Can əvəzinə can vermə əcəldən qaçma motivinin inversiyası, transformasiyaya uğramış şəkli, fərqli ifadə formasıdır. Burada əcəldən qaçma motivi dəyişilmiş şəkildə qarşımıza çıxır. Əgər indiyə qədər əcəldən qaçma ölüm mələyinə hiylə gəlmək, Əzrayıldan qaçmaq, müxtəlif situasiyalara düşmək kimi qarşımıza çıxırdısa, burada mifoloji ideyanın fərqli ifadə forması ilə rastlaşırıq.
Dəli Domrul Əzrayılla döyüşüb məğlub olur. Allah-təaladan əmr gəlir ki, Dəli Domrul onun birliyinə şükür etdiyi üçün can yerinə can tapsın, onun canı azad olsun. Dəli Domrul atasından, anasından can istəyir. Onlar öz canlarını vermirlər. Yoldaşı öz canını verməyə razı olur. Dəli Domrulun Allaha müraciət edib ikimizin də canını birdən al deyə dua etməsi Allaha xoş gedir. Əzrayıla əmr eləyir ki, Dəli Domrulun ata-anasının canını alsın. Dəli Domrula və onun yoldaşına yüz qırx il ömür verir (KDQE 1999:317).
Altay türklərinin Erlik haqda şaman mətnlərində isə can əvəzinə can vermə motivinin ilkin şəklini, arxeotipini görürük. Pöçök adlı bir altaylının danışdığı mətndə Erliyə xəstə oğlanın ruhu müqabilində qurban aparılması, lakin onları qəbul etməyib can əvəzinə can tələb etməsi motivi ilə rastlaşırıq. Mətndə deyilir ki, Carqanad (yarasa) əvvəllər qam (şaman) olub. Cayaçı xan onu çağırıb xəstə oğlu üçün qamlıq edərək onu sağaltmasını istəyir. Carqanad qamlıq edib elan edir ki, Erlik xana doqquz qara kəl at, doqquz qara öküz, doqquz qara qoyun qurban verilməlidir. Qamlıq edib Erliyin yeraltı dünyasına gedir. Erlik qurbanı qəbul etmir. Adətə görə, əgər Erlik qurbanı qəbul etmirdisə, xəstə adamın sağalması üçün sağlam adam qurban verilməli idi. Carqanad – şaman Cayaçı xanın yanına gəlib, Erliyə bir canın xilası üçün başqa can qurban etməyin lazım olduğunu dedikdə xan şamanı öz canını qurban verməyib geri qayıtdığına görə ittiham edir. Cəza olaraq, bundan sonra gecələr yarasa kimi yaşamağa məhkum edir (Потанин 1883:169).
Bu mətnin digər variantında isə əvvəlkindən fərqli olaraq, qurbanları qəbul etməyən və almaq istədiyi candan əl çəkməyən Erliyə şaman öz canını təqdim edir. Lakin Erlik şamanın da canını qəbul etməyib yalnız Cayaçı xanın oğlu Canqıs – ulanın canını tələb edir. Onda Cayaçı xan oğlunun canının müqabilində bütün el – obasının canını qurban vermək istəyir. Hamını çağırıb bir yerə toplayır ki, Erliyin yanına göndərsin, lakin bir yetim oğlan Uskus – ul gəlmir. Carqanadı – şamanı da onun davulunun içinə girərək dediyi sözlərlə Canqıs ulanın ruhunu geri qaytara bilmədiyinə görə məzəmmət edir. Usqus – ul Carqanadın kürkünü, davulunu götürüb Erliyin yeraltı dünyasına gedir və Erliyin yatdığını görüb, Canqıs – ulanın ruhunu tutub qaçır. Mətn boyunca Usqus – ul dəfələrlə Erliyə hiylə gələrək, onu aldadır. Sonda atasının ruhunu da Erliyin yeraltı dünyasından xilas edir (Потанин 1883:172).
Altay türklərinin Erlik haqda şaman mətnlərində can əvəzinə can vermə motivinin ilkin arxeotipini, ilkin arxaik mifoloji ideyasını görürük. Motivin ilk şəklindən variant və versiyalarını izləmək, ilkin mifoloji semantikasının müasir Azərbaycan folklorundakı fərqli ifadə formalarını müşahidə etmək maraqlıdır.
M.Kazımoğlunun qənaətinə görə, Domrul – Əzrayıl süjeti başdan-başa dəliqanlının yola gəlməsindən bəhs edir (Kazımoğlu 2006:176). Bu doğru qənaəti “Dəli Domrulun Bulvardı rəvayəti” ndə bariz şəkildə görürük. Dastanda olduğu kimi bu rəvayətdə də Dəli Domrul körpü tikib, gəlib keçənlərdən xərac alır. Dastanda isə körpüdən keçəndən otuz, keçməyəndən döyə - döyə qırx axça alır. Yəni, dastandakı Dəli Domrul “zır dəlidi”. “Dəli Domrulun Bulvardı rəvayəti” ndə Dəli Domrul Alacam qəsəbəsində varlı kişini oğlu kimi təqdim edilir. Onun körpüsündən xərac vermədən keçən qıza hücum çəkdiyini görən qızın atası Dəli Domrulun əlini – ayağını bağlayıb çuxura salır. Ancaq öz yerinə əvəz versə bağışlayacağını bildirir. Atası da, anası da canını əsirgəyir. Arvadı canını verməyə razı olur. Bundan təsirlənən rəis hər ikisini azad edir. Dəli Domrulun körpüdən pul almasını, xərac almasını yasaqlayır (KDQE 1999:273).
Mətndən də göründüyü kimi, Allah və Əzrayıl bir türkmən rəisi ilə əvəzlənib. Bu rəvayətdə motivin daha çox didaktik, tərbiyəvi ideya daşıdığını görürük. Rəis sadəcə dələduzun birinə dərs vermək istəyib. Arxaik mifoloji ideyalı motiv bu mətndə didaktik, tərbiyəvi ideya kəsb edib.
Dəli Domrul boyunun əsasında dayanan süjetin türk xalqları folkloru arealında versiya və variantlarının öyrənilməsi can əvəzinə can vermə motivinin hansı şəkillərdə ifadə olunması baxımından önəmlidir. “Dəli Domrulun Antalya rəvayətində” mətn Əzrayılın gəlişi ilə başlasa da, Dəli Domrul süjetinin əsas cizgiləri (atadan, anadan can istəmə, arvadı ilə halallaşma, arvadının Domrulun əvəzinə öz canını verməsi) qorunub saxlanmışdır. Ancaq boydan fərqli olaraq, Antalya rəvayətində Domrulun ata-anası öldürülmür. Dəli Domrula və arvadına da min il ömür verilir (Əsgər 2013:272).
Dastanda isə Dəli Domrulun ata-anasının canı alınır. Əslində, can əvəzinə heç bir can alınmır. Çünki, Allah Dəli Domrulun ata-anasının canlarını övladlarından əsirgədikləri üçün alır. Yəni cəza olaraq. Bu qənaətə ona görə gəlmək olar ki, Əzrayıla can əvəzinə bir can lazım idi. Elə bil acıq eliyib ikisini də birdən alır. Müqayisə üçün can əvəzinə can motivinin “Duxa Qoca oğlu Dəli Domrul boyu” ndan başqa digər folklor nümunələrində variantlarının olub-olmamasına baxaq.
“Əzrayilnən yoldaşlıq edən şəxs” nağılında da can əvəzinə can vermə motivi ilə rastlaşırıq. Nağılın sonu “Dəli Domrul” dakı kimi bitir. Toy gecəsi bəyin canını almağa gələn Əzrayıl anaya və ataya yaxınlaşanda onlar qorxularından “kimə gəlmisən ona get” deyirlər. Baxmayaraq ki, əvvəlcə övladlarının canının əvəzinə öz canlarını özləri təklif edirdilər. Vəziyyəti belə görən gəlin Əzrayıla deyir ki, onun canını alsın və dediyindən dönmür. Gəlinin qorxmadan, heç tərəddüd etmədən canını verməyə hazır olması Allah-təalaya xoş gedir və gəlinin etibarına görə bəyə əlli il ömür verir (Qarabağ 2012:314). Dastandakı “Dəli Domrul” boyundan fərqli olaraq, “Dəli Domrulun Antalya rəvayətində” olduğu kimi bu nağılda Əzrayıl ata-ananın canını almır.
“Qardaş məhəbbəti” rəvayətində isə Əzrayıl bir qadının yanına gəlib ya oğlunu, ya ərini, ya da qardaşının, üçündən birinin canını alacağını bildirir. “ Oğlum ölər, beldən ollam, ərim ölər, eldən ollam. Qardaşım ölər, hardan allam?” – deyir. Qadın Əzrayıla yalvarır ki, qardaşına dəyməsin. Qadının bu sözünə görə Əzrayıl onların heç birinin canını almır (AFA 2005:38). Bu mətndə Əzrayıl can əvəzinə can almır. Öldürəcəyi adamı seçməsini qadına həvalə edir. Qadın hansını seçsə, Əzrayıl onun canını alacaq. Sonda da can alma fikrindən daşınır.
Motivin sadaladığımız variant və versiyalarından da göründüyü kimi, can əvəzinə can vermə motivi özünün ilkin arxaik mifoloji semantikasından çıxaraq, əzizlərin sınanması kimi bir ideya kəsb edir. Bu da motivin arxaik semantikasının necə dəyişdiyini və şəkilləndiyini göstərir. Yəni, motiv müasir mətnlərdə əzizlərin sınanması kimi başa düşülə bilər. İlkin arxaik mifoloji ideya motivin adında gizli qalıb. Folklor örnəklərində ilişib qalmış qədim türk mifoloji inanışı müasir folklor mətnlərində sınaq, imtahan ideyası daşıyır.
“Ak Tayçı” Altay dastanında Ak Bökö öz canının əvəzi Ak Tayçını Ak Börüyə verir. Ak Bökö mal, xalq, arvadını təklif edirsə, Ak Börü ehtiyacının olmadığını deyir. Sonda “Tək oğlunu verirsənmi?” – deyə soruşanda o, “Almağa niyyətlisənsə al” – deyir. Eyni süjetin variantı “Altın Kuçkaş” nağılındadır. Bu variantda da Ağ qurd qəhrəmanı qaçırır. Ağ qurd Altın Kuçkaşın oğlu Aru Mandayı adı Erliyin dəftərinə düşdüyü üçün (yəni öləcəyi üçün) əcəldən qaçırır. Lakin onu eynən əvvəlki variantda olduğu kimi atasının canı əvəzinə alır. Qızıl mağarasına aparıb bahadır kimi yetişdirib ona ağ kürən at verir. Burada Ağ qurd dağın ruhu olduğunu deyir (Потанин 1917:198). Görünür, atanın öz canı əvəzinə oğlunun canını fəda etməsi türk epik ənənəsinə xas motivdir. “Ər-Tüstük” dastanının qazax variantında isə Ərnəzər onu öldürmək istəyən pəri qızına canına əvəz olaraq əvvəl mallarını, sonra da səkkiz oğlunu almasını təklif edir. Pəri qızı təklif edilənləri qəbul etmir. Çarəsiz qalan Ər- nəzər doqquzuncu oğlu Ər-Tüstüyü verməyi təklif edərək canını qurtarır.
Yaradılışın özünəməxsus düzəni və ruhun əbədiliyi düşüncəsinin izləri arxaik dastanların əsas motivlərini təşkil edir. Qədim türklərin mifik təsəvvürlərində ölüm həyatın zidd tərəfi deyil, onun davamı olaraq öz əksini tapmışdır. Şumer dastanı “Gilgamış” da da bu arxaik motivlə rastlaşırıq: “İnanna yeraltından çıkmak üzere iken Anunnakiler (Yeraltının Yedi Yarğıcı) onu yakalar: “Ölüler diyarına inip de ölüler diyarından zarara uğramadan çıkan görülmüş mü? Eğer İnanna ölüler diyarından çıkacaksa, yerine birini bıraksın.” İnanna yanında bir grup galla şeytanıyla yeryüzüne geri döner, eger yerine geçecek bir başka tanrısal varlık bulamazsa, gallalar onu geri götürecektir ” (Mircea Eliade 2007: 86).
Mətnlər arasındakı uyğunluq göz önündədir. İnanna ölüler diyarından çıxmaq üçün yerinə birini tapmalıdır. Bu, canın əvəzinə verilən candır. İnanna öz canının əvəzinə bir can tapmalıdır. Eynən şaman mətnlərində olduğu kimi. Altay türklərinin Erlik haqda şaman mətnlərində şaman Erliyin apardığı canın əvəzinə Erliyə ya öz canını, ya da qurbanlıq heyvanlar təklif edir. Biz eyni motivi “Uşaq şaman və ölü” şaman əfsanəsində də görə bilərik. Əfsanədə əvəz can olaraq ölən qızın atası uşaq şamana “Əgər sənə bir can lazımsa mənim canımı al, amma qızıma toxunma”- dedikdən sonra uşaq şaman günəşin doğduğu yerə dönür və o qızın canının yerinə ruhlardan nə istədiklərini soruşmaq üçün davuluna vurmağa başlayır. Birdən onun davulunun üstünə bir damla qan düşür. Şaman qızın atasına deyir ki, sənin qızının qurtulması üçün mən bir ayğır və bir madyan verdim. Bu iki at artıq öldü (Türk şaman metinleri 2005:189).
Bu ayinlər bizim inanclarımızda genetik kodlanaraq bu günümüzə qədər gəlmişdir. Xalq arasında “Qada qurbanı” adı ilə bir nəfərin başına dolandırılaraq kəsilən heyvan şər qüvvələrə əvəz verilir. Qada-bəlanın qurban deyilən heyvana keçməsinə inanılır. Və yaxud özünü qurban demə “Başına dolanım”, “Qadanı alım”, “Qurbanın olum” alqışları özündə bütöv bir inancı, mifoloji düşüncəni birləşdirir. Məsələn, qırğızlarda bu, “Köçöt” (keçirmə) adlanır. Oğlu Məhəmməd Humayun xəstələnən zaman Babur şah xəstə oğlunun başına üç dəfə dolanaraq, “Nə dərdin varsa mənə gəlsin”- dedikdən sonra Babur şah özü ağırlaşır, oğlu isə sağalır. Bu “ayini” n sözlərini indi də üzünü qibləyə tutaraq sidq ürəklə deyib niyyətinə çatan əməli- saleh bəndələr var. Qazax-qırğızlarda isə bu ayin “Aynalu” adlanır. Aynalu sözü əzizim mənasını da verir. Xakaslarda isə ayna bəd ruhlara deyilir. Azara tutulan əziz adamın başına dönüb dolanmaq, onu bəd ruhların- aynaların əlindən xilas etmək, onun canı əvəzinə can qurban etməyin vasitəsi idi. İndi də bizim nənələr nəvələri bir adamın başına fırlananda ürəkləri əsərək acıqlanırlar. Elə bil əzizlərini nəsə gizli bir təhlükədən qorumaq istəyirlər.
Dini rəvayətlərə nəzər salsaq, görərik ki, İbrahim peyğəmbər oğlu İsmayılı Yəmən dağına Allah yolunda qurban kəsməyə aparır. İsmayıl qurbanı da Allah tərəfindən İsmayılın canının əvəzinə verilmiş candır.
Bunlardan başqa folklorda qurban əvəzi anlayışı da vardır. Yəni ölməli olan, ölümə məhkum adamın yerinə verilən qurban. Qazax-qırğız və altay folklorunda “Xuşandra xan” rəvayətində bir ölkədən bəhs edilir. Orada kim xan seçilirsə səhərisi gün ölür. Ölkədə adam azaldığına, boş yerə camaat ölməsin deyə yoldan keçən dilənçini, səfərə çıxan, yolunu azanı, avaraları keçə üstünə qoyub, göyə qaldırıb xan elan edirdilər. Onsuz da səhərə sağ çıxmayacaqdı. Eyni hadisə Xuşandranın da başına gəlir, lakin o sağ qalır (Потанин 1917:212). Folklordakı bu süjet yazılı ədəbiyyatda da öz əksini tapmışdır. M.F.Axundovun “Aldanmış kəvakib” povestində Yusif Sərrac obrazı folklorda olan Xuşandra kimi qurban əvəzidir. Ölməli olan adamın yerinə qurban kimi oturdulur.
Do'stlaringiz bilan baham: |