Açıq sistem xətası
Bəzi təkamül tərəfdarları Termodinamikanın ikinci qanununun ancaq “qapalı sistemlərə” aid olduğunu, “açıq sistemlərin” isə bu qanuna tabe olmadığını müdafiə edirlər. Halbuki bu iddia bəzi təkamülçülərin həmişəki kimi nəzəriyyələrini çıxılmaz vəziyyətə salan elmi həqiqətləri təhrif etmə səyindən ibarətdir. Belə ki, bir çox elm adamı bu iddianın əsassız olduğunu, termodinamika ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirir. Bunlardan biri Harvard Universitetindən olan elm adamı Con Ross “Chemical and engineering news” jurnalındakı ifadələrində özü də təkamülçü düşüncə tərzinə malik olmasına baxmayaraq, bu həqiqətdənkənar iddiaların mühüm elmi xəta olduğunu belə bildirir:
... Termodinamikanın ikinci qanunu dəyişməyən qanundur. Normal halda, ikinci qanuna təcrid edilmiş sistemlər aid edilir, ancaq ikinci qanun açıq sistemlərə də eyni dərəcədə aiddir... Buna baxmayaraq, Termodinamikanın ikinci qanununun müvazinətsiz sistemlərə aid olmadığı fikri hakimdir. Əmin olun ki, bu səhv əbədi davam etməyəcəkdir.368
Açıq sistem kənardan enerji və maddə giriş-çıxışı olan termodinamik sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, günəşdən daima gələn enerji axınına məruz qaldığını, ona görə də Entropiya qanununun dünyaya aid olmadığını və nizamsız, sadə, cansız formalardan nizamlı, kompleks canlıların əmələ gəldiyini irəli sürürlər.
Halbuki burada həqiqət açıq-aşkar təhrif edilmişdir. Çünki bir sistemə kənardan enerji daxil olması o sistemi nizamlı hala salmaq üçün kifayət deyil. Bunun üçün, xam enerjini istifadəyə yararlı hala salacaq xüsusi mexanizmlər lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə salması üçün motora, ötürücü sistemlərə və onları idarə edən tənzimləyici mexanizmlərə ehtiyac var. Belə bir enerji çevirən sistem olmasa, avtomobilin benzindəki enerjidən istifadə etməsi mümkün olmaz.
Eyni vəziyyət canlılara da aiddir. Canlıların enerjini günəşdən aldığı doğrudur. Lakin günəş enerjisi ancaq canlılardakı qeyri-adi dərəcədəki kompleks enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilir. Məsələn, mədəsi və bağırsaqları olmayan insan ən kalorili qidaları da yesə, bu qidalardakı enerjidən istifadə edə bilməz və ölər. Bu cür enerji çevirmə sistemləri olmasa, heç bir canlı yaşaya bilməz. Günəş də enerjini çevirmə sistemi olmayan canlı və ya cansız varlıq üçün yandırıcı, məhv edici və parçalayıcı enerji mənbəyidir.
Göründüyü kimi, hər hansı enerji çevirən mexanizmi olmayan bir sistem açıq və ya qapalı da olsa, təkamül üçün heç bir üstünlüyü yoxdur. İbtidai dünya şərtlərində təbiətdə bu cür kompleks və şüurlu mexanizmlərin olduğunu isə heç kim iddia etmir. Onsuz da təkamülçülər üçün buradakı əsas problem bitkilərdəki fotosintez mexanizmi kimi müasir texnologiya tərəfindən belə təqlid edilə bilməyən kompleks enerji çevirmə mexanizmlərinin necə ortaya çıxdığı sualından ibarətdir.
İbtidai dünyaya kənardan daxil olan günəş enerjisinin də canlılardakı kompleks molekul və formaları, mütəşəkkil bioloji sistemləri meydana gətirən təsiri yoxdur. Habelə istilik nə qədər artsa da, amin turşuları nizamlı şəkildə birləşmək üçün cəhd göstərirlər. Amin turşularının daha mürəkkəb molekullar olan zülalları, zülalları da daha kompleks və planlı formalar olan hüceyrə orqanoidlərini əmələ gətirmələri üçün təkcə enerji heç bir işə yaramaz.
İlya Priqoqin və özünütəşkiletmə xətası
Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini anlayan bəzi təkamülçü elm adamları yaxın keçmişdə Termodinamikanın ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər.
Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir.
Priqoqin xaos qanununa əsaslanaraq xaosdan (qarmaqarışıqlıqdan) nizam əmələ gələcəyinə dair bəzi fərziyyələr irəli sürmüşdür. Ancaq bütün səylərinə baxmayaraq, termodinamikanı və təkamülü uzlaşdırmağı bacarmamışdır.
Elmi fəaliyyətlərində statik cəhətdən geri dönüşü olmayan prosesləri əsas qanunlarla əlaqələndirməyə çalışmış, lakin səyləri uğursuzluqla nəticələnmişdir. Tamamilə nəzəri olan, real həyatda tətbiq və müşahidə edilmə imkanı olmayan bir çox riyazi hipotezdən ibarət kitabları fizika, kimya və termodinamika sahəsində nüfuzlu şəxslər hesab edilən elm adamları tərəfindən heç bir konkret və praktiki dəyərə malik olmadığına görə tənqid edilmişdir.
Məsələn, termodinamika, statik mexanika və formalaşma (pattern formation) sahələrində məşhur fiziklərdən və “Review of modern physics” kitabının müəlliflərindən biri olan P.Hohenberqin Priqoqinin elmi fəaliyyəti haqqındakı şərhi 1995-ci il, may tarixli “Scientific american” jurnalında belə verilir:
Nəzəriyyəsinin açıqladığı bircə hadisəni belə tanımıram.369
Viskonsin Universitetindən nəzəriyyəçi fizik Kozma Şalizi də Priqoqinin elmi fəaliyyətlərinin heç bir konkret nəticə və ya açıqlamasının olmadığı ilə bağlı belə deyir:
(Priqoqinin yazdığı) “Self organization in nonequilibrium systems”(Müvazinətsiz sistemlərdə özünü təşkiletmə) adlı kitabın beş yüz səhifəsinin içində real faktlarla əlaqədar sadəcə dörd qrafik var və modellərinin təcrübi nəticələrlə müqayisəsi yoxdur. Statik fizikanın başlıqları olması xaricində, geri dönüşü olmayan qanun haqqındakı fikirlərinin heç biri özünü təşkiletmə (self organization) ilə əlaqəsi yoxdur.370
Qatı materialist olan Priqoqinin fizika sahəsində həyata keçirdiyi fəaliyyətləri eyni zamanda təkamül nəzəriyyəsinə də dəstək olma məqsədi daşımışdır. Çünki əvvəlki səhifələrdə gördüyümüz kimi, təkamül nəzəriyyəsi Termodinamikanın ikinci qanunu olan Entropiya qanunu ilə açıq-aşkar ziddiyyət təşkil edir. Entropiya qanunu məlum olduğu kimi, hər cür nizamlı, mütəşəkkil və kompleks formanın təbii amillərə məruz qaldıqda nizamsızlığa, dağılmağa və parçalanmağa uğradığını qəti şəkildə ortaya qoyur.
Buna qarşı təkamül nəzəriyyəsi nizamsız, dağınıq və şüursuz atomların və molekulların birləşərək kompleks və mütəşəkkil sistemlərə malik canlıları meydana gətirdiyini iddia edir.
Priqoqin isə bu cür prosesləri mümkün edə bilmək üçün formullar icad etməyə çalışmışdır. Ancaq bütün səyləri nəzəri fəaliyyətlərdən başqa bir şey olmamış, uğursuzluqla nəticələnmişdir.
İrəli sürdüyü tezislərdən ən çox tanınanları “Self organization” (özünü təşkiletmə) nəzəriyyəsi ilə “Dissipative structures” (enerjini dağıdan formalar) nəzəriyyəsidir. Bu nəzəriyyələrdən birincisi sadə molekulların öz aralarında birləşərək kompleks canlı sistemləri əmələ gətirdiyini iddia edir. İkincisi isə nizamsız, yüksək entropiyaya malik sistemlərdə nizamlı, kompleks formaların əmələ gələ biləcəyini iddia edir. Ancaq bunların heç biri təkamülçülər üçün yeni xəyal dünyası qurmaqdan başqa elmi və praktik dəyər daşımır.
Priqoqinin bu nəzəriyyələrinin heç bir mövzunu açıqlamadığı və heç bir nəticəyə gəlmədiyi bir çox elm adamı tərəfindən ifadə edilir. Məşhur fizik Coul Keyzer belə yazır:
Tarazlıqdan uzaq “enerji dağıdan formaların” (dissipative structures) sabitliyi üçün irəli sürdüyü kriteriyalar tarazlığa çox yaxın vəziyyətlər istisna olmaqla uğursuzluğa məruz qaldı.371
Nəzəri fizik Kozma Şalizi də bununla bağlı belə deyir:
(Priqoqin) özünütəşkiletmə (self organization) məsələsində demək olar ki, hər kəsdən dəqiq və əsaslı elmi fəaliyyət göstərməyə çalışdı. Bacarmadı...372
“Self organizing systems: The emergence of order” (özünü təşkil edən sistemlər: nizamın meydana gəlməsi) adlı jurnalın redaktoru olan F.Yucin Yeyts eyni jurnalda məqalə yazan Deniel L.Steyn və Nobel mükafatı almış elm adamı Filip Andersonun Priqoqinlə bağlı tənqidlərini xülasə halında belə bildirir:
Müəlliflər (Filip Anderson və Deniel L.Steyn) “enerji dağıdan formalar” (dissipative structures) haqqında təkmil nəzəriyyə olmadığını (əksinə, iddiaların olmasına baxmayaraq) və bəlkə də heç bir sabit “enerji dağıdan forma” olmadığının tərəfdarıdırlar... Bu səbəbdən müəlliflər “enerji dağıdan formalar” və onların qırılmış simmetriyaları haqqındakı fərziyyələrin hal-hazırda həyatın mənşəyi və davamı haqqındakı suallara cavab verə bilməyəcəyinə inanırlar.373
Qısaca desək, Priqoqinin nəzəri fəaliyyətləri həyatın mənşəyini açıqlama baxımından heç bir dəyər daşımır. Nobel mükafatı almış yuxarıda adı çəkilmiş elm adamları Priqoqinin nəzəriyyələri haqqında belə şərh verirlər:
Bu sahədəki bir çox kitab və məqalədəki iddiaların əksinə, biz belə bir nəzəriyyənin (“dissipative structures” nəzəriyyəsi) olmadığına və hətta Priqoqin, Heyken və məsləkdaşlarının varlığından bəhs etdikləri bu cür formaların (enerji dağıdan formalar) bəlkə də heç mövcud olmadıqlarına inanırıq.374
Qısaca desək, öz sahələrində mütəxəssis olan elm adamları Priqoqinin uydurduğu tezislərin heç bir reallığının və əsasının olmadığını, hətta tezislərində bəhs etdiyi növdən olan formaların (dissipative structures) bəlkə də əslində heç mövcud olmadığını bildirirlər.
Priqoqinin iddiaları Cin Brikmontun “Xaosun elmi, yoxsa elmdə xaos?” adlı məqaləsində də hərtərəfli şəkildə təhlil edilmiş və əsassızlığı sübut edilmişdir.
Priqoqin təkamülü dəstəkləyən hər hansı bir metod tapa bilməsə də, ancaq bu cür səylər göstərməsi təkamülçülərin onu başlarının tacı etməsinə səbəb olmuşdur. Bir çox təkamülçü Priqoqinin irəli sürdüyü “özünü təşkiletmə” anlayışına böyük ümidlə bağlanmışdır. Priqoqinin xəyali nəzəriyyələri və məfhumları ilə bağlı mövzunun təfərrüatını bilməyən bir çox şəxs təkamülün termodinamik baxımdan düşdüyü çıxılmaz vəziyyətinin həll edildiyini zənn edir.
Halbuki Priqoqin də molekulyar səviyyədə uydurduğu nəzəriyyələrin canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını qəbul edərək belə demişdir:
Bioloji nizam problemi molekulyar fəaliyyətdən hüceyrənin supermolekulyar nizamına keçidi ehtiva edir. Bu problemin həlli yoxdur.375
Priqoqinin təkamüllə Entropiya qanunu və digər fiziki qanunlar arasındakı ziddiyyəti aradan qaldırmağı hədəfləyən nəzəriyyələrinin və təkamülçülərin bundan cəsarətlənərək uydurduqları fərziyyələrin məzmunu bundan ibarətdir.
Do'stlaringiz bilan baham: |