Düşmən ağır itgilərinə baxmayaraq əlavə qüvvələr, o cümlədən 5-ci motoatıcı briqadanı, “Tiqran Mets” əlahiddə motoatıcı taburunu da cəlb etdi və aprelin 16-dan mayın 6-a qədər cəbhə xəttini yarmaq üçün 5 dəfə davamlı cəhdlər etdi. Lakin heç bir ciddi nəticəyə nail ola bilmədi, qoşunlarımız əsas müdafiə mövqelərini qoruyub saxladılar. Ermənilər Ağdamdan şimala və Tərtərdən qərbə doğru yalnız bir neçə yaşayış məntəqəsini tuta bildilər. Azərbaycan Ordusu aprelin 19-da cəbhənin Füzuli-Cəbrayıl kəsiyində düşmənə əkszərbə vurdu və Ermənistan silahlı qüvvələrinin əlahiddə kəşfiyyat taburunu darmadağın etdi. Digər istiqamətlərdə, o cümlədən Ömər aşırımında da düşmənə əkszərbələr vuruldu. 33 gün ərzində fasiləsiz davam edən döyüşlər nəticəsində düşmən ciddi itgilər verdi. Ermənilərin 1000 nəfərdən artıq canlı qüvvəsi, 50 ədədə qədər zirehli texnikası, çoxlu sayda digər texnika, silah və sursatı məhv edildi. İşğalçı Ermənistan ordusunda mənəvi-psixoloji durum böhran həddinə çatdı, kütləvi fərarilik, döyüşlərdə iştirakdan imtina geniş hal aldı. Ermənilər qrup şəklində əsir kimi Azərbaycan tərəfinə keçməyə başladılar. Erməni hərbi komandanlığı hücum əməliyyatlarının dayandırılması və müdafiə mövqeyinə keçilməsi haqda əmr vermək məcburiyyətində qaldı.
1994-cü il mayın 4-5-də MDB-nin parlament nümayəndələri Bişkekdə toplaşmışdılar. Bu toplantıya Dağlıq Qarabağ “parlament”inin rəhbəri Karen Baburyan da dəvət olunmuşdu. Burada “Bişkek protokolu” deyilən sənəd hazırlandı. Azərbaycan parlamenti sədrinin müavini A.Cəlilov müzakirələrdə iştirak etdi, lakin ölkə rəhbərliyinin razılığı olmadan imza etməyəcəyini bildirdi. V.Kazimirov həmin sənədlə birlikdə Bakıya gəldi, burada H.Əliyevin iştirakı ilə xüsusi iclas keçirildi və uzun müzakirələrdən sonra razılıq əldə olundu. Azərbaycan tərəfi sənədi Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri N.Bəhmənovun da imzalamalı olduğunu bildirdi və bu şərt qəbul olundu. Azərbaycan parlamentinin sədri R.Quliyev digər tərəflərlə birlikdə sənədi imzaladı. Mayın 9-da atəşkəs haqda sənədi Azərbaycanın müdafiə naziri M.Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri S.Sarkisyan, mayın 11-də Dağlıq Qarabağın “silahlı qüvvələri”nin rəhbəri S.Babayan imzaladı. Mayın 11-dən 12-nə keçən gecə atəşkəs rejimi qüvvəyə mindi. Bundan sonra Rusiyanın müdafiə naziri P.Qraçov rus hərbi qüvvələrinin regiona yerləşdirilməsinə dair sazişdə nəzərdə tutulan bəndin yerinə yetirilməsinə cəhd göstərdi. Lakin Azərbaycan Rusiyanın bu təhlükəli təşəbbüsünün reallaşdırılmasına imkan vermədi.
Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik sərhəddini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhəddini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 2 şəhər, 1 qəsəbə, 53 kəndində yaşayan 50 minədək Azərbaycan türkü öz yurdlarından qovulub çıxarılmışdır. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evi, 7 min ictimai bina, 693 ümumtəhsil məktəbi, 695 səhiyyə ocağı, 800 km avtomobil yolları, 160 körpü, 23000 km su kəməri, 156 min ha əkin sahəsi, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları həcmində zərər dəyişmişdir.
Atəşkəs dövrü və danışıqların davam etdirilməsi
Atəşkəs haqda saziş imzalandıqdan dərhal sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdılar. ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına, iri hərbi əməliyyatlara yol verilməməsinə yönəlmişdi. Vasitəçilər ilk olaraq qoşunların cəbhə xəttindən çəkilməsi ilə bağlı təkliflər verdilər. Rusiyanın 1994-cü ilin yayında təklif etdiyi plana görə, 5-15 km-lik bufer zona yaradılması, regiona 1800 nəfərlik rus ayırıcı qüvvələrinin yeridilməsi, 49 müşahidə postunun yaradılması, idarəetmə məntəqəsinin Ağdamda yerləşdirilməsi nəzərdə tutulurdu. ATƏT uyğun olaraq 10-km-lik bufer zonası, Türkiyə, Rusiya, Avstriya, Macarıstan hərbçilərindən ibarət 1600-2000 nəfərlik ayırıcı qüvvə, çevik nəzarət qrupları ilə bağlı təkliflərlə çıxış etdi. Bu plan həmçinin dayaq bazasının Türkiyənin Ərzurum şəhərində yaradılmasını nəzərdə tuturdu. Bu və sonralar irəli sürülən təkliflərin heç biri reallaşdırılmadı.
Atəşkəs rejiminin bərqərar olması daha çox beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin və Ermənistanın maraqlarına uyğun idi. Dünyanı bürümüş qanlı münaqişə ocaqlarının hər hansı birinin dayandırılması, ən azından dondurulması beynəlxalq təşkilatları təmin edir. Regionda böyük iqtisadi layihələri həyata keçirən Qərb dövlətləri və birinci növbədə ABŞ-a müharibənin alovlanması sərf etmir. Rusiya isə atəşkəs rejimi ilə dondurulmuş münaqişədən və münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasından Azərbaycan və Ermənistanı təsir altında saxlamaq üçün istifadə edir. Atəşkəs dövründə vasitəçilik missiyasının fəallaşdırılması münaqişənin nizama salınmasına, ədalətli həll variantının tapılmasına deyil, böyük dövlətlərin regionda öz geostrateji maraqlarını reallaşdırmaq cəhdlərinə yönəlmişdir. Qarabağ münaqişəsi ABŞ, Rusiya və qismən də Avropa arasında qarşıdurma və maraqların mübarizəsi meydanına çevrilmişdir. Böyük dövlətlər öz maraqlarını Minsk qrupu həmsədrləri institutu və digər beynəlxalq qurumlar, o cümlədən müxtəlif komitələr, missiyalar, məruzəçilər və s. vasitəsi ilə reallaşdırmağa çalışırlar.
ATƏM-in (ATƏT-in) 1994-cü ilin dekabrında Budapeştdə keçirilmiş sammitində Minsk qrupunun idarə olunması ilə bağlı dəyikşiklikər edildi, həmsədrlik institutu yaradıldı. Rusiya və İsveçin nümayəndələri həmsədr oldular (1995-ci ildə İsveçi Finlandiyanın nümayəndəsi əvəz etdi). Budapeşt sammiti tərəfindən Minsk qrupu qarşısında iki əsas vəzifə qoyuldu: atəşkəs rejiminin davam etdirilməsinə nail olmaq və “silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş”in imzalanması üçün danışıqlar aparmaq. İmzalanması nəzərdə tutulan sazişin konsepsiyası Minsk qrupu tərəfindən hazırlanmış bir sıra sənəd layihələrinə əsaslanırdı. Bu layihələr daha çox “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dair Təxirəsalınmaz tədbirlər Qrafiki” adlanırdı. Hər hansı başqa məsələ, o cümlədən Dağlıq Qarabağın statusu ilə bağlı məsələ Minsk qrupunun mandatına daxil edilməmişdi. Statusun müzakirə edilməsi və qərar qəbul olunması Minsk konfransının səlahiyyətinə daxil idi. Budapeşt sammitində həmçinin münaqişənin nizamlanmasından sonra regiona ayırıcı qüvvələrin yerləşdirilməsi ilə bağlı təklif də müzakirə edildi. Bu təkliflə əlaqədar qərar layihəsinin hazırlanması, müəyyən hazırlıq işələrinin həyata keçirilməsi üçün Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) yaradıldı. YSPQ-nin mənzil-qərargahı Vyanada yerləşir. .
ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində müəyyən konkret qərarlar qəbul etməyə cəhd göstərildi. Minsk qrupu münaqişənin nizama salınması üçün 3 əsas prinsipi təklif etdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində yüksək idarəetmə dərəcəsi ilə Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi; Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təhlükəsizlik təminatının verilməsi. Bu prinsiplər 53 iştirakçı dövlət tərəfindən müdafiə olundu, yalnız Ermənistan qətnaməyə veto qoydu. Ona görə də sənəd ATƏT-in fəaliyyətdə olan sədrinin yalnız tövsiyyə xarakterli xüsusi bəyanatı kimi qəbul olundu. Bu sənədin elə bir ciddi əhəmiyyəti yox idi. Lissabon sammitinin sonunda Minsk qrupu həmsədrləri institutunun formatında dəyişikliklərlə bağlı razılıq əldə olundu. 1996-cı il dekabrın 30-da ATƏT-in fəailiyyətdə olan sədrinin qərarı ilə Fransa Fınlandiyanın əvəzinə həmsədr təyin olundu. Azərbaycanın bu təyinata etirazlarından sonra ABŞ üçüncü həmsədr təyin edildi. Bununla üç həmsədrdən (ABŞ, Rusiya, Fransa) ibarət yeni struktur formalaşdı. Minsk qrupunun üç həmsədrlik institutunun formalaşdıgı dövrdə beynəlxalq təcrübə baxımından Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən iki hadisə baş verdi. Bu Şotlandiya və Kvebekin taleyi ilə bağlı məsələlər idi. 1998-cı ildə Şotlandiyada referendum keçirildi. Referenduma çıxarılan məsələ müstəqilliklə deyil, yüksək muxtariyyətlə bağlı idi. Həmin dövrdə beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulandı ki, müstəqilliklə bağlı referendumların keçirilməsüi üçün, ümumiyyətlə, hüquqi mexanizm yoxdur. Kvebeklə bağlı bir qədər əvvəl iki dəfə–1980 və 1995-ci illərdə referendum keçirilmişdi. Həmin referendumlarda da Kvebekin müstəqilliyi deyil, bu əyalətin Kanadanın tərkibində yeri haqda məsələ səsverməyə çıxarılmışdı. 1998-ci ildə isə Kanadanın Ali Məhkəməsi belə bir qərar qəbul etdi ki, “Kvebek əyalətinin əhalisi..., onun təmsilçi qurumları... beynəlxalq qanunlara görə, birtərəfli qaydada Kanadanın tərkibindən çıxmaq hüququna malik deyildirlər”.
Təəssüf ki, bu presedentlərin baş verdiyi dövrdə Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar mövqeyindən çıxış edərək, fərqli təkliflər irəli sürdülər. Həmsədrlərin “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş” adlandırdıqları birinci variant 1997-ci il iyul ayının 18-də tərəflərə təqdim olundu. Bu sənəd daha çox “paket həlli variantı” kimi tanınırdı. Məzmun etibarı ilə bu variant bir paketdə birləşdirilən iki anlaşmadan ibarət idi. Sənəd Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi ilə bölgənin özünü idarəetmə statusunun eyni vaxtda müəyyənləşdirilməsini nəzərdə tuturdu. Azərbaycan tərəfi müəyyən şərtlərlə layihəni qəbul etdiyini bildirdi. Ermənistan isə Dağlıq Qarabağın müstəqilliyi üzərində israr edərək layihəni rədd etdi. Bundan sonra beynəlxalq təşkilatlar Ermənistana müəyyən təzyiqlər göstərdi. Təzyiqlərin nəticəsi olaraq Ermənistanın mövqeyi bir qədər yumşaldı. 1997-ci ilin oktyabrında Avropa Şurasının Strasburqda keçirilən sammitində Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış etdilər. Həmsədrlər bu bəyanatın əsasında yeni sənəd layihəsi üzərində işləməyə başladılar. Belə razılıq əldə olundu ki, əvvəlcə rayonların azad edilməsi, kommunikasiyaların açılması və s. məsələlər barədə sənəd hazırlansın, sonra bölgənin statusu ilə bağlı müzakirələrə başlanılsın. 1997-ci il dekabrın 2-də həmsədrlər “mərhələli həll” variantını tərəflərə təqdim etdilər. Lakin bu variantın müzakirəsinə imkan olmadı. 1998-ci il fevralın 3-də Ermənistanda dövlət çevrilişi baş verdi. R. Koçaryan L. Ter-Petrosyanı devirərək, hakimiyyəti ələ keçirdi və dərhal “mərhələli həll” planını rədd etdi. Bu plana görə, Dağlıq Qarabağın ətrafındakı rayonlar 5+1 prinsipi ilə (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, sonra isə Kəlbəcər) azad edilməli idi. Laçının boşaldılması sonraya saxlanılırdı. Sənəddə həmçinin göstərilirdi ki, Ermənistanın silahlı qüvvələri münaqişə zonasını tərk etməli, Dağlıq Qarabağın qüvvələri isə bölgənin inzibati sərhədləri daxilinə çəkilməlidir. Azərbaycanın silahlı qüvvələrinin 5 km geri çəkilməsi və Dağlıq Qarabağın inzibati sərhədləri boyunca bufer zonanın yaradılması nəzərdə tutulurdu. Buraya və Laçın dəhlizinə beynəlxalq sülhyaratma qüvvələri nəzarət etməli idilər. Laçın rayonunun hansı ərazilərinə dinc əhalinin qayıtması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda həll edilməli idi. Naxçıvanla dəhliz məsələsi sonraya saxlanılırdı. Dağlıq Qarabağın statusu de-fakto müstəqilliyə bərabər idi. Sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində “dövlət və ərazi qurumu” kimi mövcud olmalı idi. Dağlıq Qarabağdakı qondarma “qurum” üçün konstitutsiya, bayraq, gerb, polis, milli qvardiya, himn və s. atributlar nəzərdə tutulurdu. Şuşanın xüsusi statusu olmalı, bu status Şaumyan rayonunun statusu ilə uyğunlaşdırılmalı idi. Göründüyü kimi, Rusiyanın diqtəsi ilə ermənilərin imtina etdikləri “mərhələli həll” planı da Azərbaycanın maraqlarına uyğun deyildi. 1998-ci il noyabrın 7-də münaqişənin həllinə dair “ümumi dövlət” adı ilə tanınan 3-cü təklif irəli sürüldü. Bu variant mahiyyətcə Dağlıq Qarabağı müsəqil dövlətə çevirmək məqsədi güddüyünə görə Azərbaycan tərəfindən rədd edildi.
2001-ci ilin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı bir sıra yeni müzakirələr və danışıqlar aparıldı. Azərbaycan Respublikasının prezidenti H. Əliyevin təşəbbüsü və iştirakı ilə fevral ayının 23-24-də Milli Məclisdə geniş müzakirələr keçirildi və 6 bənddən ibarət qərar qəbul olundu. Qərarda münaqişənin qarşılıqlı kompromislər yolu ilə nizama salınmasının zəruriliyi göstərildi. Mart ayında Parisdə H. Əliyev və R. Koçaryan arasında danışıqlar aparıldı. Müzakirə olunan məsələlər Ermənistanın maraqlarını kifayət qədər təmin edirdi. Dağlıq Qarabağdakı qondarma “qurum”a yüksək statusun verilməsi nəzərdə tutulur, onun Bakıdan asılılığı faktiki olaraq heçə endirilirdi. Bunun müqabilində erməni tərəfi Dağlıq Qarabağın ətrafındakı 6 rayonun azad edilməsinə və azərbaycanlıların Şuşaya qayıtmasına razılaşırdı. Razılığa görə, Laçın dəhlizi ermənilərə qalır, əvəzində isə Mehri vasitəsi ilə Naxçıvana yol açılırdı. Paris danışıqları 1 ay sonra ABŞ-ın Ki-Uest şəhərində davam etdirildi. Burada Azərbaycan prezidenti yeni təkliflərlə çıxış edərək, Kəlbəcər ərazisi ilə Qarabağ və Ermənistan arasında dəhliz açılması müqabilində Laçının bütövlükdə Azərbaycana qaytarılması tələbini qoydu. Bundan əlavə, H.Əliyev azərbaycanlıların təkcə Şuşaya deyil, Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə də qaytarılmasının vacibliyini göstərdi. Şərtlərin ermənilər üçün sərfəli olmasına baxmayaraq, yenə də İrəvan Moskvanın təzyiqləri altında danışıqlardan geri çəkildi. Azərbaycanın bütün mümkün güzəştlərə hazır olmasına baxmayaraq, Minsk qrupunun vasitəçiliyi ilə aparılan bu danışıqlar birmənalı şəkildə Ermənistanın tələblərinin tam yerinə yetirilməsinə yönəlmişdi. Sonda H.Əliyev acı həqiqəti etiraf etməli oldu: “Aparılan bütün bu danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən mənə bir şey aydındır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər”.
2000-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanda ictimai fəallıq xeyli artdı. Həmin ilin yanvarında cəmiyyətin müxtəlif təbəqələrinin erməni işğalına qarşı fəallığının artırılması, ictimai müqavimətin gücləndirilməsi məqsədi ilə Qarabağ Azadlıq Təşkilatı yaradıldı (QAT). Tanınmış ziyalılar, sabiq hərbiçilər, qaçqın və köçkünlərin nümayəndələri bu Təşkilatda birləşdilər, Akif Nağı qurumun sədri seçildi. QAT Qarabağ Əlillər Cəmiyyəti, Veteranlar Birliyi, “Azəri-Türk” Qadınlar Birliyi, Şəhid Ailələrinin Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, həmçinin siyasi partiyalar və digər qurumlarla birlikdə cəmiyyətin fəallaşdırılması üçün bir sıra ciddi addımlar atdı, o cümlədən, 2001-ci ilin dekabrında, 2002-ci ilin yanvarında, 2003-cü ilin fevralında birgə Qarabağ mitinqləri keçirildi və erməni işğalının nəticələrinin hərbi yolla aradan qaldırılmasına dair tələblər irəli sürüldü. 2001-ci ildə 4 tanınmış ictimai və siyasi xadim–Eldar Namazov, Tofiq Zülfüqarov, Nazim İmanov və Sabit Bağırov “Qarabağ Xartiyası” deyilən sənədlə çıxış etdilər. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün siyasi vasitələrlə yanaşı hərbi qüvvədən istifadənin mümkünlüyü, Dağlıq Qarabağ əhalisinə geniş muxtariyyətin verilməsi, münaqişənin mərhələli həll variantına üstünlük verilməsi kimi məsələlər əks olunurdu. Xartiya əksər siyasi və ictimai təşkilatlar tərəfindən müdafiə olundu.
2001-ci ildən başlayaraq erməni tərəfi “xalq diplomatiyası”ndan istifadə edərək Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırdı. Bu ənənəvi erməni siyasəti idi. 1905-1906-cı, 1918-1920-cı illərdə də ermənilər Azərbaycanın torpaqlarını zəbt etdikdən sonra barışıq elan edir, xoş münasibətlər yaradaraq işğal faktlarının unutdurlumasına nail olmuşdular. Bu dəfə ermənilərin cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılandı. 2001-ci il sentyabrın əvvəlində İrəvan və Xankəndindən nümayəndə heyəti Bakıya gəldi. Onlar rəsmi və qeyri-rəsmi səviyyələrdə bir sıra görüşlər planlaşdırmışdılar. Bu görüşlər zamanı işğal faktına toxunmadan cəmiyyətlərarası dialoqun təşkili, düşmənçilik əhval-ruhiyyəsinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulurdu. Azərbaycan cəmiyyəti ermənilərin məkrli niyyətini başa düşərək kəskin etirazla çıxış etdi. Qarabağ Azadlıq Təşkilatı daha radikal mövqedə dayanaraq, etiraz aksiyaları keçirdi, erməni nümayəndə heyəti ilə görüşlərin keçirilməsinə imkan vermədi. Ermənilər səfərlərini yarımçıq kəsərək geri qayıtmalı oldular. Bu hadisədən sonra Azərbaycan cəmiyyətində erməni işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşdı. 2003-cü ildə bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı partizan müharibəsinə başlamaq üçün cəbhə xəttini keçməyə cəhd göstərdi. Rövşən Bədəlovun rəhbərlik etdiyi 23 nəfərlik qrup 2003-cü ilin avqust ayında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan bu gənclərdən biri-Məmməd Məmmədov ömürlük, digərləri isə uzun müddətə azadlıqdan məhrum edildilər. Erməni işğalı, terrorçuluğu və vəhşiliklərinə etiraz olaraq növbəti radikal addım Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov tərəfindən atıldı. Ramil Səfərov Macarıstanın paytaxtı Budapeşt şəhərində NATO hərbi kurslarında olarkən iki erməni zabitinin təxribatlarına dözməyərək, 2004-cü ilin fevralında onlardan birini soyuq silahla qətlə yetirdi. R.Səfərov uşaq yaşlarında ermənilərin işğal etdikləri Cəbrayıl rayonundan didərgin salınmış və müharibənin bütün acılarını yaşamışdı. Üstəlik 2 erməni zabitinin onu daim təxribatlara çəkmələri, Azərbaycanın dövlət atributlarını təhqir etmələri, xüsusilə də Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həmin dəhşətli hadisələri ermənilərin “böyük qələbəsi” kimi təqdim etmək, dinc sakinlərə qarşı törədilmiş vəhşiliklərə bəraət qazandırmaq və öyünmək cəhdləri Azərbaycan zabitinin səbr kasasını doldurmuşdu. Təəssüf ki, R.Səfərovun hərəkətlərinin motivi, hadisənin törənmə şəraiti və səbəbləri Budapeşt şəhər məhkəməsi tərəfindən nəzərə alınmadı və o, 2006-cı ilin aprelində ömürlük həbs cəzasına məhkum edildi. Macarıstan məhkəməsi Ermənistan hakimiyyəti və erməni lobbisinin təzyiqləri altında hüquqi deyil, siyasi qərar qəbul etdi. R.Səfərova qarşı ədalətsiz məhkəmə hökmü Azərbaycanda ciddi etirazlarla qarşılandı, kütləvi etiraz aksiyaları keçirildi.
Ermənistan hakimiyyəti “xalq diplomatiyası”na yol açmaq üçün 2004-cü ildə NATO strukturlarından istifadə etməyə cəhd göstərdi. Həmin ilin sentyabrında Azərbaycanda NATO-nun təşkilatçılığı ilə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulurdu. Təlimlərə hazırlıq məqsədilə iyun ayında Bakıda NATO-ya üzv ölkələrin yüksək rütbəli zabitlərinin geniş konfransı keçirildi. Konfransda iştirak etmək üçün Ermənistan da öz hərbçilərini göndərmişdi. İşğalçı Ermənistan ordusunun tədbirdə iştirakı cəmiyyət tərəfindən qəzəblə qarşılandı. Qarabağ Azadlıq Təşkilatı konfransın keçirildiyi “Avropa” otelinin qarşısında etiraz aksiyasına başladı. İyunun 22-də bir qrup aksiya iştirakçısı polislərin müqavimətini yararaq otelə daxil oldu. Konfrans iştirakçıları öz işlərini dayandırıb Bakını tərk etməli oldular. Aksiya iştirakçılarından 6 nəfər həbs olundu və məhkəmənin hökmü ilə 3 ildən 5 ilədək azadlıqdan məhrum edildilər. Lakin bundan sonra da həm QAT-çıların həbsinə, həm də erməni zabitlərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi planlarına qarşı etiraz aksiyaları davam etdirildi və genişləndi. Bir sıra millət vəkilləri, ictimai, siyasi xadimlər, ayrı-ayrı qurumlar həbs olunanların müdafiəsinə qalxdılar. Sentyabr ayında Azərbaycan Respublikasının Apellyasiya məhkəməsi QAT-çıların barəsində çıxarılmış azadlıqdan məhrumetmə hökmlərini şərti cəzalarla əvəz etdi. NATO rəhbərliyi isə öz tarixində ilk dəfə olaraq təyin olunmuş hərbi təlimlərini ləğv etmək məcburiyyətində qaldı.
Danışıqların “Praqa prosesi” mərhələsi
2004-cü ilin aprelində danışıqların “Praqa prosesi” deyilən mərhələsi başlandı. Bu prosesin fərqli cəhəti Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin mütəmadi, prezidentlərin isə vaxtaşırı birbaşa görüşlərinin keçirilməsi, paket və mərhələli həll variantlarının uzlaşdırılması və status məsələsi ilə bağlı mümkün kompromisin əldə olunması cəhdlərindən ibarət idi. “Praqa prosesi” nin başlıca qüsuru əsas məsələ kimi işğal faktının deyil, Dağlıq Qarabağın statusunun müzakirə olunması idi. Bu prosesin əvvəlində tərəflər həll variantının “paket yaxud mərhələli plan” adlandırılmaması ilə bağlı kompromis əldə etdilər: istənilən halda paket şəklində əldə olunacaq razılaşma mərhələlərlə həyata keçirilməlidir.
Danışıqların danışıqlar xatirinə davam etdirliməsi üçün bu formula kifayət edir, lakin hər hansı bir nəticənin əldə olunması üçün ümid vermirdi. “Praqa prosesi” çərçivəsində 2005-ci ilin sonunadək prezidentlər 4 dəfə (Varşava–aprel, 2004-cü il; Astana–sentyabr, 2004-cü il; Kazan–avqust, 2005-ci il; Varşava–sentyabr, 2005-ci il), xarici işlər nazirləri isə 11 dəfə görüşdülər. Bu görüşləri təşkil edən Minsk qrupu həmsədrləri tərəflərə “keçid statusu” deyilən variantı müzakirə üçün təklif etdilər. Bu variantın mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağdakı qondarma rejimin de-fakto vəziyyətinin təsdiqlənməsi əvəzində ətraf rayonların bir hissəsi azad oluna bilərdi. Konkret olaraq müzakirəyə çıxarılan məsələlər aşağıdakılardan ibarət idi: 1) “Ermənistan tərəfindən müdafiə edilən Dağlıq Qarabağ qüvvələrinin” bölgə ətrafındakı işğal olunmuş ərazilərin bir hissəsindən çıxarılması; 2) Dağlıq Qarabağı geri qaytarmaq üçün Azərbaycanın güc tətbiqindən imtina etməsi; 3) Beynəlxalq sülhyaratma qüvvələrinin münaqişə zonasına yerləşdirilməsi; 4) Köçkünlərin öz yerlərinə qayıtması; 5) Ticarət münasibətlərinin bərpa edilməsi və yolların açılması; 6) Dağlıq Qarabağın son statusunun orada yaşayan erməni və azərbaycanlıların iştirakı ilə keçiriləcək referendumla müəyyən edilməsi. Referendum keçirilənə qədər Dağlıq Qarabağdakı qondarma rejimin “keçid statusu” ilə mövcudluğunu davam etdirməsi və bu statusa beynəlxalq təminatın verilməsi nəzərdə tutulurdu. Azərbaycan bu varianta konkret münasibət bildirməyərək, əks tərəfin mövqe bildirməsini gözlədi. Ermənistan isə Rusiyanın təzyiqləri altında növbəti dəfə kifayət qədər sərfəli variantdan imtina etdi. R. Koçaryan saziş layihəsində Dağlıq Qarabağın statusunun müstəqil dövlət kimi göstərilməsi tələbini irəli sürdü və bununla da danışıqlar prosesinin yenidən dalana dirənməsinə nail oldu.
Minsk qrupu həmsədrləri 2006-cı ildə nəticə əldə olunacağına böyük ümidlərlə yanaşır, optimist proqnozlar verirdilər. Lakin həmin il də uğursuzluqlarla başlandı. Fevral ayında Fransanın paytaxtı Paris yaxınlığındakı Rambuye qəsrində prezidentlər arasında keçirilən göruş nəticəsiz başa çatdı. R. Koçaryan heç bir ciddi səbəb gətirmədən danışıqları yarımçıq tərk etdi. Onun bu addımı Rusiyanın diqtəsi ilə atdığı aydın oldu. Rambuyedə də Azərbaycanın maraqlarına uyğun olmayan sənəd müzakirə olunurdu. Ekspertlərin fikrinə görə, həmin sənəddə Laçın və Kəlbəcər istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı digər ərazilərin boşaldılması, həmin ərazilərə sülhməramlı qüvvələrin yerləşdirilməsi, 15 ildən sonra statusla bağlı referendumun keçirilməsi, bu dövr ərzində isə Dağlıq Qarabağın mübahisəli ərazi olaraq qalması nəzərdə tutulurdu. Rusiya bir daha münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlı olduğunu nümayiş etdirərək Ermənistanın təklif olunan varianta razılaşmasına imkan vermədi.
ABŞ yaranmış böhran vəziyyətindən çıxmaq üçün ciddi addımlar atmağa başladı. Bu ölkənin yüksək səviyyəli rəsmilərinin bölgəyə dalbadal səfərləri təşkil edildi. İyun ayının ortalarında isə ABŞ administrasiyasına yaxınlığı ilə tanınan Metyu Brayza Minsk qrupuna yeni həmsədr təyin edildi. Bu dövrdə ABŞ-ın Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyinə kifayət qədər aydınlıq gətirildi. Rusiya münaqişənin dondurulmuş şəkildə saxlanılmasından bəhrələnməyə çalışdığı halda, ABŞ məsələnin Ermənistanın maraqlarına uyğun həll edilməsində maraqlı olduğunu nümayiş etdirdi. ABŞ administrasiyası bu yolla Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırdı. Təsadüfi deyil ki, yenicə təyin olunmuş Amerikalı həmsədr M.Brayzanın fəal iştirakı ilə hazırlanan bəyanat iyunun 22-də qəbul edildi. Həmsədrlər bu sənədlə 2001-ci ildən sonra ilk dəfə birgə rəsmi açıqlama ilə çıxış edərək, müzakirəyə təklif etdikləri son variant haqda məlumat verdilər. Bu sənəddə göstərilirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinə “nizamasalmanın təməl prinsipləri” təqdim olunmuşdur. Həmin prinsiplər “Laçın və Kəlbəcərin xüsusi rolu nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasını; Laçın və Kəlbəcərin boşaldılmasının sonraya saxlanılmasını”, gələcəkdə Dağlıq Qarabağın hüququ statusu ilə bağlı referendumun və yaxud səsvermənin keçirilməsini; münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturdu. Ermənistan dərhal bu prinsiplər əsasında danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Azərbaycan hakimiyyəti isə təklif olunan varianta konkret mövqe nümayiş etdirmədi. Bir sıra Qeyri-hökümət təşkilatları və partiyalar bu variantın Azərbaycan cəmiyyətinə sırınması, rəğbətlə qarşılanması üçün geniş fəaliyyətə başladılar, lakin ciddi nəticəyə nail ola bilmədilər. Obyektivlikdən uzaq olan bu variant da işğalçı Ermənistanın maraqlarına xidmət edirdi.
Do'stlaringiz bilan baham: |