumuzu"
(Hüseyn Cavid, əsərləri, I cild, Bakı 2005, səh 57).
Tarix sübut edir ki, milli ideologiyası olmayan bir millətin nə siyasəti, nə iqtisadiyyatı, nə hüququ, nə mədəniyyəti ola bilər, nə dili və ədəbiyyatı inkişaf edə bilər, nə də o millət mədəniyyətin ən ali forması olan dövlət qura bilər. Ümumiyyətlə hər bir milləti o millətin milli ideologiyası yüksəldə bilər.
Türk millətinin milli ideologiyasının adı "Türkçülükdür". Hüseyn Cavid də digər Türk milliyyətçiləri kimi Türkçülüyü Türk millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüşü kimi qəbul etmişdir. Cavidə görə də "Türkçülük Türk millətini yüksəltmək, Türk millətinin birlik və bütövlüyünə nail olmaq, Türk millətinin şərəfli tarixinə, yaratdığı Cahanşümul mədəniyyətə sahib çıxmaq, Türk dilini, Türk əxlaqını qorumaq, Türk vətəni Turanı sevmək və onu bərpa etmək, Türk millətinin haqqının, ləyaqətinin, ədalətinin təmsilçisi olmaq, Türk millətini yox etməyə yönələn, Türk millətinə qarşı çıxan, Türk millətini aşağılamağa çalışan bütün qüvvələrə, Türk milli varlığına zərərli olan hər şeyə qarşı mübarizə aparmaq deməkdir". Hüseyn Cavid istər Türkçülük məfkurəsinin yarandığı, istər mücadilə və tətbiqi, istərsə də bu məfkurəyə qarşı total hücuma keçilən dövrlərdə öz amalından dönməmiş və ömrünün sonuna qədər Türkçülük və Turançılıq onun məfkurə savaşının təməl qaynağı olmuşdur.
Ruhu şad olsun !
Cəfər Cabbarlı
3.13. Cəfər Cabbarlı
XX yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycan və ümumiyyətlə, bütün Türk dünyasında bir özünəqayıdış hərəkatı başlamış, sanki Türk dünyası öz keçmiş səhvlərini saf-çürük edərək sonda özünün “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı milli-siyasi proqramını hazırlayaraq fəaliyyətə başlamışdı. Tarixin heç bir dönəmində Türk dünyası bu dövrdəki qədər oxşar və bərabər taleyi paylaşmamışdı. Görünür, bu birgə taleyi dərk etmək üçün sonuncu Türk İmperatorluğunun da çökməsi gərəkirmiş. Osmanlı İmperatorluğunun çökməsi ilə Türk düşünürləri Türk millətinin dövlətsiz yer üzündən silinəcəyini düşünərək yollar axtarmağa başladılar. Və sonda bu qərara gəldilər ki, Türklərin nicatı onların birliyindədir. Bu birlik nəzəriyyəsinin yaranmasında Türk ideoloqları ilə yanaşı Türk şair, dramaturq, yazıçı və publisistlərinin də xüsusi xidmətləri olmuşdur. Bu birliyin ümumi adına “Turan” dedilər. “Turan” anlayışı bütün Türk milli ziyalılarını bir araya gətirdi ki, bu nəzəriyyənin hasilə gəlməsində İstanbul və Bakıda toplaşan Türk milli ziyalıları önəmli rol oynamışlar. Bu nəzəriyyəni öz əsərlərində əks etdirən sənətkarlardan biri də Cəfər Cabbarlıdır.
Türklərin yüksəlişinə çalışan və bu yolda öz həyatını belə qurban verən hər bir şəxs Türk millətinin qəlbində əbədiyaşarlıq qazanmış və bundan sonra da qazanacaq. “Millətdə şəcərə arınmaz”-deyən sosioloqlar haqlıdırlar. Deməli, etnik kimliyi hara dayanırsa dayansın, kim hansı xalqa xidmət etmiş və edirsə, məhz o xalqın övladı, o millətin iftixarıdır. XX əsr Azərbaycan Türk ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist və rejissor Cəfər Qafar oğlu Cabbarlı da məhz belə şəxsiyyətlərdəndir.
Çox qısa, lakin çox mənalı həyatını Azərbaycan Türklərinin yüksəlişinə həsr edən Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Üç yaşında ikən atasını itirən Cəfər 1903-cü ildə ailəsi ilə birlikdə Bakıya köçərək “Dağlı məhəlləsi” adlanan yerdə yaşamışdır. Əri vəfat etdikdən sonra ailənin bütün ağırlığını öz üzərinə götürən anası Şahbikə xanım dörd oğlundan heç olmasa kiçik oğlu Cəfəri oxutmaq üçün əvvəlcə məhəllə mollasının yanında “çərəkə” öyrənməyə, bir az sonra isə Molla Qədir adlı birinin yanında Quran oxumağa qoyur. Mollaxananın ona bir şey verməyəcəyini anlayan Cəfər 1905-ci ildə Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci Müsəlman-rus” məktəbinin birinci sinfinə daxil olmuşdur. Onun ilk müəllimləri görkəmli yazıçı və pedaqoq olan Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlınski, Əliməmməd Mustafayev olmuşlar. 1908-ci ildə bu məktəbi bitirib bir müddət ailəsinə kömək etdikdən sonra Bakıdakı Alekseyev adına 3-cü Ali-ibtidai məktəbə daxil olan Cabbarlı 1915-ci ildə oranı bitirərək sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermiş, 1920-ci ildə təhsilini başa vuraraq şəhadətnamə və attestatını alaraq Bakı Dövlət Universitetinin tibb fakultəsinə daxil olmuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakultədən çıxmış, 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakultəsinin tarix şöbəsində təhsilini davam etdirmişdir.
Hələ ibtidai məktəbdə oxuyarkən Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərinin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs yaranmış və o, 12 yaşında ikən “Eşidənlərə” və “Şücaətim” adlı şeirlər yazaraq “Hədiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc etdirmişdi. Daha sonra Cabbarlı “Məktəb” jurnalının 3 aprel 1915-ci il 6-cı nömrəsində “Bahar”, iyun ayında isə “Əl götür” adlı şeirlərini çap etdirmişdi.
Cabbarlı 1915-1934-cü illər arasındakı 20 illik bir tarixi dövrdə çox keşməkeşli bir həyat yaşamışdır. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrdə Cabbarlının yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da onun əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan Türklərinin azad və gözəl həyat haqqındakı arzu və istəkləri ilə-xalqın irəliyə, səadətə doğru meylləri ilə bağlı olmuşdur.
Yaradıcılığının ilk illərində ədəbiyyata şeirlə gələn Cabbarlının lirik və satirik şeirlərinin mövzusu demək olar ki, bir-birinə çox yaxın olmuşdur. Bu şeirlərində müəllif cəmiyyətdəki ədalətsizliklərdən bəhs etmiş, zülm və haqsızlıqlara qarşı qəzəb və nifrətini bildirmişdi. Öz satirik şeirlərini sadə, anlaşıqlı bir dildə yazan sənətkar fikrini canlı və real ifadə edərkən çox vaxt Mirzə Ələkbər Sabirə müraciət etmiş, ondan bəhrələnmişdir. Müəllifin “Babayi-Əmir” jurnalının 1915-ci il 19-cu nömrəsində dərc olunan “Qızıma” adlı satirasından tutmuş “Hürriyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və s. şeirlərinə qədər bütün satirik şeirlərində Sabirin ruhu duyulur. Tədqiqatçıların qeyd etdiyinə görə onun “Qızıma” satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir. Cabbarlı satirik şeirlərində daha çox qadınları cəhalətdə saxlayan köhnəfikirli ataları tənqid etmiş, vaxtilə dəb halını almış, qadın azadlığı məsələsinin yarımçıq həll edilməsindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs etmişdir. Ümumiyyətlə, Sabir yaradıcılığı Cabbarlı üçün “ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi” olmuşdur.
Cabbarlının “Qürub çağı bir yetim” şeiri 1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı. Ümumiyyətlə, Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdı.
Cabbarlı ilk ciddi şeir, hekayə və dram əsərlərini 1915-1916-cı illərdə yazmışdır. Müəllifin ilk hekayələrindən olan “Aslan və Fərhad”, “Mənsur və Sitarə” və s. kimi əsərlərində insanlar arasındakı münasibətlər təsvir edilmiş, yaxşı ilə yaman, xeyirlə şər bir-biri ilə mübarizədə əks etdirilmişdi.
Cabbarlı yaradıcılığa şeirlə başlasa da ən gözəl əsərlərini dramaturgiya janrında yazmış, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, onun mühüm bir qolunu təşkil edən teatrın inkişafında görən sənətkar 1915-1920-ci illər arasında bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin Şah”, “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, və “Aydın” kimi dövrün Azərbaycan cəmiyyətini düşündürən dram əsərləri yazmışdır.
Müəllif 30 dekabr 1915-ci ildə tamamladığı “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” əsərində cəmiyyətdəki ədalətsizliklərdən bəhs etmiş, şahidi olduğu haqsızlıqlara qarşı öz qəzəb və nifrətini bildirmiş, dövründə hökm sürən nadanlığın, cəhalətin, avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına mane olduğunu sənətkarlıqla açıb göstərmişdir.
Cabbarlı 1915-ci ildə yazdığı “Solğun çiçəklər” əsərində ictimai quruluşa öz etirazını bildirmiş, yaşadığı cəmiyyətin ziddiyyətlərini əsas götürərərk onu bir ailə daxilində verməyə çalışmış, cəmiyyətdə hakim rol oynayan pulun insanların əxlaqını pozaraq daxili aləmlərini eybəcərləşdirdiyini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə (indiki Milli Elmlər Akademiyasının rəyasət heyətinin binasında-A.M.) oynanılmışdır.
Dramaturqun ailə-məişət mövzusuna həsr olunmuş bu ilk dram əsərləri onun istedadlı bir dramaturq olduğunu göstərir. Azərbaycanın məşhur teatr tənqidçisi professor Cəfər Cəfərov “Solğun çiçəklər” və “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” pyesləri haqqında yazmışdı ki: “Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan Cabbarlı eyni zamanda özünəməxsus bir sərgisi, orijinal xüsusiyyəti olan, ədəbiyyata yeni mövzular, obrazlar və ideyalar gətirən bir ədib kimi meydana çıxır. Bu pyeslərin ən qiymətli cəhəti mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu ifşa etməsidir” (Cəfər Cəfərov, Seçilmiş əsərləri, Bakı 1974). Hər iki əsərdə həyatı realist boyalarla təsvir edən Cabbarlı ədalətsizliyin, fəlakətlərin mənbəyini sənətkarlıqla göstərməyə nail olmuşdur.
Türkiyə Türklərinin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən bəhs edən “Trablis müharibəsi və ya Ulduz” və onun davamı olan “Ədirnə fəthi” pyesləri milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmışdır. 18 yaşlı gənc bir dramaturqun dövrü mətbuat məlumatlarını diqqətlə izləyib tarixi faktlara yaradıcı münasibət bəsləyərək belə bir dəyərli əsərlər yaratması onun qeyri-adi istedada malik olduğunu göstərir. Cabbarlı hər iki əsərində problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına almağa nail olmuş, Türklərin itirilmiş torpaqlarının qaytarılması uğrunda necə qəhrəmanlıq və rəşadət göstərdiklərini inandırıcı boyalarla əks etdirmişdir. Tədqiqatçıların fikrincə “Cabbarlının “Trablis müharibəsi” və “Ədirnə fəthi” faciələri bilavasitə Namiq Kamalın “Vətən yaxud Silistrə” əsərinin güclü təsiri altında yazılmışdır” (Bax: Azər Turan, Hüseyn Cavid, Bakı 2007, səh. 123). Müəllifin “Ədirnə fəthi” əsəri 1917-ci ilin 15 dekabrında tamaşaya qoyulmuş və “həmin illərdə teatrda nümayiş etdirilən eyni mövzulu...əsərləri...kölgədə qoymuşdu” (Cəfər Cabbarlı, Ədirnə fəthi, Bakı 1996, səh. 10). Heç təsadüfi deyildir ki, Bakını düşmən işğalından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa onun şərəfinə verilən ziyafətdə olarkən əsərin müəllifini görmək istəmiş və görüş əsnasında “Bu əsəri bu kiçik çocuqmu yazmış?”-deyərək qolundakı qızıl saatı çıxararaq Cabbarlının qoluna taxmışdı.
Hər iki əsər vulqar tənqid tərəfindən “”pantürkist” təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdı.
Cabbarlı yaradıcılığının birinci dövründə qələmə aldığı əsərlərdən biri də “Bakı müharibəsi” əsəridir. Əsərdə 1918-ci ilin mart ayında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının müsəlmanlara qarşı törətdiyi qanlı cinayətlər təsvir olunmuş, Nuru Paşa başda olmaqla xilaskar Türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən bəhs edilmişdir. Faciə 1919-cu ilin 16 sentyabrında Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Çox təəssüflər olsun ki, əsər hələlik indiyə qədər tapılmamışdır.
Müəllifin bu dövrdə yazdığı əsərlərdən biri də “Nəsrəddin Şah” adlı ilk tarixi pyesdir. Bu pyesində Cabbarlı ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə zənginləşdirmiş, İranda hökm sürən istibdad və mütləqiyyətə qarşı xalqın azadlıq uğrunda mübarizəsini əks etdirmişdir. Əsər ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulmuşdur.
Yaradıcılığının ilk dövründə yazmış olduğu pyeslərində fərdi psixoloji xarakterlər yaratmaq yolunda göstərdiyi səylər Cabbarlıya oxucu və tamaşaçı rəğbəti qazandırmış olsa da onun geniş oxucu və tamaşaçı qazanması “Aydın”, daha sonra isə “Oqtay Eloğlu” pyesləri ilə bağlıdır. Dramaturqun əsl peşəkar ustalığı ilk dəfə olaraq bu pyeslərdə tam qüdrəti ilə təzahür etmiş, sənətkarın vətənpərvərlik və ziyalılıq ruhu bu pyeslərdə tam gücü ilə ortaya çıxmışdı. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş, teatrın repertuarında görkəmli yer tutmuşdu. Aydının və Oqtayın mübarizə və etiraz hədəfləri müxtəlif olsa da onların taleyi eynidir. Pulun, var-dövlətin dərəbəyliyi qarşısında əlacsız qalmaları onları eyni iztirablar çəkməyə düçar edir. Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət edən bu qəhrəmanların arzu və istəkləri yaşadıqları cəmiyyətin sərt maneələri qarşısında puç olur. Hər iki əsər faciəvi və sarsıdıcı bir sonluqla bitir.
Cabbarlı Azərbaycan xalqının birləşməsi məsələsinə həsr etdiyi “Araz çayı” mənzum faciəsini 1922-1923-cü illərdə bitirərək tamaşaya qoyulması üçün Dövlət Dram Teatrına təqdim etmişdi. Təəssüf ki, dramaturqun bu əsəri də tapılmadığı üçün onun haqqında müfəssəl məlumat yoxdur. Tədqiqatçıların fikrincə o dövrdə xalqın dilində əzbər olan “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!” misrası məhz Cabbarlının “Araz çayı” mənzum faciəsindən götürülmüşdür.
Cabbarlı 1922-ci ildə yazdığı “Qız qalası” adlı əfsanəvi poemasını 1923-cü ildə “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdi. O, 1922-1926-cı illərdə dram yaradıcılığına fasilə verərək bir sıra hekayə və şeirlər yazmış, ayrı-ayrı mətbuat orqanlarında müxtəlif mövzularda məqalələrlə çıxış etmiş, tərcüməçiliklə məşğul olmuşdur. Onun ədəbi və teatr sənəti haqqında nəzəri düşüncələri “Ədəbi mübahisələr”, “Azərbaycan ədəbiyyatının son vəziyyəti”, “Bizdə teatro”, “Azərbaycan teatr məktəbi” və s. kimi məqalələrində öz əksini tapmışdı. Bu məqalələrində Cabbarlı yeni repertuarın yaradılması, yeni aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələlərini irəli sürmüşdü.
Dramaturq 1925-ci ildə Azərbaycan Dövlət Teatrı üçün Şeksprin “Hamlet” faciəsini tərcümə etmiş, daha sonra F. Qladkovun “Sement” əsərindən bir parçanı, Lev Tolstoyun “Uşaqlıq” povestini və Maksim Qorkinin “Üzügülər” hekayəsini tərcümə və çap etdirmişdi.
1920-1930-cu illər Azərbaycan xalqının həm ictimai-siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrlə zəngin olan bu dövr bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu və kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunur. Bu dövrün həqiqətlərini əks etdirmək, tarixi-ictimai məzmununu təsvir etmək qüdrəti məhz Cabbarlıya nəsib olmuşdur. Onun bir-birinin ardınca yazdığı “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Dönüş” və “Yaşar” pyesləri köhnəliklə yeniliyin mübarizəsinə, qadın azadlığı məsələsinə, xalqlar dostluğuna, kolxoz quruculuğu və kollektivləşməyə, sosializm sənəti məsələlərinə və yeni tipli gənc alim obrazı yaradılmasına həsr edilmişdir. Bu dövrün ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan bu əsərlərində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii təsvirinə səy göstərmiş, köhnəliklə yeniliyin mübarizəsini əks etdirmiş, mürəkkəb və ziddiyyətli bir tarixi dövrün mənzərəsini canlandırmışdır.
Bu dövr Cabbarlı yaradıcılığının şah əsəri “Od gəlini” tragediyasıdır. Bu əsərində Cabbarlı öz həqiqi mübariz qəhrəmanını-ali məqsəd uğrunda mübarizə aparan əsl qəhrəmanını tapmışdı. Əsər əsas etibarilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin-Elxanın ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Dramaturq bu pyesi ilə tarixi mənşəyinə görə olduqca problematik bir mövzuya müraciət etmişdi. Müəllifin baş qəhrəmanını Babək deyil, Elxan adlandırması da təsadüfi deyil. Elxan obrazını Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə Hüseyn Cavid “İblis” əsərində səhnəyə gətirmişdi. Caviddən sonra bu obrazı tamam başqa şəkildə Cabbarlı yenidən səhnəyə çıxarmışdı. Doğrudur, Cabbarlının Elxanı Azərbaycan Türklərinin milli qəhrəmanı Babəkin obrazıdır. Lakin “Elxan” adının məna tutumu hər iki sənətkarda daha genişdir. Belə ki, Elxan qədim Alp Ər Tonqa-Oğuz Xaqan nəslinin varisi, qədim Türklərin əzəmətli xaqanı, vətənpərvər imperatordur. Cabbarlı bu əsərini 1928-ci ildə tamamlamışdır. Bu baxımdan əsər hər iki Azərbaycanın o dövrdə düşdüyü sosial-iqtisadi və siyasi vəziyyətini şərh etmək baxımından da maraqlıdır. Belə ki, bu dövrdə Güney Azərbaycanda min illik Türk hakimiyyətinə son qoyulmuş, şovinist pəhləvi rejimi hakimiyyətə gəlmiş, Quzey Azərbaycanda isə milli hökumət devrilərək yerinə bolşevik hakimiyyəti qurulmuşdu. Güneydə şovinist fars, Quzeydə isə iyrənc bolşevik rejimi at oynadırdı. Güneydə Rza şah, Quzeydə Stalin hazırladıqları planlarla Türk kimliyini yox etməyə çalışırdılar. Belə ki, Stalin Kommunist Partiyasının X qurultayındakı məruzəsində göstərirdi ki: “Milli zülm dövrünü keçirmiş və onun vahiməsindən hələ tamamilə qurtulmamış olan kommunistlər çox zaman partiya işində milli xüsusiyyətlərin əhəmiyyətini şişirdərək zəhmətkeşlərin sinfi mahiyyətinə az fikir verir, ya da həmin millətlərin zəhmətkeşlərinin mənafeyini bu millətin ümummilli mənafeyi ilə qarışdıraraq bunları bir-birindən seçə bilmirlər. Bu hal da yenə kommunizmdən burjua-demokratik millətçiliyinə tərəf meyl etməyə səbəb olur. Bu millətçilik Şərqdə bəzən pantürkizm, panislamizm şəkilini alır” (Bax: Stalin V. Əsərləri, 5-ci cild, Bakı 1947, səh. 31). Stalinin bu çıxışından sonra bütün imperiyada, o cümlədən də Azərbaycanda kütləvi həbslər başlamış, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin katibi olmuş Cəfər Cabbarlı da müsavatçılar qrupu ilə birlikdə həbs edilmişdi. Cabbarlı “Od gəlini” əsərini “Çeka həbsxanası”ndan çıxdıqdan sonra yazmışdır. Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində bu münasibətlə yazmışdı ki: “Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi”.
“Od gəlini” əsərinin alt yapısında Cabbarlı milliyyətçilik düşüncəsinin ağırlığını dolayı yolla da olsa göstərə bilmişdi. Əslində bu əsər ədəbi əsər olmaqla yanaşı həm də siyasi bir əsərdir. Bu əsəri ilə Cabbarlı Azərbaycanın itirilmiş müstəqilliyinin kədərli taleyini qələmə almışdı. Varlığında və ilhamında şairliyi, dramaturqluğu ilə yanaşı əzəmətli bir mütəfəkkirliyi də daşıyan Cabbarlı bu əsərində də özünün siyasi məfkurəsinə sadiq qalmışdı ki, bütün bunlar da dramaturqun ədəbi və siyasi əxlaqının göstəriciləri idi. Cabbarlı bu əsərində XX əsrdə irtica və müstəmləkəçiliyə qarşı milli müqavimət və milli birlik ideyasını ön plana çəkmişdi. Azərbaycanda rəsmi Türkçülüyün süqutu ərəfəsində sosializmin “qələbə çaldığı” bir dövrdə qələmə alınan “Od gəlini” əsərinin mövzusu Cabbarlıya Azərbaycan Türklərinin öz istiqlal mücadiləsini davam etdirmək imkanı vermişdi. Cabbarlı Babək mövzusuna müraciət etməklə əslində istiqlal problemini açıq şəkildə gündəmə gətirmiş, xalqı ətalət burulğanından çıxarmağa, dirilik enerjisini bərpa etməyə, milli yaddaşı oyandırmağa çalışmışdı. Məmməd Əmin Rəsulzadə əsərlə bağlı fikirlərini ümumiləşdirərək göstərmişdi ki: “Bu əsərdə Azərbaycanın ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər. Mənzərənin rəmzliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “İslam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir” (Bax: Məmməd Əmin Rəsulzadə, Çağdaş Azərbaycan ədəbiyyatı, Bakı 1991).
Ümumiyyətlə, sənətkarın əsərlərinin mövzu müxtəlifliyinə, siyasi ziddiyyətlərinə baxmayaraq onun ədəbi təfəkkürü bir ortaq məfkurə sisteminə dayanır. İdeoloji bumeranqın cövlan etdiyi bu dövr Azərbaycan cəmiyyətini bütün mənəvi dayaqlardan məhrum etmişdisə də Cabbarlı kimi sənətkarlar bu şərə qarşı müqavimət göstərmiş, haqqın, ədalətin keşiyində durmuşlar.
Cabbarlı 1930-cu ildə Azərbaycan Dram Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində çalışmış, “Kommunist” qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik etmişdi. Teatrı Azərbaycan Türklərinin yüksəlməsi üçün ən yaxşı vasitə hesab edən Cabbarlı Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdı. Onun teatr haqqında yazdığı qeydlərdən birində göstərilir ki: “Teatro yüksək bədii bir dərəcədədirsə, ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət, elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor”.
Bütün mənalı həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük önəm vermiş, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəməmişdir.
Azərbaycanın ilk milli kino ssenaristi olan Cəfər Cabbarlı Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin motivləri əsasında “Sona” adlı ssenari yazmış və bu ssenari əsasında 1928-ci ildə Bakı kino fabrikində film çəkilmişdir. Cabbarlı 1929-cu ildə öz əsəri olan “Sevil” dramının motivləri əsasında ssenari yazmış və bu ssenari əsasında “Sevil” filmi çəkilmişdi. Cabbarlının istəyi və gərgin əməyi sayəsində Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət xanım Orucova oynamışdır. Film böyük uğur qazandığından Cabbarlı “Almaz” və “1905-ci ildə” pyesləri əsasında kinossenarilər yazmış və “Sevil”dən sonra dərhal “Almaz” filminin çəkilişinə başlamış, lakin quruluşu başa çatdıra bilməmişdi. Amansız ölüm Cabbarlını bu işindən vaxtsız ayırsa da onun sənət dostları bu filmi çəkib qurtarmış və 1935-ci ilin sonunda, mütəfəkkirin ölümünün birinci ildönümündə onun məzarı üstündə işi başarı ilə bitirdikləri haqqında ona raport vermişlər.
Kinoda həm ssenarist, həm də rejissor kimi çalışan Cabbarlı Azərbaycan Türklərindən operator, rəssam, rejissor və kino-aktyor və aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi dövrlərdə bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kinoya da çox ciddi yanaşan dramaturq bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət vermişdi.
Proletarkultçuluğun tüğyan etdiyi, “Türk” sözünün belə yasaq edildiyi bir dövrdə Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində göstərirdi ki: “Azərkinonun rəhbərlərinə sual verəndə ki, nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb-C.C.) biri də Türk deyil və Türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar”, “gözəl qozlar” kimi yazılır. Onlar da cavab verirlər ki, Türk mürəttibləri yoxdur. Burada isə Türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə Türk qadını rolunda Türk qadını çəkilmir? Dedilər ki, Türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə Türk qadını Orucova (Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmiş İzzət Orucova nəzərdə tutulur-A.M.) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s. və i. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsil simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox güman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir”. Ümumiyyətlə, Azərbaycan milli kinosunun yaranmasında, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında və bu sahədə milli kadrların yetişdirilməsində Cabbarlının xidmətləri əvəzsizdir.
Cabbarlı yaradıcılığını yüksək qiymətləndirən Azərbaycan mütəfəkkirləri göstərmişlər ki: “Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qliyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardır. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir...Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqində o, həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır” (M.Ə. Rəsulzadə, göstərilən əsəri).
“C. Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir... Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir” (Səməd Vurğun).
Hər bir tarixi şəxsiyyət əməli və gördüyü işlər ilə özündən sonra silinməz izlər qoyub gedir. İlk əsərlərindən başlayaraq Azərbaycan Türk dili, Türk təfəkkürü və Türk qəhrəmanlarını canlı yaşadan Cabbarlı Türklərin yenilməz bahadırlıq və alpərənlik uğurlarını alqışlamış, əsərlərində Turan məfkurəsini canlı tutmuş, bütün bunları Türklərin dil və məfkurə birliyinin qorunub saxlanılmasında görmüşdü. O da digər Türkçülər kimi inanırdı ki, Türklərin dildə birləşməsi bütün Turanın birləşməsi deməkdir. Bu anlamda Cabbarlının dili onun sistemli məfkurəsinin dilidir. Cabbarlı dilinin siyasi-məfkurəvi bir mahiyyəti vardır. Əsərlərinin adlarını belə sırf Türkcə qoyan Cabbarlı Azərbaycan Türkcəsinə yeni-yeni Türkcə sözlər gətirərək onu zənginləşdirmişdi. Cabbarlı öz mənəvi müəllimi Hüseyn Cavidin yolunu tutmuş və onun dilini təhlil edərkən göstərmişdi ki: “Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət (Tofiq Fikrət nəzərdə tutulur-A.M.) və Hamid (Ədülhəqq Hamid-nəzərdə tutulur-A.M.) lisanlarını da meydandan sıxıb çıxaracaqdır”(Bax: Cəfər Cabbarlı, “Ədəbi mübahisələr”, “Zəhmət” qəzeti, 1922, № 133-141). Cabbarlı öz ideya müəllimi Cavid haqqında dediyi bu mülahizələrini öz əməli fəaliyyətində həyata keçirərək Azərbaycan puristlərinin ön sırasında getmişdir. Digər puristlər yüzlərlə söz yaratsalar da onlardan yalnız az bir hissəsi xalq dilinə keçə bilmişdisə, Cabbarlının ədəbi dildə işlətdiyi yeni Türk mənşəli sözlərin demək olar ki, əksəriyyəti dildə vətəndaşlıq hüququ qazanmışdır.
Cabbarlı Şəmsəddin Sami bəyin, İsmayıl bəy Qaspıralının başlatdığı, Əlibəy Hüseynzadə və Hüseyn Cavid tərəfindən davam etdirilən bir dil siyasətinin daşıyıcısı idi. O da Cavid kimi Azərbaycan Türkcəsi ilə Türkiyə Türkcəsinin qaynayıb-qarışmasında, ortaq ədəbi Türkcənin yaradılmasında əvəzsiz xidmətlər göstərmişdir.
Cabbarlının estetik idealı da, obrazlar sistemi də, dili də məhz milli məfkurəyə istiqamətlənmişdi. Çox təəssüflər olsun ki, Azərbaycanda Sovet hökuməti qurulana qədər istedadlı dramaturq, Turan məfkurəsinin təbliğatçısı kimi tanınan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi olmuş Cəfər Cabbarlı Sovet dövrünün basqısı nəticəsində öz dühasını zorlayaraq bir müddət dram yaradıcılığına fasilə vermişsə də sonradan başarılı əsərlər meydana gətirməyə müvəffəq olmuşdu. O, öz sənət dühasının yardımı ilə ədəbiyyatı Sovet ideologiyasının təbliğat çatısından qurtarmağa çalışmış, çox ustalıqla hər zaman və hər cəmiyyətdə keçərli olan ictimai-siyasi və daha çox bəşəri problemləri əks etdirmiş, qəhrəmanlarını güdümlü (senzuralı-A.M.) ədəbiyyatın ruhsuz və simasız kuklaları olmaqdan qurtara bilmişdir.
İdealı Türkün birliyi olan Cabbarlı şərəfli Turanın cazibədar gözəlliklərini şeirlərində vəsf edərək bunun gec-tez uğurlu sonuca varacağına inanmış, XX əsrin əvvəllərindən gələcək Turana “Amal Quşu” olan durnalarla öz salamını göndərmişdi:
“Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Sabah yeli Altun Dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.
İntizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz “Turan” deyə yoruldu,
Turan ellərinə salam söyləyin”.
(Cəfər Cabbarlı, Bax: Turan yolu, Bakı 2006, səh. 34, 35).
Türk birliyi və Turan məfkurəsi düşüncəsini millətin şüuraltına oturtmağa çalışan Cabbarlı ürəyindəki ülvü duyğu və diləklərini Azərbaycanın üç rəngli bayrağına həsr etdiyi “Sevdiyim” və “Azərbaycan bayrağına” şeirlərində Turanın siyasi və coğrafi xəritəsini cızaraq Türklüyün rəmzi olan Göy Bayrağın Turan üzərində dalğalanmasını arzulamış və göstərmişdi ki:
“Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir Göy Bayraq Turan üstə açılsın”.
(Cəfər Cabbarlı, Azərbaycan bayrağına, Bax: Turan yolu, Bakı 2006, səh.33).
Bütün bunları bilən Kommunist Partiyası yetkililəri Cabbarlıya şübhə ilə yanaşmış, bir müddət həbs etmiş, nəhayət çəkdiyi yorğunluğa və iztirablara dözə bilməyən mütəfəkkirin ürəyi dayanmış, 31 dekabr 1934-cü ildə 35 yaşında ürək iflicindən vəfat etmişdir. Hüseyn Cavid Cabbarlının vəfatı münasibətilə “Ədəbiyyat qəzetəsi”ndə yazdığı başsağlığında göstərmişdi ki: “Cəfər Cabbarlı Azərbaycan səhnəsinin ən parlaq bir yaradıcısı idi. Onun vaxtından əvvəl sönməsi yaxın arxadaşlarını və bütün şura yazıçılarını mütəəssir etməyə bilməz” (Hüseyn Cavid, Başsağlığı, “Ədəbiyyat qəzetəsi”, 1935, sayı 19).
Məmməd Əmin Rəsulzadə də özünün “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində göstərmişdi ki: “Cəfər Cabbarlı gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir” (M.Ə.Rəsulzadə, göstərilən əsəri).
Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı, ümumiyyətlə Azərbaycan xalqı üçün böyük bir itki idi.
Ruhu şad olsun! Amin.
Do'stlaringiz bilan baham: |