İYİRMİNCİ DƏRS
HİNDUİZM (3)
TRİMURTİ
Bundan əvvəlki bəhsdə brahmanizm ayinini araşdırarkən bu ayinin əvvəlcə həyat atributlarından hər biri üçün xüsusi mə’buda e`tiqad etdiyini, tədriciən öz dəyişikliklər prosesi boyunca çoxsaylı tanrıları kənara qoyaraq, onlardan yalnız üçlük tanrılara inandığını öyrəndik. Üçlük tanrılar əslində çoxsaylı mə’budların təcəllisi və simvolu olmaqla onların bütün sifətlərini özlərində daşımışlar. Üçlük təşkil edən bu mə’budlar qrupuna sanskrit dilində trimurti deyilir. Onların adları aşağıdakılardır:
1. Brahma – yə’ni yaradan mə’bud;
2. Vişnu – yə’ni qoruyan mə’bud;
3. Şiva – yə’ni məhv edən mə’bud.
Bilməliyik ki, hinduizmdən əlavə, başqa məktəblərdə də üç mə’buda, yaxud üç həqiqətə e’tiqad bəslənilir. Qədim Misirdə “Ozirs”, “Əniris” və “Huros”adlanan üçlük tanrının Flutin fəlsəfəsində qədim və əsildən ibarət olan üç həqiqəti, xristianlıqdakı üçlüyü (ata, oğul və müqəddəs ruh) tao ayinində isə səma, yer və insan həqiqətlərini üç mə’budun nümunələri kimi qeyd etmək olar.
Əlbəttə, müxtəlif məktəblərdə üç həqiqətə, yaxud üç mə’buda e’tiqad bəslənməsinin eyni mənşədən qaynaqlanması və ya bu məsələnin sırf təsadüf olması dəqiq mə’lum deyil. Xüsusilə də, yuxarıdakı üçlüklərin mahiyyət və məzmunu bir-birindən tamamilə fərqlənir və onlardan birinin digərinin mənşəyi olmasını dəqiq iddia etmək mümkün deyil.
Hinduizmin ardıcılları, varlıq aləmində üçlük tanrıların dünyanın işlərini birgə idarə etməsinə inanırlar. Əlbəttə, vaxt keçdikcə və hinduizmdə müxtəlif firqələr yarandıqca firqələrdən hər biri üç mə’buddan birini digərindən üstün tutmuşdur. Belə ki, Şivanın digər mə`budlardan üstün sayıldığı Şiva firqəsində Vişnu və Brahma surətində də təcəlli edən Şiva varlıq aləminin mənşəyi və mütləq əsasdır. Vişnu firqəsinin ardıcılları Vişnu mə’budunu ali qəbul edərək, Brahma və Şivanı onun təcəllisi kimi təsəvvür edirlər. Ancaq, hinduizm məktəbinin əsas e’tiqadları baxımdan bu üç mə’bud üç simvolun vücudunda təcəlli etmiş bir-birindən ayrılmaz vahid həqiqətdir. Hindus mə’budlarının bizə gəlib çatmış heykəl və təsvirlərin də trimurti üçbaşlı bir bədən şəklində təsvir olunur.
Bu dərsdə hinduizmin üç mə’budla əlaqədar baxışlarını şərh edirik:
1. Brahma: Bütün varlıqların yaradıcısı və xilqətin mə’budu Brahmaya daha az ibadət və sitayiş olunur. Çünki hinduslar inanırlar ki, onun tanrılar tanrısı kimi dünyanı yaratdıqdan sonra artıq yer üzərində başqa heç bir məs’uliyyəti yoxdur, qalan işlər Vişnu və Şiva mə’budlarının öhdəsinə düşür. Bu baxımdan bütün Hindistanda Brahmanın adına az sayda mə’bəd var. Eyni halda hinduslar Brahmaya hörmətlə yanaşır və onun üzü vedalar oxumağa məşğul olan dörd başlı bir padşah kimi təsvir olunur. Bu şəkillərdə o əksər hallarda ağ bir qaza minmiş halda əks olunmuşdur ki, bu da onun yüksək məqamını, şan-şöhrətinin simvolu sayılır.
2. Vişnu: Vişnu, yaxud qoruyub saxlayan mə’budun öhdəsinə yaradılış sisteminin keşiyini çəkmək düşür. O kainatı fırladır və ilin 360 günlük dövrünü hərəkətə gətirir. Bütün kainat onun zatına bağlıdır və həyatın bütün sahələrinə yayılmışdır. Eyni zamanda, həyatın əsası və yaşayışın davam etməsinin amili sayılır. Vişnu sonsuzluğa qədər genişlənib və heç kəs böyüklükdə və genişlikdə onun qarşısına çıxa bilməz. O, kainatın mehvəridir, ulduzlar və səma cisimləri onun ətrafına fırlanır. Şivanın ölüm və məhvetmə, Vişnonun isə həyatın yeniləşdirilməsi mə’budu olmalarına baxmayaraq, bunlar birlikdə olan və bir-birilərini tələb edəndir. Ölüm olmadan həyatın, yoxluq olmadan varlığın mə’nası yoxdur. Hinduslar Vişnunu xeyir-bərəkətin mənşəyi, mehr-məhəbbət və səmavi mərhəmətlərin kamil simvolu hesab edirlər. O, səmanın ənginliklərindən varlıqların əməllərinə nəzarət edir, əziz bir varlıq ölüm təhlükəsi ilə üzləşdikdə ona köməyə tələsər və onu xilas edər. Hindus dini mənbələrinə əsasən, Vişnu doqquz dəfə müxtəlif surətlərdə təcəlli edərək bəşəriyyətin köməyinə çatmışdır. O, ilk dəfə ilahi şəriət və sünnətləri gətirən, hindusların Nuhu sayılan qanunverici Manoya kiçik bir balıq surətində təcəlli etmiş və bundan sonra tədricən böyüyərək nəhəng bir balığa çevrilmişdir. Bu halda Mano onu tanıyır və Vişnu ona dəhşətli bir tufanın, selin olacağını xəbər verir. Sonra ona əmr edir ki, böyük bir gəmi düzəltsin və batmaqdan xilas olmaq üçün ona hər bir varlıqdan, bitkilərdən və insanlardan mindirsin. Vişnu bir daha tısbağa surətində zahir olur. Bu da aləmin süd okeanı formasında olduğu bir vaxtda baş verir. Digər mə’budlar dənizin dibində tısbağa kimi üzərkən Vişnudan okeanı hərəkətə gətirməyi və beləliklə də camaatı lazım olan kərə və yağla əbədi olaraq tə’min etməsini istəyirlər.
Üçüncü dəfə Vişnu qaban surətində təcəlli edir. Bu da yerin tərk edilmiş okeanın dibinə batdığı vaxtda baş verir. Vişnu öz dişləri ilə yeri qaldıraraq nur aləminə və işıqlığa doğru yönəldir. Vişnu dördüncü dəfə yarısı insan, yarısı yırtıcı şir surətində zahir olur. Bu vaxt Vişnuya e’tiqad bəsləyib, pərəstiş etdiyinə görə öz övladına əziyyət verib onu öldürmək niyyətində olan şeytanlardan biri Vişnunun güclü caynaqları ilə öldürülür və onun övladı da azad edilir. Beşinci dəfə cırtdanboy bir insan surətində zahir olan Vişnu ruhi məşğələlər sayəsində fövqəladə qüdrət sahibi olan və nəticədə özünü üç aləmin hökmdarı hesab edən Bali adlı əhriməni cəhənnəmin dərin qatlarına göndərir və bununla da əhrimənin gücündən bərk qorxuya düşmüş digər mə’budlar rahatlıq tapırlar. Vişnu altıncı dəfə əlində balta olan “Rama” surətində və brahmanın bir övladı olaraq zahir olur. O zaman kşatrya təbəqəsinin döyüşçüləri brahman təbəqəsinin əleyhinə qiyam qaldırmışdılar. Vişnu brahmanların xeyrinə meydana daxil olaraq, 21 dəfə baş verən güclü müharibələrdən sonra kşatryaları məğlub edir və brahmanların hakimiyyətini möhkəmləndirir. Yeddinci dəfə o, yenə Rama surətində zahir olaraq vəzifə, kamal, şəriət və haqq simvoluna çevrilir. Səkkizinci dəfə isə Krişna surətində zahir olur. Krişna məhəbbət, xoşbəxtlik simvolu, qəm-qüssəni məhv edəndir. Nəhayət, Vişnu doqquzuncu dəfə zühur etdikdə “Qautama-Budda” formasında zahir olur. Vişnunun doqquzuncu dəfə Budda şəklində zahir olmasına e’tiqad bəlkə də buddistlərin hinduizmdən ayrılmasının qarşısını almaq və bu iki ayin arasında bir növ dinc yanaşı yaşayış və sülh yaratmağa xidmət etmişdir. Əvvəlki dərslərdə qeyd olunduğu kimi, Hindistanda buddizm tədricən hinduizmlə qaynayıb-qarışmış ancaq, hinduizmin yayılmadığı və ya ümumiyyətlə mövcud olmadığı bir sıra ölkələrdə bu ayin müstəqil şəkildə inkişaf edib genişlənmişdir.
Hinduslar Vişnunun “kalki” surətindəki başqa bir təcəlli və zühurun olmasına və bu zühurun hələ baş vermədiyinə inanırlar. Vişnu hazırkı dövrümüz olan zülmət dövrünün sonunda “Kalki” surətində zahir olacaqdır. O ağ ata minəcək, əlində parlaq qılınc olacaq. Öz zühuru ilə dünyadakı pis əməl və din sahiblərini cəzalandıracaq, yaxşı əməl, din sahiblərini axirət ne’mətlərindən bəhrələndirəcəkdir. O, zühur edən zaman bütün varlıq məhv olacaq, yeni bəşər və yeni bir dünyanın bünövrəsi qoyulacaqdır. Gözəl adət-ən’ənələr yaranacaq, qızıl əsr yenidən başlanacaqdır. Bhaqavata-porana kitabında bu barədə oxuyuruq:
“Hazırkı dövrün qürubunda, bu diyarın hökmdarlarının hamılıqla oğru olduğu zaman kainatın əmiri brahmandan vücuda gələcək və onun adını “Kalki” adı qoyacaqlar.”
3. Şiva: Şiva hindusların üçüncü mə’budu, ölüm və yoxluq allahıdır. O viran qoyan, yox edən mə’bud olmaqla hindusların nəzərində əhəmiyyət və imtiyazına görə digər iki mə’buddan daha üstündür. Ona “Mahadeva”- yə’ni “ən böyük rəbb” ləqəbi də vermişlər. Şivaya müxtəlif simvollar və mürəkkəb sifətlər də sanmış, onu varlıqları öldürən və puç edən rudra kimi vəsf etmişlər. Riqveda onu “ən qüvvətli və qorxunc heyvan kimi qəzəbli” kimi qeyd edir. O, səmavi qəzəbi dövründə ona pərəstiş edənləri öldürür, onların uşaqlarını, atalarını və heyvanlarını da məhv edir. Ona pərəstiş edənlər ondan əmin-amanlıq, lütf və mərhəmət diləyirlər. Onun silahı ildırımdır, öldürücü ox və kamanı ilə bir arabaya minmişdir və qəzəbləndiyi zaman bütün varlıqları məhv edir. Bu sifətlərlə yanaşı ona bağışlayan və xəstəlikləri müalicə edən həkim kimi sifətlər də şamil olunur. Çünki o, mə’budların qəzəblənməsinin qarşısını alır, asimani ne’mətləri və feyzi insanlara bəxş edir. O, mö’cüzəli dərmanların sahibi, həkimlərin həkimi, hər bir xəstəliyi sağaldandır. Bu mə`budun Veda dövrünün şairlərinin düşüncələrində yaratdığı qorxu və vəhşət, mübarək və uğur sifətlərinin, yə`ni Şivanın da rudraya aid edilməsinə səbəb olmuşdur. Hinduizmin sonrakı dövrlərində ona dağıdıcılıq sifəti də aid edilmiş və o, hindus müqəddəsliyinin üç əsasından biri hesab olunmuşdur.
Hindusların inancına görə Şiva, aləmi məhv etməklə iki iş görür: birincisi, dünyadakı surətləri bir-birindən ayırır və bununla da cəhalət və nadanlıq pərdələri aradan qaldırılır. Digər iş isə həyatı yeniləşdirməkdir. Aləmin məhv olunması yeni yaradılışı tələb edir. Şiva həm ölüm, yoxluq sultanıdır; həm həyatın mənşəyi və onun hərəkətverici qüvvəsidir. Şiva aləmi məhv etməklə yeni doğumlar prosesinin əsir olanları, nadanlıq və cəhalət buxovlarındakı varlıqları azad edir. Yeni yaradılış mövsümündə Şiva divanə rəqqas kimi dağ və çölləri təpikləyərək əl çalır, təbil və şeypurundan qiyamət səsi çıxır, bütün varlıqlara forma və qiyafə verir, yeni bir aləmin binasını qoyur. Bunun nəticəsində varlıqlar yenidən həyata və fəaliyyətə başlayırlar.
Şivanı rəsmlərdə əksər hallarda dörd qolunu iki tərəfə açaraq havada əlini yelləməklə hiylə və yalan şeytanının cəsədi üzərində rəqs edə-edə onu təpikləyən halda təsvir edirlər. Onun bir əlində kiçik bir təbil, digər əlində isə şö’lələnən alov vardır. Təzə doğmuş aypara şəkli onun başının ətrafını örtür və Qanqa çayının suyu saçlarından axıb tökülür. Onun başında və ayağında da həyat qüvvəsi və varlıq qüdrəti cilvələnir. Hinduslar inanırlar ki, onun “rəqs edib təpik döydüyü” şəkli dünyada ölüm və həyat dövri çarxının sür`ət rəmzidir.
Eyni zamanda, hindusların inanclarına görə, dağlarda məskunlaşmış Şiva dağların zirvəsindən fələkə baş vuraraq səhralara və çöllərə hücum çəkir, bəla və müsibətləri camaatın başından tökür. Dağların ətəyində dərman bitkiləri bitdiyindən, hinduslar bunu da Şivanın lütf və mərhəmətinin bəhrəsi kimi qələmə verirlər. Sanki, o bununla xəstəliklərə də hücum etmək istəmişdir. Buna əsasən, Şiva heç də həmişə insanlar üçün ölüm və yoxluq amili deyil, əksinə xəstəlik törədən amilləri məhv etməklə camaatın asayiş, rifah və səadətinə də şərait yaradır. Buna görə də, hinduslar Şivanı təkcə şər və əziyyət verən bir mə’bud kimi tanımır, ona yaradıcı və həyatverici çalarlar da verirlər. Əlbəttə, Şivanın vasitəsilə bu kimi yaranışlar ilkin mərhələyə deyil, sonrakı mərhələlərə aiddir. Çünki qeyd olunuduğu kimi, ilk yaranış brahmanın vəzifəsidir və sonrakı xilqətlər Şivanın, onun qorunub saxlanması isə Vişnunun öhdəsinə düşür.
MƏ`BUDLARIN HƏYAT YOLDAŞLARI
Hinduizm e`tiqadlarından başqa biri də dəyişiklik baş verdikdən sonra mə`budların özlərinə həyat yoldaşı seçməsidir. Hinduizmdə mə`budlar üçün yaradıcı qüvvəsi qismində üç həyat yoldaşı nəzərdə tutulmuşdur və onlar aşağıdakılardır:
1. Vaç, yaxud Sarasvati - bu Brahmanın həyat yoldaşıdır;
2. Şrilakşmi, yaxud Radha - bu Vişnunun həyat yoldaşıdır;
3. Uma, Durqa, yaxud Kali - bu isə Şivanın həyat yoldaşı hesab olunur.
Hinduslar bir müddətdən sonra mə’budların “Şakti” adlandırılan həyat yoldaşlarına da mə`budlara olduğu kimi pərəstiş etməyə başladılar. Əslində Şivanın özünə nə dərəcədə xüsusi diqqət yetirilirsə, onun həyat yoldaşları da e`tiqad baxımdan hinduslar tərəfindən həmin xüsusi məqama layiq görülürlər. Bu iki həyat yoldaşına sitayiş tədricən xüsusi forma kəsb etmiş və hətta Hindistanın şimal-şərq bölgələrində şaknizm adlı firqə də yaranmışdır.
Ümumiyyətlə, hinduizm e’tiqadları arasında mə’budların xeyir və yaradılmışlar kimi qiymətləndirilənlər erkək və dişi mə’budların izdivacının səmərəsidir. Əslində varlıqların təvəllüdü bu üç mə’buddan hər birinin öz həyat yoldaşları ilə izdivacının təzahürüdür. Başqa sözlə desək, üç mə’buddan hər biri öz vəzifə və məs’uliyyətlərini həyat yoldaşlarının həmkarlığı ilə yerinə yetirirlər.
POLEMİKA VƏ TƏDQİQAT
Əqaid dərsində öyrəndiklərinizi nəzərə almaqla hinduizmdəki trimurti e`tiqadını təkallahlıq arqumentlərinə əsasən təhlil edin.
Do'stlaringiz bilan baham: |