Gender maarifçiliyində televiziyanın
rolu və vəzifələri
Televiziya təbliğat gücünə və yayım özəlliklərinə görə ən populyar mediumdur.Geniş seyrçi auditoriyasına ünvanlanan çeşidli proqramlar kütlə psixologiyasını, vərdişləri, qavrayış tərzini formalaşdırır, müxtəlif stereotiplər yaradır.Kütləvi kommunikasiya məhsulları (verilişlər,şoular, reklamlar, cizgi filmləri,sənədli və bədii filmlər və s.) yeni dünyagörüşünə, yaşam tərzinə və imitasiya (yamsılama) obyektinə çevrilir.
Azərbaycan auditoriyasının çeşidli informasiya qaynaqları arasında məhz televiziyaya üstünlük verməsini əminliklə söyləmək olar. Auditoriyanın öyrənilməsi məqsədi ilə gerçəkləşdirilən tədqiqatlar isə televiziya seyrçilərinin böyük bir hissəsinin qadınlardan ibarət olduğunu müəyyən etmişdir. Ölkəmizdə bir çox qadınların işləmədiyini nəzərə alsaq, televiziya auditoriyasında qadınların üstünlük təşkil etməsinin səbəbi aydın olar. Elə isə gender maarifçiliyi baxımından televiziya “məhsulları” nə dərəcədə praktik və səmərəlidir?
Dünya televiziyalarında qadınların ekranda görünməsi yaş, xarici görünüş (yaraşıqlı üz gizgiləri, qüsursuz bədən quruluşu) kimi şərtlərlə məhdudlaşdırılır.Ekspertlər bunu ekranda göstərilən obrazların seyrçilər tərəfindən yamsılama,özünüöxşatma obyektləri kimi qəbul olunması amili ilə izah edirlər.Beləliklə, artıq formalaşmış meyarlara uyğun gəlməyən - 40, xüsusilə də 50 yaş həddini keçən, xarici görünüşündə yaşlılıq əlamətləri duyulan qadınlara televiziya ekranlarında nadir hallarda rast gəlinir.
Bəs gender məsələləri baxımından Azərbaycan televiziyalarının auditoriyaya mesajları nədən ibarətdir? Hər şeydən əvvəl, televiziya verilişləri, eləcə də ölkədə istehsal olunan reklamlar artıq illərlə formalaşmış stereotipləri davamlı surətdə möhkəmləndirir: Azərbaycan qadınları əsasən mətbəxdə yemək hazırlığı ilə məşğul olur, ailəsinə - həyat yoldaşına, uşaqlarına qulluq edir, onların çoxsaylı problemlərini yoluna qoyur.Qadınların evdarlıqla və ailə problemləri ilə məşğul olmaları, əlbəttə ki, normal haldır və televiziya ekranlarında bu tipli görüntülərin olması anlaşılandır.Lakin nəzərə alsaq ki, televiziya ictimai şüuru formalaşdıran ən güclü vasitədir və onun təsir imkanları olduqca böyükdür, o zaman toplumda qadına münasibətdə formalaşmış qəliblərin ekranda davamlı olaraq dəstəklənməsi narahatlıq doğurmaya bilməz.Televiziyadan auditoriyaya ünvanlanan mesajlar, cox təəssüf ki, toplumda mövcud olan ənənəvi qəliblərə söykənir. Bu da öz növbəsində “qapalı çevrə” effekti yaradır – güclü stereotiplər üzrə yaşayan toplum eyni məzmunlu mesajlarla “yüklənir.”
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətin həyatında mühüm rol oynayan, sərbəst qərar qəbul etməyi bacaran, hüquq və azadlıqlarını yaxşı bilən, savadı, dünyagörüşü və ünsiyyətliliyi ilə seçilən qadın obrazlarına nadir hallarda rast gəlinir.Halbuki qlobal kommunikasiya ilə xarakterizə olunan yeni dünya dönəmində zamanla ayaqlaşmağı, beynəlxalq aləmdə sərbəst ünsiyyət qurmağı, öz vətənini layiqincə tanıtmağı bacaran, Azərbaycanın dünyəvi ölkə olduğunu öz yaşam və düşüncə tərzi ilə təsdiq edən fəal qadınların çoxluğu hər zamankından daha önəmlidir.
Qadınların sosial problemlərini araşdıran, effektiv həll yolları göstərən, yeni müasir bilgilər aşılayan, gender bərabərliyinin vacibliyini göstərən verilişlər də yox dərəcəsindədir. Bunun əvəzində isə qiymətli efir vaxtı əsasən aşpazlıq sənətinin və şou-biznes mənsublarının təbliğinə sərf olunur. Sonunculara efir vaxtının böyük bir hissəsinin ayrılması xüsusi narahatlıq doğurur. Eyni müğənnilər və digər şou-biznes mənsubları müxtəlif kanallarda fərqli verilişlərdə tez-tez efirə çıxırlar. Bu şəxslərin lüks həyat tərzi sürmələri, dəbdəbəli mənzil və avtomobillərə malik olmaları, məşhur fiqurlar kimi tanıdılmaları toplumda fərqli reaksiyalar doğurur: gənclər arasında müğənni olmaq istəyi durmadan güclənir və ailələrdə maddi durumlarından narazı olan qadınların sayı artır. ”Qadın Böhran Mərkəzi”nin verdiyi məlumata görə, ailələrdə baş verən münaqişələrin əsasında bu amilin rolu kifayət qədər böyükdür.
Televiziyada reklamların rolu və çəkilisi durmadan artır. Bu, tamamilə anlaşılan bir meyldir. Reklam media vasitələri üçün başlıca maliyyə qaynağıdır. Reklamçılar da, öz növbəsində, ən geniş auditoriyaya malik televiziya kanallarına üstünlük verirlər. Bu kontekstdə reklam roliklərinin məzmunu və forma həlli xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, bir çox reklamlarda qadın bədəni istismar alətinə çevrilir və əks cinsdə istək, şəhvət hissi oyatmağa qadir bir obyekt kimi təqdim olunur. Təbii ki, bu cür yanaşma bəzi mühafizəkar şəxslərdə və dairələrdə qadınlara qarşı münasibətin daha da sərtləşməsi ilə nəticələnir.
Televiziyada gender maarifçiliyi yaxşı düşünülmüş model və müasir biliklər əsasında gerçəkləşdirilməlidir. Bu zaman teleinformasiyanın insan psixologiyasına təsiri araşdırılmalı, auditoriyanın gender savadını artırmaga yönəldilmiş proqramların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Gün ərzində muntəzəm olaraq efirə verilən sosial spotlerın – roliklərin hazırlanması isə gender maarifçiliyi sahəsində səmərə verə biləcək ən təsirli vasitələrdən olardı. Adətən bu tipli proqramlar zamanca qısa, məzmunca yığcam olur. Təkcə bu amilin özü sosial spotlarin hazırlanması zamanı yaradıcılardan qısa vaxt ərzində yeni, fərqli ideyanı maksimum maraqlı,cəkici formada təqdim etmək bacarığı tələb edir. Üstəlik, bu tipli spotlar illərlə formalaşaraq beyinlərə həkk olunmuş mühafizəkar, donuq stereotipləri parçalamağa və onların gərəksizliyini qabarıq şəkildə auditoriyaya anlatmağa yönəlməlidir. Belə spotlardan biri aşağıdakı məzmunda ola bilər. Savadlı, dünyəvi Azərbaycan qadını məsuliyyətli bir vəzifədə çalışır, iqtisadi cəhətdən özünü təmin edə bilir və hətta idmanla, digər gərəkli işlərlə məşğul olmağa vaxt tapır. O öz həyat yoldaşına, qardaşına və ya atasına hər hansı problemi həll etməkdə yardımçı olur,xarici səfərlərdə Azərbaycanı layiqincə təmsil edir və s.
Təbii ki, maraqlı veriliş və spotlar hazırlamaq üçün televiziya işçilərinin özlərinin də gender savadı yüksək səviyyədə olmalıdır. Bunun üçün onların minimal gender biliklərinə malik olmalarına diqqət yetirilməlidir.Bu sahədə ixtisaslaşmış televiziya işçilərinin müasir ədəbiyyatla təmin olunmaları,mütəmadi olaraq sosial biliklərə, psixoloji vərdişlərə yiyələnmələri üçün lazımi şəraitin yaradılması (seminar və treninqlər) da ən vacib şərtlərdəndir. Yalnız bu və digər tədbirləri həyata keçirdikdən sonra televiziyada gender maarifçiliyinin keyfiyyətindən danışmaq olar.`
Zeynəddin Şabanov
Do'stlaringiz bilan baham: |