14.2.2. İnteraktiv təbiətli priyomlar.
Başlıca məqsədlərdən biri şagirdi təlimin subyekti etməkdir ki, o, oxumağa qabil insan kimi tərbiyə olunsun. Bu prosesdə şagirdin fəallığı (əslində idarəedənin özünün də fəallığı) kifayət qədər yüksək olur. Hər bir şagirdin öz fikri, ideyası olur. Zəif şagirdlər də fəallaşmaq “məcburiyyətində qalırlar”. Məhz bu cür əlaməti təlim sistemi o zaman özündə ehtiva edir ki, onun əsasında aşağıdakı prinsiplər durur:
- şagirdə yönləndirmə;
- inkişafı qabaqlama;
- əməkdaşlıq.
Belə təlim sistemi interaktiv xüsusiyyətə malikdir. İnteraktivliyini ön plana çəkən təlim sisteminin əsas komponentlərindən olan metod və priyomların mündərəcəsi daha zəngindir. Qeyri-elmi görünsə də, onları “interaktiv metod” və “interaktiv priyom” anlayışları ilə təqdim edirlər və müəllimlər də bu terminlərə öyrəşiblər. Müəllimlərin öyrəşdikləri, alışdıqları stereotipi aradan qaldırmaq asan deyildir .
İnteraktiv xarakterə malik priyomlardan hər bir mövzunun tədrisində istifadə etmək məsləhət görülmür. Dərsdə qarşıya qoyulmuş məqsəd, şagirdlərə veriləcək bilik, bacarıq və vərdişlərin məzmunu, xarakteri, inteqrasiya imkanları, şagirdlərin hazırlığı, yerli şərait, məktəbin maddi bazası və s. nəzərə alınmaqla bu tip priyomlara müraciət edilməlidir.
Dərsdə onun köməyi ilə ətraf aləmin müxtəlif əşya və hadisələri, qanun və qanunauyğunluqları arasındakı üzvi əlaqələr bərpa olunur, şagirdlərin həmin əlaqələri vəhdətdə qavramalarına, özlərini də təbiətin kiçik bir zərrəsi olmaqla dərk etmələrinə əlverişli şərait yaranır. Bu prosesdə şagirdlər təbiətdə, cəmiyyətdə baş verən hadisələri qavrayarkən onları təhlil edir, qiymətləndirir, onlara münasibətlərini bildirirlər. Bu isə artıq müstəqilliyə, sərbəst düşüncəyə aparan yoldur. Maraq nə qədər dərin olsa, uşaqlarda öyrənmək stimulu, arzusuna çatmağa inam o qədər güclənər. İ.P.Pavlov göstərmişdir ki, informasiya maraqdan kənar verildikdə baş beyin qabağında onun fəal kəsbetmə mərkəzi formalaşmır. Nəticədə məktəb küt, yaddaşsız uşaqlar hazırlayır. Maraqdan kənar işləmək heysiyyətdən, iradədən, düşüncədən kənar işləmək deməkdir. Bu, baş beyin qabığında işlək kodun kobud şəkildə sındırılması, uşağın mənəviyyatında köləlik alqoritminin formalaşması deməkdir .
İnteraktiv təbiətli priyomlar şagirdlərdə yeni keyfiyyətlər formalaşdırır: müsahibini, hər hansı danışanı (danışığı), maqnitafon, radio, televiziya verilişlərini dinləmək, söylənilən fikrə hörmət etmək, yeri gəldikdə münasibət birdirmək, müstəqil, tənqidi və yaradıcı düşünmək, sərbəst fikir söyləmək, irəli sürdüyü fikri müdafiə etmək, sübuta yetirmək, məntiqi təfəkkürünü inkişaf etdirmək, təcrübəsini və ümumi hazırlığını təhlil etmək, özünü obyektiv qiymətləndirmək, kollektivdə öz yerini görmək, əqli və fiziki əmək prosesində kollektivin üzvləri ilə əməkdaşlıq etmək, birgə işləmək, ümumi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirmək, kollektivin fikrinin formalaşmasında fəallıq, işgüzarlıq göstərmək, qrupun üzvləri, sinif kollektivi ilə birgə qərar vermək, qarşıdurma yarandıqda müdafiə olunmaq, münaqişəni səbirlə, sülh yolu ilə həll etmək, riskin mahiyyətini anlamaq, yeri gəldikdə riskə getmək, emosional situasiyada özünü ələ almaq, idarə etmək, şəxsi sağlamlığına görə məsuliyyət daşımaq, insana, onun hüquqlarına hörmətlə, ədalətlə yanaşmağı bacarmaq və s.
“İnteraktiv xarakterli priyomlar özündə produktiv, yaradıcı, sərbəst düşünmə qabiliyyətlərini birləşdirməklə təlimi tədqiqat prosesinə yaxınlaşdırır. Bu priyomların köməyi ilə şagird təlim prosesinin bərabərhüquqlu aparıcısı rolunu oynayır. Biliklərin müstəqil əldə edilməsi üçün problemli şəraitin yaradılması yolu ilə təfəkkürün müstəqilliyinə və sərbəstliyinə, sinifdə şagirdlərin səmərəli fəaliyyəti üçün psixoloji şəraitin yaradılmasına, əməkdaşlığa, şagirdlərin fəal dərketmə mövqeyinə, təfəkkürün inkişafına, bilikləri sərbəst tətbiq etmələrinə əsaslanan interaktiv təbiətli təlim sistemi məhz sözügedən priyomlar vasitəsilə reallaşır. Bu priyomların tətbiqində məqsəd şagirdlərə mümkün qədər çox bilik verib, onların yaddaşını zənginləşdirməkdən ibarət deyil. Bir daha qeyd edək ki, burada müəllim hazır bilikləri verən şəxs kimi deyil, şagirdləri biliklərin axtarılmasına cəlb edən, ”tədqiqata” başçılıq edən şəxs kimi fəaliyyət göstərir. Başlıca məqsəd şagirdləri təhliletmə, düşünmə, müstəqil bilik əldəetmə, bu bacarığı inkişafetdirmə və məqamında tətbiqetmə qabiliyyətinə yiyələndirməkdir. Deyilənlərdən müəllimin fəaliyyətinin sıxışdırılması nəticəsi çıxarılmamalıdır. Müəllim yenə də tədris prosesinin aparıcı qüvvəsidir, sistemyaradıcı komponentlərindən biridir.
İnteraktiv təbiətli priyomlardan istifadə məktəblilərdə müstəqil düşünmək, oxuduğuna, başqalarının fikrinə, eşitdiyinə münasibət bildirməklə onları təsdiq və ya inkar etmək bacarığını formalaşdırır. Bu prosesdə başlıca cəhət müsahibini diqqətlə dinləməyi, onun düzgün olmayan, bəzən tənqidi fikirlərinə dözmək (tolerantlıq göstərmək), səbrli və nəzakətli olmaqdır. Hövsələsizlik və dözümsüzlük ünsiyyətdə olanları şəxsiyyət kimi qəbul etməyə aman vermir. Dözümsüzlük kobudluqla, təhqiramiz ifadələrin işlədilməsi ilə nəticələnir ki, bu da ünsiyyətin pozulmasına gətirib çıxarır. Bu priyomlardan istifadə şagirdin aktiv lüğətini daha da zənginləşdirir, şifahi nitqini nizama salır, müsahibə, dialoq prosesində qarşısındakını inandırmaq, fikrini sübut etmək, nitqin məntiqi kəsərini artırmaq üçün dəqiq söz seçməyi öyrədir. Beləliklə, şagirddə söz, onun mənasına, dəyərinə diqqətlilik tərbiyə olunur. Şagird dialoqda artıq, yersiz söz işlətməmək, əvvəllər dediyi sözə əks çıxmamaq, uzunçuluq etməmək üzərində düşünür. Nəticədə onun natiqlik qabiliyyəti inkişaf edir.
Bu başlıqda söylədiklərimizi yetərli sayırıq. Ona görə ki, bu dərsliyin sonrakı fəslində təlimi fəallaşdıran priyom və metodlar barəsində ətraflı bəhs edilmişdir.
Do'stlaringiz bilan baham: |