Bazar sistemi. Göstərməliyik ki, iqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sistemi son ikiyüzillikdə meydana gəlmişdir. Bazar insanların fəaliyyətinin əlaqələndirilməsi, onların aktivliklərinin artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə imkan verir. Bazar sistemi iqtisadi fəaliyyət şəraitində adamların qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı forma və üsullarının təşkilini əks etdirir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir. Bu elementlərin birinin mövcud olmaması deməli, bazar fəaliyyətini dayandırır və öz yerini istər-istəməz digər sistemlərə verir.
Bazar sisteminin ən mühüm və həlledici rolu, onun iqtisadi seçiminin sürətlə əlaqələndirilməsi üçün adamların qərar qəbul etməsində stimullaşdırıcı motivin yaradılmasındadır. Özü də bu motivlər orada iştirak edənlərin hər birinin şəxsi və eqoist mənafeyinə uyğun olaraq yaranır. Məhz iqtisadi fəaliyyətlə adamların davranış qaydaları fərdi və sərbəst qəbul etdikləri qərarlar əsasında formalaşır.
İqtisad elminin atası hesab olunan Adam Smit hesab edirdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən mühüm xüsusiyyəti, onun təşkil olunmuş plan əsasında deyil, “görünməz əllərlə” fəaliyyət göstərən külli miqdar adamların şəxsi mənafelərinə uyğun gəlməsidir. O, 1776-cı ildə yazmış olduğu “Xalqların sərvəti...” əsərində göstərirdi ki, “Biz öz naharımızı almağı gözləyirik, ona görə yox ki, qəssab, pivə bişirən və bulka satan bizə qarşı xeyirxahdır, ona görə ki, onlar öz şəxsi qazancları üçün çalışırlar”.
Ümumiyyətlə, bazarın özü tarixən çox keçmiş zamanlarda yaranmasına baxmayaraq bir sistem kimi XVIII əsrdə formalaşmışdır. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına uyğun olaraq onun iki mərhələsini qeyd etmək olar. Biri, kapitalizmin meydana gəlməsi ilə sərbəst və ya azad tipi, ikincisi, sahibkarlar təbəqəsinin meydana gəlməsi ilə bağlı olan tənzimlənən tipi. Bazar sisteminin hər iki tipi rəqabətin və inhisarçılığın iqtisadiyyatda aparıcı mövqeyə çatması ilə əlaqədar olmuşdur.
Bazar sisteminin birinci tipinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsinə baxmayaraq, onun ən klassik nümunəsi 18-19-cu əsrlərdə və 20-ci əsrin ilk onilliyində İngiltərədə olmuşdur. Belə ki, bazar sisteminin bu tipi üçün azad rəqabətin fəaliyyət göstərməsi xarakterik hal almışdır. Bəzən ona görə də bazar sisteminin bu tipinə xalis kapitalizm deyilir. Belə şəraitdə iqtisadi fəaliyyət sferasına daxil olanların hamısı, istər kapitalistlər, istərsə də muzdlu işçilər şəxsi azadlığa malik olurlar. Lakin bazarda əsas “oyun qaydalarını” müəyyən edənlər kapitala malik olanlardır. Qiymət əsas müəyyənedici amil rolunu oynayır. Bu da iqtisadiyyatda böhranlı tənəzzül vəziyyətləri törədir.
Makroiqtisadi müvazinətə nail olmaq olmur, azad bazarın malik olduğu çeviklik aradan qalxır. İqtisadiyyatda hərc-mərclik artır və cəmiyyətin ictimai tələbatı ödənilməmiş qalır. Ona görə də kapitalizm həm daxili çətinliklərə, həm də xarici amillərin roluna, xüsusən sosial inqilablara əsaslanan sosializmin meydana gəlməməsi üçün, onun inkişafına imkan verən bazar sisteminin ikinci, tənzimlənən tipini meydana çıxartdı. Bu tipin ən üstün xüsusiyyətləri, dəyişilən şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahibkarlar təbəqəsinin meydana gəlməsi və resurslardan istifadə etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət olmuşdur. Ən başlıcası isə dövlətin qiymət, kredit, vergi vasitəsi ilə iqtisadiyyata müdaxilə etməsi və onun hüquqi fuksiyasının təsərrüfat subyektlərinin iqtisadi əlaqələrinin möhkəmlənməsinin özəyində durması olmuşdur.
Təsadüfi deyildir ki, müasir bazar sisteminə “insan əməkdaşlığının qaydalarının genişlənməsi” kimi qiymət verilir. Bazar sisteminin bu tip resurslardan istifadə etmək hüququ mülkiyyəti təşkil etdiyindən burada təşkilatçılıq, yenilikçilik və risk etmək qabiliyyətinə malik olan hər kəsə mülkiyyətçi olmaq imkanı verilir. Mülkiyyət hüququ “oyun qaydaları”nı müəyyən edən əsaslar, “cəmiyyətdə tələb və təklif prinsipinin həyata keçirilməsini müəyyən edir”.
Bazar sisteminin ən mühüm üstünlüyü, onun daima istehsalın səmərəliliyinin stimullaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, şəxsi və ictimai mənafeyin birləşməsi ilə bağlıdır. Əvvəla, o, gəlirlərin bölgüsündə qeyri-bərabərlik törətdiyindən orada ədalətli iqtisadi prosesləri qurmaq mümkün olmur, ikincisi o, tam məşğulluq və sabit qiymət səviyyəsinə təminat vermir. Bununla əlaqədar olaraq bazar sisteminin müasir tipi üçün onun biri-birindən fərqlənən amerikan, yapon, isveçrə, alman və s. modelləri meydana gəlmişdir.
Do'stlaringiz bilan baham: |