Türkiyənin Cənubi Qafqaz siyasəti
Prof. Gülzar İBRAHİMOVA
Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki, Türkiyə bir sıra iqtisadi və texniki sahələrdə hökumət və qeyri-hökumət səviyyələrində əməkdaşlığı möhkəmləndirmək yolu ilə regionda sabitliyi təmin etmək üçün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis edilməsinə kömək etmiş, eləcə də Cənubi Qafqazın yeni suveren dövlətlərinin iqtisadi və siyasi müstəqilliyi üçün müvafiq islahatları dəstəkləmişdir. Həmçinin Türkiyənin Cənubi Qafqazdakı proseslərə hərbi yolla müdaxilə imkanı, “Qafqaz sabitlik paktı”nın uğursuzluğu, regional layihələrin əhəmiyyəti, etnik qarşıdurmalarda Türkiyənin mövqeyi, ticarət və iqtisadi məsələlər istiqamətində yürütdüyü siyasət şərh edilir.
Açar sözlər: Cənubi Qafqaz, siyasət, iqtisadi, hərbi, regional layihələr
Southern Caucasus Policy of Turkey
Abstract: The article deals with the post cold war policy of Southern Caucasus of Turkey. It is noted that Turkey helped establish Black Sea Economic Co-operation Organisation for providing regional stability by means of strengthening of co-operation in several economic and technical fields and on governmental and non-governmental levels. The state also supported appropriate reforms for economic and political independence of new sovereign states of Southern Caucasus. The possibility of interference of Turkey processes in Southern Caucasus by means of military, fail of “Caucasian Stability Pact”, value of regional projects, position of Turkey in ethnic confrontation, policy in the spheres of trade and economic issues are discussed.
Keywords: South Caucasus, political, economic, military and regional projects
Giriş
Soyuq müharibədən sonrakı dövrdə Türkiyənin geosiyasi və geostrateji planda əhəmiyyətinin artması və bu faktın Qərb tərəfindən tanınması Türkiyənin xarici siyasət kursunun Cənubi Qafqazda da aparılmasında həlledici amillərdən olmuşdur. Bu, bir neçə səbəblərlə şərtlənirdi. Əvvəla, Rusiya və İran tərəfindən regiona aktiv müdaxilə imkanları, eləcə də Rusiyanın Gürcüstan və Ermənistanda hərbi iştirakı Türkiyə üçün Cənubi Qafqazın ilk öncə təhlükəsizlik baxımından xüsusi dəyərləndirilməsini tələb edirdi. İkincisi isə isə siyasi kontekstdə türkdilli dövlətlərin özünəməxsus lideri və təmsilçisi olmaqla Türkiyə, avropalıların nəzərində öz mövqelərini möhkəmləndirə bilərdi və bu durum Türkiyənin beynəlxalq miqyasda təcridolunma ehtimalını da aradan qaldırardı (Oran, 1998:463).
1990-cı illərin əvvəllərində xarici və daxili vəziyyət Türkiyənin müxtəlif siyasi qüvvələrini xarici siyasət kursunun hazırlanmasında iştiraka sövq etdi ki, bu da xarici siyasi qərarların qəbulu prosesində yetərincə mürəkkəblik yaratdı. Konkret nazirliklərin (Mədəniyyət və Energetika nazirlikləri) və ayrı-ayrı dövlət şirkətlərinin (BOTAŞ və TPAO) də XİN-in Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri ilə bağlı siyasətinini dəstəkləməsində dəyişkən mövqe göstərməsi Türkiyənin Cənubi Qafqaz siyasətinin qeyri-ardıcıllığına gətirib çıxartdı.
1.Türkiyənin Cənubi Qafqaz Siyasətində Region Dövlətlərinin Ərazi Bütöblüyü və Suverenlik Məsələləri
Türkiyənin Cənubi Qafqazda apardığı siyasət “rəsmi xətt” adlanan istiqaməti yaradan bir sıra aparıcı vəziyyətlərə əsaslanır ki, (Gareth, 2000:58) burada region dövlətlərinin ərazi bütövlüyü və suverenliyi ayrıca qeyd olunur. Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmiş və Gürcüstanın parçalanmasının əleyhinə çıxmışdır. Ankara, həmçinin, Çeçenistan və Şimali Qafqazın digər rayonlarındakı proseslərə qarışmamağa çalışmış, Türkiyə hökumətinin PKK-ya qarşı mübarizəsində Moskvanın qisas ala biləcəyindən və bu partiyaya dəstək göstərəcəyindən ehtiyatlanmışdır (Oran, 1998:455-467). Türkiyə XİN öz fəaliyyətini münaqişələrə deyil, əməkdaşlığa istiqamətlənmiş hərəkətlər kimi təsnif edir və Qafqazın hərtərəfli tərəfdaşlıq obyekti olmasına təkid edir: hər hansı mübahisəli vəziyyət dinc yollarla həll edilməlidir. Bu məqsədlə də Türkiyə ATƏT, BMT və NATO kimi müxtəlif beynəlxalq təşkilatlarla iş aparır. Bundan başqa, Türkiyə Qafqazda regional təşəbbüslərin fəal sponsopu qismində çıxış edir. Belə ki, 1992-ci ildə o, bir sıra iqtisadi və texniki sahələrdə hökumət və qeyri-hökumət səviyyələrində əməkdaşlığı möhkəmləndirmək yolu ilə regionda sabitliyi təmin etmək üçün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) təsis edilməsinə kömək etmişdir.
Türkiyənin digər məqsədi Cənubi Qafqazın yeni suveren dövlətlərinin iqtisadi və siyasi müstəqilliyi üçün dayaq yaratmaq idi. Bununla bağlı olaraq müvafiq islahatları dəstəklənmişdir. Türkiyə Cənubi Qafqazdakı proseslərə xüsusən də hərbi yolla müdaxilə etməkdən çəkinmişdir. O, həmçinin ikitərəfli müdafiə öhdəliklərindən imtina etməyə çalışmışdır. Türkiyənin Qafqaz siyasətini dəyişdirən xarici parametrlər arasında, regionun ən vacib dövləti olan Rusiyanın təqib etdiyi siyasət və həyata keçirdiyi təşəbbüslər mühüm yer tuturdu və Türkiyə XİN Rusiyanın Cənubi Qafqazda hökmranlığına və regionda nüfuzunun artmasının bərpasına imkan verməməyə çalışırdı.
1998-ci ildən sonra Ankara öz diqqətini Qafqazda və Mərkəzi Asiyada cəmləşdirdi. Bunun bir çox səbəbləri vardı. Əvvəla, Suriya lideri Hafiz əl-Əsədin Türkiyənin hərbi təhdidi qarşısında siyasi kapitulyasiyasından sonra bu ölkənin Yaxın Şərqdə hərbi amilin qabağını alan bir ölkə kimi obrazı daha nəzərəçarpan oldu. İkincisi, İraqın şimalında PKK-ya qarşı uğurlu əməliyyatlar, həmçinin Keniyada onun liderinin saxlanması ölkədə daxili vəziyyətin normallaşmasına kömək etdi. Üçüncüsü, 1997-ci ildə Çillər-Ərbakan hökumətinin süqutundan sonra ölkə islam ekstremizminin və terrorizmin təhdidinə qarşı uğurla davam gətirə bildi. Daha kəskin xarakter daşıyan daxili və xarici problemləri tədricən həll edən Türkiyə region dövlətləri yanında “nüfuz” sahibi olmaq üçün lazımi hərbi potensiala və siyasi iradəyə malik olmağa çalışırdı.
Xarici siyasətində prioritet vəzifələrə aid edilən türk respublikaları ilə münasibətlərin möhkəmləndirilməsi və onların hökumətlərinin dəstəklənməsi (Hürriyet, 09.08.2001) üçün Türkiyə 2001-ci ildə regiona yeni diplomatik “hücuma” keçməyi qərara aldı. Bu məqsədlə:diplomatik nümayəndələrin sayını və keyfiyyətini artırmaq; regional dövlətlər, xüsusilə Azərbaycan və Özbəkistanla hərbi əlaqələri gücləndirmək və onlara daha çox yardım etmək; Qarabağ münaqişəsinə, Xəzər dənizinin statusuna, eləcə də islam terrorçuluğuna “xüsusi diqqət” yetirmək; müvafiq hökumət idarə və təşkilatlarının fəaliyyətində dəqiq koordinasiyanı nizamlamaq nəzərdə tutulurdu. (Radikal, 01.02.2000:10)
Azərbaycanın Rusiya dairəsindən çıxarılması üçün xeyli səylər göstərildi. Kiril qrafikalı əlifbanın rəsmi əlifba kimi ləğv olunması Azərbaycanın Rusiya mədəni sferasından çıxması yolunda çox əhəmiyyətli addım oldu. (Milliyet, 31.06.2001) 1999-cu ilin yanvarında Azərbaycan prezidentinin xarici məsələlər üzrə müşaviri V. Quluzadə NATO-nun hərbi bazalarının Abşeron yarımadasında yerləşdirilməsi ideyasını və boru kəmərlərinin mühafizə olunması məqsədilə Türkiyə ilə formal hərbi ittifaq yaradılması təklifini verdi. Azərbaycan Milli Konqres Partiyasının sədri İ. Şirinov da bunun lehinə çıxış etdi. Bundan başqa, o, Türkiyə ilə hərbi əməkdaşlıq haqqında müqavilə imzaladı və NATO və Türkiyə hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsi fikrini dəstəklədi. (Kuzio, Taras, “Geopolitical,104) Müəllimləri, əsasən, türk zabitləri olan Azərbaycan Hərbi Akademiyası 25 avqust 2001-ci ildə ilk məzunlarını buraxdı. (Cumhuriyet, 26.08.2001).
Türkiyə Prezidenti S. Dəmirəl 14 yanvar 2000-ci ildə Gürcüstana rəsmi səfəri zamanı “Qafqaz sabitlik paktı” ideyasını irəli sürdü. Paktın ATƏT-in bütün üzv-dövlətləri üçün açıq olması və onun norma və dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. S.Dəmrəl Qafqazdakı problemlər bütün Avroatlantik regionunun sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini və paktın həyata keçiriləcəyi halda Mərkəzi Asiyada Xəzər vasitəsilə Türkiyəyə dəhliz açılmasının mükünlüyünü qeyd edirdi. (Emerson, 2000) Ankaradakı rəsmi nümayəndələr əmin edirdilər ki, pakt regionda siyasi durumun sağlamlaşmasına kömək edəcək və bu da öz növbəsində Cənubi Qafqazda etnik münaqişələrin dinc yolla həlli prosesini sürətləndirməklə yanaşı, xarici kapitalın Qafqaza axınını sürətləndirəcək. Ermənistan XİN-in nümayəndəsi bəyan etdi ki, pakt yalnız o zaman imzalana bilər ki, Türkiyə-Ermənistan münasibətləri normallaşsın. (Hürriyet, 18.02.2000). Rusiya da məhz elə bu səbəbi əsas götürmələ paktın gerçəkləşməsiniə yardımçı olmadı (Turkish Daily News, 21.02.2000). “Qafqaz sabitlik paktı” Ankaranın Türkiyənin regional münaqişələrin qarşısını almaq mexanizmi kimi irəli sürdüyü və sponsoprluq etdiyi daha bir diplomatik təşəbbüs olsa da, təklif uğursuzluğa məruz qaldı.
2. Azərbaycan, Gürcüstan və Türkiyə Strateji Əməkdaşlığı
Rusiya hərbçilərinin dəstəyi ilə hərbi qələbələr qazanan ermənilər Türkiyədə ciddi böhrana səbəb olmuşdular. 1993-cü il sentyabrın 4-də Türkiyə Milli Təhlükəsizlik Şurası ermənilərə təzyiq göstərmək məqsədilə Türkiyə-Ermənistan sərhədinə tank və qoşun göndərmək qərarına gəlmiş, bu barədə Moskva və Yerevan rəsmən xəbərdar edilmişdilər. Baş nazir Tansu Çillər hərbçilərin təsiri altında hamının qarşısında bildirmişdi ki, əgər Ermənistan hücuma cəhd göstərərsə, Ermənistanla müharibə mümkündür. (Falgenhaur, 2002:41) “Cənubi Qafqazda Rusiya-Ermənistan-İran birləşməsinin” əmələ gəlməsinə bir növ cavab olaraq, Türkiyə Baş Qərargahı Azərbaycan Respublikası və Gürcüstanla strateji münasibətlər yaratdı. (Turkish Daily News, 01.06.1994)
Belə k, hələ 1991-ci ilin əvvəllərində - Azərbaycan və Gürcüstanla diplomatik münasibətlərin yaradılmasından öncə Baş Qərargahın komandanı Bakıda qəbul edilmiş və Azərbaycan ordusunu dəstəkləmiş (Turkish Daily News, 15-16.10.1991) və bu məqsədlə 1992-ci ildə təxminən 100 nəfər ali və ehtiyatda olan türk zabiti müşavir qismində Azərbaycana göndərildi. Yaradılacaq Azərbaycan Silahlı Qüvvələrinin gənc zabit heyətinə təlim vermək, müxtəlif təkmilləşdirmə kurslarında iştirak etmək, eyni zamanda yaradılan orduya texniki cəhətdən yardım göstərməsi üçün 1992-ci ildə “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında hərbi sahədə elmi, texniki və təlim-tədris üzrə əməkdaşlıq haqqında” Saziş imzalandı və elə həmin ildən etibarən Azərbaycan zabitləri Türkiyənin hərbi məktəblərində təlim keçməyə başladılar (Yəhya, 2011:123-131).Ölkənin hərbi sənaye kompleksini təşkil edən Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin fəaliyyətini gücləndirmək məqsədilə 2000-ci il sentyabrın 20-də Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ilə Türkiyənin hərbi təyinatlı məmulatlar istehsal edən Maşınqayırma və Kimya Sənayesi Qurumu arasında “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Müqavilə imzalandı (Yəhya, 2011:124,126).
1998-ci ilin iyununda Türkiyə Baş Qərargahı komandanının müavini Çevik Bir bildirdi ki, Türkiyə Qafqazda yeni sülhməramlı qüvvələrin yaradılması naminə qətiyyətlə mübarizə aparır və təklif edir ki, bu qüvvələr NATO proqramının himayəsi altında, “Sülh naminə tərəfdaşlıq” proqramı kontekstində formalaşdırılmalıdır (Turkish Daily News, 16.12.1999:58). Türk hərbçiləri bu proqram çərçivəsində azərbaycanlı və gürcü hərbçilərinə təlim keçməyə razılaşır. Türkiyənin iştirakına dəstək verən NATO 1998-ci ildə Ankarada Komanda heyətinin yaradılması üzrə Mərkəz açır və 1999-cu ilin ortaları üçün bu mərkəzi Cənubi Qafqaz dövlətlərindən 313 dinləyici bitirdi. Ermənistanın Rusiyadan 1 milyard dollarlıq silah alması barədə məlumatdan sonra 1997-ci ildə Heydər Əliyevin Ankaraya səfəri zamanı strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında birgə Azərbaycan-Türkiyə Bəyannaməsi imzalandı (Cumhuriyet, 06.05.1997). Türkiyənin hərbi-ticarət əməliyyatlarına gəlincə, Azərbaycan türk silahları üçün satış bazası olan 18 ölkə sırasındadır. 1998-ci ilin aprelində Ankaraya səfər edən Azərbaycan Silahlı Qüvvələrinin komandanı Türkiyəyə təklif etdi ki, ABŞ-ın lisenziyası əsasında istehsal edilən F-16 qırıcı təyyarələrini Azərbaycana satsın (Blank, 1999:451).
Türkiyə və Gürcüstan hərbçiləri arasında əməkdaşlıq ilk əvvəl passiv olmuş, belə ki, 1996-cı ildə Şevardnadze Tokiodakı çıxışı zamanı qeyd etmişdi ki, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq Gürcüstan ərazisində türk hərbi bazalarının yaradılması demək deyil. 1997-ci ildə gürcü zabitləri Türkiyədə təlim keçməklə başlamışdı. Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadzenin (may,1998) vaxtından isə bu əlaqələr fəallaşdı. (Glen, 1998) 1997-ci ilin mayında Gürcüstan parlamentinin Müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Revaz Adamiya Ankaraya səfərinin gedişində bildirdi ki, Türkiyə Rusiyanın başçılıq etdiyi missiyanın əvəzinə Abxaziyada yeni sülhməramlı qüvvələrin genişlənməsinə kömək edə bilərdi. 1998-ci ildən 2000-ci ilədək Türkiyə hakimiyyəti Gürcüstan ordusunun müdafiə ehtiyacları və modernləşdirilməsi məqsədilə öz gürcü həmkarlarına müvafiq olaraq 11,2 milyon dollar vəsait ayırdı (Turkish Daily News, 17.04.1998). Bundan başqa, Türkiyə Gürcüstan donanmasının sərəncamına iki patrul gəmisi verdi (Turkish Daily News, 17 April, 1998). 2006-cı ildə isə Saakaşvili höküməti ilə Ərdoğan höküməti arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalandı. Gürcü zabitlərinin türkiyədə davamlı təlimlərini nəzərdə tutan müqavilə çərçivəsində Ankara 2006-cı ildə Tiflisə 1,8 milyard dollarlıq hərbi yardım təklif etdi (Gareth, 2008). Türkiyənin Gürcüstan ilə yaxın hərbi əməkdaşlığı inqilabdan sonra soyuyan Rusiya-Gürcüstan münasibətlərinin də bir hissəsi olmuşdur. Şübhəsiz ki, gərginliklərlə müşahidə olunan bu münasibətlərin zirvə nöqtəsi 2008-ci il Rusiya-Gürcüstan müharibəsi oldu. Rusiya tərəfi dolayısı yollarla Türkiyənin Gürcüstana göstərmiş olduğu hərbi yardımlardan məmnun olmadığın bəyan edirdi və Türkiyədə öz növbəsində iki fərqli müttəfiqi arasında ən optimal həll axtarışında idi. Hətta Ərdoğan atəşkəsin bərqərar edilib stabilliyin bərpa olunması məqsədilə Moskva və Tiflisə səfərlər etmişdi. Bu səfərləri zamanı Ərdoğanın Gürcüstanın BMT tərəfindən tanınan sərhədlərini toxunulmaz olduqlarını qəbul etdiklərini və bu sərhədlərə müvafiq olaraq ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsi, Gürcüstana verilmiş ciddi dəstək olaraq qiymətləndirildi (Yıldırım, 2013).
3.Cənubi Qafqazda Etnik Münaqişələrə Hərbi Əməkdaşlıq Məsələləri
Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq əksər Türkiyə vətəndaşları xarici siyasət problemlərinə fəal maraq göstərərək, onun sərtləşdirilməsini tələb etmişlər və bu istiqamətdə ilk əvvəl Türkiyə hökuməti bölgəyə yönəlmiş siyasətində qeyri-sabit və dəyişkən mövqe göstərmişdir. Bu ayrıca geniş bir tədqiqatın mövzusu olduğu üçün bu yazıda məsələyə qısaca münasibət bildirilir. Belə ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verən soyqrımdan sonra, fevralın axırlarında İstanbul, Ankara və Türkiyənin digər rayonlarında çoxsaylı antierməni nümayişləri keçirildi. Nümayiş iştirakçıları Cənubi Qafqazda etnik münaqişələrə hərbi müdaxilə olunması çağırışları edirdilər. 1992-ci ildə prezident Özal Türkiyə tərəfindən belə bir müdaxilənin mümkünlüyünü bəyan etdi (Cornell, 2001: 94).
Prezident S.Dəmirəl isə Cənubi Qafqazda etnik münaqişələrin nizamlanması ilə Avropa dövlətlərini və ATƏT kimi Qərb institutlarını bu məsələdə əməli fəaliyyət göstərməyə çağırdı. Onun fikrincə, əgər Rusiya regionda etnik münaqişələrin qəti olaraq nizamlanmasında pozitiv rol oynamaq istəyirsə, o, öz davranış modelini dəyişməlidir. Əgər Rusiya buraya kənardan müdaxilə üçün qapalı olan öz yeparxiyası kimi baxırsa, o zaman o, sülhün bərqərar olmasında maraqlı deyil. Əgər Rusiya hesab edirsə ki, region dövlətlərini Rusiyanın bir hissəsinə çevirmədən Qafqazda sabitliyi bərqərar etmək mümkün deyil, onda hazırkı durum onun üçün çox sərfəlidir.
Türkiyə cəmiyyətinə assimilyasiya olunmuş, öz mənşəyini Şimali Qafqazdan götürən türk və qeyri-türk qrupları (Winrow, 2000:33) SSRİ dağılana qədər onlar özlərini ümumiləşdirilmiş halda “çərkəz” adlandırırdılar. Onlar gələcəkdə müstəqil və vahid Şimali Qafqaz yaradılacağını arzulayırdılar. Sovet sisteminin iflası bu qrupların bəzilərinin aşkar siyasiləşməsinə səbəb oldu. Belə ki, uğurlu lobbiçilik nəticəsində Qafqaz Abxaz Həmrəyliyi Komitəsi Türkiyənin müxtəlif siyasi partiyalarını təmsil edən bir sıra deputatların dəstəyini əldə etdi. 1992-ci ilin oktyabrında TBMM-də abxazları dəstəkləyənlərlə Tbilisi hakimiyyətini dəstəkləyənlər arasında gərgin debatlar baş verdi. Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməsi əsasında kompromissə gəlmək mümkün oldu. Abxazlara və gürcülərə humanitar yardım eyni ölçüdə göstərilirdi. Nümunə göstərdiyimiz hal haqqında onu demək olar ki, Türkiyədə mütəşəkkil etnik qrup parlament-lobbiçilik fəaliyyəti yolu ilə Türkiyənin Qafqaz siyasətinə təsir göstərmək iqtidarında olduğunu sübut etdi.(Winrow, 2000:33)
1996-cı ilin sentyabrında Türkiyə abxazları Gürcüstanda yaşayan abxazların bundan sonra Suxuminin verdiyi pasportlar əsasında Türkiyəyə buraxılmayacağı ilə bağlı Türkiyə XİN-in qərarına etirazlarını bildirdilər. Belə ki, həmin qərara əsasən, bu sənədlər yalnız mərkəzi Gürcüstan hakimiyyətindən alınmalı idi (Monitor, The Jamestown Foundation). Bu dövrdə Gürcüstanın potensial nəqliyyat-energetik dəhliz kimi artmaqda olan əhəmiyyətini dərk edən Türkiyə hökuməti bu ölkə ilə sıx münasibətlər qurmaq arzusunda idi.
Türkiyənin sayı 250 min nəfərə çatan çox güclü çeçen icması 1994-1996-cı illərdə Rusiyanın Çeçenistana hərbi müdaxiləsi nəticəsində kifayət qədər siyasiləşmişdi. Çox yüksək səviyyədə təşkil olunmuş Çeçen Komitəsi ianələr toplayaraq Şimali Qafqaza könüllülər və silah göndərirdi. Antirus ovqatlarını bölüşən Türkiyənin müəyyən islamçı qrupları, həmçinin pantürkist birliklər çeçenlərə - müsəlmanlara, yardım təklif edirdilər (Winrow, 2000:34). İkinci çeçen müharibəsi zamanı Qafqaz Çeçenləri Həmrəyliyi Komitəsinin prezidenti Əli Yandar Türkiyə hökuməti Çeçenistana humanitar yardım göndərməyə və Ankaradan çeçen xalqına qarşı Rusiyanın soyqırım törətməsi faktının beynəlxalq birliklər tərəfindən tanınması haqqında bəyanat vermələrini tələb etməyə çağırırdı (Winrow, 2000:34).. İslamçı Fəzilət Partiyasından, milliyyətcə çeçen olan Abdullətif Şener 1999-cu ilin dekabrında parlament debatları zamanı Türkiyə hökumətini Çeçenistanla əlaqədar kəskin tənqid etmişdi. O, hökuməti Türkiyənin “Rusiya lobbisi” adlanan və Rusiya iqtisadiyyatına böyük sərmayələr yatıran işgüzar dairələrin maraqlarının təmin edilməsinə yönəldilmiş Rusiyapərəsət xətt yeritməkdə ittiham edirdi. Çeçen lobbisinin təzyiqinə baxmayaraq, TBMM birgə Bəyannamədə Çeçenistandakı vəziyyəti “soyqırım” kimi deyil, “humanitar faciə” kimi müəyyən etdi. 1999-cu ilin dekabrında və 2000-ci ilin yanvarında İstanbulda və Bursada ictimaiyyətin çeçen xalqına dəstəklərini ifadə edən kütləvi mitinqləri keçirildi. (Turkish Daily News, 16.12.1999)
Bütövlükdə, lobbi və ictimai nümayişlər Türkiyə XİN-in Çeçenistana münasibətdə siyasətini dəyişə bilmədi. XİN Moskvaya “kürd kartı”ndan istifadə etmək üçün bəhanə vermək arzusunda olmayaraq, çeçen məsələsinə etinasız yanaşdı (Winrow, 2000:4). Bununla belə, etnik lobbinin abxaz münaqişəsinə, həmçinin Dağlıq Qarabağdakı vəziyyətə münasibətdə təkcə ictimai rəyə deyil, eləcə də Türkiyənin xarici siyasətinə təsir göstərməsi baxımından aşkar uğurları vardı.
4.Türkiyənin Cənubi Qafqaz Siyasətində İqtisadi İstiqamətlər
Türkiyə ilə Cənubi Qafqaz arasındakı işgüzar və ticarət əməliyyatlarına gəlincə, bu, Türkiyə-Rusiya kommersiya layihələri ilə müqayisə oluna bilməz. 1998-ci ilin yanvarında dövlət naziri Əhəd Əndican bildirirdi ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar vəsait qoymuşlar. (Milliyet, 31.06.2000). Gürcüstan Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin məlumatına görə, Türkiyənin Gürcüstan iqtisadiyyatında iştirakı 1998-ci ildə Gürcüstana olan ümumi xarici investisiya axınının cəmi 4,7 faizini təşkil edirdi (TN, 1999). Son illərdə Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmuşdur. 2013-cü ildə 1,52 milyard ABŞ dolları olan ticarət dövriyyəsi 23.5% artaraq 2014-ci ildə 1.96 milyard təşkil etmişdir. Eyni ildə Türkiyədən idxalatın həcmi 22,6 % artaraq 1.72 milyard, Türkiyəyə gürcü mallarının ixracatı isə 30.8% artaraq 239.3 milyon dollar səviyyəsinə yüksəlmişdir. Ölkə idxalatında Türkiyənin payı 17%-ə bərabərdir (civil.ge, 20.04.2016). Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, nəticə etibariylə Rusiyanın Gürcüstanla keçmiş illərdəki iqtisadi əlaqələrində dominant mövqeni Türkiyə ələ keçirmişdir. Aİ ilə 2014-ci ilin iyun ayında imzaladığı Assosiasiya sazişindən sonra iki ölkə arasında ticari əlaqələrin daha da artacağı proqnozlaşdırılır.
Ermənistana gəlincə, ona embarqo qoyulması səbəbindən bu ölkə ilə iqtisadi əlaqələr xeyli zəifləmişdir. Lakin əslində isə yetərincə çoxlu sayda türk geniş istehlak malları, eləcə də ərzaq məhsulları Gürcüstan və İran vasitəsilə Ermənistan bazarına daxil olur. Belə ki, Türkiyədən Ermənistana idxalın dəyəri Köçəryanın hakimiyyəti dövründə 100 milyon dollara qədər artmışdır. (Radikal, 01.02.2000).
Türkiyə biznes birliyinin “erməni lobbisi” adlanan hissəsi erməni yurddaşları ilə birgə işləyərək Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsini artırmağa və sərhədlərin açılmasına nail olmağa çalışırlar. 1997-ci ilin mayında birgə Türkiyə-Ermənistan İşgüzar İnkişaf Komitəsi təsis edildi. Avqustda keçirilən ilk iclasda Türkiyə və Ermənistan biznesmenləri arasında Ermənistanda Türkiyə ticarət mərkəzinin açılmasına və bank sistemi, kapital qoyuluşu və toxuculuq sənayesində əməkdaşlığın genişləndirilməsinə icazə verən protokol imzalandı.
Qərar qəbulu prosesinə təsir göstərən qruplar (bir sıra nazirliklər də daxil olmaqla, biznes-qruplar və etnik lobbilər) arasındakı fikir ayrılıqlarına görə Türkiyə heç də həmişə Cənubi Qafqazda ardıcıl strategiyaya malik ola bilmirdi. Bu isə Türkiyə XİN-i Cənubi Qafqazla bağlı siyasətinin heç də həmişə mükəmməl olmasına imkan vermirdi. Belə ki,Türkiyə və Azərbaycan sərhədləri bağlı olan Ermənistan, 2008-ci ilin avqust müharibəsində Gürcüstan sərhədi da bağlanınca Türkiyə ilə əlaqələrin normallaşması və sərhədin açılmasının iqtisadi təhlükəsizlik baxımından vacibliyi müzakirə edərək, ABŞ və AB-nin də təsiri ilə protokollarla əlaqədar danışıqlara başladı. 2009-ci ildə imzalanan protokollar və Ermənistanın qeyri-konstruktiv olaraq protokollarla əlaqədar müddəti dayandırmış olması Türkiyənin Cənubi Qafqaz siyəsətinə təsirsiz ötüşmədi. Türkiyə-Azərbaycan əlaqələrində isə, 2010-ci ildə protokollardan sonra yaranmış etirazlar hər iki ölkə tərəfəndən aradan qaldırılması üçün səylər göstərildi.
Türkiyənin Rusiyadan enerji sahəsindəki asılılığı da Qafqaz siyasətinə təsir edən əsas faktorlardandır. Xəzər bölgəsi təbii qazı Türkiyənin Rusiyadan asılılığını azaldacaq bir faktor olaraq qiymətləndirilir. Rusiyanın siyasi təsirinin artması NABUCCO layihəsi üçün ciddi təhlükədir. 2015-ci ilin martında Ankarada Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə Ortaqlıq Anlaşması imzalandı. Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi üzrə anlaşmanın imzalanmasından sonra ortaqlar arasında paylar belə müəyyənləşdirilmişdir: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlanlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Türkiyənin energetika və təbii sərvətlər naziri Tanər Yıldız TANAP Layihəsinə ortaq olunmasına baxmayaraq “Mavi Axını” layihəsinin də inkişaf etdiriləcək bir layihə olduğunu və bunula bağlı Qazpromla danışıqlar davam etdirildiyini bildirir. (Faiqov, 19.04.2016).
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya qazını Avropaya daşıyacaq “Mavi axın” lahiyəsi Azərbaycan qazını Avropaya ixrac edəcək TANAP layihəsinin rəqibinə çevrilmə ehtimal çoxdur. Çünki, Rusiya Avropaya yeganə qaz ixracatçısı qismində çıxış etməklə Qərbi özündən asılı saxlamağa çalışır. Bu məqsədlə ilkin olaraq 2011-ci ildə “Şimal axını” layihəsi reallaşdırıldı. Rusiyanın planlaşdırdığı digər layihə “Cənub axını”nın tikintisi isə AB tərəfindən dayandırıldıqdan sonra Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmaya əsasən, rus qazı Qara dənizin dibi ilə Türkiyəyə buradan isə Avropaya ixrac olunması nəzərdə tutulur. Ümumi tutumu 63 mlrd. kub metr olan qaz xəttinin artıq 2016-cı ilin əvvəlində 16 mlrd. kub metr ixrac potensialı olacaq birinci qolunun Türkiyəyə qədər olan hissəsi istismara veriləcək. Azərbaycanda çəkilən TANAP-ın isə 16 mlrd. kub metr potensialının olduğu bildirilir. Türkiyə tərəfi iki paralel xəttin bir-birinə mane və rəqib olmadığını bildirməklə Azərbaycanın narahatçılığını aradan qaldırmaq istəsə də, Bakı mümkün risklərdən məlumatlıdır və vaxtında lazimi tədbirlər görür. Düzdür, Türkiyə ilə Rusiya arasında “Mavi axın” layihəsilə bağlı danışıqlarda belə ehtimal irəli sürülürdü ki, Rusiya özü də TANAP-a qoşulsun və bununla öz qazını Avropa bazarına çıxarmaq üçün əlavə marşruta sahib olsun. Bunun müqabilində isə Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərsin. Lakin, sonda Rusiyanı Azərbaycanla şərikli deyil, tək başına satmaq istəyi və Avropanı əvvəlki kimi özündən asılı saxlamaq ambisiyası özünü daha qabarıq göstərir. Ankaranın Azərbaycanın qaz xəttinə rəqib ola biləcək xəttin çəkilməsinə razılıq verməsi Türkiyənin maraqları ilə bağlıdır. Lakin bütün hallarda hansı mənbənin cənubda söz sahibi olması ilə bağlı nəticə Brüsselin kimin qazını almağa üstünlük verməsindən asılıdır. Türkiyə vasitəsilə Avropaya çəkilməsi planlaşdırılan “Mavi axın” elə rus qazıdır və Avropanın yenə də Rusiyadan asılı vəziyyətdə qalma ehtimalı ola bilər. Avropanın TANAP-a üstünlük verməsi onların məhz mənbələrin şaxələndirilməsi siyasətinə uyğun gəlir. Rəsmi Bakının Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan iqtisadi əməkdaşlıq formatına son dövrlər üstünlük verməsinin səbəbi də məhz TANAP-la əlaqədardır. Cənubi Qafqazda və Xəzər hövzəsində bu cür əməkdaşlıq Rusiya-Türkiyə və Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün həlledici amildir.
Azərbaycanla Türkiyə arasında enerji sektorunda əlaqələrin yeni vəziyyəti yeni dövrdə alternativ enerji mənbələrindən birgə istifadə təşkil etməkdədir. Bu sferada Azərbaycanın Türkiyənin zəngin təcrübəsinə və texnologiyasına, Türkiyənin isə Azərbaycanın alternativ enerji resurslarına ehtiyacı var.
Nəticə
Belə nəticəyə gəlmək olar ki, enerji ehtiyatlarının beynəlxalq bazarlara daşınmasında söz sahibi olmaq istəyən Türkiyə üçün Azərbaycan və Gürcüstan yolunun təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri və Bakı-Tiflis-Ərzurum Təbii qaz Boru Xətti layihələrinin kəsişdiyi ölkə kimi Azərbaycanın ərazi bütövlüyü problemi bu layihələrin gerçəkləşməsini gecikdirsə də, yenə də nəticədə layihələrin tamamlanmış olması Türkiyənin Cənubi Qafqaz siyasəti baxımından uğuru hesab etmək olar.
Ədəbiyyat
“Georgia’s 2014 Foreign Trade”, (20.04.2016), http://www.civil.ge/eng/article.php?id=27984
Blank, Stephen (1999), “Every Shark East of Suez: Great Power Interests, Politics, Tactics in the Trans-Caspian Energy Wars”, Central Asian Survey, Vol.18, No.2, June 1999.
Cornell, Svante Е. (2001), Small Nations and Great Powers. A Study of Ethnopolitical Conflict in the Caucasus. London and New York. Curzon Press, Caucasus World.
Cumhuriyet, 24 Agustos 2001.
Cumhuriyet, 26 Agustos 2001.
Cumhuriyet, 6 Mayis 1997.
Emerson, Michael vd. (2000), A Stability Pact for the Caucasus in Theory and Practice, Centre for European Studies Working Document, No: 45, Mayıs 2000; “Executive Summary. A Stability Pact for the Caucasus,” Insight Turkey, Vol. 2, No: 3, s. 199-203.
Faiqov, Orxan (19.04.2016), “Türkiyəli nazir: “TANAP-a ortaq olmağımıza baxmayaraq...” Açıqlama”, http://sia.az/az/news/economy/478868
Felgenhauer, Pavel (2002). "Russian-Turkish Military Relations: Much Mutual Respect, But Many Misgivings", Insight Turkey, Vol. 4 Number: 2, April-June 2002.
Gareth, Jenskin (2008), “Turkey Caught in a Dilemma over South Ossetia”, Eurasia Daily Monitor, 11 August 2008.
Howard, Glen (1998), NATO and the Caucasus: The Caspian Axis in NATO after Enlargement, New Challenges, New Mission, New Forces, Strategic Studies Institute, CID Army College.
Hürriyet, 18 Şubat 2000.
Hürriyet, 9 Ağustos 2001.
Milliyet, 31 Haziran 2001.
Musayev, Yəhya (2011), “Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)”, Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: Uğurlar və İmkanlar (məqalələr toplusu)
Oran ,Baskın (1998), “Turkish Approach to Transcaucasia and Central Asia”, Contrast and Solutions in the Caucasus (Ed. By Ole Hoiris and Sefa Martin Yürükel), Aarhus University Press, s. 455-467.
Radikal, 1 Şubat 2000.
Şimşek L. "Türkiye'den Orta Asya Atağı,", Cumhuriyet, 26 Agustos 2001.
TN, Vol.3: 1999-2003 September 1999. Part 2-Investment Climate Statement, Georgia, 30 August 1999.
Turkish Daily News, 1 June 1994.
Turkish Daily News, 15 and 16 October 1991.
Turkish Daily News, 16 December 1999.
Turkish Daily News, 17 April, 1998.
Turkish Daily News, 21 Şubat 2000.
Winrow Gareth (1997), "Turkey and the Newly Independent States of Central Asia and the Caucasus”, Middle East Review of International Affairs, Vol.4, Issue, 2.
Winrow Gareth (2000), Turkey and the Caucasus: Domestic Interest and Security Concerns, The Royal Institute of International Affairs Press.
Yıldırım, Huriye (5 Yanvar 2013), “Türkiye-Gürcistan İlişkileri: İşbirliği Alanları, Sorunlar ve Çözüm Önerileri (1)”, http://akademikperspektif.com/2013/01/05/gecmisten-gunumuze-turkiye-gurcistan-iliskileri-isbirligi-alanlari-sorunlar-ve-cozum-onerileri-1/
Do'stlaringiz bilan baham: |