3. Mülkiyyət münasibətlərinin məzmunu və onun haqqında baxışlar.
Yeni iqtisadi sistemə keçid, mülkiyyətə münasibətdən, mülkiyyətin müxtəlif formalarının bərabər hüququ reallaşdırılması üçün əlverişli şərait yaradılmasından başlanır. Şəxsiyyətin iqtisadi azadlığının yeganə təminatı onun mülkiyyət sahibliyidir. “Xüsusiləşdirmə”, “sahibkarlıq” kimi iqtisadi anlayışlar artıq həyatımıza daxil olmuşdur. Artıq cəmiyyət istehsal vasitələri üzərində xüsusi mülkiyyəti qəbul edir, iqtisadi münasibətlərin formasını da tərəqqi yolu hesab edirik.
Mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formaları, çox incə və mürəkkəb bazar münasibətləri, iqtisadi biliklə yanaşı, iqtisadi psixoloji xüsusiyyətlərə də malik olmağı tələb edir. Sahibkarlığın iqtisadi psixologiyasına, böyük əməksevərlik, yeniliyə can atma, ciddi biznesmen olmaq, ağıllı risk, öz işinə sədaqət, qabağı görmə, pulu dövr etdirməyi bacarma və sair xüsusiyyətlər daxildir. Bir sözlə, bazar iqtisadiyyatı hər kəsə öz bacarıq və qabiliyyətini işə salma imkanı yaradır.
Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin, şəxsin, qrupun, kollektivin, sahibkarın və bütövlükdə cəmiyyətin həyat məsələsidir. Mülkiyyət dünya ölkələri arasında iqtisadi münasibətlərin mühüm problemidir.
İqtisadi nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik: birincisi, mülkiyyət həmişə hər hansı şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müyyən ictimai formanın köməyi ilə daxilən reallaşdırılır, yəni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçüncüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə təbiət predmetlərinin, maddi nemətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə əlaqədar olaraq və bunların əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Bu mənimsəmə ictimai təkrar istehsalın hər bir mərhələsində - istehsal, bölgü, mübadilə və istehlak mərhələlərinin hər birində həyata keçirilir. Qısa desək, mülkiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində fərdlər tərəfindən maddi nemətlərin, ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya istehsal münasibətlərindən ibarətdir. O, əmlaka sahib olmağı, istifadə etməni və sərəncam verməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır, münasibətdir.
Mülkiyyət iqtisadi kateqoriya kimi insanların şüurundan asılı olmayaraq mövcuddur, bu iqtisadi kateqoriya faktiki cəmiyyətdə mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət kateqoriyası iqtisadi münasibətlərin mahiyyətini ifadə edən aparıcı kateqoriyadır. Mülkiyyət iqtisadi münasibətlər sisteminin mərkəzində durmaqla onun hərəkətverici qüvvəsidir. Mülkiyyət istehsalın bütün formalarını əlaqələndirən kateqoriyadır. Ümumiyyətlə, mülkiyyətə istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai-iqtisadi münasibətlərinin həm əsası, həm də bu münasibətlərin məzmununu özündə birləşdirən çox mürəkkəb və çoxməzmunlu kateqoriya kimi baxmaq lazımdır. Cəmiyyətin müəyyən tarixi inkişafından asılı olaraq mülkiyyət özlüyündə ən dərin sirləri birləşdirir.
Şeylər, əmlak, maşın və digər istehsal vasitələri özlüyündə mülkiyyət deyil, bunlar cəmiyyətin istehsal münasibətləri və ictimai sistemin iqtisadi əsası olduğuna görə spesifik ictimai xarakter alır və mülkiyyət olurlar.
Bazar iqtisadi sisteminin məntiqinə istinad edərək belə bir ümumi metodoloji nəticəyə gəlmək olar:
1. İstehsal vasitələri üzərində mülkiyyət və onun hər bir forması elə fövqəladə xassəyə malikdir ki, o, başqa iqtisadi kateqoriyalarla yanaşı dura bilməz; əksinə o, bütün münasibətlərin əsasında durur. Biz mülkiyyətə başqa iqtisadi kateqoriyalarla yanaşı duran adi iqtisadi kateqoriya kimi baxmaq, hətta onu əsas iqtisadi kateqoriya adlandırsaq, onda biz nəzəri cəhətdən mülkiyyətin reallaşdırılması proseslərini dərin araşdırmaqla məşğul olmadan xeyli uzaqlaşmış olarıq, mülkiyyət və onun müxtəlif formaları cəmiyyətin bütün iqtisadi proses və münasibətlərində reallaşır.
2. Mülkiyət münasibətləri onların sahibləri arasındakı münasibətlərdə təzahür edir. Mülkiyyət öz tərkibinə istehsal vasitələri və istehsal nəticələrindən istifadə sahəsində insanlar arasındakı çoxcəhətli münasibətlər sistemini, ölkənin regionları və kollektivləri arasındakı münasibətləri daxil edir. Mülkiyyət münasibətlərinin iqtisadi məzmunu var və bu münasibətlərin hər bir elementi mülkiyyət iqtisadi varlığı formasıdır.
3. Mülkiyyət elə mürəkkəb, çoxtərəfli münasibətlər sistemidir ki, o, istehsalın hərəkətinin ümumi forması tərəfindən, iş qüvvəsi və əməyin ictimai forması tərəfindən bilavasitə istehsal prosesində istehsal vasitələrinin iqtisadi reallaşması prinsiplərinin dərin araşdırılması ilə bərabər, həmçinin bölgü, mübadilə və istehlak proseslərinin gedişi mahiyyətini və buradakı əlaqələrin və qarşılıqlı təsirin xüsusiyyətlərinin araşdırılması mövqeyindən də öyrənilməlidir. Burada göstərməliyik ki, mülkiyyətə iqtisadi məzmun verən, onun mahiyyətini ifadə edən əsas cəhət bilavasitə istehsalın özündə, istehsalın özü vasitəsilə onun iqtisadi reallaşmasıdır. Deməli, bilavasitə istehsalatda istehsalçıların istehsal vasitələri ilə birləşdirilməsinin üsulu və xarakteri mülkiyyətin iqtisadi məzmununun ilk pilləsini formalaşdırır.
İstehsalın maddi elementləri üzərindəki sahibkar mülkiyyəti ilə iş qüvvəsi üzərində fəhlənin sahiblik mülkiyyətinin birləşdirilməsinin iqtisadi və hüquqi əsaslarının düzgün tənzimlənməsi, istehsalın bu əsas amillərinin bərabər əhəmiyyətə malik olduğunu göstərir. Bazar iqtisadi sistemi istehsal prosesində bunların səmərəli birləşdirilməsinin metod və vasitələrinin tapılmasını və bu prosesin daima təkmilləşdirilməsini tələb edir.
İqtisadi kateqoriya kimi mülkiyyət münasibətlərinin məzmunu problemləri iqtisadi nəzəriyyənin çox aktual metodoloji problemi hesab edilir. Eramızdan əvvəlki tarixdən başlamış müasir tarixin bütün dövrlərində məşhur şəxslər – filosoflar, iqtisadçılar, hüquqşünaslar, görkəmli yazıçı və şairlər mülkiyyət barədə müxtəlif nəzəri fikirlər söyləmişlər.
Mülkiyyət barədə müxtəlif səpgili nəzəri fikirlər eramızdan əvvəl yaşamış Ksenofontun, Platonun, Aristotelin əsərlərində rast gəlinir. Platon hələ o vaxt elan etmişdir ki, xüsusi mülkiyyət toxunulmazdır. Aristotel “İqtisadiyyat” anlayışının nəzəri təhlilini vermişdi. Eramızdan əvvəl qədim Misirdə hökmdar sənətkarlar ilə əkinçilər arasındakı münasibətlər mülkiyyət obyektinə sahib olma tənzimlənirdi. O zaman şəxsi mülkiyyət ilə vəzifə mülkiyyəti birləşərək xüsusi mülkiyyəti yaradırdı.
Eramızın Şərq mütəfəkkirlərindən Nizami Gəncəvi, Nəsirəddin Tusi, İbn Xəldun və Qərb mütəfəkkirlərindən Lokk, Qolbax, Hegel, Feyerbax, Petti, Smit, Rikardo, Buagilber, Kene, Prudon, Marks, Engels və başqaları mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi, ictimai-sosial mahiyyətini özlərinə məxsus elmi əsaslarla açıqlamışlar. Quranda mülkiyyətə aid çox dəyərli fikirlər vardır.
Şərq müəllifi mülkiyyət məsələsini hər bir iqtisadi sistemin başlıca problemi hesab etmişdir.
İslamda əmlak və mülkiyyət münasibətləri olduqca dərin, səlis və məntiqi, elmi ardıcıllıqla, mənimsənilmə, istifadə olunma və sərəncam vermə ilə bağlı prinsiplərlə müəyyənləşdirilmişdir.
“Quran”da mülk, mal, becərilən torpaq üzərində xüsusi mülkiyyət və ondan istifadə Allahın insana bəxş etdiyi haqdır – deyilir.
Şərqin və Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) beş böyük poemasında – “Xəmsə”sində əmək və sərvətin daxili bağlığını şərh etmişdir. O, burada feodal mülkiyyət formaları və onlardan doğan ziddiyyətlər haqqında fikirlər söyləyir. O, xüsusi mülkiyyətə qarşı çıxaraq, mülkiyyətin ümumiliyi və bölgüdə bərabərlik haqda ideyalar irəli sürmüşdü. O, “dövləti çox olanın qəmi də çox olar” – demişdir.
Azərbaycnaın görkəmli mütəfəkkiri Nəsirəddin Tusi özünün məşhur “Əxlaqi-Nasir” (1232-1233) əsərində insanların iqtisadi münasibətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermiş “ictimaiyyət” adlandırdığı elmin mövzusunu iqtisadiyyatı öyrənməkdə görmüşdü.
“İctimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemi”, bu elmin mövzusu hesab etmişdir. N.Tusi “Xalqın bütün təbəqələrinin mülkiyyət və əmlakının qorunmasına yönəldilən siyasəti ən faydalı siyasət hesab edirdi” (Azərbaycan iqtisadi fikir tarixi: səh. 128, Bakı, 1996). N.Tusi yazır: “...Varidatın bir hissəsini mülk, torpaq, mal-qaraya vermək lazımdır”. (Əxlaqi-nasir, səh. 150, Bakı-1989). N.Tusi ilə bir əsrdə (XIII əsr) yaşamış Qərbin tanınmış din xadimi italiyalı rahib Foma Akvinski (1225-1274) orta əsrlərdə qərbin iqtisadi ideyalar daşıyıcılarından olmuşdur. O, xüsusi mülkiyyəti qəbul edir və onun ümumi xeyir və şəxsi mənafe xatirinə zəruriliyini göstərir. F.Akvinskiyə görə xüsusi mülkiyyət insanları dinc münasibətlər qurmağa məcbur edir.
Şərqin və Ərəb dünyasının böyük mütəfəkkiri İbn Xəldun (1334-1406) “Müqəddimə” əsərində iqtisadi həyat məsələlərinə böyük əhəmiyyət verərək göstərmişdir ki, elmin vəzifəsi tarixi, ictimai, iqtisadi hadisələrin “İçində” saxladığı məna və mahiyyətləri incələmək, araşdırmaq, düşünmək... varlığın səbəb və nəticələrini diqqətlə anlamaq; hadisələrin cərəyan etdiyi təbii səbəb və vəziyyətlərini tədqiq edib bilməkdən ibarətdir. (İbn Xəldun, “Müqəddimə”, I cild, İstanbul 1988, səh. 5).
Sonrakı qərb iqtisadçıları cəmiyyət və mülkiyyət barədə müxtəlif fikirlər söyləməkdə davam etmişlər.
XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan merkantilizm nəzəri məktəbi sərvətin pul formasına üstünlük verir, qızıla, gümüşə mülkiyyətin əsas amili kimi baxırlar.
Məsələn, Fransa merkantilisti Antuan Monkretyenin (1575-1621) “Siyasi iqtisadın traktatı” əsərində “İnsanların xoşbəxtliyi sərvətdədir” deyir. Merkantilistlər ölkədə, dövlət xəzinəsində daha çox pul ehtiyatı, qızıl-gümüş toplanmasını məqsədəuyğun hesab edirlər və bunun artırılması mənbəyinin ticarətdə, tədavül dairəsində olduğunu qeyd edirdilər.
Klassik siyasi iqtisadın banisi U.Petti (1623-1687) burjua mülkiyyətini müqəddəs və toxunulmaz hesab edirdi.
Fiziokratlar (XVIII əsr) kənd təsərrüfatını sərvətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər.
Fiziokratizmin banisi Fransuz Keneyə (1694-1774) görə mülkiyyət hüququ təbii hüququn əsasıdır. O, bəyan edirdi ki, insanların təbii hüquqları təxminən onların şeylər üzərində olan hüquqları ilə müəyyən olunur. Bu şeylər onlara iştifadə etmək üçün zəruridir (“İqtisadi təlimlər tarixi”, səh. 120, Bakı, 2002).
XVII-XX əsrlərdə mülkiyyət münasibətlərinin daha dərin araşdırılması prosesi davam etmişdir. Bu dövrdə xüsusi mülkiyyət münasibətlərinin təbiiliyinə böyük əhəmiyyət verilmişdir. Mülkiyyətin ilkin mənbəyini əməklə görən ingilis Con Lokkun fikrincə, pulun meydana gəlməsi ilə fərdi mülkiyyətə əsaslanan ilkin bərabərliyi pozmaq üçün şərait yaranır və beləliklə pul şəxsi əməyə əsaslanan mülkiyyətin çərçivəsini genişləndirməyə imkan verən bir amil olur.
Klassik siyasi iqtisad məktəbinin görkəmli alimləri A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) azad xüsusi mülkiyyətin təbiiliyi barədə Con Lokkun ideyasını müdafiə etmişlər.
Cəmiyyəti xüsusi mülkiyyətsiz təsəvvür edə bilməyən A.Smitin fikrinə görə insanın iqtisadi fəaliyyətinin başlıca məqsədi varlanmaqdır, motivi isə şəxsi mənafedir. Daha sonra o, qeyd edir ki, ictimai quruluşda iqtisadi münasibətlərin təkmilləşdirilməsi yolu ilə maddi nemətlər istehsalının artırılmasına nail olmaq olar.
A.Smitə qədər mülkiyyət münasibətləri ayrı-ayrı sahələr üzrə araşdırıldığı halda, Smit bütün cəmiyyətdə mülkiyyət münasibətlərinin elmi araşdırmasına nail olmuşdur. O, özünün “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində (1776) xalqların sərvəti, onun artırılmasının mənbə və yolları, stimul və qanunlarının elmi araşdırılması ilə cəmiyyətin geniş dairəli mülkiyyət münasibətlərinə aydınlıq gətirilmişdir.
A.Smit ayrıca adamı öz kapitalı olan “iqtisadi adam” kimi təsvir edir və cəmiyyətə bu adamlara əmək və mübadilə ittifaqı kimi baxır və burada mülkiyyət sahibləri arasındakı, habelə insanla cəmiyyət arasındakı münasibətlər araşdırılır. A.Smit torpaq alveri sahəsində tam azadlıq uğrunda çıxış etmiş və iri torpaq sahibkarlığının əleyhdarı olmuş, irs qalmış torpaqların parçalanmasına mane olan qanunların ləğv edilməsini tələb edirdi.
A.Smit adamları istehsal vasitələrilə münasibətə görə siniflərə bölmüşdü. O, İngiltərə cəmiyyətinə üç əsas sinfin: torpağa sahib olan torpaq mülkiyyətçilərinin, digər növ istehsal vasitələrinə yəni əmək alətlərinə, sənaye qurğularına və əmək cisimlərinə sahib olan kapitalistlərin və iş qüvvəsinə sahib olan fəhlələr sinfinin olduğunu qeyd etmişdir.
D.Rikardo da kapitalist xüsusi mülkiyyət münasibətlərinin feodal mülkiyyəti münasibətlərinə nisbətən üstün mahiyyətini tədqiq etmişdir.
D.Rikardo “siyasi iqtisadın və vergi qoyuluşunun əsasları” əsərində yazır: “Torpağın məhsulu - əmək tətbiqi, maşın və kapitalın birləşməsilə onun səthindən alınan nə varsa – cəmiyyətin üş sinfi arasında bölüşdürülür: bilavasitə torpaq sahibləri, pul və yaxud kapital mülkiyyətçiləri və onu əməyi ilə becərən işçilər”.
Klassik siyasi-iqtisad məktəbinin davamçıları və tənqidçiləri də mülkiyyət kateqoriyası barədə bəzi fikirlər söyləmişlər.
F.Engels və K.Marksın əsərlərində mülkiyyət münasibətlərinin geniş izahı verilmişdir.
K.Marks “Kapital” əsərinin bütün üç cildində istehsal vasitələri üzərində kapitalist xüsusi mülkiyyətinə əsaslanan mənimsəmə münasibətlərini və onun çevriliş formalarını ətraflı və dərin elmi təhlilini aparmışdır.
K.Marks cəmiyyətin yoxsullara və sərvətlilərə bölünməsini xüsusi mülkiyyətin inkişafının və müdafiəsinini nəticəsi kimi təhlil edərək göstərirdi ki, xüsusi mülkiyyət ləğv edilməlidi və proletariata xüsusi mülkiyyəti ləğv edə bilən bir qüvvə kimi baxırdı.
Marks öz tədqiqatlarında mülkiyyətin iqtisadi məzmunun (iqtisadi təbiətinin) onun hüquqi forması üzərində üstünlüyünü qeyd edir və iqtisadi məzmun primat götürülür, habelə marksist təlimdə mülkiyyətlə əlaqədar insanlar arasındakı münasibətlərin öyrənilməsi birinci, insanın şeyə olan münasibəti isə ikinci yer tutmuş olur. F.Engels “Ailə xüsusi mülkiyyət və dövlətin mənşəyi” əsərində köhnə cəmiyyətin (icma cəmiyyətinin) iqtisadi bazasını təhlil etmiş və qeyd etmişdir ki, bu cəmiyyətdə istehsal və istehlak predmetləri ümumi mülkiyyətdə olmuşdur. Patriarxal qəbilədə ictimai icma quruluşununu pozulması meyli nəticə etibarı ilə xüsusi mülkiyyətin və dövlətin meydana çıxmasına gətirib çıxarır. Sonralar Marks və Engels mülkiyyət barədə öz nəzəri müddəalarını yekunlaşdıraraq yazmışlar” “Bütün mülkiyyət münasibətləri tarix boyu həmişə bir-birini əvəz etmiş, tarix boyu həmişə dəyişilmişdir. ...Kommunistlər özlərinin nəzəriyyəsini bir müddəa ilə ifadə edə bilərlər: xüsusi mülkiyyət məhv edilməlidir”. (K.Marks və F.Engels. Kommunist partiyasının manifesti, səh. 47. Azərnəşr 1954).
SSRİ-nin dağılması səbəblərindən biri xüsusi mülkiyyətin tamamilə ləğv edilməsi ideologiyası oldu, hətta iş o yerə çatmışdı ki, şəxsi həyətyanı təsərrüfatlar da ləğv edilirdi.
Mülkiyyət haqda fikirlər, müxləlif baxışlar müasir dövrlərdə də səslənməkdə davam edir. Amerika iqtisadçısı L.Mizes (1881-1973) – iqtisadi inkişafın mütləq əsasları xüsusi mülkiyyət və azad mübadilədir – demişdir. “Qarışıq” iqtisadiyyatdan danışan M.Keyns, F.Xarris, P.Samuelson və başqaları xüsusi və ictimai mülkiyyətə əsaslanan sistemdə müxtəlif uzlaşdırmaların mümkünlüyünü göstərmişlər.
Çində belə uzlaşdırma əsasında böyük iqtisadi tərəqqiyə nail olunmuşdur. Çin islahatların özünəməxsus yolunu seçmiş dövlət, kooperativ, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan təsərrüfatların səmərəli və faydalı inkişafını təşkil edə bilmişdir. Deməli, Çin kommunistləri tərəqqi yolunu düzgün seçmişlər.
Bütün bu deyilənlərdən aydın olur ki, mülkiyyətin məzmunu çox zəngindir. O, vəsaitdən və istehsalın nəticələrindən istifadə olunmasında adamlar;kooperativlər, sahələr, ölkənin regionları arasında, habelə xarici iqtisadi münasibətlərin çoxcəhətli sistemini, iqtisadi mənafe çalarları məcmusunu əhatə edir;münasibətlərin bu mürəkkəb kompleksi müəyyən şəkildə daima əlaqələndirilməli və tənzimlənməlidir.
Bütün bunlar mülkiyyətin iqtisadi kateqoriya olmasını təsdiq etməyə əsas verir.
Deməli mülkiyyət iqtisadi kateqoriya olmaqla yanaşı, o, həm də hüquqi kateqoriyadır.
Mülkiyyətə sərəncamvermə amilləri, habelə mülkiyyətin qorunması, toxunulmazlığı problemləri hüquqi qanunlarla nizamlanır. Azərbaycan Konstitusiyasında mülkiyyət hüququ (maddə 29) aydın şərh edilmişdir:
“Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir...
Dövlət vərəsəlik hüququna təminat verir”.
Azərbaycan dövləti mülkiyyət toxunulmazlığını müdafiə edir.
Göründüyü kimi aydın olur ki, mülkiyyət hüququ obyektiv mövcud olan mənimsəmə münasibətlərinini subyektiv şərhidir. Bütün bunlara görə mülkiyyət hüququ – hüquqi kateqoriya xarakteri alır. Deməli, mülkiyyət həm iqtisadi, həm də hüquqi kateqoriya kimi səciyyələnir.
Deməli, mülkiyyət – insanlar arasında cisim və əşyaların, məhsulların, hər şeydən əvvəl istehsal vasitələrinin mənimsənilməsinin tarixi-iqtisadi münasibətlərini əks etdirən iqtisadi-hüquqi kateqoriyadır. Mülkiyyət hüquqları ilə iqtisadi səmərəlilik arasında sıx əlaqə vardır. İstehsal vasitələri üzərində mülkiyyət hər şeydən əvvəl iqtisadi hadisədir, hüquqi münasibətin məzmunu iqtisadi münasibətdən doğur. Mülkiyyət istehsal münasibətlərinini əsası, mülkiyyət hüququ isə bu münasibətlərin yazılı və qeyri-yazılı qanunlarda əksidir. Mülkiyyətə fəlsəfi və tarixi kateqoriya kimi də baxılır.
Mülkiyyət daima, hər zaman, bütün əsrlərdə insanlar arasında azad iqtisadi münasibətlərə doğru tərəqqi etmişdir, deməli o, təkrar olunan, daima inkişafda, təkmilləşməkdə, püxtələşməkdə və tərəqqidə olan münasibətlər sistemidir.
Do'stlaringiz bilan baham: |