2. Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi
Valeh Hacıların elmi fəaliyyətinin ikinci istiqamətini professorun Gürcüstan türklərinin folklorunun tədqiq etməsi təşkil edir. Bu elmi fəaliyyətin özü də bir neçə sahədə aparılır. İlk növbədə, Valeh Hacılar Azərbaycan-gürcü folklor əlaqələrinin tədqiqatçısı olmuşdur. Onun bir çox elmi tədqiqatları, məqalələri məhz bu mövzuya həsr olunmuşdur. Məsələn “Azərbaycan gürcü folklor əlaqələri tarixindən («Kitabi-Dədə Qorqud»un materialları əsasında)”, “Qədim ədəbi əlaqələrimiz tarixindən”, “Kitabi-Dədə Qorqud eposu və gürcü folkloru”, “Qədim Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən” kimi məqalələri və tədqiqatları Azərbaycan-gürcü ədəbi əlaqələrinin folklor aspektindən öyrənilməsinə həsr olunmuşdur (3; 4; 5; 6 və s.). Təsadüfi deyildir ki, mütəxəssislər hər zaman Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərinin formalaşmasında və inkişafında professorun özünəməxsus xüsusi rolunun mövcudluğundan bəhs etmişlər. Valeh Hacılar Dövlətlərarası diaspora şurasının, Gürcüstan Dövlət başçısı yanında Milli Şuranın və Fəxri vətəndaşlıq verən komissiyanın üzvü olmuşdur.
Onun elmi fəaliyyətinin digər yönü topladığı folklor örnəklərini tədqiq edib araşdırmaq olmuşdur. Bu sahədə onun ən fundamental əsəri təbii ki, “Gürcüstanda türk xalq ədəbiyyatı ənənələri” monoqrafiyası sayıla bilər (7). Bu monoqrafiyada tədqiqatın obyekti kimi, yuxarıda qeyd etdiyimiz toplama örnəkləri ilə yanaşı, Gürcüstanın arxiv və kitabxanalarında qorunan külli miqdarda Azərbaycan folklor örnəkləri seçilmişdir. Valeh Hacıların qeyd etdiyi kimi, “... hələ XIX yüzildən başlayaraq K.Qvaramadze, N.Asatiani, N.Marr, E.Tağaşvili və başqa gürcü alimləri, folklorşünasları Gürcüstanın müxtəlif guşələrində türkdilli xalq ədəbiyyatı incilərinin toplanması işinə xeyli əmək sərf etmişlər” (7, 4). Məhz göstərilən alimlərin və ziyalıların və bir çox adları çəkilməyən insanları əməyi sayəsində toplanmış, Gürcüstan EA Kekelidze adına Əlyazmaları İnstitutunda, Gürcüstan EA
Ş.Rustaveli adına Gürcü Ədəbiyyatı Tarixi İnstitutunun folklor arxivində, Leonidze adına Ədəbiyyat muzeyinin əlyazmalar fondunda, Qrişaşvilinin kitabxana-muzeyində, Axalkalak Diyarşünaslıq muzeyində saxlanılan folklor materialları tədqiqat işində elmi süzgəcdən keçirilmiş, hərtərəfli tədqiq olunmuşdur.
Monoqrafiyada “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Cahangir”, “Mirzə Mahmud”, “Yaralı Mahmud” və digər Azərbaycan dastanlarının Gürcüstanda yayılma səbəblərindən bəhs edən Valeh Hacılar onlardan bəzilərinin gürcü dilinə tərcümə-təbdil tarixinə və variantlarına da toxunmuşdur.
Borçalı folklor mühitinin araşdırılmasına həsr olunmuş bu tədqiqatın ən müsbət cəhətlərindən biri tədqiqatın müqayisəli aparılmasıdır. Müqayisə üçün gürcü folklorunun seçilməsi də təsadüfi olmayıb, uzun illər Azərbaycan-gürcü folklor əlaqələrinin tədqiqinin məntiqi davamı sayıla bilər. Mərasim folkloruna, xüsusilə, təqvim mərasimlərinə toxunan professor müəyyən etmişdir ki, günəşi dəvət və tərənnüm edən nəğmələr Borçalı-Qarayazı-Başkeçid bölgəsində geniş yayılmış ən qədim mərasim nəğmələrindəndir. Gürcü folkloru ilə analogiyalar aparan Valeh Hacılar göstərir ki, “Əsasını animist təsəvvürlər təşkil edən mövsüm nəğməsi “Dodu-dodu” ilə analoji gürcü mərasimi “Qonça”nın bir ayin kimi icra tərzi tamamilə eynidir” (7, 292).
Valeh Hacılar Gürcüstan türklərinin folklorunun tədqiqatçısı kimi fəaliyyət göstərdiyi üçüncü böyük sahə - aşıq yaradıcılığıdır. Yuxarıda qeyd etdiyimiz kimi, türk dilində yazan gürcü, yunan və aysoru aşıqlarının yaradıcılığının tədqiqi ilə elm aləminə qədəm qoymuş Valeh Hacılar ömrü boyu Borçalı folklor mühitinin təmsilçisi olmuş aşıqların və el şairlərinin – Xəstə Həsənin, Alxas Ağanın, Şair Nəbinin, Aşıq Ağacanın Saraclı Şair Hüseynin - yaradıcılığını və poetik irsini toplamış və tədqiq etmişdir. “Şair Ağacanın “Qırmızı” divanisi”, “Şair Ağacan Qaraçöpdə”, “Faxralı Şair Nəbi ilə Aşıq Heyli”, “Aşıq Musanın nigah əhvalatı” və s. rəvayətlər professorun topladığı aşıq rəvayətləri sırasındadır.
Sözümüzü professor Valeh Hacılar barəsində ən fundamental tədqiqat müəllifi olan (bugünkü mötəbər tədbirimizdə iştirak edən) Dr. Səmra Alyılmazın sözləri ilə bitirmək istəyirik: “Valeh Hacılar Gürcüstanda Qarapapaq türkləri tərəfindən vücuda gətirilən türk kültür və mədəniyyətinin, türk yaşayış və inanışının sözlü və yazılı qaynaqlarını bilimsəl anlamda araşdırıb incələməyi və istiofadəyə sunmayı kendisinə ilkə edinmiş bir bilim adamıdır” (8, 261).
Do'stlaringiz bilan baham: |