Osman Mirzə
Ulu öndər M. Ə Rəsulzadə özünün «Millət olmaq əzmi» adlı məqaləsində yazır ki, «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır.
Madzininin məruf (məşhur) tərifinə görə, millət: «torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna» deyilir.
Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir».
Dürkheym, bu tərifini müşahidə etdiyi olaylarla təyit (sübut, təsdiq) edərkən: «israrla təyit olunursa, bu kollektiv [məşəri] iradənin təmin olunmaq haqqına malik olduğu və bu iradənin dövlət qurmağa bircə əsas təşkil etdiyi, indiki mədəni millətlərcə, artıq bir prinsip olmuşdur» - deyir.
Madzininin tərifi ilə Durkheymin tərifi arasındakı ifadə fərqinə diqqət etmək lazımdır: birincisində millət ünsüri və tarixi bir olaydır [vaqeə]. İkincisində isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluş seyri anladılır, bərikində millət bir «prinsip» kimi göstərilmişdir. O, rüşeymdir, bu - cocuqdur. O, ağacdır, bu - meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu millətdir.
Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv [məşəri] iradənin təəssüsünə bağlıdır. Bu isə yalnız «ictima hafizə» vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəlir. Bu orqan müxtəlif amanlara görə dəyişir. Orta çağlarda bu vəzifəni feodal Zümrə görür, milliyyətin sosial həyat və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaşadan) «hafizə» xan sarayları ilə şövalye (zadəgan, feodal) qalalarından ibarət olub qalırdı. Zamanın dəyişməsilə, təbii olaraq bu orqan da dəyişdi. Burjuaziyanın zühuru ilə feodal sistem dağıldı. Mənəviyyat mərkəzi «qala»lardan şəhərlərə keçdi. şəhərlərdə yetişən münəvvər zümrə millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi.
Bu sinif, qullandığı ən böyük vasitə - mətbuat yolu ilə milliyyətdəki kollektiv iradəni işlədi; öz arasından bu iradəni çelikləşdirən (poladlaşdıran) fikir adamları ilə sənətkarlar yetişdirdi. Bunların sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi. Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir (3).
Meydan hərəkatı dövründə xalqımız bu iradəyə sadiq qaldığını izhar etdi, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may idealına bağlılığını isbat etdi.
Qaynaqça
-
Quliyev F. Missiya. “Yeni Nəsil” JB Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı - 2002, 178 səhifə.
-
Məmmədov E. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. – 204 səh.
-
Rəsulzadə M. Ə. Millət olmaq əzmi. “Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Millət yoludur, haqq yoludur, tutduğumuz yol…
Ulu öndər M. Ə. Rəsulzadə «millətçilik-patriotizm» adlı məqaləsində yazır ki, statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. «Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edər.
Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaşadığı bir yerdən ibarət olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir sevginin mövzusudur. Halbuki, siyasi şüur və dövlət olmaq əzminə malik olan bir millət üçün vətən eşqi aktiv bir hərəkət amilidir.
Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: dağlara, dərələrə, yayla və ovalıqlara, dəniz və çöllərə qarşı duyulan bir ilgidən ibarətdir. Halbuki bir millətçi üçün vətən, sadəcə, maddi ünsürlərlə hüdudlanmaz. Milliyyətdə siyasi şüur güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun üçün vətən maddi deyil, mənəvi bir varlıqdır.
Maddi özəllikləri mənəvi özəlliklərlə canlanmadıqca, coğrafi bir bölgənin, sözün əsil mənası ilə, zatən bir vətən olmasına imkan yoxdur. Maddi vətən ünsürlərindən başqa hər aydın insanın bildiyi kimi, dil, din, ədəbiyyat, musiqi, fəlsəfə, sənət və tarix kimi mənəvi vətən ünsürləri vardır. Bu ünsürlər, coğrafi vətən dışı içində yoğrulub mənəvi bir vətən içi vücuda gətirirlər. Cansız maddə canlı bir ideya halına gəlir.
Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəşf və tərif edilmişdir. Bımu biz, keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayışı, coğrafi mənadakı vətəni müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər şeydən əvvəl istiqial davasında olan bir vətənçi - bir patriotdur.
Avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu, avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir. Nasionalizm Qərbi Avropa demokratiyası anlayışınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, dünyanın seyrindən (gedişindən) ayrılmış bir gerilik hərəkətidir. Halbuki patriotizm bir millətin öz müqəddəratına şəxsən özünün hakim olması və özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır.
Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından milləti halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi [nasionalist] deyil, millətçi [patriot], hərəkatlarına da milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır!» (3).
Məsələyə sırf bu prizmadan baxsaq, Azərbaycandakı hərəkat milliyyətçi, yəni nasionalist bir hərəkat deyil, millətçi, yəni patrotik bir hərəkat idi. Hərçənd ki, milliyətçi təsəvvürlərdən də tam azad deyildi. Bu, milliyyət halından millət halına gələn bir xalqın müstəqil bir dövlət qurmaq, istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərəin hərəkatı idi. Təsadüfi deyil ki, Nemət Pənahlı hər yeni gün çıxışına Tofiq Fikrətin «Millət Şərqisi»ni oxumaqla başlayırdı:
Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Gəl, qardaş, anan xalq sənə möhtac, onu qurtar.
Yardım ona, qurtarmaq o bədbəxti vəzifən.
Qarşında anan bağrı açıq, xəstə, zarıldar,
Görmək bunu, durmaq bizə bədtərdir ölümdən!
Hər an o gözəl sinəni xəncərləyir ellər,
İmdadına çatmazsaq əgər – məhvi müqərrər.
Zulmün topu var, gülləsi var, qələsı varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Vaxtilə atan kimsəyə minnətmi edərdi?!
Yox, qalmadı haşa sənə zillət pədərindən.
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin, bu zəlalət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaqlığı yıx, əz!
Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz!
Hərr rəng ilə haqsızlığı gördün… Bumu qanun?
Ən qəmli səfalətlərə düşdün… Bumu dövlət?..
Dövlətsə də, qanunsa da artıq yetər olsun,
Artıq yetər olsun bu dəni zülmü cəhalət…
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol! (5).
Və hər keçən gün bu ideya ürəklərə və zehinlərə daha çox hakim kəsilirdi. Nəhayət, noyabrın 28-də Nemət Pənahlı hərəkarın əsil hədəfininin Azərbaycanın SSRİ-dən çıxması olduğunu yüzminlərlə insanın qarşısında bəyan etdi. Fəqət buna hələ daha 2 gün qalırdı.
Ədalət Tahirzadə iki gün öncə, yəni 26 noyabrda baş verənləri belə qeydə almışdır:
«26 noyabr 1988.
Saat 10-da qəzet köşklərində qəzetlər satılıb qurtarmışdı. 11-in yarısında Hökumət evinin yanına çatdım. Hər tərəfdən tanklar əhatə etmişdi... Bir nəfər də içəri buraxılmırdı. Deyirdilər ki, saat 12-də MK xalqa cavab verəcək, o vaxt buraxacaqlar. Bu vəddə nikbin bir şey tapmadığımdan gecə evə getməkdə səhv etdiyimi başa düşdüm. Hökmən meydanda qalmaq lazım idi ki, içəridəki əsl həqiqəti biləydim. Xalqın iztirabları, təşvişi ilə mən də yaşayaydım.
11.00. Görək nə olacaq? Hələ ki, içəri girmək üçün yollar, üsullar axtarıram.
11.06. Meydandayam! “Elm” qəzeti redaktorunun vəsiqəsi içəri keçməyimə kömək etdi. Hamı ucadan xorla oxuyur: “Öldü var, döndü yox!”. Leninin portretini də tribunada qoydular. Meydanda təxminən 15 min adam var. Bunlar əsl mücahidlərdir - mənim kimi can ağrısından bezən fərarilər yox! Eşq olsun ürəyində millət alovu bir an da sönməyən bu ərənlərə, azmanlara!
11.11. «Azərbaycan» mehmanxanası tərəfdə əsgərlər kütlənin təzyiqinə davam gətirməyib dağıldılar. Xalq onları yarıb böyük izdihamla içəri girdi. Meydan sol tərəfdən doldu. “Abşeron”mehmanxanası tərəfdə də xeyli adam toplaşıb. Ancaq hələlik onlar sədləri yara bilmirlər. Meydanda aramsız “Azərtürk” və “Öldü var, döndü yox!” sədaları yüksəlir. Mikrofon tələb edirlər. Tribunada həkimlərdən başqa heç kəs yoxdur. “Nemət” çağırışları güclənir.
Yeni şüarlar və çağırışlar:
“Xalq Cəbhəsinin ətrafında birləşin!”,
“Allahu əkbər! İslam dininin düşmənlərinə ölüm!”.
“İdman” istehsalat birliyi xalqla birlikdədir!”,
“Bakı əlvan metalların emalı zavodu Razin filialı”,
“VNİİOLEFİN”,
“Azərbaycan həkimləri sizinlədir!”,
“Naxçıvan MSSR İliç rayonunun Sədərək kəndi nümayişdə” (3 gündür buradadır),
“Bibiheybət əhli sizinlədir!”,
“Füzuli rayon zəhmətkeşləri sizinlədir!”,
“Bakı dəri və xəz məmulatları fabriki sizinlədir!”,
“Ağdam 2711 No-li avtokalonu”.
“Qadağan saatının qurbanları sizinlədir!",
"Bakısənayetikinti nəqliyyatı istehsalat avtomobilnəqliyyat birliyi sizinlədir!",
"Montin zavodu. Son nəfəsimizəcən varıq, çünki biz Babək, Şah İsmayıl övladlarıyıq!",
"Bakı dəzgahqayırma zavodu sizinlədir!",
"Lənkəranlılar sizinlədir!",
"Biz astaralılar sizinləyik",
"İliç rayon Kərki kəndi sizinlədir!",
"Gücümüz birlikdədir".
"Əli-bayramlılar sizinlədir",
"Biləcəri lokomotiv deposunun işçiləri sizinlədir!
"Xəzər dəniz neft donanması sizinlədir!".
"Saatlı rayonunun azəri türkləri sizinlədir!".
"Qutqaşen rayonunun səhiyyə işçiləri sizinlədir!",
"Volodarski fabriki sizinlədir".
"Laptevin deputat mandatı ləğv edilsin!",
“NQDU Leninneft sizinlədir!”,
“Azərbaycan xalqının hüquqları bərpa edilsin!”,
“Rədd olsun erməni millətçiləri!!!” (böyük transparant),
“Masallı”,
“VAZ sizinlədir!”,
“Qeyrətli Azərbaycan xalqına eşq olsun!”.
Dini ifadələr də (“bismillahirrəhmanirrəhim”) yazılıb divarlara vurulub.
İşi Biləcəri yarımçıq, Şirvan stansiyası tam dayandırıb.
11.20. «Azərbaycan» mehmanxanası tərəfdən də “cəbhə” yarıldı, camaat içəri keçməyə başladı. Baş tribunada Babəkin daha böyük ikinci tunc büstü qoyulub.
11.50. Camaat arasında kağız gəzirdi ki, meydanı tərk etməyək, yoxsa axşam əsgərlər dolacaq.
Dünənki hadisələrdən. Tələbələr “Azərbaycan”, “Abşeron” mehmanxanalarına, Hökumət evinin iki qülləsinə Azərbaycanın bayrağını sancıblar. Baş poçt idarəsinin üstündəki bayrağı isə bir-birinin çiyninə çıxan 4 tələbə antena dirəyinin başına sancıb. Dünən Babəkin büstünün altında yazılıb: “Babam, ruhun şad olsun, övladların ayılıb!”.
12.04. Mikrafon gəldi. S. Rüstəmxanlı da tribunaya çıxdı. Xalq onu alqışladı: “Mübarizəmizdavam edir. Onuncu gündür. Onduquzuncu gün də olacaq – gələbəmizədək”.
12.07. Nemət: Tofiq Fikrətin “Millət şərqisi” - yığıncağımızın himni ilə mitinqimizi açırıq. And içirik ki, mübarizəmizdən dönməyəcəyik! (“And içirik!”). Bu gün çalışacaqlar ki, meydan boşaldılsın. Ona görə yorğunlar getsin, yeni qüvvələr gəlsin.Siyasi səhvlərə yol vermədən, artıq şüarlar irəli sürmədən iş görməliyik. Dövlət adamlarını özümüzdən uzaqlaşdırmağa, onları söyməyə çalışmayaq. Çalışaq ki, onlar da bizimlə olsunlar. Körpə uşaqlara bu meydanda ehtiyac yoxdur. Qoy orta məktəb, texniki peşə məktəbləri müəllimləri bura gəlməkdənsə məktəblərdə hərəkatımızı öyrətsinlər.
O tərəfdə - Cənubi Azərbaycanda tonqallar yandırıb bizimlə həmrəy olduqlarını bildirirlər. Gürcüstanda, Ermənistanda da türk qardaşlarımız bizimlədir. Artıq bu toplantımız nümayiş, mitinq deyil. Bu, Azərbaycan xalqının milli hərəkatıdır. Öz millətimizə başqa yad familiya qoymaq bizə ayıbdır. (“Vəziryan”ı nəzərdə tutur - Ə.T.)…
Əliyevə qarşı təbliğat edirlər. İndi Əliyev meydanı deyil. Burada xalqın taleyi həll olunur. (Alqışlar).
12.20. Sabir:
- Bizim söhbətimizə baxmayaraq bir iş məni narahat edir: burada yalnız Azərbaycan respublikasının indiki və Azərbaycan Demokratik Respublikasının bayraqları dalğalanmalıdır. “Müsavat” sözündən vicvicəyə düşmək gərək deyil. Burada islam bayrağı da var. Bizə ləkə vururlar; deyirlər ki, panislamizm yayırıq. Türk bayrağı var; onlarla əlaqəmiz olmaya-olmaya işimizə ziyan vururuq. Bu bayraqdan sonra, olan əlaqələrimizi də kəsəcəklər. Ümumazərbaycan Xalq Milli Hərəkatı adından bəzi məsələlər üzərində düşünək. Bütün icraiyyə komitələrinə qərar göndərilməlidir ki, öz familiyalarımızı dəyişək, adam adın dayaşaya bilək. Biz öz taleyimizə laqeyd olmuşuq. Mütiliyə, köləliyə, ətalətə dözmək olmaz. İndinin özündə də gec deyil.
8 günlük təzyiqimizdən sonra “Vremya” nümayişimizi göstərdi. Amma belə təklif də almışıq ki, aclıq elan edən 5 azəri gəncinin taleyini Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinə xəbər verək. Razıyam. Ancaq gərək biz bütün milləti yumruq kimi birləşdirməyi bacaraq.
Aramızda çoxlu cəmiyyətlər var. Onlar hamısı hərəkatımızın tərkib hissəsidir. Hərəkatımız getdikcə genişlənir. Sərhəd rayonlarının camaatı ayaq üstədir. Bütün Azərbaycan barıt çəlləyi üstündədir. Buna yolverənlər məsuliyyət daşıyır. Bu gün bir nazir mənə dedi ki, öz tabeliyimizdəki müəssisələrdən İttifaq müəssisələrinə heç nə göndərməməyə göstəriş vermişəm. Poçtlar, məktəblər işləməlidirlər.
O gün oğlum tribunaya dırmaşırdı. Dedim ki, düş, hələ sənə ehtiyac yoxdur, birimiz burdayıq. Əgər respublika AS-i xalqın həyatına acıyırsa DQ ləğv edilməlidir. Dünən DQMV partiya komitəsi plenum keçirib. Orada nə Volski olub, nə Moskvanın nümayəndəsi. Orada oyuncaq hökumət yaranıb. DQMV-nin ləğvini gözləməyib oranın partiya bürosunu buraxmalıyıq. Kevorkov niyə vəzifədə işləməlidir? Poğosyan canidir.
İndiyədək “çoxminli” deyirdik, indi isə “çoxmilyonlu” deməliyik, milli hərəkatımızın adından müraciəti (M.S.Qorbaçova) oxuyuruq: Azərbaycanda partlayış vəziyyəti yaranmışdır. Ermənistan SSR-də azərbaycanlıların vəziyyəti çox pisdir. DQMV-də azərbaycanlıların evlərinin yandırılması adi hala çevrilmişdir. Erməni ekstremistləri bilməlidirlər ki, Azərbaycan xalqı heç kimə heç vaxt öz torpağının bir qarışını da verməz. Azərbaycan xalqı çox səbirlidir. O, doqquz aydır ki, partiyanın çağırışı ilə dözür, gözləyir. Erməni ekstremistləri bütün Azərbaycan millətinə, türk xalqlarına qatı nifrət təbliğ edirlər. Onlara qarşı mərkəzdə etiraz olunmur, hətta bəzi dairələr onlara havadarlıq edir.
Dağlıq Qarabağda əslində yerli dərəbəylik yaranıb. Topxanada Azərbaycan xalqının haqqına zidd olaraq sənaye obyekti tikilir. Tələb edirik:
1) Arutyunyan başda olmaqla Ermənistan KP işçilərini, hökumət işçilərini konstitusiyaya, partiya intizamına dəvət etməli.
2) Erməni millətçiliyinə mərkəzi hökumətin son qoymasına nail olmalı. 18 iyul tarixli qərara əməletməyən DQ partiya işçilərini cəzalandırmalı.
3) DQ-da sovet hökumətini bərpa etməli. Əmək sabotajına yol verən DQMV partiya rəhbərliyinicinayət məsuliyyətinə cəlb etməli.
4) DQMV özünü doğrultmur. Bu, iki xalq arasında düşmənçiliyə səbəb olan hadisələr yaratdığı üçün məqsədəuyğun deyildir.
5)...........................
6) “Zvartnots” iştirakçıları cinayət məsuliyyətinə cəlb olunmalıdır.
7) “Sumqayıt hadisəsi” ciddi nəzarətə alınsın, ölüm hökmləri ləğv edilsin. Sizi mühakimə edilən gənclərə qarşı rəhmdil olmağa çağırırıq.
8) Ermənistanda, DQ-da baş verən hadisələrə partiyanın mövqeyinə qiymət vermək üçün mətbuata, televiziyaya göstərişlər verilsin, erməni millətçiliyinə qəti sədd çəkilsin.
9) Noyabrın 24-ündə Bakıda, Gəncədə, Naxçıvanda gözlənilmədən xüsusi vəziyyət yaradılmışdır. Bu iş əhalinin ləyaqət və mənliyinə toxunur. Azərbaycan xalqı bunun üçün heç bir əsas verməmişdir. Biz 18 iyul tarixli qərarların həyata keçməsini tələb edirik. Ermənistanın Azərbaycanın daxili işinə qarışmasına qəti etiraz edirik, yoxsa sonrakı hadisələrin qarşısını almaq olmaz. Sov. İKP işçilərinin erməni millətçilərinə liberal münasibəti bizə qətiyyən aydın deyil. Ermənilər öz başçıları ilə birgə demokratiyaya, yenidənqurmaya qarşı çıxır, dövlətimizin vahidliyini dağıtmağa çalışırlar. Biz Azərbaycan xalqının çoxgünlük və çoxmilyonluq iştirakçıları adından sizi bu hadisələrinqarşısını vaxtında almağa çağırırıq. Hələ ki, gec deyil, hələ hadisələrə nəzarət olunur. Yoxsa sonrakı hadisələr üçün Azərbaycan xalqı məsuliyyət daşımır.
12.50. Nemət:
1) Pulu yalnız mənim göstərişımlə yığın
2) Həkimlər, ərzağı, suyu tez-tez yoxlayın: aramızda düşman əli var. Biz SSRİ Konstitusiyasının layihəsində olan suverenliyimizi məhdudlaşdıram maddəyə etiraz edirik.Bura gələnlərin hamısı tankı yarıb gəlib. Bacarmayanların gəlməsi lazım deyil. Adımdan xəbər yayılır ki, guya mən işə çıxmağa çağırıram. Belə deyil.
12.55. Xudu Xuduyev (fəhlə):
Xudu Xuduyev
- Bütün hörmətli adamlarımız eyni şeyi təkrar edir. Hamımız Nemət qardaşı seçmişik, onun səsinə qulaq asmalıyıq. Arada gəzərək xalqı parçalamaq istəyənlərin şəxsiyyəti müəyyənləşdirilməlidir. Oxumaq, çıxış vaxtı keçib, iş görmək gərəkdir. Yaşasın Nemət!
13.00. Nemət:
- Mənim şairlərə, alimlərə, yazıçılara söz verməməyim onlara hörmətsizlik kimi qiymətləndirilməsin.
13.03. Seyfulla İzzətdust (İran fədaisi)
- Mən çox şadam ki, sizin qarşınızda təzim edirəm. Sanıram ki, 40 milyonluq Azərbaycan xalqı qarşısındayam. 9 aydır ki, erməni daşnakları Azərbaycan xalqının əsəbləri üstündə rəqs edir. Niyə Kremlin rəhbərləri qulağına pambıq tutub, gözlərini yumub? Haradadır Seyfülmüluklar, Zorinlər (Moskva TV-nin müxbirləri), qoy gəlib həqiqəti görsünlər. Artıq bıçaq sümüyə dayanıb. Əkər Moskva tədbir görməyəcəksə bizdən əl çəksin. (Alqışlar). 1945-də Cənubi Azərbaycanda qardaşlarımız inqilab edib hökumət yaratdı. Pişəvəri başçı idi. İranı ala bilərdi. Xalqı aldatdılar. Moskvanın tələbi ilə Bağırov onları aldadıb bura çağırdı, xalq parçalandı. Biz keçdik gəldik bu yana. 4 gün Naxçıvanda institutun həyətində bizə yer verdilər. Sabahı gün Pişəvəri dedi ki, biz bura yeməyə gəlməmişik, məşq etməliyik. Bir müddət belə oldu. Sonra onu Kirovabad yolunda qəzaya saldılar. Maşında yalnız Pişəvəri öldü, niyə? Onun şoferi indi də Yerevanda sağdır. Tələb edirik ki, onun qatillərini tapaq.
Bu xalq hərəkatının mahiyyətini nə Moskvada, nə də başqa yerlərdə bilmirlər. Biz Bakıda, Moskvada maneələri qırmalıyıq. Mən bura uzanan barmaqları görürəm. Bizim MK-nın I katibi ilə, başqaları ilə davamız yoxdur. Demişəm ki, Moskvanın qarşısında bu qədər yumşaq olmayın. DQ partiya təşkilatı ləğv edilməlidir. Bunu bacarmasalar xalqı itirəcəklər. Xalqı itirən başçılar bədbəxtdirlər. Biz çox vaxt itirdik. Qoy bu əzəmətli binada oturanlar xalq qarşısında danışsınlar görək hansı dildə danışacaqlar? Onların içində nazirlər var ki, cib doldurmaqdan başqa işi yoxdur. Yığıbsa indiyəcən halalı olsun, ancaq bundan sonra xalqa xidmət etsin. Xalq var, rəhbər var. Xalq olmasa kimə katiblik edərlər? Katiblər xalqı kor günə qoyublar. Ata uşaqları, təcili komsomol məktəbi qurtarıb, partiya məktəbi qurtarıb təcili partiya işinə qoyulur, inəklə öküzü seçə bilmir. Xalqımız birləşib iradə göstərməli, belələrinə qarşı mübarizə aparmalıdır. Biz istəyiriksə gərək “yuxarı” ilə “aşağı”nı birləşdirək. Biz gedənin dalınca söyməyə öyrəşmişik. Respublika dolusu hörməti olan adamları itiririk. Biz bir olmağı öyrənək. Gedənlərin hamısı pisdir. Bəs kim yaxşıdır? Gözləyək, tədbirlərimiz həyata keçsin (tətillərimizi davam etdirməklə). İndiki şəraitdə öz gücümüzü, iradəmizi göstərək. Mən istəmirəm ki, gənclərimiz ordu ilə üzbəüz gəlsin. Mənə deyəcəklər ki, sən xalq hərəkatını parçalamaq istəyirsən. Ancaq öz adımdan deyirəm. Gəlin ölçüb-biçək. Nemət “İzvestiya” qəzetinin müxbirinə intervü verir, gələcək. Qadınlarımız Azərbaycan KP MK-ya müraciət edib. Xalqımızın etibar etdiyi vətən...Xalqın səbrini sınağa çəkməyin. Siz xalqın tələblərinə tankla yox, haqla cavab verməlisiniz. Mitinq iştirakçılarına bütün analar öz südlərini halal deyiblər.
18.00. Əbülfəz:
-… yaradılıb. 2 bölməsi var - biri Lenin prospektində, biri isə dəniz kənarındakı böyük çadırda yerləşir. Xalq Cəbhəsini hər adam yarada bilməz (respublika üzrə). Ayrı-ayrı rayonların cəbhəsi olmaz. Məsələn, “Şamxor Xalq Cəbhəsi” nə deməkdir? Təxminən 600-700 ilk cəmiyyət Xalq Cəbhəsində birləşir, sonra 1000-2000 nəfər qurultay keçirilir. Xudafərinin hər iki tərəfində nümayişlər gedir. Şimalda 6000 adam, cənubda 700 adam var. Söhbət edirlər. Ortada əsgər durub. Onlara deyiblər ki, hərəkatımızı Cənubda müdafiə edin. Təbrizdə də nümayişlər başlayıb. Azərbaycan xalqının ən böyük idealı birləşməkdir. Bunun işıqları görünür. Bu gün burada məşq keçənlərə eşq olsun!
18.10. Bakı Baş Tikinti İdarəsinin fəhləsi Salamov:
- Gəlin həmrəyliyimizi bərpa edək. Xalqın bütün ziyalılarını buradan uzaqlaşdırmaq olmaz. Fit çalmaqla Ziya Bünyadovu, İmam Mustafayevi buradan uzaqlaşdırmısınız. Bizə Ziya, bizə Bəxtiyar gərəkdir. Həsən Həsənov bizə “dağılın” dedi? Yaxud Tatlıyev yoldaş?.. (Fit). Deyin görək 10 gündə nəyə nail olmuşuq? Dünən deyildi ki, güclü qol, ağıllı baş da lazımdır. Bizim qolumuz var, ağıllı başımız yox! MK da, Ali Sovet də bizi müdafiə edir, ancaq onların təsiri azdır. (Fitə basdılar). Vazgen dünən bizi yenidən biabır edib. Niyə? Ona görə ki, xalqımız rəhbərlikdən, ziyalılardan ayrı düşüb. Gəlin sabahdan onları dəvət edək.
18.20. Leninqradlı (rusca):
- Mən öz gözlərimlə gördüm ki, xalq öz azadlığı, torpağı uğrunda vuruşur. Söz verirəm ki, əsl həqiqəti xalqa çatdıracağam. Sakit nümayişdir. Bəs niyə hökumət qoşunları bura yığıb? Torpaq sizindir, siz də ağalıq edin. Onun uğrunda vuruşurlar. Biz sizinləyik. Çox sağ olun (azərbaycanca).
18.22. Kimsə (rusca):
- Avtobuslar işləməlidir. Söz vermişik ki, tələblərimiz yerinə yetirilməyincə heç kəsi işə aparmayacağıq. Biz pulsuz işləyirik. Araz boyu Astara tətil edir.18.25. Nəriman Həsənzadə: Sero Xanzadyan Koroğlunu “quldur” adlandırır. Ar olsun erməni yazıçılarına ki, Azərbaycan xalqının tarixini danırlar. İş o yerə çatıb ki, guya biz “Dədə Qorqud”u da ermənilərdən götürmüşük. (Şer dedi).
18.28. Aktyor Mikayıl Mirzə:
- Üç məlumat. “Amerikanın səsi” dünyaya bildirdi ki, Azərbaycanda böyük hərəkat başlanıb və onun başçısı 26 yaşlı Nemət Pənahovdur. (Sürəkli alqışlar). Hardandır bu güc? Nemətin ruhuna çökən güc sizin gücünüzdür, Babəkin gücüdür. 2-ci məlumat. Saxarov, təfriqəçilər, Vətənimizin birliyinə qənim kəsilənlər bildirib ki, erməniləri yenə qıracaqlar, onlara qoşun verilməlidir. 3-üncü məlumat. M. S. Qorbaçova deyiblər ki, bu hərəkat nə vaxt qurtaracaq? O da deyib ki, bu, perestroykadır, ona görə də bundan qorxmaq lazım deyil.
Nəinki on gün, on il də vuruşmalıyıq. Pişəvəri deyib ki, içində yuva salmış qorxunu ayaq altına salmalısan. Bu gün xalqımız bu qorxunu salıb ayaq altına. Gəlin bir bayatını bir yerdə oxuyaq. Akif Mehmet:
O yaram,
Köz-köz olub o yaram.
Sənə yad bir göz baxsa
Barmaq salıb oyaram.
Mən Turan torpağıyam.
Qulaq asın mənə: iki Nemət var. Onun biri bizim Nemətdir; onu Allah göndərib. Biri də Allahın Nemətidir. Torpaq müqəddəsdir, torpaq Allahdır, əbədiyyətdir. Versən quru yerdə qalarsan, köləolarsan.(Anaların uşaq üstündə davasını söylədi). Torpaq - uşaq onu saxlayanındır. Torpaq, doğanananındır, torpaq bizimdir. Topxana meşəsi yuxumuza girir. O bizim babalarımızın, gələcək balalarımızın qoluna vurulan baltadır. Sonra şer dedi: “Tfu zatınıza!” (3 dəfə).
18.40. Sürücü Elman Məmmədov:
- Sabahdan bütün sürücülər xalqı pulsuz daşıyacaq.
18.41. Sirus (Təbrizli – B. T.):
Do'stlaringiz bilan baham: |