1996-cı il və sonrakı illər.
İxrac neft kəmərləri
Əcnəbi neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “yeni neft strategiyası”nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına hansı marşrutlarla çıxarılması sayılmalıdır. “Əsrin müqaviləsi”nə uyğun olaraq AÇG layihəsi çərçivəsində hasil olunacaq neftin dünya bazarına etibarlı çıxarılması ən vacib məsələlər sırasında idi. Ilk növbədə bu məqsədlə 1983-cü ildə istifadəyə verilmiş Qroznı-Bakı neft kəmərindən istifadə edilməklə (bu kəmərlə Sibir nefti Bakının neft emalı zavodlarına ötürülürdü) neftin revers, yəni əks istiqamətdə vurulması ideyası yarandı, çünki Qroznı neft kəməri eyni zamanda Rusiyanın Qara dənizdə Novorossiysk limanında olan ixrac terminalı ilə bağlanmışdı və bu da Azərbaycan neftinin ixracına imkan verirdi.
1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (indi bu vəzifəni BP-Azərbaycan şirkəti həyata keçirir), ARDNŞ və Transneft (Rusiya) arasında imzalanan üçtərəfli sazişdə neftin Novorossiysk limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini tapdı. Rusiya bu müqavilədə öz mövqeyini dəqiqləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin sahibi deyildir və Azərbaycan neftinə mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu Azərbaycanın "Yeni neft strategiyası"nın əldə etdiyi mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Bu müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci il oktyabrın 27-dən Azərbaycanın nefti şimal boru kəməri (təmir olunmuş keçmiş Qroznı-Bakı neft kəməri) vasitəsi ilə dünya bazarına çıxmış oldu.
Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1411 km, bundan Azərbaycan ərazisindəki uzunluğu - 224 km, kəmərin diametri 720 mm, illik ötürmə qabiliyyəti isə 6 mln. tondur. Bu marşrutun üstün cəhəti ondadır ki, texniki cəhətdən onun ötürmə qabiliyyətinin ildə 14 mln. tona qədər artırılması, Rusiyanın boru kəmərləri sistemi vasitəsilə azərbaycan neftinin dünya bazarlarına çıxarılması mümkündür. Eyni zamanda, bu marşrutdan istifadə olunması, neftin ixracında böyük beynəlxalq təcrübəyə malik olan, Rusiyanın nəhəng neft boru kəmərləri sistemində inhisarçı şirkət “Transneft”lə əməkdaşliğın inkişaf etdirilməsinə imkan verir. Marşrutun ən böyük çatışmayan cəhəti, “Brent” və ya “Azeri light” növlü keyfiyyətli azərbaycan neftinin, Rusiyanın boru kəmərləri sistemində müxtəlif çeşidli neftlərin qarışması nəticəsində, dünya bazarında “Yurals” adı altında aşağı qiymətə satılan neftlə qarışmasıdır.
Ümummilli liderin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinin qorunmasına da cavab verirdi. Bütün bu amilləri nəzərə alan prezident Heydər Əliyev, davamlı təzyiqlərə baxmayaraq müdrik və uzaqgörən qərar qəbul etdi. 1996-cı ildə martın 8-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azəri, Çıraq, Günəşli yataqlarından çıxan ilkin azərbaycan neftinin Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqli nəzərdə tutulurdu.
Bakı- Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanmışdır. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azeri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67, Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlir.
Qərb istiqamətində uzanan Bakı -Supsa neft kəmərinin uzunluğu 850 km, o cümlədən Azərbaycan ərazisində 480 km, diametri 530 mm, illik ötürmə qabiliyyəti 6 mln. tondur. Bu Azərbaycanın Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanınadək uzanan müasir, dünya standartlarına uyğun olan bir nəqliyyat sistemidir. Bu neft kəmərinin istismara verilməsi böyük əhəmiyyət daşıyırdı və imkan verirdi ki:
- Azərbaycandan ixracın etibarlığı və çevikliyi təmin olunsun, Xəzər-Qara dəniz nəqliyyat dəhlizi vasitəsilə enerji ehtiyatlarının ixracının Azərbaycan və Gürcüstandan tranzitinin əsası qoyulsun;
- yataqların işlənməsi sürətləndirilsin, neft müqavilələri ilə təsbit olunmuş ərazilərdə axtarış-kəşfiyyat-qazma işlərinin və neft hasilatının həcminin artırılmasında xarici şirkətlər daha maraqlı olsun;
- Şimal marşrutu ilə müqayisədə neft xərcləri əhəmiyyətli dərəcədə aşağı salınsın;
- dünya bazarına çıxarılan azərbaycan neftinin keyfiyyətini saxlamaqla, onun satış qiyməti və əldə olunan gəlir artırılsın;
- Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Əsas İxrac Boru Kəməri layihəsinin gercəkləşməsi üçün tərəflərin mövqeyi möhkəmlənsin.
Bu marşrutun çatışmayan cəhəti : Simal marşrutu ilə müqayisədə kapital xərclərinin artıq olması; Gürcüstan ərazisində ictimai-siyasi vəziyyətin geyri-sabit olması ilə əlaqədar neft kəmərinin təhlükəsizliyinə təminatın aşağı olması; Gürcüstanda infrastrukturun zəif inkişafı və xam neftin ixracında təcrübənin catışmaması, həmçinin nəzərdə tutulan müddətdə neft kəmərinin çəkilişinin yüksək riskli olması idi. Hər iki kəmərin müsbət və mənfi cəhətlərinə baxmayaraq Azərbaycanın ümummilli lideri H.Əliyev, sonradan zaman göstərdiyi kimi, müdrik və yeganə düzgün qərar qəbul edərək, hər iki neft kəməri ilə neftin ixracını lazım bildi.
Bununla belə, Azərbaycanın malik olduğu neft potensialı ölkəmizdə 2008-ci ildə 45-50 mln. ton neft istehsal etməyi proqnozlaşdırırdı. Bu da neftin tam ixracı üçün əsas ixrac boru kəmərinin çəkilməsini zəruri edirdi. Qazaxıstan və Türkmənistanın öz neft ehtiyatlarını Azərbaycan vasitəsi ilə nəql etmək perspektivini də nəzərə alsaq, bu zərurət daha da artmış oldu. Bütün bunları nəzərə alan ümumilli lider Heydər Əliyev Əsas İxrac Boru Kəməri (ƏİBK) olan Bakı-Tiblisi-Ceyhan (BTC) layihəsini gerçəkləşdirmək sahəsində fəaliyyətə başladı.
Ancaq sonra baş verən hadisələr göstərdi ki, ƏİBK-nın konsepsiyasının hazırlanması və onun ardıcıllıqla gerçək layihəyə çevrilməsi prosesində görülən işlər böyük və çətin bir yolun yalnız başlanğıcıdır. Bu layihə ətrafında beş ildən artiq siyasi, iqtisadi, fiziki və ticari ehtiraslar coşub daşdı. Azərbaycanı və onun neft sazişləri üzrə tərəfdaşlarını qane edən, Azərbaycan neftinin dünya bazarlarına nəqli marşrutunun seçilməsi ilə bağli sözün əsl mənasında nəhəng işlər görüldü. Layihənin həm dostları və rəğbət bəsləyənləri, həm də rəqibləri və hətta düşmənləri meydana çıxdılar. Yalnız Azərbaycan prezidenti Heydər Əliyevin qəti mövqeyi, siyasi əzmi, dövlət xadimi kimi təcrübəsi və müdrüklüyü, şəxsi nüfuzu və özünün nəzərdə tutduğu ideyaların və layihələrin gerçəkliyə çevrilməsində ətrafdakıları inandırmaq qabiliyyəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin (BTC ƏİBK) ümumi təsvirini çəkməyə və ona çoxsaylı siyasi tərəfdarlar və imkanlı səhmdarlar cəlb etməyə imkan verdi.
1997-ci ilin sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti “Əsas İxrac Boru Kəmərinin marşrutunun müəyyən edilməsi üçün işçi qrupun yaradılması barədə” Sərəncam imzaladı.
1998-ci ilin oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 75 illiyi münasıbətilə keçirilən təntənələrdə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri, həmçinin müşahidəçi qismində ABŞ administrasiyasının nümayəndəsi Ankara bəyannaməsini imzaladılar. Bu bəyannaməni imzalamaqla Xəzər hövzəsi ölkələri ƏİBK-nın tikintisində maraqlı olduqlarını təsdiq etdilər.
Bu layihə ilə əlaqədar bütün nöqtələr, XX əsrin sonunda keçirilən izdihamlı hadisə zamanı - ATƏT-in dövlət başçılarının 1999-cu il noyabrın 18-19-da İstanbul Zirvə Görüşündə qoyuldu. Burada əzəmətli tarixi kompleks olan “Çıralğan” sarayında “Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə ərazilərindən BTC ƏİBK ilə xam neftin nəqli barədə saziş”, həmçinin məzmununa və mahiyyətinə görə çox vacib olan “İstanbul bəyannaməsi” imzalandı. Bu tarixi sənədlər Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və ABŞ Prezidenti Bill Klinton tərəfindən imzalandı.
2000-ci ilin oktyabrın 19-da Türkiyədə BTC ƏİBK-nın tikintisi barədə Saziş imzalandı. ƏİBK-nın tikintisinin dəyəri – 2,4 mld. ABŞ dollarıdır (layihənin toplam dəyəri kredit faizləri və doldurma xərcləri ilə birgə $3,6 mlrd.-dır). Layihənin iştirakçıları bp (30.1%); AzBTC (25 %); "Chevron" (8.9%); "Statoil" (8.71%); TPAO (6.53%); ENI (5 %); "Itochu" (3.4 %); "Conoco Phillips" (2.5 %); INPEX (2.5 %), "Total" (5 %) və "Amerada Hess" (2.36%) şirkətləridir. BTC neft kəmərinin llik ötürmə qabiliyyəti – 50-60 mln.ton, uzunluğu 1768 km-dir, bunun 443 km Azərbaycanın, 249 km Gürcüstanın, 1076 km Türkiyənin payına düşür. İndi ümümmilli lider H.Əliyevin adını daşıyan bu strateji layihənin tikintisinə start 2002-ci ilin sentyabrında Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak etdiyi ilk təməlqoyma mərasimində verildi və 2006-cı il iyul ayının 13-də tam başa çatdırıldı.
Xəzər neftinin Aralıq dənizinə çıxarılmasının əhəmiyyətinə gəlincə ekspertlərin fikrincə, Azərbaycan nefti Avropanın bir sıra aparıcı dövlətlərinin, o cümlədən Adriatik dənizi ölkələrinin və İsrailin ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaqdır. Qazaxıstan neftinin də Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulacığı artıq gercəkləşmək üzrədir. 2012- ci ildə Transxəzər nəqliyyat sisteminin birinci növbəsinin istismara verilməsi planlaşdırılır. Hal - hazırda Xəzər nefti hər üç marşrutla nəql olunur.
Do'stlaringiz bilan baham: |