YENİYETMƏLİK DÖVRÜNDƏ MEYDANA ÇIXAN AQRESSİVLİYİN TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ
Vəliyeva Y.Ə., baş müəllim, İsmayıllı N.F.,
Psixologiya kafedrası, Bakı Dövlət Universiteti
Açar sözlər: yeniyetmə, identifikasiya, aqressiya, miflər, həyəcanlanma, emosiya, motivasiya, motiv, tələb, vəziyyət.
Key worlds: teenager, identification, aggressive, myths, excitation, emotion, motivation, motive, demand, situation.
Ключевые слова: подросток, идентификация, агрессия, мифы, возбуждение, эмоции, мотивация, мотивы, спрос, ситуация.
Müasir dövrdə yeniyetmələrdə aqressiv davranışın öyrənilməsi məsələsi aktuallıq kəsb edən mövzulardan biridir. Statistika göstərir ki, müasir dövrdə xüsusilə yeniyetmələr arasında zorakıllıq və cinayətkarlıq halları geniş yayılmışdır. Çünki yeniyetməlik yaş dövrü ən çətin və böhranlı dövr olduğu üçün ətrafdakıların ən adi səhvi belə cəmiyyət üçün sağlam düşüncəli insan itkisinə gətirib çıxara bilər.
Aqressiv davranışın xarakteri daha çox insanın yaş xüsusiyyətləri ilə müəyyənləşir. Hər yaş dövrü spesifik inkişaf situasiyasına malikdir və şəxsiyyətə müəyyən tələblər verir. Xüsusilə də, yeniyetməlik yaş dövrü kəskin dəyişikliklərlə xarakterizə olunur. Yeniyetmədə şəxsiyyət inkişaf etdikcə mürəkkəb hadisələr, əxlaqi dəyərlər, özünə münasibət, insanlara münasibət və s. haqqında yeni sosial təsəvvürlər əmələ gəlməyə başlayır.
Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərdən biri yeniyetmədə yaşlılıq hissinin meydana gəlməsidir. Yeniyetmədə yaşlılıq hissinin meydana gəlməsi onun yaşlılarla olan münasibətində də müəyyən dəyişikliklərin təzahürünə səbəb olur. [3, s.158]
Yeniyetmə yaş dövründə aqressiv davranışın spesifik xüsusiyyəti böyüklərin nüfuzunun dağıdılması fonunda öz həmyaşıdlar qrupundan asılılığıdır. Bu yaş dövründə aqressiv davranmaq adətən “güclü olmaq və ya güclü görünmək” deməkdir. Hər bir yeniyetmə qruplarında lider tərəfindən müdafiə edilən ritual və miflər vardır. Məsələn, qrup üzvlərinə yeni gələn şəxsin tanış edilməsi (və ya yeni gələnlərin sınanılması) ritualı. İnsanı dəhşətə gətirən qrupun geyimi (yeniyetmə modasında) ritual xarakter daşıyır.
Rituallar yeniyetməyə qrupa aid olma hissi və təhlükəsizlik duyğusu bəxş edir, miflər isə onun həyat fəaliyyətinin ideya əsasına çevrilir. Miflər qrup tərəfindən onun qrupdaxili və xarici aqressiyasına bəraət qazandırmaq üçün geniş istifadə olunur. Beləcə, məsələn “qrupun üzvü olmayanlara” qarşı zorakılığın istənilən təzahürünə- “onlar satqınlardır. biz özümüzküləri qorumalıyıq. biz hər kəsi bizə hörmət etməyə məcbur etməliyik” kimi inandırma tipləri vasitəsilə bəraət qazandırılır. Qrup miflərində ilahiləşdirilmiş zorakılıq yeniyetmələrdə güclərinin təsdiqi, qəhrəmanlıq və qrupa sadiqlik kimi yaşanır. Eyni zamanda müxtəlif hallarda aqressiv davranışın təşəbbüskarları müxtəlif yeniyetmə-autsayderlər, müxtəlif səbəblərdən uyğunlaşmışlar və aqressiyanın köməyilə özünü təsdiqetmə cəhdləri edənlər ola bilər.
Yeniyetməlik yaş dövrünün əsas fərqləndirici cəhəti yeniyetmənin özünüdərk sferasında fundamental dəyişikliklərdir. Bu yaş dövründə yeniyetmələrin “Mən konsepsiyası” formalaşır. Refleksiya inkişaf edir, onun köməyilə yeniyetmə özünü tanımağa öz imkanlarını xüsusiyyətlərini görməyə çalışır öz hərəkətlərinə qarşı cavabdehlik daşıdığını dərk edir, öz rəftarını və başqalarının rəftarını qiymətləndirir, insanları bir-birindən fərqləndirən cəhətlərə diqqət yetirir və onları təhlil edir.
Yeniyetmələrdə özünüqiymətləndirmə sabit deyil. Bu onunla izah edilir ki, məhz bu mərhələdə fraqmentli və kifayət qədər adekvat olmayan davranışdan nisbətən tamamlanmış “Mən konsepsiyasına” keçid müşahidə olunur.
Müxtəlif tədqiqatlarda yeniyetmələrin özünüdərkinin tərkibində əsas əxlaqi keyfiyyətlərin - xeyirxahlıq, ədalətlilik, düzgünlük - ön plana çıxdığı qeyd edilir. [3, s 153-154]
Yeniyetməlik dövründə həmyaşıdlar arasında özünütəsdiqetmə, böyüklərə qarşı qəti etiraz, güclü emosiya və həyəcanlanma əlamətləri açıq görünür. İnkişafın bu mərhələsi çox sürətlə gedir. Yeniyetmənin başlıca xüsusiyyəti şəxsiyyətin qeyri-sabitliyidir.
Həyəcanlı anlarda aqressivlik, qəddarlıq, yüksək narahatçılıq yeniyetmlərin bəzi davranışlarında, kollektivdaxili kortəbii ünsiyyətlərində, adətən sabit xarakterə malikdir.
Yeniyetmələr təkcə həmyaşıdları arasında deyil, həm də böyüklər arasında müəyyən sosial rol oynamağa çalışırlar. Yeniyetmədə yaşlılıq hissinin meydana gəlməsi onun yaşlılıarla olan münasibətlərində müəyyən dəyişikliyin və onlara qarşı aqressiyanın təzahürünə səbəb olur. Yeniyetmələrin şəxsi xarakteristikasında aqressivlik əsasən onları başa düşməyən yaşlılara qarşı qəti etiraz kimi formalaşır. Yeniyetmələrin aqressiv davranışlarının mahiyyətini ən yaxşı halda onların motivasiyasının təhlili açır. Bu motivasiyada qəzəb, qorxu, qisas, düşmənçilik və s. neqativ xarakterli hiss və emosiyalar əsas rol oynayır.
Yeniyetmələrin aqressiv davranışının psixoloji xüsusiyyətləri bir çox tədqiqatçılar tərəfindən geniş şəkildə öyrənilmişdir. Burada yeniyetmələrin anomallıq, əxlaqsızlıq, ibtidai tələbatlara üstünlük vermə, vaxtı ürəyi istədiyi kimi keçirmək, münasibət və dəyərlərin dəyişdirilməsi sabit xüsusiyyətləri əks olunur. Eqoistlik, yolagetməzlik, başqalarının yaşantılarına laqeydlik, nüfuzun olmaması kimi tipik xüsusiyyətlər bu yeniyetmələr üçün xarakterikdir. Onlar hədsiz eqoist, utanmaz, qəzəbli, tez özündən çıxan, kobud və dalaşqan olurlar. Onların davranışında fiziki aqressivlik üstünlük təşkil edir.
Bununla yanaşı yeniyetmələr üçün dəyişmiş dəyər və tələbatlar xarakterikdir. Onlar daha çox fərdiyyətçidilər, az və ya çox dərəcədə geniş maraq dairəsinə malikdirlər, özlərindən kiçikləri və zəifləri sıxışdırmaq hesabına həmişə yuxarılarda yer tutmağa can atırlar. İmpulsivlik, əhvalın tez dəyişməsi, yalançılıq, tez hirslənmə onlar üçün xarakterikdir. Yoldaşlıq haqqında təhrif olunmuş təsəvvürləri olur. Kiminsə əzab çəkməyi onlara həzz verir. Situasiyadan asılı olaraq onlara qarşı çıxanlara və özlərindən zəiflərə güc tətbiq etməyə çalışırlar.
Bu cür yeniyetmələri dəyişmiş dəyərlər, pozitiv tələbatlar, münasibət və baxışlar arasındakı konfiliktlər xarakterizə edir. Onlar müəyyən situasiyalarda rola girirlər, yalançılığa əl atırlar və birtərəfli maraqları ilə fərqlənirlər. Bu tip yeniyetmələr süstlük edirlər və nailiyyətə, müvəffəqiyyətə can atmırlar. Onların davranışında dolayı və verbal aqressiya üstünlük təşkil edir. Bir qrup yeniyetmələr zəif dəyişən tələbatları ilə fərqlənirlər, onlarda müəyyən maraqlar olmur və son dərəcə ünsiyyət dəyərləri məhduddur. Onlar iradəsizdirlər hər şeydən şübhələnirlər və güclü insanların qabağında yaltaqlanırlar.
Belə yeniyetmələr üçün qorxaqlıq və qisasçılıq xarakterikdir. Onların davranışlarında neqativizm və verbal aqressiya üstünlük təşkil edir. Araşdırmalar göstərir ki, yeniyetmələrdə konfiliktlər haqqında desturiktiv təsəvvürlərin formalaşmasında aqressiya xüsusi yer tutur. Yeniyetmənin şəxsiyyəti öz-özünə deyil, ətraf mühitin təsirilə formalaşır. Ailədə olan münasibətlər, valideynlər və uşaqlar arasında olan yaxınlıq, qardaş və bacı münasibətlərinin xarakteri, ailəyə rəhbərlik tərzi və s. hallar da yeniyetmələrdə aqressivliyin formalaşmasını şərtləndirən əsas amillərdən biridir.
Qeyd etmək lazımdır ki, yeniyetmələrin aqressiv reaksiyalarının əsas səbəblərindən biri də qarşılıqlı münasibətlərdə pozulan rol gözləmləridir. Bu da yeniyetmələrin yoldaşlıq haqqında təsəvvürləri ilə bağlıdır. Yeniyetmələrin yoldaşlığı tədricən seçici istiqamətdə inkişaf edir. Bu yaşda yoldaşa sadiq qalmaq, düzgünlük və doğruluq, bərabərlik, qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçir. Eyni zamanda yeniyetmə həmyaşıdlarının rəy və qiymətləri ilə razılaşır tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri-adekvat həddən artıq yüksək qiymət verən yeniyetmə gözdən düşür, yoldaşlıq kodeksinin etik məzmununu dərk edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur. [3, s.159].
Yeniyetmə aqressiyasının səbəbinin araşdırılması müxtəlif istiqamətlərdə aparılır. Bəzi tədqiqatçılar yeniyetmələrdə aqressivliyin səbəbinini fizioloji dəyişikliklərdə görür. Cinsi yetişkənlik dövründə endokrin vəzlərdə olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosianal reaksiyalar üstünlük təşkil edir. Həqiqətən də, cinsi yetişkənlik dövründə qanda testesteronun səviyyəsi aqressiv davranışı korrelyasiya edir. Əgər qanda testestronun miqdarı yuxarıdırsa, səbirsizlik, əsəbilik, aqressivlik müşahidə olunur. Lakin bu yanaşmadan çıxış edərək yeniyetmənin davranışındakı bütün neqativ halların və aqressiv davranışların səbəbini izah edə bilmərik.
Yeniyetmələrdə aqressiyanın təzahürü həm də situativ ola bilər. Məsələn, başqalarının yeniyetməyə verdiyi qiymət, qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu.
Qeyd edim ki, yeniyetməlik yaş dövrlərindən biri olsa da, bir sıra xüsusiyyətləri ilə həm əvvəlki, həm də sonrakı yaş dövrlərindən fərqlənir. Bu dövr həm yeniyetmələr, həm də valideynlər üçün çətin dövr hesab edilir. Bu dövrdə yeniyetmələr aqressiv davranışa daha çox meyilli olurlar. Beləliklə, yeniyetməlik dövründə aqressivliyin yaranmasında bioloji, sosial və psixoloji amillər başlıca rol oynayır.
Başqalarının gözünün qabağında alçaldılmaq bəlkə də, hər bir insanın həyatında heç olmasa bir dəfə baş verən bir situasiyadır. Hər bir insan öz şəxsi təcrübəsindən də çıxış edərək qeyd edə bilər ki, bu zaman onları alçaldan şəxsin hərəkəti başqalarının yanında ifadə olunduğuna görə onlara daha çox təsir göstərir və öz ləyaqətlərini qorumaq üçün verbal və ya fiziki hücum edirlər.
Aqressiya insan cəmiyyətindən kənarda deyil, onunla birlikdə mövcüddür. Məhz şəxsiyyətlərarası qarşılıqlı təsirin müxtəlif aspektləri onun yaranmasına səbəb olur və onun forma istiqamətini müəyyənləşdirir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1.Bayramov Ə.S.Əlizadə. Ə.Ə Sosial psixologiya. Bakı: Çinar çap, 2002, 602 s.
2. İsmayılov N, İsmayılov F. Tibbi psixologiya və psixoterapiya, Bakı: 2008, 415s.
3. Vəliyev M., Mustafayev A. İnkişaf və yaş psixologiyası. Bakı: Elm 2013, 297 s.
4. Vəliyeva Y.Ə., Əhmədova E.Ə. Aqressiv davranışın tədqiqi istiqamətləri // ”Psixologiya jurnalı” , 2009, N 13
5. Şəfiyeva E.İ Anomal inkişafın psixologiyası, Bakı: 2012 400 s.
6. Şəfiyeva E. İ. Yeniyetmələrdə aqressiv davranış və sui-qəsd, // “Psixologiya” jurnalı,2000, N 1-2.
7. Cücəloğlu E. İnsan və davranışı İstanbul: Remzi kitap evi , 2007, 591s.
8. Kayaoğlu A., Gökdağ R., Kırel Ç. Sosial psikoloji. Anadolu Üniversitesi: 2011, 154s.
9. Бандура А.,Уолтерс Р.Подростковая агрессия. М.: 2000, 520 с.
Abstract
Aggression is one of the social psycological problems of our modern era. Occurance of aggressive behavior of teenagers is reflected in this article. Such an example formation of sense of getting older it shown in the research that it caused some changes in their relations with old people. The essence of the aggressive behaviors of teenagers is best explained wiht their motivation aspects. Negative senses and emotions such as anger fear sense of revenge and hostility plays a main role in this motivation.
Абстракт
Агрессия является одной из социальных психологических проблем нашего современной эпохи. В данной статье. Рассматриваются проблемы сущности агрессивного поведения подростков. Исследования показали, что агрессия вызывает некоторые изменения в их отношениях со старшими людьми Суть агрессивного поведения подростков лучше всего объясняется в их аспектах мотивации. Негативные чувства и эмоции, такие, как гнев, страх чувство мести и вражды играют главную роль в этой мотивации.
Do'stlaringiz bilan baham: |