Dərsdə təlimin inkişafetdirici funksiyasının nəzərə alınması və təmin edilməsi də çox mühüm məsələdir. “Təlimlə inkişafın qarşılıqlı mürəkkəb əlaqədə olmasına baxmayaraq, təlim inkişafdan əvvəl başlayır, dərketmə elmi anlayışın qapısından keçir” (L.C.Vıqotski). Təlim prosesində uşaq təkcə əqli cəhətdən deyil, həm də fiziki cəhətdən inkişaf edir. Elmlərin əsaslarının öyrənilməsi uşağın intellektual imkanını, onun təfəkkürünü, nitqini, idrak qabiliyyətini, qavrayışını, dərk etməsini, təxəyyül və fantaziyasını, onun hadisələri başa düşmək, müqayisə etmək, faktları ümumiləşdirə bilmək, əqli nəticələr çıxarmaq, yaradıcı bacarığını və s. inkişaf etdirir.
Qeyd etməliyik ki, psixoloq və didaktlar tədqiqatları ilə şagirdlərin inkişafında nəinki təlimin rolunu əsaslandırmış, habelə təlim sistemini təkmilləşdirməklə onun səmərəsini yüksəltməyə yönəldilən dəyərli fikirlər söyləmişlər. Qəti vurğulanmalıdır ki, səmərə verməyən heç bir təlim, o cümlədən heç bir dərs uşağın inkişafını təmin edə bilməz. Təlimin ideya- elmi səviyyəsini və metodikasını yalnız əsaslı surətdə yaxşılaşdırmaqla buna nail ola bilərik.
Təlimin tərbiyəedici funksiyasının təmin olunması daha mürəkkəbdir. Təlimin tərbiyəedici xarakteri onun funksiyasında həyata keçirilir. Bu, təlimin müxtəlif funskiyaları içərisində mərkəzi, aparıcı xətt hesab olunur.
Bu, pedaqogikada ən sadə, hamının dərk edə biləcəyi bir həqiqətdir, nəinki müasir, hətta klassik didaktikanın əsas, başlıca prinsiplərindəndir. Sözügedən həqiqəti dönə-dönə qeyd etməklə məqsəd onu sadəcə xatırlamaq deyil, yüksək səviyyədə həyata keçirməyə diqqət yönəltməkdir. Şagirdlərə müəyyən bilik vermək, onun yadda qalmasına nail olmaq, onlarda bacarıq və vərdişlər aşılamaq, sonralar isə möhkəmləndirmək elə bir çətinlik törətmir, lakin burada tərbiyəvi effekti dəqiq müəyyənləşdirmək lazımdır. Həm də bu vəzifəni əldə etmək, təlimin tərbiyəedici göstəricisinə nail olmaq o qədər də asan məsələ deyil. Vaxt vardı ki, dərsdə tərbiyəedici “momentlər” haqqında çox danışır və yazırdılar. Unutmaq olmaz ki, hər hansı bir təlim, hətta nə qədər formal keçsə belə, uşağın qəlbində müəyyən iz qoyur.
Qabaqcıl müəllimlər bu vəzifənin həllinə yerli şəraiti nəzərə alaraq və pedaqogikanın tövsiyə etdiyi qaydalara riayət etməklə, təlimin təhsil və tərbiyələndirici vəzifələrinin vəhdətini təmin etmək yolu ilə nail olurlar. Bu vəzifələrin həlli, birinci növbədə, müəllimlərdən dərin bilik, məktəblərdə optimal təhsil və tərbiyə şəraiti tələb edir. Nə qədər ki, bu vəzifələr təfərrüatı ilə yerinə yetirməlidir, onda təbii ki, təlim prosesində hər fənn üzrə hər bir dərsin tərbiyələndirici vəzifəsini nəinki müəyyənləşdirmək, onu təlimin müxtəlif priyom və metodlarından istifadə etməklə praktik surətdə həyata keçirmək tələb olunur. Təbii ki, bu işdə müəllimin hazırlığından və onun yaradıcı fəaliyyətindən çox şey asılıdır.
Təlimin tərbiyəedici funksiyası həm onun məzmununda, həm dərsin keçirilmə metodu və dərsdə əlverişli təlim şəraitinin yaradılmasında, həm də dərsin emosional axınında həyata keçirilir. Məlumdur ki, “emosiyalar xarakterindən asılı olaraq əqli fəaliyyətə canlandırıcı, yaxud əksinə, cansıxıcı təsir göstərir. Təlimdə müsbət emosiyalar mənəvi yüksəliş yaradır. Heyranlıq, həzz almaq, fərəh, hüsn-rəğbət müsbət emosiyalar kimi nəzərdə tutulur. Mənfi emosiyalar da vardır. Məsələn, narazılıq, məyusluq, nifrət, şübhə (L.V.Zankov). Hər bir təlim fənni emosional təsirin yaradılması imkanlarına malikdir ki, bu da şagirdlərin əxlaq və estetik tərbiyəsində mühüm amil hesab olunur.
Do'stlaringiz bilan baham: |