Pulu hansı pulda saxlamaq sərfəlidir?
09.07.2015
Vəsaiti hansı valyutada saxlamaq sərfəlidir? Bu sualı iqtisadçı ekspert Qubad İbadoğlu cavablandırır: “Bir il əvvəl mənə belə sualla müraciət edənlərə çox asanlıqla qısamüddətli dövrdə (12 aya qədər) manatla, uzunmüddətli dövrdə isə dollarla cavabı verirdim. İndi yığımları valyutaya çevirərkən daha ehtiyatlı olmaq lazımdır. Bir tərəfdən banklar etibarı itirib, bəzi vətəndaşların sərəncamında xeyli sərbəst vəsait var. Yalnız may ayında banklardan 116,1 milyon manatlıq əmanət geri çəkilib və beləliklə də Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi 2015-ci il iyunun 1-nə 7 milyard 601 milyon 100 min manat təşkil edib.
Digər tərəfdən dünya valyuta bazarı siyasi qərarlara xeyli həssas olub. Avronun taleyi Yunanıstandakı borc böhranından, Azərbaycan manatının məzənnəsi də avro ilə dolların məzənnələrindəki dəyişikliklərdən və neftin qiymətindən asılı vəziyyətə düşüb. Bir il əvvəl 73 avro sentinə 1 dollar alırdıqsa, indi 1 dollar almaq üçün 91 avro senti ödəməliyik. 1 dollar almaq üçün 78 qəpik ödəyirdiksə, hazırda 1 manat 5 qəpik ödəmək məcburiyyətindəyik”.
Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, bir il əvvələ qədər Azərbaycan vətəndaşları öz vəsaitlərini dollar, avro və manatla saxlayırdısa, indi əksəriyyət ABŞ dollarına üstünlük verir: “Əmanətləri valyuta bazarında baş verən dəyişikliklərdən sığorta eləmək üçün şaxəli valyuta səbətinin formalaşması yaxşı yanaşmadır. Amma gərək bu səbətdə saxlanılan valyutalar və onların xüsusi çəkisi düzgün müəyyənləşdirilsin. Səbətə daxil olacaq valyutalardan birinin ABŞ dolları olması artıq heç kəsdə şübhə doğurmur. Ötən 1 ildə ABŞ dollarına nəzərən möhkəmlənən valyutalardan biri də Venesuela bolivarıdır. Neftin ucuzlaşmasına baxmayaraq Venesuela hökuməti hələ də milli valyutasının sabitliyini qoruyur. Lakin bu o demək deyil ki, yığımları bolivarda saxlamaq gərəkdir.
Ötən bir il ərzində Çin yuanının (Yunanıstanda referenduma qədər), Honkonq dollarının, Səudiyyə rialının ABŞ dollarına nəzərən məzənnəsi də dəyişməyib. Bu dövr ərzində nisbətən sabit valyuta İsveçrə frankı, İngilis funtu, Kanada dolları, Hindistan rupisi, Argentina pesosu sayıla bilər. Onlar ABŞ dollarına nəzərən ötən bir ildə dəyərini cüzi olaraq itiriblər.
Riskli valyutalar siyahısına isə rus rublu başçılıq edir. Son bir ildə dollar qarşısında 34,4 rubldan 57,3 rubla qədər zəifləyən rus valyutasının gələcək taleyi də tutqun görünür. Türkiyə lirəsinə gəlincə, dövr ərzində onun ABŞ dollarına nəzərən məzənnəsi 2,13-dən 2,69 qədər dəyişib. Beləliklə, yığımları az olanlar üçün etibarlı valyuta ABŞ dolları, çox olanlar üçün isə əsasən ABŞ dolları, qismən isə İsveçrə frankı, ingilis funtu, Kanada dolları, Hindistan rupisi, Argentina pesosu tövsiyə oluna bilər”.
Dünya Ticarət Təşkilatına üzvlük 18 ildir uzanır
09.07.2015
Keçmiş SSRİ məkanından Qazaxıstanın ötən ay Dünya Ticarət Təşkilatına (DTT) üzv olması Azərbaycanın bu təşkilata qoşulması məsələsini yenidən gündəmə gətirib. Azərbaycana qonşu ölkələrdən Türkiyə (1951-ci ildən), Gürcüstan (2000), Ermənistan (2003), Rusiya (2012) DTT üzvüdür. Bakı isə təşkilata üzvlük üçün 1997-ci ildə müraciət edib. 2002-cü ildən bu yöndə praktiki danışıqlar başlayıb. İndiyə kimi bir neçə ölkə ilə ikitərəfli müqavilə bağlansa da, yekun nəticə yoxdur.
Müstəqil ekspertlər hesab edir ki, yekun qərar Azərbaycan hökumətinin istəyinə bağlıdır. Hökumət isə tələsməməyə üstünlük verir. Prezident İlham Əliyev ötən il fevralın 5-də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsinə toxunaraq vurğulayıb ki, ilk növbədə yerli fermerlərə, şirkətlərə şərait yaradılmalıdır: “Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcək, kəndli zərər çəkəcək. Ona görə də biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcək, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq”.
Azərbaycanın DTT üzvü olmaq prosesində ən vacib məsələlərdən biri çoxtərəfli danışıqlardır. 16 iyul 1997-ci ildə DTT katibliyində yaradılmış Azərbaycan üzrə işçi qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən başlayaraq işçi qrupun iclasları ardıcıl keçirilir. Son belə iclas (12-ci iclas) bu il martın 6-sı Cenevrədə baş tutub.
Azərbaycan bir çox dövlətlə (ABŞ, Kanada, Yaponiya, Norveç, Braziliya, Cənubi Koreya, Ekvador, Şri-Lanka, Hindistan, İsveçrə, Honduras, Malayziya, Dominikan Respublikası, Səudiyyə Ərəbistanı, Çin, Paraqvay, Vyetnam) və Avropa İttifaqı ilə ikitərəfli danışıqlar da aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür.
Bəzi dövlətlərlə ikitərəfli danışıqlar nəticəsində isə protokollar imzalanıb: 2007-ci ildə Türkiyə ilə, 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə, 2010-cu ildə Gürcüstanla, 2012-ci ildə Qırğızıstanla.
Sonuncu dəfə ikitərəfli danışıqlar 3-6 mart 2015-ci ildə Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilib.
Transparency.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti Dünya Ticarət Təşkilatına üzvlüyü qəsdən uzadır: “DTT-yə girməməyin səbəbi sadədir: o təşkilatın gömrük və vergilərlə bağlı ümumi oyun qaydaları var, bizim hökumət isə o qaydaları qəbul etmək istəmir, bunun acısını da sadə vətəndaşlar çəkir, yəni mal və xidmətlər bizim ölkədə qonşularla müqayisədə bahadır”.
Ekspert DTT-yə üzvlüyün gecikməsinin nəticələrini belə izah edir: “Azərbaycanda mal və xidmətlər baha olaraq qalacaq və investorlar DTT-yə üzv ölkələri seçəcəklər”.
Dünya Ticarət Təşkilatının əsası 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişlə qoyulub. 1995-ci il yanvarın 1-dən beynəlxalq təşkilat sayılan DTT-nin hazırda 161 üzvü var. Təşkilatın baş ofisi Cenevrədə yerləşir.
Do'stlaringiz bilan baham: |