2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri
05.01.2016
Mərkəzi Bank 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən məzənnə rejimi” çərçivəsində formalaşacaq: “Üzən məzənnə iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, onun orta və uzunmüddətli dayanıqlığının gücləndirilməsini, iqtisadiyyatın və ixracın şaxələnməsinin sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin etməlidir. Məzənnə rejiminin çevikliyinin artırılması valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına imkan verən ən mühüm amildir.
Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca şərtlərindən biridir. 2016-cı ildə iqtisadi subyektlərin üzən məzənnə rejiminə adaptasiyasının tamamlanması gözlənir. Xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin, xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaq.
Digər tərəfdən fiskal siyasət, o cümlədən dövlət investisiya siyasəti, xarici borcun idarə olunması, beynəlxalq hesablaşmalar mexanizminin təkmilləşdirilməsi tədbirləri və digər institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir.
Bütün bunları nəzərə alaraq 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaq”.
2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri
Dövlət Gömrük Komitəsi sahibkarlara xəbərdarlıq edib
06.01.2016
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti açıqlama yayaraq bəyan edib ki, manatın devalvasiyaya uğramasından sonra yaranan iqtisadi mühitdən yararlanan bəzi şəxslər, əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan iş adamları idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır. Transparency.az-ın məlumatına görə, Maliyyə, Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov deyib ki, bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları orijinal invoys adı altında bəyan etmək istəyir: “Malın gömrük dəyərləndirilməsi gömrük tarifi qanununa görə həyata keçirilir. Gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, mal düzgün bəyan olunmayıbsa, malın dəyərləndirilməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir. Hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, sahibkarlar istənilən vaxt müraciət edib qiymətlərlə tanış ola bilərlər”.
Komitənin başqa bir məlumatına görə, “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyənnamə” elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub: “Artıq ölkəyə gələn və ölkədən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqajla və ya daşıyıcının keçirdiyi mallar barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən onlayn qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə biləcək.
Vətəndaşların sərhəddən keçidini daha da rahat etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində xüsusi “Gömrük” köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldura, gömrük qanunvericilik bazası və gömrük nəzarəti qaydaları ilə tanış ola bilərlər.
İdxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı gömrük məntəqələrindəki guşələrdə və məlumat köşklərində yerləşdirilib”.
Əlilliyin müəyyən olunması meyarları təsdiqlənib
06.01.2016
Nazirlər Kabineti “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”ni təsdiqləyib (Nazirlər Kabinetinin qərarı). Transparency.az bildirir ki, sənədə görə, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.
Əsasnamə ikinci və üçüncü dərəcə əlilliyin 5 il müddətinə müəyyən edilməsini nəzərdə tutur. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz olacaq.
Əlillik dərəcəsindən asılı olmayaraq yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin olunur.
Ötən ilin gömrük hesabatı verildi
06.01.2016
2015-ci ildə Dövlət Gömrük Komitəsi əvvəlki illə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çox vergi və rüsum toplayıb. Rəsmi məlumat yanvarın 6-da yayılıb. İlkin hesabata görə, il ərzində gömrük orqanları nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplayaraq dövlət büdcəsinə köçürüb, proqnoz 100,07 faiz yerinə yetirilib.
Dövlət şirkətlərinin beynəlxalq mövqeləri laxlayır
06.01.2016
Ekspert Samir Əliyev Azərbaycanın bəzi dövlət şirkətlərinin və banklarının beynəlxalq mövqeyində geriləmələrin başladığını yazır.
Transparency.az-ın məlumatına görə, sosial şəbəkədə şərh paylaşan ekspert qeyd edir ki, “Standard and Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) reytinqini dövlət şirkətinin öz istəyi ilə geri çağırıb: “Reytinq agentliyi ötən ilin dekabrında QSC-nin kredit reytinqini “BB-“ səviyyəyə endirib. Səbəb şirkətin borc öhdəliyinin icrasını gecikdirməsi olub”.
Samir Əliyev neftin ucuzlaşması ilə milli valyutanın iki dəfə devalvasiyaya uğramasını dövlət şirkətlərinin və bankların likvidliyinə mənfi təsir kimi qiymətləndirib. Ekspert “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqinin geri çağırılmasında təəccüblü heç nə olmadığını qeyd edir: “QSC bu addımı atmasaydı, bir neçə aydan sonra onun reytinqi daha da aşağı salınacaqdı. Ötən il dekabrın 11-də S&P “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqi “BB+”dən “BB-” səviyyəsinə endirmiş və xəbərdarlıq etmişdi ki, ödəmələrlə bağlı risk artacağı təqdirdə reytinq daha bir neçə səviyyə aşağı salınacaq. Görünür, xüsusilə ikinci devalvasiyadan sonra “Azərbaycan Dəmir Yolları”nın ödəmə problemi daha da kəskinləşib və qabaqlayıcı tədbir olaraq öz xoşu ilə reytinqdən imtina edib.
ADY-nin reytinqinin aşağı salınmasına səbəb Maliyyə Nazirliyinin lazımi anda dəstək verməməsi olmuşdu. Hökumətdən yeni kredit müqavilələri bağlamağa icazə almasında bəzi bürokratik prosedurlar, şirkətin fəaliyyətinə effektiv və səmərəli dövlət nəzarəti mexanizmlərinin olmaması, likvidliyin tələb olunandan da aşağı olması kimi amillər də reytinqin aşağı salınmasına təsir etmişdi.
S&P ilə müqayisədə ADY “Fitch” agentliyinin reytinqində nisbətən yüksək investisiya mövqeyinə malikdir. Ancaq ötən il noyabrın 3-də “Fitch” də ADY-nin proqnozunu neqativə endirmişdi. Gözləmək olar ki, bu agentlik də ADY-ni bir müddətdən sonra aşağı pilləyə göndərəcək. Əlbəttə, onun xidmətindən də imtina edilməsə”.
Ekspert əlavə edir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin S&P agentliyinin reytinqində iştirakdan imtinası onun beynəlxalq imicinə mənfi təsir göstərəcək, xaricdən kredit almaq imkanlarını məhdudlaşdıracaq: “Fitch” reytinqindən imtina edilsə isə xarici kredit cəlb etmək mümkünsüz olacaq. Beynəlxalq reytinqdə iştirakdan imtina şirkəti həm beynəlxalq maliyyə institutlarına, həm də ictimaiyyətə münasibətdə daha da qapalı quruma çevirəcək və onun qazandığı və ya cəlb etdiyi maliyyə vəsaitlərinin istifadəsində şəffaflığı sual altına düşəcək.
Yəqin ki bu, son olmayacaq. Böyük ehtimalla yaxın zamanlarda digər dövlət qurumu – “Azərenerji” ASC-nin də reytinqinin pisləşəcəyini müşahidə edəcəyik. Hətta onun da reytinqdən imtinası baş verərsə, təəccüblü gəlməz. Azərbaycan Respublikasının suveren reytinqinin sabit qalması hələ ki, dövlət şirkətlərinin, bankların reytinqini sığortalayır. Ancaq bu, uzun müddət belə davam edə bilməz. Dövlət şirkətləri və banklar üçün qarşıdakı aylarda beynəlxalq reytinq mövqelərini qorumaq çətin görünür. Hər bir halda bəzi bankların və dövlət şirkətlərinin reytinqinin pisləşməsi qaçılmaz olacaq”.
İqtisadi və Sosial İnkişaf Mərkəzi 100 ən güclü beyin mərkəzindən biri seçilib
06.01.2016
Transparency.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) dünyanın ən güclü 100 beyin mərkəzindən biri seçilib. Mərkəzin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bu məlumatın Çin Sosial Elmlər Akademiyasının (CASS) “Qlobal Beyin Mərkəzlərinin Qiymətləndirilməsi” hesabatında yer aldığını qeyd edir.
Ekspert bildirir ki, iki ili əhatə edən qiymətləndirmə layihəsində dünyanın müxtəlif ölkələrindən olan 1575 beyin mərkəzi arasında sorğu keçirilib, eyni zamanda 1781 beyin mərkəzi ilə bağlı araşdırmalar aparılıb: “Tədqiqat nəticəsində dünyanın aparıcı beyin mərkəzləri seçilən qurumlar 31 ölkəni təmsil edir. Qlobal beyin mərkəzlərində ölkə olaraq ABŞ liderdir. Dünyanın 100 ən güclü beyin mərkəzinin 18-i bu dövlətin payına düşür. Daha sonra 11 aparıcı beyin mərkəzi ilə Almaniya gəlir. Çin və Yaponiya 9 güclü beyin mərkəzləri ilə sonrakı yerləri bölüşür.
Dünya beyin lideri isə 179 balla ABŞ-ın Karnegi Mərkəzi seçilib. Çinlilərin araşdırmasına görə, İSİM 134 balla dünyada 57-cidir”.
Nazir əlilliyi olan vətəndaşlara çağırış etdi
06.01.2016
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”dən danışıb (Nazirlər Kabinetinin qərarı). Nazir deyib ki, əsasnaməyə görə, sənədin təsdiq edildiyi günədək (30 dekabr 2015-ci il) əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) 5 il müddətinə uzadır, birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi müddətsiz müəyyən edilir: “Əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəssisələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq. Həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəssisələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur.
Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcək”.
Transparency.az-ın məlumatına görə, nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib: “İlkin əlilliyin təyin olunması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Yeni avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərarı zona TSEK-ləri deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar həyata keçirir. Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur”.
Manata inam ölüb, ya sistemə?
06.01.2016
“Əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir”. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşdığı şərhdə belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, dünya ölkələrinin gələcək inkişaf trendlərinə, cari problemlərinə işıq salan, investorların və hökumətlərin perspektivləri görmələri üçün vacib iqtisadi indekslər var: “Bunlardan biri də istehlakçı güvən indeksidir” (İGİ). Bu indeksin ölçülməsi həm hökumətlərə, həm də biznesə planlar qurmağa yardımçı olur. Böhranlı vəziyyətlərdə İGİ göstəriciləri çox önəmlidir, istehlakçının güvəni artanda xərcləmələri artır, xərcləmələr artdıqca iqtisadiyyatın çarxları dönməyə başlayır və daxili bazar genişlənir, istehlak hesabına böyümə sürəti artır.
2008-ci ildə ABŞ iqtisadiyyatında böhran yaranarkən Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0-0,25%-ə saldı, birjalara, banklara, fondlara hər ay 85 milyard dollar axıtmağa başladı, bu da ABŞ iqtisadiyyatını böhrandan daha tez çıxmasına səbəb oldu. Bu gün Avropa Mərkəzi Bankı iqtisadiyyata ayda 60 milyard avro, Çin Mərkəzi Bankı ayda 40-60 milyard yuan arası pul axıdır ki, güvən yüksəlsin. Əslində bu yol müvəqqətidir, “yanğını söndürməyə” hesablanıb, daim bu yolla getmək olmaz, çünki artım tək pul çap maşınına görə olur, iqtisadi faktorlar ikinci plana keçir. ABŞ bunu bilir, ona görə də FES faizi artırdı ki, iqtisadiyyat öz təbii yolu ilə inkişafa geri dönsün, çünki bu zaman inkişaf daha dayanıqlı, uzunmüddətli və effektiv olur.
Bizim Mərkəzi Bankda da indi böyük həcmdə, milyardlarla manat kütləsi yığılıb. Bankın rəhbəri Elman Rüstəmov camaata deyir ki, pullar yastıq altındadır, amma Mərkəzi Bank da pulları seyflərinə yığıb, iqtisadiyyata buraxa bilmir. Manatın iqtisadiyyata buraxılmasının əsas iki yolu var. Birincisi, Mərkəzi Bank faiz dərəcəsini aşağı salır, banklara ucuz faizlə manat verir, banklar da o manatı kreditlər şəklində biznesə və əhaliyə ötürürlər. İkincisi, maaşlar və təqaüdlər artırılır. Bəla budur ki, hər iki yol inflyasiyanı və manatın dəyərdən düşməsini sürətləndirəcək. Çünki əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir, əlində olanı belə xərcləmək istəmir. Hətta indi kreditlər sadələşsə belə, kredit alan həmin manatı dollara çevirib sonra nə edəcəyi haqqında düşünəcək. Banklar da kreditləşmənin artmasından qorxur, çünki onsuz da problemli kreditlər xirtdəyəcən artıb. Paralel olaraq iş yerləri, əhalinin gəliri də azalır, bu da kreditlərin geri dönüşünü çətinləşdirir.
Bir sözlə, istehlakçının güvəninin artması üçün əhalinin sistemə, hökumətə, sabahkı gününə güvəni artmalıdır. Bunun yolu isə hesabatlı və xalqın seçdiyi hökumət modelindən keçir. Yəni yenə də məsələ gəlib siyasi islahatlara dirənir, artıq yarımçıq və sistemsiz atılan iqtisadi addımlar heç bir effekt vermir, verməyəcək də, çünki güvən ölüb. Güvənsizliyin səbəbi isə siyasi sistemə, ədalətsiz idarəetmə modelinə dirənir”.
Barak Obama İlham Əliyevə məktub göndərib
06.01.2016
“2015-ci ilin dekabr ayının 3-də ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubunda ABŞ prezidenti Azərbaycan prezidentini 2016-cı ildə Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”. Novator.az xəbər verir ki, bunu 2016-cı il yanvarın 6-da Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” şəbəkəsində yazıb.
Novruz Məmmədovun yazdığına görə, Barak Obama İlham Əliyevə məktubunda bildirib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.
Novator.az xatırladır ki, III Nüvə Təhlükəsizliyi Sammiti 2014-cü ilin mart ayında Niderland Krallığının Haaqa şəhərində keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib və nitq söyləyib.
Gömrük hüquqpozmalarının statistikası açıqlanıb
06.01.2016
Ötən il gömrük hüquqpozmaları üzrə 266 cinayət işi açılıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olub.
Hesabat dövründə 228 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onlardan 185 nəfər məhkəmənin hökmü ilə həbs edilib, 4 nəfər ev dustaqlığına buraxılıb, qalanlar barəsində digər qətimkan tədbirləri seçilib.
İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilənlərdən 22-si İran, 4-ü Rusiya, 1-i Türkiyə, 1-i Kanada, 1-i Kamerun, 199-u isə Azərbaycan vətəndaşıdır. Cinayət məsuliyyətinə cəlb edilənlərin 27 nəfəri qadındır. Onlardan 26-sı Azərbaycan, 1-i İran vətəndaşıdır.
Büdcə öhdəliyi: devalvasiya köməyə gəlir
06.01.2016
2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təsdiq edilib. Ötən il dekabrın 30-da dövlət başçısı Zirədə sakinlərlə görüşdə 2016-cı ilin əvvəlində dövlət büdcəsinə yenidən baxmaq zərurətinin olduğunu bildirib. Prezidentin bəyanatından sonra mövzunun aktuallaşdığını yazan iqtisadçı ekspert Rövşən Ağayev hökumət hansı halda böhran büdcəsi hazırlamağa vadar ola bilər sualına cavab axtarıb.
Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, maliyyə ilinin başlanğıcındaca manatın təxminən 50%-lik devalvasiyası sayəsində 14,5 milyard manat büdcə gəlirinin toplanması hökumət üçün problem olmamalıdır: “Söhbət nədən gedir? 2016-cı ildə Neft Fondundan büdcəyə 6 milyard manatın cəlbi gözlənir. Bu, köhnə məzənnə (1 dollar=1,05 manat) əsasında hesablanıb və 5,7 milyard dollara bərabərdir. Doğrudur, bu məbləğin formalaşması üçün neftin orta illik qiyməti 50 dolar olmalıdır. Lakin təsəvvür edək ki, neftin orta illik qiyməti 35 dollar olur. Bu halda Neft Fondunun büdcəsi proqnozlaşdırılan 6,3 milyard dollar yox, təxminən 4,5 milyard dollar olacaq. Axırıncı devalvasiyadan sonra isə fondun büdcəyə transferi 5,7 milyard dollar deyil, 3,9 milyard dollar olacaq. Bu o deməkdir ki, neftin orta illik qiyməti 35 dollardan aşağı olmazsa, devalvasiya sayəsində Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasında problem olmayacaq.
500 milyon manat isə xarici neft şirkətlərinin vergi öhdəlikləridir. Onların qazancı neftlə olduğu üçün Neft Fondu ilə bağlı hesablamalar xarici konsorsiuma keçərlidir. Köhnə məzənnə ilə hesablandığı üçün 500 milyon manatın 476 milyon dolların ekvivalenti olduğu nəzərə alınsa, yeni məzənnə ilə bu, 735 milyon manata bərabərdir. Yəni 35 dollarlıq qiymət ssenarisi üçün belə xarici neft şirkətlərinin büdcə öhdəliklərində ciddi problem görünmür.
Gömrük Komitəsinin də öhdəlikləri valyuta dövriyyəsinə bağlıdır. Çünki bütün ödənişlər idxala tətbiq edilir. Burda da ciddi kənarlaşmanın olacağı real görünmür. Hətta problem olsa belə, gizli idxalın leqallaşması sayəsində Gömrük Komitəsi öz öhdəliklərini yerinə yetirə bilər.
Bir sözlə, 14,5 milyard manat büdcə gəlirinin 8 milyard manatı bilavasitə valyuta gəlirlərinə bağlıdır və bu seqmentdə ciddi kəsirin yaranması yalnız neftin qiymətinin 35 dollardan aşağı olduğu təqdirdə baş verəcək”.
Yerdə qalan 6,5 milyard manata gəldikdə, ekspert bu məbləğin də büdcəyə çatdırılmasında problem yaşanmayacağına əminlik ifadə edir: “Bu, SOCAR və Vergi Nazirliyinin öhdəliyidir. SOCAR-ın yükü təxminən 1,3 milyard manatdır: ötən ildəkindən 200 milyon manat az. Bu şirkətin gəlirlərinin azı 70%-nin daxili bazarda formalaşdığını, daxili qiymətlərin isə sabit olduğunu nəzərə alsaq, SOCAR da vergi öhdəliyini yerinə yetirməkdə problem hiss etməməlidir.
Vergilər Nazirliyinin üzərində qalan 5,2 milyard manat öhdəliyə gəldikdə, devalvasiya nəticəsində gündəlik tələbat mallarının satış dövriyyəsinin 40-45% böyüdüyü şəraitdə Vergilər Nazirliyinin bu proqnozu icra edə bilməyəcəyi real görünmür. Xüsusilə nəzərə alanda ki, dövriyyə vergilərindən daxilolmalar bu gəlirlərin azı yarısını təşkil edir.
Bir sözlə, manatın son devalvasiyası hazırkı gəlir proqnozları çərçivəsində istər Neft Fondunu, istərsə dövlət büdcəsini sığortalayıb. Neftin 35 dollardan aşağı düşməsi hökuməti böhran büdcəsi hazırlamağa vadar edəcək. Hərçənd ölkə böhranın tam ortasında olsa da, hökumət bunu etiraf etmir”.
Ötən il Ukraynada 43,3% inflyasiya olub
06.01.2016
2015-ci ildə Ukraynada 43,3% inflyasiya gedib. Novator.az xəbər verir ki, hesabatı yanvarın 6-da Ukrayna Dövlət Statistika Xidməti yayıb.
Məlumata görə, istehlak qiymətlərinin indeksi 2015-ci ilin dekabrında 100,7%, ümumilikdə il ərzində 143,3% təşkil edib.
İl ərzində təbii qazın qiyməti 3,4 dəfə artıb. 2015-ci ildə ölkədə isti su və isitmə sistemi 78,4%, elektrik enerjisi 66,9%, tərəvəz 66,7%, günəbaxan yağı və yumurta 59,4%, alkoqolsuz içkilər 57,8% bahalaşıb.
Dövlət nəşriyyatı çap xərcini 25% artırdı
06.01.2016
Prezidentin İşlər İdarəsinə tabe olan “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov qəzet redaksiyalarına məktub yollayaraq çap qiymətlərinin 25% artırıldığını bəyan edib. Artım qərarı yanvarın 5-dən qüvvəyə minib.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Musavat.com-a açıqlamasında bildirib ki, “Azərbaycan” nəşriyyatının qərarı məyusluqla qarşılanıb: “Bu, vəziyyəti onsuz da ağır olan çap mediasının sonu anlamına gəlir. Onsuz da qəzetlər çap xərclərini vaxtında və tam ödəyə bilmirdilər, nəşriyyata borc yaranırdı. Qiymət artımından sonra yığılan borcların həcmi də artacaq. Təbii ki, sonsuzluğa qədər bu cür davam edə bilməz. Borcları artan qəzetlər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaq”.
Gündəlik nəşrlər olan “Azadlıq” və “Yeni Müsavat” qəzetləri yanvarın 5-dən satış qiymətlərini artırıb. “Azadlıq”ın satış qiyməti 50 qəpikdən 60 qəpiyə, “Yeni Müsavat”ın satış qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb.
Bu artımlar ötən il dekabrın 21-də baş vermiş devalvasiya ilə əlaqələndirilir. Ötən il dekabrın 21-dən manat üzən məzənnə rejiminə keçirilib. Həmin gün 1 dolların rəsmi kursu 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu daha yuxarıdır.
Dolların kursu sabit qaldı, Mərkəzi Bankdan isə yasaq gəldi
07.01.2016
Azərbaycan manatının dollara rəsmi məzənnəsi yanvarın 7-si ötən günlə müqayisədə dəyişməz qalıb. Mərkəzi Bank 1 dolların rəsmi məzənnəsini 1,5626 manat səviyyəsində saxlayıb. Bu, ötən il dekabrın 21-i manat üzən məzənnə rejiminə keçəndən sonra ilk belə haldır. Devalvasiyaya qədər 1 dollar 1 manat 5 qəpiyə idi. Dekabrın 21-də kurs 1 manat 55 qəpiyə qalxmış, sonra hər gün yüksələn xətlə getmişdi.
Avro isə yanvarın 7-də manata nəzərən möhkəmlənib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu ötən günlə müqayisədə 1,6796 manatdan 1,6913 manata qaldırıb.
Bu arada Mərkəzi Bankın İdarə Heyəti 28 iyun 2006-cı il qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı qüvvədən salaraq yeni qaydalar qəbul edib. APA-nın məlumatına görə, yanvarın 6-da qüvvəyə minən yeni qaydaya əsasən, mübadilə şöbəsində müştərinin 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Əvvəlki qayda 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmasını nəzərdə tuturdu.
Üçillik iqtisadi proqnozlar açıqlanıb
07.01.2016
Dünya Bankı qlobal iqtisadi proqnozlarını açıqlayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı 2 faiz artıb. 2016-cı ildə isə artımın 0,8 faizə düşəcəyi təxmin edilir. Proqnoza əsasən, 2017-ci ildə 1,2 faiz, 2018-ci ildə isə 2,7 faiz artım qeydə alınacaq.
2016-cı ildə Ermənistanda 2,2 faiz iqtisadi artım proqnozlaşdırılır, 2017-ci ildə 2,8 faiz, 2018-ci ildə 3 faiz artım olacağı güman edilir.
Gürcüstanda iqtisadi artım proqnozları 2016-cı il üçün 3 faiz, 2017-ci il üçün 4,5 faiz, 2018-ci il üçün 5 faizdir.
Qazaxıstan üçün bu il 1,1 faiz, gələn il 3,3 faiz, 2018-ci ildə 3,4 faiz artım proqnozu verilir.
Rusiyada bu il iqtisadiyyatın 0,7 faiz geriləyəcəyi, gələn il 1,3 faiz artacağı proqnozlaşdırılır.
Dünya iqtisadiyyatı, proqnoza görə, 2016-cı ildə 2,9 faiz qalxacaq. Hindistanda 7,8 faiz iqtisadi artım gözlənir.
Xarici valyutanın alış və satış qaydalarında yeniliklər
07.01.2016
Transparency.az Mərkəzi Bankın 29 dekabr 2015-ci ildə qəbul etdiyi, 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı oxucuların diqqətinə çatdırır (Qaydalar).
Qaydaların “Ümumi müddəalar” bölümündə qeyd olunur ki, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankın verdiyi icazə əsasında fəaliyyət göstərir. Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir.
Sənədin “Əməliyyatların aparılması” bölümünə əsasən, mübadilə şöbələrində bu əməliyyatlar həyata keçirilir:
- nağd xarici valyutanın nağd manatla alınması və satılması;
- xarici valyutada yol çeklərinin nağd manatla və nağd xarici valyuta ilə alınması və satılması;
- bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;
- xarici dövlətin pul nişanlarının həmin xarici dövlətin başqa pul nişanlarına dəyişdirilməsi;
- pos-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi;
- nağd xarici valyutanın həqiqiliyin yoxlanılması üçün ekspertizaya qəbul edilməsi.
Qaydaya görə, bankın əmri ilə mübadilə şöbələrinə milli və xarici valyutada avansın məbləği üzrə limit təyin edilir. Avanslar bankda müəyyən edilmiş limit həcmində şöbəyə əməliyyat günü müddətinə verilir. Mübadilə şöbəsində bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri qurtardığı hallar istisna olmaqla mübadilə şöbəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
Qaydanın “Məzənnənin müəyyən edilməsi” bölümünə əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.
Neft son 12 ilin ən aşağı qiymətinə təklif olunur
07.01.2016
AZƏRTAC-ın 7 yanvar məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barreli 2004-cü ildən bəri ən aşağı qiymətə satılır. Brent”in bir barreli Londonun İCE birjasında 32,67 dollara düşüb. “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 32,54 dollara təklif edilir.
“AzəriLayt” markalı neftin bir barreli ötən günlə müqayisədə 1,59 dollar ucuzlaşaraq 35,77 dollar olub.
Sülhməramlı qrup Əfqanıstana yola düşdü
07.01.2016
NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu Əfqanıstana yola salınıb. Xəbəri yanvarın 7-də Müdafiə Nazirliyi yayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci ildən başlayıb. Hazırda Silahlı Qüvvələrin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Devalvasiyalar nə qədər qiymət artımına gətirib? (Bir mağazadan nümunə)
07.01.2016
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında 100 faiz ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Devalvasiyalar ölkədə nə qədər bahalaşmaya gətirib? Transparency.az/cnews Bakının ərzaq mağazalarının birində sorğu apararaq minimum istehlak səbətinə daxil olan bəzi məhsulların son bir ildə, iki devalvasiya dalğasında nə qədər bahalaşdığını öyrənib.
Mağazada bildiriblər ki, 2015-ci ilin 21 fevral devalvasiyasına qədər 1 kiloqramı 40 qəpiyə olan buğda unu hazırda 65 qəpiyə satılır (62,5% bahalaşma). Buğda çörəyinin qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb (25% bahalaşma).
Digər məhsullar üzrə qiymət fərqi belədir:
1 kiloqram yumru düyü – 90 qəpikdən 1manat 45 qəpiyə artım (61,1%)
1 kiloqram qarabaşaq yarması – 1 manatdan 1 manat 60 qəpiyə artım (60%)
0,5 kiloqram makaron – 80 qəpikdən 1 manat 30 qəpiyə artım (62,5%)
1 kiloqram pomidor 2 manatdan 3 manat 50 qəpiyə artım (75%)
1 kiloqram toyuq əti – 2 manat 70 qəpikdən 3 manat 60 qəpiyə artım (33,3%)
İl ərzində kolbasa və sosiskada 42,3%, süddə 21,7%, kəsmikdə 28%, pendirdə 16%, balıq və balıq məhsullarında 52% bahalaşma gedib.
1 ədəd yumurta isə 7 qəpikdən 19 qəpiyə qalxıb. Bu 171,4% bahalaşma deməkdir.
Şəkərdə 42,8%, qənnadı məmulatında 25% bahalaşma qeydə alınıb.
Bitki yağı bir ildə 56%, mal-qara yağı 69,2%, çay 88,8%, duz 60% bahalaşıb.
Göstərilən ərzaq məhsulları üzrə orta bahalaşması 55,4% həddindədir.
Nazirlik insan alveri qurbanları ilə bağlı illik statistika açıqlayıb
07.01.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2015-ci ildə 77 nəfər şəxsi müvafiq yardımlarla təmin edib. Transparency.az-a verilən rəsmi məlumata görə, həmin şəxslərdən 58 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən yönləndirilmiş insan alveri qurbanları, 19 nəfəri isə insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər olub.
Hesabata əsasən, qeyd olunan insanların bir hissəsi eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Onlardan 22 nəfərinə hüquqi, 26 nəfərinə psixoloji, 8 nəfərinə tibbi yardımlar göstərilib, 9 nəfəri sığınacaqda yerləşdirilib. 18 nəfərin məşğulluğunun təmin olunması, 12 nəfərinin peşə hazırlığına cəlb edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə tədbirlər görülüb.
Ekspert valyuta mübadiləsində 500 dollarlıq limiti səhv qərar sayır
07.01.2016
“Mərkəzi Bankın “yalnız 500 dollar” qaydası böyük növbələr, qara bazar təhlükəsi yarada bilər”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın xarici valyuta alğı-satqısı ilə bağlı son qərarını şərh edərkən belə proqnoz verib.
Mərkəzi Bankın İdarə Heyəti 28 iyun 2006-cı il qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı qüvvədən salaraq yeni qaydalar qəbul edib. Yanvarın 6-da qüvvəyə minən yeni qaydaya əsasən, mübadilə şöbəsində müştərinin 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Əvvəlki qayda 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmasını nəzərdə tuturdu.
Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank bu addımla dollara olan tələbi inzibatı yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır, amma çox kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq: “Şəxsiyyət vəsiqəsi ilə valyuta satmaq valyutadəyişmə məntəqələrindən əlavə zaman alacaq və onların işi çətinləşəcək. Məntəqələrin qarşısında uzun növbələrin yaranacağı gözlənir.
Bu qərarın icrasında ən böyük risk qara bazarın yaranmasıdır. Şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmə və növbəyə dayanmaq istəməyənlər qara bazarda daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq.
Şəxsiyyət vəsiqəsi ilə valyuta satılması üçün 500 dollar deyil, daha yüksək məbləğ, məsələn, əvvəlki kimi 5000 dollar qoymaq məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil”.
Mənfi nəticələrin qarşısını almaq üçün Vüqar Bayramov valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməyi məsləhət görür: “Mərkəzi Bank tədbir görməlidir ki, şəxsiyyət vəsiqəsi ilə valyuta alışı vaxt aparmasın. Şəxsiyyət vəsiqəsi ilə xarici valyutanın satıldığı bəzi ölkələrdə bu iş elektron formada həyata keçirilir. Şəxsiyyət vəsiqəsi xüsusi avadanlığa yaxınlaşdırılmaqla qeydə alınır, qısa zamanda elektron məlumat hazırlanır. Bu prosesin Azərbaycanda da elektronlaşdırılması növbələri və ajiotajı önləyər”.
Mərkəzi Bankın 29 dekabr 2015-ci ildə qəbul etdiyi, 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”na əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.
Vüqar Bayramovun fikrincə, bununla Mərkəzi Bank tələb artdığı halda manatın ucuzlaşmasına start verir: “Düzdür, Mərkəzi Bank bununla həmçinin qara bazarın qarşısını almağa çalışır. Amma reallıqda bu müddəa manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır”.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında 100 faiz ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Gömrükdə mal rəsmiləşdirmək sürətləndirildi
07.01.2016
Dövlət Gömrük Komitəsi malların rəsmiləşdirilməsi ilə bağlı yeniliyə imza atıb. Transparency.az komitənin mətbuat xidmətinin 7 yanvar məlumatına istinadla bildirir ki, indi sahibkarlar idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcək. Beynəlxalq təcrübədə müsbət qəbul olunduğu deyilən yeniliyin məqsədi gömrük rəsmiləşdirməsini daha çevik və şəffaf həyata keçirmək, həmçinin müxtəlif bürokratik əngəlləri və vaxt itkisini aradan qaldırmaqdır.
Rəsmi məlumatda qeyd olunur ki, yeniliyə əsasən, fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək qabaqcadan qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandıra bilər: “Sahibkarlar üçün əsas üstünlük ondan ibarətdir ki, gömrük orqanları idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcək. Nəticədə sərhəd buraxılış məntəqələrində bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin ediləcək, gömrük rəsmiləşdirməsi daha çevik, vaxt itkisi olmadan həyata keçiriləcək.
Bu xidmətdən yararlanmaq üçün sahibkarlar Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilər”.
Çin ötən ay 108 milyard dollar itirib
07.01.2016
2015-ci ildə Çinin beynəlxalq ehtiyatları 512,6 milyard dollar azalaraq 3,33 trilyon dollara düşüb. Novator.az xəbər verir ki, Çin Xalq Bankı yanvarın 7-də belə hesabat yayıb.
Hesabata görə, yalnız ötən ilin dekabrında Çinin beynəlxalq ehtiyatları 108 milyard dollar azalıb.
Bu gün Çində milli valyutanın (yuan) kursu 2011-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb. İndi 1 dollar 6,5 yuana satılır.
Çinin aparıcı fond birjalarında yanvarın 7-də 7% düşmə qeydə alınıb və birjalar alış-verişi dayandırmağa məcbur olublar.
Manat həm dollara, həm avroya nisbətdə ucuzlaşdı
08.01.2016
Azərbaycan manatının dollara rəsmi məzənnəsi yanvarın 8-i ötən günlə müqayisədə artıb. Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5626 manatdan 1,5642 manata qaldırıb.
Avro da yanvarın 8-də manata nəzərən möhkəmlənib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7009 manat təyin edib. Ötən gün kurs 1,6913 manat idi.
2015-ci il dekabrın 21-i manat üzən məzənnə rejiminə keçənədək 1 dollar 1 manat 5 qəpiyə idi.
Yeni ilin domen statistikası
08.01.2016
Bu il Azərbaycanda 76 domen qeydiyyata alınıb. İndi qeydiyyatda 24 min 454 domen var. Bu göstəricinin 22 min 736-sı birinci səviyyəli “.az” domen zonasının payına düşür. Qeydiyyata alınan ikinci səviyyəli domenlər arasında isə “.com.az” (1028) , “.edu.az” (246) və “.org.az” (118) üstünlük təşkil edir.
Xəbəri AZƏRTAC Whois.az saytına istinadla yayıb.
Natiq Kərimova dövlətə xəyanət ittihamı irəli sürülüb
08.01.2016
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 7-də həbs edilib. Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin bu barədə rəsmi məlumatına görə, Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Transparency.az xatırladır ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda 2-i polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırov və xeyli başqa şəxs tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Həmin il dekabrın 1-də Nardarana Daxili Qoşunlar və nizami polis hissələri xüsusi texnikası, şəxsi heyəti yeridilib, qəsəbə xüsusi əməliyyat zonası elan edilib. Dekabrın 8-da Baş Prokurorluğun təqdimatı ilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub. Rəsmi məlumata görə, Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur. O, Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilir.
Neft Fondu Milanda 97 milyon avroluq bina alır
08.01.2016
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən, dəyəri 97 milyon avro olan “Palazzo Turati” ofis binasının satın alınmasına dair razılıq əldə edib. Transparency.az-a verilən rəsmi məlumata görə, bu, ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.
Ümumi sahəsi 10360 kvadratmetr olan bina 1880-ci ildə tikilib, yenicə əsaslı təmir olunub. “Palazzo Turati” ofis binasını 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası icarəyə götürüb. Binanın satıcısı qismində “Texnoholdinq S.P.A.” çıxış edir.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. 1 dekabr 2015-ci ilə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33,6 milyard ABŞ dollarıdır.
Dövlət komitəsinin illik hesabatı yayılıb
08.01.2016
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildə görülən işlərə dair hesabat yayıb. Hesabata görə, il ərzində 66 standart işlənib dövlət qeydiyyatına alınıb: “Komitədə tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb. Onlardan 17 standartın ləğv olunaraq yenidən işlənməsi, 18 standarta dəyişiklik edilərək müasir normalara uyğunlaşdırılması qərara alınıb, digər 67 standartın isə müasir tələblərə uyğun gəldiyi müəyyən olunub.
BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında 75 dövlət standartı təsdiqlənərək standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilib. Hazırda həmin standartların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün tərcümə işləri aparılır”.
Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2015-ci ildə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 patent verilib, onlardan 79 ədədi milli, 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub: “Faydalı modelə dair 12 patent qeydiyyata alınıb, onlardan da 9 ədədi milli, 3 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 18 patent verilib (7 ədədi milli, 11 ədədi xarici fiziki və hüquqi şəxslərə məxsus).
Ötən il dövlət reyestrində 1755 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 813 ədədi milli, 942 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 4 ədəd şəhadətnamə milli fiziki şəxs adına qeydiyyata alınıb.
Sənaye mülkiyyəti obyektləri üzrə 61 ədəd müqavilə qeydiyyata alınıb. Onlardan 55 ədədi əmtəə nişanları üzrə hüquqların verilməsinə, 5 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə, 1 ədədi ixtira üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir”.
Sənədə görə, 2015-ci ilin on ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verilib: “Dövlət nəzarəti qaydasında aparılan yekunlaşmış yoxlamaların 855-i, yəni 53%-i ərzaq məhsullarının, 474-ü, təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i, yəni 17.8%-i dövlət metroloji nəzarətə aid olub.
Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib. İnzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210 min 500 manat məbləğində cərimələr tətbiq edilib.
İstehlak bazarından sınaqların aparılması üçün 273 adda müxtəlif növ məhsullardan nümunələr seçilərək müvafiq laboratoriyalara təqdim edilib. Təqdim edilmiş məhsullardan 51-i standartın tələblərinə cavab verməyib”.
Bir hakimiyyətin qurduğu iqtisadiyyat başqa hakimiyyətin dövründə necə geriləyib
08.01.2016
İqtisadçı ekspert Rövşən Ağayev Gürcüstan iqtisadiyyatının indiki hakimiyyətin dövründə geriləməsinə dair rəqəmlər açıqlayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Gürcüstanın əvvəlki prezidenti Mixail Saakaşvili hakimiyyətə gələndə ölkənin ixracı cəmi 646 milyon dollar idi, illər ərzində rəqəm 2,9 milyard dollara yüksəlmişdi. Saakaşvilinin 10 illik hakimiyyəti dövründə ixrac hər il 200-300 milyon dollar, bəzi illərdə 500 milyon dollar artırdı. Yeni hakimiyyətin dövründə ixrac 800 milyon dollara qədər azalaraq 2,1 milyard dollara enib.
Saakaşvili hakimiyyətə gələndə Gürcüstanın büdcəsi cəmi 640 milyon dollar idi, sonra 4,2 milyard dollara yüksəlmişdi. 10 illik hakimiyyəti dövründə büdcə hər il 150-200 milyon, bəzi illərdə 400 milyon dollar artırdı. Yeni hakimiyyətin zamanında büdcə 800 milyon dollara qədər azalaraq 3,4 milyarda enib.
Komandanın peşəkarlığı və gücü həlledicidir, bunu danmaq olmaz. Hakimiyyətlərin dövri dəyişməsinin bir üstünlüyü də budur: cəmiyyət siyasi partiya və liderlərin gücünü, bacarığını görüb seçimini edə bilir”.
Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. 2013-cü ildən ölkəni Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası idarə edir.
2015-ci ilin mayında Saakaşvili Ukrayna vətəndaşlığını alıb və hazırda Odessa vilayətinin qubernatorudur. Ölkəsində onun haqda cinayət işi başlanıb və sabiq prezident beynəlxalq axtarışa verilib. Ötən il dekabrın 4-də Gürcüstan prezidenti Georgi Margvelaşvili keçmiş prezidentin ölkə vətəndaşlığından məhrum edilməsi haqda sərəncam imzalayıb.
Obamanın silahlara məhdudiyyət təklifini nə qədər adam bəyənir?
08.01.2016
Amerika əhalisinin üçdə ikisi prezident Barak Obamanın silah dövriyyəsinə məhdudiyyət qoyulması təklifini dəstəkləyir. Novator.az xəbər verir ki, CNN telekanalının və ORC sosioloji sorğu şirkətinin apardığı ictimai rəy sorğusu bunu göstərib.
Rəy sorğusunun nəticələri yanvarın 7-də açıqlanıb.
Obama bu həftə bütün silah alıcılarını, o cümlədən internetlə və silah sərgilərində silah alanları yoxlamağı tapşırıb. ABŞ prezidenti yalnız qanuni sahibinin əlində tətiyi çəkilə bilən “ağıllı” silahların hazırlanması barədə də təşəbbüs irəli sürüb.
Konqresin razılığı olmadığına görə Obamanın silahlara təklif etdiyi məhdudiyyət yarımçıq xarakter daşıyır və bu təkliflərin icrasına Konqresin razılığı olmadan başlansa, ABŞ-da silahlarla bağlı situasiya cüzi dəyişə bilər. Silah lobbisi təkliflərə qarşı məhkəmə iddiası qaldırıb udarsa, onda prezidentin ideyası tamamilə kağız üzərində qala bilər.
CNN və ORC-nin apardığı sorğunun nəticələrinə görə, ABŞ əhalisinin 67%-i prezidentin təklifləri ilə razılaşır. Ancaq sorğu iştirakçılarının onundan altısı, o cümlədən silah sahiblərinin 75%-i hesab edir ki, təklif olunan tədbirlər silahla törədilən zorakılıqların sayını azaltmayacaq. Sorğuda Obamanın təklifini dəstəkləyənlərin də yalnız 57%-i bu tədbirlərin effektiv olacağına inandığını bildirib.
Respondentlərin 44%-i Obamanın islahatları öz fərmanları ilə keçirmək cəhdini dəstəkləyib, 54%-i isə bunun əleyhinə çıxıb.
Sorğu bu il yanvarın 5-6-da ABŞ əhalisinin həddi-buluğa çatmış 1000 nəfərdən çox vətəndaşı arasında aparılıb.
Davos forumunun proqramı bəlli olub
08.01.2016
Yanvarın 20-dən 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb. AZƏRTAC www.weforum.org-a istinadla xəbər verir ki, forum “Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil ediləcək. Forumda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə də dair fikir mübadiləsi aparılacaq.
Davos Dünya İqtisadi Forumu hər il keçirilir və burada bir sıra ölkələrin siyasi liderləri iştirak edir.
Rəsmi: əmək qanunvericiliyinin pozulması faktları 27,6 faiz azalıb
08.01.2016
Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində 14 min 769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır.
İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə sahələrində qeydə alınıb.
Qeyd olunur ki, hesabat dövründə aşkarlanan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6 faiz azalıb.
Ədliyyə Nazirliyinin müsabiqəsində 6 nəfər uğur qazanıb
08.01.2016
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq üçün test imtahanından keçmiş 48 namizədlə müsahibənin nəticələri bəllidir: “Qeyri-hökumət təşkilatları nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 6 nəfər müvəffəqiyyət qazanıb. Elan olunmuş notarius vakansiyaları üzrə ən yüksək bal toplamış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edib.
Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlər Acalov Emil İsmixan oğlu, Əhmədov Mübariz Tahir oğlu, Məmmədov Zaur Əliş oğlu, Mirzəzadə İslam Natiq oğlu, Qurban Tamerlan Abdulqafur oğlu, Şirvanov Əlixan Fətulla oğlu yanvar ayının 11-də Ədliyyə Akademiyasında olmalıdırlar”.
Vergilər Nazirliyi büdcə proqnozuna 100 faizdən artıq əməl edib
08.01.2016
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar haqqında məlumat yayılıb. Rəsmi hesabata görə, ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.
Banklar dolları neçəyə alıb-satır?
08.01.2016
Mərkəzi Bankın 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydalarına əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Transparency.az yanvarın 8-də bəzi bankların dollar üzrə təqdim etdiyi məzənnələrə nəzər salıb:
Bank
|
Alış
|
Satış
|
Accessbank
|
1,5590
|
1,6600
|
AFB BANK
|
1,5600
|
1,7000
|
Əmrah Bank
|
1,5600
|
1,8500
|
Atrabank
|
1,6000
|
1,8000
|
Azərbaycan Beynəlxalq Bankı
|
1,5564
|
1,6930
|
Azərbaycan Sənaye Bankı
|
1,5600
|
1,6800
|
Bank of Baku
|
1,5900
|
1,6800
|
Bank BTB
|
1,6000
|
1,8900
|
Dəmirbank
|
1,5635
|
1,8300
|
Muğanbank
|
1,5640
|
1,7500
|
NBC Bank
|
1,5600
|
1,6800
|
Nikoyl
|
1,5642
|
1,7832
|
Paşa Bank
|
1,6500
|
1, 7700
|
Unibank
|
1,5642
|
1,7500
|
Do'stlaringiz bilan baham: |