Məhəmməd Hatəmi. Yeni dövr Milli Azadlıq Hərəkatımızın banilərindən biri və ilk lideri
Həmin gün Məhəmməd Hatəmi Milli Birlik naminə Nemətə olan küskünlüyünü unudaraq, onu nəinki müdafiə etdi, həm də uzun müddət başında gəzdirdiyi liderlik çələngini könüllü surətdə ona ötürdü. Nemət öz cəsarəti və İstiqlal ideyasına sədaqəti ilə bunu haqq etmişdi.
Yaxşı yadımdadır, Eldar İbrahim sevinə-sevinə mənə demişdi ki, hakimiyyət mikrofonu Nemətdən alıb Hatəmiyə ötürəcək. İstehza ilə gülümsünmüş, «sən Məhəmməd müəllimi yaxşı tanımırsan» demişdim. Və ona Əhməd Rzanın sözlərini xatırlatlatmışdım.
Bir dəfə Əhməd Rza zarafatla Hatəmiyə demişdi:
- Məhəmməd, məni nə KQB, nə də hökumət sındıra bilməz. Məni sındırmağın yalnız bir yolu var. Günlərin birində KQB-yə çağırsınlar, gəlim, qapını açım, içəri girim və görüm ki, sən KQB-nin generalı formasında masa arxasında oturmusan.
Sonra da əlavə etmişdi:
- Hamının satılmağına inanaram, sənin və Tuncayın satıla biləcəyinizə heç vaxt inanmaram.
Dövlət adamları gəlib, Hatəmini deputatlar otağına, Rafiq Zeynalovun yanına dəvət edəndə onun gözlərinin içinə baxmış, o da gülümsəyərək mənə göz vurmuşdu. Əslində bu işarəyə heç bir ehtiyac yox idi. Onu beş barmağım kimi tanıyırdım. Mənfi və müsbət cəhətlərini də əla bilirdim. Çünki aramızdakı yaş fərqinə rəğmən, biz sözün əsl mənasında həm dost, həm də əqidədaş idik.
Hatəmi Neməti təkcə hakimiyyət dairələrindən deyil, həm də onların əmri ilə oturub-duran dostlarımızdan da müdafiə etmişdi.
Hatəmi yazır: «(Dövlət) "Nümayiş Komitəsi" yaradaraq, bu yolla Neməti mikrafondan sıxışdırmaq, meydanın taleyini ələ keçirtmək və onu dağıtmaq çarəsinə üz tutdu. Komitənin iclasına dəvət edildiyimdə bunu duydum. İclasa gələndə köhnə "dostlarımın" hamısını burada gördüm: Firidun Cəlilov, Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev, İsmayıl Təriqpeyma, Tağı Xalisbəyli, Bəhmən Sultanov, Nurəddin Quliyev, Həsən Merac, Vurğun Əyyubov və b.
İclasda Nüsrət Kəsəmənli Nemətin əleyhinə danışdıqda, onlara bu ultimatumu verib otaqdan çıxdım və bir daha buralarda görünmədim: "Nümayiş Komitəsi"ni yaratmaqdan məqsədiniz meydanı davam etdirməkdirsə, mən də sizə köməkçi. Xeyr istəyirsinizsə ki, Neməti tribunadan uzaqlaşdırasınız, buna imkan verməyəcəyəm sizə".
Etiraf edim ki, onların qarşısında nə Nemət özünü tribunada qoruyub saxlaya bildi, nə mən ona yardım edə bildim. Neməti yuxarı tribunadan sıxışdırıb, aşağı tribunaya bizim yanımıza tulladılar. Fəqət aşağı tribunadan meydanı dağıtmağa onlara imkan vermədik. Meydanı 5 dekabr 1988-ci il tarixində səhər saat təxminən dörd otuzda dövlət qoşunla dağıtdı. Meydan dağıdılan vaxt burada qadınlı-kişili 1000-1500 həmin adam olardı. Nemət meydandan necəsə qaçmışdı (onu dekabrın 7-də tutacaqlar). Amma mənim adıma şəhərə şayə buraxılıbmış ki, meydandan qaçmışam (Bu vaxt anam deyibmiş: “ kaş ölürdü, meydandan qaçmırdı”).
Meydandakıları tutub həbsxanalara doldurdular. Mən Bayıl həbsxanasına düşdüm. Əbülfəz Əliyevin burada olduğunu bilib, heyrətləndim. Görünür, meydan dağıdılan vaxt orada imiş, hamı ilə birlikdə o da tutulub. Bayılda bir neçə həftə saxlandıqdan sonra bizi Qara Şəhər həbsxanasına köçürtdülər. Hamımız bir aylığa tutulmuşduq. Buraxılmağımıza bir həftə qalmış məni Mənsur Əlisoy və Əbülfəz Əliyevgildən ayırıb DTK-nın həbsxanasına nəql etdilər. Bu, mənim çoxmüddətli birinci tutulmam idi» (1, s. 52).
Qaynaqça
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Rəsulzadə M. Ə. Milli birlik. “Azərbaycan”, il 1, sayı 7, oktyabr 1952, Ankara.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Aysberqin daha bir görünməyən üzü: Quzey Azərbaycandakı Milli Azadlıq Hərəkatında Güneyli soydaşlarımızın iştirakı haqqında bilinən və bilinməyən həqiqətlər
Azərbaycan xalqı Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalandıqdan və aradakı əlaqələr get-gedə zəifləyərək sovet dövründə tam kəsildikdən sonra bu, quzeylilərin Güneyə, güneylilərin Quzeyə olan sevgi, həsrət və marağını zərrə qədər də azaltmamışdır. Parçalanmış vahid vətənin övladları bir-birinin taleyinə heç vaxt biganə qalmamış, hər imkanda bir-birlərinə dəstək vermiş, bir çox hallarda birgə siyasi fəaliyyətlə məşğul olmuşlar. Bu baxımdan XX əsrin ilk onilliklərində Azərbaycanın siyasət meydanına çıxmış tarixi şəxsiyyətlərdən iki böyük İdeoloq və Dövlət xadiminin: Quzey Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin, Güney Azərbaycanda Seyid Həsən Tağızadənin adlarını ilk sırada çəkmək lazımdır. «Azərbaycanın iki böyük paytaxtında — Bakıda və Təbrizdə, ruhani ailələrində dünyaya gəlmış bu iki şəxs, taleyin hökmü ilə öz siyasi-ictimai görüşlırinin hələ formalaşdığı bir dövrdə tanış olmuş, bu tanışlıq məsləkdaşlığa, daha sonra əməkdaşlığa çevrilmiş və böyük bir dostluğun təməlini qoymuşdur. Tarixi şərait, xüsusilə son məqsəd olaraq edilən seçim onları hələ keçəcəkləri yolların başlanğıcında ayırsa da, əsası eyni məsləkə söykənən bu dostluq zamanının sınağından çıxmış və ömürlərinin sonunadək qorunub saxlanmışdır» (7).
M. Əliyevin yazdığına görə, «Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan «İrane nou» və «İrane Ahat» qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878 - 1969) M. Ə. Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M. Ə. Rəsulzadə olmuşdur” (8). İranda həmin il mürtəce «Etidaliyyun» («Mötədillər») partiyası təşkil edildi. Bununla əlaqədar M. Ə. Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində «Tənqidi – firqeyi – etidaliyyun» adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca «Səadəti – bəşər» adlı kitabı nəşr olunmuşdur. Çar höküməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək, onun əsas rəhbərlərindən biri olan M. Ə. Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli – idarəsindən tələb eləyir. M. Ə. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir» (2, s. 6).
Seyid Həsən Tağızadə
Bənzər halla Pişəvəri hərəkatı dövründə də üzləşirik. Tarixçi alim Dilavər əzimli haqlı olaraq qeyd edir ki, "21 Azər "ə və ondan əvvəlki olaylara SSRİ tərəfindən göstərilən köməklikdə əsas vasitəçi Quzey Azərbaycan, onun sovet ordusu sırasında İrana gəlmiş ziyalıları (Əziz Əliyev, Mirzə İbrahimov, Əvəz Sadıq, Cəfər Xəndan, Süleyman Rüstəm, Qulam Məmmədli, Qılman İlkin (Musayev) və s.) və sıravi vətəndaşları olmuşlar. Bu insanlar vətənimizin o biri böyük parçasının azadlığını güneylilərdən az istəmirdilər. Onlar Azərbaycanın bütövləşəcəyinə səmimi qəlbdən inanırdılar. Belə bir şəraitdə qardaş-qardaşın yanında olmalı və birgə mübarizə aparmalıydı. Qardaşın doğma qardaşına inanmamağa mənəvi haqqı yox idi. Əlimizdə olan fakt və sənədlər sübut edir ki, 1946-cı ilin aprelinədək Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatı istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri belə, Stalin-Mikoyan qrupunun gizli hazırladıqları xəyanət və dönüklükdən demək olar ki, xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən və riyakarlığından sonra ona qarşı çıxmaq, müqavimət göstərmək və ya hadisələrin sonrakı istiqamətini dəyişmək o zamankı tarixi şəraitdə mümkün deyildi. Bu o dövrün reallığıdır, onu nəzərə almadan "21 Azər" lə bağlı hadisələri obyektiv qiymətləndirmək mümkün deyil" (1).
Azərbaycan Milli Hökuməti
Quzeyli ziyalı və fikir adamları Güneydəki hərəkata daim dəstək verdikləri kimi, Güneyli soydaşlarımız da Quzeydəki Milli Azadlıq Hərəkatına laqeyd olmamış, hərəkatda ən fəal şəkildə iştirak etmiş, onun qələbə çalması üçün əllərindən gələni əsirgəməmişlər.
Bu sırada, şübhəsiz ki, Məhəmməd Hatəmi Tantəkinin adını birinci sırada çəkmək lazımdır. Milli Azadlıq Hərəkatımızın, faktiki olaraq, banisi və ya da banilərindən biri olan, ilk mərhələdə ona bilavasitə rəhbərlik edən bu böyük şəxsiyyət 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olmuş, 1946-ci ildə yarımçıq qalmış ibtidai təhsilə də fars dilində bu şəhərdə başlamışdır. Ərdəbilin Üçbulaq kəndindən olan atası Hatəmi Fərzulla Hətəm oğlu Güney Azərbaycandakı 1945-1946-cı il milli azadlıq hərəkatının fəal iştirakçısı, fədai başçısı olmuş və bir ara Lisar cəbhəsinə komandanlıq etmişdir.
Məhəmməd bəy atasının yoluna qoşulub bu hərəkatda iştirak edəndə - Astara Gənclər Təşkilatına üzv olanda on yaşı vardı. Kiçik iştirakçısı olduğu Güney Azərbaycandakı bu milli hərəkat ictimai, siyasi, elmi fəaliyyətinə həyatı boyu hakim kəsilmiş, milli ruhunun, şüurunun özül daşını oluşdurmuşdu. Ancaq, özünün də yazdığı kimi, milli ruhunun, şüurunun inkişafı, biçimlənməsi, şüurlu millətsevər və türkçü olması üçün Quzey Azərbaycana borcludur. Məhəmməd Hatəmi, Güney Azərbaycanda milli hərəkat qanlar içərisində susdurulunca, 1946-cı il dekabrın 12-də valideynləri ilə birlikdə 11 yaşında Quzey Azərbaycana mühacirət etmişdi (4, s. 3).
Milli Azadlıq hərəkatında bu və ya digər dərəcədə iştirak etmiş Güneylilər içərisində İsfəndiyar Bərxu (Coşğun), Nasir Rəhbəri (Siyamək), İsmayıl Təriqpeyma, Sevil Cahani, İbrahim Şiri, Səid Zəncan, Bəhmən Feyzi, Fərhad Şabani və digərlərinin adını xüsusi qeyd etmək lazımdır. Onların içərisində Siyamək kod adlı Nasir Rəhbərinin xüsusi rolu olub ki, bu rol barədə ayrıca danışmağa ehtiyac var. Çünki Meydan hərəkatından bəhs edən əksər xarici müəlliflər meydanın əsas qəhrəmanı Nemətlə birlikdə Siyaməkin də adını xüsusi vurğulamış, onu bu hərəkatın liderlərindən biri kimi təqdim etmişlər.
Artıq qeyd etdiyimiz kimi, əsil adı Nasir Novruz oğlu Rəhbəri olan Siyamək 1964-cü ildə Urmiya gölünün şərq sahilində yerləşən Əcəbşir çəhərində anadan olmuşdur. Erkən yaşlarından atasını itirmiş və çətin vəziyyətə düşən ailəsinə yardım edə bilmək üçün 12 yaşından təhsilinə davam edə-edə, həm də işləməyə məcbur olmuşdur. İlk əmək fəaliyyətinə yaşadığı şəhərdəki qəhvələrin birində başlamış, 1979-cu il İslam inqilabı dövründə yeniyetmə olmasına rəğmən, inqilabda fəal iştirak etmişdir.
Şərqi Azərbaycan ostanı, Əcəbşir şəhərinin coğrafi mövqeyi
Siyaməkin dünyaya göz açdığı Əcəbşir şəhəri Pişəvəri hökuməti dövründə Azərbaycanın strateji əhəmiyyətli şəhərlərindən hesab edilirdi. Burada Rəhmanlı və Danalu adlı iki kiçik liman var idi, Təbrizdən, Marağadan, eləcə də, Culfadan keçməklə, SSRİ-dən gələn yüklər Urmiyaya həmin limanlar vasitəsilə nəql edilərdi. Şəhərdə Pişəvəri dövründən solçu ənənlər çox güclü idi. Təsadüfi deyil ki, dünyanın siyasi görüşlərinə görə ən uzunmüddətli məhbusu olmuş Səfər Qəhramani bu şəhərdən idi. O, 1948-cı ildən 1982-ci ilə qədər düz 32 il zindanda olub (3). Müqayisə üçün deyək ki, Nelson Mandela ondan 4 il az, yəni cəmi 28 il dustaqlıq həyatı yaşayıb.
Bu arada sol düşüncəli insanlarla tanış olan Siyamək İslam İnqilabından sonra yaranan və cəmi iki il davam edən nisbətən demokratik ab-havadan istifadə edərək, xalq fədailəri firqəsinə qoşulur (1980-ci il) və qızğın siyasi fəaliyyətlə məşğul olur. Çox çəkmir ki, onun fəaliyyəti molla rejiminin diqqətini çəkir. Onu bu fəaliyyətdən çəkindimək istəyən hizbullahçılar Siyaməkin oxuduğu məktəbə basqın düzənləyərək onu digər şagirdlərin gözləri önündə bərk döyürlər. Onda o 11-ci sinifdə oxuyurdu. Fəqət bu da Siyaməki yolundan döndərə bilmir. Belə olan halda onu həbs edirlər (1982-ci il) və o, təqribən 10 ay zindanda yatdıqdan sonra zəmanətlə azadlığa buraxılır. Həyatı təhlükədə olduğu üçün Əcəbşirdən Urmiyə şəhərinə köçür. Orada gecələr oxuyur, gündüzlər isə dərzixanada işləməklə çoxuşaqlı anasına maddi yardım edir. Üstəlik də şəhərdə bağlanan uşaq evinin çölə atılan 10-15 sakinini kirayə qaldığı və bir növ siyasi qərargah rolunu oynayan evində saxlayaraq, onları himayə edir və bu uşaqlara marksizm-leninizm təlimini öyrətməyə başlayır.
1983 - cü ildə evində keçirilən siyasi toplantı zamanı ev ETTELAAT məmurlarının hücumuna məruz qalır. Dostlar öncədən tədbir aldıqları, fövqaladə hallar üçün evdə daim oyun kartları və şərab saxladıqları üçün vəziyyətdən çıxa bilirlər. Yığışma səbəblərinin siyasi deyil, içki və qumar məclisi olduğu görüntüsü yaradırlar. Belə olan halda ETTELAAT onları Komitəyə (polisə) təhvil verir. Komitədə isə cəzalarının şallaq və ya cərimə olduğunu bildirir, bu cəzalardan birini seçmələrini təklif edirlər. Dostlar cəriməni seçir və onu ödəməklə canlarını qurtarırlar.
Siyasi fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan Siyamək 1986-cı ildə Astara tərəfdən, sərhəd simlərini kəsməklə, Quzey Azərbaycana keçir. Sərhəddə rus sərhədçiləri tərfindən yaxalanır. DTK tərəfindən dindirildikdən və siyasi kimliyi məlum olduqdan sonra Bakıya göndərilir və burada, Yeni Günəşli, Qulam Yəhya küçəsi 50 ünvanında yerləşən, məxsusi olaraq İranlı mühacirlər üçün nəzərdə tutulan binada mənzillə və 6 ay müddətinə ayda 150 manat məbləğində pul vəsaiti ilə təmin olunur.
Sovet İttifaqına yenicə mühacirət etmiş bütün İran vətəndaşları kimi ona da ciddi surətdə tapşırılır ki, Pişəvəri hökumətinin süqutundan sonra Bakıya pənah gətirmiş əski İranlılarla əlaqəyə girməsinlər, onlardan uzaq dursunlar. Çünki onların içərisində guya ETTELAAT-a işləyənlər də var.
Bakıda İncəsənət İnstitutuna girməyi qərara alan Siyamək qəbul şərtləri ilə tanış olmaq üçün həmin ali məktəbə yollanır və orada təsadüfən həmin institutda təhsil alan Ənvər Börüsoyla tanış olur. Ənvər Börüsoy onu Pişəvəri hökumətinin süqutundan sonra Bakıya pənah gətirmiş bir çox əski İran mühacirləri ilə, o cümlədən Məhəmməd Hatəmi və İsfəndiyar Coşğun (Bərxu) ilə tanış edir. Onlarla tanışlıq Siyaməkin dünyagörüşündə ciddi tərəddüdlərin yaranmasına səbəb olur.
Hatəminin rəhmətə getmiş atasının, sözün əsl mənasında milliyyətçilərin siyasi toplantısına çevrilən 40 məclisində bu taylı millətçilərdən Nemət Pənahlı, Şamil Saleh, Sabir Yanardağ, Bəxyiyar Tuncay, Əbülfəz Əliyev və digərləri ilə tanış olur. Eşidib-gördükləri düşüncələrində millilik istiqamətində ciddi dəyişikliklərə səbəb olur (7).
Siyaməkin sözlərinə görə, sonradan «Çənlibel»ə gəlib-getməyə başlayır və buradakı ab-havanın təsiri altına düşür, tədricən milli ideyaya bağlanır. Hətta Şəhriyarın vəfatının ildönümünə həsr edilmiş tədbirdə milli ruhda kəskin bir çıxış da edir. Milli görüşü mənimsəməsində Nemət Pənahlı və Bəxtiyar Tuncayla dostluğunun və onlarla apardığı uzun-uzadı söhbət və mübahisələrin rolu az olmur. Tez-tez gah Siyaməkgildə, bəzən Bəxtiyargildə, əksər hallarda da isə L. Şmitdt adına zavodun yataqxanasında görüşən dostlar Azərbaycanın gələcəyi barədə planlar qurmağa başlayırlar.
Zavod fəhlələrinin həyatı və məişəti ilə yaxından tanış olan Siyaməkin SSRİ və sosialist cəmiyyəti haqqındakı əski təsəvvürləri tamamilə alt-üst olur. Meydan hərəkatı başlayan kimi ona qoşulur və dostu Nemətlə birlikdə fəaliyyət göstərməyə başlayır. Onun ən yaxın köməkçisinə və sağ əlinə çevrilir (7).
Siyamək mitinqdə sadəcə bir dəfə, noyabr ayının 26-da çıxış edib və milli hökumətin qurulmasının zəruriliyini xüsusi vurğulayıb (9), amma hər zaman Pənahlı ilə birlikdə olub, onun hərəkatın sonrakı günləri ilə bağlı planlarının işlənib hazırlanmasında çox fəal iştirak edib.
Siyaməkin xatirələri Meydanla bağlı bəzi gizli məsələlərə işıq tutmaq baxımından çox önəmlidir. Bu xatirələrin birindən belə məlum olur ki, ayın 23-də Nemət meydanı tərk edən izdihamın çiyinlərində meydandan uzaqlaşdırıldıqdan sonra təcili onu tapıb, onunla birlikdə şəhərə daxil olmaqda olan rus ordusunun mövqelərini və planlarını öyrənmək üçün köhnə «Qaz-24» markalı maşında şəhərin hər yerini gəziblər və sonra qərara gəliblər ki, belə vəziyyətdə xalqı və meydanı tək qoymaq olmaz.
Ayın 24-də Siyamək fəaliyyətləri koordinasiya edə bilmək üçün meydanda Nemətlə «Çənlibel»çilərin birgə iclasını təşkil edib (7).
Siyamək (Nasir Rəhbəri)
Siyaməkdən daha bir xatirə: «Meydan rus qoşunları ilə əhatəyə alınandan sonra ziyalıların böyük əksəriyyəti tribunaya çıxmağa qorxurdular və var-gücləri ilə meydanı dağıtmağa, Neməti şərləyərək gözdən salmağa çalışırdılar. Onlar öz qorxaqlıqlarına haqq qazandırmaq üçün deyirdilər ki, guya Nemət ziyalıları özündən uzaqlaşdırır, onlara mikrofon vermir. Halbuki, mikrofona nəzarət Nemətin deyil, 26-lar rayonu partiya komitəsinin katibi Vəli Məmmədovun və MK işçisi Rafiq Zeynalovun əlində idi. Kimin çıxış edib-etməyəcəyini də onlar və onların xüsusi imtiyaz verdikləri Sabir Rüstəmxanlı müəyyən edirdi. Xalq sürəkli Neməti tələb etdiyi üçün ona söz verməyə bilmirdilər, buna məcbur idilər.
Belə olan halda, bizə çox lazım idi ki, şayiələrin heç bir əsasının olmadığını sübut etmək üçün tribunaya mümkün qədər çox ziyalı çıxsın. Onlar isə qorxurdular. Günlərin birində dincəldiyimiz çadıra Bəxtiyar Vahabzadə gəldi, Neməti xalqı qırğına sürükləməkdə suçlayaraq, onu çox pis təhqir etdi. Bəxtiyar müəllimə tribunaya çıxıb xalqa müraciət etməsini, çıxış etməkdən çəkinirsə, heç olmasa, meydana əl etməsini təklif etdik. Qəti surətdə etiraz etdi. Bunu görüb, özümü saxlaya bilmədim. Arxadan ona yaxınlaşıb başımı paçalarının arasına soxdum, çiyinlərimə qaldırdım və insanları yara-yara zorla tribunaya aprdım. Yol boyu yumruqlarını başıma endirir, pis-pis söyüşlərlə onu yerə qoymağımı tələb edirdi. Mənsə əhəmiyyət vermirdim. Onun yekə xayalarını bugünə qədər boynumun arxasında hiss edirəm.
Nə isə, tribunaya qalxdıq, onu yerə qoydum. Məcbur olub xalqa əl elədi və dərhal da tribunadan qaçdı.
Eyni qaydada Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovu da zorla çiyinlərimdə tribunaya daşımışdım. O, boydan balaca olsa da, Bəxtiyar müəllimdən daha ağır idi. Əhmədiyyə Cabrayılov mitinqə Şəkidən bir qatar şəkili ilə birlikdə gəlmişdi.
Beləcə, ziyalıları, tanınmış adamları tribunaya zorla qalxmağa məcbur edirdik» (6).
Siyaməkdən daha bir maraqlı xatirə: «Bakıda mitinqlər getdiyi müddətdə əksər sənaye obyektlərində tətillər keçirilirdi. Bu yolla Moskvaya təsir etməyə və SSRİ-nin iqtisadiyyatını çökdürməyə çalışırdıq. Tətil məsələsini düzgün tənzimləyə, səhvə yol verməmək, ən əsası isə neftçilərin uzunmüddətli tətilinə nail ola bilmək üçün meydana İranın «Tudə» partiyasının əsas rəhbərlərindən birini, İranda neft sənayesi fəhlələrinin tətilini uğurla təşkil etməklə ad-san qazanmış qocaman siyasətçi, milliyyətcə ərəb olan Heşmətullah Rəisini dəvət etmişdim. O, meydana gizli şəkildə gəlmişdi və onun üçün ayırdığımız çadırda dostları - Pişəvərinin müavini olmuş Çeşmiazər və Qulam Yəhyanın oğlu Aslan Yəhya ilə birlikdə qalırdı. Hər gecə onlarla görüşür, hər keçən günü təhlil edir, sabahki gün üçün məsləhətlərini alır, sonra isə Nemətlə məsləhətləşib qərar qəbul edirdik.
Meydanda oxunan teleqramlar mitinq iştirakçılarına çox yaxşı təsir edirdi. Onları Ağamalı Sadiq oxuyurdu. Heşmətullahgilin məsləhəti ilə millətin ruhunu qaldırmaq üçün bəzən özümüzdən də saxta teleqram mətnləri uydururduq. Belə mətnlərdən biri guya çox sayda milisin xalqın tərəfinə keçdiyi ilə bağlı idi. Buna görə Fətullah Hüseynova ciddi qulaqburması da vermişdilər. Bu işin nəticəsi o oldu ki, bundan sonra doğrudan da ayrı-ayrı milis şöbələrindən xalqla bir olduqları barədə çoxlu teleqramlar gəlməyə başladı» (7).
Siyaməkin xatirələrindən biri də ümumi dostumuz Əhməd Rzanın «Milli Hərəkatımızın Qavroşu» adlandırdığı Yaşar Türkazərlə bağlıdır. Deyir ki, meydanda ikən ona oğlunun dünyaya gəldiyi xəbərini verirlər. Yaşar meydandan ayrılmır, evə sifariş göndərir ki, uşağa ümummilli liderimizin eşqinə Məmmədəmin adını qoysunlar: «Bu hadisə insanların Milli Azadlıq ideyasına nə qədər ürəkdən bağlı olduğunun sübutudur».
Siyaməkin sözlərinə görə, Nemətin tapşırığına əsasən, əl-ələ verərək, mitinq iştirakçıları ilə rus əsgərləri arasında sədd yaradan Əfqanıstan müharibəsi veteranlarına da o, başçılıq edirmiş: «Onlar hərbi geyimdə idilər və rus əsgərlərinin onlara açıq-aydın rəğbət göstərdiklərini hiss edirdik. Onlara demişdim ki, sayları az görsənməsin deyə, evdəki artıq hərbi formalarını da gətirsinlər. Həmin geyimləri başqalarına geyindirmişdik (təqribən 50-60 adam) ki, say çox görsənsin (6).
Siyaməki dinlədikcə, gözlərim önündə Səttarxan dövrü canlanır, Nemətlə onun dostluğunu Səttarxanla Əli Müsyonun dostluğuna və əməkdaşlığına bənzədirəm. Məncə, səhv etmirəm.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Siyamək Meydan hərəkatından sonrakı proseslərdə fəal iştirak etmişdir. Onun sonrakı fəaliyyətinin bir qismi barədə Fərəc Quliyevin «Missiya» kitabından məlumat əldə etmək mümkündür. Müəllif yazır: «Konfransa yüksək səviyyədə hazırlaşdıq. Çox aktual məsələlər müzakirə olundu və qərarlar qəbul olundu. Bir neçə əhəmiyyətli müraciət də edildi. Bütün bu sənədlər, proqram və nizamnamə konfransdan keçən qısa dövr ərzində xüsusi bülleten şəklində Ordubadda çap edildi. Bu bülleteni konfransda iştirak etməyən rayonlarda və Bakı məktəblərində yaymaq planım var idi. Əslən Təbrizdən olan Siyamək bu işdə köməyimə çatdı. Dırnıs kəndindən olan Məhərrəm Tağıyev və Siyaməkə göndərdiyim bülletenlər demək olar ki, Bakının əksər rayonlarının məktəblərində və kənd rayonları məktəblərində yayıldı. Bakıdakı bütün ali məktəblərdə, texnikumlarda sənədləri yaydıq. Hər yerdə gənclər təşkilatları formalaşmağa başladı. Ruslar AXC-ni dağıtmağa çalışmaqla millətin təşkilatlanmasının qarşısını almaq istəyirdilər. Biz isə əlavə bir təşkilatlanma işi apararaq yeni bir gənclər təşkilatı yaratdıq. Ən yaxşı müdafıə hücumudur - taktikası özünü doğrultdu. Ruslara anlatdıq ki, təkəri geri fırlatmaq olmaz, nə qədər ki cismimizdə can var, dirəniş göstərəcəyik. O sənədləri Bakıda yaymaqda Siyaməkin tanışı Zemfıra xanımın çox xidməti oldu. Mən onun haqqında əlavə məlumata malik deyiləm, amma ona öz təşəkkürlərimi bildirirəm. Siyamək Bakı mitinqlərində fəallardan olduğundan axtarışda idi. Onu Ordubadda bir neçə ay saxladım. Fəallardan Köçəri, sonralar Nemət də burada bir müddət qonağım oldu. O dövrdə Üstüpünün dağlarından təhlükəsiz yer yox idi. Siyaməklə bir çox məsələləri müzakirə etmək imkanımız oldu.
Vəziyyət bir az yumşaldıqdan sonra onu Bakıya yola saldım. Bir neçə istiqamətdə işlər qurduq. Demək olar ki, uğurlu alınırdı. Onun haqqında xeyli şayiələr yayılsa da, çox ciddi məsələlərlə bağlı heç bir məqam kimsəyə məlum olmadı. Olduqca ciddi işlərlə məşğul idik. Siyaməkin Cənubi Azərbaycandakı əlaqələri ilə bu sahədə xeyli iş gördük. Xarici ölkələrdəki Cənubi Azərbaycan siyasi mühacirləri ilə iş birliyi qurduq. Hətta Bakıda müvəqqəti məskunlaşan bir cənublunu tapşırıqla Avropaya - Almaniyaya göndərdik və o da işini olduqca uğurla yerinə yetirdi. Mənim 20 yanvardan sonra Bakıda qurduğum “Qisas” təşkilatından da Siyaməkin ətraflı məlumatı var idi. O “beşlik”lərin birinda təmsil də olunurdu. Hətta Məhərrəm Tağıyevin başçılıq etdiyi qrupun mənzil qərargahında da olmuşdu. Bütün bunlar olduqca ciddi informasiyalar idi. Ən axmaq satqın da bu informasiyalardan bəhrələnərdi. Amma bu məqamlar indiyə qədər gizli qalıb. İndi təhlükə törətmədiyi üçün danışmaq olar. Adından göründüyü kimi, bu təşkilatı rus ordusundan qisas almaq üçün qurmuşdum. Əsasən Bakıda, Sumqayıtda fəaliyyət göstərirdik. Təşkilatın yaranması üçün məşhur hüquqçu, dostum Fuad bəy Ağayev də tövsiyələrini verdi. O bəzi məsələlərdən xəbərdar idi. Qisas üçün alışıb-yanırdı. Hətta əməliyyatlarda iştirak etmək istəyirdi» (5).
Do'stlaringiz bilan baham: |